REPRESSİYA QURBANININ 140 İLLİYİ - Respublika Gənclər Kitabxanasında virtual sərgi Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan xalqının çox işıqlı şəxsiyyətlərini qırmızı sovet repressiyası məhv edib. Onlardan biri də dünən 140 illiyi qeyd edilən görkəmli ədəbiyyatşünas Salman Mumtazdır. Respublika Gənclər Kitabxanasında Salman Mumtazın 140 illik yubileyi ilə əlaqədar virtual sərgi yaradılıb və söhbətim də bu barədədir.

 

Ötən gün milli ədəbiyyatımızın tanınmasında böyük xidmətləri olmuş,  şairədəbiyyatşünas, mətnşünas, biblioqraf, orta əsr əlyazmalarının kolleksiyaçısı Salman Mumtazın 140 illik yubileyi tamam oldu. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Salman Mumtazın həyat və yaradıcılığına həsr edilən silsilə materiallar- “Türk dünyasının Mümtaz oğlu” adlı biblioqrafik icmal və “Ədəbiyyatımızın Mümtazı” adlı geniş videomaterial hazırlanıb.

Hazırlanan materiallarda şairin gənclik illəri, ədəbiyyata gəlişi, “Molla Nəsrəddin” jurnalında, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Azərbaycan Dövlət Muzeyində xidmətləri, Abbas Səhhət, Mirzə Ələkbər Sabir kimi Azərbaycan ədəbiyyatının görkəmli simaları ilə birgə fəaliyyəti haqqında məlumat verilir. Videomaterialda onun 1920-ci ildə Azərbaycan ədəbiyyatının bərpası üzrə komissiyanın təşkilatçısı və sədr olması, uzun illər Azərbaycanı gəzərək yazıçıların əlyazmalarını toplaması, 200 kitab, məqaləni “Unudulmuş yarpaqlar” başlığı altında dərc etdirməsi, klassiklərin əsərlərinin toplanıb, yenidən nəşr olunmasında nümayiş etdirdiyi müstəsna əməyi haqqında məlumatlar təqdim edilir.Materiallarda Salman Mumtazın repressiya dövründə “Xalq düşməni” damğası altında həbs edilməsi,  topladığı 270-ə yaxın əlyazmaların məhv edilməsi, sürgünlük həyatı və xatirəsinin əbədiləşdirilməsi haqqında  faktlar da əks olunur.

“Türk dünyasının Mümtaz oğlu” adlı biblioqrafik icmalda  görkəmli şəxslərin mədəniyyət tariximizin fədakar tədqiqatçısı haqqında söylədikləri dəyərli fikirlər, müəllifi olduğu və onun haqqında qələmə alınan “Salman Mümtazın şəxsi fondundan folklor mətnləri”, “Azərbaycan ədəbiyyatının qaynaqları”, “El şairləri”, “XX əsr Azərbaycan ədəbiyyatşünaslığı məsələləri”, “Salman Mümtaz arxivinin təsviri”, “Salman Mümtazın ədəbi və elmi fəaliyyəti” kimi 20-ə yaxın kitabın biblioqrafik təsviri və qısa annotasiyası təqdim edilir.

Görkəmli ədəbiyyatşünas Salman Mumtazın 140 illik yubileyi ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib. Maraqlananlar tanış ola bilərlər.

Sonda deyilənlərə onu da əlavə etmək istəyirəm ki, Salman Mümtazın ədəbiyyat tariximizdə xidmətləri o qədər böyükdür ki, onun 140 illiyini digər qurum və təşkilatların da anması arzuolunan idi. Axı 140 dəyirmi rəqəmdir.

Ancaq əfsus.

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.