Mayın 20-dən 26-dək Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “II Bakı Müasir Musiqi Günləri” festivalı keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festivalda yerli musiqiçilərlə (Cadenza Orchestra, BCMS Ensemble) yanaşı, Avstriya, Almaniya, Macarıstan, Norveç, ABŞ və Rusiyadan dəvət olunmuş ifaçıların da iştirakı nəzərdə tutulur.
Festivalın proqramı səhər, gündüz və axşam sessiyalarından ibarətdir – konsertlərin hamısı ictimaiyyət üçün açıqdır. Həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Beynəlxalq Muğam Mərkəzində ustad dərslərinin, seminarların və mühazirələrin keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda, Beynəlxalq Muğam Mərkəzində və Muzey Mərkəzində “Portretlər” adlı yaradıcılıq gecələri keçiriləcək. Festivalın hər bir günü ya Beynəlxalq Muğam Mərkəzində, ya da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında axşam konserti ilə başa çatacaq.
“Ədəbiyyat və incəsənət”
(20.05.2024)