“Ədəbiyyat və incəsənət” portalı REDAKSİYANIN POÇTUNDAN rubrikasında sizlərə iki gün dalbadal Vüqar Bayramovun şeirlərini təqdim edəcək.
MƏNƏ GƏLƏRSƏN
Son ümiddən əlini,
Üzsən mənə gələrsən.
Gözündən yanağına,
Düzsən, mənə gələrsən.
Sıxsan qucağın ollam,
Sirrsən, bucağın ollam.
Dədə ocağın ollam,
Bezsən, mənə gələrsən.
Eyni açılmaz səhər,
Hərdən sıxar qəm, kədər.
Görsən, belə, birtəhər,
pissən! Mənə gələrsən.
Birə yüzün olmasa,
Dünya düzün olmasa,
Bir gün sözün olmasa,
Sussan, mənə gələrsən!
Balta yad, sap özündən,
Günahı tap özündən.
Hamı heç, lap özündən,
Küssən, mənə gələrsən.
HƏLƏ DƏ...
Ürəyimdə yerin var, dəli məhəbbət kimi,
Ümidim dəniz kimi, çağlayıram hələ də.
Ətrinə də həsrətəm, özünə həsrət kimi,
Sınıq ətir şüşəni saxlayıram hələ də!
Bu elə bir dərddir ki, alıb-sata bilmirəm,
Canımdan can kimisən, kəsib ata bilmirəm,
Dünyaya gec gəlmişəm, sənə çata bilmirəm,
Eh, gecikmiş bəxtimə ağlayıram hələ də!
Səni Tanrı göndərib qanadsız mələk kimi,
Əlçatmaz arzu kimi, müqəddəs dilək kimi.
Başqa sevənin olmaz, inan, bu ürək kimi,
Bu yazıq ürəyimi dağlayıram hələ də!
Şirin səsini duydum, sözünə vurğun oldum,
Baxışından alışdım, gözünə vurğun oldum,
Elə özünü sevdim, özünə vurğun oldum,
Gözlərimi hər kəsə bağlayıram hələ də!
Harda oluram olum, dilimdə sorağımsan,
Ürəyimə ev deyim, evimdə qonağımsan.
Yaşamağa həvəsim, dünyaya marağımsan,
Telefonda nömrəni yoxlayıram hələ də!
XƏTRİNƏ
İçimdəki hıçqırıqla barışdım,
Üzündəki təbəssümün xətrinə.
Mən bu ömrü yaşayıram bəlkə də,
Toxunduğun sarı simin xətrinə.
Arzuların daha boyu bəstədi,
Ümidlərin bir qulağı səsdədi.
Həyat özü xətir üstdə xəstədi,
Yola verir kimin, kimin xətrinə.
Çəkən bilir, dərdi, qəmi bol çəkib,
Nə çəkibsə, bu bədəndə “sol” çəkib.
Tanrı özü ömür adlı yol çəkib,
Zaman verib bir ölümün xətrinə!
GƏL MƏNƏ BIR NAĞIL DANIŞ!
Dəyişsin dövrüm, zamanım,
Yanılsın hər bir gümanım,
Qoy aldanım, qoy inanım,
Gəl mənə bir nağıl danış!
Özümü möhtac bilirəm,
Dərdimə əlac bilirəm,
Bunu ehtiyac bilirəm,
Gəl mənə bir nağıl danış.
Arzulara gec çatıram,
Ömürdən gün-gün satıram.
Başımı belə qatıram,
Gəl mənə bir nağıl danış.
Qızıl ömrü vermə yelə,
Güldür məni gülə-gülə,
Bir vaxt elə, imkan elə,
Gəl mənə bir nağıl danış.
Dərdi, qəmi bölüm bir az,
Uzaqlaşsın ölüm bir az,
Qoy özümə gəlim bir az,
Gəl mənə bir nağıl danış
“Ədəbiyyat və incəsənət”
(17.05.2024)