Super User

Super User

Çərşənbə axşamı, 27 Fevral 2024 10:45

Bir sual, bir cavab - Qəşəm Nəcəfzadə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Qəşəm bəy, müsahibələrinizin  birində Ədəbiyyat aləmindəki gözəl yazan şairləri  əla futbol oynayanlarla müqayisə etmisiniz.

Hal-hazırda möhtəşəm "qol vuran" şairlərin adını çəkməyinizi rica etsəm, çəkərsinizmi?

 

 CAVAB

Bəli, futbol poeziyaya yaxındır. Bəlkə, mən də ən güclü futbolçuyam. Qol vuranda boş sahəni seçirəm ki, top adamlara toxunub geri qayıtmasın. Şeirdə də boş yer gəzirəm ki, orada heç kəs olmasın, ən yaxşı misra ən dəqiq vurulan qoldur.

Bəzən də qəsdən oxucuya pas ötürürəm ki, etiraz etsin və bu etiraza növbəti şeirim cavab olsun.

Yaxşı "qol vuran" şairlər çoxdur, amma ad çəkmək istəmirəm. Yadımdan çıxarlar və sonra məndən inciyərlər. Poeziya futbola, kinoya yaxındır, poeziya rejissor işidir. Şairin işi həm də rejissor işidir. 

 

Ədəbiyyat və incəsənət”

(27.02.2024)

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qazaxıstan Respublikasına səfəri çərçivəsində Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən xəbər verir ki, görüşdə Fond ilə təşkilatın qurucu üzv ölkəsi Qazaxıstan arasında qarşılıqlı əməkdaşlıq münasibətlərindən söz açılıb. Tərəflər Fondun Qazaxıstanın zəngin mədəni irsinin qorunması, tanıdılması yönündə cari və növbəti il üzrə fəaliyyətinin istiqamətlərinə dair müzakirələr ediblər.

Görüşdə, həmçinin “Türk Vizyonu 2040” strateji proqramı çərçivəsində “Türk dünyasının mədəni irsinin qorunması haqqında” Konvensiyanın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fondun Şurasının yaradılmasından, eləcə də təşkilata üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə keçiriləcək Şura iclası üçün görülən hazırlıq işlərindən bəhs olunub.

Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva Fond tərəfindən hazırlanan Konvensiyanın Türk dünyası üçün əhəmiyyətini qeyd edərək, bu sahədə tərəfdaşlığa tam dəstək ifadə edib. O, həmçinin Fondun Şurasının yaradılması istiqamətində təşkilatın səylərini yüksək qiymətləndirərək, Şuranın mart ayında keçiriləcək iclasında iştirakını təsdiqləyib.

Görüş Fond ilə Qazaxıstan arasında əlaqələrin perspektivlərinə və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələrlə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ədəbiyyat Fondu və  Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə təşkilatçılığı, “Ədəbiyyat və incəsənət”  portalının informasiya dəstəyi ilə “Xocalı mövzusu bədii ədəbiyyatda” başlıqlı dinləmə təşkil edilib. 

 

Tədbirdə Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varis, AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri,  tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhrəmov, millət vəkilləri Məlahət İbrahimqızı və filologiya elmləri doktoru, professor Jalə Əliyeva, yazıçı, tarixi romanların müəllifi Yunus Oğuz, AMEA Rəyasət Heyəti aparatı vitse-prezidentlərin xidmətinin elmi katibi, biologiya elmlər doktoru, dosent Tubuxanım Qasımzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı- publisist Şərəf Cəlilli, AR Prezidentinin İşlər İdarəsi yanında İctimai - Siyasi Sənədlər Arxivinin şöbə müdiri Lamiyə Həsənova, BDU-nun müəlliməsi Fəxriyyə İsayeva, BDU-nun “İnformasiya və sənəd menecmenti” fakültəsinin tələbələri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verərək, 200 il ərzində Azərbaycan xalqının erməni qəsbkarları tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qaldığını bildirib. On illiklərlə davam edən Xocalı soyqımının xatirəsini bu gün qalib xalqın nümayəndəsi, qələbə qazanmış Azərbaycan vətəndaşı kimi böyük ehtiramla yad etdiyini və bundan böyük qürur hissi keçirdiyini dilə gətirib.

 

 

Yazıçı Varis öz çıxışında Azərbaycan xalqının Zəfər qazandığı 44 günlük Vətən müharibəsinin qalibiyyətindən bəhs edən ədəbiyyat nümunələrinin yaradılması əhəmiyyətindən danışaraq, bu sahədə ədəbiyyat nümayəndələrinə göstərilən dövlət qayğısından və dəstəyindən danışıb. Bu ağlasığmaz faciənin dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin, xüsusilə də "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasının danılmaz əhəmiyyətini vurğulayaraq, bu kampaniya çərçivəsində işıq üzü görən və Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatı və qəhrəmanlığından bəhs edən “Qırmızı ləçəklər” romanının yazılma tarixindən danışıb. 

 

 

Professor Cəbi Bəhrəmov bu faciənin 30 il müddətində xalqımız tərəfindən unudulmadığını, aparılan elmi tədqiqatlar nəticəsində üzə çıxarılan həqiqətlər və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından danışıb. Xocalı və digər soyqırımı cinayəti faktlarının orta və ali məktəb dərsliklərində olduğu kimi verilməsi, gələcək nəsillərə onların olduğu kimi çatdırılması əhəmiyyətindən danışaraq, mənfur düşmənlər tərəfindən tarixi gerçəkliklərin bu gün təhrif olunduğunu, gizlədildiyini bildirib.

 

 

Milli Məclisin üzvü Məlahət İbrahimqızı Xocalı həqiqətlərini, mənfur düşmənin torpağımızda törətdikləri qanun pozuntularını, terror siyasətini dünyaya tanıdılması istiqamətində ədəbiyyatın, mədəniyyətin müstəsna əhəmiyyətindən danışıb. Min illiklərlə davam edən erməni terrorunun, soyqırım siyasətinin müəlliflərinin cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində qazanılan qələbənin nəticəsi olaraq Azərbaycan xalqı qarşısında cavab verəcəklərini və ədalət yolu ilə öz cəzalarına çatacaqlarını bildirib.

 

 

Millət vəkili, professor Jalə Əliyeva iki əsrlik tarixə malik olan bu savaşda erməni vandallarının dövlətimizin ərazi bütövlüyünə, tarixinə, mədəniyyətinə, ədəbiyyatına qarşı təcavüzkar siyasət yürütdüklərini söyləyib. Əliyalın, köməksiz, silahsız insanların, yaşlıların, uşaqların, qadınların kütləvi surətdə qətlə yetirilməsinin Xocalıda soyqırım aktının törədildiyinin əyani sübutu olduğunu dilə gətirib. Anası, şairə Nürəngiz Günün müəllifi olduğu “Xocalı simfoniyası” əsərinin Xocalıda şəhid olmuş insanların xatirəsinə həsr edilən sənət abidəsi olduğunu söyləyərək, poemadan parçalar səsləndirib. 

 

 

Yazıçı Yunus Oğuz iki əsrlik tarixə malik olan bu savaşda erməni vandallarının dövlətimizin ərazi bütövlüyünə, tarixinə, mədəniyyətinə, ədəbiyyatına qarşı təcavüzkar siyasət yürütdüklərini söylədi. Xocalı qurbanlarının sayının, erməni qəsbkarları tərəfindən törədilən vəhşiliklərin, etnik təmizləmə aktlarının bu gün də gizlədildiyini bildirib. 

 

 

Tubuxanım Qasımzadə 1997-ci il 25 fevral tarixində ulu öndər Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” imzaladığı Sərəncam haqqında məlumat verərək, Xocalı soyqırımına ilk siyasi qiymətin məhz ümummilli lider tərəfindən verildiyini bildirb. Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılmasından, beynəlxalq aləmdə bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün həyata keçirilən layihələrdən danışıb, qısa müddət ərzində Xocalı hadisəsinin bir çox dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən soyqırım kimi qəbul edildiyini bildirərək, bu istiqamətdə müasir, savadlı, vətənpərvər Azərbaycan gəncliyinin müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. 

Şərəf Cəlilli öz çıxışında Azərbaycanın xilaskarı missiyasını həyata keçirən ölkə prezidenti İlham Əliyevin dünyaşöhrətli siyasətçi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin oğlu olmasıyla bərabər, ana tərəfdən də böyük siyasi xadim Əziz Əliyevin nəvəsi olduğuna diqqət çəkərək onun qətiyyətinin və əzmkarlığının nəticə verməsi səbəblərinə diqqət yönəldib, əldə edən uğurun növbəti qolunun Zəngəzurla bağlılığını da dilə gətirib. 

 

 

Lamiyə Həsənova çıxışında tarixi faktların araşdırılması, həqiqətlərin beynəlxalq müstəvidə təbliği yönümündə dövlət arxivlərinin əhəmiyyətindən danışaraq, “Unutmayaq, unutdurmayaq” fikrini rəhbər tutaraq, Xocalı soyqırımının əsrlər keçsə belə yaddaşlardan silinməyəcəyini, faciə qurbanlarının xatirəsinin daim uca tutulacağını bildirib.

Fəxriyyə İsayeva isə Xocalı barədə, ümümən Qarabağ barədə tarixi həqiqətlərin ayrıca televiziya proqramlarında oxucunun qavrayacağı tərzdə vaxtaşırı verilməsinin vacibliyinə toxunub, eləcə də YouTube kimi platformalarda qısa formatda tezislərin çəkilib paylaşılmasını olduqca böyük auditoriya üçün əlçatanlığını dilə gətirib.

 

 

Tədbirdə kitabxana əməkdaşlarının Xocalı Soyqırımının 32-ci ildönümü ilə əlaqədar hazırladıqları elektron məlumat bazası və videomaterial da nümayiş etdirilib. Tədbirin ruhuna uyğun olaraq, videomateriallarda Xocalı faciəsinə həsr edilmiş ədəbiyyat nümunələrinə ayrıca yer ayrılıb. 

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2024)

Çərşənbə axşamı, 27 Fevral 2024 09:30

Yanan təkcə Xocalımı?

Ali Yurtseven (Türkiyə), “Ədəbiyyat və incəsənət” üçün

 

Dilimizə uyğunlaşdırdı: Habil Yaşar

 

Soyqırım, Qırğın və ya adı nə olursa-olsun, günahsız yaşamağa çalışan saf bəşəriyyətə qarşı eyni növ çirkli bəşəriyyətin törətdiyi kütləvi qətllər dünyamızın həyati dövrü qədər köhnədir.

Cəmiyyətimizin hər bir təbəqəsinə dolayısı ilə təsir edən, dərin emosional gərginlik izləri buraxan belə nəzarətsiz hadisələr qarşısında “Susmaq, Lal İblis kimi qalmaq” daha böyük faciədir.

Dünya tarixinə nəzər salsaq, Habil və Qabil Adəmlə Həvvanın ilk iki oğludur. İlk doğulan Qabil əkinçi, qardaşı Habil isə çobandır. Qabil qardaşı Habili qısqandığı üçün ona qarşı kin və nifrət bəsləmiş və nəticədə qardaşını öldürərək bəşər tarixində ilk qətli törətmişdir.

Beləliklə, bəşəriyyətin taleyüklü və həyati taleyinə qətl, qırğın, soyqırım törətmək kimi nəzarətsiz duyğular əlavə olunmuşdur.

1828-1832-ci illər arasında Avstraliyanın Tasmaniya adasında baş vermiş Tasmaniya Soyqırımı soyqırımın qeydə alınmış ilk müasir nümunəsidir.

Həyatımız inkişaf etdikcə, modernləşmə sürətləndikcə, gəlirdəki tarazlıq və hüquqi ədalət yox olduqca, mənəvi quruluş dağıldıqca, müstəmləkəçilik artdıqca, kapitalizmə, onun sonsuz pul qazanmaq arzusuna qarşı aciz və müdafiəsiz qalan zəif cəmiyyətlər alçaldılır, yoxsullaşır. Və nəticədə daha güclü cəmiyyətlər tərəfindən soyqırıma məruz qalmış, onların məhv edilməsinə çalışılmışdır.

Müstəqillik uğrunda mübarizə aparan cəmiyyətlərə, azad və müstəqil qalmağı, müstəmləkələşməməyi, bərabər hüquqlu yaşana bilən gəlir əldə etməyi seçən cəmiyyətlərə, ədalətli idarəçiliyə, Qazi Mustafa Kamal Atatürkün liderliyi ilə işğal altındakı Anadoluda qalib gələn, Qurtuluş Savaşından sonra qurulan yeni parlayan ulduz Türkiyə Cumhuriyəti yeganə nümunə kimi göstərilməkdədir.

Yaxın dünya tarixinə nəzər saldıqda, xüsusilə faşistlər dövründə Almaniyadan başlayaraq bəşəriyyətə qarşı törədilən ən böyük günah və cinayət olan soyqırım Balkanlarda, Bosniyada, Kiprdə, Orta Asiyada, Şərqi Türküstanda, Yaxın Şərqdə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı qəsəbəsində və dünyanın müxtəlif yerlərində müşahidə olunur.

Xocalı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ən mühüm yaşayış məntəqəsidir.

Ağdam, Şuşa, Xankəndi və Əsgəran yollarının üzərində yerləşir və Qarabağ üçün mühüm strateji mövqeyə malikdir. Xocalı sadəcə bir şəhər deyil, çoxəsrlik Türk Tarixinin və Türk Mədəniyyətinin canlandığı bir yerdir.

Xocalı Soyqırımı — Qarabağ müharibəsi zamanı 26 fevral 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsidir.

Human Rights Watch təşkilatı (İnsan Hüquqları Müşahidəçisi) Xocalı qətliamını Dağlıq Qarabağın işğalından sonra dinc əhalinin ən əhatəli qətliamı kimi qiymətləndirmişdir. Azərbaycan rəsmi mənbələrinin məlumatına görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin 366-cı alayının dəstəyi ilə ilk olaraq giriş-çıxışını bağladığı Xocalı şəhərində 83-ü uşaq, 106-sı qadın və 70-dən çox qoca olmaqla ümumilikdə 613 nəfər öldürülmüş, 487 nəfər ağır yaralanmışdır.

1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşmüşdür. Meyitlərə baxış zamanı məlum olub ki, meyitlərin çoxu yandırılıb, gözləri çıxarılıb, başları kəsilib. Qırğına hamilə qadınların və uşaqların da məruz qaldığı müəyyən edilib.

Human Rights Watch təşkilatı hadisəni Dağlıq Qarabağ müharibəsində ən böyük qırğın kimi qiymətləndirmişdir. Azərbaycan parlamenti 1994-cü ildə Xocalıda törədilən qətliamı “soyqırım” kimi tanıyıb.

Avropa Şurası Parlament Assambleyasının 31 üzvünün imzaladığı 324 saylı Bəyannamədə ermənilərin bütün Xocalı əhalisini qətlə yetirdiyi, bütün şəhəri viran qoyduğu bildirilmiş və bütün parlament üzvlərinə  Ermənistanın 19-cu əsrin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı törətdiyi soyqırımını tanımaq  üçün addım atılmasının qəbul edilməsi üçün bəyanat yaymışdır.

2009-cu ilin fevralında Kaliforniya Ştatı Alt Senatının üzvü Felipe Fuentes Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubda Xocalı hadisəsini azərbaycanlıların qətliamı kimi qiymətləndirib və həlak olanların ailələrinə başsağlığı vermişdir.

2020-ci il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəs sazişi çərçivəsində Dağlıq Qarabağ müharibəsinə son qoyuldu. Müharibə zamanı Azərbaycanın erməni işğalından azad etdiyi yerlərlə yanaşı, daha üç rayon (Ağdam, Kəlbəcər və Laçın) Azərbaycanın nəzarətinə keçdi.

Ermənistan silahlı qüvvələri ləğv edilərək bölgə faktiki olaraq Azərbaycanın nəzarəti altında saxlanıldı. Beləliklə, 30 ildən sonra Azərbaycanın bütün Dağlıq Qarabağ üzərində suverenliyi bərpa olundu.

 

“Nahçıvan Türk kapısıdır.”

 

“Azerbaycan’ın sevinci bizim sevincimiz, gamı (üzüntüsü, kederi), bizim gamımız (üzüntümüz, kederimiz) dır.”

Bu sözlər Ulu Öndər Mustafa Kamal Atatürkə məxsusdur.

Bundan sonra atılacaq ikinci addım Naxçıvanı Azərbaycanla ərazicə  birləşdirmək, beləliklə də Türkiyənin Azərbaycan və digər qardaş Türk Cümhuriyyətləri ilə əlaqəsini təmin etmək olacaq və bu, Atatürkün nəzərdə tutduğu plandır.

Bütün bu addımları atan və aldığı torpaq parçası ilə Naxçıvanla Türkiyə arasında fiziki əlaqə yaradan Atatürk bir növ Naxçıvanla Azərbaycan arasında bir yol çəkərək Türkiyə Cümhuriyyətini digər Türk Dövlətləri ilə qonşu edəcək və birliyi təmin edəcəkdi.

Dinindən, rəngindən, irqindən asılı olmayaraq insanlara qarşı törədilən soyqırımı, qətliamları, o cümlədən insanlığa qarşı böyük cinayət olan Xocalı qətliamını pisləyirəm və ümid edirəm ki, belə dəhşətli hadisələr bir daha təkrarlanmayacaq.

 

Kaynakça:  Wikimedia Vakfı, Vikipedi Özgür Ansiklopedi, Health World News kaynakları.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2024)

Çərşənbə axşamı, 27 Fevral 2024 09:00

Nə üçün XOCALI?!. – Dərin cavablar…

“Ədəbiyyat və incəsənət” portalı yazıçı-publisist Əkbər Qoşalının Xocalı soyqırımı barədə yazısını təqdim edir. 

 

Ermənilər (daha doğrusu, haylar) qolları, əlləri, dilləri yetdiyincə bizim maddi, qeyri-maddi mədəniyyət abidələrimizə yiyələnməyə çalışıb. Aldatmayla, oyunla edə bilmədiklərini də, fürsət bulunca, ən qəddar metodlarla, qan-qada ilə gerçəkləşdiriblər.

Qeyri-maddiləri ilkin anlamından, mahiyyətindən uzaqlaşdıraraq, yanlış yozub-yorumlayaraq (“Sarı gəlin” kimi), maddiləri də sıradan çıxararaq ya da “erməniləşdirərək” özününküləşdirməyə, özgələşdirməyə çalışıblar (Kilsə yazılarını, xaçını “redaktə” etdikləri kimi)...

Onlar öz adıyaman işlərini bir zaman o qədər irəli aparmışdı, hətta (sırf bizə aid olan) sazı belə aşıqlarımız (Tovuzlu ustad Sazbənd Xuduyadək) erməni sazbəndlərindən alırdı… - Təsəvvür edirsiz? – Sazbənd – erməni, nalbənd – erməni, torbənd – erməni. (Hətta, neçə-neçə persepktivli cavanımıza yarbənd erməni qızları peyda olurdu). – Bir də baxdıq, bənd-bərəni elə kəsiblər, nəfəsimiz kəsilir…

Dərindən baxsaq, mədəniyyət, mədəni irs bir millətin nəfəsidir həm də... Azərbaycan (Türk) ruhu, ağlı, əli ilə yaradılmış bütün pozitivlər bizim gələcəyə və ətraf (beynəlxalq) aləmə güclü çıxışımız, nəfəsliyimiz deyilmi?..

 

Mədəniyyətimizdə “Xocalı-Gədəbəy mədəniyyəti” qavramı (qatı) var.

 

Xocalı-Gədəbəy mədəniyyətinin

ilk aşaması b.e.ö. XIV-XIII yüzilliklərə,

ikinci aşaması b.e.ö. XII-XI yüzilliklərə,

üçüncü inkişaf dönəmi isə b.e.ö. X-IX yüzilliklərə bağlanır.

 

Xocalı-Gədəbəy mədəniyyəti (Ballıqaya, Qarabulaq və b.) kurqanları, (Gədəbəy) daş qutularını, yerli zəmin əsasında inkişaf etmiş 4 fərqli keramika tipini, konusvari başlığı olan yastıtiyə xəncərləri və o dönəmlərin bir çox ayrı pozitivlərini ehtiva edir.

Xocalı-Gədəbəy mədəniyyəti həmçinin Qarabağın dağlıq bölgəsinin bir sıra abidələrini də çevrələyir.

Digər abidələr qalsın bir yana, o yerdə ki kurqan var, demək, orası türk yurdudur!

 

Ermənilərin bədniyyətlərindən biri də qədim kurqanlarımızı sıradan çıxarmaq, mümkün olduğunca “rekonstruksiya” etmək ola bilməzdimi? Qarabağın xaçpərəstliyə aid edilən abidələrini yaxud bəşəri məzmunlu abidələri, təbiət abidələrini, Azıx mağarasını necəsə bir müddət “erməniləşdirməy”i bacardılar bəlkə, amma kurqanları necə erməniləşdirməli? Axı, kurqan kilsə deyil ki, onu “erməniləşdirmək” mümkün olsun... Onda gərək Altaylardakı, Sibirdəki, Türküstandakı, Ukrayna çöllərindəki... kurqanları hamıdan gizlədəsən, hamısını it-bat edəsən yaxud bir ovuc hayın o boyda coğrafiyada kurqanlar yapdığını “əsaslandırasan”. – Mümkünmü, əcaba?!

 

Sözüm ona, erməni və havadarları Xocalıda bizə elə bir gözdağı verdiklərini düşünürdü ki, biz bir də Xocalı səmtə baxmayaq… Xocalı səmtə baxmırsansa, oralardakı kurqanlar yada düşərmi heç?..

 

Bu yazı sırf mədəniyyətşünaslıq yazısı deyil; məqsədim, ermənilərin ən qəddar aktları niyə məhz Xocalıda törətməsinə diqqət çəkməkdir. Onlar elə bil, mədəniyyətimizin ocağına əl qoymaq, materiyasına nüfuz etmək istəyirdi.

Xocalı-Gədəbəy mədəniyyəti təşəkkül tapanda haylar ortalıqda vardımı, vardısa, haralardaydı? – Hayların Qarabağa, ümumən Qafqaza daha XIX yüzillikdə köçürülmə tarixi bəsbəlli deyilmi? Eləsə, b.e.ö.-lərdən başlamış ta çağdaş dönəmədək Xocalıda, çevrəsində yaranmış mədəniyyətin haylara nə bağlılığı ola bilər? – “Sıfır bağlılıq” ola bilər! Bəli, Qarabağda ikinci erməni dövləti qurmaq istəyən qudurmuşlar Qarabağın, Qafqazın, yaxın-uzaq coğrafiyanın ən qədim mədəniyyət ocaqlarını tutaraq, o ocaqları söndürərək, yeni “ocaq” qalamaq istəyirdi. Yəqin heç təsadüfi deyildi ki, əliqanlı, qələmi, dili qanlı “həkim-yazıçı” Zori Balayanın (Զորի Բալայան; 10.02.1935, Xankəndi) 80-ci illərdə çıxan “əsər”i də “Ocaq” adlanırdı... O bekara “kitab”da Balayan tarixi təhrif edərək, Qarabağın, Naxçıvanın “qədim erməni torpağı” olduğunu iddia edirdi. Zori bizi özlərinin düşməni elan edirdi. Və əgər Zori Balayan Ermənistanın yüksək dövlət mükafatları ilə təltif olunubsa, bu, onun vəhşiliklərinin, qeyri-insani çağırışlarının Ermənistan dövləti (erməni toplumu) tərəfindən dəstəklənməsinin açıq ifadəsidir.  

 

İşğal etmək, təhrif etmək, öldürmək, yandırmaq, mənimsəmək... – bunlar tipik erməni (hay) “üsul”u, “üslub”udur! – Daha qanmırdılar ki, bir ərazini tutmaq, insanları öldürmək olar, lakin başqa mədəniyyəti özününküləşdirmək, o mədəniyyətin övladı yaxud varisi kimi davranmaq olmaz. Ayrıca, əgər işğalçının mədəniyyəti işğal olunanın mədəniyyətindən üstün deyilsə, işğalçı uduzmağa məhkumdur. Necə ki məhkum olurlar! - Həm tarix, həm hüquq qarşısında!

 

Xocalı keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin (DQMV) ermənilərin toplu məskunlaşdığı yaşayış məntəqələri ilə Qarabağın “bəy otağı” Ağdamın arasındakı strateji bölgəydi. Ermənilər yəqin belə düşünürdü, əgər Xocalını viran qoysaq, bu, Ermənistanla keçmiş DQMV arasındakı rayonlara (habelə DQMV-nin digər səmtlərindəki rayonlara da) bir qara (qorxunc) ismarıc olacaq. Yəqin təsadüfi deyil ki, Xocalıdan (26.02.1992) bir qədər sonra Şuşa (08.05.1992), Laçın (16.05.1992) və bir il sonra Kəlbəcər (03.04.1993) işğal olundu: bu qaraniyyət erməni işğal “nizam”ıydı… Doğrudur, 1992-93-cü illərdə bir sıra hərbi irəliləyişlərimiz oldu lakin o irəliləyişlər qalıcı olmadı. Və o ayrı-ayrı yönlərdəki irəliləyişlərin heç biri bizi Xocalıya qovuşdurmadı...

 

Xocalıda hava limanı yerləşirdi – əlbəttə, bu da erməniləri pəjmürdə edirdi: “...orada hava limanı vardı. Bizim də Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı vasitəsi ilə idi.

Xocalıya kimi azərbaycanlılar elə bilirdi, biz zarafat edirik. Onlar düşünürdü ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyəcək insanlardır. Bütün bu fikirləri pozmaq lazım idi. Doğrudan da Xocalıda dinc əhali var idi, amma onlarla yanaşı əsgərlər də vardı. ...Əgər dinc əhali orada qalırsa, onlar da döyüşlərdə iştirak etmiş olur. Onların vurulması üçün isə hər hansı dəhliz qalmamışdı, bircə Xocalıda güllələmək mümkün idi”. – Bu dəhşətli sözlər Ermənistanın 3-cü Prezidenti Serj Sərkisyana aiddir (Սերժ Ազատի Սարգսյան; 30.06.1954, Xankəndi). Sərkisyan bu fikirləri (hələ Müdafiə naziri olduğu 2000-ci ildə) tanınmış britaniyalı jurnalist Tomas de Vaalın Qarabağ mövzusunda sualına cavabən demişdi.

 

Xocalının, Qarabağın tarixi, mədəni, strateji və d. önəmini yalnız orada məskunlaş(dırıl)mış ermənilər deyil, keçmiş SSRİ hərbi-siyasi rəhbərliyi də bilirdi və SSRİ silahlı qüvvələrinin uzantısı - 366-cı motoatıcı alay da məhz Xocalı-Xankəndi çevrəsində yerləşdirilmişdi…

Xocalı Soyqırımı 366-cı alayın biləvasitə iştirakı ilə gerçəkləşdi.

 

Böyük ehtimal, keçmiş SSRİ rəhbərliyi kimi, Çar Rusiyası da Azərbaycanın hansı yerlərinə özəlliklə diqqət yetirmək lazım olduğunu yaxşı bilirdi. Təriqətayrısı malakanları Azərbaycanın Gədəbəy, Şamaxı, İsmayıllı, Cəlilabad... bölgələrinə köçürən imperiya başbilənləri, erməniləri də başqa-başqa yerlərdən Qarabağa, İrəvana, Naxçıvana, Zəngəzura, Göyçəyə... təsadüfən köçürməmişdi. Ruhi-mənəvi ocaqlar, strateji məntəqlər, münbit torpaqlar, yaşayış üçün ən yaxşı ekoortamı olan yerlər öyrənilib, sonra oralara əl qoyulub...

 

*

Azərbaycanda müstəqillik, istiqlal dalğası başlayınca Xocalıda şəhər salmaq planı meydana gəldi, çoxlu dövlət vəsaiti və xalq yardımı Xocalıya, Qarabağa sövq edildi... Lakin o işlər yar-yarımçıq qaldı, işğal-işğalın ardınca gəldi və ölkəmiz neçə illər uğursuz qara zolağa düşdü...

Dövlət dövlətdirsə, dövlətin başında qətiyyətli lider durursa, öz yarımçıq işlərini gec-tez axıra çatdırır. Xocalıda, ümumən Qarabağda, Zəngəzurda... yarımçıq qalan işimizi başa çatdırdığımız (və daha da görəcəyimiz işlər) kimi!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Dövlət-Xalq birliyinin, əziz şəhidlərimizin, qazilərimizin, şanlı Ordumuzun fədakarlığının necə xarüqələr, möcüzələr yaratdığı göz qabağındadır. Qondarma rejimin, separatçılığın kökü kəsilib, Qarabağın dörd yanında, o cümlədən Xocalıda tikinti-quruculuq, abadılıq işləri yüksək vüsətlə davam edir. Soyqırımın ildönümü bu il ilk dəfə Xocalıda keçirildi! Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, onlarla birlikdə şəhərdə aparılan tikinti işləri ilə tanış oldu.

Sonra dövlətimizin başçısı və Xocalı rayon ictimaiyyətinin nümayəndələri Xankəndi şəhərində oldu.

 

Bəli, dövlət dövlətdirsə, dövlət başçısı qətiyyətlidirsə, güc aldığı dövlətçilik irsi varsa, “heç kim unudulmur, heç nə yaddan çıxmır”! – Burada bir dövlət var, dövlətçilik irsi var, əcdadın ruhu, bugünkü nəsillərin etibarı, vəfası var.

Ermənilərsə hələ də qəflət içindədir. Ermənistan formaca dövlət olsa da, məzmunca, mahiyyətcə dövlət ola bilmədi. Dövlətin tarixin şaxtalı qışından, qızmar yayından keçməsi lazım. Güclü himayədarlarının sayəsində gördüklərini zaman-zaman bahar sananlar, ha bu il ha gələn il, fəsil olaraq sonbahar deyil, bəlkə son bahar yaşamış ola bilər. Daha yıxılmağa mərkəzi büdcə, talamağa Qarabağ yoxdur. Dünya erməniliyi də 30 illik işğalın, 100 illik “qondarma erməni soyqırımı” hoqqasının onlarçün arzuolunan sonucu vermədiyini idrak edir deyəsən…

 

Beləliklə,

 

“Olacaqlar olacaqlar,

 

…Daş olacaq daş olacaq!

Quş olacaq quş olacaq!

Boşalacaq boşalacaq,

Dolacaqlar dolacaqlar.

Bitəcəklər bitəcəklər,

İtəcəklər itəcəklər!

Gedəcəklər gedəcəklər,

Qalacaqlar qalacaqlar”!.. 

(Şaiq Vəli).

 

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

Şəkildə: Xocalı ötən əsrin 80-ci illərində

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2024)

 

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi mərhum yazıçı, tərcüməçi Eyvaz Əlləzoğlunun anım günü münasibətilə paylaşım edibdir. Paylaşımı nəzərinizə çatdırırıq. 

 

Bu gün tanınmış yazıçı, tərcüməçi Eyvaz Əlləzoğlunun anım günüdür (Həsənov; 1956, Muğanlı, Qarayazı – 26.02.2011, Bakı).

Eyvaz Əlləzoğlu Tiflis Pedaqoji İnistitutunun Filologiya fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra Kosalı kənd orta məktəbində gürcü dili müəllimi işləyib; habelə (1980-ci ildən) dövrü mətbuatda hekayələr və publisistik yazılarla çıxış edib, "Samqor", "Gürcüstan" qəzetləri ilə əməkdaşlıq edib.

Sonralar da mətbuatla bağlarını kəsməyən Eyvaz Əlləzoğlu, "Olaylar", "Borçalının səsi", "Ekspress", "Xəzər" və b. qəzetlərdə Gürcüstanın ictimai-siyasi, mədəni həyatı ilə bağlı analitik yazılarla çıxış edib.

Eyvaz Əlləzoğlu 1993-1996-cı illərdə Prezident Administrasiyasının Milli Siyasət şöbəsində məsləhətçi, 

1996-1998-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində ikinci katib vəzifəsində çalışıb.

O, Qoderzi Çoxeli, Revaz İnanişvili, Naira Gelaşvili və b. çağdaş gürcü yazıçılarının əsərlərini orjinaldan dilimizə çevirib.

"Ov" cizgi filmi Eyvaz Əlləzoğlunun ssenarisi əsasında ekranlaşdırılıb. 

"Ölü yay" (hekayələr; 1992), "Yatan dinozavrlar" (hekayələr; 1993), "Odunçu geri qayıdır" (roman; 2010), "Qaraçöllü Qəzənfər" (roman; 2012), "Qırıq telefon" (hekayələr; 2021) və b. kitabları gün üzü görüb.

Sayğılarla anırıq.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2024)

Azərbaycan Respublikası Kino Agentliyi yarandığı gündən keçən müddət ərzində görülən işlər haqqında hesabatı təqdim edib. Baş direktoru vəzifəsini Orxan Fikrətoğlunun icra etdiyi qurumun qısa müddətdə gördüyü işlər hədsiz dərəcədə çoxdur, genişmiqyaslıdır. 

“Ədəbiyyat və incəsənət” portalı hesabatı nəzərinizə çatdırır. 

 

 

FİLM LAYİHƏLƏRİ MÜSABİQƏSİ

 

Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsi keçirib. Müsabiqə milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, eləcə də kino mühitinə yeni adlar qazandırmaq məqsədi daşıyıb. 

Kinematoqrafiya sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzləri və digər hüquqi şəxslər tərəfindən dövlət sifarişi, kommersiya, müəllif (sənət), debüt və tələbə filmləri kateqoriyaları üzrə layihələrin təqdim edildiyi müsabiqənin Seçim komissiyasının qiymətləndirməsinə əsasən, dövlət sifarişi, kommersiya, sənət və debüt istiqamətində 30, tələbə alt istiqaməti üzrə isə 16 layihə məqbul hesab edilərək pitçinq mərhələsinə buraxılıb.

Müsabiqənin müstəqil mütəxəssislərdən ibarət Seçim komissiyası və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının iştirakı ilə Azərbaycan Dövlət Film Fondunda təşkil olunan pitçinqdən öncə Ekspert şurası Seçim komissiyasının təqdim etdiyi layihələrin ssenariləri və digər zəruri sənədləri ilə yaxından tanış olub. Pitçinqdə müəlliflər layihələrini açıq şəkildə müdafiə ediblər. Azərbaycan Milli İncəsənət Muzeyində film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib. Seçim komissiyası və Ekspert şurası tərəfindən açıq səsvermə yolu ilə “Qorqud və Zəhra” (“OksiMedia” MMC) və “Sözün varsa, de!” (“Mozg Media Group” MMC) tammetrajlı bədii film layihələri istisna olmaqla “Xəzinə” (“Ultra Production” MMC), “Günəşdə də ləkələr olur” (“AzərNyuMedia” MMC), “Borc” (“Bakı Media Mərkəzi” MMC), “Arılar və qəbirlər” (“SFN Production” MMC) tammetrajlı bədii, “Nargin” (“Karvan Production” MMC), “Ölüm axtaran qadın” (“Bakı Media Mərkəzi” MMC), “Kür – çaylar anası” (“OD-MEDİA Production” MMC) tammetrajlı sənədli, “Daş” (“ART Baku Production” MMC), “Erkən hisslər” (“Rental Azərbaycan” MMC) qısametrajlı bədii, “Kapitan və Xəzər dənizi” (“Rental Azərbaycan” MMC) qısametrajlı sənədli, “Narqız” (“Peri Film” MMC) qısametrajlı animasiya film layihələrinin və 16 qısametrajlı bədii və sənədli tələbə film layihəsinin istehsalına dəstək göstərilməsi təsdiq edilib. İstehsalına dəstək göstərilməsi məqsədəuyğun sayılmayan bir sıra layihələrin ssenarilərinin inkişaf etdirilməsi məqsədilə ARKA tərəfindən yaradılmış Film laboratoriyasına təqdim olunması təklif edilib. Müsabiqənin məqsədi ölkədə kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsidir.

 

 

PRİORİTETLƏR

 

Eyni vaxtda dörd yeni təsisatın – animasiya məktəbi, ssenaristlər kursu, kinoaktyor teatrı və texniki təkmilləşmə kurslarının açılması istiqamətində işlər aparılıb.

 

 

AMİMATORLARIN İNKİŞAF PROQRAMI LAYİHƏSİ

 

Animatorların İnkişaf  Proqramı ilə bağlı layihəyə start verilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə  Mədəni və yaradıcı sənayelər üzrə tədris və inkubasiya mərkəzində Animatorların İnkişaf Proqramı (Animator’s Accelerator)  üçün müraciətlərin qəbuluna start verilib. 8 həftəlik təlim proqramı, yerli animatorların peşəkərlığının artırılması  və beynəlxalq standartlara uyğun peşə bacarıqlarının mənimsənilməsi məqsədilə  həyata keçiriləcək. Təlimi nəzərə alaraq  ən uğurlu iştirakçıların işlə təmin edilməsi və beynəlxalq layihələrə cəlb edilməsi nəzərdə tutub. Animatorların İnkişaf Proqramı (Animator’s Accelerator) təlim proqramı, yerli animasiya sahəsində kreativ və peşəkar animatorları beynəlxalq səviyyədə tanitmağı hədəfləyir və Azərbaycan animasiya sektorunun inkişafına dəstək olmaq məqsədilə təşkil olunur.

 

 

“PRODÜSERLƏRİN YÜKSƏLİŞİ” TƏLİM PROQRAMI

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə keçirilən “Prodüserlərin yüksəlişı” təlim proqramına start verilib. Təlimlər Avropanın ən qabaqcıl kino məktəbinin mütəxəssis-müəllimi və prodüseri Martin Haqemannın rəhbərliyi və Avropanın qabaqcıl kino məktəbinin mütəxəssis-müəllimi, prodüser Titus Kreynberqin iştirakı ilə baş tutub. Təlim iştirakçılara rəqabətədavamlı kino biznesinin yaradılması və idarə olunması, yerli və xarici maliyyə mənbələrinin film istehsalına cəlb edilməsi, filmlərin yerli və xarici satışının təşkili, eləcə də digər sahələr üzrə fundamental biliklərə yiyələnmək imkanı təqdim edilib. Eyni zamanda iştirakçılar təlim müddətində müasir beynəlxalq standartlara cavab verən kino layihələrini hazırlamaq fürsətini əldə ediblər. İştirakçılar sertifikatla təltif olunublar, ən yaxşı kino layihələrinin müəllifləri isə fərqlənmə sertifikatı və ARKA-nın təşkil etdiyi film layihə müsabiqələrində və digər layihələrdə güzəştli iştirak hüququ qazanıblar.

 

 

III “KORKUT ATA” TÜRK DÜNYASI FİLM FESTİVALI

 

Azərbaycan III “Korkut Ata” Türk Dünyası Film Festivalına ev sahibliyi edib. Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb. Festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Altay və Başqırdıstandan (Rusiya Federasiyası), həmçinin azsaylı türk xalqlarından təqdim olunan 40-a yaxın bədii, sənədli və animasiya filminin oktyabrın 8-dən 11-dək Nizami Kino Mərkəzində nümayişi baş tutub. Türk dünyası kinematoqrafiyasına verdiyi töhfələrə görə Hocaqulu Narlıyev, Mayagözəl Aymedova, Çarlıyar Seyidli (hər üçü Türkmənistan), Serdar Gökhan, Metin Günay ( hər ikisi Türkiyə), Həmidə Ömərova, Oqtay Mirqasımov, Orman Əliyev, Ağasi Məmmədli  (hamısı Azərbaycan), Firdavs Abduxalikov (Özbəkistan) və Azamat Satıbaldı (Qazaxıstan) fəxri mükafatlarla təltif olunub. "Jambıl" filminə görə qazaxıstanlı aktyor Dosjan Janbotaev, "Hep 33 yaşında" filminə görə türkiyəli rejissor Murat Pay jürinin xüsusi mükafatına layiq görülüb. “Ən yaxşı aktyor” nominasiyası üzrə mükafatı Ahmet Amandurdiyev ("Qızıl alma", Türkmənistan), "Ən yaxşı aktrisa" nominasiya üzrə mükafatı isə Təhminə Rafaella ("Məryəm", Azərbaycan) qazanıb. “Ən yaxşı ssenari” mükafatına “Abdulla Oripov” (Özbəkistan) filmi layiq görülüb. "Ən yaxşı rejissor" nominasiyasında Zhuraeva Asel Talibzhanova ("Tanrıverdi", Qırğızıstan) qalib olub. "Ən yaxşı sənədli film" nominasiyasında 3-cü mükafat “Mənim dairəm” (Özbəkistan), 2-ci mükafat “Arqau” (Qazaxıstan), 1-ci və əsas mükafata isə “Sonuncu” (Azərbaycan) filmləri layiq görülüb. "Ən yaxşı bədii film” nominasiyasında "Yıldız tozu" (Türkiyə, rejissor Ahmet Sönmez) filmi qalib olub.

 

 

QISA FİLMLƏR FESTİVALI

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin rəsmi tərəfdaşlığı ilə Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçirilib. Festivalın “Qızıl nar” mükafatı, həmçinin xüsusi mükafatlar və diplomları sahiblərinə təqdim edilib. Ümumilikdə 3-ü beynəlxalq, 2-si yerli olmaqla 5 film festivalın baş mükafatına – “Qızıl nar”a layiq görülüb. Bildirilib ki, müsabiqənin beynəlxalq kateqoriyası üzrə rejissorlar Patrisio Martines və Fransisko Kantonun (Argentina) "Heç biri" filmi “Ən yaxşı bədii film” nominasiyasında qalib olub. “Ən yaxşı sənədli film” nominasiyası üzrə Nikita Lovetskinin (Qırğızıstan) “Qalina Petrovna”, "Ən yaxşı animasiya filmi" üzrə Vuk Palibrk və Tanja Brzakoviçin (Serbiya) “Fabuladakı canavar” filmləri qalib adını qazanıb. "Ən yaxşı bədii film rejissoru" nominasiyasında "Rəfiqəm" filmi ilə Kövsər Yunis (Misir), "Ən yaxşı sənədli film rejissoru” üzrə "Üç bacı" filmi ilə İman Behruzi (İran), "Ən yaxşı animasiya filmi rejissoru” nominasiyasında isə "Cadugər-pəri" ekran işi ilə Sedrik Ayqat, Devid ven de Ueyer (Belçika-Bolqarıstan) birinci olublar. “Ən yaxşı ssenari” nominasiyasında Yan Buynovskinin (Polşa) “Şeytan”, "Ən yaxşı montaj" üzrə Andrea Slaviçekin (Xorvatiya-İspaniya) "Dava haqqında əsl həqiqət" filmləri qalib gəliblər. Rejissor Manuel Omontenin (İspaniya) "Teruel ətrafında" filmi “münsiflər heyətinin xüsusi mükafatı”, Nəzrin Ağamalıyevanın (Azərbaycan) "Hədis", Bahau Liunun (Çin-ABŞ) "Raket start meydançasında olanda", Evrim İncinin (Türkiyə) "Divar", Ayal Adamovun (Rusiya) "Aykuo", Aycan Qasımbəyin "Bir az sevgi" filmləri isə “münsiflər heyətinin xüsusi qeydi” mükafatlarına layiq görülüb. Festivalın “Asiya istedadları” müsabiqəsi üzrə Əlirza Kazımpurun (İran) “Haçalanmış uclar” filmi “Ən yaxşı film” nominasiyasında qalib olub. “Ən yaxşı rejissor” nominasiyasında “Satıcının bir günü” filmi ilə Erinç Durlanık (Türkiyə), “Ən yaxşı ssenari” üzrə isə Ədalət Ömərovun (Qırğızıstan) “Toy mahnısı” filmi birinci yeri əldə edib. Yerli müsabiqənin “Ən yaxşı bədii film” nominasiyasında Səməd Ağayevin “Salam, İsa”, “Ən yaxşı sənədli film” üzrə Kürçaylı Məmmədovun “Sabahın xeyir, Sübh anası”, “Ən yaxşı sosial çarx” nominasiyasında Vüsal Həmdullayevin “Xocalı”, “Ən yaxşı tələbə filmi”ndə Məmmədəmin Əlizadənin “Pianist” filmləri qalib olublar.  Elmar Bayramovun “Nəfəs” filmi “Ən yaxşı rejissor”, Şirin Əhmədov, Elmar Fərzəli isə “Qütb ulduzu” filmi ilə “Ən yaxşı ssenari” nominasiyasında qalib adını qazanıblar. “Cinemobil” nominasiyasında Hüseynağa Aslanovun “Saatsaz” filmi qalib olub. Türkiyəli rejissor Kasım Ördekin “Birlikdə, tək” filmi “Azərbaycanfilm” kinostudiyasının mükafatına layiq görülüb. Emil Nəcəfov Azərbaycan Prodüserlər Gildiyasının “Ən yaxşı prodüser” üzrə, Gülay Babayeva isə “Arxa cəbhə” filmi ilə münsiflər heyətinin diplomlarını qazanıblar.

 

 

RASİM OCAQOVUN 90 İLLİK YUBİLEYİ

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkilatçılığı, “Azərbaycanfilm” kinostudiyası və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin dəstəyi ilə Nizami Kino Mərkəzində Azərbaycanın görkəmli kinorejissoru, Xalq artisti Rasim Ocaqovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

 

MƏKTƏBLƏRDƏ FİLM NÜMAYİŞLƏRİ

 

Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkilatçılığı, “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə gənc nəslin milli-mədəni ruhda formalaşmasına töhfə vermək, habelə dövlət dəstəyi ilə istehsal olunmuş filmləri tamaşaçılara daha yaxından tanıtmaq məqsədilə ali məktəblərdə film nümayişləri keçirilib. Son illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş “Qırmızı bağ”, “Qisas almadan ölmə”, “Daxildəki ada” və “Olimpia” tammetrajlı bədii filmləri, “Sarılar - Qarabağ atının izi ilə”, “Biz”, “Dağ kəndinin qış günü”, “Qafqaza qayıdış” və digər filmlər ölkəmizin aparıcı tədris ocaqlarından olan ADA Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Texniki Universitetində tələbələrə nümayiş etdirilib.

 

 

“CİNEMO” MOBİL FİLM FESTİVALI

 

Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan “Yaradıcı Həftə” çərçivəsində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə “CINEMO” Mobil Film Festivalının keçirilib. Festivalın məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.

 

 

ÜNLÜ SEMİH KAPLANOĞLUNUN USTAD DƏRSLƏRİ

 

Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Kino Agentliyinin ssenari laboratoriyası nəzdində yaradılmış ssenarinin inkişaf proqramı çərçivəsində Film layihələri müsabiqəsinin inkişaf proqramına yönləndirilmiş ssenarilərlə bağlı Berlin Film Festivalının qalibi, tanınmış kinorejissor və ssenarist Semih Kaplanoğlu ilə müzakirələr aparılıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Kino Agentliyinin ssenari laboratoriyası nəzdində yaradılmış ssenarinin inkişaf proqramı çərçivəsində Bakıya dəvət olunmuş tanınmış Türkiyə kinorejissoru Semih Kaplanoğlu Dövlət Film Fondunun qonağı olub. Qonağa qurumun fəaliyyəti, filmlərin burada qorunub saxlanılması və bərpası haqqında ətraflı məlumat verilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkilatçılığı, “YARAT” Müasir İncəsənət Məkanının dəstəyi ilə kinorejissor, ssenarist və prodüser Semih Kaplanoğlunun "Bal" filminin nümayişi təşkil olunub. Daha sonra Semih Kaplanoğlu tərəfindən ustad dərsi keçirilib, müəllif izləyicilərin suallarını cavablayıb.  Semih Kaplanoğlunun "Bal" filmi 2010-cu ildə Berlin Film Festivalının baş mükafatını qazanıb.

 

 

ŞAMİL MAHMUDBƏYOVUN QƏBİRÜSTÜ ABİDƏSİNİN YENİLƏNMƏSİ

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə 100 illik yubileyi ərəfəsində tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun baxımsız vəziyyətdə olan qəbirüstü abidəsi yenilənib. Şamil Mahmudbəyov “Şərikli çörək”, “Qaraca qız”, “Romeo mənim qonşumdur” və başqa filmlərin rejissorudur.

 

 

RÜSTƏM İBRAHİMBƏYOV VƏ TOFİQ TAĞIZADƏNİN MƏZARLARININ ZİYARƏTİ

 

Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun anadan olmasının 85-ci ildönümü münasibəti ilə Fəxri xiyabanda məzarı ziyarət olunub. ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu, nazirliyin məsul əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri sənətkarın məzarı üzərinə tər çiçəklər düzüblər. Ssenari müəllifi kimi Azərbaycan SSR Dövlət mükafatına (1980, “Ad günü” filmi), SSRİ Dövlət mükafatına (1981, “İstintaq” filmi), dörd dəfə Rusiya Federasiyasının Dövlət mükafatına (1993 – “Urqa. Sevgi ərazisi”; 1996 – “Günəşdən usanmışlar”; 1998 – “Səhranın bəyaz günəşi”; 2000 – “Sibir bərbəri”) layiq görülüb. Bundan əlavə, kinorejissor Nikita Mixalkovun Rüstəm İbrahimbəyovun ssenariləri əsasında çəkdiyi “Urqa. Sevgi ərazisi” filmi Venesiya kinofestivalının “Qızıl şir”, “Günəşdən usanmışlar” filmi Amerika Kino Akademiyasının “Oskar” (“Ən yaxşı xarici film”) və Kann kinofestivalının “Jürinin xüsusi mükafatı”nı qazanıb.

Xalq artisti, kinorejissor Tofiq Tağızadənin isə 105 illik yubileyi münasibətilə məzarı ziyarət olunub. Tofiq Tağızadə quruluşçu rejissor kimi Azərbaycan kinosu tarixinə “Görüş”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Bağ mövsümü”, “O dünyadan salam” və başqa məşhur ekran əsərlərini bəxş edib.

 

 

QALİB KİNO ŞİRKƏTLƏRİ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

 

Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlunun sədrliyi ilə 2023-cü ildə keçirilmiş Film layihələri müsabiqəsinin qalib kino şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Qalib şirkətlərlə yeni hədəflərin müəyyən olunması, dövlət sifarişi ilə filmlərin istehsalı, Kino agentliyi və həmin şirkətlərlə istehsal prosesinin hüquqi tənzimlənməsi yolları müzakirə edilib. Kinoşünasların, kino tənqidçilərinin proseslərə cəlb olunması məqsədi ilə Kino Agentliyi nəzdində Analitik təhlil mərkəzinin yaradılması qərara alınmışdır. Mövcud vəziyyətin Agentliyin saytında, sosial şəbəkə hesablarında, həmçinin, elektron kinojurnallarda analizi, təhlili və onların yayımlanmasının vacibliyi vurğulanmışdır. Bədii şuranın üzvü, kinorejissor Elxan Cəfərov, kino tənqidçiləri Nadir Bədəlov və Nəriman Əbdülrəhmanlı, yazıçılar Varis Yolçuyev və Şərif Ağayar təkliflərlə çıxış ediblər, qalib şirkətlərlə istehsal proseslərinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

 

2022-Cİ İLDƏN QALMIŞ BORCLARIN ÖDƏNİLMƏSİ YÖNÜNDƏ FƏALİYYƏT

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” film layihələri müsabiqəsinin qalib layihələrinin maliyyələşdirilməsi işləri müvafiq qaydada icrasına başlanılıb. Mədəniyyət nazirinin əmri ilə nazirliyin 2022-ci ildən qalmış borcu ilə bağlı Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən ödənilmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq məktub göndərilib.

 

Bir sözlə, ARKA kinomuzun əvvəlki reputasiyasının bərpası və yeni hədəflərə çatması yönündə böyük işlər görməkdədir. Qurum vaxtaşırı bu sayaq hesabatlar verməklə görülən işləri ictimaiyyətə çatdıracaq. 

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2024)

Bazar ertəsi, 26 Fevral 2024 13:15

Xocalıda öldürülən qızcığaza…

 

“Xocalı ağrısı” silsiləsindən “Ədəbiyyat və incəsənət” portalı Əli Bağışın “Xocalıda öldürülən qızcığaza…” essesini təqdim edir. 

 

İllər, qərinələr, əsrlər keçəcək,

Neçə nəsillər gəlib-gedəcək,

Sən elə həmişə gözəl qalacaqsan, mənim balam...

Öldürülmüş mələk qalacaqsan, mənim balam...

Nə Sənin yanında durub, Səni qoruya bildik.

Nə də Kişi olub qisasını ala bildik!

Elə kor Allahın kar mələkləri kimiydik:

Nə gördük,

nə eşitdik,

nə harayına yetişdik!

Beləcə sürünürük: gözükölgəli…

Beləcə gəbərəcəyik: başıaşağı…

 

…Bəlkə gözlərindəki son sözün

Elə bu idi, mənim balam:

-Bilirsənmi, nə boyda günah sahibisən, Yaradan?!

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Şair yaxşı söyləyib: “Dünya sənin, dünya mənim, dünya heç kimin”. Şənbə günü əbədiyyətə qovuşan və bu gün 3 mərasiminə qatıldığımız Gülhüseyn Kazımovu yaxşı tanıyırdım. İçi dolu, məzmunlu və dəyərli dostlarımdan biri idi. 

 

Kim deyibsə düz deyib, həqiqətən də insanlar işdə, vəzifədə, fəaliyyətdə bir-birini əvəz edə bilsələr də, amma həyatda heç kim əvəz olunmur. Barmaq izləri bir-birini təkrarlamadığı kimi, insanlar da bir-birini təkirarlamırlar, fərqli-fərqli təyinatları icra edirlər. Onun da öz təyinatı vardı, varlığına biçilən, taleyinə yazılan İlahi təyinat…

1950-ci il fevralın 4-də Cəbrayıl rayonunun Kavdar kəndində dünyaya gəlmişdi. Dörd ali təhsili vardı. Muzey işçisi də olmuşdu, redaktor da işləmişdi, dövlət qulluğunda da çalışmışdı. Üstəlik dövri mətbuatda xeyli elmi-publisistik yazıları da çap olunmuşdu. Filologiya elmləri namizədi idi…

Deyirdi ki,- “Hara getsəm də filologiya, jurnalistika sahəsində qazandığım təcrübə həmişə əlimdən tutub. 10 il Nazirlər Kabinetinin redaktə qrupunun rəhbəri işlədim, hökumət sənədlərinin dil-üslubuna, orfoqrafiyasına baxırdıq. Bir neçə il Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Aparat rəhbəri işlədim, orada da təxminən bu işlərlə məşğul idim, sənədlərin tərtibatı, sənəd dövriyyəsi, ərizə və şikayətlərə baxılması, kollegiyaların keçirilməsi və s.. Reyestr Xidmətində işlədiyim müddətdə mülkiyyət hüquqlarının qediyyatı haqqında qanunvericiliyi, torpaq qanunvericiliyini mənimsədim, bizim qanunvericiliyə görə əmlak üzərində olduğu torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi qediyyata alınır, bunları öyrənməsəydim, nə işçilərlə, nə də müraciət edən şəxslərlə işləyə bilərdim. Xidmətdə çalışdığım müddətdə Azərbaycanda mülkiyyət hüquqlarının qeydiyyatı tarixi ilə bağlı da müəyyən araşdırmalar aparmışam. Milli arxivimizdə bu sahədə xeyli bəlgələr var. Gözəl bir doktorluq işinin mövzusudur, həvəs göstərib yazan olsa, kömək etməyə hazıram. Mülkiyyət hüquqlarının tarixi xalqımızın ümumi tarixinin ayrılmaz tərkib hissəsidir. Bu sahənin tədqiqinə çox ciddi ehtiyac var.

Ümumiyyətlə, mən təbliğatçı olmuşam, təbliğatçı qulluq etdiyi dövrün, zamanın ideologiyasını təbliğ etməlidir. Təbliğatçı bir günə yetişmir, nəyisə təbliğ etməyin özü də böyük bir istedaddır. Təbliğ edən təbliğ olunanı inandıra bilmirsə demək təbliğatçı deyil. Ona görə işlədiyim illərdə çalışmışam ki, təbliğatı elə aparım ki, insanlığa yönəlmiş təbliğat olsun”…

 Şair, yazıçı, ictimai xadim Gülhüseyn Kazımov çox işgüzar adam idi. Yaşı yetmiş dördü adlasa da bir yerdə dayanmağı xoşlamırdı, necə deyərlər, civə kimi qaynayırdı. 

Son illər özünü Azərbaycan musiqisinin şahı- muğama həsr etmişdi. Tez-tez korifey muğam ustalarının həyat və yaradıcılığına həsr olunmuş tədbirlər təşkil edirdi. Doğrudur, bu tədbirləri Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində icra edirdi, amma böyük ürəklə, xüsusi həvəslə həyata keçirirdi. İndiyədək Bülbülcanın, Seyid Şuşinskinin, Hacıbaba Hüseynovun, Şövkət Ələkbərovanın, Həqiqət Rzayevanın, məşhur qarmon ifaçıları Kor Əhədin, Teyyub Dəmirovun və s. sənətkarların həyat və yaradıcılığına həsr olunmuş musiqili gecələr təşkil etmişdi. Onların arasından Kor Əhəd və Bülbülcan haqqında iki kitab da ərsəyə gətirmişdi...

1978-ci ildən üzü bəri ona yaxın həm nəsr və həm də nəzm kitabı işıq üzü görmüşdü. Şeirlərinə Şəfiqə Axundova, Oqtay Rəcəbov, Nəriman Məmmədov, Azər Rzayev kimi bəstəkarlar mahnılar da bəstələmişdi. Bu mahnıları İlhamə Quliyeva, Təranə Vəlizadə, Baba Mahmudoğlu, Flora Kərimova və başqa tanınmış sənətçilər ifa etmişdilər…

Marqlı insan idi. Səyahət etməyi xoşlayırdı. Ömrü boyu otuza yaxın Avropa, Amerika, Asiya ölkələrində səfərdə olmuşdu. Klassiklərin əsərlərini mütaliə etməkdən zövq alırdı. Muğamın vurğunu idi. Dinlədikcə vəcdə gəlir, gözləri yaşarırdı. “Muğam mənim yaralı yerimdir”- söyləyirdi.

Arzuları çox idi. İstəyirdi ki, ata-baba yurdu Cəbrayıla rahat gedib gələ bilsin...

Deyirdi;- “Mən qarabağlıyam. O torpaqlar mənə çox əzizdir. Babalarımın ruhları orada toxtaqlıq tapıb. Kaş biləydiniz, dogma Cəbrayılım üçün nə qədər darıxıram. Ömrümün bir hissəsi orada qalıb. İnanın ki, Cəbrayıl, eləcə də doğma kəndim Kavdar məndən ötrü Məkkə-Mədinə qədər müqəddəsdir...”

Bəli, hər kəs varlığına biçilən taleyi yaşayır. Gülhüseyn Kazımov da öz taleyini yaşayıb, sonda əbədiyyətə qovuşdu. Ondan bir də olmayacaq. Yeri behişt olsun! Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2024)

Bazar ertəsi, 26 Fevral 2024 07:30

Gülhüseyn Kazımlının 3 mərasimi bu gündür

Xəbər verdiyimiz kimi, fevralın 24-ü, tanınmış ziyalı publisist, şair, muğam tədqiqatçısı Gülhüseyn Kazımlı vəfat edib. “Ədəbiyyat və incəsənət” portalı mərhumun  yaxınlarına istinadən xəbər verir ki, 3 mərasimi  bu gün - fevralın 26-Büsat" mərasim evində (Əcəmi Naxçıvani küçəsi, 34) keçiriləcək.

Qadın və kişi məclisi saat 11-də başlayacaq.

 

Fevralın 4-də Gülhüseyn müəllimin 73 yaşı tamam olmuşdu, o,  öz facebook hesabında gördüyünüz bu şəkli paylaşmış, “73 tamam” yazmışdı. Əfsus ki, ömür elə buradaca qırıldı, 74 gəlmədi. 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.