Super User

Super User

Rejissor Əli-Səttar Quliyevin “Stadionlar səssiz olanda” bədii filmi “Qızıl minbər” Kazan Beynəlxalq Film Festivalının iştirakçıları sırasında yer alıb.

 

AzərTAC xəbər verir ki, festivalda Rusiya, İran, Pakistan, Qazaxıstan, Qırğızıstan, Yunanıstan, Türkiyə, BƏƏ, Sinqapur, Tacikistan, Hindistan, Estoniya, Özbəkistan, Azərbaycan, Misir, İraq, Gürcüstan, Ermənistan, Latviya, Belarus, Fransa, Avstraliya, ABŞ, Kanada, Braziliya, Fələstin və Suriya istehsalı olan filmlər nümayiş olunur.

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanova həsr olunan filmin xronometrajı 71 dəqiqədir.

Ekran əsərində mütəxəssisin XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Ağdam klubu ilə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti göstərilib.

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2024)

“Əcəl zəngi” romanı Ernest Heminqueyin dünya şöhrətli əsərlərindəndir . Yaradıcılığından qırmızı xətt kimi keçən ispan mövzusuna sadiq qalan yazıçı bu əsərində 1936-1939-cu illərdə bu ölkədə baş verən vətəndaş müharibəsinin insanların taleyində qoyduğu dərin psixoloji izləri ön plana çəkmiş, müharibə dəhşətlərini özünəməxsus bir şəkildə təsvir etmişdir .

Bu kitabı oxumaq üçün Cəfər Cabbarlı adına Gənclər kitabxanasına yaxınlaşa bilərsiz.

Kitablar 10 gün müddətinə oxuculara verilir.

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2024)

“Ədəbiyyat və incəsənət” portalı Təranə Turan Rəhmlinin yeni şeirlərini təqdim edir. 

 

 

ALLAH, MƏNİ GEC BÖYÜTDÜN...

 

Allah, məni gec böyütdün,

Nəyə əl atdım gec oldu.

Gecikdiyim hər qapıda

Neçə ümidim heç oldu.

 

Gec tanıdım səhvi, düzü,

Bu dünyanın dönük üzün,

Qoynuna qısıldım sözün,

Sözdə isinib güc aldım.

 

Yürüdüm işığa, səsə, 

Zülmətlə nəfəs-nəfəsə,

Uzun yolu gəldim kəsə,

Yenə həyata gec qaldım.

 

Daldım bir  şirin nağıla,

Qıymadım sehri dağıla, 

Ayıldım yana-yaxıla,

Divlər içində puç oldum.

 

Fələk namərd oyununda,

Düzün kəndiri boynunda.

Haqq deyib əli qoynunda

Gözləməkdən ağac oldum.

 

 

ÖMRÜ  BADA  VERMƏDİM

 

Ayrıldım məhvərimdən,

Sıyrıldım məhşərindən,

Cin-şeytan çəmbərindən

Səni zikr etdim, Allah. 

 

Səbrimlə daşa döndüm,

Yazımı qışa  gömdüm,

Dirildim, bir də öldüm,

Yenə şükr etdim, Allah.

 

Xeyirdən zireh geydim, 

Hər addım şərə dəydim, 

Təkcə haqqa baş əydim,

Haqq yolu getdim, Allah.

 

Məni erkən seçdi dərd,

Əkdim ümid, biçdim dərd.

Ordusuyla keçdi dərd,

Min kərə bitdim, Allah. 

 

Qəm daşıdım köçümdə,

Hər boyda, hər biçimdə.

Od alovun içindən

Mənzilə yetdim, Allah.

 

Divara söz demədim,

Kimsədən söz yemədim, 

Ömrü bada vermədim,

Sözə yüksəltdim, Allah.

 

 

YORULDUM, İNANMADILAR

 

Nağıl sevgilərdə qaldım,

Məni gerçək sanmadılar.

Elə yerdən yaralandım, 

Yara bilib sarmadılar.

 

Ağrılar içimdə dağdı, 

Zirvəsinə alov yağdı.

Hər dərdə körpəm tək baxdım,

Gəlməkdən usanmadılar.

 

Söz olub Haqqa deyildim,

Söz üçün ölüb dirildim.

Həyatı yanmaqda bildim,

Ondan mənə yanmadılar. 

 

Tutundum qələm-silaha,

Yenə də pənah Allaha...

Gücümdən yoruldum daha,

Yoruldum, inanmadılar.

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2024)

Çərşənbə axşamı, 10 Sentyabr 2024 13:33

Orxan Pamukun rəsmləri

“Uzaq dağların xatirələri” - Nobel mükafatçısı, dünya şöhrətli türk yazıçısı Prxan Pamukun ABŞ-da çapdan çıxan yeni kitabı belə adlanır. 

 

“Ədəbiyyat və incəsənət” portalı yazıçının rəsmi facebook hesabına istinadən xəbər verir ki, kitabda yazıçının kitab onun 2009-2022-ci illərdəki illüstrasiyalı dəftərləri toplusudur. Sizə təqdim etdiyimiz illüstrasiyalar yazıçı-rəssamın fırçasından çıxıbdır. Bu kitab onunla ədəbiyyatın ən vacib səslərindən birini formalaşdıran sənət, mədəniyyət və siyasi cərəyanlarla köklənmiş maraqlı, yaxın bir görüşdür. 

Tərcüməçi Ekin Oklapdır. 

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Xeyrəddin Qocanın hekayəsi  təqdim edilir. 

 

Sovetlər dövrünün 60-cı illərinin əvvəli idi. Azərbaycanın rayonlarından birindən qırx beş, əlli yaşlarında bir kişi Bakıya gəlir, düz gedir Xalq Təhsili Nazirliyinə. Nazir yerində olmur, qapını döyüb, icazəsiz-filansız girir müavinin kabinetinə, deyir:

-Məni qoyun rayonumuzun Təhsil Şöbəsinin müdiri!

Müavin görür ki, bu kişi çox ötkəm danışır, fikirləşir ki, belələrindən yaxşı rəhbər işçi olar. Soruşur:

-A kişi, siz kimsiniz, nəçisiniz? Sənədlərinizi verin, baxaq...

Kişi özü ilə gətirdiyi arayışları-filanları qoyur masanın üstünə, dillənir:

-Buyurun, bütün sənədlər yerindədir!

Nazir müavini sənədləri gözdən keçirir və təəccüblə soruşur:

-Kişi, sən bircə gün müəllim işləmisən?

Rayondan gələn əsəbiləşir:

-Sizə verdiyim sənədlərin içərisində müəllim işləyib-işləməməyim barədə bir kağız-kuğuz var?

-Yoxdur! Siz traktorçu, kolxozçu olmusunuz. Müəllimlərə necə rəhbərlik edə bilərsiniz? Yox, mən sizi Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edə bilmərəm! Çıxın, gedin!

Kişi müavinin kabinetinin qapısını çırpıb gedir.

Bir gün sonra həmyerlisi ölkənin Nazirlər Sovetindən Təhsil nazirinin müavininə zəng edir:

-Ə, qodux, bizim uşağı niyə incitmisən?

Müavin heyrət içərisində soruşur:

-Bağışlayın, "uşaq" kimdir?

Yuxarıdakı qışqırır:

-Mənim həmyerlim dünən sənin yanında olub! Onun istəyinə əməl etməmisən, niyə?

-Axı, onun müəllimliyə, pedaqoji işə heç bir aidiyyatı yoxdur! Müəllimlərə necə rəhbərlik edə bilər?

Yuxarıdakı əsəbi şəkildə dillənir:

-Ə, bəs Xruşşov bu boyda SSRİ-yə necə rəhbərlik edirdi? Təcili o kişinin əmrini ver, getsin, işləsin!

Elə də olur. Bir gün sonra rayondan gələn Təhsil Şöbəsinin müdiri kimi rayona geri qayıdır...

Belə-belə işlər...

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2024)

MƏNCƏ rubrikasında “Ədəbiyyat və incəsənət” tanınmış ictimai xadim Eltən Törəçinin fikirlərini təqdim edir. Siz də bir düşünün. Qol gücümü önəmlidir, ağıl gücümü? 

 

Peşəkar idmançıları qəhrəman etmək insan oğlunun etdiyi ən böyük sarsaqlıqdır. Hamı uşaqlarının ağıl gücü ilə ucalmağını istəyir, amma qol gücü ilə seçilən adamların şəklini divarlara vurur. Guya fiziki güc ilə seçilmək çox böyük işdir? Bu, bəlli düzənlə, bəlli alışqanlıqlarla əldə edilən bacarıqlardır da. Heyvanlar da eyni nəticəni göstərir. Xoruz döyüşü, öküz döyüşü, tarakan qaçışı və sairə. Hansısa iki ayaqlı dəstəsinin topun dalınca qaçması, bir-birini yumruqlaması alqış, heyranlıq qazanmaq üçün yetərlidir.  Amma laboratoriyalarda sağlığını təhlükəyə atan, yerin altını, üstünü araşdıran insanlıq adına hamımızın yaşamını asanlaşdıran tapıntılar, buluşlar (ixtiralar)  edən, elm adamlarının it dəftərində  adı yoxdur.

Budur aydın toplum???

 

“Əsəbiyyat və incəsənət”

(10.09.2024)

Çərşənbə axşamı, 10 Sentyabr 2024 12:36

XARİCİ ƏDƏBİYYAT - Özbək şairi Cahangir Nomozovun şeirləri

“Ədəbiyyat və incəsənət” portalı özbək şairi Cahangir Nomozovun şeirlərini təqdim edir. Şeirləri özbək dilindən dilimizə  Şahməmməd Dağlaroğlu çevirmişdir. 

 

 

RUHUN SƏBİR DƏRSİ

 

Özümü anladım, sənisə danıb,

Bu dünya fanidir, sevgi min əsrin.

Yağışlar dilədim, utanıb, yanıb,

Göz yaşları axdı Həsən Bəsrinin.

 

Özümü itirdim bir an içində

Məcnunluq iztirab, cənnətlik azar,

Ruhu cəm et deyib eşqin gücündə

“Məlamət” et dedi, pir Həmdun Qəssar.

 

Dörd tərəfim Qiblə, hər yan işıqlı,

Sərxoşam, xəyalım göy eşqindədi.

Sevgidə huşyar ol, oyaq ol deyə,

Səsini qaldırdı Cünəyd Bağdadi.

 

Yollarım eşq ilə yaşıllanardı,

Dövrəyə səslərdi “Zikri dövran”i.

Ruhuma səbirdən dərs oxudardı,

Şeyxül Abdulqədir özü – Cilani.

 

Açılardı bir-bir səmada sirlər,

Dünya tanınardı geniş bu ara.

Gözlərim qamaşardı, parladı nurlar,

Bir nəzər salanda Nəcməddin Kübra.

 

Ayrılıb gedirəm özümdən özüm,

Göylərim yamyaşıl, bir gözəl- mavi.

Təsbehə çevrildi indi hər sözüm,

Dualar etməkdə Əhməd Yəsəvi.

 

 

YUXULARDAKI OYAQ

 

Köhnə təşvişlərə sarmaşıb qaldım,

Yenə iztirabdan çıxmadı başım.

Boşa ağlamaram deyirdim, sonda,

Yağış olub axır gözümdən yaşım.

 

Bu gün gözlərimdə qayğılar şəkli,

Köhnə kitab kimi, toz basıb könlüm.

Yersiz xəzan oldu ümid güllərim,

Dəli küləklər tək  dağılmış ömrüm.

 

Mən oyaq qalıram yuxularımda,

Dualar edirəm xoş yatışımda.

Harada itirib qoydum özümü,

Huşumda deyiləm, hətta huşumda.

 

Göydəki ulduzlar – qayğı-həsrətim,

Zil qara gecədir, ən sadiq dostum.

Özümün özümə gəlir nifrətim,

Məgər sevilmədin, sevmədin, köksüm?

 

Məni xatirata  çəkir xəyallar,

Əlimdə qırışmış bir topa şəkil.

Təkrar yenə mənə dönüb gələydin,

Cansız şəkillərdə sən bəxt idin, bil.

 

Sinəmdə ilahi dərdlər gül açdı,

Böyük məhəbbət, eşq dönür nəzmə.

Qəlblərdə əbədi, daim səslənir,

Mənim ürəyimdən doğulan nəğmə.

 

Ruhum, məğlub olma rütubətlərə,

Həmişə hazır ol, güləşə, cəngə.

Qəlbdə dünya-dünya arzular ilə,

Nurlu sübh önünə çıxdım yenicə.

 

Ürəyim, təmiz ol, ağ kağız kimi,

Arzular başqadır, məqsədlər türfə.

Bunda rahatlığa yer yoxdur, əsla,

Sənin adın bəxtdir, yeni səhifə.

 

 

HƏR BİR DƏQİQƏMİ SÖZLƏRƏ YAZDIM

 

Bağlandım arzunun zəncirlərinə,

Gərəyindən artıq duydum ehtiras.

Eşq varmı könlümdə, ömrümdə mənim,

Bilmirəm kimləri etmişəm xilas?

 

İstədim, ürəkdə canlandı tüğyan

Gücləndi nəfsimin küləkləri də.

Qəlbimdə təlatüm, ruhumda üsyan

Məyusam, kövrəyəm, bu qədər sirdə.

 

Duyğular tufan tək daşmaqda dinməz

Təşbeh, şeirlərim söz çevirməsi.

Sözsüz, öz-özümə gəldim diksinməz,

İndi məndən mənlik üz çevirməzmi?

 

Hər bir dəqiqəmi sözlərə yazdım,

Hər ötən günümü eylədim kitab.

Qayğı-şadlığımı hesaba aldım,

Hələ də özümə gətirmirəm tab.

 

Bildim, anladım ki, nə varsa sərab,

Dünyəvi, ötəri çox dərdi gördüm..

Sevgidən yaranmış ürəyim xarab, 

Eşqin gecələrin yatıb ötürdüm...

 

Aldanıb aldanmış xəyallarıma,

Faydasız öymədə baharlar, yazlar.

Müəzzinlər azan verdiyi anda

Zirəklikdə məni ötdü xoruzlar...

 

 

EY BAHARIM 

 

Ey baharım, sən hardasan, ey baharım?

Soyuq qışda qəlbim yatıb, buz tutmuşam.

Kim dinləyər, ürəyimdə ahu-zarım,

Dərdlərimlə kağızlara üz tutmuşam.

 

Ey baharım, sən hardasan, ey baharım?

Sənsiz ömrüm gül açmadan xəzan oldu.

Yaddaşsızdır aydan aydın arzularım,

Örpəyini tapa bilmək yaman oldu.

 

Ey baharım, sən hardasan, ey baharım?

Ürəkdəki ümidlərim sönüb bitdi.

Sən olmasan ilham mənə biganədir,

Qələmimin qara rəngi bitib getdi.

 

Ey baharım, sən hardasan, ey baharım?

Darıxıram, qəlbə hisslər salıb, qayıt.

Canım, candan ötdü mənim arzularım,

Yenə mənə şadlıqları alıb, qayıt.

 

Ey baharım, sən hardasan, ey baharım?

Gəl, indi gəl, qəlbimə yol başla  indi.

Məni əsla tərk eləmə ömür boyu,

Sən gəl, mənim ürəyimdə yaşa indi.

 

 

EŞQ

 

Eşqsiz qalaraq, verməyəsən can,

Eşq ilə can ver ki, diri qalasan.

Mövlanə Cəlaləddin Rumi

 

Bu sevən  ürəyim sızlayıb ağrıyar,

Sümüklərim donar, buzlayıb ağrıyar.

Elə bil möhtacam bir yeni eşqə,

Qəlbim bunu sayar ayıb, ağrıyar.

 

Niyə  deyib bahar, payız ağrınmam,

Alnımı bassa da tər, duz, ağrınmam.

Ağlıma gəlməsə bir qız, ağrınmam,

Qəlbim bunu sayar ayıb, ağrıyar.

 

Duyğusuz bir mahnı, hava istəməm,

Heç kimə heç zaman dava istəməm.

Bu dərdimə çarə, dəva istəməm,

Qəlbim bunu sayar  ayıb, ağrıyar.

 

Nə qədər ağırdır hissiz yaşamaq,

Adsız, nişanəsiz, izsiz yaşamaq.

Həyat deyil axı eşqsiz yaşamaq,

Qəlbim bunu sayar ayıb, ağrıyar.

 

İçimdən içimə dolar nəfəsim,

Getdiyin tərəfdə solar nəfəsim.

Adını söyləsəm, güllər  nəfəsim,

Qəlbim bunu sayar ayıb, ağrıyar.

 

Kövrəyəm, göylərə baxıram hər an,

Bu dərdlər ürəyi etməkdədir qan.

Hər gecə yuxusuz, dərdli, nigaran,

Qəlbim bunu sayar ayıb, ağrıyar.

 

Eşqsiz nədir mənim insanlıq qədrim,

Eşqin haqqındadır hər şeir sətrim.

Ey İlahi, mənim müqəddəs dərdim,

Ey İlahi, yalnız aşiqlik dərdi,

Qəlbim bunu sayar ayıb, ağrıyar.

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2024)

Bülbülün Memorial Muzeyində "Bülbülün qonaqları" rubrikasında Xalq artisti, özünəməxsus səsi ilə ürəkləri fəth edən Mobil Əhmədov yad edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına muzeydən verilən məlumata görə, dahi Bülbülün tələbəsi olmuş, sağlığında dəfələrlə müəlliminin evində qonaq olan sənətkarın repertuarından mahnılar səsləndirilib.

 Bülbül Vokal Məktəbinin tələbələri Süleyman Ələsgərovun "Gözəl Şuşam", Azərbaycan xalq mahnısı "Ay Laçın", Tofiq Quliyevin "Lirik mahnı", Rauf Hacıyevin "Azərbaycanım" mahnılarını ifa ediblər.

Tədbirdə sənətkarın tələbəsi, Əməkdar artist Ramil Qasımov, qızı Nigar Əhmədova Mobil Əhmədovla bağlı xatirələrini bölüşüblər.

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2024)

 

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Qoyun içalatı kababı: xan kababının hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

 DÜSTUR 

§ Qoyun içalatı – 117 qr

§ Pərdə – 50 qr

§ Pomidor – 30 qr

§ Soğan – 20 qr

§ Mərzə – 10 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ soğan – 20 qr, sumaq – 5 qr, göyərti – 10 qr, nar – 15 qr, lavaş – 15 qr

 

HAZIRLANMASI:

İki üsulla hazırlanır:

I ÜSUL: Içalat təmizlənir, xırda doğranır və yaxud ət maşınından keçirilir. Xırda doğranmış soğan, pomidorun ətli hissəsi, mərzə, duz, istiot qarışdırılır. Müəyyən ölçüdə kəsil- miş quzu qarnının pərdəsinə boğça şəklində bükülür. Pərdənin ölçüsü 8x8 sm, hər boğçanın çəkisi isə 50-60 qr olur. Xan boğça kababı manqalda, kürədə, təndirdə, tavada bişirilə bilər. Süfrəyə verəndə boşqaba və ya buluda qoyulur. Doğranmış soğan, göyərti, nar dənəsi, sumaq birlikdə qarışdırılır, xan kababının yanında qarnir kimi verilir. Süfrəyə meyvə turşuları ilə verilir.

II ÜSUL: Tərkibi eynidir. Hazırlanmasında fərq ondadır ki, içalat 35- 40 qramlıq tikələrə doğranır, mərzə, duz, istiot vurulur, şişə taxılır, şişin üstündə pərdəyə bükülür və manqalda qızardılır. Süfrəyə verilmə qaydası eynidir. Bu xörək çoban bükməsi (dürməyi) də adlandırılır.

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2024)

Çərşənbə axşamı, 10 Sentyabr 2024 11:44

Şəhidlər barədə şeirlər - Elxan Məmmədov

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Elxan Məmmədov

 

Elxan Məmmədov 1998-ci il mayın 15-də Qobustan rayonunun Cəyirli kəndində anadan olub. 2005-2016-cı illərdə Qobustan rayonunun A. Quliyev adına Cəyirli kənd tam orta məktəbində təhsil alıb. 2016-2018-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Elxan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elxan Məmmədov oktyabrın 11-də Füzuli döyüşləri zamanı ağır yaralanıb və 18 gün xəstəxanada müalicə aldıqdan sonra oktyabrın 29-da şəhid olub. Qobustan rayonu Cəyirli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

Sən elin xanısan,

Qəhrəmanısan.

Çünki şəhidisən,

Vətən canısan.

 

Səninlə fəxr edir,

İndi bu millət.

Sizin sayənizdə qayıtdı torpaq.

Bitdi Kəlbəcərə,

Şuşaya həsrət.

 

Bu şeir mənimdir?

Yox, sizlərindir.

Bu vətən

Hamıdan çox sizlərindir.

 

Sizlər ölməmisiz,

Şəhidlər ölmür,

Şəhidlər yaşayır tarix boyunca.

Sən ey savaşların allahı şəhid

Əgər burdasansa,

Başım üstündə

Gətir əllərini öpüm doyunca.

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.