Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
YÜK
Tammetrajlı bədii filmin ssenarisi
7
Həbsxananın qarşısındakı birmərtəbəli kiçik tikilidə yerləşən istintaq otağı.
Elşad müstəntiqin otağındadır. Ayaq üstündə dayanıb. Əlləri arxasında qandallanıb. İki erməni əsgəri də içəridə, qapının ağzında farağat dayanıb.
Erməni müstəntiq: – Əzizim Elşad. Buyurun içəri. Mən də Bakıdanam da, sən bilmirdin bunu? Montinskiyəm mən də!
Elşad susur.
Erməni müstəntiq üzünü qapının ağzında dayanmış əsgərlərə tutur: – Siz gedin!
Erməni əsgərlər otaqdan çölə çıxırlar.
Erməni müstəntiq: – Mən səni incitmək istəmərəm, a bala, yəqin, sən bunu hiss eləyirsən. Peterburqdan ekspertizanın cavabı da gəlib. Düz deyirsənmiş. Cəsəd sənin atana aiddir. Erməni meyiti deyil. Mən görürəm axı, sən düz adamsan. Gəl səninlə belə bir iş eləyək. Yaxşı iş eləyək də... Elə eləyək ki, səni də burdan buraxdıra bilim! Məni düzgün başa düş! Mən də burda qəribəm. Bunlar bizi sevmirlər. Məni də sizə görə sevmirlər. Baxma ki, erməniyəm. Bunlar özlərini “osobennı” erməni sayırlar. Sənə bir iş deyəcəm. Sən də dediyim kimi elə, getsin. Heç fikirləşmə də. Gerisi ilə isə işin olmasın. Səni özüm sərhəddən Azərbaycana ötürəcəm.
Elşad: – Neynəməliyəm?
Erməni müstəntiq:– Burda, lap elə bax mənim bu otağımda gəl sənin üçün bir xudmani mətbuat konfransı təşkil edim!
Elşad: – Nə təşkil edəcən?
Erməni müstəntiq: – Mətbuat konfransı da... heç nə... oturub başına gələnləri bura çağırılan adamlara bir-bir danışacaqsan!
Elşad: – Aktyor-zadam səninçün... bir də mənim başıma nə gəlib ki, danışam da. Əsir düşmüşəm də!
Erməni müstəntiq:– Ay dilbilməz müsəlman, mənə qulaq as da bir dəqiqə. Sənə burdan çıxmağın yolunu öyrədirəm. Mən beş-altı adamı yığıram bura, otağıma. Denən, hə. Sən də onlara deyirsən ki, Qarabağda olan bütün tarixi xristian qəbirlərini sökmək tapşırığını mənə komandirim verib. Bu qədər asan. Burda nə var ki ? Deyirsən ki, mən xristian mədəniyyətinin düşməniyəm. Erməni köpəyoğlanları da xristianları Qafqazda qoruyurlar deyə onların da qəbirlərini açıb sümüklərini yandırmışam. Lap yaxşı eləmisən yandırmısan. Müsəlmanları sənə demirəm ki söy... gör sənə nə deyirəm də ...deyirəm ki, ermənilərin gorunu eşdiyini de. Səndən ancaq bu sözləri deməyini istəyirəm. Desən, qapın da açılacaq, atanın sümüklərini də qaytaracam özünə. Bax, ordadır, dolabdadır! Götürüb gedərsən evinə. Nə deyirsən?
Müstəntiq oturduğu masanın yeşiyindən bir qırmızı alma çıxarıb Elşada yaxınlaşır.
Müstəntiq almanı Elşada uzadıb: – Razısan? – soruşur.
Elşad: – Tapançan var?
Erməni müstəntiq: – Makarov!
Elşad: – Səndən bir xahişim var.
Erməni müstəntiq: – Buyur!
Elşad: – Məni o “Makarov”la vur. Sonra da otur krosvordunu həll elə!
Erməni müstəntiq: – İki həftədir səni eşşək kimi döyürlər, yenə ağlın başına gəlmir, hə?
Erməni müstəntiq qəfil tapançanın arxası ilə Elşadın başına var gücü ilə zərbə endirir.
Elşadın başı həmin an partlayır. Açılmış yaradan axan qan gözlərinin içinə qədər dolur. Damcı-damcı boynuna, boğazına, sinəsinə doğru süzülür.
Elşad ağrısını udub: – Mənə şərt qoyma, dığa! Mən ancaq öz iradəmlə yaşayıram! Öldür məni, bitsin bu iş! Mən sənin kimi suka deyiləm yalan danışam!
Müstəntiq cibindən çıxardığı əl dəsmalı ilə Elşadın gözlərinə dolan qanı silir.
Araya lal sükut çökür.
Erməni müstəntiq sakit-sakit əlində tutduğu almaya bir dişləm vurub otaqda gəzişməyə başlayır.
Erməni müstəntiq: – Sənin qanın halaldır, türk! Qorxmağına qorxursan, dediyindən də dönmürsən! Sənin kimiləri sındırmaq mənə xüsusi zövq verir. Tələsmə, hələ atanın sümüklərinin itlərə necə yem olduğunu da görəcəksən! Özünü yığ. Həmin o yüklə hələ illər boyu yaşayacaqsan. Mən bilirəm sizinçün ölünüzün çöldə qalması nə deməkdir. Ölüm səninçün nədir ki? Mən səni belə öldürəcəm. Saniyə-saniyə...
Erməni müstəntiq yaxınlaşıb otağın qapısını açır.
Dəhlizdə Elşadı gətirən gözətçi əsgərlərə: – Aparın! – qışqırır.
Erməni əsgərləri qaça-qaça otağa girirlər. Elşadın başını aşağı əyib otaqdan qaça-qaça da eşiyə çıxarırlar...
***
Elşad karserdə ağzı-burnu qan içində kürəyini divara söykəyib oturub.
“Qarabağ şikəstəsi”ni oxumaq istəsə də, dodaqları şişdiyindən tərpənmir.
O, bir neçə dəfə oxumağa cəhd etsə də, alınmır.
Gözlərini yumur.
Gözlərindən yanağına bir damçı yaş süzülür...
***
Daşkəsən. Elşadın qaçqın şəhərciyindəki evinin qapısını döyən iki polis nəfəri.
Elşadın bacısı qapını açır.
Polislərdən biri: – Səfərov Elşad Qafar oğlu bu ünvanda yaşayırdı?
Elşadın bacısı ağlamsınır: – Bəli! Yaşayır da... nə olub ki ona?
Polis: – Ananızın rəsmi ərizəsinə cavab olaraq Elşad Səfərov barəsində axtarış elan olunmuşdu. Məlum olub ki, o, erməni əsirliyindədir. Azərbaycan tərəfi onun azadlığa çıxması üçün əlindən gələni edir. Bu da sorğuya rəsmi cavab!
Polis əlindəki məktubu Elşadın bacısına uzadır.
Elşadın bacısı məktubu polislərdən alıb qapının qarşısında dizi üstə yerə çökür.
Elşadın bacısı qapının ağzında hönkür-hönkür ağlayır.
Polislər məktubu Elşadın bacısına verib geri qayıdırlar.
Ancaq polislər getdikdən sonra Elşadın bacısı sanki yuxudan ayılıbmış kimi: – Bəs atam hanı? Atam necə oldu? – deyə yenidən qışqırır.
Polis maşını artıq görünmür...
***
Elşad təkadamlıq kameradadır.
O, dar kamerada əsəbi-əsəbi gəzişir.
Əvvəlcə dəhlizdə ayaq səsləri eşidilir. Sonra kameranın qapısı şaqqıltı ilə açılır.
İçəri iki erməni əsgərinin müşayiəti ilə gözəl geyimli və baxımlı bir qadın girir.
Elşad istər-istəməz qadının qarşısında farağat dayanır.
Bu jest qadının xoşuna gəlir. Qadın gülümsünür.
Qadın əlinin işarəsi ilə əsgərlərdən çölə çıxmaqlarını xahiş edir.
Erməni əsgərləri istəməsələr də, kameranın qapısını açıq qoyub dəhlizə çıxırlar. Onlar dəhlizdə dayanırlar. Amma nəzərləri yenə də içəridədir.
Qadın Elşada yaxınlaşır. Onunla Azərbaycan dilində danışmağa çalışır: – Mən baronessa Mari Van de Kertxofam. Qırmızı Xaç Komitəsindənəm. Ermənilər mənə sizin tarixçənizi danışıblar. Onlar düz deyir?
Elşad: – Sizə nə deyiblər?
Qadın: – Deyiblər ki, siz tapşırıqla Azərbaycandan Qarabağa göndərilmisiniz. Kəşfiyyatçısınız. Xüsusi təlim keçmisiniz. Ərazidə olan qədim xristian qəbirlərini açıb sümüklərini kimyəvi maddə ilə əritmisiniz. Həmin qəbirlərə müsəlman sümükləri qoymusunuz. Atanızın sümüklərini də özünüzlə gətirmisiniz ki, qədim xristian kilsəsi Ağoğlanın təməlinə basdırasınız. Bu, vəhşilikdir. Vandalizmdir. Bunu başa düşürsünüz?
Elşad: – Siz axirətə inanırsınız, xanım?
Qadın: – Mən insana inanıram!
Elşad: – Mən isə axirətə inanıram. Biz yalan bilmirik. Çünki hər addımımıza görə axirətdə cavab verəcəyik. Sizə yalan deyirlər. Mən adi fəhləyəm. Qızıl mədənində işləyirəm. Siyasətdən çox uzağam. Biz min ildi ağdamlıyıq. Babalarımız orda dəfn olunub. Atam öləndə dedi ki, oğul, məni Ağdamda basdırarsan. Mən də yollar açılan kimi onu qəbrindən çıxarıb gətirmişdim Ağdama. Sonra da ermənilərə əsir düşdüm. Atamla mənim qanımı yoxladılar. Eyni çıxdı. Sənəd onlardadır. Biz bir dəfə söz verdiksə, onu tuturuq. Bu, bizim ənənəmizdir. Mən, sadəcə, atamı öz torpağımda basdırmaq istəyirəm. Heç kimlə də işim yoxdur.
Qadın bərəlmiş gözləri ilə Elşada baxır.
Qadın: – Sən atanı öz əlinlə qəbrindən çıxartmısan ki, gətirib başqa bir yerdə torpağa basdırasan?
Elşad: – Vətənində!
Qadın: – Mən sizi də, elə erməniləri də anlaya bilmirəm. Özün də deyirsən ki, axirətə inanıram. Deməli, o zaman sən hamıdan yaxşı bilməlisən ki, atanın ruhu göydədir, qəbrində deyil. Sənin üçün nə fərqi var atanın sümüyü harda çürüyəcək? Bunun sənə, ya onun özünə nə xeyri var? Sizi də, erməniləri də dərk etmək olmur. Təpədən-dırnağa absurdsunuz. Sanki sizi İonesko yazıb, Allah yaratmayıb. Natamamsınız. Hər ikiniz. Əvvəl dolma üstə savaşırdınız, indi isə sümük davasına keçmisiniz? Ermənilər də ölülərini Qarabağdan çıxarıb Yerevanda basdırmağa aparırlar! Sevgiləri tükənmiş yarımadamlar... bicarələr.
Elşad: – Onlar niyə?
Qadın: – Bunu çiynində atasının sümükləri ilə əsir düşmüş adam məndən soruşur?”
Elşad: – Mən atama söz vermişdim!
Qadın: – Qərbdə Allah ölüb. Şərqdə isə sağdır. Və avtoritardır. Əzicidir. Ata Şərqdə Allahın təcəllasıdır. Sənin üçün atana verdiyin söz Allaha verdiyin sözdür. Sən primitiv şərqlisən. Ermənilər düz demir. Səndən xristian dünyasına ziyan dəyə bilməz. Sən avamsan! Və səni idarə etmək ermənidən asandır! Səni vətəninə göndərəcəyəm.
“Ədəbiyyat və incəsənət”
(21.05.2024)