Super User

Super User

Heyran Zöhrabova, " Ədəbiyyat və incəsənət" 

 

Taleyin qisməti rast saldı bizi.

Yolumuz hardasa qırılacaqsa,

İtirəcəyiksə bir-birimizi,

Xatirəm yadında qalmayacaqsa.

Bu əllər mənimki olmayacaqsa,

Bu tellər mənimki olmayacaqsa

Sən allah, özünə öyrətmə məni,

Hicran qoxusuyla göynətmə məni...

Əlimi saçına öyrətmə belə,

Gözümü gözünə öyrətmə belə;

Üzümü üzünə öyrətmə belə... 

 

Mən bir az baharlı budaq kimiyəm,

Bir az da sadəlövh uşaq kimiyəm.

Bala anasına qovuşan kimi,

Leylək yuvasına yovuşan kimi,

Arı gül-çiçəyə uyuşan kimi,

Eh, mən də adama tez yovuşanam,

Sevgi atəşində tez alışanam,

Amma ki, sönməyim çox çətin olur –

Sevgidən dönməyim çox çətin olur,

Öyrətmə özünə, öyrətmə məni. 

 

Bəlkə gözləmirdik bu xoş görüşü,

Yaman qəribədir dünyanın işi;

Heç vaxt yollarında dayanmadığın,

Heç həndəvərində dolanmadığın

Gəlib birdən sənə nə şirin olur!

Ömrünün içində ömür doğulur.

Bu şirinim acı olacaq isə,

Bir qismət çiçəyim solacaq isə,

Öyrətmə özünə, öyrətmə məni. 

 

Könlümdə yerin var, qopmaz yerindən,

Bir əkiz ləçəyi, haça budağı

Ayırmaq olmursa biri-birindən,

Məni də ayırmaq çətindir axı.

Öyrətmə özünə, öyrətmə məni;

Yox buna təqatim, yox buna tabım

Əlimi əlindən üzmək əzabım,

Sonra bu əzaba dözmək əzabım…

Yoxsa da, könlümün sınıqları var,

Hicranın köz basmış yanıqları var -

Mənim dərdlərimin ayaqları var -

Harda olsa gəlib tapacaq məni,

Yaxıb yandıracaq bu ocaq məni.

Gəl məni özünə öyrətmə belə,

Əlimi əlinə öyrətmə belə,

Gözümü gözünə öyrətmə belə…

 

Bu gün “Bu dünyanın qara daşı göyərməz” söyləyən, qadınsız yaşamağı, ürəyinin dərdini həyat yoldaşıyla bölüşə bilməməyi əzab sayan xalq şairi Musa Yaqubun doğum günüdür. 

 

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra 1957-1958-ci illərdə Tircan kənd orta məktəbində müəllim, 1958-1967-ci illərdə Buynuz kənd ibtidai məktəbində müəllim və müdir işləyib. 

1967-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində qiyabi təhsil alıb. Həmin illərdə Buynuz kənd 8 illik məktəbin direktoru olub. Bakıya köçəndən sonra 1974-1978-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb. 

İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.

Şair ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb.

2019-cu ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə  “Xalq şairi” fəxri adına layiq görülüb.

O, həmçinin İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilmiş, Mirzə Fətəli Axundov adına mükafata layiq görülmüşdür.

Parkinson xəstəliyindən əziyyət çəkən şair  2021-ci il mayın 7-də dogum gününə 3 gün qalmış  İsmayıllı rayonunda 84 yaşında dünyasını dəyişmiş və vəsiyyətinə əsasən yaşadığı İsmayıllı rayonunun Buynuz kənd qəbiristanlığında, valideynlərinin və  həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2024)

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Neylərəm o ömrü mən 

Nə qışı, nə yazı var! 

Duyğunun nə dərini, 

Nə də ki, dayazı var! 

 

Neylərəm o ömrü mən, 

Nə bir şirin sükutu, 

Nə də sel axışı var. 

Nə çılğın bir sevinci, 

Nə də göz yağışı var. 

 

Neylərəm o ömrü mən, 

Nə özü, nə özgəsi, 

Nə səsi, nə nəfəsi, 

Nə dərdi, nə qəmi var. 

Nə əqidə yoldaşı,

Nə könül həmdəmi var! 

 

Neylərəm o ömrü mən, 

Nə Vətən məhəbbəti, 

Nə xalqa sədaqəti, 

Nə darda mətanəti, 

Nə dərdə tabı olsun, 

Nə ömür yollarında 

Bir inqilabı olsun! 

 

Dünyaya nə ilk sözü, 

Nə son cavabı olsun. 

Mən ömür istəmişəm 

Məşələ dönüm, yanım 

Mən ömür istəmişəm, 

Qoy dolsun odla qanım! 

 

Mən həyat yollarında 

Bu odla silahlanım. 

İnamım, etiqadım 

Qoy inqilabım olsun! 

Mən dünyaya gələndə 

Səsli, nəfəsli gəldim, 

İstəmirəm sükutum 

Ən son cavabım olsun.

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Əlbəttə ki, musiqidə hər bir fərqlilik, yenilik diqqətçəkəndir. Odur ki, sazın kamera orkestrinin müşayiəti ilə dilləndirilməsi hamının marağına səbəb olacaq. İndi isə xəbərə keçirəm. 

 

Xəzər Universiteti və Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə çağdaş aşıq sənətinin çox ünlü simalarından biri, Borçalı aşıq mühitinin istedadlı sənətkarı aşıq Ramin Qarayevin "Sazımda avazımda" adlı solo konserti keçiriləcək.

Mayın 19-da Azərbaycan Dövlət Akademik Filarmoniyasınında keçiriləcək solo konsertdə aşıq Ramin Qarayevi "Bakı-Təbriz" qrupu və Xəzər Universitetinin kamera orkestri müşayiət edəcək.

Sənətkarın solo konsertində qonaq qismində xalq artisti Alim Qasımov və Məhsəti Azaflı  iştirak edəcəklər. 

Tədbirin aparıcısı Qorxmaz Tofiqoğludur. 

 

Hazırda solo konsertə hazırlıqla bağlı gərgin iş prosesi getdiyini deyən aşıq Ramin Qarayev bildirir ki, "Bakı-Təbriz" qrupunun  onu müşayiət edəcəyi bu konsertdə aşıq havaları yeni tərzdə kamera orkestri ilə təqdim ediləcək. Azərbaycanda ilk dəfədir ki, kamera orkestri ilə aşıq solo konsert verir. Bu ilkə də nə xoş ki, mən imza atıram. 

 

Tədbirdə görkəmli dövlət xadimləri, ictimai xadimlər iştirak edəcəklər. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Xalq şairi Nəriman Həsənzadə, AYB  sədri Anar, Professor Qəzənfər Paşayev, Professor Hamlet İsaxanlı, AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu- İmanov kimi tanınmış xadimlərin çıxışları gözlənilir. 

Məlumat üçün bildirək ki, aşıq Ramin Qarayev Azərbaycan Respublikasının Birinci Vitse- Prezidenti Mehriban  Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə Azərbaycan aşıq sənətinin UNESKO-da qeyri-maddi irsi siyahısına daxil edilməsində iştirak edib. 

2012-ci ildə Qazaxıstanda Dədə Qorqud festivalında 3-cü yeri tutub.

2019-cu ildə İspaniyanın paytaxtı Madrid şəhərində İmaməddin Nəsiminin 650 illiyində, Türkiyənin İstanbul şəhərində Qarabağ Zəfərinin 1 illiyinə həsr olunmuş "Qarabağ Azərbaycandır" adlı tədbirdə  iştirak edərək gözəl ifalar təqdim edib. Azərbaycan aşıq poeziyasının inkişafında, tanıdılmasında fəal iştirak etdiyinə görə 2021-ci ildə "Aşıq Ələsgər 200" yubiley medalı ilə təltif edilib.

2022-ci ildə Türkiyənin Bursa-İznik şəhərində Rəcəb Tayyib Ərdoğan başda olmaqla 5 ölkənin prezidentinin iştirak etdiyi 4-cü Dünya Köçebe oyunlarının açılış tədbirdə iştirak edib.

2023-cü ildə Azərbaycanın Şuşa şəhərində Molla Pənah Vaqifin poeziya günlərində iştirak edərək aktyor kimi də Abbas Tufarqanlı obrazını canlandırıb. (Yeri gəlmişkən, bu ifanı şəxsən izləyib valeh olmuşam).

Ramin Qarayev Beynəlxalq Müsabiqələr Laureatıdır. Azərbaycan Aşıqlar Birliyinin üzvüdür. Azərbayca Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavr və magistr səviyyələrini bitirib. Hazırda Xəzər Universitetində pedaqoji fəaliyyət göstərir.

Bu günə kimi Azərbaycanda 3, Rusiya, Gürcüstan və Türkiyədə 1 solo konserti olub.

İndi isə "Təbriz-Bakı" qrupu ilə tam yeni tərzdə, daha fərqli ifalarla zövqünüzü oxşayacaqdır.

 

Əziz saz-söz sevənlər, sizi 19 May saat 19:00 tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasına Aşıq Ramin Qarayevin  "Sazımda-Avazımda" adlı konsertinə dəvət edirik. Xalq artisti Alim Qasımovunda iştirak edəcəyi tədbirdə, Xəzər Universitetinin Kamera orkestri və tanınmış musiqiçilərdən ibarət “Təbriz -Bakı” qrupu müşayiət edəcək.

Orkestirin bədii rəhbəri Zülfiyyə Sadıqova.

Qrupun rəhbəri Elman İbrahimli.

Təşkilatı dəstək Xəzər Universitetidir.

Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Gənclik Mall, ASAN Xidmət mərkəzlərindən və www.iticket.az saytından əldə edə bilərsiniz.

Ətraflı məlumat əldə etmək üçün: 0124242424

0502397334

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2024)

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

Ötən ilin bugünkü günü baş verən hadisələrdən birini xatırlatmaq istədim. Buyurun.

 

Təbii ki, indi dünyanın diqqəti qardaş Türkiyədədir. Prezident seçkilərinin zamanı artıq gəlir. Bu həftəsonu hər şeyi seçici səsləri həll edəcək. Demokratik seçki keçirmək ənənəsi ilə öyünən Türkiyədə kim prezident olacaq? Hazırkı prezident hakimiyyətini qoruyub saxlaya biləcəkmi?

Bu arada “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Malik Alim seçki öncəsi baş vermiş ilk insidentin səbəbini axtarıb tapmağa cəhd edib. Buyurun, tanış olun.

 

Dünyanın xəbər agentlikləri bu xəbəri manşetlərinə çıxardılar: Ərzurum şəhərində seçkiöncəsi mitinq təşkil edən müxalifətin nümayəndəsi - İstanbul şəhərinin meri Əkrəm İmamoğlu daşa basılıb. Onun ətrafındakı 15 nəfər xəsarət alıb.

İmamoğlu Kamal Kılıcdaroğlunun vahid namizəd olduğu müxalifət blokunun ən əsas simalarından biridir, Kılıcdaroğlu qalib gəldiyi təqdirdə ölkənin vitse-prezidenti olmağa bir nömrəli namizəddir.

Beləliklə, bu olay müxalifət liderinin şanslarına əsl kölgə salmış oldu.

Eyni vaxtda İstanbulda Rəcəb Tayyib Ərdoğanın keçirdiyi mitinq isə 1,7 milyon nəfər toplayaraq tam əmin-amanlıqla keçdi. Bu olay qüvvələr nisbətinin Ərdoğanın xeyrinə yüz fazi dəyişməsini ortaya qoymuş oldu, belə ki, seçkiyə bir həftə qalmış proqnozlar hər iki namizədin xeyrinə bərabər idi. Bəs necə oldu ki, əyalətlərdə böyük dəstəyi və elektoratı olan Kılıcdaroğlu daşa basıldı?

Bizə belə gəlir ki, bunun bir səbəbi də İstanbul mitinqi zamanı Rəcəb Tayyib Ərdoğanın çıxışında işlətdiyi bu fraza ola bilər:

-Ədalət və inkişaf partiyası, eləcə də bizim alyansımızdakı digər partiyalar heç vaxt LQBT-ni (cinsi azlıqlar hərəkatı – red.) dəstəkləməyəcək. Çünki ailə bizim üçün müqəsddəsdir. Biz LQBT-ni dəstəkləyən hər kəsi seçki qutularında basdıracağıq!

Bu çıxışda atılan daş təbii ki, səs toplamaq üçün ermənilərin – türkün düşmənlərinin dəstəkçisi qismində çıxış edən, eləcə də cinsi azlıqları müdafiə edən Kılıcdaroğlunun bostanına atılmışdı. Ərzurum kimi dini, milli-əxlaqi dəyərlərin möhkəm əsasları olan bölgədə Əkrəm İmamoğlunun daşa basılması səbəbləri indi aydın olmurmu?

Bəli, Türkiyə həlledici proseslərə qucaq açıb. Seçkinin sonucu dünyanın siyasətini, eləcə də Azərbaycanın siyasi durumunu müəyyənləşdirməyə qadirdir.

Azərbaycanda isə hazırda əksəriyyət Rəcəb Tayyib Ərdoğanı dəstəkləyir. Gəlin unutmayaq ki, Ərdoğan – turan ideyasının hərəkətverici qüvvəsidir həm də.

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2024)

 

 

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Sizi ən müxtəlif təsnifatlardan («Forbes» jurnalının təqdimatında «Ən sağlam 12 qida» reytinqi, Conni Bovdenin «Dünyanın ən sağlam 150 qidası» kitabı, «Taym» jurnalındakı «Tarixin ən faydalı 50 bitki və qidası» reytinqi və s.) seçdiyim Yer kürəsinin ən faydalı qidaları ilə tanış edirəm.

Buyurun, faydalanın. Öncə göyərti və tərəvəzlərdən bəhs etmişdim. İndi növbə meyvə və giləmeyvələrindir.

 

B. Meyvə və giləmeyvələr

1.     Alma (tərkibində pektin, antioksidantlar və C vitamini çoxdur, arıqladıcı xüsusiyyətə malikdir).

2.     Avokado (77% sağlam yağlardan ibarətdir, vitamin və sellülozla zəngindir).

3.     Banan (fiziki əməkdən sonra gücün bərpasına kömək edir, kalium, protein, B 6 vitamini ilə zəngindir).

4.     Yemişan (ən güclü antioksidant mənbələrindəndir, gözə çox faydalıdır).

5.     Portağal (digər sitruslar kimi bol C vitamini mənbəyidir, habelə antioksidantla zəngindir).

6.     Çiyələk (tərkibində C vitamini, marqans var, az kalorilidir).

7.     Nar (qan dövranını tənzimləyir, damarları qoruyur, şiş xəstəliklərində şişlərin böyüməsinə mane olur).

8.     Qarağat (xərçəngdən qoruyan antioksidantlarla boldur, yaddaşı gücləndirir).

9.     Limon (C vitamini anbarı hesab edilir, qan dövranının effektiv fəaliyyəti üçün çox xeyirlidir).

 

Növbəti dəfə sizlərə yarmaları və paxlalıları təqdim edəcəyəm.

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2024)

 

Cümə, 10 May 2024 16:00

“Qar” – ORXAN FİKRƏTOĞLU

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

Q A R

 

Hekayə

 

 

Alma boyda qar dənəciklərinin yağdığı sənə kənd adamları qorxa-qorxa göyə baxırlarmış. Görüblər, qarın içiylə göydən aşağı bir adam enir. Qabağına yüyürüblər. Görüblər, göydən düşən odur. Əvvəlcə bilməyiblər onu necə dindirsinlər. Sonra görüblər onu dillə dindirmək gərək deyil. Danışmasan da, səni anlayır. Gözlərinə baxıb nə demək istədiyini bilir. Be­lə­cə, bu adam olub onlardan biri... Kəndlilər əvvəlcə ona salam veriblər, sonra Əlişin boş qalmış daxmasını, ondan sonra da dul Əsməri. Qarla gələn heç nə demədən salamı da alıb, Əsməri də... O, gələn gündən quru salamın belə qırışığı açılıb. Ona ərə gələndən Əsmər belə ucadan gülməyə başlayıb. Onu görəndə ən qanıqara adam belə səbəbsiz yerə sevinir. Belə baxırsan, so­yuq­dur: dinmir, danışmır. Həm də necəsə istidir: əl verib gö­rü­şəndə əlin tava kimi cızıl­dayır. Yay-qış puçur-puçur tərləsə də, üzü suludur. Əllərində heç nə kiflənmir, təzə-tər qalır. Sobanın ya­nında oturanda əriyir. Novruz bayramlarında əriyər deyə ton­qal üstündən hoppanmır. Yerə bağlı deyil. Bos­ta­nını da göydə salıb. Əkdiyi ağacları yerdən göyə sulayır. Mey­vələr, tərəvəzlər dəyib sulandıqca göydən tappıltıyla aşağı düşürlər. Arvadı Əsməri hər gecə göyə gəzintiyə aparır. Hara gedirlər, haradan gəlirlər, özlərindən savayı heç kəs bilmir. Əsmərə baxıb kəndin o biri arvadları da göynən getməyə baş­la­yıb. Onlar da ərlərindən hər gecə ulduz istəyirlər. Kənd adamı onun əkdiyi meyvələri yemir. Evində tutya kimi sax­layır. Onun meyvələri də, sözləri kimi, gec saralır. Qoxusu, ətri illərlə otaqdan çəkilmir. Üzünün rəngi süddən ağdır. Gecə­lər bədəni lampa kimi işıq saçır. Qaranlıqda qonşu kəndə getmək istəyən onu özüylə lampa kimi götürür. Heç kəsə “yox” deməz. Hara desələr, haçan desələr, qabaqlarına düşüb gedəcək. Gecə vaxtı uşaqlar qaranlıqdan qorxmasın deyə kəndin ortasında çəpəki dayanır ki, işığı pəncə­rələrə düşsün. Qəzaya düşən uçaqlar onun işığına sağ-salamat yerə enirlər. Onsuz kənddə toy olmaz. Gələndən gəlinlərin aynasıdır. Arvadlar inəklərini onun üzünə sağırlar. At nalı kimi ayaqqabılarını darvazalardan asırlar. Yay oldumu, göyə qalxacaq. İki buludu var. Cütə qoşub göydəki bostanını şumlayacaq. Yerdə heç kimlə işi yoxdur. İtlər ona hürmür. Quş­­lar yanında qanad çalmır. Adamlar göyə baxan deyil deyə, yayda onu az-az görürlər. Heç kəsin əli çatmır deyə, göydə dərdi də yoxdur. Göydə dərd olmur axı... Göydə bircə hal var. Bu hal da onun üzüdür. Təkcə Əsmər hamilədi deyə qalıb yerlə göy arasında. Bilmir uşağı göyə doğu­lacaq, ya yerə? Tez-tez boylanıb göydən yerə baxır.

Beləcə, o da yerlə göy arasında hamı kimi yaşayıb ölüb gedəcəkdi.

Amma dünya yumrudur. Bunun yayı olur, yazı, payızı, qışı olur. Qışında qar yağır.

Bir qış qar yağmadı. Sonra beş qış qar olmadı. Sonra on beş qış yer qarsız qaldı.

Dünya tərəzi kimidir: bir yanı əyəndə, o biri yanı əyilir. Qar yağmadı, dünya da əyildi. Suları qurudu. Otları bitmədi. Dənizləri ləpələnmədi. Balıqları kürü qoymadı. İnəkləri gövşə­mədi. Kənd adamı ancaq kəndi görürdü, göy nədir, bilmirdi. Onların da işi ancaq gövşəməkdi. Qarınları ki doymadı, yığışıb gəldilər onun üstünə: – Göydən sən gəlmisən, – dedilər, – ora ancaq sən qayıda bilirsən, get gör qar necə oldu?

Göyü beş barmağı kimi tanıyırdı. Kənd adamları evinə gələn zaman da ora baxırdı. Yerdən yemək istəyən kənd adamlarının sözünü yerə salmayıb: – Qoy bu çayımı içim, qalxaram, – dedi.

Kənd adamı getdi yerə. O da ayağa qalxıb göyə getdi. Görəsən, nə olmuşdu? Kənd adamının günahı nəydi ki, qarı yağdıran daha yağdırmırdı?

Göyə çıxıb buludları yəhərlədi. Ora-bura çapıb qar ax­tar­dı. Yox idi. Yuxarıdan boylanıb maraqla yerə baxdı. Dünya çatlamış dodağa bənzəyirdi. Adamları qurumuşdu, suları bulan­mışdı. Yaşıllıqları saralmışdı. Olacaq uşağı da gözünə yaxşı görünmədi. Dərin bir çala qazıb əlindəki beli göydən yerə tolaz­ladı. Bel buludları keçib tarappıltıyla yerə dəyib toz qal­dır­dı. Belin vahiməli səsinə yığılmış adamların gözlərini qaral­dan toz çəkilən zaman qeybdən səs gəldi...

“Seçim özünündür: qar da ola bilərsən, adam da...”

Göydə qazdığı çalaya girib üstünü buludlarla örtdü. Bu­lud­­ların qarnından qar kimi aşağı, kəndin bostanına yağ­mağa başladı.

Sonra qar gücləndi...

Beş il durmadan qar yağdı.

Çaylar sulandı. Ağaclar çiçəklədi. Quşlar dirildi. Adam­ların qarınları doydu. Əsmər qarın altında bir gülərüz, qapqara oğlan doğdu. Uşağın səsinə kənd adamı elə bil yuxudan ayıldı. Hamı buradaydı. Təkcə o, yox idi.

Bir-iki il kənd adamları hər dəfə qar yağanda onun göydən yerə düşəcəyini gözlədi.

Sonra onu unutdular. Daha qarlayanda “onu görə­rəm” deyə heç kəs göy üzünə baxmadı. Kənd adam­larının göyə baxmağa vaxtı hanı? Onların evləri kimi, sevgiləri də yerdədir. Qış da soyuq olur axı... Nə qədər soyuğun altında çöldə daya­nıb göyə baxacaqsan? Bir də bu qarın nə evi var, nə də qəbri. Lap istə­sələr belə, kənd adamları onu hara baxıb xatırla­malı­dırlar? Onun qar olub kəndi xilas etməsinə kəndlilər inanmadı. Amma hər təzə qar yağanda Əsmərin qara oğlu nədənsə sevinirdi. Və Əsmər oğluna baxıb düşünürdü ki, bu uşaq, yəqin, atasının zərrəsi olduğu qədər həm də onun qəbridir. Bir adamın qəbri varsa, deməli, onun xatirəsi də var. O uşaq bir gün dil açdı. Və danışan kimi Əsmərdən atasının adını soruşdu. Əsmər fikrə getdi. Görəsən, onun göydən gəlmiş ərinin adı nəydi? Axı Əsmər heç vaxt ərindən adını soruşmamışdı. Kənd­də də heç kəs o göydən gələnin adını bilmirdi. Əsmər uşağa: “Sənin ata­nın adı yoxdu, ona ad qoymaq olmur, o nədirsə, onu ağılla dərk etmək də olmur”, – dedi. Uşaq bu cavabdan bir mətləb anla­masa da, daha anasına sual vermədi. Hər dəfə soba yanında oturanda ayaqlarının əriməsini də anasından gizlətdi.

 

 “Ədəbiyyat və incəsənət”

(10.05.2024)

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı istedadlı şair Zaur Ərmuğanın şeirlərini təqdim edir.

 

 

 Zaur Ərmuğan (Əsgərov) 1979-cu ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub.

 

2002-ci ildə BDU-nun filologiya fakültəsini bitirib. 2006-cı ildən dövri mətbuatda çap olunur. "Ədəbiyyat qəzeti", "Ədalət", "Kredo" və digər qəzetlərdə, "Mədəni-maarif", "Sözün işığı", "Xəzan" kimi jurnallarında çap olunub. Şeirləri özbək dilinə də tərcümə edilib, "Mənəviyyat çeşməsi" qəzetində və "Müasir Azərbaycan şeirləri" antologiyasında dərc olunub. 

“Muğanın səsi", "Türk dünyası şeir seçkisi", "Xəzər nəğmələri ədəbi birliyi", "Xarıbülbül", "Zirvə", "Şərqin səsi", "Rəvan" kimi müxtəlif toplu, məcmuə,  antologiya və almanaxlarda, ədəbi-bədii nümunələrlə çıxışlar edib.

2012-ci ildə "Günəş ömrü istəyirəm" adlı şeirlər kitabı ilə oxucularla görüşə gəlib.

2017-ci ildə Dünya Gənc Türk Yazarlar Birliyinin Fəxri Fərmanı ilə təltif edilib. 2019-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

 

 

QONAĞAM

 

Dünya dərin bir dəryadır,

Toruna düşən balığam.

Yeri, göyü də səhradır,

Yolundan keçən çarığam.

 

Əlimdədir əl ağacım, 

Duamdan yetə əlacım.

Məzara gedir bir ucum,

Beşikdəki o uşağam.

 

Ömür ucuzmuş, gün baha,

Gördüyümü gördüm daha.

Diş altındadır iştaha,

Dişi ağrıyan damağam.

 

Hərə öz bəxtini yeyir,

Ağız dediyini deyir.

Dünyadan umum nə xeyir?!

Yola verilən qonağam.

 

 

ÇIXIB GEDƏSƏN

 

Bir səssiz gecəni bələdçi tutub

Qaçasan bir ayaq dəyməyən yerə.

Bütün olanları elə unudub

Gedəsən gümanın gəlməyən yerə.

 

Gedəsən, gözündə ümid solmaya,

Gedəsən, gedəsən axıra kimi.

Gedəsən, qəmlənib könlün dolmaya,

Gedəsən, nə deyim, yol hara kimi?!...

 

Saxta sifətlərdən, süni nəfəsdən

Canını qurtaran addımın ola.

Boşboğaz ağızdan, hay-küylü səsdən

Uzaqda balaca bir damın ola.

 

Ağzı açıq qala yalançı dostlar,

Yalançı qonşular, yalançı qohum.

Daha səslənməyə yalançı tostlar,

Bir məclis qurasan, keflənə ruhun.

 

Arxanca qarğıyıb üzə gülənin

Üzü də, gözü də yada düşməyə.

Bir yerə gedəsən, gəlib gedənin

Heç tapılmaya da bir görüşməyə.

 

Hər dedi-qodudan gen dolanasan,

Düşüb daban-daban güdənin ki yox!

Onda nəfəs alar rahatlıqla can,

Səni səndən özgə görənin ki yox!

 

Düzünü min yerə əyri yozanlar,

O yaman ağızlar, o bəd çənələr,

Sənə diri-diri qəbir qazanlar

Elə yox ola ki, nə var dinələr?!

 

Gecə sübhə kimi yol yorğunutək

Ulduzlar, bir də ay işığın, nurun...

Başını götürüb lap o başadək

Qaşasan, təki bu qurğudan qorun!

 

Qovub ömürlərdən çəni, dumanı,

Zülmətdə qalana gün bağışladım.

Olmadım əllərin nəsnə umanı,

Mən səsə səs verdim, ün bağışladım.

 

Əritdim canımı yanar şam kimi,

Yanıram, üstümə su tökənim kim?!

İçildim bir dolu qızıl cam kimi,

Görmədim, gözümə mil çəkənim kim.

 

Aldanıb fəndgirə saflıq ucundan,

Hiyləgər məkriylə tora düşdüm hey.

Çoxunu qurtardım dar ağacından,

Özüm də çıxılmaz dara düşdüm hey.

 

Hənirsiz ürəkdir odsuz adamlar,

Titrədər köksümü buz soyuqluğu.

Hələ adından da adsız adamlar

Elə pay yedilər, oğru ki oğru!

 

Nə deyim, kimlərə tutum üzümü?

Mənim göz yaşımı silsin içimdən?

Bircə bu düyünün budur çözümü,

Allah! Bir bəxt doldur bu bir içimdən.

 

Gedəsən bir yolluq, çıxıb gedəsən,

Sevdiyin o qız da unuda səni.

Qəlbin nə deyirsə, onu edəsən,

Səsin sığal-sığal ovuda səni.

 

Dönüb geriyə də baxmaya gözün,

Gedəsən bulaqlar ağlayan yerə.

Qəlbə sirdaş olan sirr daşın özün,

Gedəsən çağları çağlayan yerə.

 

O yerin nə yolu, cığırı ola,

O yerin adını kimsə bilməyə.

Getdiyin o yolda uğurun ola,

Arzular sönməyə, ümid ölməyə.

 

Dünyanın bir dağı, çölü, meşəsi,

Dünyanın quşqonmaz daşı deyimmi?

Dünyanın elə bir rahat guşəsi

Ola, bir çıxasan başa deyimmi?

 

Bir səssiz gecəni bələdçi tutub

Gedəsən ayağın dəyməyən yerə.

Nə varsa, nə varsa, daha unudub

Gedəsən dönməyin gəlməyən yerə.

 

 

DÜNYA

 

Dünya tərsinə fırlanır,

Cızından çıxıbdır dünya.

Sınıb çarxı, sınıb oxu,

Özündən çıxıbdır dünya.

 

Düşdük bu yollar ardına,

Tapıb gətirək yurduna.

Tapşıraq dağda qurduna,

Düzündən çıxıbdır dünya.

 

Bu göyərən, bu solanı,

Niyə saldı bu talanı?

Üzə duran ağ yalanın 

Yüzündən çıxıbdır dünya.

 

Vədələri nağıl imiş,

Bəxtimiz nə ağır imiş?!

Gör bir necə cığal imiş,

Sözündən çıxıbdır dünya.

 

 

ÜMİD PUÇ OLANDA

 

Tale yüküm dağdan ağır,

özümü daşıyıram çiynimdə.

Kədərim

təzələnən dərdim kimi

həmişə geyindiyim

köhnə libasımdır əynimdə.

Ümidimin qaralıb nəfəsi,

Başı üstə dayanıb 

tutmuşam üzünü qibləyə.

Allahımdan səs çıxmır.

Bağlanıb qapılar sabaha.

Əl-ələ tutub dayanmışıq ölməyə.

 

 

SƏNƏ SARI

 

Elə duyuram səni,

günəşi

kor öz içinin nurunda görən kimi,

işığı sevən kimi.

Xoşbəxtliyin yaşanırkən

görünməz olduğu qədər,

bilinməz olduğu qədər

bir həsrətsən.

Sevgin

yalnız ruhumun yetişəcəyi əlçatmazlıq.

Hələ də axtarıram səni

qəlbin qəlbimdə var ikən

əllərini əlimdə tapmağa.

Sənə yol gəlirəm

daha bu sənsizlikdən qopmağa.

Qarşıla məni.

 

 

ÜRƏYİMƏ

 

Gözümdən axır göz yaşı,

Nəmi yığdım ürəyimə.

Dərdin mənə yol yoldaşı,

Qəmi yığdım ürəyimə.

 

Ərşə çəkdin sən yuxumu,

Həm azımı, həm çoxumu.

Əkdin bircə dərd toxumu,

Zəmi yığdım ürəyimə.

 

Bir gileyin min havası,

Bir talanam, eşq yuvası.

Köklənmişəm, var havası,

Dəmi yığdım ürəyimə.

 

Məni məndən alan aldı,

Məni məndə oda saldı.

Kimim getdi, kimim qaldı?

Kimi yığdım ürəyimə?

 

Ərmuğan, bil, dərdim çoxdur,

Başım üstə şimşək çaxdı.

Vayıma el şərik çıxdı,

Cəmi yığdım ürəyimə.

 

 

ƏBƏDİ BAHAR

 

Bir zülmət içindən çıxıb günəşə,

Özümlə gətirdim dünyama səni.

Telinə taxdığım bircə bənövşə

Əbədi bağladı yazına məni.

 

 

DARLIQ

 

Ayaqlarım ilişib 

Yer kürəsi tələsinə.

Təpiklərimlə döyəcləyirəm 

divarlarını dünyanın.

Nə qaça bilirəm,

Nə uça bilirəm

bu darlıqdan.

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Nurvəş “Güney Azərbaycan poeziyası antologiyası”nda sizlərə şair Dərviş Təbrizlinin şeirlərindən seçmələr təqdim edəcək.

 

Dərviş Təbrizli

Dərviş Təbrizli təxəllüsü ilə tanınan Məhəmməd Cavadi 1992-ci ildə Təbriz şəhərində anadan olubdur. 2007-ci ildən türkcə şeir və ədəbiyyat sahəsində çalışır. İndiyə kimi 3 kitabı işıq üzü görübdür. 10-dan artıq nəsr kitabını Azərbaycan əski əlifbasına köçürübdür. Bir ildən artıqdır ki, pyes və ssenari yazmağa üz gətiribdir. Azərbaycanın böyük sənətkarı Cəfər Cabbarlının pyes yazılarını köçürüb və çapa hazırlayıbdır. İndi isə Təbriz şəhərində gülüş tamaşasının səhnəyə çıxmasının, yazarı və baş yazarıdır.

 

 

SORUŞ

 

Şəklini fərş üstə doğrutdum, piçaqlardan soruş,

Saçlarınla, gözlərin rəngi boyaqlardan soruş.

 

İlmək-ilmək, arşın-arşın nazladım boyluqları,

Get ipəklərdən soruş, baş vur yumaqlardan soruş.

 

Tıqqa-tıqlar bu saatda taqqa-taqdır beynimə,

Qışqırır sənsizliyi bom-boş otaqlardan soruş.

 

Bu qoca şəhri ayaqdan saldım, axtardım səni,

İzlərim yorğundu, qoy yatsın, ayaqlardan soruş.

 

Sən gedən gündən məni görcək pıçıldar qonşular,

Halımı pıç-pıçların içrə qulaqlardan soruş.

 

Yaslıyam, sənsiz verir can bu yarım, can yastığım,

Gözlərimdə gizlənən sızğın bulaqlardan soruş.

 

Eşqi biz döndərmişik indi ögeylik eşqinə,

Gəl yaxınlaşdır, açım bir söz qabaqlardan soruş.

 

Mən özümdən də uzaqlaşdım, yetişdim tanrıya,

Bir günü tutsan soraq, məndən uzaqlardan soruş.

 

Çiyninə Dərviş çəkib illərdi sənsizlik yükün,

Qoy uyan uysun, ürək dərdin oyaqlardan soruş.

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Davud Qurbanova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

DAVUD TARYEL OĞLU QURBANOV

(15.02.1996.-03.10.2020.)

 

Bakı şəhərində doğulmuş, Əslən Qazax rayonunun Birinci Şıxlı kəndindən olan, Binəqədi rayonunun  şəhid  Rizvan  Pirnəzərov adına Biləcəri qəsəbə 299 nömrəli orta məktəbinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi.

Şəhid olduğu yer:  Tərtər rayonu Suqovuşan kəndi.

Dəfn yeri:  Qazax rayonunun Birinci Şıxlı kəndi.

 

 

      ÖLMƏZ QƏHRƏMAN DAVUD

 

Böyük elə böyükdür, heç zaman kiçiləmməz,

Mərdə namərd körpüsü yoxluqdur, keçiləmməz

Yetişməsə sünbüllər zəmilər biçiləmməz,

Hər şeyin öz vədəsi, hər şeyin  zamanı var,

Millətin Davud kimi ölməz qəhrəmanı var.

 

Davud lap uşaqlıqdan vurğun idi bayrağa,

Qəlbində məhəbbəti tükənməzdi torpağa,

Necə xoşbəxt olardı gedən zaman Qazaxa,

Bu yurd necə gözəldi,  meşəsi, ormanı var,

Millətin Davud kimi ölməz qəhrəmanı var.

 

Bakıda doğulmuşdu, burda təhsil almışdı,

Uşaqlıqdan mehrini kitablara salmışdı

Neçə- neçə  təşəkkür, tərifnamə almışdı

Hələ də saxlanılan üç fəxri fərmanı var,

Millətin Davud kimi ölməz qəhrəmanı var.

 

Orta məktəbi Davud əlalarla bitirdi,

ADNSU-ya uğurla, yüsək bal ilə girdi.

Ali məktəb də ona bol-bol sevinc gətirdi

Bu təhsil ocağının şöhrəti var, şanı var,

Millətin Davud kimi ölməz qəhrəmanı var.

 

Nə qədər arzular var, neçə muraz var qəlbdə,

Yalnız beşlə  oxudu Davud ali məktəbdə,

Çoxuna nümunəydi həm dərsdə, həm ədəbdə,

Hamı görürdü  necə ədəbi-ərkanı var,

Millətin Davud kimi ölməz qəhrəmanı var.

 

Oxudu həvəs ilə, mükəmməl təhsil aldı

Uğurla o, magistr pilləsinə ucaldı,

Dedi, - Diplom almışam, hərbi xidmətim qaldı,

Hər oğul bir əsgərdi, hər kimdə türk qanı var,

Millətin Davud kimi ölməz qəhrəmanı var.

 

Əsgər oldu, Vətənə qürurla xidmət etdi,

Ən çətin tapşırığa “Oldu!” deyərərək getdi,

Günlər ötdü, ay keçdi, gözlənilən  vaxt yetdi,

Başladı müharibə, indi hərb meydanı var,

Millətin Davud kimi ölməz qəhrəmanı var.

 

Gizlədə bilməyirdi yağıya nifrətini,

Düşmənlərə göstərdi əzmini, qeyrətini,

İçib Suqovuşanda  şəhidlik şərbətini,

Fəxr eylədi son anda, can Azərbaycanı var,

Millətin Davud kimi ölməz qəhrəmanı var.

 

Soysuzlar uydurmuşdu neçə yalan nağıllar,

Elə peşman oldular, elə öldü yağılar,

Heç zaman unudulmaz candan keçən oğullar,

Onların qəlbimizdə əbədi ünvanı var,

Millətin Davud kimi ölməz qəhrəmanı var.

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2024)

 

 

 

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. “Ədəbiyyat və incəsənət” portalı yazıçı, professor Əlibala Məhərrəmzadənin “5-6 il qabağı görmək bacarığı” adlı yazısını təqdim edir.

 

 

Təbii ki, hər bir azərbaycanlı kimi mənim də örnək götürəcəyim şəxs Heydər Əliyevdir. Bu böyük şəxsiyyət mənim üçün qlobal idealdır. Müdriklik, dərin düşüncə, analiz qabiliyyəti, düzgün qərar qəbul edə bilmək, iradə və dözümlülük, ən ağır vəziyyətlərdə belə sınmamaq, əyilməmək Heydər Əliyev şəxsiyyətini xarakterizə edən bariz xüsusiyyətlərdir.

Yüksək idarəçilik qabiliyyəti ilə 1982-ci ildə keçmiş SSRİ-nin Politbüro adlı ali idarəçilik orqanına qədər gedib çıxan, SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsinə yüksələn Heydər Əliyevə Kremldə münasibətlər təbii ki, bir qeyri-rusa olan mənfi münasibətlər çərçivəsində idi, velikorus şovinizmi özünü göstərirdi. Bu haqsız hücumlar, basqılar, xüsusən o dövrün ən populyar qəzeti olan «Pravda» da «Əliyevçilik və yeni zaman üçün göz yaşları» başlaqlı yazı-ittihamla öz apogey nöqtəsinə çatmışdı. Tanınmış kinodramaturq Ramiz Fətəliyev demişkən, «Heydər Əliyevi çox vaxt ona görə dərk edə bilmirdilər ki, onun kimi 5-6 il qabağı görməkdən məhrum idilər». Təhdidlər, maneçiliklər nəhayət 1987-ci ildə bu böyük şəxsiyyəti istefa verməyə məcbur etdi. Zəngin təcrübəsi, bilik və bacarığının çiçəklənən dövründə işsiz qalması elə SSRİ-nin dağılması ərəfəsində olduğundan, onun işsizlik dönəmi çox da uzun çəkmədi. Tezliklə ittifaqa daxil olan bütün 15 respublika, o cümlədən də Azərbaycan müstəqillik əldə etdi.

1990-cı ildə Rusiyanın paytaxtı Moskvadan öz doğma vətəninə – müstəqil Azərbaycana dönən Heydər Əliyev Kremldəki haqsız hücumların sanki davamını yaşadı, meşşan düşüncəli keçmiş partiya funksionerlərinin təhdidi və təqibi ilə elə ilk addımdaca Bakının hava limanında rastlaşdı, ölkə parlamentində ona olan basqılar, paytaxtda yaşamasına icazə verilməməsi kimi haqsızlıqlar bu böyük şəxsiyyətə hədsiz dərəcədə təsir etdi, güclü zərbə oldu. Amma bu polad iradəli şəxs «onu sıradan çıxmış hesab edənlərə» tezliklə yerlərini göstərməyi bacardı. Ümumxalq sevgisi sayəsində ilk öncə – 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsinə yüksəlməklə hələ məğlub olmadığını, hələ öz sözünü deyəcəyini bəyan etmiş oldu. Ona qırmızı işıq yandıran respublika rəhbərliyi ölkəni vətəndaş müharibəsi, anarxiya və xaosa sürükləyəndə – 1993-cü ildə isə o, xalqın tələbi ilə bu dəfə ölkə rəhbərliyinə gətirildi.

Müstəqil Azərbaycanın memarı olan bu böyük şəxsiyyət tək öz ölkəsində deyil, dünyanın siyasi arenasında böyük nüfuz qazanmışdı, yüzlərlə mükafatı, fəxri adları var idi. Vəfatından sonra da unudulmadı, adı dünyanın bir çox guşələrində küçələrə, parklara verildi. Bu gün Azərbaycanın bütün şəhər və rayonlarında, Belqradda, İstanbulda, Kiyevdə, Tbilisidə, Qəlyubiyyədə (Misir), Sankt-Peterburqda və daha haralarda Heydər Əliyevin büstü, abidəsi ucalır.

Məncə, uğur qazanmaq istəyən bir insan üçün Heydər Əliyevin həyat yolu ən böyük örnək ola bilər. Şəxsən mən 1976-cı ildə – Heydər Əliyev hələ Azərbaycan SSR-yə rəhbərlik edərkən dünyaya gələn bir şəxs kimi bütün həyatım boyu özümü Heydər Əliyevin şagirdi hesab etmişəm, onun tərcümeyi halını öyrənmiş, məqalə və çıxışlarını mütaliə etmişəm. Doğrudan da bu şəxs böyük bir məktəbdir və onun həyatda uğur qazanmaq istəyən, motivasiya axtaran hər bir kəs üçün nümunə olacaq həyat yolu vardır.

Və mən çox xoşbəxtəm ki, bu böyük şəxsiyyətə olan simpatiyamı təcəssüm etdirə bilmişəm. Belə ki, mənim ssenarim əsasında Ukrayna Milli Televiziyası tərəfindən «Heydər Əliyev: Liderlik dərsi» adlı sənədli film çəkilib (rejissoru Georgi Spasokukotski, redaktoru Möhsün Qədiroğlu) və müvəffəqiyyətlə nümayiş olunub.

Bu filmin ən maraqlı məqamlarından biri keçmiş SSRİ dövründə cidi-cəhdlə gizlədilən bir faktın üzə çıxarılmasıdır. Belə ki, filmdə Çernobıl faciəsi zamanı (1986-cı ildə SSRİ-nin Çernobıl atom-elektrik stansiyasında qəza baş vermiş, ətrafa radioaktiv hissəciklər yayılaraq insanlığa böyük təhlükə yaratmış, 30 kilometrlik zonada həyat məhv olmuşdu) Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyinin «panika yaratmamaq» məzmunlu siyasi iradəsinə qarşı çıxmasından, 800 000  qadının və uşağın təhlükəsiz zonaya köçürülməsinə nail olmasından da bəhs edilir, müsahibə verən Ukraynanın keçmiş baş nazirinin müavini Konstantin Masik Heydər Əliyevi Ukrayna xalqının xilaskarı adlandırır.

Kitabımızın mövzusunun daha yaxşı əhatələnməsi üçün Heydər Əliyev fenomeninə bir neçə əcnəbi insanın xatirələri ilə müxtəlif aspektlərdən nəzər yetirməyiniz, düşünürəm ki, çox faydalı olardı. Gəlin, milliyyətcə  bir rusun, bir amerikanlının və bir ərəbin bu böyük şəxsiyyət barədə olduqca səmimi sözlərinə diqqət edək.

 

                                                           Birinci xatirə

«Böyük dövlətlərdə, xüsusilə də ABŞ, Fransa, Böyük Britaniya, Almaniya və s. kimi ölkələrdə məşhur olmaq o qədər də çətin deyil. Ancaq kiçik ölkələrdə, eyni zamanda da, müstəqilliyini yenicə qazanmış dövlətlərdə rəhbərlik missiyasını yerinə yetirmək çox çətindir. Və belə bir ağır işin öhtəsindən, təbii ki, ən layiqincə gəlmək – ancaq Heydər Əliyev kimi böyük təcrübəsi olan, ağıllı, müdrik siyasətçiyə nəsib ola bilər. Onun həyat və fəaliyyəti təkcə azərbaycanlılar üçün yox, bütün ölkələrin insanları üçün örnəkdir.

Şahidi olduğum bir hadisəni qeyd edim. Dünyanın nüfuzlu xəbər agentliklərindən biri olan İTAR-TASS-da keçmiş Sovetlər birliyindən olan jurnalistlər təcrübə keçərkən söhbət gəlib Heydər Əliyevə çıxdı. MDB-dən və Baltikyanı ölkələrdən olan bir çox jurnalistlər öz azərbaycanlı həmkarlarına həsədlə dedilər ki, əgər bizdə də prezident Heydər Əliyev olsaydı, onda hər mühazirədə, hər seminarda, hər görüşdə biz də öz ölkəmiz haqda əcnəbilərdən çoxlu təriflər, yaxşı sözlər eşidərdik».

Yasen Zasurski (professor, Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı)

 

                                               İkinci xatirə

«Bir neçə il əvvəl mənə məlumat verildi ki, Azərbaycan Prezidenti Heydər Əliyev tibbi müayinə üçün bura – Klivləndə gələcək. Və o gəldi. İngiliscə çox danışmırdı, amma mavi gözlərindən hiss edə bilirdim ki, nə deyir. Özünü yaxşı hiss etmədiyi günlər əlimi sıxmağından və sıcaq təbəssümündən özümü xoşbəxt hiss edirdim. Soyadımı tam tələffüz etmirdi və sadəcə «Salam, Houli» - deyirdi. Onun danışığı, təbəssümü, əlimi sıxması heç zaman yaddaşımdan silinməyəcək. Bu xatirələri uzun illər ürəyimdə təsəlli kimi saxlayacağam, nəvələrimə danışacağam.

Mən fəxrlə deyə bilərəm ki, Heydər Əliyevi – tarixin gedişində dönüş yaratmış o böyuk şəxsiyyəti tanıyırdım».

Herri Houlihən (ABŞ-ın Klivlənd Klinikası Təhlükəsizlik Xidmətinin rəisi)

 

                                               Üçüncü xatirə

«Ötən əsrin 70-ci illərində Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası nümayəndə heyətinin başçısı kimi Suriyaya səfər etmişdi. Suriya televiziyasının işçisi kimi mən cənab Heydər Əliyevlə görüşüb ondan səfərlə bağlı müsahibə götürdüm. Müsahibənin gedişində Heydər Əliyev məndən soruşdu: «Moskvadan nə istərdin? Mən də müsəlmanam, bir şey lazımdırsa, çəkinmədən deyə bilərsən».

Onun belə sadə, səmimi münasibəti məni cəsarətləndirdi və özümün ən vacib problemim üçün ona müraciət etdim. O vaxtlar mən Suriya vətəndaşı olan, ancaq Moskvada yaşayan bir qızla evlənmək istəyirdim. Lakin müvafiq sovet dairələri qıza Moskvadan Suriyaya gəlməyə icazə vermirdilər. Mən bu problemin həlli üçün Heydər Əliyevə müraciət etdim. O isə gülümsəyib dedi: «Mən elə bilirdim, sənin xahişin böyük bir problem barədə olacaqdır. Elə bu? Həll edərik!»

İki həftədən sonra Moskvada viza bölməsindən nişanlıma bildirdilər ki, müvafiq dairələrin onun Suriyaya getməsinə heç bir etirazı yoxdur. Beləcə, biz ailə qura bildik, Heydər Əliyev mənim ailə səadətimin bünövrəsini qoydu.

Mən, həyat yoldaşım və üç övladım ömrümüz uzunu o böyük şəxsiyyətə minnətdar olacaq, onu unutmayacağıq»

Məhəmməd Xeyir Vadi (Suriyanın Çin Xalq Respublikasındakı səfiri)

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.