Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Qardaş Türkiyədən növbəti müsahibim dəyərli yazar Fulya Kılıçlı xanımdır…
-Salam xanım Fulya Kılıçlı! Necəsiniz? Zəhmət olmasa öncə özünüz haqda azərbaycanlı oxuculara məlumat verərdiniz.
-Təşəkkürlər! Azərbaycandakı qardaşlarımla müsahibə yolu ilə görüşməyimə çox şadam.
1965-ci ildə Ankarada anadan olmuşam. İbtidai, orta və universitet təhsilimi Ankarada tamamladım. T.R. Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyindən təqaüdə çıxmışam. Ailəliyəm, iki uşaq anasıyam.
“Sağlamlıq və rahatlıq “xoşbəxtlik” deməkdir” həyat fəlsəfəsinə inandığım üçün sağlam qidalanma və rahatlığı həyatımın mərkəzinə qoyaraq yaşamağa üstünlük verirəm.
“Mutlu Bir Tebessüm İçin Geçmişe Yolculuk,” “Hayat’a Dair” və “Yüreğinize Dokunabilir Miyim?” adlarında üç kitabım vardır.
-Ədəbiyyata marağınız nə zaman və necə başladı?
-Bu, klişe kimi səslənə bilər, amma özümü tanıdığımdan bəri yazıram. Sevincimi yazıram, kədərimi yazıram, xoşbəxtliyimi yazıram, yəni mənə təsir edən müsbət və ya mənfi hər şeyi yazıram. Çünki yazmaqla rahatlaşıram. Ona görə də uşaqlıqdan gündəlik tutmuşam. Deməli, yazmağa marağım uşaqlıq illərindən yaranıb.
-Əsərləriniz mövzusu barədə məlumat verə bilərsinizmi?
-Sağlam qidalanmaya önəm verirəm. Çünki sağlam fərdlər sağlam cəmiyyət yaradırlar. Ona görə də bu barədə təlim alıb və repertuarımı yeni məlumatlarla təkmilləşdirib qidalanma ilə bağlı daha geniş auditoriyaya çatmağı qarşıma məqsəd qoymuşdum. Və bu məqsədimə çatmaq üçün kitab yazmaq qərarına gəldim. Amma verəcəyim məlumatlarla oxucularımı bezdirməmək üçün kitabıma məzəli uşaqlıq xatirələrimlə yanaşı kiçik hekayələri də əlavə etdim. Beləliklə, oxucularım gülərkən və düşünərkən, kitab boyunca səpələnmiş qida məlumatlarından da faydalana bildilər. İlk kitabım "Mutlu Bir Tebessüm İçin Geçmişe Yolculuk" belə qarışdırıldı.
İkinci kitabımda əhatə dairəsini daha geniş tutaraq oxucularımın zövq alacağı həyat haqqında məlumat vermək istədim. Gündəlik tutmağın vacibliyini vurğulamaq üçün uşaqlarımın gündəliklərindən sitatlar da paylaşdım. Çünki xatirələr yazmaq, gündəlik saxlamaq şərtdir. Necə ki, Andre Gide demişkən, “Memuar yazmaq ölümün əlindən bir şey xilas etməkdir”. Mən də özümə görə nə qurtarıramsa kar edər deyə yazıram və bundan sonra da yazmağa davam edəcəyəm.
Təcrübələrimə əsaslanaraq üçüncü kitabımda sevgi, güvən, dürüstlük, aldatma, yalan kimi hər kəsə dərindən təsir edən məsələlərə şəxsi baxışlarımla mənə təsir edən hekayələri və şeirləri paylaşaraq oxucularımın qəlbinə toxunmaq istədim…
-Türkiyədə mütaliə səviyyəsindən razısınızmı?
-Bəli, razıyam.
-Ənənəvi ya digital kitaplara üstünlük verirsiniz?
-Ənənəvi kitablara üstünlük verirəm, amma hesab edirəm ki, rəqəmsal kitablarla daha geniş auditoriyaya çatmaq olar. Ona görə də həm ənənəvi, həm də rəqəmsal kitablar mənim üçün çox dəyərlidir.
-Ən çox sevdiyiniz yazar kimdir və onunla görüşmək imkanınız olsaydı ona sualınız nə olardı?
-Müəlliflər arasında bunu daha çox sevdiyimi deyə bilmərəm, çünki oxuduğum hər kitabın müəllifi ilə bir bağ qururam və onu sanki ailəmdən biri kimi sevir, bağlanıram. Amma təbii ki, bəzi yazıçı və şairlərdən daha çox təsirləndiyimi deyə bilərəm.
Məsələn, şairlərdən; Mehmet Akif Ərsoy, Orxan Vəli Qanıq, Can Yücəl, Camal Sürəya, Özdəmir Asəf, Xəlil Cübran, yazarlardan da, Xalidə Ədib Adıvar, Oğuz Atay, Səbahəddin Əli, Dostoyevski və Tolstoy’dan təsirləndiyimi deyə bilərəm. Tolstoyla tanış olmaq imkanım olsaydı, ondan insan xarakterini necə bu qədər mükəmməl təhlil etdiyini soruşardım.
-Azərbaycan ədəbiyyatını izləyirsinizmi?
-Mən əksər məsələlərdə qardaş və əziz Azərbaycanı izləməyə çalışıram. Amma Azərbaycan ədəbiyyatı deyəndə ağlıma ilk gələn Füzuli və Nəsimi olur.
-Yazarlara hansı tövsiyələriniz vardır?
-Yazmaq daxildən gələn bir hissdir və insanda bu istedad varsa, bir yolunu tapıb üzə çıxacaq. Ona görə də özümü başqa yazıçıya məsləhət verəcək vəziyyətdə görmürəm. Məsləhət verməkdənsə, özümdən misallar çəkə bilərəm. Məsələn, mən yazanda oxucumla söhbət edirmiş kimi yazmağa, səlis və səmimi olmağa, darıxdırmadan əyləncəli şəkildə məlumat verməyə, insanları güldürərkən düşündürməyə üstünlük verirəm.
Nəhayət, bütün yazarlara, oxuculara salamlarımı çatdırıb “Qələm qılıncdan güclüdür” atalar sözü ilə bitirmək istəyirəm.
“Ədəbiyyat və incəsənət”
(21.05.2024)