“Bəxtimin üzünü ağartmaq üçün...” - Elnur İravanlının şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Elnur İravanlının şeirləri təqdim edilir.

 

 

YARAN HƏSRƏTİMİN YARASI BOYDA

 

Kaş ki loğman olub dərman tapaydım

Sənin dərdlərinin çarəsi boyda.

İllərdi göynəyib qaysaq tutmayan

Yaran həsrətimin yarası boyda.

 

Dayanmısan heykəl kimi dili lal,

Dişlər muncuq, sinə bəyaz, qaş hilal.

Bilirsənmi, ürəyimə düşüb xal,

Gözəl, gözlərinin qarası boyda.

 

Sazaq gəldi, şaxta bizi bürüdü,

Yağan qarı saçımıza kürüdü.

Qönçə ikən xəzan olub çürüdü

Eşqimiz payızın urası boyda.

 

 

HAQQA ƏYİLƏNDƏ UCALIR İNSAN

 

Özünə inanıb özün tapanda

Yaradıb qurmaqdan bac alır insan.

Yer üzü bir taxtdı, bəşər də ki şah,

Onu Yaradandan tac alır insan.

 

Göz niyə yaranıb? –  Baxmaqdan ötrü.

Çay niyə qıvrılır? –  Axmaqdan ötrü.

Haqqın zirvəsinə çıxmaqdan ötrü

Haqqa əyiləndə ucalır insan.

 

Dünyanın hikməti çoxdu, dərindi,

Ömür sevincin yox, dərdi-sərindi.

Vaxtın gətirdiyi yuxu şirindi,

Ona aldananda qocalır insan.

 

 

ƏVVƏLİM AXIRA GƏLİB ÇATDI Kİ...

 

Bəxtimin üzünü ağartmaq üçün

Bir adam bir ovuc əhəngi verməz.

Rəssam dostlarımın getsəm üstünə,

Mənim axtardığım o rəngi verməz.

 

Bir yerdə yurd salıb qurmadım binə,

Öyrəşəm dumana, bağlanam çənə.

Bəxtimi çəkməyə bəxt yazan mənə

Nə fırçanı verməz, nə rəngi verməz.

 

Əvvəlim axıra gəlib çatdı ki,

Mürgü vuran günlər yatayatdı ki.

Sürdüyüm bu ömür kəhər atdı ki,

Ayağım qoymağa üzəngi verməz.

 

 

HARA GEDİRİK

 

Yaxşı adamları bu dünyamızda

İtirə-itirə hara gedirik?

Yük edib dərdləri boynumuza biz

Götürə-götürə hara gedirik?

 

Oğulsansa, seç ərəni, seç əri,

Qurd da, quş da köçəridi, köçəri.

Yeyib bir-birini çöldən içəri

Ötürə-ötürə hara gedirik?

 

Alabaşlar baş aparır ulayıb,

Yol axtarar quyruğunu bulayıb.

Çiçək talasında qanqal sulayıb

Bitirə-bitirə hara gedirik?

 

Günahımız nədir, düşdük bu günə,

Bir yumaqda dönmüşük min düyünə.

Mərdi dizin-dizin namərd önünə

Gətirə-gətirə hara gedirik?

 

 

YAŞAMADIM ÜRƏYİMCƏ

 

Ümidimi bu ömür, gün

Puç elər, puç elər, gedər.

Qorğa dərdlər ürəyimi

Sac elər, sac elər, gedər.

 

Yaşamadım ürəyimcə,

Ərimişəm incə-incə.

Kədər gözümü sevincə

Ac elər, ac elər, gedər.

 

Bu nə qurğu, bu nə kələk,

Yarı iblis, yarı mələk.

Bir dərdimi zalım fələk

Üç elər, üç elər, gedər.

 

Ümidlər dönüb qılınca,

Kəsər səbrimi alınca.

Gələn gedənin dalınca

Köç elər, köç elər, gedər.

 

 

QƏM BİLƏNİ SEVİNC BİLMƏZ

 

Qismətimə püşk atanda

Gəlib müdam zülm düşür.

Ahım alovlanan yerdən

Tüstüm çıxır, külüm düşür.

 

Get dünyanı çıraqla gəz,

Qəm biləni sevinc bilməz.

Əllərimi cibim sevməz,

Əllərimdən pulum düşür.

 

Səbir böyükmüş dözümdən,

Yaşamaq düşüb gözümdən.

Hər gün özümün özümdən

Neçə dəfə yolum düşür.

 

 

DƏRD HAMINI BİR-BİR YENİR

 

Yar gəzənin qismətinə

Özgəsinin yarı çıxır.

Var gəzənin varlığından

Namus itir, arı çıxır.

 

Hər əsəbə dözmür sinir,

Dərd hamını bir-bir yenir.

Gələnlər aşağı enir,

Gedənlər yuxarı çıxır.

 

Hərə bir biçimdə, donda,

Kim o yanda, kim bu yanda.

Yaşadığım ömrün sonda

Nə qədər çıxarı çıxır.

 

 

SƏN DÜNYANI BİZDƏN OXU

 

Ürəyin aynası gözdür,

Ürəkləri gözdən oxu.

Dərinləri dərində gəz,

Dayazları üzdən oxu.

 

Çağlar özgə çağlar olub,

“Var”lar olub, “yox”lar olub.

Dağlar niyə dağlar olub?

Get yamacdan, düzdən oxu.

 

Qorun kölə, müti hissdən,

Qaç dumandan, gizlən sisdən.

Ayırıb yaxşını pisdən,

Bacar, sözü sözdən oxu.

 

Bu nə rəngdir, nə boyadır,

Günəş gündüzə ziyadır.

Hər bir insan bir dünyadır,

Sən dünyanı bizdən oxu.

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.