“XEYİRXAHLIQ” - Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlər Featured

Zahirə Cabir yazır

 

“Ədəbiyyat və incəsənət” portalı publisist Zahirə Cabirin Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlərinin dərcinə başlayır. Məqsəd - uşaqlara bu dahi şəxsiyyəti daha yaxından tanıtmaqdır. 

 

 

Xeyirxahlıq

 

Həyata, ətrafımıza nəzər salsaq, hər şeyin qoşa yaradıldığının şahidi olarıq: isti-soyuq, hündür-alçaq, gecə-gündüz, güclü-zəif, zəngin-yoxsul. Görürük ki, Tanrı birisinə göz vermiş, başqasını kor yaratmışdır; biri sağlam, digəri xəstə, yaxud əlildir. Əgər insanlar hamısı bərabər yaradılsaydılar, onların bir-birinə yardım etmə ehtiyacı olmaz, o zaman da insanlar arasında heç bir əlaqə olmazdı, insan toplum, cəmiyyət halında yaşaya bilməzdi. Kimsə başqasına yardım, kömək etməsə, həyatın dadı, mənası olmazdı.  Əgər güclü zəifə, gözü olan kora, tox olan aca yardım etməyəcəksə, o zaman bizə insan deməyin mənası vardırmı?

Məmməd Əmin dünyaya gəldiyi evdə həmişə xeyirxah, gözəl insanlar görmüşdü. Atası Axund Hacı Ələkbər ibadətlərinə həssaslıqla yanaşar, dostları ilə heç bir dini söhbətdən qalmaz, malını insanlığa yardım yolunda xərcləyərdi. Analığı Maral xanım da onun kimi. Məmməd Əmin də çalışırdı ki, həyatda onlar kimi olsun, insanların xidmətində dursun, yalnız halal dalınca gedib, haramdan çəkinsin.. Oxuduğu rus-tatar məktəbinə getdiyi yol dalanların arasından keçirdi. Məktəbdən evə qayıdanda dalanların qarşısından keçərkən həmişə yaşlı insanlara kömək edərdi. Zənbili apara bilməyən qadınlara yaxınlaşıb onu daşımaqda kömək edər, su daşıyanın vedrəsini alıb gücü çatan yerə qədər aparardı.

Bir dəfə möhkəm külək əsdi. Ağacların budaqlarını sındırdı. Qapılarının yanındakı qollu budaqlı söyüd ağacı qırılıb yola düşdü. Səhər işə gedən insanlar məcbur qalıb yıxılan ağacın üstü ilə adlayırdılar. Daha yaşlılar isə ağacın üstünə çıxa bilmədiklərindən yollarını dəyişib başqa dalanlardan getdilər. Məhəmməd məktəbə getməyə tələsirdi. Küçədə qonşu kişilərin mişar axtardıqlarını eşitdi. O qayıdıb evə gəldi, mişar götürüb onlara apardı. Qonşu kişilər köməkləşib yıxılan söyüd ağacını hissələrlə mişarladılar. Məhəmməd onlara kömək edib ağacın kəsilmiş balaca budaqlarını dalanın bir tərəfinə yandırmaq üçün yığdı.

Məhəmməd məktəbə çatanda artıq ikinci dərs qurtarmaq üzrəydi. Müəllim onun təlaşlandığını görüb soruşdu: - “Nə olub Məhəmməd, niyə dərsə gecikmisən?”  – soruşanda Məhəmməd əhvalatı danışdı. Müəllim onun başını sığallayıb dedi: Oğlum, düz eləmisən, yolumuzu təmiz saxlamaq, insanların qayğısına qalmaq hər birimizin ümdə işi olmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.