Poetik Qiraətdə bir neçə gün ardıcıl sizlərlə Faiq Hüseynbəyli görüşür.
Ruh və hissiyyatın poeziyası, dərin lirika, irfanilik - şairin şeirlərinə xas olan səciyyəviliklərdir.
Xoş mütaliələr!
*
Mayın ortasında qış havası var,
Torpaq da, hava da, su da üşüyür.
Bir od yandırmışam sənin adına,
Həsrətdən buz kəsib, o da üşüyür.
Mayın ortasında nə soyuqdu bu?
Açın da günəşin qapılarını.
Al rəngə boyasın bu boz dünyanı,
Əritsin ruhumun bəyaz qarını.
Mayın ortasıdı... qış qabaqdadı,
Yerini dəyişib payızla bahar.
Ömür qarşıdadı, yaş qabaqdadı,
İsinmir bu məhrəm, ilıq arzular.
Gecələr titrəyir bir may axşamı,
Ağaclar qısılıb biri-birinə.
Suyun hərarəti, odun soyuğu,
Mən gecə, mən ağac, od-su yerinə...
Mayın ortasında qış havası var,
Quşlar təbiətə qısılıb qalıb.
Açın bu günəşin pəncərələrini,
Əllərim havadan asılı qalıb.
“Ədəbiyyat və incəsənət”
(23.05.2024)