“Bütün şeirlərim onun səsidir” - Güneyli Yunus Səfdərinin şeirləri Featured

Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi

 

Salam. İstəkli oxucularım, növbəti paylaşımı təqdim edirəm. Yunus Səfdərinin şeirləridir. Sadəcə, Yunus bəydən şəkil yoxdur. Olub-qalan şeirləri də bunlardır, onu da zorla axtarıb tapmışam. 

Yunus bəyin ruhi xəstəliyi olduğu üçün artıq ədəbi aktivist deyil. Amma ürəyimizdə yeri vardır, çünki o, zamanında qələm tanıyanda, biz Güneylilər hələ ədəbiyyatın nə olduğunu bilmirdik, bunu iddia ilə deyirəm!

 

1.

Vağzalda durmuşuq indi bu axşam,

Payızın içində əsir səsimiz.

Durnalar uçuşur mavi səmada,

Payız yarpağı tək ayrılırıq biz.

 

Vağzalda durmuşuq indi bu axşam,

Donub əllərində sarımtıl güllər.

Tale qarşımıza vaqonlar düzüb,

Bir də sabahsıza uzanan reyllər.

 

Vağzalda durmuşuq, sən gedəcəksən,

Dolur boş salona qatarın fiti.

Məndə bir ömürlük acı xatirə,

Səndə bir nəfərlik qatar biliti.

 

2.

Bütün şeirlərim onun səsidir,

Gözləri düşüncə pəncərəsidir,

O, dodaqlarımın son misrasıdır,

Mənim ürəyimdə bir qız ağlayır!

 

Mən ona demədim payızam, qışam,

O durna görmədi, mən saralmışam!

Köçdü o, indisə hər səhər-axşam,

Mənim ürəyimdə bir qız ağlayır!

 

Suçlarım xəzəl tək tökülməz artıq,

Bu elə qayğı ki, çəkilməz artıq,

Cırdığım məktublar tikilməz artıq,

Mənim ürəyimdə bir qız ağlayır!

 

Dolub gözlərimə, çağlayanda mən,

Onu ağlamışam, ağlayanda mən,

Hər gecə gözümü bağlayanda mən,

Mənim ürəyimdə bir qız ağlayır!

 

3.

Qar yağdı; yenə də yandı ocaqlar,

Dəyir bir-birinə soyuqdan dişlər.

Bəlkə dünən gecə isti uşaqlar,

Göylərdən bir belə qar istəmişlər.

 

Qar yağdı; bir ildir qar görməmişəm,

Evlərin başına qar səpələndi.

Qar elə yağıb ki, mən bilməmişəm!

Baxıram, küçədə qar dizəcəndi!

 

Qar yağdı; soyuqdu, hamı geyindi,

Ağ bir örtük örtdü qara damları.

Qar yağdı; uşaqlar yaman sevindi,

Yağdılar küçəyə qar adamları.

 

Qar yağdı; bir kişi fikirə daldı,

Çatlaq tavanından su dama-dama.

Qar yağdı; bir kişi birdən hay saldı,

Kürəkpər iki qat çıxdılar dama!

 

Qar yağdı; kiminsə əlləri donur,

Kiminsə evində şuminə yanır.

Birisi xəz papaq, paltar geyinir,

Birisi yoxsulluq oduna yanır.

 

Qar yağdı; bu il qış çətin olacaq,

Paltarsız uşaqlar kaş üşüməsin.

Qar yağdı; ürəyim od tutub, ancaq –

Ocaqsız evlərə soyuq dəyməsin!

 

4.

Dəniz-sahil

Sən dəniz, mən sahil

Doğma, yan-yana.

Dalğa əllərinlə oxşardın məni

Mən yenə sahiləm, getməm heç yana

Sənsə məndən axıb boşladın məni!

 

Hələ yadımdadır ilk görüşümüz,

Oyandım; sən məndən ötüşən kimi.

Bir axşam öpüşdü baxışlarımız

Dəniz, sahil ilə öpüşən kimi!

 

Bir də qollarımda axıtdım səni,

Sahil yox, mən sənin balıncın oldum!

Dalğa hörüyünü sərib çiynimə, -

Gahdan anan oldum, gah bacın oldum.

 

Getdin, dalğa-dalğa məndən ayrıldın,

Geriyə baxmadan; axıb ötüşdün.

Sahil qumlarına düşən balıq tək,

Züyrüşüb əlimdən dənizə düşdün!

 

O axşam qəlbimiz pıçıldaşanda

Bəlkə gəmiçilər görürdü bizi.

Balıq qulaqları dinləyirdilər,

Bizim “Vida” adlı son nəğməmizi.

 

5.

Saat zəng çaldı,

Məktəbimiz çox uzaqda.

Çantamı götürdüm

Dilim evdə qaldı!..a

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.