“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün debüt vaxtıdır, Aynur Ədilin “Cavabsız məktublar” hekayəsi təqdim edilir.
Aynur ƏDİL
CAVABSIZ MƏKTUBLAR
Sənə yenə yerli-yersiz məktub yazıram. Bu, neçənci cavabsız məktubdur? Heç özüm də bilmirəm. Amma, görünür, bu sənə yazdığım sonuncu məktubdur. Təsəvvür də edə bilmirəm ki, bu məktubu necə sonlandıracam... Axı illərdir öyrəşmişdim sənlə bağlı yazmağa, yaxud elə sənə yazmağa. Bəlkə də, üzündə xəfif bir gülümsəmə belə yaranırdı yazdıqlarımdan dolayı. Sən hisslərini büruzə verən olmamısan deyə, mən tərəfdən sənə gələnlərin səni xoşbəxt etdiyinə, yoxsa səni bezdirdiyinə əmin olmamışam heç vaxt. Hazırda isə əmin olduğum tək şey var: sənə olan bütün hisslərim bir filmin final səhnəsi, şedevr əsərin son cümləsitək sona çatır. Bilirsən, sevən insan üçün sevgi heç vaxt yük olmaz, deyirlər. Ancaq sevilən tərəf yorduqdan, erkən qocaltdıqdan sonra o böyük sevgi zamanla nifrətə, sonra isə ümumiyyətlə, bütün hissləri itirməyə gətirib çıxarır. Əbəs yerə deməyiblər ki, çox böyük sevgi nə vaxtsa nifrətə çevrilir, ya da o qədər çox sevmə, bir gün nifrət edərsən deyə. Nə vaxtsa düşünsəydim ki: sənə vida edirəm, yaxud əlim sənin əleyhinə yazılar yazır, bəlkə də, gülməkdən keçinərdim. İndi isə hər şey tərsinə çevrildi. Bax elə indicə əlimi ürəyimin üstünə qoyub haqqında düşünəndə ritmlər dəyişmir. Həyəcanla səndən gələn zəngləri gözləmirəm. Adını təsadüfən hardasa eşidəndə o ad üzümü güldürmür hər zamankı kimi. Bəzən isə yol gedərkən, maşının pəncərəsindən ətrafa boylanan zaman digər bir maşının nömrəsində adlarımızın baş hərflərini yan-yana görəndə xəyallar qurmuram. Asan olduğunu deyib ikimizi də aldatmayacam. Bəli, çox çətin oldu illərdir içimdə böyütdüyüm sevgini bir gecə yarısı çox düşünüb, götür-qoy etdikdən sonra bitirmək. Görəsən, bu sənin qələbəndir, yoxsa mənim? Sənmi məni özündən soyutmaq istəyinə nail olmusan, yoxsa mənmi artıq tökülən, ağaran saçlarıma güzgüdə baxarkən əvvəlki özümü tapa bilməyəndə ayılmışam ki, bu sevgi məni bədbəxt edir, bəlkə də, ikimizin də qələbəsidir. Bax yenə sonuncu dəfə yazıram deyib, hər şeyi çox uzatdım həmişəki kimi. Necə ki çoxdan yanından çıxıb getməyim lazım olduğu adamın yanında artıq qaldığım kimi... Elə isə məktubumu oxuyuram:
“Bilirəm, həmişəki kimi sonuncu məktubum da cavabsız qalacaq. Ancaq hər şeyə rəğmən, sənə yazmaq yenə də məni rahatlandırır. Elə bilirəm ki, illərin yükünü yavaş-yavaş azaldıram üstümdən. İllərdir sən tərəfdən mənə ümid işığı gəlməsə belə, mənim səndən günəşi gözləməyim isə yenə də mənim səhvim olsun. Hə, bu dəfə gedirəm və heç nə gözləmirəm. İnanırsan, həyatımda baş verən dəyişikliklərin, qazancın və bəzən isə itkilərin sürətinə özüm də çata bilmirəm. Heç nə arzuladığım kimi getmir. Nə iş həyatım, nə ürəyimə yeni aldığım insan, nə də təzə tanış olduğum dostlarım. Elə bilirəm, qürbətdə, dilini bilmədiyim ölkədə, yadlar içərisində, parkda itkin düşən azyaşlı uşaq kimiyəm. Hiss etdiklərimi anlayan və dilimdən nəsə başa düşən heç kəs yoxdur. Şairin də dediyi kimi: "mən adam tapmıram adam içində..." Hərdən şükür edirəm ki, qələmim var və yaza bilirəm. Ən azından hər şeyimi bölüşməyə ağ vərəqlərim var. Məni başqa kim anlayır ki, öz yazılarımdan başqa?! İstəmədiyim hər mühitdə həyatıma davam etdikcə özümə bu cümləni xatırladıram: "Sakit ol. Sən yazıb-yaratmağı bilirsən. Hər nə yaşasan, yaşadıqlarını kitaba, məqaləyə çevirəcəksən və həm özün rahatlaşacaqsan, həm də özündən sonra iz buraxacaqsan". Və bunları düşündükdən sonra mənə yaşamaq cəsarəti, sevgisi gəlir. Bəlkə də, bütün bu qəzəb, aqressiya, boşluğun əsl səbəbi gedənlərin yerini heç kəsin əvəz edə bilməməyinə görədir. Onlar hər zaman bizdən bir parçamızı mütləq özləri ilə götürüb aparırlar. Eh, o qədər itkilərin içərisində nə ehtiyac var idi axı sənin də məni tək qoymağına?! Özün bilirsən bir il əvvəl uşaqlığımın məsum, saf çağlarını birlikdə paylaşdığım, böyüdükdən sonra isə qürbətdə yaşadığına görə arabir üzünü gördüyüm canımdan, qanımdan olan birini torpağa tapşırmışdım... Hamı deyirdi ki, zaman keçdikcə dünyadan köçənlər unudulur və insan soyuqqanlı olur. Elə olmadı amma. Və bir də anladım ki, hər deyilənə inanmaq olmaz. Bir də görürsən, gecənin bir yarısı elə sızlayır ki yaralar... Nəfəsi də çətinliklə alıram. Bunları ancaq vəfa, sədaqət və sadiqlik kimi hissləri daşıyanlar bilər. Duyğularını itirən azğınlaşan insanlar üçün nə fərqi var ki kim getdi, kim qaldı? Onlar bu dünyaya, sadəcə, qəlbi təmiz insanlara zərər vermək üçün gəlirlər. Bu məktubum fərqlidir, hə? Həmişə sənə yazan şıltaq, həyat dolu qızın notlarına bənzəmir, deyəsən? Bəli, bunun ən böyük günahkarlarından biri də sənsən. Yaşadıqlarım öyrətdi mənə gözümüzü açdığımız bu ucsuz-bucaqsız kainatda yalnız və yalnız özümüzə görə yaşamalı olduğumuzu. Nə mənası oldu özümü sənə fəda etməyimin? Bildinmi qədrimi? Özünlə tək qalanda, hər kəs yanından çıxıb gedəndə bircə anlıq da olsa, yad etdinmi məni və sənə olan böyük sevgimi? Sən ancaq belə sevilməyi ya romanlarda oxuya, ya da filmərdə izləyə bilərdin. Real həyatda şahid olduğun üçün, yəqin, bu sevgi səni də çaşdırıb...
Bilirsən, sənin üçün burnumun ucu göynəyirdi hər saniyə, hər an. Sən isə sevgisizliyin ayrılıqdan daha betər olduğunu öyrətdiyin gündən darıxmağı da unutdum. Bəlkə də, ürəyimin dərdinliklərinə ensəm, yenə də səni taparam. Amma ona əzab verdiyini bildiyi halda, bir quyuya tərar niyə düşmək istəsin ki bir insan?! Yeri gəlmişkən, elə səndən əlimi üzdüyüm günlərin birində ən yaxın dostumu da itirdim. O da eynilə sənin kimi davranırdı. Ehtiyacım olanda əlim çatmayacağı qədər uzaqda olurdu. Bütün çətinliklərin öhdəsindən yalnız gəldikdən sonra artıq nə sənə, nə də ona niyə ehtiyacım olsun ki? Daha çox tanıyıb bir az da sizdən qəlbim qırılmaqdansa qoy elə hamınızı xatirəmdə yaxşı yaşadım. Ancaq etiraf etməyə qalsa, dostum üçün çox darıxıram. Onunla aramızda heç vaxt qopmaz dediyim bağ var idi. Mən saydığımı saysam da, fələk yenə öz bildiyini saydığına görə heç getməz dediklərim də getdi. Bəlkə də, daha böyük ağrılara dözməsəydim, ikinizin birdən itkisi ağır yük olardı mənə. Lakin, özün bilirsən, torpağa tağşırdığımın acılı yanğısından sonra heç bir hadisə onun kimi yandıra bilməz məni. Hə, dostum üçün darıxmaqdan danışırdım axı. İnanırsan, neçə ildir ki, səni dəlicəsinə sevməyimə Allahdan başqa o şahid idi. İndi, bəlkə də, ona da maraqlıdır: necə ola bilər bu qədər təmənnasız dərin sevən qız birdən-birə hər şeyin üzərindən xətt çəkib? Elə bu sualın cavabı mənim özümə də maraqlıdır. İnsan tənhalığın səssizliyində dahiləşir, deyirlər. O qədər tək qalmışam ki, artıq məni xoşbəxt etməyən hər şeydən və hər kəsdən uzaqlaşmağa başlamışam. Yaxşı, səni başa düşdüm, bir gün üzümü güldürürdünsə, on gün ağladırdın. Bəs o dostum? Ona nə oldu? Gülməkdən gözümüzün yaşı sel kimi axar, biz söhbət edəndə qaqqıltımızın səsi o biri otaqlara yayılardı. Hətta gecəyarısı qorxulu yuxulardan birdən-birə ayılanda ilk olaraq əlim ona zəng etmək üçün telefona gedərdi. Düzdü, sonradan cavabsız qalan telefon zənglərim nə yaşasam da, hər şeyin öhdəsindən yalnız gəlməli olduğumu öyrətdi. Ancaq son ayrılığı saymasaq, o mənim üçün özünü fəda edəcək tək dost idi. Bizim birlikdə xatırlayıb yüzlərlə, bəlkə də, milyonlarla bəzən güləcəyimiz, bəzən isə kövrələcəyimiz xatirələrimiz var idi. Eh, daha nə qədər yazım bu erkən vidalardan, vaxtsız ayrılıqlardan? Bəlkə, elə anam məni bu dünyaya həsrət çəkmək üçün gətirib?! Görünür, mən bu yükü daşımağı bacaran tək-tük güclü və səbirli insanlardanam...
Mən artıq qəmli hiss etdirən notlarda yazmağı yekunlaşdırmaq istəyirəm. Məktubumun son cümlələrini həyatımda məni məmnun edən yeniliklə sonlandırmaq istəyirəm. Hər zaman elə zənn edirdim ki, səni sevdiyim qədər başqasını sevə bilmərəm. Hər şey isə əksinə oldu və illərdir sənə hiss etdiklərimin ikiqat daha çoxunu üç gündə başqa birinə hiss etdim. Bu xəyanəti sənə yox, öz sevgimə əsla etmək istəməzdim, amma yerinə başqa birini qoya bildim. Onun gözlərinin içinə hər baxanda: "gözlərin aldı məni, kəməndə saldı məni..." mahnı sğzləri səslənir qulağımda. Elə hiss edirəm ki, baxışları ömrümü uzadır. Onun gülüşündə cənnəti hiss edirəm. Üzünə baxmaqdan o qədər zövq alıram ki, hər cizgisini əzbər bilirəm artıq. Elə hiss edirəm ki, onun əksi evimin hər küncünə öz kölgəsini salıb. Həm də sənin kimi mərhəmətsiz, duyğularını itirən insan deyil o. Sevməyi bacarmasa belə, yanımdan bir saniyə belə ayrılmır. Onun varlığı məni gücləndirir. İllərdir gülüşü üzündə kilidlənən qız kimi hiss edirdim özümü. Gülüşümün kilidinin açarı onda imiş, sən demə. Sadəcə, bir anlıq göz-gözə gəlməyimiz kifayətdir: sol yanağımdakı qəmzəmin görsənməyi üçün. Heyif, sevgini illərdir səhv qapıda axtarırdım. Nəhayət, özümə aid və ruhumun dərmanı olan o insanı tapdım. Bax, sənin də cavabsız qoyduğun məktubların böyük bir sevgini bitirdi... Aqşin Yenisey gözəl yazıb:
Sənə məktub yazıram...
Yazıram ki,
Bağışla,
Burda hava pis keçir,
Ara vermir yağışlar...
“Ədəbiyyat və incəsənət”
(17.05.2024)