“Eşq” (Bir videogörüntüyə sözardı) - ESSE Featured

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Kim nə deyirsə desin, şərtlər hər nə olursa olsun, qarşınıza ailənizi belə alacaq olsanız, əgər həqiqətən qəlbinizin ən dərinlərində sevgiyə dair bir qığılcım, közərmək istəyən ümid işığı varsa özünüzü sevgisizliyə məhkum etməyin.

 

Sizə dünyaya çəhrayı pəncərələrdən baxın demirəm amma, qaranlıq gecələrinizi aydınlatacaq olan sevginiz üçün çalışın və hətta vuruşun. Dünyanın min bir yerində bir birinə qovuşmaq üçün həsrət oduna yanıb tutuşan ruhlar var, hansı ki, hələ də rastlaşmayıblar. Əgər siz Allahın sizin qəlbinizi sevginizə layiq biri ilə müjdələdiyinə inanırsınızsa nəyin bahasına olursa olsun vaz keçməyin. Baxın, bu videoda qadın həkimlərin imkansız dediyi bir şeyi bacarır. Üz iflici olan bir xəstənin mimikalarının oyanması uzun aylar, bəlkə də say-say bitməyəcək illər apara bilər. Ancaq bu gənc xanım hər gün yorulmadan eyni hərəkətləri  edir, sevdiyi adamın gözlərinin içinə usanmadan şəfqət dolu baxır. Bəlkə onu kənarda minlərlə hər cür təminatı mükəmməl olan insanlar gözləyir və ya istəsə vaz keçə, başqa biri ilə münasibətə də girə bilər. Ancaq o, əsl saf sevgini seçir və bacarır da. 

Deyəcəyim odur ki, tanrı qəlbinizdən eşqin közünü itirmiş qığılcımını almayıbsa inanclarınızı sorğulamayın, duyğularınıza kor olmayın, sevginizi layiq olanlara verin ki, siz də, onun sevgisinə layiq ola biləsiniz. Vaz keçmək asandır, buraxıb getmək, geridə qırıq qəlb, qovuşmamış əllər, yaşanması mümkün ikən yaşanılmamışlıqlar, xəyal qırıqlıqları, nakam eşqlərə imza atmaq çətin deyil. Çətin olan sevmək, sevildiyinə inanmaq, ümidsizliyə düşməmək, gözləri ilə gülməyi, qəlbi ilə görməyi bacarmaqdır. Unutmayın tanrı eşqi qorxaqlara naməhrəm qılıb.

 

https://www.instagram.com/reel/C7Z8zkCteLm/?igsh=Y3dpamI3dTFpdDN1

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.