Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı AMEA-nın Şəki Regional Elmi Mərkəzinin

“Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin elmi işçisi,

Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tural Adışirinin “Xaqani Qayıblı: Qürbətdə keçən ömür” məqaləsini təqdim edir. Məqalə Estoniyada yaşayan soydaşımız, tanınmış ziyalı, ədib Xaqani Qayıblının 60 illik yubileyi münasibətilə yazılıb. 

 

 

Müasir Azərbaycan ədəbiyyatının sayılıb-seçilən istedadlı qələm sahiblərindən biri də Xaqani Qayıblıdır. O, 30 ildən çoxdur ki, qürbətdə Vətən yaradan, qürbətdə Vətənləşən, Azərbaycanı və Azərbaycan ədəbiyyatını qürbətdə layiqincə təmsil və təbliğ edən böyük könül adamıdır. Xaqani Qayıblı böyük könül adamı olmaqla bərabər, həm də heç şübhəsiz ki böyük bir türkdür. Qələm dostu şair Rafiq Hümmət demiş: “Baltik sahillərində yaşayan böyük bir türk”.

Xaqani Qayıblı türkün genetik kodunu, milli kimliyini  ruhunda, canında daşıyan, türk dünyası ilə bağlı misilsiz işlər görən azman bir türk aydınımızdır. Biz Vətəndən qürbətə doğru boylananda Xaqani Qayıblı ucalığını hər prizmada görə bilirik. O, ömrünün yarısını qürbətdə yaşasa belə istər ictimai-siyasi, istər elmi, istərsə də bədii fəaliyyəti ilə daima doğma vətəninə xidmət etməkdədir.

Hələ vaxtı ilə 80-cı illərdə Tərcümə Mərkəzi tərəfindən Estoniyanın “Şərqi Avropanın Oksfordu” adlanan 400 illik Tartu Universitetinə oxumağa göndərilən gənc Xaqani Qayıblı, ona olan bütün etimadları (red. Vaqif Cəbrayılzadə yaşasın!, Aydın Məmmədovun, Arif Acaloğlunun ruhu şad olsun!) doğruldaraq Tartu Universitetinin eston dilində bitirən ilk azərbaycanlı tələbəsi oldu.

O, daha da öz üzərində çalışaraq “Eston və türk dillərində feil quruluşlarının müqayisəsi” adlı elmi işi ilə dünya dilçiliyində Fin-Uqor və Türk-Tatar dilləri arasındakı qohumluq əlaqələrini araşdıran ilk azərbaycanlı alim kimi tarixə düşdü. Baltik sahillərində yaşayan bu azman türk bu gün Estoniya prezidentinin türk dilləri üzrə şəxsi tərcüməsidir, fəxri Estoniya vətəndaşlığı alan ilk TÜRKdür.

Xaqani müəllimin ictimai-siyasi fəaliyyəti o qədər böyükdür ki, biz onu vətəndən üzü qürbətə doğru yönələndə qürbətdə olan bir vətənimiz, nəfəsliyimiz kimi görürük. Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, sədr müavini,  Estoniya-Azərbaycan cəmiyyətinin sədri kimi onun diaspor fəaliyyəti köksümüzü qabardır, o, ölkəmizin ədəbi-mədəni sərvətlərini təbliğ edən, azərbaycanlılarımızın hüquq və mənafelərini xarici ölkələrdə müdafiə edən dayağımız, güvənc yerimizdir.

Onun ictimai-siyasi fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib, cənab Prezident Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Xaqani Qayıblını “Tərəqqi” medalı ilə təltif edib. Xaqani müəllimə halal haqqı çatan medalının Vətəninin bir parçası olan Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında (2022) təqdim edilməsi də əlamətdar hadisədir. Xaqani Qayıblı  canı qədər sevdiyi vətəni Azərbaycanın adını harda yaşamasından asılı olmayaraq uca tutan, doğma xalqını, vətənini sevən, ona ləyaqətlə xidmət edən böyük azərbaycanlıdır.

Xaqani Qayıblının ictimai-siyasi, elmi fəaliyyəti kimi, bədii fəaliyyəti də olduqca zəngin və çox şaxəlidir. Xaqani Qayıblı qürbətdə yaşasa da müasir Azərbaycan ədəbiyyatının Borçalı qolunun, Borçalı ədəbi mühitinin istedadlı şairlərindən biridir. O, həm də bacarıqlı və peşəkar tərcüməçidir. Azərbaycan ədəbiyyatının Estoniyada tanıdılması və təbliğində böyük işlər görür.

Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povestini, “Poçt qutusu” hekayəsini, Vaqif Səmədoğlunun “Mən burdayam, İlahi” kitabını, Kamal Abdullanın “Kim dedi ki, Simurq quşu var imiş” pyesini, Afaq Məsudun əsərlərini və.b Azərbaycan dilindən eston dilinə çevirib. Xaqani müəllimin ədəbiyyatımızın təbliğindəki gələcək fəaliyyətlərindən biri də 20 Azərbaycan yazarını estonlara, 20 eston yazarını da azərbaycanlılara tanıtmaq istəyidir.

Azərbaycan mühacirət poeziyasının çağdaş mərhələsində Xaqani Qayıblı imzasını xüsusi vurğulamaq istərdim. Düzdü, bu mərhələdə poeziyada Məmməd İsmayılın, Afaq Şıxlının, Nəsib Nəbioğlunun, Rauf Qaraişıqın, nəsrdə Çingiz Hüseynovun (Allah rəhmət eləsin!), Vahid Qazinin, Eluca Atalının və.b ismini qeyd etmək də yerinə düşərdi.

Xaqani Qayıblı müasir şeirimizə yeni rənglər qatan, öz orjinallığı ilə diqqət çəkən istedadlı şairlərimizdən biridir. Keçən əsrin 80-cı illərində ədəbiyyata gələn şair obrazlı təfəkkürü, poetik düşüncə tərziylə müasir şeirimizdə də seçilən imzalardandır. Xaqani Qayıblı poeziyasının novatorluğu, poetik sözünün qüdrəti haqqında ədəbiyyatşünaslar Rüstəm Kamal, Məti Osmanoğlu, Xalq şairi Zəlimxan Yaqub yetərincə dəyərli fikirlər söyləyiblər, poeziyasının məziyyətlərini açıblar.

Xaqani Qayıblının şeirlərini oxuyanda qürbətdə yaşasa belə doğulduğu, boşa başa çatdığı qədim-qayım türk yurdu Borçalının, Qaraçöpün nəfəsini, ruhunu duyursan. Qürbətdə yaşayan insanın Vətən yanğısı daha səmimi, daha içdən olur. Xaqani Qayıblı qürbətdə yaşasa da, Vətənini içində yaşadan, əzizləyən şairdir.

 

      Ağlasam, gözümün yaşı sən oldun, 

      Danışsam, sözümün başı sən oldun…

      Dünya bir üzüksə, qaşı sən oldun

      A mənim qeyrətli elim, Qaraçöp!

 

“Bəxtimlə düşdüyüm əlbəyaxadan, Əlimdə qürbətin yaxası qalıb” yazan şairin acı da olsa, bəxtinə düşən qürbətlə barışa bilmək bacarığını, içini yandıran, ana-atasından, doğmalarından uzaq düşən o ağrını, acını duymuş olursan.

 

Xaqani Qayıblını görüşlər şairi adlandırardım. Ədəbiyyatşünas Rüstəm Kamal doğru olaraq vurğulayır ki, onun şeirlərinin sujeti sanki yetə bilmədiyi, çata bilmədiyi görüşlərin ilğımından yaranır. Xaqani Qayıblı qəribliyi insan kimi yaşasa da, o qəribliyin ağrı, acısını, taleyini şair kimi şeirlərində göstərir. Vaqif Bayatlının “Qəribik, şairim, qəribik sözüm” şeirinə yazdığı “Qərib şəhərlərdə” şeirindəki o qürbət ağrısını duymamaq olmur:

 

         Qərib şəhərlərdə

          Qəmli şərqilər eşitməkdən ağır

          Heç nə yoxdu bu dünyada!

          Qərib şəhərlərdə özünü unudar adam 

          Qəmli şərqilərin ömrünü yaşayır,

          bir də qəriblərin ömrünü…

 

Xaqani Qayıblı qürbət şeirlərini ürəyinin odu, yanğısı ilə yazır. Qürbətin yatmadığı yuxusuz gecələrində, dan üzündə yazır.

 Şairin şeirlərini belə qəmli, qübarlı edən bir nəsnə də doğma Qaraçöpündə qoyub gəldiyi anasının, atasının, doğmalarının müqəddəs qəbridi. Ana həsrəti onun qəlbində qübar bağlıyıb. Anası Şərifə xanımın boynuna doladığı qolları, söylədiyi şirin-şəkər laylalarıdı onu daha da şair edən. “Yenə canım söz gəzir” kitabında ana itkisi ilə bağlı yazıdığı “Görüş-ayırılıq” şeirlər silsiləsini həyəcansız, yanğısız oxuya bilmirik.

 Xaqani Qayıblı lirik şairdir. Onun oxucu qəlbini saflaşdıran, könül duyğularını çoşduran, könül dünyasını fəth edən həzin bir poeziyası var. Şairin sevincli-kədərli, vüsallı-hicranlı, iki sevən qəlbin hiss və həyəcanını əks etdirən duyğulu sevgili şeirləri diqqəti cəlb edir:

 

   İtәn nәyimiz yох! Ömürmü, günmü?

   Kаş, sәn оlmаyаsаn bircә itәnim.

   Sәndәn о tәrәfә dünyа görünmür –

   Dünyа gözlәrinә sığınıb sәnin!

 

   Sәndәn о tәrәfә… illәr ötüşә,

   Nә qаrlı qış görәm, nә güllü bаhаr.

   Sәndәn о tәrәfә еlә hәmişә,

   Bilәm ki, sәn аdlı ӘLÇАTMАZIM vаr!

 

Xaqani Qayıblının sevgi şeirlərində fikrin obrazlı, yığcam ifadə tərzi, yüksək bədiilik və səmimiyyət onun poeziyasını daha da oxunaqlı edir. Şairin poeziyasındakı hər bir şeir öz orijinallığı, mövzuların rəngarəngliyi, estetik gözəlliyi və məna dərinliyi ilə oxucu qəlbinə yol tapır.

 Xaqani Qayıblı bu gün Vətəndən çox-çox uzaqlarda qürbət həyatı yaşayır. Xaqani Qayıblının qürbətdə keçən ömür yolu min bir əziyyətli, şərəfli və ləyaqətlə keçən ömür yoludur. O, bu ömür yolunda əqidə saflığı, mənəvi bütövlük, cəsarət və şəxsiyyət tamlığıyla ucalıqlar qazanıb. Baltik sahillərində yaşayan bu böyük azərbaycanlının, böyük türkün 60 illik yubileyini səmimi qəlbdən təbrik edirik.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2024)

Çərşənbə axşamı, 20 Fevral 2024 22:18

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

 

​​20 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN xidmət indeksi” üzrə 2023-cü il qiymətləndirmə nəticələrinə dair  təqdimat keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

 ​“Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanı ilə verilmiş tapşırığa əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla dövlət xidmətlərinin qiymətləndirilməsi tapşırığının icrası 2023-cü ildə də davam etdirilib.

​Əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.

 ​Bu tapşırığın yerinə yetirilməsi məqsədilə 2023-cü ildə Dövlət Agentliyi tərəfindən 23 mərkəzi icra hakimiyyəti orqanının 208 xidməti, 15 yerli icra hakimiyyəti orqanının 170 xidməti və 9 hüquqi şəxsin 60 xidməti daxil olmaqla, ümumilikdə 438 xidmət qiymətləndirilib.

 Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış ediblər.

 ​Birinci hissədə 2023-cü ildə “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə ilə bağlı qısa təqdimat keçirilib və nəticələr açıqlanıb. Sonra mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və hüquqi şəxslər üzrə 2023-cü ildə ən yüksək göstəriciləri olan qurumlar mükafatlandırılıb.

 ​Mərkəz icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar:

 

1-ci yer: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2-ci yer: Dövlət Miqrasiya Xidməti

3-cü yer: Ədliyyə Nazirliyi

 

​Yerli icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar:

 

1-ci yer: Pirallahı Rayon İcra Hakimiyyəti

2-ci yer: Binəqədi Rayon İcra Hakimiyyəti

3-cü yer: Yasamal Rayon İcra Hakimiyyəti

 

​Hüquqi şəxslər arasında ən yüksək göstəriciləri olan qurumlar:

 

1-ci yer: “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

2-ci yer: “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

3-cü yer: “Azəriqaz” İstehsalat Birliyi

 

​İkinci hissədə dövlət qurumlarının nümayəndələri üçün qiymətləndirmənin nəticələrinin geniş və interaktiv şəkildə təqdimatı keçirilib.

 

​Tədbir sual-cavab hissəsi ilə davam etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2024)

Çərşənbə axşamı, 20 Fevral 2024 22:17

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir

 

“YAŞAT” Fondu Vətənin azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə dəstək olmağa davam edir. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı “YAŞAT” Fonduna istinadən məlumat verir. 

Mehriban, mərd, ünsiyyətcil insan kimi tanınan qəhrəmanımız Qəzənfər Abdullayev 1993-cü ilin 10 may tarixində Samux rayonunun Ziyadlı kəndində anadan olub. Hərbçi olmaq uşaqlıq arzusu olub və daim bu yolda irəlilləyib. 2020-ci ilin 27 sentyabr tarixində Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərə qatılıb və həmin istiqamətdə gedən döyüşlərdə şəhid olub. 

Ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunaraq adını qəhrəmanlıq tarixinə yazdırıb. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2024)

Çərşənbə axşamı, 20 Fevral 2024 15:32

Xalq yazıçısı Mövlud Süleymanlı koma vəziyyətindədir

 

 

Xəbər verdiyimiz kimi, Xalq yazıçısı Mövlud Süleymanlı fevralın 15-də insult keçirib və həmin gün Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Çox təəssüf ki, yazıçının ümumi vəziyyəti çox ağırdır, o, komadadır. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı yazıçının oğlundan məlumat almış Azərbaycan Yazıçılar Birliyinə istinad edir. 

89 yaşlı Xalq yazıçımızın martın 18-də 81-i tamam olasıdır. Allahdan möcüzə diləyir, ədəbiyyat tariximizə “Köç” və “Dəyirman” kimi möhtəşəm romanlar bəxş etmiş böyük sənətkara sağalmağı diləyirik!

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2024)

Çərşənbə axşamı, 20 Fevral 2024 15:15

Onu Səməd Vurğunun atalıq qayğısı böyük şair etdi

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Mən Əliağa Kürçaylı poeziyasının gözəlliklərini o zaman oxuyub duydum ki, bir kitabdan onun qızı Ülkərin atasının vəfatından sonra intihar etməsini oxumuşdum. Bu cür övlad sevgisini də hər kəs qazana bilməz, bu şəksizdir! 

Bir də, Əliağa Kürçaylının Səməd Vurğun barədə xatirələri məni hədsiz ilgiləndirmişdi, onu mənə doğmalaşdırmışdı.

 

Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, görkəmli şair, dramaturq və publisist Əliağa Kürçaylının anadan olmasından bu gün 96 il ötür.

1928-ci ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində dünyaya gələn Əliağa Kürçaylı sonralar belə yazırdı: “deyirlər, “müharibə uşaqları” vaxtından əvvəl böyüyür”.

Onun da uşaqlığı müharibə illərinə düşmüşdü. Əliağa əsl həyatla qarşılaşdığı gün ilk şeirini yazdı, ilk şeirindən özünə “Kürçaylı” təxəllüsü götürdü və elə ilk şeirindəcə diqqəti cəlb etdi. O dövrdə Azərbaycan Yazıçılar İttifaqının sədri Səməd Vurğun Salyana belə bir məktub göndərdi: “Gənc şair Əliağa Kürçaylını bir həftəlik çörək kartoçkası ilə təmin edib, 1947-ci il iyun ayının 16-da Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsinə göndərməyinizi xahiş edirik”.

Rayon partiya komitəsinin katibinə göndərilən bu məktub Əliağa Kürçaylının həyat və sənət yolunu qəti müəyyənləşdirdi. O, arzularının dalınca böyük şəhərə üz tutdu. Sonralar xatirələrində Əliağa Kürçaylı yazırdı: “Səməd Vurğun gənc yazıçılara söz verir. Ayağım dolaşa-dolaşa xitabət kürsüsünə tərəf gedirəm. Öz adını Səməd Vurğunun dilindən eşitmək adi bir kəndli balasına necə təsir edə bilər? Sifətim alışıb yanır, ürəyimin qanı gicgahlarıma vurur. Xitabət kürsüsündəyəm. İndi Səməd Vurğuna daha yaxınam. Çəkinə-çəkinə Səməd Vurğuna baxıram. Danışım ya şeir oxuyum?

- Şeir oxu, natiqimiz onsuz da az deyil. “İlk bahar çiçəyi” adlı şeirimi oxuyuram:

Yadımdadır, güllələr şığıyıb keçən zaman

Səni qanlı otların üzərindən dərdiyim.

O incə tellərini mərmilər deşən zaman

Xatirə dəftərimin arasına sərdiyim...

Səməd Vurğun, “Bu cavanın böyük gələcəyi var. Mən onun əsərlərini oxuyanda öz gənclik illərimi xatırlayıram” - deyir.

Səməd Vurğunun xeyir-duası və yaxından köməyi ilə Əliağa Kürçaylı Bakıya köçür, burada fəhlə-gənclər məktəbini başa vurur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini, 1957-ci ildə Moskva Ali Ədəbiyyat Kursunu bitirir. 1950-ci illərdə Əliağa Kürçaylı şair kimi tanınıb sevilir. “Arifin bağçası”, “Salam, gələcək illər”, “Gözəllik” adlı şeir kitabları çap olunur. O, təkcə istedadlı şair deyil, həm də dramaturq, publisist, tənqidçi kimi tanınır. “...Yesenin poeziyada etiraf nöqtəsidir”, - deyən Əliağa Kürçaylı bədii tərcümə sahəsində uğurlu işləri ilə diqqəti cəlb edir. Sergey Yeseninin əsərlərini, Dantenin “İlahi” komediyasını ilhamla dilimizə çevirir.

“Günlərin bir günü hökmən ən yaxşı şeirimi yazacağam” - Əliağa Kürçaylı bu sözləri deyəndə 40 yaşı vardı. O, kifayət qədər tanınır və sevilirdi. Təbiət, məhəbbət lirikası, incə, səmimi hisslər Kürçaylı yaradıcılığı üçün səciyyəvi idi. Onun şeirlərini lirik miniatürlər də adlandırırlar.

Kürçaylının şeirləri öz lirik tempinə, axarına və ritmik melodik xüsusiyyətlərinə görə nəğmə janrına yaxındır. Ona görə də şeirləri mahnılara çevrilib qanadlanır. Üstündən 20-30 il keçməsinə baxmayaraq “Yadıma sən düşürsən”, “Belə ola həmişə”, “Heç xəbərin yoxdu sənin”, “Səslə məni” mahnıları bu gün də eyni sevgi, məhəbbətlə qarşılanır.

Onun “İstərəm” şeiri isə çox sevilib. 

 

İstərəm

Mən sənin eşqinin asimanında

Aya, ulduzlara çatmaq istərəm.

Min-min səadəti boyunbağı tək

Mən sənin boynuna atmaq istərəm.

 

Bir sən, bir mən olum, bir uçuq kaha,

Heç nə istəmirəm taledən daha.

Bütün kədərini alıb çox baha,

Sevinci havayı satmaq istərəm.

 

Yaşayım yüz il də, milyon da, min də,

Həyatım bitəcək həmin o gündə.

Sənin gözlərinin dərinliyində,

Boğulmaq istərəm, batmaq istərəm.

 

Dramaturq kimi Əliağa Kürçaylının yaradıcılığı əsasən musiqili komediya teatrının repertuarı ilə bağlıdır. “İstədiyimi şeirlə ifadə edə bilməyəndə, komediya, yaxud pyes yazıram”, - deyən Əliağa Kürçaylının “Ləpələr”, “Nənəmin şahlıq quşu”, “Boşanaq, evlənərik” və başqa pyesləri indi də teatrlarımızın səhnəsində uğurla tamaşaya qoyulur.

Əliağa Kürçaylı müxtəlif illərdə dövri mətbuatda və nəşriyyat sahəsində işləmiş, “Yazıçı” nəşriyyatında baş redaktor vəzifəsinə qədər yüksəlmişdi.

1970-ci illərdə Kürçaylı yaradıcılığı kamillik mərhələsinə çatır. “Yollarda axtar məni”, “Həyatın dolayları”, “Dünya ağuşumdadır”, “Bütövlük” kitabları işıq üzü görür. Nəşr olunan kitablarında “Durnalar cənuba uçur”, “Məhəbbət”, “Sən kimsən”, “Sınaq”, “Payız günləri” - ümumilikdə 25 poeması çap olunur.

Əliağa Kürçaylı  təpədən dırnağacan şair idi və şair ömrü də yaşadı. O, sənətdə, poeziyada şəxsiyyət idi. Onun şəxsiyyəti ilə sənəti arasında heç bir ziddiyyət, təzad yox idi.

Yəqin, az adam bilir ki, Nəsiminin anadan olmasının 600 illik yubileyi ərəfəsində Xalq rəssamı Mikayıl Abdullayev dahi şairin portretini yaradarkən Əliağa Kürçaylının üz cizgilərindən yararlanıb. Əliağa Kürçaylı isə “Nəsimi” adlı şeirini böyük sənətkara ithaf edib.

“Seçilmiş əsərlər”inə müqəddimədə Əliağa Kürçaylı yazırdı: “Yaşasın poeziya!” Şair, əsl şair kimi Əliağa Kürçaylı bilirdi ki, əsl poeziya ölmür. Əsl poeziya ölmürsə, demək o da yaşayacaq.

O, 1980-ci ilin 11 fevralında vəfat edib.

Cəmi 52 il ömür sürüb.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Bəxtiyar Vahabzadə Sovet dönəminin sonlarında və müstəqilliyimizin ilk illərində poeziyamızda parlayan ən parlaq ulduz olub. Onun bir neçə şeiri poeziyamızın qızıl fondunu təşkil edir. Vətəndaşlıq mövqeyi Bəxtiyar Vahabzadə şeirlərinin əsas qayəsidir. 

 

Vaxtın dəyirmanında daş əridi, qum oldu,

Tarixə atdığıımız qayıtdı, lüzum oldu.

Dünənin həqiqəti bu gün tərs yozum oldu,

Niyə də yozulmasın, axı, dünya fırlanır.

 

Çox ovlaqlar içində çox ovları ovladım,

Aşıb-daşan arzumu mən artıq cilovladım.

Mən atamı ötmüşəm, məni ötür övladım,

Bu, belə də olmalı, axı, dünya fırlanır. 

 

Dünən düz sandığımı bu gün əyri sanıram.

Bəzən olur, özümdən özüm oğurlanıram.

Hər il başqa arzunun başına fırlanıram,

Niyə də fırlanmayım, axı, dünya fırlanır...

 

Çox əyilən görmüşəm, əyilməyən başları.

Sular duruldu, gördük dibindəki daşları

Ünvanmı dəyişdi dünənin alqışları;

Niyə də dəyişməsin, axı, dünya fırlanır...

 

Necə dönür bu dövran, necə dönür bu gərdiş,

Tazıların üstünə dovşanlar da gülərmiş.

Dünya bina olandan hər şey dəyişilərmiş,

Dəyişməsin neyləsin, axı, dünya fırlanır.

 

Əbədini dünyada mən əbədi sanmadım,

Bir atəşə tutuşdum, min atəşə yanmadım,

Bütlər gəldi və getdi, birinə inanmadım

Niyə inanmalıyam, axı, dünya fırlanır.

 

Fırlandıqca bu dünya, yox da dönüb var olur,

Quruyan çeşmələrdən sular yenə car olur.

Bu dünyanm xeyri də, şəri də təkrar olur,

Niyə təkrar olmasın? Axı, dünya fırlanır.

 

Min-min illər bu dünya beləcə fırlansa da,

Bir yuvanın bülbülü min budağa qonsa da,

Aylar, illər, fəsillər bir-birini dansa da,

Dəyişməzdir əqidəm, çox da dünya fırlanır,

 

Nə qədər istəyirsə, min o qədər fırlana,

Qarşıma gah şər çıxa, gah xeyir dığırlana.

Çərxi-fələk istəyir lap dolana tərsinə,

Əqidəmi heç nəyə dəyişmərəm mən yenə.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2024)

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası fondunu yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə “Nəşrlərin satınalınması müsabiqəsi”ni elan edir.

Müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni kitabxana tərəfindən yeni tərkibdə təsdiq olunan Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirəcək.

Müsabiqə çərçivəsində Komissiya tərəfindən seçilən nəşrlərdən minimum 5 (beş) nüsxə alınacaq.

İştirakçılar tərəfindən nəşrlər 01 mart 2024-cü il tarixinədək Komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir.

Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcək.

Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 200-dən aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 200-dən aşağı) olan nəşrlərin satınalınmasına yol verilmir.

Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, fransız, alman, ərəb) olan nəşrlər də təqdim oluna bilər.

 

Müsabiqədə iştirak qaydaları:

Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və (və ya) fəaliyyət göstərən nəşriyyatlar, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər hüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən müəlliflər (müəlliflik hüququ sahibləri) vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidirlər.

19 fevral 2024-cü il tarixindən iştirakçılar tərəfindən Komissiyaya ünvanlanmış müraciət və müraciətdə satınalınması göstərilən nəşrlərdən 1 nüsxə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına (Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi 203/205) təqdim edilməlidir.

Müsabiqəyə yalnız son 2 ildə çap olunan nəşrlər təqdim edilməlidir.

 

Müsabiqəyə təqdim olunan nəşrlərin satınalınması qaydası:

Müsabiqə başa çatdıqdan sonra Komissiya tərəfindən 10 (on) gün ərzində təqdim olunan nəşrlərin dəyərləndirilməsi aparılır və satınalınması qərararlaşdırılan nəşrlər barədə yekun protokol tərtib edilir.

Təsdiq olunmuş yekun protokola əsasən nəşrlərinin satınalınmasına qərar verilmiş iştirakçılarla satınalma müqaviləsi bağlanılır. Satınalma müqaviləsi üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə təhvil-təslim aktı imzalandıqdan sonra həyata keçirilir.

İştirakçılardan alınması nəzərdə tutulan nəşrlərin alışı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçiriləcək.

Məlumat üçün bildiririk ki, müsabiqəyə təqdim olunan nəşrlərin nümunə nüsxələri geri qaytarılmır və kitabxananın fonduna daxil edilir.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2024)

Çərşənbə axşamı, 20 Fevral 2024 17:00

BİRİ İKİSİNDƏ – Əlabbasın “Dərs”i

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Publisistika saatıdır, sizlərə Əlabbasın “Dərs” yazısını təqdim edirik.

                                

                  

Tarixçi olmamağım üzündən bu söz gəzişməsinin xronoloji və təfsilatlı təhlil deyil, uzağı, mozaik bir şərh olacağını indidən deyim.

         Çox-çox əvvəl, lap dəqiqi, Şuşa gedəndən sonra yazmışdım: “Qarabağı torpaq yox, oğul itirən kimi itirdik”. Başqalarını bilmirəm, şəxsən məni Şuşanın işğalı şüşə kimi çilikləyib, Allahın evinəcən yandırmışdı və o yanığın yerini heç nə, hətta o oğulun otuz il can çürütdüyü zindandan, düşmən əsirliyindən qayıtmağı da sağaldan deyil. Qalmışdı əlsiz-ayaqsız, dilsiz-ağızsız, dünya işığından məhrum halda dönmüş ola o oğul!        

Belə... Bəri başdan onu da deyım:  Azərbaycanın Ermənistan üzərində müəzzəm qələbəsinin bünövrəsi, mənim nəzərimdə, on bir il əvvəldən, 2010-cu ilin iyun ayında nakam balamız Mübariz İbrahimov tərəfindən qoyulub. Hadisələrin sonrakı gedişatı da bunu təsdiq etdi: göstərdiyi ağlasığmaz iradə və müstəsna igidliyə görə o, xiyabanların fəxri sayılan yerdə torpağa tapşırıldı,  ölümündən sonra Milli Qəhrəman adına layiq görüldü, "İlin adamı" elan olundu, adı, şəkilləri və qısa həyat yolunu panoram edən portret oçerklər dərslik kitablarına salındı, iri fotoları maşınların, reklam şitlərinin,  bina fasadlarının  bəzəyinə çevrildi, haqqında şeirlər yazıldı, musiqilər bəstələndi və s... Bu həm də öz halal haqqına qovuşan  yenilməz  bahadıra  dövlət-xalq ehtiramının ifadəsi idi. Amma Mübariz əfsanəsinin elə görünməyən tərəfləri var ki, hələlik üzdə olan hər şeyi bir yana qoyub, azacıq da olsa, məhz ona işıq salmaq istəyirəm. 

         Kim etiraf etməz ki, 90-lardan ta ötən il, noyabrın 10-can özünü azərbaycanlı hesab edən hər bir kəsi daim məğlubiyyət acısı, inamsızlıq və sarsılmış döyüş ruhu müşayiət etməyib? Beynəlxalq aləmdə belə ad və nüfuzu ciddi şəkildə zədələnən Azərbaycan adlı məmləkətin hər yerində etimadsızlıq hökm sürüb. Hər birimizin qəlbinə yenə bilmədiyimiz bir qorxu hakim olub. Erməni-rus xofu illər uzunu gözlərimizdə qorxunc bir yuva qurub...

Kim bilərdi ki, günlərin bir günü (18 iyun 2010-cu il) dünya hərb tarixinin, bəlkə də, ən inanılmaz olayı baş verəcək. Rus və erməni qanı daşıyanlar tərəfindən cırtdan Ermənistan ordusu haqda uzun illərdən bəri qəsdən, bilərəkdən  uydurulmuş  “məğlubedilməz mif”i darmadağın edən Ağ atlı bir oğlan peyda olub tarixə öz  damğasını  basacaq!.. On illik qəti fikrimdir ki, şəhadət yolunu  şüurlu şəkildə qəbul edib də  döyüş əfsanələrini bir gecənin içində təkbaşına gerçəkləşdirən qeyri-adi vuruşu ilə Mübariz hər bir azərbaycanlının qəlbində gəzdirdiyi qisas alovunu (məqsəd və amalını) gerçəyə çevirdi. O ali məqsədin kodu (ştrix kodu) Mübarizin valideynlərinə yazdığı və sonradan Azərbaycan gəncliyinin manifestinə çevrilən sirli məktubdadı. Qəhrəmanımız nə yazdı, nə dedi, xarakter ortaya qoyaraq onu da kişi kimi elədi və o qeyri-bərabər döyüş Azərbaycan gəncliyinin sarsılmış inamını özünə qaytarmaqda inanılmaz dərəcədə müstəsna rol oynadı. "Ağ atlı oğlan" tək böyük bir orduya deyil, bütöv cəmiyyətə Qələbə motivasiyası təlqin etdi. Sanki bircə-bircə adamların yaxasından yapışıb dedi ki, inanın mənə, beyninizə zorla yeridilən fikirləri çıxarıb atın, yenilməz Ermənistan ordusu adında bir şey yoxdu.

         O gündən hərə özünü bir Mübariz sandı. Bu artıq dərkolunan mahiyyət idi. Bir xatırlayın: şəxsini  Mübariz hesab edən və özünü ona oxşadan şəhid və qazilərimizin aylar-günlər sonra telefonunun arxivindən ata-anasına, sevgilisinə, doğma və əzizinə Mübarizsayağı yazdığı nə qədər məktub  üzə çıxdı?! Yurd-yuva sevgisinə bələnmiş  o vəsiyyətlərin hər birinin tən ortasından məramı bəlli bir qırmızı xətt keçir: "Qanımı  Vətən yolunda halal edirəm, təki Azərbaycan sağ olsun!" Bax buna deyərlər milli xarakter! Buna deyərlər xalqın əbədi və əzəli siması!                 

İkinci belə bir cəhd o hadisədən altı  il sonra,  Lələtəpə uğrunda döyüşlər zamanı oldu. Daha dörd il sonra isə Azərbaycanı Tovuz hadisələri silkələdi. Bu artıq son idi!

İsti və rahat kabinetində deyil, toz-torpaqlı səngərdə, ilan-çayanın içində, qısası,  döyüş meydanında əbədiyyətə qovuşan general Polad Həşimovun şəhadəti Zəncandan Şəkiyə, Təbrizdən Bakıya, Kərkükdən Naxçıvana bütöv Azərbaycanı ayağa qaldırdı, hamı bir nəfər kimi könüllü olaraq hərbi komissarlıqlara axışdı, neçə illərdən bəri qana susayan, intiqam eşqi ilə alışıb-yanan qurdağızlı igidlərimizin  bitib-tükənməyən növbəsi yarandı. Heç deməzdin onlar bir üzü də labüd ölüm olan döyüş meydanına yollanırlar! Təkcə fəxarət hissi keçirirmiş yox, həm də şəhadət şərbəti içməkdə bir xoşbəxtlik varmış kimi deyə-deyə, gülə-gülə gedirdilər. O günlər bir möcüzə sandım bunu mən və bu monolit birliyi görəndən sonra yazdım ki, düzdür, 12 iyulda bir qarış da torpaq əldə etmədik, əvəzində xalqımızın milli ruhu, döyüş əzmi, mübarizə əhvalı, qələbəyə olan sarsılmaz inamı özünə qayıtdı. Bununla Azərbaycan son otuz ilin, istisnasız olaraq strateji əhəmiyyətli ən böyük yüksəkliyini ələ keçirmiş oldu. Millət bir yumruq halına gəldi. İqtidar – müxalifət anlayışı dərhal unuduldu və bu, Dövlət – Ordu ­­– Xalq – Rəhbər birliyinin rəhninə çevrildi. Daima irad və tənqidlərə tuş olan və uzun illər kliniki ölüm keçirdiyi güman olunan Azərbaycan Ordusu silkinib ayağa qalxdı. Necə deyərlər, barometr yalnız fırtına göstərirdi!

Ordumuz düşmənin 27 sentyabr təxribatı zamanı ilk həmlədəcə cəbhəni yarıb keçdi. Məlum oldu ki, öndə  Ölkə Başçısı olmaqla ötüb-bitən illər ərzində hərbi və iqtisadi baxımdan müqayisə olunmayacaq bir gücə çevrilən Azərbaycan siyasi və hərbi rəhbərliyin, taktik və strateqlərin böyük səyi nəticəsində regionun yüksək döyüş qabiliyyətli ən güclü ordusunu yaratmağa müvəffəq olub, mütləq yeni siyasi reallıq baş verəcək! Və verdi də! Hadisələrin diktəsi siyasi ekspert Aleksandr Sitinin “Müharibə Azərbaycanın qələbəsi ilə bitəcək” xəbərdarlığının heç də göydəndüşmə bir proqnoz olmadığını təsdiq etdi.

          Xoşbəxtlikdən ilk qələbə sevincini dadmaq çox da uzun çəkmədi. Füzuli rayonunun bir neçə kəndi düşməndən azad ediləndə dünənə qədər tərəddüd içində vurnuxanlar belə Böyük Qələbənin möhtəşəm addım səslərini eşitdilər. Artıq kimsə şübhə etmirdi ki, son 200 ilin revanşı başlanıb, işğal tarixini unutmağın tam zamanı gəlib.

          Füzuli, ardınca Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı rayonlarının bütün ərazisi ildırım sürəti ilə yağı tapdağından  qurtuldu. Qarşıda Şuşanın fəthi dayanırdı. Şuşa olmayınca Qələbədən danışmaq əbəs idi. Şuşa düz otuz il idi Vətən anlamı daşıyırdı. Şuşa deyiləndə Azərbaycan başa düşülürdü. O günlər hər şey bir yana idi, Şuşa bir yana.  Vətən sevdalıları Şuşa deyib ləliyirdi. Tək ona görə yox ki, qoca Qafqazın qədim incisinin geri alınması Ermənistandan Xankəndi, Xocalı, Ağdərə və Xocavəndə gələn yolun həmişəlik kəsilməsi, iyirmi beş minlik böyük bir ordunun mühasirəyə alınması, onun ərzaq, geyim, dərman, silah-sursat və digər yardımlardan təcrid olunması  demək idi. Ona görə də yox ki, o dönəmdə siyasi kluarlarda dolaşan “Şuşa kimdədirsə, Qarabağ ondadır” fikri ictimai rəydə də özünə möhkəm yer eləmişdi.  Daha çox ona görə ki, Şuşa Azərbaycan üçün şərəf, milli qürur və heysiyyət məsələsi idi. Əsla şübhə etmirəm ki, Ölkə Rəhbəri “Şuşaya bir nəfəs qədər yaxınıq” deyəndə də məhz bu gerçəyi ifadə etmək fikrində olub.  Təsadüfi deyil ki, Qələbəyə təşnə şanlı Ordumuz məhz Şuşaya daxil olan gün – bu, son yüz ildə Azərbaycana üz vermiş ən böyük xoşbəxtlik idi – müqavimət göstərməyin əbəs olduğunu görən Ermənistan kapitulyasiya aktına imza atmalı oldu. Bu, Azərbaycanın möhtəşəm Qələbəsinin  düşmən tərəfindən zor-xoş etirafı idi! Beləcə illərlə həsrətində olduğumuz saat gəlib çatdı. Ədalət zəfər çaldı. Azərbaycan xalqı öz halal haqqına qovuşdu. Bütün dünya türkün gücünü və əzəmətini gördü.  Düşmən ordusunun 80 faizini cismən məhv etməklə Azərbaycan tək Ermənistanın özünü yox, həm də dünyaca məşhur erməni lobbisini darmadağın etmiş oldu. İllərlə dənizdən-dənizə ideyasının əsiri olanların dizini qatlayıb, biləyini bükdük. Bu şanlı Qələbə dünənəcən Azərbaycana siyasi iradəsini qəbul etdirməyə çalışanlara, onunla güc dili ilə danışanlara da ciddi qulaqburması oldu. Payını və dərsini alanlar aldı.    

O vaxt yazdığım bircə cümləlik fikir də çox müdrik bir xalq deyiminin ədəbi formuluna çevrildi: “Şuşa – ilanın gördüyü ulduz”.    

Daim haqqın yanında olması ilə xalqımızın rəğbət və ehtiramını qazanan rus jurnalisti, aparıcı və politoloq Maksim Şevçenko Şuşanın fəthi ərəfəsində isti-isti yazırdı: “Azərbaycan Ordusunun qələbələrindən heyranlıq duyuram. Bu hərbi əməliyyat müharibələr tarixində mütləq öz yerini alacaq”

İndi onu deməyin məqamıdır ki, müharibənin yalnız aktiv fazası başa çatıb. Azərbaycan, Rusiya və Ermənistan arasında ilkin razılaşdırılan bəyannamədə nəzərdə tutulan müddəalar artıq diplomatik müstəvidə çözülür. Hazırda savaşın informasiya mərhələsindəyik. Danılmaz  həqiqətdir ki, Ali Baş Komandanın xüsusilə 44 günlük Vətən Müharibəsində nümayiş etdirdiyi qətiyyət, sarsılmaz siyasi iradə və prinsipial mövqeyi Azərbaycanı Böyük Qələbəyə daşıdı. Onun müharibə günlərində dünya çapında bir-birini əvəzləyən çoxsaylı müsahibə, çıxış və nitqləri informasiya blokadasının yarılmasında – bir sözlə, haqq işimizin təntənəsində müstəsna rol oynadı. Ərazicə üç böyük rayonumuz (Ağdam, Laçın, Kəlbəcər) bir güllə atılmadan, məhz diplomatik yolla öz əzəli və əbədi sahibinə qismət oldu. Hələ o günlərdə yazmışdım:

         “Bu dəqiqə mənim tanıdığım dörd İlham Əliyev var: Azərbaycan, türk, ingilis və rus dillərində mükəmməl danışan alovlu natiq və poliqlot, sarsılmaz siyasi iradəyə malik diplomat, beynəlxalq təcrübə ilə liderlik məharətinə sahib qətiyyətli rəhbər və Qalib Ordunun Sərkərdəsi!”

Xoşbəxtlikdən müzəffər Azərbaycan Ordusunun mənəvi-psixoloji durumu, döyüş əzmi və ruh yüksəkliyi Ermənistanı bürümüş siyasi və iqtisadi böhranla üst-üstə düşdü.  Hərbi və siyasi rəhbərlikdə yaranan qalmaqallar, hərbçilər arasındakı özbaşınalıq, ordudan fərarilik, idarəetmənin itirilməsi, gün-gündən dərinləşən  siyasi və iqtisadi böhran Ermənistanın məğlubiyyətini qaçılmaz etdi. Lakin 44 günlük müharibədə Azərbaycanın əldə etdiyi müəzzəm Qələbənin sirri əsla bunda deyil. Ordumuzun intellektual səviyyəsi, zaman-zaman qazanılan peşəkarlıq, düzgün taktika və strategiya, son nəsil silah-sursat, hərbi texnika və dünya müharibələri tarixində ən yeni döyüş standartlarından istifadə və üstəgəl bizi işğal ləkəsindən, məğlub damğasından əbədilik qurtaran dəliqanlı gənclərimizin hər düşündüyümüzdə gerşəkləri bir daha gözlər önünə sərgiləyən sonsuz Vətən sevgisi! Hələ o zaman fb-də tanklar barədə ironik bir fikir yürüdüb demişdim ki, inşallah, belə getsə, Qarabağ dünya hərb sənətinə son nəsil texnologiyaların ilk ünvanı kimi düşəcək.

Baxın, Amerikanın Quru Qoşunlarının Baş Qərargah rəisi  Ceyms Makkonver o günlərdə verdiyi bir müsahibədə qəribə də olsa, nə deyirdi: “Azərbaycan Ordusunun dron və pilotsuz uçuş aparatlarından istifadəsini dünya döyüş tarixində əsas yeniliklərdən biri hesab etmək olar. Bu müharibə ənənəvi silah növlərindən istifadəni belə sual altına qoyur”.  

Bu fikrin kimə məxsus olduğunu  xatırlatmağın, məncə, xüsusi bir anlamı var: Ceyms Makkonver sıradan bir şəxs və siyasi icmalçı yox, NATO-nun ordu generalıdır. NA - TO - nun! 

Gərək Amerikanın sabiq Dövlət katibinin SSRİ üzrə keçmiş müşaviri Pol Qobl, İqor Korotçenko, Sergey Markov, Oleq Kuznetsov, Abdulla Ağar, Hikmət Hacıyev və digər məşhur siyasi simaların haqq səsimizi və Azərbaycan barədə həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaqda nəhəng bir institutun görə biləcəyi həcmdən heç də az tutuma malik olmayan mükəmməl çıxışlarını da hesabdan silməyək. Haqq haqlığında qalır.

Azərbaycanı bu müqəddəs savaşda  tək qoymayan Türkiyə, hüquqi legitim mübarizədə mənəvi dəstəyini bir an belə əsirgəməyən Pakistan və İsrail haqda da nə desək, azdır. Xüsusən də canbir qardaşımız Türkiyə barədə!

Sonda qaranlıq gecələrimizi Qələbə sevinci ilə aydınladan Tanrıya çox dərin bir şükranlıqla bu işdə İlahi bir nizam olduğunu da xatırladıb Zaman və Tarixin təsdiqindən keçən bir gerçəyi də deyim ki, Azərbaycan gecə-gündüz şeir-şüar deyənlərin, yalançı patriotların və nağıl danışanların yox, bu halal torpağı öz qızıl qanıyla suvaranların Vətənidir!

     

       Göz yaşları hələ də qurumayan mələk analarımızın,  sağlamlığını itirən mətin qazilərimizin, şəhid düşən qəhrəman oğullarımızın müqəddəs və nigaran ruhu qarşısında baş əyən yazıçı! 

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalı Əhməd Qəşəmoğlunun şeirlərini təqdim edir.

Əhməd Qəşəmoğlu şair, publisist, sosioloqdur, 1988-ci ildən AYB-nin üzvüdür, iqtisad elmləri doktoru, “Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısıdır.

O, fevral ayının 15-də 74 yaşını qeyd etdi, yenə də gənclik şövqü ilə yazıb yaradır. Əslən Naxçıvanın Babək rayonunun Vayxır kəndində olan müəllif ilk dəfə 1977-ci ildə Azərbaycan xalq şairi Rəsul Rzanın təqdimatı ilə "Azərbaycan Gəncləri" qəzetində dərc edilib, bundan sonra onun şerləri müntəzəm olaraq respublika mətbuatında çap olunub. "Vurğun külək" adlı ilk şeirlər kitabı 1981–ci ildə "Gənclik" nəşriyyatında çap olunub.

Ə. Qəşəmoğlu 1980–ci ildə Tuva MSSR–in paytaxtı Qızıl şəhərində keçirilən "Gənc yazıçıların Ümumittifaq Toplantısı"nın laureatı olub. Buna görə də onun "Vlyublennıy veter" (Aşiq olan külək)  kitabı Moskvada "Molodaya qvardiya" nəşriyyatında çap olunub. Razılaşın ki, o dövrdə belə uğur hər kəsə nəsib olmur. Üstəlik, Əhməd Qəşəmoğlu SSRİ Yazıçılar İttifaqına üzv də seçilib. O, həm də "Rəsul Rza" adına ədəbi mükafatın laueratıdır.

Yubiley yaşına doğru səmt götürən Əhməd müəllim redaksiyamıza xeyli şeir təqdim edib. Olduqca maraqla oxunan və əksəriyyəti lirik olan bu şeirlər həm də düşündürücüdür, günümüz üçün aktualdır. 

Yaxın bir neçə gündə oxucuları Əhməd Qəşəmoğlu poeziyası ilə baş-başa buraxacağıq.

 

 

yağış, bəlkə, sən mənsən?

 

xəbərin varmı, yağış,

ruhuma ruh olan kim?

özü bir nur yağışı,

mənim qəlbimə hakim.

 

o sənin vurğunundu,

mənsə onun vurğunu...

yağış, kim qurub belə,

bu ilahi qurğunu?

 

bəlkə, mən yağış olum?

bir dəfə də sən mən ol,

indi o uzaqdadı,

həsrətə tapaq bir yol.

 

ümidimə yağ, yağış,

ümidim pöhrələnsin,

qəlbinə güman düşsün,

eşqimlə cilvələnsin

 

yağış, səsin kədərli,

elə sandım özümsən...

yarın uzaqlardadıda,

sən yazıq da dözmürsən...

 

 

Yıxıldım 

 

Sərv nurum məni duymadı,

Budağından yıxıldım.

Hər an gözləri doğmaydı,

Yanağından yıxıldım.

 

Bu qədər qısqanclıq olar?

Hər an ilan kimi çalar.

Gileyimdən kitab dolar,

Varağından yıxıldım.

 

Şübhə düzür ətrafına,

Suallar sual yanına...

Min yol çəkir imtahana,

Sınağından yıxıldım...

 

Hərdən qalmadı ümidim,

Qəlbim qırıq, didim-didim,

Körpü saldım, gəldim...gəldim...

Qırağından yıxıldım.

 

Min  sahilə atdı məni,

Tonqallara çatdı məni,

Ayrılıq qorxutdu məni,

Fərağından yıxıldım.

 

Axı nurdan nur doğular,

İtər, gedər qalmaqallar...

Yarım, nə vaxt bitər bunlar?

Marağımdan yıxıldım.

 

 

Dindirmə məni

 

Danışdırma məni, nolar...

Qəm buludu qatar olur.

Səsindəki hər soyuqluq,

Bil, ölümdən betər olur.

 

Mən səni özüm bilirəm,

Səndən ötəri ölürəm.

Yolunda nə eləyirəm,

Qiyməti yox, hədər olur.

 

Bilmirsən, qədrimi bilmə,

Qəlbim yanır ilmə-ilmə...

Sən Allah, məni dindirmə,

Nə olsa sonu kədər olur...

 

 

Eşqdən o yana

 

Eşqinlə eşqə çatdım, eşqi keçdim o yana...

Eşq də bir göy üzüdü, yol aldım kahkəşana...

 

İşıqlar vadisində həzin meh hardan əsir?

Elə bil, sübh üzüdü, qəlbim hara tələsir?

 

Yaxında gülüstan var, qırxlar aləmi bura?

Nələrsə gah görünür, gah da qərq olur nura.

 

Uçur işıqlar hərdən bir ayrı aləmlərə,

Ordan gələn işıqlar nizam verir nələrə?

 

Bütün bu aləmdən bal kimi eşq süzülür,

Bir damla kimə dəysə, yer üzündən üzülür.

 

Təkcə eşqdən danışma, axtar eşq yaradanı,

Zərrədən asimana sən o qüvvəni tanı...

 

Qəşəmoğlu, aləmin deyilsən sirr açanı,

Sən tək sirr açanlar  göydə ulduzlar sanı...

 

 

nə sən, nə də kimsə bilmir...

 

həmən alov yoxdu daha,

yerində şəkili qalıb.

o sevda solub, soluxub,

öləziyib, külü qalıb.

 

o sevdanın gözəlliyi

dalğa-dağla işıqlanır,

qəlbimdə dinən arzular

tək o işığa bağlanır.

 

illər keçib, ömür keçib,

elə baxma, kövrəlirəm.

xəbərin yox, kimsə bilmir

mən o eşq ilə ölürəm.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2024)

 

 

 

 

Çərşənbə axşamı, 20 Fevral 2024 12:48

UĞUR QAZANDIRAN KİTABLAR - Qay Kavasaki, “Startap”

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luğa nəzər yetirək:

 

Qay Kavasaki, “Startap”

Bu kitabın alt başlığı belədir: Apple-in eks-yevangelisti, Çaxmaq daşı vadisinin ən cəsarətli kapitalistindən 11 master-klass (11 master-klassov ot eks-evanqelista  Apple i samoqo derzkoqo kapitalista Kremnievoy dolinı).

Qay Kavasaki adı əminəm ki, çoxlarınıza tanışdır. Onun istedadı və peşəkarlığı sayəsində Macintosh kompaniyası adını qızıl hərflərlə tarixə yazdırıb, Apple kompaniyası isə müasir dövrümüzün ən tanınmış brendlərindən birinə çevrilib.

Qiymətli, qızıl məsləhətlərlə bol olan, oxucunun əlindən tutaraq onu biznesdə uğur qazanmağın daşlı-kəsəkli yolları ilə apararaq əsl bələdçilik edən bu kitab təsadüfi deyil ki, ən böyük iş adamlarının stolüstü kitabıdır.

«Əgər sənin devizin «Daha boşboğazlıq və çərənçilik yetər, mənə de ki, mən nə iş görməliyəm» - dirsə, demək sən düzgün ünvanı tapmısan», – söyləyir yapon əsilli havaylı öz kitabı barədə.

O yazır:

 - Hər bir işdə ən vacib olanı başlamaqdır. Unutmayın: hələ heç kəs yalnız planlaşdırma ilə uğur qazanmağa müvəffəq olmayıb.

 - Sizə və sizin kompaniyaya xeyir gətirməklə bütün cəmiyyətə ziyan gətirən fəaliyyətin heç bir dəyəri yoxdur.

 - Özünüzün istənilən hərəkətinizə elə yanaşın ki, sanki onu bütün publika görəcək, sanki o, hər yerdə əks-səda verəcək. Unutmayın, siz nə iş görürsünüzsə, sizin «əl izləriniz» həmişə və hər kəs tərəfindən görünəcək.

 - Hər şey həyata keçməyincə mümkünsüz görünür. Sahibkarlıq fəaliyyəti məhz budur – sən başqalarının qeyri-mümkün hesab etdiyini eləyirsən.

 - Yaponlarda belə bir məsəl var, deyirlər axmaqlar iki yerə bölünür. Birincilər heç vaxt Fudzi dağının zirvəsinə qalxmayanlardır ki, ətrafın gözəl mənzərəsindən zövq ala bilmirlər. İkincilər isə həmin zirvəyə iki dəfə qalxanlardır.

Oxucularıma onu da söyləyim ki, Qay Kavasaki həm də biznesdə yevangelizm təliminin banisidir. Bir baxın, bu insanın təlimi müştəriyə satdığı məhsulun ən yaxşı olması barədə elə bir inam aşılamaqdır ki, müştəri heç bir təlimat olmadan, könüllü şəkildə ətrafdaki insanlara məhz bu məhsulu almağı tövsiyyə etsin!

Təsəvvür edirsiniz, yüz minlərlə müştərilər brendin könüllü təbliğatçısına çevrilirlər, Qay Kavasakinin dühalığı məhz bundadır.

O, inandırmağı gözəl bacarır. Oxucularım, sizi əmin edirəm ki, «Startap»ı oxusanız Qay Kavasaki özünün uğura doğru getmək qaydalarına və şərtlərinə sizləri mütləq inandıracaq.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.