“Yenilməz batalyon” filmi barədə müəmmalar və HƏQİQƏTLƏR Featured

Sevda Verdiyeva, ADPU-nun Şəki filialının tələbəsi – “Ədəbiyyat və incəsənət” üçün

 

Bəri başdan deyək ki, “Yenilməz batalyon” filmi istər peşəkarlıq, istərsə də nəzərdə tutulan dövrün pafosunu özündə əks etdirmək baxımından mükəmməl filmdir.

 

Film yazıcı Qılman İlkinin (Musayevin) “Qalada üsyan” romanı əsasında çəkilmişdir. Ssenari müəllifi Q.İlkinin özüdür. Filmdə Zaqatalaya sürgün olunmuş “Potyomkin” zirehli gəmisinin üsyankar matrosları ilə yerli inqilabçıların birgə mübarizəsindən danışılır. Hadisələr 1907-ci ildə baş verir. “Yenilməz batalyon” bədii filmi də öz təsir gücünə görə “Qalada üsyan” romanının özündən geri qalmır.

Ssenarisi 1960-cı ildə bəyənilərək təsdiqlənən bu filmin çəkilişlərinə uzun çək-çevirdən sonra 1965-ci ilin sentyabr ayında başlanmışdır. Çəkilişləri 1966- cı ildə başa çatan filmin ilk baxış tarixi həmin ilin fevral ayının 13-də baş tutmuşdur.

Filmin quruluşçu rejissoru Hüseyn Seyidzadə, operatorlar Xan Babayev, Rasim İsmayılov, quruluşçu rəssam Nadir Zeynalov, bəstəkar Cahangir Cahangirov, filmin direktoru Nazim Ələkbərovdur.

Rollarda Tamilla Ağamirova, Vladimir Yemelyanov, İsmayıl Osmanlı, Anatoli Yurçenko, Müxlis Cənizadə, M.Orlov, İsanbet Prozat, Valentin Kulik, Ofeliya Məmmədzadə, Mixail Puqovkin, Ceyhun Mirzəyev, Pavel Vinnik, Hüseynağa Sadıqov, Zoya Çekulayeva və başqaları çəkilib.

Bu yazıda məqsədimiz heç də filmi və aktyorların işini təhlil etmək yox, film haqqında bəzi yalnış və əsassız fikirlərə münasibət bildirməkdir. Birincisi, bəziləri iddia edirlər ki, “Yenilməz batalyon” filmi əvvəldən axıra kimi Zaqataladakı qalada çəkilmişdir. Düzdür, əvvəl çəkilişin Zaqataladakı həbsxanada aparılması nəzərdə tutulmuşdu. Lakin bu çəkilişə icazə verilməyib. Ümumiyyətlə, bu filmlə bağlı Zaqtalada hər hansı çəkiliş olmayıb.

“Yenilməz batalyon” filmində titrlərdə adı keçməsə də, burada rejissor köməkçisi kimi iştirak edən R.Dadaşov müsahibələrinin birində deyir:

 “Bütün çəkilişlər Bakıdakı köhnə kinostudiyanın pavilyonunda, eyni zamanda Şəkidə həyata keçirilib. Əsas natura çəkilişləri elə Şəkinin adıyla bağlıdır. Səhnələr Şəkiətrafı, Oğuz (Qırxbulaq səhnəsi, arabanın partlaması), Xanabadda (final səhnəsi) ekranlaşdırılıb.

Deməli, 1964-cü ilin sentyabr ayı idi, bütün heyətlə Şəkiyə yollandıq. Biz iki ekspedisiya ilə Şəkiyə getmişdik. Çəkilişlər zamanı çox böyük çətinliklərimiz oldu. Biz Şəkiyə çatdıq, yerləşdik. Təsəvvür edə bilməyəcəyiniz qədər güclü yağışlar yağmağa başladı. Gözləməli olduq, bir gün, iki gün...

Demək olar ki, hər gün boşluq idi. Yuxudan durub nə edəcəyimizi bilmirdik. Gördük ki, bu yağış kəsən deyil. Bir ay ərzində boş yerə Şəkidə gözlədik. Nəhayət qərara gəldik ki, Bakıya qayıdıb pavilyon çəkilişlərini həyata keçirək. Bu gecikmələrdən dolayı filmin çəkilişləri bir ildən çox vaxt aldı.

Böyük səhnələrdən olan həyətdə ev tikilməsi, işçilərin yük daşıması, kazarma, dərzi Yusifin evi pavilyonda qurulmuş səhnələr idi… Bakıdakı pavilyon çəkilişlərini bitirdikdən sonra yenidən Şəkiyə yollandıq. Əsas səhnələr Şəkidəki türmə-qalanın ətrafında reallaşdırıldı. Deməli, türmənin ətrafında dekorasiyalar tikmişdik. Qala çəkilişləri, əsgərlərin addımlaması, barabanların çalınması hamısı orda lentə alınıb…filmdəki dava səhnəsində çəkilənlər əsl idmaçılar olub”

Eyni zamanda Azərbaycan hərbi dairəsinin hissələri də çəkilişlərdə iştirak ediblər. Filmin bəzi epizodlarının (Qırxbulaq səhnəsi və arabanın partlaması) Oğuzda çəkilməsini rejissor köməkçisi R.Dadaşov və kino-tənqidçisi S.Sultanova ilə yanaşı, Oğuz rayonunun onlarla sakini də xoş bir xatirə kimi xatırlayır.

Çəkilişin şahidi olan oğuzlulardan tanınmış ziyalı E.Əzimli qeyd edir ki, yaxşı xatırlayıram, film Bayan kəndində, yeni Filfilli ərazisindəki yolda çəkilib.

Bayan kəndinin sakini S.Üzeyirov söyləyir ki, həmin epizodlar Bayan kəndində Əlican çayının sahili ilə üzüaşağı Bayan talaşına gedən tozlu yolda çəkilmişdir. Hətta Bayan kənd sakini Bəkir kişi öz atı ilə orda epizodik rolda da çəkilib.

G.Mürşidova isə deyirdi ki, bu film mənim gözümün qabağında çəkilib.

V.Çələbiyev də deyilənləri təkrar edir və çəkiliş zamanı məzəli hadisələrin baş verdiyini söyləyir. A.Zakirzadə söyləyir ki, filmdəki qara atı Bucaq kəndindən tapıblar. Sahibi əvvəl atı verməyə razı olmayıb, sonradan razılaşıblar.

İ.İsmayılov isə qeyd edir ki, çəkilişdə istifadə olunan furqon Böyük Söyüdlü kəndindəki keçmiş Muçirin adına kolxozdan götürülmüşdür.

Yuxarıda da qeyd edildiyi kimi filmin final səhnəsi Xanabadda çəkilmişdir.

İkinci mübahisəli məsələ filmdə Teymurun mahnısının kimin ifa etməsi ilə əlaqəlidir. Məşhur mahnını kimin ifa etdiyi əksərən səhv bilinir. Bir çoxları filmdə mahnının ifaçısı kimi C.Mirzəyevin və A.Qəniyevin adını çəkirlər. Halbuki burada səslənən ifa Xalq artistimiz İ.Rzayevə məxsusdur.

Xalq artisti Heydər Anatolu müsahibələrinin birində deyir: “Deməli, “Yenilməz batalyon”da həmin ifanı birinci dəfə atam səsləndirmişdi. O vaxt Moskvaya filmi təhvil verəndə bədii şura bildirib ki, atamın səs tembri ilə böyük  sənətkarımız Ceyhun Mirzəyevin yaratdığı obraz uyğun gəlmir. Ona görə mahnını mərhum sənətkarımız, atamın da yaxın dostu olan İ.Rzayev səsləndirdi”.

Sonda qeyd edək ki, 60 il öncə çəkilmiş “Yenilməz batalyon” filminə bu gün də maraqla tamaşa edilir.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.