“YÜK” – Orxan Fikrətoğlunun film ssenarisi (8-ci paylaşım) Featured

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

YÜK

 

Tammetrajlı bədii filmin ssenarisi

 

8

 

Azərbaycanla Ermənistan arasındakı sərhəd keçid məntəqəsi.

Məntəqənin inzibati binasının üstündə üç bayraq dalğalanır. Rusiya, Ermənistan və Azərbaycan bayraqları. Rusiya sülhməramlılarının iştirakı ilə Elşadı bir erməni mülki əsirlə dəyişdirirlər.

Baronessa Van de Kertxof da buradadır. O, Elşadı şəxsən müşayiət edir.

Prosedur zaman apardığından Elşadın baronessa ilə son dəfə danışmaq imkanı yaranıb.

Elşad: – Atam sizə amanatdır ha... Sizə inanıb bu addımı atıram! Məni aldatmayın.

Baronessa: – Ermənilər atanızın itdiyini iddia edirlər. Güman edirəm, yalan deyirlər. İşə ATƏT rəsmiləri də qarışıb. DNK sənədini də özüm oxumuşam. O sümüklər sizin atanıza aiddir. Arxayın olun. Tapıb mütləq Bakıya göndərəcəyəm. Gedib götürərsiniz! Atanızın sümükləri sizdən başqa kimə lazımdır?

Elşad: – Bəlkə geri qayıdım? Əsirlikdə qalıb gözləyim?

Baronessa: – Siz nə danışırsınız? Zorla onları razı sala bilmişəm. Siz onlar üçün bilirsiniz nə sərfəli kart idiniz?! Adınızı da artıq qoymuşdular “goreşən müsəlman”. Sizi ya öldürəcəkdilər, ya da razı salacaqdılar! Bunu anlamırsınız?

Nəhayət, Elşadla erməni əsirin dəyişdirilməsi proseduru başlayır.

Azərbaycan tərəfdən erməni əsirini müşayiət edən heyət körpünün yarısına qədər gəlib erməni əsgərləri ilə gələcək Elşadı gözləyir.

Elşad baronessaya sarılır.

Baronessa da Elşadı qucaqlayır.

Elşad: –  Atamı gözləyirəm!

Baronessa: – Sizə mənim adımdan zəng vuracaqlar. O adama güvənin!

Erməni hərbçiləri Elşadı baronessadan ayırıb körpüyə tərəf aparırlar.

Əsirlərin körpüdə dəyişdirilməsi baş verir.

Azərbaycanlı əsgərlər Elşadın qoluna girib onu təpəcikdə gözləyən maşınlara tərəf aparırlar.

Əsgərlər Elşadı maşınlardan birinə oturdurlar.

Maşınlar Azərbaycan bayrağı dalğalanan dağlara doğru irəliləyir.

Elşad maşının açıq pəncərəsindən çevrilib nigaran-nigaran geriyə baxır...

 

 

***

 

Hərbi hospital.

Elşad xüsusi hərbi xalatda çarpayıda uzanıb.

Anası çarpayının bir kənarına qoyulmuş kətil üstə oturub qayğılı baxışlarla tavana baxır.

Bir qıraqda Elşadın bacısı səssiz-səssiz ağlayır.

Ana üzünü qızına tutsa da, sözlərini Elşada deyir: – Qardaşın atanı aparıb dünyanın düz vaxtı verib erməniyə, qayıdıb gəlib üstümə, ay qızım. Mənim yerimə də ağla, ürəyimi boşalt! Mən anayam, ağlaya bilmərəm! Uşağımın ürəyinə dəyər! Necə ağlaya-ağlaya deyim ki, oğlum atasını Qarabağda itirib? Kimə deyim? Başıma haranın daşını salım?

Elşad: – Bəsdir də, ay ana! Dedim ki, atamı göndərəcəklər.

Ana: – Gedib dağ boyda kişini qoyub ermənidə, hələ bir səsi də çıxır e. Yoxdur dədən daha, a bala. Varsa hanı? Hardadır? Ay Qafar... Gör hay verir... Sağ deyil ki, özü zəng vurub deyə filan yerdəyəm. Gəl məni basdır. Bir yığın sümükdür də... dili var biçarənin?

Elşad: – Göndərəcəklər dedim!

Ana: – Erməni sənə atanı göndərəcək? Gərək əlindən buraxmayaydın. Sənə amanat idi biçarə!

Elşad: – Mən nə edə bilərdim... Ağdama adam buraxmırdılar. Mən də gizli yollarla özüm keçdim Qarabağa. Sonrası da belə oldu da! Əsir düşdüm.

Elşadın bacısı ağlamağını kəsib ayağa qalxır. Əyilib Elşadın üzündən öpür: – Yaxşı daha, çox üzmə özünü. Bir az dirçəl, görək sonrası nətər olur? Uzaqbaşı özüm gedib taparam atamı!

Anası da qızının sözlərindən sonra ayağa qalxıb Elşadın alnından öpür: – Məni bağışla, ay bala. Çox pisəm. Danışığımı da bilmirəm. Ölüb ölümdən qayıtmısan. Atan onsuz da ölmüşdü də. Daha neyləyək? Elə bilərəm ki, heç bu hadisə olmayıb! Atan elə bir dəfə ölüb! Biz də hamı kimi aparıb basdırmışıq. Sən də ayağa duran kimi işinə çıx. Başın bir az qarışsın! Bizimki də belə gətirdi də, bala. Atana bir metr torpaq belə qismət olmadı... İndi nağayraq? Allahla Allahlıq eləməyəcəyik ki...

Elşad hirslənib üzünü divara çevirir.

 

 

***

 

Seyidin evi. Elşad Seyidlə yerdə, xalça üstə qabaq-qənşər oturub. Seyid odlu-odlu danışır.

Seyid: – Bir az praktik olmağı öyrən. Həyat qəddardı, bala! Baş vermiş bütün hadisələri xeyrinə çevirməyi başar. Ən pis işi də öz xeyrinə dəyiş. Atanı itirmisən, lap yaxşı eləmisən. Gör burda nə qədər incəliklər var. Hökumətdən kağız alarıq ki, atan müharibədə olub və döyüş vaxtı itkin düşüb. Anan da, sən də ölənə qədər bu işə görə təqaüd alarsız. Bu da sənə itkinin xeyri. Sən əlindən gələni eləmisən. İşin əlli faizini də görmüsən. Vicdanın da təmizdir. İndi qalır məsələnin o biri əlli faizi. O, daha səndən asılı deyil. Araya Şeytan girib. Vəlvələ salıb. Atanı ermənilər itirib. Fikir eləmə! Tapılacaq. Yusif peyğəmbəri quyudan çıxaran Allah, Eyyub peyğəmbərə səbir əta edən Allah deyirsən səni unudacaq? Ay kişi, sən əməl sahibisən e. İnsanlar diri atalarını sağ ikən itirir, heç uf da demir. Sən isə bir dəfə ölmüş atanın fikrini eləyirsən. Atan o ermənidə qalan sümük deyil ki. Atan ruhdur. Göyün yeddinci qatında bu dəqiqə səninlə fəxr edir!

Seyidin telefonuna zəng gəlir.

Seyid telefonu qulağına tutur.

Seyid: – Eşidirəm... Üç adama qonaqlıq verib tenderi səninçün mən udmuşam ...bunları unutma... Qonaqlığın pulunu gör heç dilimə gətirirəm?

Elşad ayağa qalxıb əl işarələri ilə Seyidə getmək istədiyini deyir.

Seyid əl işarəsi ilə “gedə bilərsən” deyir.

Elşad otaqdan çölə çıxır.

Doqqazda Seyidin arvadı ilə rastlaşır.

Seyidin arvadı onu görən kimi: – Deyir, atanı aparıb itirmisən? – soruşur.

Elşad: – Yerini bilirəm!

Seyidin arvadı: – Tapılar, bala, fikir eləmə! Atan üzük deyil ki, itə. Kimə lazımdır sənin atan? Özü də ölmüş şəkildə!

Elşad qarının sözlərini ağzında qoyub doqqazdan çölə çıxır.

 

Xankəndi. Restoran. Erməni müstəntiqlə baronessa Van de Kertxof yarıqaranlıq zalda şam yeməyi yeyirlər.

Canlı musiqi səsi eşidilir.

Erməni müstəntiq masa üzərindən baronessanın qabına yemək çəkir.

Baronessa: – Minnətdaram, Qurgen!

Müstəntiq: – Sizin ağlınıza heyranam, baronessa! Amma bir məsələdə heç cür sizinlə razılaşa bilmirəm.

Baronessa: – Hansı məsələdə?

Müstəntiq: – Ermənilik ideyasının Rusiya ilə Qərb arasında seçim edə bilməməsi məsələsində! Əslində biz hər iki mənbədən sifariş alıb iş görsək də, böyük mənada ancaq öz ideyamıza xidmət edirik. Rusiyanın genişlənməsi və ya Qərbin bölgəyə gəlməsi bizimçün elə də böyük əhəmiyyət kəsb etmir. Biz müsəlman İranla belə öz maraqlarımız çərçivəsində dil tapa bilirik.

Baronessa: – İran ermənilərinin qızılı hesabına!

Müstəntiq: – Ola bilər. Biz Rusiya daxilində də zəif deyilik. Avropada da güclüyük. Bununla belə, bizim də zəif tərəflərimiz az deyil!

Baronessa: – Siz özünüzü tanımırsız. Öz gücünüzü düzgün müəyyən edə bilmirsiz. Bölgənin aborigenləri türklərdir. Onlarla yaşamaq isə çox asandır. Siz niyə onlarla düşmən olursuz, mən bunu başa düşə bilmirəm! Axı onlara dost olduğunuz zaman daha böyük zərər vura bilərdiniz. Sizin onların düşməni olmağa gücünüz çatmır! Bunu anlamırsız?

Müstəntiq: – Yaxşı, qayıdaq reallığa. Verdiyiniz ideya mərkəzdə çox bəyənilib. Atasını basdırmaq istəyən avam türk artıq Azərbaycandadır. Ona verdiyimiz kəşfiyyat qurğusu da əla işləyir. Uşaqlar onu cib telefonuna yerləşdiriblər. Hər gün məlumatlar alırıq. Bu günlərdə isə ona terrorla bağlı tapşırıq verəcəyik. Əminəm ki, yerinə yetirəcək. Bu axmaq müsəlmanlar üçün o dünya bu dünyadan daha önəmlidir. Onlar ölülərinə daha çox hörmət edirlər.

Baronessa: – Orası elədir. Bu da onların zəif yeridir.

Müstəntiq: – Bəs sizin zəif yeriniz haradır, baronessa?

Baronessa: – Mənim zəif yerim yoxdur, Qurgen!

Müstəntiq: – Heç olmasa rəqs edə bilərik!

Baronessa: – Rəqs edə bilərsən. Amma mənə toxunmadan!

Müstəntiq: – Əlbəttə, baronessa. Toxunmadan rəqs etmək də bizim milli xüsusiyyətimizdir!

Baronessa ilə erməni müstəntiq ayağa qalxıb rəqs edirlər...

Yarıqaranlıq restoranda musiqi sədası eşidilməkdədir.

 

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2024)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.