“Yaşıl dünya naminə həmrəylik ili” – Gənclər Kitabxanasının növbəti təqdimatı Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Bildiyiniz kimi COP29 - İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bu il ölkəmizdə keçiriləcək. Üstəlik, 15 may Beynəlxalq İqlim Günü idi. Təbii ki, istənilən aktual mövzunu dərhal gündəminə gətirən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası bu mötəbər tədbiri də diqqətdən kənar qoya bilməzdi. Yolumu kitabxanadan saldım bu əməkdaşlara maraqlandığım mövzunu izhar etdim. Və dərhal qarşımda COP29-la bağlı o qədər məlumatsız olduğum mətləblər açıldı ki.

 

Əməkdaşlar bildirdilər ki, kitabxananın Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində elan etdiyi “Təmiz planet-sağlam həyat” layihəsi davam edir. Ötən günkü 15 may Beynəlxalq İqlim Günü ilə əlaqədar isə Respublika Gənclər Kitabxanasında  “Yaşıl dünya naminə həmrəylik ili” adlı elektron məlumat bazası hazırlanıb.

Məlumat bazasında Yaşıl dünya naminə həmrəylik ili ilə əlaqədar qəbul edilən rəsmi sənədlər, beynəlxalq ekoloji konvensiyalar, COP29 - İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası haqqında məlumat, rəsmi çıxışların mətni,  bu mövzuda çap edilən kitabların, dövrü mətbuat nümunələrinin siyahısı təqdim edillir.

Elektron məlumat bazasında işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması, azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiq edilməsi, ekosistemin bərpa olunması kimi məlumatlar da öz əksini tapır.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron bazada “Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti”, “İDEA İctimai Birliyi”, “Ekoloq alimlər”, “Qoruqlar”, “Ekoloji terror”, “Ekoloji təqvim” kimi bir sıra bölmələr nümayiş olunur.

 

“Yaşıl dünya naminə həmrəylik ili” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib və maraqlananlar tanış ola bilərlər. Mənə isə xüsusilə “Ekoloji terror” bölümü maraqlı gəldi.

Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan ərazilərində həyata keçirdiyi ekoloji terror təbii ki, misilsiz səviyyədə olub. Meşələr qırılıb, torpağın təki istismar olunub, təbii su mənbələri çirklənməyə məruz qalıb, faunaya divan tutulub. Məncə, bu vandalizmı bacardıqca dünyaya faş etməli, humanizmdən danışan və Qərbdə özünə dəstək axtaran bir xalqın iç üzü aşkar görünməlidir.

 

“Ədəbiyyat və incəsənət”

(16.05.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.