Xalq şairi Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə Sədyar Vəzifə Eloğlunun “Arxada qalan illər” (Hüseyn Arif ilə şeirləşmələrim və xatirələr) kitabı nəşr edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 104 səhifəlik kitabın tərtibçisi, elmi redaktoru və ön sözünün müəllifi AMEA-nın Nizami Cəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qəndab Haqverdi Əliyevadır.
Kitabda Cənubi Azərbaycanda yaşayan, istedadlı şair və tədqiqatçı Sədyar Vəzifə Eloğlunun Azərbaycanın görkəmli şairi, mərhum Hüseyn Arif ilə olan mənəvi dostluq və ədəbi yaradıcılıq əlaqələrini əks etdirən xatirə və şeirləşmələri yer alıb.
Böyük Şəhriyarın “Heydərbabaya salam” poemasının sərhədləri aşması ilə dilə gələn yüzlərlə qələm əhlinin həsrət poeziyası və bir də bu poeziyanın Azərbaycanın Şimal və Cənubu arasında şeirləşmə forması yarandı. Bu, Gülüstan müqaviləsi bağlanandan bəri o tay bu tay arasında başlanan məktublaşma ənənəsinin bir növ davamı idi və o deməkdir ki, Azərbaycan aşıq ədəbiyyatında olduğu kimi məktub ədəbiyyatında da Azərbaycan şairləri biri-birinin üzünü görmədən, ancaq əsərlərilə tanışlıq əsasında şeirləşir, ünsiyyət yaradırlar və ədəbi mühitlərinə belə səmimilik yaradan təsirlər buraxırlar.
“Arxada qalan illər” Azərbaycan poetik epistolyar ədəbiyyatına aid nəşr olunan ilk kitabdır.
“Ədəbiyyat və incəsənət”
(20.05.2024)