Super User
Məşhur arxeoloqla dostluq edən xalq şairləri
Sevda Verdiyeva, ADPU-nun Şəki filialının tələbəsi. Xüsusi olaraq “Ədəbiyyat və incəsənət” üçün
O, görkəmli arxeoloq, “Azərbaycan arxeologiyasının atası“, milli arxelogiyamızın korifeylərindən biri idi. Tariximizin qədim qatlarının öyrənilərək aşkara çıxarılmasında xüsusi xidmətləri olmuşdu. Öz həyatının ən coşğun və qaynar çağlarını xalqın maariflənməsi işinə həsr etmiş, sonralar - 1934- 1947-ci illərdə Azərbaycan Tarix Muzeyinin elmi işçisi, 1947-1952-ci illərdə direktoru, 1952-1954-cü illərdə EA Tarix İnstitutunun arxeologiya, sonrakı illərdə isə etnoqrafiya şöbələrinin rəhbəri olmuşdu. 1926-cı ildən arxeoloq kimi fəaliyyətə başlamış, Mingəçevir və Qəbələ arxeoloji ekspedisiyalarına rəislik etmişdi.
Xalq şairi Səməd Vurğun “Muğan” poemasını yazan zaman Mingəçevirdə tez-tez olub, haqqında bəhs edəcəyimiz görkəmli alimlə təkrar-təkrar görüşüb və elmi axtarışlarla bağlı maraqlı söhbətlər aparıb. Şair “Muğan” poemasında (XIII nəğmədə) onu “qoca alim” adlandırır və belə təsvir edirdi:
“Ekskavator təpələri lay-lay açıb, lay-lay qazır,
Qoca alim saxsı yığıb yer altında tarix yazır...
Külək əsir, qum sovrulur, gözə girir toz-tozanaq,
Qoca alim yer altından ayrılmayır hələ, ancaq.
Gah tər basır vücudunu, gah büdrəyir, gah yıxılır,
Yer darısqal, hava tozlu, nəfəs durur, can sıxılır.
Alim yenə qucaq-qucaq yığır qədim saxsıları,
Yer altdaki hər kərpicin üstündəki yazıları.
O qabların-qacaqların rəngi hələ solmamışdır.
Arçan ağac daşa dönmüş, fəqət torpaq olmamışdır...
Çovğun vurur, qum sovrulur, külək əsir,
Neçin bizim qoca alım çox tələsir?
Sarvan Kürü döndərməmiş, su basmamış bu yerləri,
Can atır ki, tamamlasın başladığı bir əsəri”...
Alim şairlə söhbətində qədim Mingəçevirdə aşkar etdiyi, eramızdan əvvələ aid olan “Amazonkalar” adlı döyüşçü qadın qəbilələrinin yaşadığı barədə məlumat verib. Həmin məlumatları məşhur şairimiz öz poemasında belə əks etdirmişdir:
Köhlən atlar kişnədikcə ərənlərin nərəsinə,
Ağır göylər, asimanlar dilə gəlmiş yer səsinə...
Burda Pompey ordusuna sinə gərmiş bizim ellər,
Yanğınların arasında nəfəs almış aylar, illər;
Vətən oğlu qılınc çəkmiş qəsbkarlar dünyasına,
Tunc sinələr hasar olmuş ürəklərin sevdasına.
Görürsənmi? Türbəsindən baş qaldıran bu gəlin də,
Öz döşünə qalxan çəkib, qılınc tutmuş sağ əlində.
Amazonka dediyiniz bu qəhrəman qadın nəsli
Qədim Muğan çöllərində çadır qurub bahar fəsli:
Yurdumuzun şöhrətinə min bir cəlal yaradarmış,
Hər ürəyin bir alovu, hər ocağın odu varmış...
Yazıqlar ki, bir nişan da, qalmamışdır ondan barı,
Yer altında batıb getmiş o dövranın dastanlar.
Qoca alim danışdıqca od parlayır nəfəsində…
S.Vurğun “Qoca alim”lə poemanın qəhrəmanı Sarvanı “görüşdürür” və həmin “qoca ailm”in verdiyi məlumatlardan istifadə edərək onun dili ilə şanlı tariximizdən fəxrlə söz açır:
Minib kəhər ürgəsini gəlməmişdir hələ səhər,
Bir otaqda şirin-şirin söhbətdədir iki nəfər:
Oğul, Sarvan! Soruşursan axtardığım şeylər nədir?
- Bu yeraltı Mingəçevir bir tükənməz dəfinədir,
Üstünü toz-torpaq almış
Bu pas tutmuş qılınca bax!
Neçə min il bundan qabaq
At belində qılınc çalmış
Sənin şanlı babaların.
Öz ellərin, obaların
Bu torpaqda şəhər salmış.
Bu gördüyün qalaq-qalaq
Sümüklərə baxdıqca mən,
Ürəyimdən varaq-varaq
Nə dastanlar keçir, bilsən!
Bu günlərin qucağında dəfn edilmiş qəhrəmanlar,
Qurşaq tutub, at oynadıb, ox süzdürmüş pəhləvanlar,
Bu nizələr, bu qalxanlar, bu şeypurlar soruş nədir?
Zənn etmə ki, əfsanədir...
Bütün bunlar babalardan bizə qalmış yadigardır…”
Azərbaycanın Xalq şairi H.Arif isə bu görkəmli şəxsiyyətin vəfatı ilə əlaqədar yazmışdı:
Arxeoloq dedim, sıxıldı ürək,
Bir xəbər ... saçıma vaxtsız düşən dən.
Yer kimi içimdən silkələnərək,
Uçundum bir ölüm zəlzələsindən.
Yıxıldı bir insan, qopdu bir çinar,
Gözümdə sönməyən arzum, əməlim,
Qaraldı beynimdə qaya varaqlar,
Yıxıldı yıxılmaz Saleh müəllim ...
Bəs kim idi Saleh müəllim? Saleh müəllim barədə qısa haşiyə: Saleh Mustafa oğlu Qazıyev 16 sentyabr 1893-cü ildə Vartaşen (indiki Oğuz) rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Əvvəlcə mollaxanada, sonralar kənddə açılmış “Rövzət-ül-maarif” adlı məktəbdə oxumuşdur. Sonrakı illərdə Nuxada (Şəkidə) açılmış pedaqoji yay kurslarında təhsilini artırmış, həmin şəhərdəki pedaqoji texnikumda qiyabi yolla təhsil almışdır. 1928- 1932-ci illərdə Bakı şəhərində pedaqoji institutda, 1935-1938-ci illərdə Azərbaycan Elmlər Akademiyasının aspiranturasında oxumuş, 1941-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi adına layiq görülmüşdür.
O, Oğuz bölgəsinin elmi ad almış ilk alimi olmuşdur.
Zəhmətkeş alimə ən böyük şöhrəti Mingəçevir qazıntıları (1946–1953) gətirmişdir. Xalq şairi S.Vurğun da şairlə həmin dövrdə görüşmüşdür.
Qəbələ şəhəri alimin Mingəçevirdən sonra ikinci böyük tədqiqat obyekti olmuşdur. C.Qazıyev 1956-1958-ci illərdə həmçinin doğma Oğuz rayonunun Yaqublu kəndi yaxınlığında (Kərimli kurqanlarında) da qazıntılar aparmış və əldə edilən əşyalar
əsasında tapılmış abidələrin eramızdan əvvəl I minilliyə aid olması müəyyən edilmişdir.
Qazax və Ağstafa rayonlarının abidələrinin tədqiqi sahəsində onun misilsiz xidmətləri olmuşdur. O, yeni axtarışlarla Qazax və Ağstafa rayonlarında tunc və dəmir dövrlərinə aid bir sıra yaşayış yerləri və qəbilə abidələri aşkara çıxarmışdır.
S.Qazıyevin elmimizə verdiyi töhfələr yüksək qiymətləndirilmiş, o, “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir.
Azərbaycanın bu görkəmli aliminin adı bu gün də dərin hörmət və ehtiramla yad edilir. İndi onun ayaq izləri əsrlərdən qalan və tapdığı tarixi yadigarlara qarışmış, xalq şairlərimiz S.Vurğun və H.Arifin ölməz əsərlərində əbədiləşmişdir.
“Ədəbiyyat və incəsənət”
(14.05.2024)
Klassik uşaq ədəbiyyatından seçmələr – ƏLİ KƏRİM, “Gül”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Uşaq saatı davam edir. Bu gün sizlərə Klassik uşaq ədəbiyyatından seçmələr sırasından Əli Kərimin “Gül” şeiri təqdim ediləcək.
Yerim bağça-bağ mənim,
Rəngim ağappaq mənim.
Bir ətirli güləm mən,
İstəyirəm güləm mən.
Ay yoldan ötən oğlan,
Məni incidən oğlan,
Gözüm doldu yaş ilə,
Ağac ilə, daş ilə.
Sən məni döymə, döymə,
Xətrimə dəymə, dəymə.
Neyləmişəm mən sənə?
Yolunu düz keçsənə!
Utan boy-buxunundan,
Ay sözəbaxmaz oğlan!
Gəl dəcəllik etmə sən,
Yoxsa ki bilməyirsən,
Yanaqlarım incidir,
Yanaqlarım incədir!
Gözüm doldu yaş ilə,
Ağac ilə, daş ilə,
Sən məni döymə, döymə,
Xətrimə dəymə, dəymə.
“Ədəbiyyat və incəsənət”
(14.05.2024)
İntizar ədəbiyyatı - Mədinə Gülgün, "Təbriz"
Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Bir gün də ümidsiz yaşamadım mən,
Səni görəcəyəm, ey ana Təbriz!
Öz ana yurdunun məhəbbətindən,
Nə deyim dünyada doyana, Təbriz?!.
Kim deyir görüşüm son görüş oldu,
Ömrünün baharı nə vaxtsız soldu.
Qəlbim həsrətindən boşaldı, doldu,
Ancaq baş əymədim hicrana, Təbriz!
Sənin hər daşında ayaq izim var,
O mərd vüqarında yenə gözüm var.
Sinəmdə çağlayan əhdim, sözüm var,
Ürəyim dönübdür ümmana, Təbriz!
Baharda baharın eşqilə yandın,
Uzanan yollara xeyli boylandın.
Sən çətin ayaqda elləri andın,
Gəldi geniş qəlbin tüğyana, Təbriz!
“Ədəbiyyat və incəsənət”
(14.05.2024)
Şəhidlər barədə şeirlər – Əlihüseyn Məmmədov
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Əlihüseyn Məmmədova həsr edilmiş şeirlə tanış olacaqsınız.
ƏLİHÜSEYN ELŞAD OĞLU MƏMMƏDOV
(24.01.1998.-09.10.2020.)
Bakı şəhərində doğulmuş, əslən Şəkidən olan, Şəki şəhəri 18 nömrəli məktəbin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
Şəhid olduğu yer: Füzuli rayonu
Dəfn yeri: Şəki şəhəri Şəhidlər Xiyabanı
ƏLİ
Hər şəhidin həyatı maraqlı bir kitabdır,
Kitab qiymətli inci, min suala cavabdır,
Şəhid həyatın bilmək həm borcdur, həm savabdır,
Şəhidi ölməz edir, əqidəsi, əməli,
Həmişə ürəklərdə yaşayacaqdır Əli.
Əslən Şəkidən idi, Bakıda doğulmuşdu,
Mayası halallıqdan, düzlükdən yoğrulmuşdu,
Şəkimizi sevmişdi, Bakıya vurulmuşdu,
Sakit, mehriban, dürüst, ağıllı, dərrakəli,
Həmişə ürəklərdə yaşayacaqdır Əli.
Hər günün, hər saatın anlayırdı dəyərin,
Düşünürdü Vətənin gələcəyin, səhərin,
Nə iş görürsə görsün, eşidirdi “Afərin”,
Ailədə qoyulur halallığın təməli,
Həmişə ürəklərdə yaşayacaqdır Əli.
Ağız şirin olarmı “halva-halva” deməklə?
İnsan saflaşır yalnız zəhmət ilə, əməklə,
Kamiliyə yetişir oxuyub öyrənməklə,
Dilində şüar idi, “Yalnız getmək irəli!”,
Həmişə ürəklərdə yaşayacaqdır Əli.
ADNSU-da oxumaq taleyinin qisməti,
Mühəndis olmaq onun saf arzusu,- niyyəti,
Necə də sevinirdi alanda “beş” qiyməti,
Zəhmət çəkən bəhrəsin görəcəkdir, deməli,
Həmişə ürəklərdə yaşayacaqdır Əli.
Deyərdi dostlarına, Qarabağ qan ağlayır,
Vətənimiz ümidin yalnız bizə bağlayır,
Yurd eşqi bulaq kimi ürəklərdə çağlayır,
Qarabağ torpaqları- o bizimdir, əzəli,
Həmişə ürəklərdə yaşayacaqdır Əli.
Yenə səs-səda düşüb yamaclara, dağlara,
Qanlı döyüş başlayıb, afərin qoçaqlara,
Düşmən təlaşa düşüb, bilməyir qaçsın hara,
Namərdlərə yalandan verən yoxdu təsəlli,
Həmişə ürəklərdə yaşayacaqdır Əli.
Qaraxanlı kəndində döyüş çox ağır oldu,
Düşmənin uydurduğu mif yalan nağıl oldu,
Əli elə döyüşdü, millətə oğul oldu,
Xiyabanda balasın qoynuna aldı Şəki,
Həmişə ürəklərdə yaşayacaqdır Əli.
“Ədəbiyyat və incəsənət”
(14.05.2024)
Dünyadan vaxtsız köçmüş Murad Muradova rekviyem - VARİS YAZIR
Mən bilmirəm, necə olur ki, gənc bir adam ölür. Ölüm sözü qocalara yaraşan sözdür axı.
Neçə gündür ki, bu kəlmələr hey ətrafımda dolaşır, dolaşır, onları yaxına buraxmaq istəmirəm.
“Murad öldü”.
Amma bu həqiqətdir.
Muradla 3-4 il öncə yaşadığı Qubada tanış olmuşduq. “Azərkitab” mənimlə qubalı gənclərin görüşünü təşkil etmişdi. Yaxınlaşdı, tanış olduq. Hekayələrini göndərdi. Bəyəndim. “Ədəbiyyat və incəsənət”də dərc etdik.
2022-ci ildə Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat festivalının Azərbaycan turunda yerli yazar kimi müsabiqədənkənar iştirakını da təmin etdik. Çox sevincliydi. Bakıdan təşrif buyurmuş gənc yazarlara dərhal qaynayıb-qarışdı, Qubanın mənzərəli yerlərinə ekskursiya proqramının bələdçiliyini də öz üzərinə götürdü.
Sonra bir daha görüşmədik.
Murad istedadlı gənc idi. Həm yazıb-pozmağı var idi, həm də çörəkpulu qazanmaq üçün toylarda tamadalıq edirdi.
Deməzsənmiş, ailə həyatı qurduqdan sonra çox ciddi maddi sıxıntıları varmış. Bunu onun komaya düşməsi xəbərini eşidəndə bildim.
İnsan, əslində, dünyanın ən kövrək məxluqudur. Dağları əridər, dəryaları qurudar, kosmosa pərvazlanar, ancaq bir sözdən, bir pis münasibətdən sına bilər.
Və o da bax beləcə sındı.
Murad daha yoxdur.
Facebook hesabında son paylaşımı mayın 5-də olub. Holokost mövzusunda çəkilmiş bir ingilis serialı barədə rəy yazıb.
Yanvarın 25-də isə bir poster önündə mələk qanadları arasında duraraq şəkil çəkdirmişdi və altından da yazmışdı ki, “Vallah belə (yəni mələk kimi) insanam, yaxından tanıyanlar bilir.”
Deməkmiş ki, mələk kimi insanları mələklər tez aparırmış.
Allah sənə rəhmət eləsin, Murad.
Səndən bizə çox qısa tərcümeyi-halın və bu hekayən qalıb. Son dəfə onu oxuyaq ki, bəlkə səni duya bildik.
***
Murad Muradov Quba rayonunun Zərdabi qəsəbəsində yaşayır, ali təhsillidir, dövri mətbuatda hekayələri ilə müntəzəm çıxış edir. Hekayələrində günümüzün acılı-şirinli reallıqları öz əksini tapmaqdadır.
KÖHNƏ DOLAB
Nə az, nə çox, düz yeddi il qərib eldə - Rusiya bazarlarında tər töküb işlədikdən sonra nəhayət, günəşli günlərinə, qızıl payızına, qarlı qışına həsrət qaldığım vətənə gəlib çıxa bildim. Allaha şükürlər olsun ki, çəkdiyim bütün əzabları, qanqaraçılıqları Bakıya gələr-gəlməz şəhərin sakit bir güşəsində aldığım ikiotaqlı mənzil mənə unutdura bildi. Yeddi illik zəhmətim hədər getməmişdi. Artıq sinə dolusu nəfəs ala bilərdim...
Xırda-xuruş qayğıları da yoluna qoyub, əzizlərimi görmək üçün rayona - ata evimizə, qardaşımın yanına getdim. Ötən yeddi ildə kəndimizdə çox şey dəyişmişdi. Daha ağaclara, damlara dırmanmış uşaqlar, hasarlardan boylanan qız-gəlin gəlib-gedənə göz qoymurdu. Bulaqdan su daşıyan, eyvanın qabağından küçə qapısınacan bütün həyəti tərtəmiz süpürən, küçəni başdan-başa sulayan, samovara od salan adamları da görmədim. Kəndin daşlı yollarında nə nal taqqıltısı, nə də araba cırıltısı eşidilirdi. Məscidin qabağındakı meydana yığışıb şirin-şirin söhbət edən, zarafatlaşan yaşlı kişilər də gözə dəymirdi. Sakitlik idi, yaman...
Uşaqlığımın keçdiyi bu kəndi xeyli gəzib-dolandım. Yeddi il əvvəl ürəyimi açdığım, amma “yox” cavabı aldığım Ofelyagilin evinə kənardan xeyli baxdım. Həyətimizi qonşunun həyətindən ayıran hasara söykənib fikrə daldım. Baxışlarım hər yerdə atamı, anamı axtarırdı. Atamın bu həyət-bacadakı gur səsini eşidirdim.
Sonra evə keçdim. Gözümə artırmanın bir küncündə anamın cehizliyi olan böyük paltar dolabı sataşdı. Dolaba yaxınlaşıb əlimi üzərində gəzdirdim. Rəngi solmuşdu, amma yan-yörəsində qırığı-filanı yox idi. Dolaba toxunduqca hiss etdiyim soyuqluq canımı üşütdü, dolab sanki cana gəldi, qəribə cırıltılı səs çıxardı. Dərhal da qapısı açıldı.
Çox qorxdum. Ehtiyatla dolabın içinə baxdım: Geniş və qaranlıq idi. Kəsif bir iy burnumu qıcıqlandırdı. Hörümçəklər qapılarına naxış salmışdı. Anladığım qədər dolabdan gəlinbacım lazımsız əşyaları göz qabağından itirmək üçün istifadə edirmiş. Dolab məndə nostalji hisslər oyatdı. Yaxşı yadıma gəlir ki, o vaxt anam ən gözəl geyimlərimizi səliqə ilə bu dolaba yığıb saxlayardı. Hər axşam atam evə gətirdiyi pulları qabağına tökər, asta-asta sayıb, anama verərdi. Anam isə atamın qazandığı bu pulları, “dar gün üçündür” deyərək paltarların ciblərinə qoyub bu dolabda gizlədərdi. Dolab qapısının içəri tərəfindən asılmış aynaya bir vaxtlar anam baxıb uzun və qara hörüklərini darayar, ona çox yaraşan ağ kəlağayısını başına örtərdi. İndi həmin aynaya pas düşmüşdü, üzərində qara ləkələr vardı, şəffaflığını itirmişdi. Atam, nimdaş olsa da, ona yaraşan kostyumunun sağına-soluna, mən də məktəbli formamın gözəlliyinə, tələbə adını qazanıb şəhərə gedəndə mənim üçün alınmış geyimlərin necə yaraşıqlı olduğuna bu dolabın aynasında baxmışdım. O, bizim evdə yaşanan hər bir hadisənin şahidi olmuşdu.
Xatırladıqca kövrəlirdim. Üçüncü sinfin yay tətilində idik. Hər gün sinif yoldaşlarımı başıma yığıb kənd boyu aşağı-yuxarı gəzib, oynayardıq. Ara-sıra kənddə kimin bağında yetişmiş meyvə ağacları vardısa, xəlvəti o bağa girir, meyvələrdən dərib səssizcə çıxırdıq, sonra sakit bir yerə çəkilib ləzzətlə meyvələri yeyirdik. O günkü meyvə oğurluğumuz Həcər arvadın bağına idi. Yaşı altmışı haqlamış, saçını sarı rəngləyən, iri sinəli o qadını hələ də yaxşı xatırlayıram. Mən pusquda durub, gələn-gedən olsa, xəbər etməli idim. Fərid və Tural isə bağa girib sulu armudlardan dərməli idilər. Hər şey alt-üst oldu. Tural kök, tosqun bir oğlan idi. Onun çıxdığı budaq ağırlığa tab gətirməyib qırıldı. Tural tappıltıyla yerə dəydi. Səsə Həcər arvad çıxıb hay-həşir saldı. Güclə qacıb canımızı qurtardıq. Amma Həcər arvad bizi görmüşdü. Tural ağrıdan, işin korlanmasından əsəbiləşib yerdən yekə bir daş alıb, həyətə vızıldatdı. Daş düz gedib Həcər arvadın dünyadan bixəbər, otluqda eşələnən bir toyuğuna dəydi.
Bir neçə saat evə getmədim. Axşamtərəfi gizlicə, qapını ehtiyatla açıb həyətə girəndə atam məni ordaca haqladı. Qulağımın dibinə dəyən şapalaqdan ayaqlarım yerdən üzüldü.
“Bu, Həcər arvadın bağından oğurluq etməyinin, yumurtlayan toyuğunun da daşla vurub ayağını qırmağının cəzasıdır”, - dedi.
Səsə anam da bayıra çıxdı.
Nə qədər and-aman etsəm də ki, toyuğun ayağının qırılması mənlik deyil, nə atamı, nə anamı inandıra bildim. Atam həyət qapısını hirslə çırpıb küçəyə çıxdı. Bir xeyli vaxtdan sonra o, evə qayıdanda anama toyuğun ayağını, sən demə, mənim sındırmadığımı öyrəndiyini dedi. Onların danışığını mən də eşitdim. Atam bir kəlmə ilə belə könlümü almadı. Kiçik evimizdə özümə yer tapa bilmirdim. O gecə dolabın içinə girib səhərə qədər orda yatdım...
***
Axşama doğru günəş dağların dalında yox olanda mənim gəlişim münasibəti ilə eyvanın qabağındakı stolun üstünə ağappaq, tərtəmiz örtük salındı, süfrə açıldı. Masa arxasında əyləşdik. Gəlinbacımın bişirdiyi kənd çolpasından, isti təndir çörəyindən yeyə-yeyə, qardaşımdan bir xahiş etdim:
- Olarmı anamın paltar dolabını şəhərə aparım?
Qardaşımla gəlinbacım baxışdılar.
Xahişim qardaşımın zəndini min yerə apardı. Vəziyyəti yumşaltmaq üçün dedim:
- Ev əşyaları almağa pulum çatmır, bu dolab çox işimə yarayacaq.
Ürəyimdən keçənləri bilirlərmiş kimi mənə “yox” demədilər...
Ertəsi gün dolabı kənddə taksi sürücüsü işləyən Tahir kişinin üstü yük üçün düzəldilmiş “VAZ 2106”sına birtəhər yüklədik, mənim üçün qoyulmuş sovqatı yerbəyer edib şəhərə qayıtdım. Dolabı evimə sağ-salamat çatdırıb boş otağın bir küncündə, divara söykədim.
Dolab boş evin sifətini xeyli açmışdı. Qəribə idi: dolab gözümə təzə, yenicə alınıbmış kimi görünürdü, hətta ona toxunanda illərin yorğunluğunu canından qovmaq üçün çıxardığı cırıltı səsi də gəlmirdi. Bu köhnə dolabda nəsə bir sirr olduğunu düşünürdüm. Dolabla canlı varlıq kimi danışmağa başladım. Astadan pıçıldaşırdıq. Ona keçmişimizlə bağlı xoş sözlər deyirdim. Yada salınacaq xoş olmayan uşaqlıq xatirəsi olsa da, Həcər arvadın toyuq əhvalatında məni bir tək bu dolab anlamışdı. Dolabı sığallayıb, təşəkkür etdim.
Mətbəxdən bir əski götürüb islatdım və dolabın tozunu sildim. Nəm əski ilə əlimi onun səthində gəzdirdikcə dolab sanki gözümdə böyüyür, ucalırdı. İndi mən onun qarşısında çox cılız görünürdüm. Dolabı tər-təmiz silib parıldatdım. Sonra gəlinbacımın qoyduğu sovqatı mətbəxdə yerbəyer etməyə başladım. Çantaya bir zərf də qoyulmuşdu. Açdım. Zərfin içində toy dəvətnaməsi vardı:
“Sizi Raufla Ofelyanın toy məclisinə dəvət edirik...”
Siqaret yandırıb, dolab olan otağa keçdim. Külək pəncərənin arxasında əsib fit çalır, yarpaqları yerə tökürdü. Görünən ay olmasa idi, cansıxıcı mənzərə yaranardı. Qaranlıq otağa pərdəsiz pəncərədən düşən gur ay işığı tən ortada, döşəmənin üzərində pəncərənin şəklini əks etdirirdi. Əyləşdim. Külqabını da önümə qoydum. Siqaretdən dərin qullab ala-ala, uzun-uzadı, gözlərimi çəkmədən dolaba baxdım. Qəhər məni boğdu. Barmaqlarımı dolabın cilası getmiş dəstəyində gəzdirdim. İzaholunmaz bir doğmalıq, yaxınlıq məni özünə çəkdi. Dolabın qapısını açıb içinə girdim, çömbəlib oturdum.
İndi dünyada özgə heç nə yox idi: bir ev vardı, bir bu köhnə dolab, bir də mən.
“Ədəbiyyat və incəsənət”
(14.05.2024)
“Qarabağın incisi Şuşa” kitabı Bosniya və Herseqovinada nəşr olunub
Dövlət Tərcümə Mərkəzinin 2022-ci ildə ölkədə elan olunan “Şuşa İli”nə töhfə olaraq ərsəyə gətirdiyi “Qarabağın incisi – Şuşa” kitabı Sarayevoda nəşr edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Tərcümə Mərkəzinə istinadən məlumat verir.
Kitabda Azərbaycanın qədim mədəniyyət beşiyi, Qarabağ xanlığının müdafiə qalası və paytaxt şəhəri olaraq yaradılan Şuşanın tarixi, dini ibadətgahları, tarixi memarlıq abidələri, xarici ticarət əlaqələri, Azərbaycan və dünya mədəniyyəti tarixinə bəxş etdiyi dahi simalarının həyat və yaradıcılığını özündə əks etdirən mövzular əhatə olunub.
“Şuşa – Qarabağ xanlığının paytaxtı”, “Şuşanın inşası”, “Şuşa şəhərinin gerbi və gerbdə təsvir olunan məşhur Qarabağ atları”, “Şuşanın təbiəti, mənzərəsi və iqlimi”, “Şuşanın əhalisi və məhəllələri”, “Şuşanın dini abidələri”, “Şuşa – sənətkarlıq və ticarət mərkəzi”, “Şuşa – maarif, mədəniyyət və sənət məbədi”, “Heydər Əliyev və Şuşa”, “Erməni qəsbkarlarının Şuşa arzusu”, “Şuşa, biz qayıtmışıq!”, “Yenilənən Şuşa” adlı fəsillər üzrə təqdim edən nəfis tərtibatlı kitab-albom Bosniya və Herseqovinanın zəngin ənənəli “Yesari Qrup” nəşriyyatında işıq üzü görüb.
Nəşrin layihə rəhbəri Xalq yazıçısı Afaq Məsud, bosniya dilinə tərcümə müəllifi isə tanınmış tərcüməçi Admira Cosoviçdir.
“Ədəbiyyat və incəsənət”
(15.05.2024)
Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Qara Qarayevin məzarını ziyarət ediblər
Mayın 13-ü görkəmli bəstəkar, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, Azərbaycan SSR Xalq artisti Qara Qarayevin vəfatının 42-ci ildönümü idi.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, anım günü ilə əlaqədar Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə, İttifaqın katibləri, Əməkdar incəsənət xadimləri, professorlar Zemfira Qafarova, Cəlal Abbasov və digərləri Fəxri xiyabanda bəstəkarın məzarını ziyarət ediblər. Qara Qarayevin tələbəsi və onun məktəbinin layiqli davamçısı Firəngiz Əlizadə və bəstəkarın qızı Züleyxa Qarayeva-Bağırova xatirələrini və ürək sözlərini söyləyərək, unudulmaz sənətkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı mühüm xidmətlərini vurğulayıblar.
Azərbaycan Bəstəkarlar İttifaqının tarixində misilsiz töhfələr vermiş Qara Qarayevin, Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Vasif Adıgözəlovun məzarlarına gül çələngi qoyulub.
XX əsrin dahi bəstəkarları – Üzeyir Hacıbəyli və Dmitri Şostakoviçin varisi olan Qara Qarayev Azərbaycan bəstəkarlıq məktəbinin layiqli davamçısı olmuş, musiqi mədəniyyətini zirvələrə ucaltmış sənətkardır. 30 ildən çox bir zaman çərçivəsində Qara Qarayevin Bəstəkarlar İttifaqının sədrliyi dövründə İttifaqın fəaliyyəti yüksələrək beynəlxalq səviyyəyə ucalmışdır.
Qara Qarayevin yaradıcılığında mühüm mərhələni təşkil edən Azərbaycan Dövlət Konservatoriyasındakı pedaqoji fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Qara Qarayev bəstəkarlıq məktəbinin yetirmələri həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda da bəstəkarın yolunu layiqincə davam etdirirlər.
“Ədəbiyyat və incəsənət”
(14.05.2024)
Mədəniyyət naziri maldivli həmkarı ilə görüşüb
Mayın 13-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılış mərasimi çərçivəsində ölkəmizdə səfərdə olan Maldiv Respublikasının dhivehi dili, mədəniyyət və irs naziri Adam Nasir İbrahim arasında ikitərəfli görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, nazir Adil Kərimli “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılış mərasimində iştirakına görə qonağa təşəkkürünü bildirib.
Azərbaycanın Şuşa şəhərinin tarixi-mədəni zənginliklərindən söz açan nazir, bu qədim şəhərin xalqımıza bəxş etdiyi görkəmli mədəniyyət və ədəbiyyat xadimləri haqqında məlumat verib.
Adil Kərimli bu il Azərbaycanın qlobal əhəmiyyətli bir tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Bildirib ki, COP29-da iqlim dəyişikliyinin mədəniyyət sahəsinə təsiri, habelə ətraf mühitin qorunmasında mədəniyyətin rolu məsələləri ilə bağlı xüsusi müzakirələr aparılacaq.
Maldiv Respublikasının dhivehi dili, mədəniyyət və irs naziri Adam Nasir İbrahim ölkəmizə səfərindən məmnunluğunu bildirib, “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılışının yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.
Qonaq nazir ölkəmizlə mədəni əməkdaşlıqda maraqlı olduqlarını deyib, mədəniyyət günlərinin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(14.05.2024)
Bu gün “Ədəbiyyat və incəsənət”in 3 yaşı tamam olur - GƏNCLƏR YAZIR
Kollektiv yazı
Bu gün bizim “Ədəbiyyat və incəsənət” (edebiyyatveincesenet.az) portalının 3 yaşı tamam olur.
Dövlət Reestrində olan ən böyük mədəniyyət portalı kimi bu 3 ildə addım-addım irəliləmişik.
Ən böyük 3 uğurumuza gəlincə:
-2023-cü ilin yekunlarına görə türk dövlətlərinin ən yaxşı mədəniyyət mediası olaraq Şuşada TÜRKSOY tərəfindən ödüllə təltif olunmuşuq;
-Güney Azərbaycanda təmsilçilik yaratmış, yüzə yaxın güneyli soydaşımızın ədəbiyyat nümunələrini, o cümlədən yerli hakimiyyət tərəfindən qadağan olunmuş əsərlərini dərc etmişik;
-Və ən əsası, heç bir təmənna güdmədən bütün istedadlı müəlliflərin əsərlərini, bütün diqqətəlayiq xəbərləri dərc etmişik. Nəticədə hazırda bir çox müəlliflərlə, ölkənin əksər qurumları ilə sıx əməkdaşlıq efirik.
Və bu bayram günümüzdə buradan səslənirəm: bütün ədəbiyyat və incəsənət xadimləri - yazıçı və şairlər, rejissor və aktyorlar, müğənni və bəstəkarlar, rəssam və heykəltaraşlar, digərləri, öz yaradıcılıq nümunələrinizi, xəbərlərinizi bizə yollayın.
Birlikdə mədəniyyətimiz barədə aləmə car çəkək!
Bu poçt ünvanımız:
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu vatsap nömrəmiz:
+994 51 304 75 25
İndi isə bizlərin - gənc əməkdaşların ürək sözləri:
İnsanları müxtəlif qruplara təsnif edənlər çoxdur. Mən insanları yaradanlar və dinləyənlər olaraq iki qrupa ayırıram.
Bilirik ki, hər birimiz zaman-zaman tələbə, zaman-zaman müəllimik bu həyatda. “Ədəbiyyat və incəsənət” portalı gələcəyin yaradicı müəllimlərini bugünün tələbələrini yetişdirir. Günü-gündən abadlaşan, uğurlara imza atan bir dövlətin tərkibində gənclərə əl uzadan, onların gələcək həyatlarına ulduz kimi parlayan hər bir şəxs üçün də uğur qaçınılmazdır. Bir insan bir uğur, bir müəllim minlərlə uğura bərabərdir.
Dəyərli həmkarlarımı, qələm sahibi olma arzusunda olan bütün gənclərə əl tutan Varisi və portalımızı 3-cü ili münasibəti ilə təbrik edirəm. Neçə birlikdə illərə, neçə gözəl uğurlara birgə imza atmaq diləyi ilə.
Əlavə olaraq da qatıldığım bu 1ildə mənə, yazılarıma verilən qiymət, fikirləriniz... Bir-birinə köstək yox, dəstək olan bir redaksiyada olmağım olduqca sevindiricidir. Hər birimizi təbrik edirəm.
Leyla Səfərova
“Ədəbiyyat və incəsənət” portalı 3 il ərzində bir çox istedadlı gənclərin, unudulmuş insanların cəmiyyətə tanıdılmasında mühüm rol oynamış, daima qayğısını heç kimdən əsirgəməmişdir. İnamlı addımlarla inkişaf etməkdə olan portal gələcəkdə daha da böyük uğurlara imza atacaqdır. Bütün əməkdaşlarımızı təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram!
Habil Yaşar
Zənnimcə cəmiyyətin mənəvi dəyərlərinin təməl sütunları məhz ədəbiyyat və incəsənət çərçivəsində dəyərləndirilməlidir. Özümü dərk etməyə başladığım yaşlardan bəri həm hisslərimi, həm də gördüklərimi yazmaq, insanların düşüncələrini öyrənmək, eyni zamanda müəyyən fikir mübadiləsi aparmaq mənim üçün əhəmiyyətli idi. Ancaq düşünməzdim ki, bir gün yazdıqlarım paylaşılar və hətta Azərbaycan ədəbiyyatının say seçmələrindən olan Varisin məşhur portalında fəaliyyət göstərməyə başlayaram. Bu bir ildə portala bir çox müxtəlif janr və üslublarda yazılar göndərdim, həm özümlə yaşıd, həm də, məndən böyük şəxslərlə qələm ortağı olub yazılarım üzərindən dəyərləndirmə almaq şansını əldə etdim. Bu bir ildə, hər zaman mənə dəstək olan dəyərli yazıçı heyətimizi fəaliyyətlərinin davamlı olması diləyi ilə təbrik edirəm. Varis müəllimə isə biz gənc nəslə qələmini duyurmaqda dəstək olduğu üçün ayrıca minnətdaram. Və ümid edirəm ki, mən də bir gənc yazıçı olaraq portalımızın inkişafı əlimdən gələni edəcəyəm.
Kübra Quliyeva
“Ədəbiyyat və incəsənət”
(13.05.2024)
“Koloritli, əsrarəngiz və ustacasına yazılmış romanların müəllifi!" -XALQ YAZIÇISI ELÇİNİN DOĞUM GÜNÜNƏ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
"Azərbaycanın ən görkəmli dramaturq və yazıçılarından olan Elçin (Elçin İlyas oğlu Əfəndiyev) keçən əsrin son rübündə yazdığı “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” romanları ilə nəinki Azərbaycan, həmçinin bütün Sovet ədəbiyyatına böyük töhfə vermişdir. Bu romanlar düşüncə və hadisələr arasındakı tarazlığın gözəl nümunəsidir.
Elçin bu koloritli, əsrarəngiz və ustacasına yazılmış romanların strukturuna tarixi məqamları, əsatirləri daxil etmiş, millətin, etnosun, insanın zaman məfhumu kontekstində rolunu və missiyasını müasirlik prizmasından işıqlandırmışdır."
Militsa Liliç,
serb yazıçısı və ədəbiyyatşünası
Bu gün Azərbaycan xalq yazıçısı, dramaturq, əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Elçinin doğum günüdür.
Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakıda xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib.
Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub.
Orta təhsilini Bakı şəhərində alıb. 1965-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini, 1968-ci ildə isə Azərbaycan Elmlər Akademiyası Nizami adına
Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını bitirib.
"Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə
edib.
Ədəbi yaradıcılığa 1959-cu ildə hələ 16 yaşındaykən “Azərbaycan gəncləri” qəzetində dərc olunan "O inanırdı" adlı hekayəsi ilə başlamışdır.
"Min gecədən biri" adlı ilk hekayələr kitabı isə 1965-ci ildə Аzərbаycаn Dövlət Nəşriyyаtı tərəfindən nəşr еdilmişdir.
Bundan sonra Elçin Əfəndiyevin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub. Əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polyak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək,
qazax, tacik, serb və sairə dillərə tərcümə edilib. Kitablarının ümumi tirajı 5 milyondan çoxdur.
1984-cü ildə “Azərbaycan Respublikasının Əməkdаr incəsənət хаdimi”, 1998-ci ildə “Xalq yazıçısı” fəxri adına layiq görülmüş, 1986-cı ildə “Şərəf nişаnı, 2003-cü ildə Azərbaycan Respublikasının ən yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif edilmişdir.
Uzun illər Azərbaycan Ali Sovetinin deputatı olan yazıçı Azərbaycan Respublikası Baş Nazirinin müavini, eləcə də Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti — "Vətən" Cəmiyyətinin sədri vəzifələrində də çalışıb. Bakı Dövlət Universitetinin professorudur. Bir sıra Dövlət Komissiyalarının sədri, nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, ictimai qurumların üzvüdür. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvüdür.
Və bir də. Elçinə ümumxalq sevgisi qazandıran “Baladadaşın ilk məhəbbəti” hekayəsi və onun əsasında çəkilən filmdir.
“Ədəbiyyat və incəsənət”
(13.05.2024)