Super User

Super User

Poetik Qiraətdə bu gün sizlərlə yenidən daimi müəllifimiz - Cəlilabadda yaşayıb yaradan ustad şair Əlizadə Nuri görüşür. 

Dünyada nə qədər köçəri quş var,

Mənim ürəyimdə qışlayıb... keçir.

Razılaşın ki, bu qədər poetik gözəlliyi yaratmaq hər şairin işi deyil. 

 

 

Deyəsən, o qızın SU idi adı...

 

Sən demə, ölüm də əkinçi imiş-

Torpaq ömürləri xışlayıb keçir.

Dünyada nə qədər köçəri quş var,

Mənim ürəyimdə qışlayıb... keçir.

 

Şeytana daş atan özü də cinmiş,

Sonuncu ümid də dünən keçinmiş...

Tanrı üstümüzdən gəlib keçibmiş,

Ancaq yer üzündə düşməyib keçib...

 

Deyəsən, o qızın SU idi adı,

Hara axıb getdi, niyə qalmadı?

...Dünya özü boyda elə almadı-

Hərə bir yanından dişləyib keçir...

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2024)

Çərşənbə axşamı, 20 Fevral 2024 14:00

“Prius” məsələsi

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

OLMUŞ

Mamedin anası rayona anasıgilə gedir və onun üçün hər yanda bir instruksiya yazıb qoyur. Mətbəxdə necə xörək bişirmək, qab yumaq, hamamda necə paltar yumaq, dəhlizdə necə ev süpürmək və s.

Mamed axşam asudəlikdən istifadə edib təzə kostyumunu geyinib ayağını yana atmaqçün aradan çıxmaq istərkən əlinə cibdəki kağız dəyir. Arvadı yazıb: “Ə, alçaq, bəzənib-düzənib hansı ləçərin yanına gedirsən?”

 

QAYDA

Boz kütlədən fərqlənmək istəyirsənsə, fecebook-da Azərbaycan dilində səhvsiz yaz. 

 

REALLIQ

-Ay ana, bu ekrandakı nə eybəcər qadındır belə?

-O eybəcər qadın deyil, o gözəl kişidir.

 

DODAQQAÇDI

-Ay qız, sən niyə görüşə ağappaq geyinib gedirsən?

-Oğlana təslim olacağam. 

 

ƏFSUS

Arzuların gerçəkləşməsi üzrə dünya çempionatında Qızıl Balığın komandası Məmur Məmurlunun komandasına uduzdu. 

 

ƏLAMƏT

Bolt-la, ya Uber-lə taksi çağır, əgər Prius deyilsə, demək, günün uğurlu keçəcək.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2024)

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Çağdaş poeziyamızda sevgi mövzusu sosial şəbəkə şeirlərinin leytmotivini təşkil edir. Amma bu şeirlərdə sevgi sanki modern sevgidir, təmənnalıdır. Belə sevgi şəxsən məni və dəqiq bilirəm ki, çoxlarını təmin eləmir. Bu dəfə klassik sevgi nümunəsini böyük şairimiz, şeirlərini sevə-sevə oxuyub əzbərlədiyimiz Xalq şairi Vahid Əzizdən gətirəcəyəm. Şair “Yaman yada saldı

bu gecə səni…” söyləyir…

 

Qəlbimi çəkdiyim həsrət üşüdür,

köksüm isitdikcə şəkillərini,

yoxluğun yandıran olmazdı bu cür,

yaman yada saldı bu gecə səni.

 

Səni xəyalımda tutub gedirəm,

Özgə kimim var ki, pənah gətirəm?

Qorxuram, özümü elə itirəm;

boynuna sarmanam görüncə səni.

 

İstəklər kor edib, ümid qırmışam,

şəkil var bozarır, daha yormuşam!

Evin bir küncündə evcik qurmuşam,

tapantək çəkəcəm bu küncə səni!

 

Yuxuda lal-dinməz keçdin yanımdan,

həyatda dözməzdim havalanmadan,

inan ki, canını dırnaqlarımnan

didərəm, yanımdan gedincə sənin.

 

Məhəbbət seliymiş, nə cür biləydim?

Apardı, daşlardan-daşlara dəydim,

hərdən düşünürəm: "Bəlkə öləydim,

bu cür heyran olub sevincə səni?.."   

 

Ətrinmi ətrindən, saçınmı bu cür?

Yaman yada saldı bu gecəm səni.

baxma ki, sevgidən gözüm su içmir,

ölüncə yolunu güdəcəm sənin…

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla bu gün sizlərə Mustafa Şeyxpurun şeirlərini təqdim edir. 

 

 

1.

Gözlərinin göy məscidini unutdum

Əllərini qaldıran minarə idi xiyabanda

Yaşasın...

Küçələrdə oynayan uşaqlar

Və Saat qabağında unudulan Mustafa.

 

Adını bu adaların birinə qoyacaqdım

Olmadı

Səsini sonra eşitdim

İlk adaya verdim səsini

Quşlar və balıqlar sənin səsinə gəlir

Günəş sənin səsində batır

Ay sənin səsində doğur

Mən hər gün səsinlə oyanıram

Və işlədiyim hər an səsin gözümdən ayrılmayır

Sənin səsində yaşayıram.

 

Gəl birlikdə oxuyaq o sevdiyimiz mahnını

"Özüm özünə qurban, gözüm gözlərinə..."

Bu dağlarda maral gəzməyir xanım

Nə dağları, nə qəbiləsi, nə şəhəri

Heç biri gözümdə deyil.

 

Əli boş gəlməyəcəkdim

Qız qalası baqajıma sığmadı

Səni yanımda gətirə bilmədim

Dünya bir adaya sığmaz ki,

Ən son bir gəmi gördü məni

Və ən son mən o gəmini gördüm

Qalan hər şey mavi

Qalan hər şey boş

Sonra mən də itdi, bu mavi də

Sənin səsin qaldı fəqət...

 

2.

Evimin içində bir ev var

Orda mən yoxam

Qapımızı döyəcəklər biriləri

Olmayınca dönəcəklər evlərinə.

 

Olduğum şəhərdə bir şəhər var

Bu şəhərdə mən yoxam

Gəlib gəzəcəklər turistlər

Çəkib gedəcəklər öz şəhərlərinə

Yoxluğumu hiss etmədən

Biri çantasında, biri isə quşların qanadında

Götürəcəklər məni evlərinə

Kimsə bilmədən, özləri bilə.

 

Sonra bütün evlərin içində bir ev olacaq

O evlərdə kimsə yox

Bütün qapılar döyüləcək

Kimsə açmayacaq qapıları

Sonra hər kəs dönəcək kölgəsinə.

 

3.

Bir yerdən sonra

Daha soruşmayacaqsan

Gülməyəcəksən

Ağlamayacaqsan

Pişiklər dolanacaq küçədə

İtlər keçəcək qapının önündən

Mən də keçəcəyəm.

 

Dünən bir polis gəldi

"Qonşu qızı intihar etdi" - dedi.

"Mən də uçağa gecikirəm." - dedim.

"Taksi nə zaman gələcək?" - soruşdum.

O təşəkkür etdi

Mən də "İyi günler polis abi" - dedim.

 

Bir yerlərdən sonra

Bütün saatlar durur sanki.

Sən də yerimək istəmirsən

Hər kəs durmağa başlayır

Bütün taksilər, uçaqlar

Mən...

İndi mən gedərsəm saatlar da gələcəkmi?

Gecələr gündüzlərə qarışır bir saatlardan sonra

Ulduzları bulud ardınca göndərirəm

Ayla günəş bir yataqda yatırlar.

 

Bir zamandan sonra

Durmağa başlayacağam, sonra saatlara "Get" - deyəcəyəm

Günlərə "Get" - deyəcəyəm

Ulduzlara "Get" - deyəcəyəm

Buludlara "Get" - deyəcəyəm

Sonra oturub arxalarında ağlayacağam

Həm də tam yerində ən dərin

Xəyalinizdəki dənizi ovuclarımın içinə alacağam

Sonra öp deyəcəyəm dodaqlarımı

Sonra dodaqları da şor olur insanın

Göz yaşları kimi...

 

4.

Gecə qondu

Və biz kəpənəklər kimi işıqlara

Quşlar kimi dallara

Yalqız insanlar kimi divarlara

Sığındıq qaranlıq küçəyə.

 

Kölgəmizdə qaranlıq bir otaq

Kölgəmizdə itkin bir insan

Kölgəmizdə bir küçə.

 

Əllərimi tutarsansa

Bir lampanın işığı vardır kölgəmizdə

Sarı lampa

Kəpənəkləri gətirəcəkdir bizə

Sonra pəncərəsi olacaq

Sonra quşları çağıracağıq kölgəmizə

Birdən bir sərçə qonacaq barmaqlarıma

Yaxalıqlı qurqurlar yuxusu görəcəyik.

 

5.

Şəhər qaranlıq, axşam saat doqquz

Polis tək başına

Bir dilənçi bu tərəfdə

Bir fahişə o tərəfdə

Bir də mən, bu hotelin üçüncü qatının pəncərəsində

Şəhəri boğuram, siqaretimin tüstüsünə boğuluram

Bu okean havası təhlükəlidir deyirəm Mustafa.

 

Şəhər qaranlıq, gecə 10

Bir dilənçi bu tərəfdə

Bir fahişə o tərəfdə

Bir də mən üçüncü qatında bu hotelin

Qapımı döydü polis

"Röyalarını oğurlayıram, xəbərin olsun" - dedi.

 

Şəhər qaranlıq, gecə 11

Bir fahişə o tərəfdə

Asfaltın üstünə düşmüş bir dilənçi

Qırmızı çırağın dalısında ambulans

Uuuuuu deyə çatır

Fahişəni götürür.

 

Şəhər qaranlıq, gecə 12

Hər gecə saat on ikidə

Bir qadın

Abort edir röyalarını

Ölü doğulur günəş

Hər gecə asfaltda.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2024)

Çərşənbə axşamı, 20 Fevral 2024 10:00

POEZİYAMIZIN QIZIL FONDUNDAN - Adil Mirseyid, “Şair ömrü”

Könül, “Ədəbiyyat və incəsənət”

 

İmpressionist rəssam və postpostmodernist şair - Adil Mirseyid. Daim ağrılar və əzablar içində yaşadı, əsərlərində kədəri, dərdi bütün çalarları ilə göstərdi, ağrının bütün cizgilərini nümayiş etdirdi, elə kədərə, dərdə, ağrıya da təslim olaraq dünyadan köçdü. 

Bu şeir adi şeir deyil, bu məmləkətdəki düşünə bilən yaradıcı adama bir elegiyadır. 

Şeir 1987-ci ildə yazılıb. 

 

hardan nişan alsalar

güllə mütləq ürəyindən keçir şairin.

həmişə hər yerdə

hər yerdə həmişə

bir qəfil gülləyə hədəfdi şair ürəyi

və hər kəsin öz şairi var dünyada

və qanadlı doğular şair ürəyi.

uçur sürünmür

bəzən şair diri ikən gözə görünmür.

bəzən zindan zülməti

tənhalıq səfaləti

bəzən şöhrət öldürür şairləri.

ölümə can atdığını bilmədən

şöhrətə can atır zavallı şair

bir də ayılıb görür

ilk şeirini qoşduğu o aylı gecədəki

o aylı ürək deyil artıq sinəsində döyünən

və yolu kəsib ölüm

gülümsəyir qırmızı gözləriylə

və yazdıqları yazacağı şeirlərin 

qaralamasıymış yalnız

və yaşadığı ömür

qaralamasıymış yaşayacağı ömrün.

zamanın qum saatları

axır barmaqlarımız arasından

axır gözlərimizin qarasından

axır ürəyimizin ən dərin yarasından

və yarımçıq şerlər

yarımçıq ömür qalır

bizdən sonra dünyada.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2024)

Çərşənbə axşamı, 20 Fevral 2024 10:30

O heç vaxt günaha batmaz

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Ən etibar etdiyim, səmimiyyətinə inandığım şəxsdən də eşitsəm ki, Mürtəza hansısa günaha batıb və ya kobud səhvə yol verib, inanmaram. Çünki halal kişidən törəyib, halal süfrədə böyüyüb. Atası mərhum Müctəba kişi elin təqvalı ruhanilərindən biri idi. Ömrü boyu insanlara mövhumatı yox, məhz İslamı olduğu kimi təbliğ etməyə çalışırdı. Hamının məhəbbətini, hörmətini qazanan bu insanı hər yerdə etiramla qarşılayırdılar. Ruhuna salam olsun!..

 

Mürtəza uşaqlıq dostlarımdan biridir. Məktəbdə oxuduğum vaxtlarda yay tətillərinin bir hissəsini onun böyüdüyü Ostayır-Dəlləkli kəndində keçirirdim. Tez-tez görüşür, həmsöhbət olurduq. Qızmar yay günlərində həmin kəndin uşaqları gah “Ağaməmməd Şurşuru” adlanan şəlalədə, gah da “Dərin göl”də çimirdilər. Xəzərin beş addımlığında doğulub böyüsəm də ilk dəfə üzməyi Mürtəzadan öyrənmişəm desəm, yəqin ki, ağ olmaz. Qarabuğdayı, sakit və tərbiyəli bir uşaq idi. Heç kimlə işi olmaz, hamıyla mehriban dolanardı. Həddibuluğa çatandan sonra əlaqəmiz kəsildi. Amma elin xeyir-şərində, necə deyərlər, arabir üz-üzə gəlirik...

 

“Çox heyf ki, bu gün media daha ciddi problemlərə üstünlük vermir, qlobal dünyada baş verən proseslərin hansının bizə birbaşa və ya dolayısı ilə təsir edəcəyinin fərqinə də o qədər varılmır. Azərbaycan mediası bir çox hallarda IP deyilən xəstəliyə yoluxub. Onların fikrincə cəmiyyət üçün Nadir Qafarzadə və ya hansısa kriminal avtoritet daha önəmlidir, nəinki Amerikanın dünyaya hegemonluq etmək siyasəti. Cəmiyyət özü də bu məsələlərlə maraqlanmır. Amma, beyin mərkəzlərində ABŞ-ın anti Rusiya sanksiyalarına ciddi reaksiyaların olacağını düşünürdüm. Çünki, bu artıq təkcə Rusiyaya qarşı tətbiq olunmayıb. Bizə də çata bilər...”- söyləyir.

 

Tərcümeyi halını dərindən bilməsəm də, şəxsiyyətinə bələd olduğum adamdır. Uzun illərdir ki, sosial mediada jurnalist kimi fəaliyyət göstərir, əsasən siyasi analitik yazılarla çıxış edir...

 

Deyir ki,- “İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına məlum hücumdan sonra Ağ Ev-Tehran münasibətləri açıq qarşıdurma müstəvisinə keçməkdədir. Amerikalı senatorlar, xüsusən də respublikaçılar ölkə rəhbərliyini İrana qarşı sərt şəkildə birbaşa cavab verməyə və hətta hücum etməyə çağırıblar.”

 

Bu gün dünyada olan qarışıqlıqdan çox narahatdır. İstəyir ki, hər yerdə sülh, əminamanlıq hökm sürsün. Şəxsi həyatında da belədir. Heç kimlə işi olmaz, mübahisəyə meyilli deyil. Çalışır ki, dilindən və əməlindən heç kəsə ziyan dəyməsin. Obyektlviyini gözləməyə üstünlük verir. Dostluqda sədaqətli, yoldaşlıqda vəfalıdır. Poeziyaya marağı böyükdür. Doğrudur, özünü heç vaxt şair kimi təqdim etmir, amma arada şeirlər də yazır:

 

“Dünya bir qonaq evi,

Mən də kirayənişin...

...Vardır pərisi, divi,

Hərə qulu bir işin...

 

Özüm, sözüm kimiyəm,

Tükənmir əzab işim.

Ləngər vuran gəmiyəm,

Ruhum, sərxoş sərnişin...

 

Dalğalar özün yaxır,

Gəmirir həndəvərin...

Gəmim su kimi axır,

Biçir dalınca vərin...

 

...Üfüqdə qızarır dan,

Savaşır gündüz-gecə...

Ömür sınaqdı hər an,

Kim dayana, kim keçə...

 

Dünya bir nərd oyunu,

Taxtasın daş döyəclər...

Kirpiklər dərd suyunu,

Qurutmaz, yaş döyəclər.

 

Demə ki, dünya qəvi,

Savaşmaq deyil işin...

- Yox, dünya qonaq evi, 

Mən də kirayənişin...”

 

Onu bu şeirindən də tanımaq olar- Gözütox, qəlbigeniş və müdrik. Nə isə, əgər məndən tanıdığım ən yaxşı adamların adlarını sadalamaq tələb olunsa, çəkinmədən Mürtəza Bünyadlının adını həmin sırada hallandıraram...

 

Mürtəza bəyin 57 yaşı tamam oldu. Onu bu münasibətlə ürəkdən təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayırıq.

Çox yaşa, HALAL ADAM!

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2024)

Çərşənbə axşamı, 20 Fevral 2024 12:00

Soyuq cəbhənin solmaz gülləri - HEKAYƏ

Leyla Ümid, “Ədəbiyyat və incəsənət”

 

 

 

21 sentyabr, 2020.

 

Hər zamanki gözəlim - həzin küləkli və ətirli payız gəlirdi. Bakı payız libasına bürünürdü. Yarpaqlar rənglərini dəyişməyə başlamış, qatı istilər geridə qalmışdı. Lakin bu gözəl payızla birlikdə gələn qəribə bir qoxu vardı. Hansı ki, 90-cı illərdən bəri bu qoxu gəlmirdi. Bəlkə də bu bizə qurbanlar qarşılığında zəfəri gətirən Ölüm Mələyinin qoxusu idi.  

Səhər çağı hüzn və gözəlliyin qarışdığı şəhərimiz yuxudan oyanmağa başlamışdı. Evlərdən təzə çörəyin, balın, yumurtanın, pendirin ətri gəlirdi. İşə gedən böyüklər, dərsə gedən tələbələr şəhəri hərəkətləndirirdi. Həmin gün bir xeyli məkandan telefon səsi gəldi: “Salam. Hər vaxtınız xeyir. Sizi bugün Səfərbərlik və Hərbi xidmətə çağırış məntəqəsində gözləyirik”. Fəqət işin qəribə yanı -  bu zəng təkcə vətən xidmətinə yaşı çatmış oğullara deyil, xidmətini təzəcə bitirib gələnlərə də aid idi. 

Çox keçmədən Hərbi xidmətə çağırış məntəqəsinin önü igidlərin sırasıyla dolmuşdu. Nərimanov rayon məntəqəsinə doğru gedən Şahin bu xəbəri telefonda təzəcə nişanlandığı sevgilisinə verərkən pis bir xəbər olmadığını izah etməyə çalışırdı ki, sevdiyi qız narahat olmasın. Ancaq hiss edirdi ki, bu çağırış heç də xeyirə işarə deyil. Uzun sıranın önündə ayaq saxladı. Bu qədər insan burda niyə toplaşmışdı? Yan-yörəsindən öyrənməyə çalışsa da heç kim heç nə bilmirdi. Özündən bir qədər aralıda dayanan Aslanı gördü. Aslanın arxasında isə Polad durmuşdu. Bu üç gənc hər biri ayrı-ayrılıqda əsgərliklərini tamamlayıb qayıtmış igidlər idi. Lakin araları heç də yaxşı deyildi. Qəsdi-qərəzçilikləri bitmək bilmirdi. Polad sonralar başqa məhəlləyə köçsə də Aslan və Şahin hələ də eyni məhəllədə yaşayan düşmən kimi idilər. Səbəbi isə gözəl bir cüt gözə, incə belə, şirin gülüşə, ox kimi kirpiklərə, adı kimi uzun saçlara malik olan o həyat dolu qız idi - Əsmər idi. 

Şahin bir çox qızın arzusunda olduğu kimi qayğıkeş, modern, sevgidolu, qoruyucu xarakterə malik və ən əsası yaraşıqlı idi. Lakin ağlında daima əyləncə, dostlar, kefi-əhval olan, evliliyi əsla düşünməyən bu dəliqanlı oğlan bir gün Əsməri universitetdə gördükdən sonra susmadan nəğmələr qoşub-oxuyan dili tutulmuşdu, gözlərinin bəbəkləri böyümüş və bədəninə üfürülmüş ruhu onu qıza tərəf çəkmişdi. Bu qəribə qüvvə onları bir-birinə baxışlarında həbs etmişdi. Həmin an qəlbi yaralarla dolu olan insanlara güvənini itirən Əsmər də qüvvəyə məğlub olaraq onun açıq qəhvəyi gözlərini, ipək kimi dalğalanan qumral saçlarını və kiçik qəmzəli şirin təbəssümünü görmüşdü. O an sanki içindən bir səs ona bu insanın özəl olduğunu pıçıldamışdı. Bəlkə də elə Kərbəlada iki bədənə bölünən, digər yarını tapan tək bir ruh idi, onlar üçün zamanı dayandırıb qulaqlarına pıçıldayan? Kim nə  bilə bilərdi?

Zamanla onlar yaxından tanış olmuşdu. Şahin onun xüsusiyyətlərini gördükdən sonra özü də fərqində olmadan evlənəcəyi qızın qəlbinə girmək üçün, çoxlu zaman keçirdə bilmək üçün durmadan bəhanələr, yollar axtarırdı. Çox keçmədən Əsmərin qəlbini qazanmağı və xoşbəxtliyi tapmağı bacarmışdı. Əsmər ona elə çox güvənmişdi ki, Şahinin yanındaykən bütün bir dünya onun eviymiş kimi hiss edirdi. Əsmər bəlkə də atasız olduğu üçün Şahini atasının yerinə qoymuşdu. Sevgiləri qısa zamanda böyüyərək hər kəsin nümunəsinə çevrilmişdi. Nəhayət, qismət onları nişan üzüklərinin lentini kəsən qayçının önündə birləşdirmişdi.

Aslan təkliyində Xəzərə sığınar, uzun-uzun qayalara vuran dalğalara baxardı. Dənizin ətrini sevərdi, bir də üzünə vuran su mehini. Onu görənədək... Məktəbli olan zamanlardan bəri girdi zalım qızı Aslanın qəlbinə, aldı onu Xəzərindən. Sonralar uzun-uzun baxdığı dalğalar yox, onun gözləri oldu. İçinə nəfəstək çəkdiyi dəniz yox, onun qoxusu oldu, üzünə vuran isə artığ meh yox, sevdiyinin saçlarıydı. Hislərinin şəfaflığında əks olunan möhtəşəm parıltı kimi gözəl  amma kor edən. Amma həyat və zamanın arası bəzən elə də yaxşı olmurdu. Onlar yollarını ayırmalı və hər biri fərqli həyata getməli olmuşdular. Buna qismətmi desinlər, yoxsa yanlış qərarlarmı, bilmirdilər. Çünki doğru zamanda yanlış insan idilər. Bir-birilərini sevsələr belə həyatla birgə baş etməyi bacara bilmədilər. Üzərindən bir qədər zaman keçdikdən və onlar artıq dəyişdikdən sonra hər şey üçün gec idi- Əsmər başqa birini sevir, nişan hazırlıqları görürdü. Bunu eşidən Aslan dərin sarsıntı keçirmişdi. Düşünürdü ki: “Taleyimin qurbanıyammı? Yoxsa hislərimin əsiri?” Lakin nə fayda? Əlindən qəzəbdən, kədərdən başqa heç nə gəlmirdi. Çünki bu səfər də doğru insanlar yanlış zamanda idilər. 

Polad hündürboylu, enlikürəkli, dəliqanlı bir gənc idi. O həmişə zarafatcıl və vecsiz kimi görünsə də ruhu kiçik yaşlarında taxtadan silahlarla oynayan həmin balaca uşaq idi. Polad və Əsmər çoxdandır tanış olan iki yaxın dostdular. Hansı ki, həm pis həm xoş günlərini ilk bir-birilərilə bölüşürdülər. Fəqət bir gizli gerçək vardı ki, onun illərdi içində böyütdüyü sevgisi cisminin qəfəsində saxlanmış idi. İçəridə baş verən fəryadlar Poladı darıxmaqdan ötə bir hissə sürükləyirdi. Onun simasının qarşısında bütün varlığı təslim olurdu. Onu hər görəndə ürəyinin döyüntüsü artar, ayaqları tutmaz , fikri və düşüncələri daim onun gözlərinin dərinliklərinə doğru yola çıxardı. Heç zaman hisslərinə azadlıq vermeyib itirmək qorxusuna görə daim susmaqla yetinən bir sevgi. İçində onca fəryada qarşı olan səssizlik. Sanki bu cahanda özünə yer tapa bilməmək kimi. Hara getsən uşaq kimi evini isdəyirmişsən kimi. Amma kimin evinə gedəsən, kimdən yardım isdiyəsən, bunun sonu nə olacaq düşüncələri hər şeyi yeyib bitirər. Qarşısında o varkən bütün vücudunun hərarəti artır. Yanaqlarına yayılan istilik gözlərini yaşardır. Həyəcanla şokun qarşığında bütün vücudu əsir alınır . Darıxmaqdan ötə bir hiss düşünün, eyni məkanda, eyni yerdə, eyni şəhərdə, amma milyonlarca kilometr uzağında kimi . Yanından keçər, toxuna bilməzsən, gözünə baxar, görə bilməzsən. Poladın hissləri sanki bütün cahanı belə ona dar edirdi. Yataq əvəzi xalçanın üzərinə uzanır fikirdən, o olmayan həyatında onlu qərarlar verir və bütün hislərini sadəcə bir siqaret yandıraraq gecəni aydınladan Ay ilə bölüşərdi. Onun gerçəkləri tək bircə Ayişığında gizli idi.

                                                                

*

Sıra Şahinə gəldiyi zaman o da içəriyə daxil oldu. Mühafizə ona yaxınlaşmalı olduğu otağı göstərdi. Bir qədər sonra Şahin içəridən sürətli addımlarla çıxaraq telefonundan taksi sifariş verdi. Onun üzündə qəribə ifadə vardı. Həm narahatlıq, həm həyəcan, həm də tələskənlik. Aslangil nə baş verdiyini anlamayaraq sıranın ardıcıllığı ilə içəri daxil olub bir qədər sonra çıxdılar. Hər kəs evinə tərəf yollandı. Həmin gün əslində hər şeyin tamamilə dəyişməyə başladığı gün idi. Evlərdə çantalar hazırlandı, saçlar, saqqallar qırxıldı, son yeməklər yeyildi və ailələrlə birlikdə avtovağzala doğru yola çıxıldı. Orada kimisinin anası ağlayaraq qucaqlayır, kimisinin yari, kimininsə atası.. Vəziyyətin nə yerdə olduğu haqqında dəqiq məlumat olmasa da artıq bir çoxları ürəyində hiss edir, bilirdi ki, bu yoldan geriyə dönüş olmaya da bilər. Onlar bu səfər təlimə deyil, intiqam almağa gedirdilər. Əsmər də burda idi. Şahini möhkəmcə qucaqlayıb sağollaşarkən onun sol çiyninin üzərindən onları izləyən Aslanı gördü. Gözləri bir-birilərinə baxarkən qəlbinin dərinliklərində içini çox ağır hiss bürümüşdü. Onu görməzdən gəlmək yerinə gözlərini qırparaq onunla da vidalaşdı. Aslanın üzündə təbəssüm yaransa da qəribəydi, sanki başının üstünü qara buludlar almış, ayağı yerdən kəsilmişdi. Son dəfə dünya gözüylə baxırmış kimi həsrətlə süzdü Əsməri. Sonra öz ailəsiylə də vidalaşıb avtobusa mindi. Polad da ailəsi ilə sağollaşdıqdan sonra Əsmərin və Şahinin yanına gəldi. Əsmər ona dostu kimi dəyər verirdi. İkisi üçün də narahat olmuşdu. Durmadan onları tənbehləyirdi ki, ehtiyatlı olsunlar. Hər kəs avtobusa mindikdən sonra pəncərədən sonuncu dəfə əl salladılar. Avtobus hərəkətə keçdi və analar əllərindəki su şüşələrindən  suyu avtobusun arxasıyca tökdülər. 

Əsmər o avtobus gözdən itənə qədər dualar edib, onları Allaha əmanət etdi. Özü isə Şahinin ailəsi ilə birlikdə geri döndü. 

Avtobus Bakı korpusuna doğru yola çıxmışdı. Çox keçmədən gəlib çatmışdılar. Bütün əsgərlər avtobuslardan düşərək cərgəli şəkildə düzləndilər. Hərbi personal gəlib onları içəriyə doğru apardı. Onların önünə rütbəli geyimdə beş komandir gəldi. Onlar əsgərlərin bölük komandirləri idi. Əlbəttə ki, ordumuz təkcə beş bölükdən ibarət deyildi. Həmin gün orda olan əsgərlərin sayı o qədər idi. Hər bir bölük iki tağımdan, tağımlar isə üç manqadan ibarət olurdu. Bölüklərin özlərinə aid kazarması da vardı. Buna qismətmi deyək, taleyin bir oyunumu deyək, bilmirəm ancaq qarşıda onları güclü qardaşlığın gözlədiyini bilirdim. Əliyev Aslan, İsmayılov Şahin, Səfərov Polad eyni tağıma və hətta eyni manqaya düşmüşdülər. Özləri bu vəziyyətdən heç xoşhal olmasalar da həyatın onlar üçün olan planları tamamilə fərqli idi. 

Bütün əsgərlərə hərbi geyimləri verildikdən sonra kazarmalara keçdilər. Artıq gecə düşmüşdü. Bölüyə “Yat” komandası verilmişdi. Gecənin üçündə sükutu pozan bu ağır silah deposunun siqnal səsi sanki 30 illik bir yuxuya gedən möcüzəvi əjdəhanı ayıldacaq, hər kəsi nəfəsiylə oda-alova tutacaq qədər güclü idi. Əsgərlər  bu səsin təlim səsi olduğunu düşünərək qalxıb tez bir şəkildə geyimlərini geyinib hazırlandılar və qaça-qaçla silah otağına yollandılar. Hər biri sıra ilə keçid edib silahlarını götürüb silahlandılar. Aralarından fərqlənənlər də var idi. Əvvəldən təlim görmüş snayperçilər, rabitəçilər də var idi. Şahin çox kəskin gözlərə malik snayperçi, Aslan koordinasiyaları yaxşı bilən rabitəçi olmuşdu. Bütün Bakı korpusunun əsgərləri şux vəziyyətdə öz bölüyü ilə birlikdə düzləndikdən sonra ümumi ordu komandiri sözə başladı: 

-Yoldaşlar, bu təlim deyil, həqiqət savaşıdır. Düşmən torpaqlarımıza yenidən ayaq basır. Postlarımız təzyiq altındadır. Bölmələrimizə ağır zərbələr vurulur. Şəhidlərimiz , yaralılarımız var. Hələ oğlunun öldüyündən belə bixəbər analarımız var. Qaralar səriləcək , yaslar tutulacaq bir azdan. Kim şəhid anasına oğlunun ölüm xəbərini çatdırmağa cəsarət edər ? Çıxsın önə!

Korpusun qarşısındakı sakitçiliyi bir bilsəniz o zaman. Dağı yarmağa hazır oğullar dinməzcə dayanmışdı. Sakitçiliyi pozan yalnız əsən gecə küləyi səsi və korpus həyətini işıqlandıran projektorun cızıltısı idi. Əlbəttə ki, bu bir müharibənin ən ağır tapşırığıdır. Bunu isə o gecə orada olan hər bir əsgər bilirdi. 

“Bilirdim" - deyə sözünə davam etdi komandir. "Şansın gətirdi əsgər, bu gecə bu ağır tapşırığa sən getmirsən" , "Sən o göz yaşlarının, yerdə qalan qanın, fəryadın qisasını almağa gedirsən, buna hazırsanmı?”-dedi.

Birdən-birə Batalyonun bir ağızdan "HAZIRAM" deyərək qışqırması, bir ordunun həqiqi səsinin nə olduğunu göstərmişdi. Sanki o səs bütün Bakını titrətmişdi. Onlar o sualdan sonra bir can, bir qəlb, bir yumruq olduqlarını, daha doğrusu, Dəmir yumruq olduqlarını anlamışdılar. Ən əsası, nəyə həqiqətən hazır olduqlarını. Bir daha komandir:

-Hücuma gedirik! Düşməni yarmağa , darmadağın etməyə! İllər boyu Qardaş dediyimiz uşağlar öləcək, can yoldaşlarınızın ayaqları minalara dəyəcək. Güllələr qəlbimizi yaracaq, amma biz DAYANMAYACAYIQ! Düşmənə nəfəs aldırmayacayıq. Qanımız axacaq, Ya Allah deyəcəyik. Cəbrayılı görüb də "Vətən sağ olsun” deyəcəyik, amma yenə də dayanmayacağlqç. Bütün Qarabağı görüb geri alana qədər. Sənə dəyən güllələri gülərək qarşıla, əsgər!  Çünki o qəlbində daşıdığın Qarabağ yarasının yanında heçnədir!  

Komandir tonlarla benzinə bir kibrit atmışdı. Ordunun gözləri qisas alovuna bürünmüşdü. Heç sevdiklərinin əlini, silahın kəmərini tutduqları qədər bərk tutmamışdılar. Sanki əmr verilsə, Bakıdan Qarabağa, piyada gedərlər. 

Arxa sıralarda gənc bir əsgər heç kəsin görmədiyi mənzərini görmüşdü. Komandiri dinləyən yalnız onlar deyilmiş. O sıralar arasında Mavi və ağ zolaqlı köynəkli, keçmiş uniformalarda olan və Komandiri dinləyən igidləri gördü. Polad Həşimovu, Əliyarı, Mübarizi, Allahverdini, Şövqiyarı, Rövşəni, Hikməti, Nəsibovu, əlindəki kamerası ilə əzmlə dayanmış Çingizi, digər 1-ci Qarabağ müharibəsinin şəhid və qəhrəmanlarını gördü. Hətta, sıraların yanında yer almış, əzmlə dayanan o tankı gördü. 533 nömrəli milli tankımızı. Üzərində isə Albert sakitcə cibindən çıxardığı siqareti çəkərək dinləyirdi Komandiri. Bütün bunları gördükdə udquna bilməmişdi. Onları görən əsgər bir gülümsəmə ilə yenidən qarşıya, komandirin çıxışına, dimdik baxdı. Bilirdi, ruhların onlar tərəfdə olduqlarını, onları qoruyacaqlarını. Mələkləri gördükdən sonra qəti Qələbəni sezdi həmin o əsgər. Komandirin “Vətən bizi səsləyir! Marş maşınlara, əsgər!”- əmrinin ardıyca hər kəs iti addımlarla hərbi maşınlara mindi.

 

GÜNDƏLİKDƏN:

“Alxanlıda maşınlardan enərkən, müharibənin vahiməli səsi və atmosferi ilə birgə üzümə vuran sərinlikdən anladım. Çatmışdıq. Ayaq basdığımız dünya ilə vidalaşacağımız və ya yenidən barışacağımız yola. Buradan sonra gediləcək olan yol 30 il gedilməmiş düşmən tələləri və pusularla dolu, çətin relyefli yollar idi. “Düzül” Əmri verildi, üst rütbəlilər əsas missiyamızı yenidən izah etdi. Qarabağı geri almamış ev adı belə çəkməyəcəkdik. Əmr bizə aydın idi. Cəbhə bölgələrində idik. Fizuli istiqamətində hərbi əməliyyatlara başladıq. İrəlilədik və ilk atışma xəttinə çatdıq. Düşmənin pulemyotu atəşi kəsmək bilmirdi. Sipərlərimizdə gözləyərək "Bəlkə, bir az sonra pulemyot darağını dəyişər" desək də, arasız atəş dayanmırdı. Biz də tüstü bombalarının köməyi ilə güllə yağışının arasından irəlilədik. Vaxtımız daralırdı , onlara daha çox piyada və artilleriya dəstəyi gəlmədən, postlarını ələ keçirməliydik. Düşmənə atış məsafəsində yaxınlaşdıq. Hər tərəfdən qəfil mövqeylərinə atlandıq. Fizuli bizə baha başa gəlmişdi. Orada igid oğlanlarımız yaralandı, bölükdən şəhidlər oldu. Sanki ermənilər bütün kartlarını orada yerləşən müdafiəsinə oynayırdı. Lap dünyanı da ora yığsaydılar bizə fərqi yox idi. Bakıdan çıxanda onsuz kişi sözümüzü və Vətən andımızı vermişdik. Fizulini addım-addım işğaldan azad etdik. Azad etdikcə daha da əzmlə irəliyə doğru gedirdik. Fizulidən sonra Xocavəndə doğru ildırım sürətilə irəliləyirdik. Nə yalan deyim, bu ağır əməliyyatlardan sonra düşünürdüm ki, əsgər yoldaşlarımın Bakıdan bəri bizi izləyən vətən hayqırışı artıq sınar, ruhdan düşərik. Lakin bölüklər arasında Şuşaya ilk girmək uğrunda yarış belə başlamışdı. O zaman anladım ki, ordumuz düşmən qanına susayan ac bozqurdlara çevrilmişdi. 

Ərazini çox yaxşı bilən düşmənlərin qurduğu alçaq pusularına görə yoldaşlarımız qəhrəmancasına şəhid olmuşdu. Sipərlərdə bir çörək böldüyümüz yoldaşlarımızın şəhid olduğunu, ağır xəsarət aldığını görmək bizim ruhumuza acı işgəncələr versə də bu yoldan əl çəkmədən qəzəblə davam edirdik. Qələbəni görməzsək onların axan qanlarına xəyanət etmiş olardıq. Xocavəndə elə sürətlə girdik ki, düşmən çaş-baş qalmışdı. Düşmənin rayonda qurduğu koordinasiyalı müdafiə sistemini məhv etmişdik. 30 illik həsrətin ardınca 6 günlük qələbəni dadanda gücümüz zirvəyə çatmışdı. Qələbə bizim idi!

Xocavəndi aldıqdan sonra bizi sol qanada- Cəbrayıla istiqamətində olan hücuma yolladılar. Ürəyimiz rahat, qamətimiz dik, addımlarımız əzmli idi. Çünki göydə Allahımız onun yaratdığı səmada Bayraktarımız, mənim kürəyimdə isə İst-14.5  İstiqlal snayperimiz vardı. Cəbrayıldakı ilk həftəmizdə şiddətli döyüşlər getdi.  Düşmən artilleriyası və onun rəisi Karen Babayan məhv edilmişdi. Orada ermənilərinin 4  tankını da məhv etdik. Hər iki tərəfdən çox qan tökülmüşdü. Cəbrayıl adının haqqını vermişdi. 

Fizuli, Xocavənd və Cəbrayılı almaqla düşməni Aypara şəkilli mühasirəmizə salmışdıq. Aypara strategiyamız məhz şanli bayrağımızdakı Ayparanı əks etdirirdi. Ulduzumuz isə bizim igid canavarlarımız XTQ idi. Hədəfimiz Şuşada ulduzumuz olan və orada qanlı doyüşlər aparan XTQ-ya daha da yaxınlaşaraq dəstək durmaq, Ayparanı ulduzla tamamlamaq idi. Qələbə yalnız bizlərin birgə koordinatli müharibəsi sayəsində əldə oluna bilərdi. Həmlə qrupları olaraq hər tərəfdən hücuma keçdik. Düşmənin hər tərəfə yaydığı xüsusi təlim almış muzdlu Gerilla qrupları ve onların qəfil güclü silahlarla edilən hucumları bizi əldən salmışdı. Amma dayanmadıq. Şuşa istiqamətində irəlilədikcə üzərimizə atılan artilleriya və minaatanlar bizə ağır itkilər verdirdi. Qarşı tərəfin artilleriya koordinatları təəssüf ki, daha dəqiq idi. Yaranan xaos zamanı dağlarda bölüyümüzdən ayrı düşdük. Bir tağım qalmışdıq və 8 nəfərlik qrupumuzla Baharlı kəndini keçərək , Baharlının aşağısındakı əsas yolla Mədətkəndə doğru irəliləyirdik. Mədətkəndin düz yanından keçərkən, sən demə bizi  görən düşmən kəşfiyyatçı qrupu çox olduğumuzu fərz edərək artilleriya dəstəyi çağırmışdı. Başımıza güllə yağışı yağırdı. Aslan belüstü yıxıldı və belində daşıdığı rabitə cihazımız xarab oldu. Ona görə də mərkəzə məlumat ötürə bilmirdik və qarışıq frekanslarla çətinliklə nəsə eşidirdik. O zaman anladıq ki, Mərkəzlə əlaqəmizi itirdik. Artıq atdığımız addımlar bizim öz seçimimiz, öz taktikalarımız idi. Bizi hardan gördüklərini bilmirdik. Bura artıq cəhənnəmə dönmüşdü. Sağımıza və solumuza artilleriya zərbələri vurulurdu. Mən, Polad və Aslan anidən özümüzü Mədətkənd istiqamətində yolun kənarındakı otluğa atdıq. Duman ətrafı almışdı. Digərlərindən ayrı düşdük və əlaqəmizi itirdik. Biz kəndin içərisinə qədər gəldik. Elə yorulmuşduq ki, yaşama həvəsimizi itirmişdik. Sabahımızı düşünmürdük artıq. Allah bizi tərkmi etdi deyə düşünməyə başlayırdıq. Silah yoldaşlarımızın bu cürə qəfil həlak olması... Müharibənin gətirdiyi fəlakətlər… Onların ailələri.. Hər şeyi düşünürdük. Amma sağ qalmalı idik. Axı ölümü gözləmək bizə yaraşmazdı. Ölənlərimiz üçün sağ qalmalı idik. Fəqət ailəmiz üçün, sevdiklərimiz üçün çox darıxırdıq. Sabahımız artıq varmı? Yoxmu? Bilmirdik. 

Əsməri düşünürəm hər ölümün kənarında olanda. Onun gözlərini, təbəssümünü, gözəl qəlbini düşünürəm. Bu savaşdan sonra ona fəxrlə “Gözümün nuru, biz bacardıq. Qarabağı aldıq! Atamı şərəfləndirdim. Gələcək uşaqlarımızın atası qəhrəmandı, canavar kimi savaşdı və qalib oldu!”-demək istəyirəm, ümidimi itirməməyə çalışıram. Aslan və Poladla birgə savaşmaq qardaş olduğumuzu, bir-birimizə dayaq çıxmalı olduğumuzu xatırlatdı bizə. Hər nə qədər Aslanla yola getməsəm də, səbəbsiz yerə Poladın da bizdən xoşu gəlməməsi gerçəyi olsa da, yaxşı taktikalarla dəqiq atəş açır, güclü savaşırdı və bizim dayağımız idi o. Yoldaşlarımız.. Onların uğrunda şəhid olduğu bayrağımızı sanca bilək deyə sağ qalmalı idik. Rabitə tapmalı və mərkəzlə əlaqəyə keçməli idik. Aslan qırıq rabitə cihazımızdan güc-bəla səslər eşidirdi. Erməni dilində gələn qarışıq frekanslardan bir az da olsa nəsə anlaya bildi. Milli ordumuza qarşı irəliləyən düşmənin məqsədi bizimkiləri koordinatlı mühasirəyə salmaq idi. Düşmənin top-yekun son əks-hücumunun tam ortasında idik. Bəs düşmənin bizdən xəbəri varmıydı? Bu da bir müəmma idi. Bu cür dağlıq müharibələrdə duman insanın ən yaxın dostu ola bilirdi. Dumanın içərisində sakit halda, otluqların arasında belüstü qalmışdıq. Birdən ayağa qalxmaq istərkən Polad məni zərbəylə yenidən yerə yatırdı. Həmin an yerin silkələndiyini hiss etdim. Zəlzəli idimi? Kaş zəlzələ olaydı da düşündüyüm olmaz idi. Bayaq gədiyimiz əsas yoldan düşmənin ağır texnikaları, tankları və ölüm marşlari oxuyan piyada ordusu keçirdi. Düz yanımızdan bir batalyon kecdi. Ordumuza xəbər verməyə cəhd edirdik, ancaq cihazımız tamamilə xarab olmuşdu. O şərəfsizlərdən biri bir az diqqətlə sağdaki otluğa baxsa idi, məqsədimizə çatmadan həyatla vidalaşardıq. Nəfəs belə almırdıq. Düşmən ordusu keçdikdən sonra Allahın hələ də bizi tərk etmədiyini və şəhid qardaşlarımızın ruhlarının bizi qoruduğunu anladım. Özümüzü toparladıq. Yuxarı, Mədətkəndə taktikal addımlarla irəlilədik. Evlərdən birinə sığınmalı və ən azından quruyan dilimiz-damağımızla su içməliydik. Dumandan çətin görünsə də təxminimizcə ev əsas 4 yolu görürdü və bizim üçün stratejik olaraq əhəmiyyətli idi. Evə daxil olduğumuzda içərini boş gördük. Həm dincəlməli, həm də təcili sürətdə rabitəmizi təmin etməliydik”. 

 

Elə bu an zirzəmidən körpə ağlaması səsləri gəldi. Hər üçü bir-birinə baxaraq yavaşca əllərini silahlarını atdılar. Səssiz addımlarla zirzəmiyə açılan qapını axtarmağa başladılar. Polad xalçanı qaldıraraq taxta döşəmənin üzərini ayağı ilə yoxlayarkən onlardan birinin digərlərindən fərqli olaraq aşağı hissəsi çıxıntılı olduğunu gördü. Digərlərini sakitcə çağırıb barmağı ilə oranı işarə etdi və kənara çəkilib qəfil qapını açdılar. İçəridə qoca yaşlının əlinin tüfəngi var idi və tüfəngi Yuxarıya tərəf tutsa da üç nəfərin silahı daha çoxluq təşkil edirdi deyə qorxaraq geri çəkilmişdi. Aslanla Şahin içəri enib ordakı ailəni qollarından tutaraq yuxarı çıxartdılar. İki ahıl şəxs - nənə və baba, bir təzə gəlin və qucağında körpə qızı var idi. Qışqırmağa, kömək istəməyə çalışdıqları an Polad silahı onların üzərinə tutaraq təhdidlə susdurdu. Onları zal otağında olan masanın ətrafına otuzdurdular. Əllərini isə masaya qoydular. Şahin pəncərələri yoxlayıb pərdələrin hər birini çəkdi və qapını kilidlədi. Körpə uşağın ağlamaq səsi dayanmaq bilmirdi. Həftələrdi müharibənin dalğalarından, yuxusuzluqdan, silah səslərindən artıq əsgərlərimizin taqəti qalmamış, başları pis ağrıyırdı. Aslan rus dilini daha yaxşı bildiyi üçün onlarla rusca danışmağa başladı. Gəlinə əmr etdi ki, uşağı yedizdirsin. Qız onların yanında körpəsini əmizdirməyə utandığı üçün digər otağa keçmək istədi. Fəqət nə rus dili, nə də erməni dilini bilməyən Polad onun masadan qalxmağa çalışdığın gördüyü an qəzəbli şəkildə qışqırdı və körpə uşaq daha da möhkəm ağlamağa davam etdi. Şahin tez tərpənərək yan otaqdan bir örtük gətirib qızın çiyninə atdı. O öz körpəsini yedizdirərkən Aslan da rabitə cihazının qırılmış tərəflərini aydınlaşdırırdı. Artıq hava alatoranlıq olmuşdu. Masaya 2 ədəd şam yandırıb qoymuşdular. Aclıq, susuzluq hissi ilə baş edə bilmirdilər daha. Şahin yaşlı qadından yemək və çay gətirməsini istədi. Qadın mətbəxə gedərkən gözünü ondan ayırmadan nəzarət edirdi ki, yeməklərinə, çaylarına nəsə qatmasın və ya kömək çağırmasın. Zalın masasından da mətbəxin içi görünürdü. Sükut halında mətbəxdə çaydanın altı yanarkən qadın stəkanları çıxarırdı. Elə bu an qəfil mətbəxin taxta qapısının arxasından  15 yaşlarında bir oğlan əlindəki bıçaqla Şahinin qoluna kəsik atdı. Hadisə elə ani baş vermişdi ki, Şahin nəyə uğradığını anlaya bilmədən qolundan açılan dərin yaranı əli ilə tuta bildi. Polad digərlərinə əsəblə silah doğrultdu. Aslan isə uşağa möhkəm bir şillə vurub onu masada otuzdurdu. Amma dəlicə hərəkətlər etməsin deyə zirzəmidən tapdıqları kəndirlə uşağın əllərini bağladılar. 

Qadının bişirdiyi kartof püresi və üzərində qaynadılmış yumurtanı çörəklərini bölərək yedilər. Gecə düşmüşdü və onlar qərar vermişdilər ki, növbə tutaraq hərəsi 1 saat yatsın. Yatmadan öncə Şahinin gözü küncə söykədilən gitaraya sataşdı. Aslan bunu görüb zarafatlaşaq dedi:

-Deyəsən, bül-bülümüz oxumaq istəyir. Gətir o gitaranı bir oxu görək beş dəqiqə də olsa könlümüz açılsın.

Şahin Aslana cavab vermədən başını oturduğu kresloda arxaya yasladı. Polad ayağa qalxıb gitaranı gətirərək, Şahinin botlarına ayağıyla yüngülcə vurub gitaranı ona uzatdı. Hələ Şahin ifa etməyə başlamadan qabaq körpə yenə ağlamağa başlamışdı. Anası uşağını sakitləşdirməyə çalışarkən Şahin gitarada melodiyanı dınqıldadaraq “The Half- Ey gözəl” musiqisini oxumağa başladı. Aslanla Polad da ona qatılaraq üçü də ürək dolusu sözlərini səslərinə tökərək bu gözəl musiqini oxudular. İşə bir bax ki, körpə uşaq da sakitcə dayanıb qulaq asırdı.. Elə içdən oxuyurdular ki, Şahin elə gözəl gitarada ifa edirdi ki, sanki bu son musiqi idi. Sanki bir daha oxuya, ifa edə bilməyəcəklər.. Musiqi bitdikdən sonra da Şahin gitarasını yerə qoyaraq aldı qələmini əlinə və şalvarının cibindən bir qara dərili dəftər çıxardaraq başladı yazmağa. Polad bunu görüb dedi:

-Nə yazırsan dəftərinə bura gələndən bəri.

 Şahin bir qədər fikirə getdikdən sonra dedi:

-Bu mənim gündəliyimdi. Bura gələndən bəri etdiklərimizi və sevdiklərimə olan məktubları yazmışam. Ancaq bir söz deyim, mənə qulaq asın, qardaşlar. Başımıza nə gələcək bilmirik. Hansımız sağ qalacayıq onu da bilmirik. Əgər içimizdən biri və ya ikisi sağ qalarsa söz verək ki, xəbərimizi digərlərinin ailəsinə o verəcək və arada gedib kömək olub, maraqlanıb, dəstək olacaq. 

Polad və Aslan bu sözlər qarşısında ürək ağrısı, ümidsizlik, çarəsizlik çəksələr də orda hər üçü bir-birinə kişi sözü verdilər. Artıq gecənin bir yarısı idi. Havadakı duman tədricən çəkilmişdi. Şahinin kəskin snayperçi gözləri mətbəxin pəncərəsindən baxarkən uzaqda olan evin içində yanan zəif işığa sataşdı. Bunu gördükdən sonra cəld silahı əlinə alaraq evin içində olan nərdivandan istifadə edərək dama çıxdı. Polad və Aslan onun təşvişini görərək onun baxdığı istiqamətə binoklla baxdılar. Ardıyca Aslan cəld rus dilində erməni ailəsinə: “Sizdən başqa bu küçədə yaşayan ailə varmı?”-sualını verdi. Yaşlı qadın qorxu içində: “Yox, bu kənddə bizdən başqası qalmayıb. Hər kəs qaçıb Ermənistana”-dedi. Qəfil damdan Şahinin səsi gəldi: “Şimal-Şərqdən gəlirlər”. Dərhal onlar evdə olan əşyaları qapı və pəncərələrə düzərək bir barrikada yaratdıqdan sonra ailəni evin içərisində təhlükəsiz bir yerdə yerləşdirib evin içərisində hər biri öz mövqeyini tutdu. Aslan binoklla düşmənə tərəf baxırdı. Düşmənlər evləri axtararaq aşağıya tərəf düşürdülər. Ermənilər bir-birlərindən müəyyən məsafədə hərəkət edirdilər, buna görə də tam dəqiq sayılarını bilmək olmurdu. Bir çaqqal sürüsü kimi axınla gəlirdilər. Ancaq çaqqallar qarşılacaqları canavarlardan bixəbər idilər. İgidlərimiz bu vəziyyəti öz xeyirlərinə çevirə bilmək üçün ilk tətiyi özləri çəkməli idilər. Şahin damdakı balaca, dairəvi pəncərədən düşməni izləyirdi. Diqqətlə nişan aldıqdan sonra barmağını snayperinin tətiyinə sıxaraq “Rahat görüş məsafəmdədilər”-deyə pıçıldadı. Polad da öz yerində pulemyotu ilə dayanmışdı. Aslan fikirə gedərək: “Yadınızdadı uşaqlıqda taxta silahlarla avtomat-avtomat oynayərkən belə bir vəziyyətə düşmüşdük. Biz üç nəfər qarşı məhlənin uşaqları isə on beş nəfər idilər”-dedikdən sonra Polad onun sözünü kəsib: “Hə, yadımdadı yaxşı gizlənmişdik. Qəfil çıxmağımızdan çaş-baş qalmışdılar”-dedi. Bunları eşidən Şahinin gözü yol çəkirdi. Uşaqlıq illəri necə gözəl idi. 

Aslan: “Hə uşaqlar, köhnə gözəl günlərdəki kimi..”, “Şığı üstlərinə, Şahin”- dedi yüksək səs tonuyla. Şahin gülümsəyərək snayperi ilə kəsintisiz şəkildə beş-altı düşməni məhv etdi. Düşmənlər Şahinin olduğu mövqeyi görə bilmirdilər deyə xaosa düşmüşdülər. Açıq ərazidə olan düşmənləri də Polad pulemyotu ilə yerə sərdi. Onu görüb hədəfləyən erməniləri də Şahin məhv edirdi. Aslan həm onlara yardım edir, həm də rabitə cihazını düzətlməyə çalışırdı.

Yağı düşmən getdikcə artır, Şahingilin mərmiləri isə azalırdı. Ermənilər dəstək qüvvə çağırmışdılar, çünki onlar sanırdılar ki, evdə bir batalyon əsgər var. Zaman Poladgilin əleyhinə işləyirdi. Atışmalar davam edərkən Aslan, nəhayət, rabitə cihazını düzəldə bildi və olduqları yerin koordinatını xəritə və kompasının köməyi ilə tapıb bir vərəqə yazdı. Düşmənin dəstək qüvvəsi pick-up maşınlarla gəlmiş və evi mühasirəyə almışdılar. Bu fürsətdən istifadə edən qoca kişi evin qapısını açaraq çölə çıxıb: “Ara, hayes”- deyə qışqırarkən ermənilər qəfil çıxan qocanı bir göz qırpımında güllələdilər. Ailə çaxnaşmaya düşmüşdü və qapının açıq olması böyük təhlükə yaradırdı. Qapını bağlamağa qaçan Aslana dəyən güllə onu ayağından bərk yaraladı, amma yenə də qapını bağlaya bildi. Poladın silahının gülləsi az qalmışdı və artıq əlləri əsirdi. O olduğu sipəri tərk edib Aslanın çağırışına gəldi. Bu zaman snayperinin gülləsi tam bitən Şahin də birtəhər halda damdan aşağı düşdü. Hər tərəfdən güllə yağırdı. Aslan gücünü toplayaraq onun sinəsindən yapışdı və şoka düşmüş, ağlını itirmiş Poladı silkələyərək  özünə gətirdi. O özünə gəldikdən sonra Şahin və Aslan bir-birilərinə baxdılar. İkisi də eyni anda sinələrində daşıdıqları məktub, günlük və şanlı bayrağı çıxararaq Polada təhvil verdilər. Aslan təbəssümlə dedi: 

-Məni başa düşdük, sənə nə olub, Şahin?

Şahin isə səssizcə uniformasını çəkərək güllə yarası aldığı sinəsini göstərərək dedi:

-Qismətimizdə birlikdə ölmək varmış, Əliyev. 

Bunu eşidən Polad məsələni anladı. Həyəcan və təşviş içərisində başını sağa-sola edərək: “Yox, sizsiz heç hara getmirəm. Yox, yox, olmaz”-deyə inkar etdi. Aslan divara söykədiyi rabitə cihazını və yazdığı koordinatla, mərkəzin frekans kodunu ona sarı uzatdı:

-Biz ikimiz bu halda heç hara gedə bilməyəcəyik. Onların əlinə sağ düşməkdənsə, ölməyimiz daha yaxşı. Sən nə etməli olduğunu bilirsən, buranı cəhənnəmə döndər, Polad Səfərov.

Polad son bir ümidlə Şahinə tərəf baxdı. Lakin Şahinin də gözündə eyni qətiyyət var idi. Aslan davam edərək: “Ona baxma, bilirsən ki, məndən də tərs adamdı.”-dedi.

Ermənilər artıq atəşi kəsmişdi. Güllələrinin bitdiyini çox yaxşı bilirdilər. Olduqları sipərlərdən çıxaraq evə tərəf alçaq gülüşlərlə yaxınlaşırdılar. Şahin dilləndi: 

-Aslan, beynində nə varsa indi tam vaxtıdır. 

Aslan ön cibindən tüstü bombasını çıxardıb düşmənin görmədiyi arxadakı hamamın pəncərəsdən ataraq həmin çıxışı təhlükəsiz və görünməz hala gətirmişdi. Poladın və geridə qalan ailənin həyatı bu hesablı plana bağlı idi. İkisi də Poladla halallaşaraq dedilər: “Bu şanlı missiyamızı sən bitirməlisən. Yaşa, Polad! Bizim üçün yaşa”Polad rabitə cihazını götürərək ailə ilə birlikdə arxa pəncərədən çıxdı. Var gücləri ilə meşəliyə doğru qaçdılar. Polad qaçarkən iki əl atəş səsi eşitdi. Bu səsi eşitdikdən sonra ayağının altındakı yer çəkildi, başının üstünü qara buludlar aldı. Evə sarı dönərək dizlərini yerə qoyaraq və rabitə cihazının 44.10cu kanalını seçərək qışqırmağa başladı: “Danışan dördüncü bölükdən pulemyotçu Səfərov Poladdır. Artilleriya dəstəyi istəyirəm. Koordinatlar: 39º41`57`şimal 46º50`36şərq. Təkrar edirəm, artilleriya dəstəyi istiyirəm.Koordinatlar: 39º41`57şimal 46º50`36`şərq.” 

Poladın cəhdləri uğursuz idi və qarşı tərəfdən heç bir səs gəlmədi. O gözündən yaşlar axarkən, sancan ürəyini tutaraq evə tərəf ümidsizcə baxırdı. Gözünün önündən onlarla birgə böyüdüyü uşaqlıq illəri keçirdi. Son zamanlar araları dəysə belə yenə də burda qardaşlığı xatırlamışdılar. Belindən son bir gülləsi qalan tapancasını çıxardaraq çənəsinə doğru tutdu. Silah yoldaşlarının son arzusunu yerinə yetirə bilməməsi həyatı ona dar edirdi. Barmağı tətikdə sıxılı şəkildə şəhadət gətirirdi. Bu zaman rabitə cihazından xışıltı eşidildi: “Dördüncü bölük, bura mərkəz, səni eşidirik. Pulemyotçu cavab ver. Bura mərkəz səni eşidirik”. Polad əlindəki tapancanı yerə ataraq tez dəstəyə yapışıb yenidən: “Mərkəz, artilleriya dəstəyi. Koordinatlar: 39º41`57`şimal 46º50`36`şərq.”- dedi. Mərkəz cavabladı: “Artilleriyamız məşğuldur. Olduğun yerdə qal və dəstək gələnə qədər gözlə”. 

Polad dedi:

-Düşmən Mədətkənd istiqamətindədir. Mənə bu korrdinatları rabitəçi Aslan Əliyev vermişdir. Tağım kodumuz A8-557. Koordinatlar: 39º41`57`şimal 46º50`36`şərq

Mərkəz:

-Qəbul, artilleriya dəstəyi göndərə bilmir. Təkrar edirəm. Qəbul..

Bu zaman anidən frekansa üçüncü bir şəxs qoşuldu:

-Diqqət. Mərkəz, danışan bayraktar B9-dır. Verilən koordinatlar üzərinə hücum etməyə hazırıq.  Verilmiş korrdinatlarda düşmən mövcudluğu təsdiq olunur. 

 -Qəbul, B9. Hücum icazəniz var. 

 Saniyələr sonra Poladın baxdığı mövqe cəhənnəm atəşi kimi par-par parıldadı. Bayraktarın vurduğu sarsıdıcı zərbənin dalğası hətta Poladı belə yerə yıxdı. Bayraktar B9-un səsi gəldi:

-Koordinatdakı düşmən məhv edildi. Evə qayıdırıq.

 

Poladın missiyası bitmişdi. Eyni zamanda milli ordumuz şanlı zəfərini çalmışdı. “Qarabağ Azərbaycandır!” Şüarları bütün ölkədə dəmir yumruqla birgə səslənirdi. Xalqımız artıq qalib idi. Bu yolda 44 gün boyunca neçə-neçə oğullarımız yaralanmış, şəhid olmuş ancaq yenə də geri çəkilməmişdilər. İntiqam alınmış, Zəfər çalınmışdı. Allah şəhidlərimizə rəhmət etsin. Yaşasın, Azərbaycanın şanlı ordusu! 

Polad üstünə düşən son vəzifəni yerinə yetirmək üçün keçmiş məhəlləsinə getdi. Binaya girib ikinci mərtəbəyə- Aslanın evinin qarşısında dayanarkən dik durmaqda çətinlik çəkirdi. Çünki bir zamanlar məhəlləyə oynamağa çağırmaq üçün döydüyü bu qapını indi şəhid xəbəri üçün döyməyə hazırlaşırdı. Cibindən Aslanın məktubunu çıxardıb bayrağın üzərinə qoyaraq cəsarətini toplayıb, qamətini şux etdi və qapını döydü. Dostunun anası və atası qapını açıb qarşılarında gördükləri mənzərədən artıq anlamışdılar. Atası bayrağı və məktubu götürdü. Anasının dizləri bükülərək, fəryad edirmişcəsinə yerə yıxılarkən Polad buna icazə verməyib onu qucaqladı. Bu səhnəni görmək o qədər ağırdır ki, insanın boğazı düyümlənir. Ananın fəryadları ərşə ucalmışdı...

Başını dik tut, şəhid anası, çünki oğlun qəhrəmandır. Çünki oğlun ölməzdir.

Bir qədər keçdikdən sonra anası Poladdan məktubu oxumağını istədi:

“Bilmirəm, içimdəki hisləri və əlimdə tutduğum vərəqə nə yazacağımı. Bilmirəm, müharibənin hardasa 20-21 ci günündəyik, Kamil atılan qrad raketinin yaydığı dalğadan şok vəziyyətində, şüursuzca qabağa atıldı ağır yaralandı. Onu ilk gələn sanitarkayla birliktə geriyə yolladıq. Düşmənin əks-hücumu bu səfər baha başa gəlmişdi. Gözləmirdik. Pusunu qurduqları yer bizim rahat düşdüyümüz yer idi. Onların orada olacağını bilmirdik. Əlim əsir, yaşadıqlarımı həzm edə bilmirəm, soyuqdu. Amma ən çox üşüdən hərb yoldaşımın yaralanarkən qışqırdığı fəryad səsləri və dayanmadan digər bölüklərdən gələn bəd xəbərlərdir. Bilmirəm, nə və niyə yazdığımı. Bilmirəm. İrəliləyirik, sanki, irəlilədikcə ölûmün yaxınlaşdığını hiss edirəm. Çətindi, ağırdı hər şey. Uşaqlıqda taxta silahlarla oynadığımız "Döyüş" oyunlarına bənzəmir. Ən maraqlı anlarda anamızın evin pəncərəsindən evə yeməyə çağırdığı oyunlara. Ana, yalvarıram sənə, məni yenidən çağır, səslən, mənə soyuğdu, mən artıq bu oyunu istəmirəm, ağrıdır ana. Kamili sən də tanıyırdın, Yasəmən xalanın oğlu Kamil. İndi onu qolsuz vəziyyətdə tibb maşınına qoyduq. Səsi qulağımdan, titrəmə bədənimdən çıxmır. Amma sən narahat qalma, gücümüz hələ də yerindədi. Qazandıqca, irəliyə getdikcə özümüz də gücün artığını hiss edirik. Burdan dönüş yoxdur. O torpaqlar alınacaq. Günahsız canların, günahsız körpələrin intiqamı alınacaq. Bilirəm ki, mənə nə olsa da sən məni sevgiylə qarşılayacaqsan. Başını qəti əymə. Tək sən varımsan, bağışla, yanına bir yar qoya bilmədim, sevdiyim və sinəmdə şəklini saxladığım qönçə artıq başqasınındı, ana. Sən narahat qalma, sağ-salamat qayıdacam və seçdiyinlə evlənəcəm, mənə söz verdiyin bəy kastyumunu da unutmadım. Ürəyin rahat olsun, sevdiyim qızın halallığını qəlbimdə, bu döyüşlərdə o cavan oğlana verdim. Öz sevdicəyi olan İsmayılova. Təsadüfə bax, bir bölüyə düşdük. Çox şey yaşadıq, ana, çox qan gördük, şəhid qardaşlarımızı bir daşıdıq, sinəmizlə sipər olduq bir-birimizə. Halallığını verdim ana. Əgər işdi qayıtmasam, qıza mənim əvəzimdən xoşbəxtlik dilə. Sən və atam qəti mənim üçün narahat olmayın. Bilin ki, qayıtmasam da mən savaşdım. Halal edin haqqınızı!”...

Polad eyni məhəllədəki digər binaya girərək Əsmərin qapısını döyməyə getdi. Bu səfər taqəti qalmamışdı. Onun pis halını görmək bir əzab kimiydi, fəqət başqa şansı yox idi. Bayrağı və gündəliyi çıxardaraq qapını döydü. Qapını elə Əsmərin özü açdı. Poladı görən an sevinən qız həyəcanla:

-Polad, nə yaxşı şükür Allaha sağ-salamatsan. Xəbərlərə baxan an keçirdiyim qorxuları inan başa sala bilmərəm də. Neçə gündü yata bilmirəm. Çox şükür.. Şahin harda bəs? Gəlirmi? Yüz faiz sürpriz eləmək üçün səndən sonra gəlir hə? Mavi rəngdə qızılgül buketiylə, elədimi?

Poladın gözləri dolarkən dili söz tutmurdu. Əsmər onun bu halını gördükdə təlaş və qorxu onun ürəyini sancmağa başladı. Səsi titrəyərək sual verdi: 

-Aslan. Aslan da qayıtdı? O hardadı? Şahin və Aslan hardadı, Polad? Cavab ver. İkisi də yaxşıdı da, elədi? Üçünüz birlikdə gedib birlikdə də qayıtdınız bu hərb savaşından. Hə? Niyə susursan? Niyə ağlıyırsan? 

Polad tək bircə söz deyə bildi:

-Əsmər, məni bağışla.

Əsmər əlini başına qoyub yerə çöküb hıçqırtılar içində ağlayarkən Polad ayaqüstə tərpənməz halda donub qalmışdı və ona dəstək ola bilmirdi. Çünki sağ qaldığı üçün vicdan əzabı çəkirdi. Ürəyini sanki parçalayıb bir alova atmışdılar. Nə deməyə söz qalmışdı, nə də ediləcək bir şey. Əsmərin nəfəsi kəsilənə qədər qışqırıb ağlamasına dözə bilməyən Polad onun yanına çökərək onu elə yerdəcə möhkəm qucaqladı. Bu ağrı insana dik durmağa imkan vermirdi çünki..

Əsmər və Polad daha sonra ikisi birlikdə bu acı xəbəri Şahinin ailəsinə verdikləri zaman bir daha ölmüşdülər sanki. Şəhid analarının fəryadı göyün 7 qatını yarıb keçərək kainatı lərzəyə gətirmişdi... 

Bu hadisənin üzərindən 40 gün keçdikdən sonra Əsmər və Polad Şəhidlər xiyabanına gəlmişdilər. Polad uzaqda dayanmış Əsməri kənardan izlərkən o əlindəki qərənfilləri iki yanaşı məzara-Əliyev Aslanın və İsmayılov Şahinin məzarına böldü. Onların önündə durub qara mərmərin üzərindəki şəkillərinə baxarkən gözyaşlarını saxlaya bilmədi. Həyat o qədər kədər dolu idi ki, daşıya bilməyəcəyi qədər yükü qoymuşdu onun çiyinlərinə. Üzünü arxaya çevirib əli ilə Poladı çağırdı. O gəldiyində sözə başladı:

-İçində vicdan əzabı çəkdiyini, üzlərinə baxa bilmədiyini bilirəm, Polad. Ancaq inan mənə, mən orda olmasam da onların necə inadcıl, tərs olduqlarını bilirəm. Cəsarətlərinə də şahidəm. Onlar əgər bunu istəyiblərsə bu da düzgün olan idi. Sən onları vaz keçirə bilməzdin və əgər sağ qalmasaydın, indi bəlkə də məzarları belə yox idi... Bəzən ürəyimi söküb atmaq və bu acıya son vermək istəyirəm. Şahinin yazdığı günlüyü hər gün oxuyuram. Çox darıxıram. Ondan mənə geriyə qalan tək şeydi. Düzdür, xatirələrimiz, şəkillərimiz var. Amma sanki yaşadıqlarınızı oxumaq məni də oraya aparır. Aslan isə hər zaman istəyirdi ki, özündən geriyə izlər qoyub tarixə düşə bilsin. Demək ki, onun qismətində adını qızıl tarixə yazdırmaq varmış. Onlar qəhrəmandı. Ölməz mələkdilər. Özünə zülm etmə və onların xətrinə..

Polad sözünü kəsərək dedi:

-Onların xətrinə yaşamağa məcburuq. Hər dəfə bu məzarları güllərlə doldurmağa və yaş saxlamağa da.. 

İkisi də onların ruhuna dualar oxuyub yavaş addımlarla Şəhidlər xiyabanından çıxdılar...

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2024)

 

Xalq yazıçısı Mövlud Süleymanlının ümumi vəziyyəti ağırdır.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

Qeyd edilib ki, o, süni tənəffüs aparatına qoşulub, huşsuz vəziyyətdədir.

"Hemodinamik göstəriciləri stabildir, kompüter müayinəsi olunub, müsbət dinamika qeyd olunur", - deyə əlavə edilib.

Qeyd edək ki, Mövlud Süleymanlı fevralın 15-də insult keçirib və həmin gün Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

 

Özbəkistan Respublikası Kinematoqrafiya Agentliyi Azərbaycan Respublikası Kino Agentliyinin direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlunu “Kino fədaisi” medalı ilə mükafatlandırıb.

 

Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı Orxan Fikrətoğlunu təbrik edib və ondan ARKA-ya rəhbərlik etdiyi 4 ay ərzində gördüyü işlər barədə bilgi verməyi xahiş edib. 

-Orxan bəy, ARKA-ya rəhbərlik etdiyiniz 4 ay ərzində gördüyünüz işlər barədə bilgi verməyi sizdən xahiş edirik. 

-Bu 4 ayda az iş görməmişik. Ssenari lobaratoriyası yaratdıq. Dünya çaplı Türkiyəli  ssenarist və rejissor Semih Kaplanoğlunu lobaratoriyaya rəhbər təyin etdik. Özbəkistan və Türkiyə ilə 3 mövzu üzrə memorandum imzaladıq. Bu il 3 müştərək film çəkiləcək. Gənclərə heç zaman mövcud olmayan 16 film çəkmək şansını yaratdıq.

Müsabiqə qalibi olan 11 film fevralın sonu istehsalata buraxılır. Prodüsser kursları açdıq. 30-a yaxın yeni kadr yetişdiririk. 2022-ci ilin borclarını ödədik. Mərhum Şamil Mahmudbəyovun başdaşını bərpa etdik. Tələbə Gənclər festivalını təsis etdik. “Postprodakşn" dövründə olan bütün layihələrin müraciətini bu ildən dəyərləndiririk. Keçən il üç beynəlxalq festival keçirdik. Bu il isə artıq beş festival keçirməyi düşünürük. TÜRKSOY-la, TRT ilə sazişlər imzaladıq. Apelyasiya komissiyası yaratdıq. Ssenarilərin inkişaf proqramını təsis etdik. Prodüsser gildiyasını canlandırdıq. Özəl sektoru, prodüsser şirkətlərini stimullaşdırdıq. Akademik musiqi camiyyəsinə aid olan üç sənədli filmin qalasını keçirdik. Hadrut və Tağıyev layihələrini maliyyələşdirdik. Animasiya və qeym sektorunu şəkilləndirdik. ARKA -nın daxili strukturunu yenidən qurduq. Film istehsalını tam olaraq özəl sektora ötürdük. Qanunvericilikdə dəyişikliklərin olması üçün dövlət strukturları ilə işə başladıq. ARKA-nın bədii şurasını, seçim komissiyasını yaratdıq. Statistika saytını təsis etdik. Və sairə və ilaxir. 

-Həm də müəyyən maneçiliklərlə üzləşdiniz. 

-Bəli. Ən əsası, bizə qarşı olan açıq və gizli təzyiqlərə rəğmən mükəmməl və yeni vahid şəffaf kino idarəçiliyi modelini yaradırıq. Nəticələr də olacaq. İstehsal münasibətlərinin bərpası, milli məzmunlu universal ssenari axtarışı, istedadlı müəlliflərin tapılması, yetişdirilməsi və kino camiyəsinin sənayeləşməsi əlbəttə ki, bizdən zaman istəyir. Biz isə zamanın fövqündəyik. Və bunu bilirik. Milli kino bizim üçün peşədən daha böyük məna daşıyır. Kino bizim üçün həm yumşaq siyasətdir, həm ideoloji həqiqətdir. Həm sənətdir. Həm də həyat hekayələrimizin təşviqidir. Yeni və istedadlı mühit, şəffaf idarəçilik modeli ən yaxın bir zamanda öz  bəhrəsini verəcək. Mən buna inanıram.

-Sizə uğurlar!

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Sankt-Peterburqun Mariinski Teatrında Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş etdirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən məlumat verir. 

 

Balet Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, tanınmış xoreoqraf, həmyerlimiz Eldar Əliyevin quruluşunda səhnələşdirilib. Mariinski Teatrının simfonik orkestri və xorunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Azərbaycanın Əməkdar artisti Əyyub Quliyev idarə edib. Baletdə ilk dəfə olaraq Şəhriyar rolunu Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edib. Dahi bəstəkar Fikrət Əmirovun əsrarəngiz musiqisi, səhnə ustalarının təkrarsız ifası Rusiyanın Şimal paytaxtının sənətsevərləri tərəfindən sürəkli alqışlarla qarşılanıb.

 

Tamaşadan sonra gecədə fəxri qonaq qismində iştirak edən Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov, Macarıstanın baş konsulu Viktor Sederkeni və Tacikistanın baş konsulu Xomidcon Nəzəri xoreoqraf Eldar Əliyevi, dirijor Əyyub Quliyevi və teatrın solistlərini səhnə arxasında uğurlu çıxışları münasibətilə təbrik ediblər. Baş konsul Sultan Qasımov Fikrət Əmirovun dahi əsərinin yeni quruluşda Rusiyanın aparıcı teatrının səhnəsində ifa edilməsini mədəni əlaqələrin inkişafında mühüm hadisə adlandırıb.

 

Sultan Qasımov Mariinskiy Teatrının rəhbərliyinə və yaradıcı kollektivinə Azərbaycanın dünyaşöhrətli bəstəkarı Fikrət Əmirovun ölməz “Min bir gecə” əsərini yenidən uğurla canlandırdıqlarına görə dərin minnətdarlığını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.