TÜRKSOY-un Prezidenti, Qırğız yazıçısı Sultan Rayevin “Dəlixana”sı təqdim ediləcək Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Mayın 23-ü saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Qırğızıstan Xaq yazıçısı Sultan Rayevin “XAN Nəşriyyatı”nda çap olunmuş “Dəlixana” romanının təqdimatı keçiriləcək.

 

Bu kitab Azərbaycan Ədəbiyyat Fondu və Hədəf Şirkətlər Qrupunun birgə layihəsi olan “Türk xalqları ədəbiyyatı” seriyasının ilk kitabıdır. Layihə rəhbərləri Hədəf Şirkətlər Qrupu, eləcə də Azərbaycan Ədəbiyyat Fondunun baş direktorları Şəmil Sadiq və Varisdir.

 

Azərbaycan Ədəbiyyat Fondundan aldığımız  məlumata görə, sözügedən romanın tərcüməçisi Aysel Oğuz, redaktorları Yunus Oğuz və Cavid Qədirdir. 

Qeyd edək ki, tədbirdə Azərbaycan ədəbi və elm cameəsinin tanınmış simaları iştirak edəcəklər.

Giriş sərbəstdir.

Əlavə məlumat üçün bildirək ki, romanda yüzlərlə il əvvəl ölmüş tarixi şəxsiyyətlərin ruhunu daşıyan yeddi nəfərin başına gələnlər təsvir olunur. Onlar həm özlərinin, həm də ruhunu daşıdıqları şəxslərin yol verdiyi günahların cəzasını çəkirlər.

Əsərin qəhrəmanları özlərindən də, cəzadan da qaçmaq üçün çöllərə düşür, Müqəddəs  torpağın axtarışına çıxır, Musa peyğəmbərin ardıcılları kimi səhrada dolaşmağa başlayırlar...

Bəşər övladının ruhu da, əzabı da əbədidir. Bədən dünyanı tərk etsə də, ruh cəzasını başqa bədənlərdə çəkməyə davam edir.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.