Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı elə bu ayda Beynəlxalq Rəsul Rza Mükafatına layiq görülən sevimli xanım şairimiz Aysel Xanlarqızı Səfərlidir.
-Xoş gördük, Aysel xanım, uğurlarınız davamlı olsun!
Şairlər və qəhrəmanlar bir tayfadır. Onların arasındakı fərq ideya və əməl arasındakı fərq kimidir. Qəhrəmanlar şairlərin seyr etdiklərini həyata keçirirlər. (Alfons de Lamartin)
Aysel xanım,şairlərin təxəyyülü həmişə zəngin və məşğuldur.
Təxəyyüllərindəki obraz, hadisələr şairlərin dilinə- qələminə üz tutur.
Aysel xanım da İlahi istedad ilə dünyaya göz açanlardandır.
Aysel xanım, elə bu an üçün söyləsək ki: " Sevdiyin şeiri gəl mənə söylə."
Bizə hansı şairimizdən şeir söyləyəcəksiniz?
-Təşəkkür edirəm, Ülviyyə xanım... Diqqətiniz üçün minnətdaram.
Sevdiyim şeirlər çoxdur, amma bu gün (19.05.2024 - red.) sevimli şairimiz Rəsul Rzanın doğum günüdür və onun adına olan dəyərli mükafat bu il mənim da qismətim olub... Onun sevdiyim şeirlərindən birini yada salaraq şairi böyük sayğı və sevgiylə anmağı özümə borc bilirəm :
DƏNİZİN YURDU
Yol!
Elə bil, tozlu kəndir asılıb
görünməyən ulduzdan.
Gün doğmamış yola çıxdıq.
Gün batabatdır indi,
neçə yoxuş, neçə kənd qalıb hələ
yolumuzda.
İldırım vurmuş qayanın
dik divarında yubandı qürub.
Hər balıqqulağında
bir qığılcım oldu
çıldır-çıldır.
Xəyalıma axdı
dənizin maviliyi
gözlərimdən süzülüb,
qəlbimdən keçib.
Gördüm qayada
dənizin ləpirlərini.
Nə zamansa, dəniz,
burdan köçüb.
1965
“Ədəbiyyat və incəsənət”
(20.05.2024)