“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə sevimli şairimiz Vaqif Bəhmənlinin şeirləri təqdim edilir.
İki rübai
Sazda pərdələri aşıq ayırır,
Nigarı əğyardan aşiq ayırır.
İşıq birləşdirir bizi dünyaya,
Bizi bu dünyadan işıq ayırır!
Olara-olmaza "ol" yazısı var,
Pöhrələn, çiçək aç, sol yazısı var.
Bekara söhbətdi alın yazısı,
Hərənin bir xırda yol yazısı var...
Ətək
Meyvə də ağacı unudur,
Gözlə yox, səslə uçur yarasa.
Daha ayağın yer tutur,
Öz əlin, öz ətəyin varsa,
burax Allah ətəyini.
Dərdlər yığıb, qəmlər dərib -
yanma halsız, nimdaş ələ.
Rəbb əlinin kölgəsində
bir sümük, bir dəri,
minlərcə qərib
ətək növbəsi tutub,
Çarəsiz uzanan ələ yer elə -
burax Allah ətəyini!
Göy üzündən gəlir öyüd,
Yoxmu ağlın düşünəsən -
namxuda, azman kişisən!
Burnundan piltə-piltə
gəlib tökülməmiş süd
ayrıl ana döşündən,
burax Allah ətəyini!
İki dünyanın şərtləri
Dəri çəkmələrim qarda batmırsa,
özünü asıbsa dolabda kürküm,
Bir qədəh şəraba əlim çatmırsa,
barmağım tutmursa nazik "Kent-4"ü:
demək, cəhənnəmin qırağındayam.
Ömür sərt qayadı, toqquş!.. durmadan -
bir qəlpə qoparmaq ehtimalı var.
Qədəhi qədəhə toqquşdurmadan
tərif yağdırırsa ruhuma dostlar,
sözsüz, gor evində vergi yığanam!
Meyvəmin sortunu dəyişibsə yad,
küt bağban söyüdə nar calayırsa,
Yüz ildən sonra da qaldırıb fəryad
Xan Araz yurdumu parçalayırsa,
mərmər sinə daşım çat verib demək!
Pay bölən, fəqiri saymır hesaba,
manat qoparırsa ciyərdən həkim,
Yenə zülm edirsə harın kasıba,
haqsız çıxarırsa haqlını hakim,
demək, inkir-minkir dindiriri məni...
Mən ki, qoşa bürclü qala salmışdım
bəs nədən möhtacam tək bircə cana?
Onları cənnətə yola salmışdım -
çatmırsa hayıma atam, ya anam,
demək, adlayıram qıl körpüsündən!
Leylan sevgilərin sonu puçdursa,
Məcnunlar tutubsa çölün düzünü,
Yanıq könüllərin közü suçdusa,
tüstü acıtmırsa iblis gözünü,
demək, qaynayıram qır qazanında!
Fəlsəfi qoşma
Nə gərək faş sirri açaq təzədən? -
Gündüz insanla xoş... gecə cananla.
Mayamız yoğrulmuş kefdən, məzədən,
Gedəlim fanidən mey dolu camla.
Könüllər tikişi ilahi sapdı -
Bütövə ehtiram düzgün hesabdı!
Kimsənin qəlbinə dəymə, savabdı -
qarşıdan gələnə baş əy, salamla!
İrəli boşluqdu, yol yoxdu geri,
Harayın tutsa lap göyləri, yeri...
Yetməz imdadına özündən qeyri
Canda həvəs yoxsa, səs batar tamda!
Hikmət karvanını nərtək dartsan da,
Qafanı şişirtsə ağıl, artsan da!
Ən dərin laylara lağım atsan da
xəlitə zəngindi, qatqıdı tamlar!
Olsan əsarətdə nadanın qulu,
Namardlar sarısa sağı və solu,
Dövran qəsd eləsə, yumrulsa yolun
Haqqın qəzasına yol vermə amma...
Düşməsə sümüyə çalınan hava,
"Hava, hava," - deyib çıxartma dava!
Gözünü əməlli aç, a binəva -
Neçə ki, şam yanır, istidi şamdan!
Ruhla iynələyib saf suallı su,
Könüldən pas silir tasda fallı su!
Adamdı xilqətin ən insaflısı;
içində qəm nəhri,
gözündə damla...
Bəndəmi günahlı,
Tanrımı çaşıb -
Tutur köhnə suçu çağla yanaşı?
Çoxdan daşa dönüb, kristallaşıb
Həvva nənə dadan lənətli alma...
Dünya pərvazlanıb uçur huşumdan,
Boşluğa uzanır bir yol tuşumdan.
O kimdi gəzinir taxtabuşumda -
Bəlkə, Əzrayıldı göyərçin damda?
Bu da son... Yaradan bilirmi görən?
Axirət, yerində qalırmı görən?
Cənnətdə aqillər olurmu görən,
Qonşu düşəcəyəm hansı nadanla?
“Ədəbiyyat və incəsənət”
(20.05.2024)