Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
“Mən həmişə demişəm ki, o şey ki millətin ideologiyası, mənəviyyatı, əxlaqı, dəyərləri ilə bağlıdır, burada buraxılan səhvlərə qarşı amansız olmalıyıq. Hər kəs öz səhvinə görə cəzalandırılmalıdır. Yəni dünəninə görə sağ ol, görüm bu gün nə təklif edirsən və sabah nə edəcəksən?! Yanaşma bu cür olmalıdır və hər kəsə xidmətinə, fəaliyyətinə, işinə görə dəyər verilməlidir, həmçinin etibar olunmalıdır.”
Bəli, bu sözləri cəmiyyətdə Şeyx Əbdül kimi tanınan kinorejissor, ssenarist və aktyor, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Əbdül Mahmudov söyləyib...
Şeyx Əbdül 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır. Dediyinə görə, ana tərəfi Haşimi krallığından olduğu üçün, nəsilləri həşimxanlılar adlanırmış. Ata tərəfi isə Ərdəbildən olub. Kinoya uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə gəlib. Daha sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasına yiyələnib, Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində məşhur sənətkarlardan dərs alıb. 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib. Bir ara kinostudiyanın nəzdindəki kinoaktyor teatrının bədii rəhbəri olub...
Deyir ki,- “Bilirsiniz ki, mən media sahəsindəki boşluqları həmişə tənqid eləmişəm. İndi gedənin dalınca danışmaq istəmirəm. Ancaq onu deyirəm ki, o vaxt onlar mənim tənqidlərimdən bezmişdilər, hər dəfə mənə ismarıc göndərirdilər. Mən deyirdim ki, axı Milli Televiziya və Radio Şurası ola-ola nə üçün televiziyalar məcbur olub özlərinin şuralarını yaradırlar? Və əgər yaradırlarsa, onda sən nəyə lazımsan? Demək, sən yoxsan da, sənə etibar, inam yoxdur. Çünki sən dövlətə, xalqa, milli-mənəvi dəyərlərə xidmət eləmirsən, sən konkret olaraq filankəslərin tapşırıqlarını yerinə yetirirsən. Bunun başqa adı yoxdur.”
Heç nədən və heç kimdən qorxub çəkinmir. Haqqı şapalaq kimi vurmağı bacarır. Çox inadkar adamdır...
“Mən həmişə demişəm ki, televiziyaların rəhbərləri tam səlahiyyətli insanlardır. Ona görə də onlara arxadan telefonla göstəriş vermək lazım deyil. Yəni əgər sən bu adama inanıb etimad göstərirsənsə, imkan verməlisən ki, özünün peşəkar insanlardan formalaşdırdığı komandası ilə işləsin. Yoxsa ki, mən dəfələrlə efirlərə zəng edib irad bildirəndə deyiblər ki, bizlik deyil, filankəs tapşırıb ki, bunu buraxın efirə. Belə olmaz. Bu, qəti yolverilməzdir. Axı biz nə vaxta qədər şəxsi maraqlara xidmət edəcəyik? Nə vaxta qədər sifarişlə, tapşırıqla üzləşəcəyik?”- söyləyir.
Onun bu suallarını cavablandırmaq isə çox çətindir. Çünki bu sualların cavabı ölkənin ideologiya maşınına rəhbərlik edənlərdədir...
Sevinc Paşayeva adlı jurnalistlə müsahibəsində deyir ki,- “Ayda bir dəfə istimai sorğu keçirilməlidir, ictimai qınaq bərpa olunmalıdır. Verilişlərə, aparıcılara, musiqiçilərə, müğənnilərə qarşı ictimai qınaq bərpa olunmalıdır. Yəni hər kəs öz rəfiqəsini, sevgilsini, baldızını gətirib televiziyalara doldurmamalıdır. Ekrana çıxan hər kəsin geyim-keçiminə, estetikaya yüksək nəzarət olmalıdır. Əsas da milli-mənəvi dəyərlər, xalqın mentaliteti qorunmalıdır. Cənab Prezidentin də dediyi kimi Avropa dəyələrindən çox özümüzün milli-mənəvi dəyərlərimiz qorunmalı və təbliğ olunmalıdır...”
Bəli, o, çox inadkar adamdır. Yaşının ixtiyar dövrünü yaşamsına baxmayaraq inadından dönmək istəmir. İstəyir ki, Azərbaycan dünya ölkələri arasında ən qabaqcıllardan biri olsun. Arzulayır ki, bu ölkədə bütün sahələr təsadüfi adamlara deyil, işbilənlərə həvalə edilsin...
Şeyx Əbdülün 80 yaşı tamam oldu. Bu münasibətlə onu təbrik edir, ağrı-acısız günlər arzulayırıq.
Çox yaşa, AĞSAQQAL!
“Ədəbiyyat və incəsənət”
(17.05.2024)