Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb Featured

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 19–23 may tarixlərində ölkəmizdə Tacikistan Mədəniyyəti Günləri keçirilir. Bu münasibətlə Tacikistan Respublikasının mədəniyyət naziri xanım Matlubaxon Sattoriyenin rəhbərlik etdiyi geniş nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mayın  21-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tacikistanlı həmkarı ilə görüşüb.

 

Qonağı salamlayan nazir ölkəmizdə Tacikistan Mədəniyyəti Günlərinin keçirilməsini əlamətdar hadisə kimi səciyyələndirib. Qeyd olunub ki, iki ölkə arasında mədəni-ədəbi əlaqələrin qədim tarixi var. Hazırda dövlət başçılarımız arasında olan dostluq münasibətləri, yüksək səviyyəli qarşılıqlı səfərlər bütün sahələrdə, o cümlədən mədəni əməkdaşlığı daha da möhkəmləndirib.

 

1-3 may tarixlərində Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Tacikistan nümayəndə heyətinin aktiv iştirakına görə həmkarına minnətdarlığını bildirən nazir ICESCO-nun Azərbaycanda regional nümayəndəliyinin açılması ilə bağlı hazırlıq işləri barədə məlumat verib.

 

Mədəniyyət günlərinin yüksək səviyyədə təşkilinə və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Tacikistanın mədəniyyət naziri xanım Matlubaxon Sattoriyen mədəniyyətin xalqlarımızı yaxınlaşdıran əsas amil olduğunu söyləyib, eyni zamanda iki ölkənin ortaq mədəni dəyərləri bölüşdüyünü diqqətə çatdırıb.

 

Söhbət zamanı Matlubaxon Sattoriyen iki ölkə arasında incəsənət təhsili sahəsində tələbə mübadiləsinin əhəmiyyətli olacağını qeyd edib. O, həmçinin gələn il Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi təklifini səsləndirib. Xanım nazir azərbaycanlı həmkarını Tacikistana rəsmi səfərə dəvət edib.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.