Super User

Super User

Şərəf Cəlilli,

filolofiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

Milli-mənəvi dəyərlər və milli dövlətçilik tariximizdə Kəlbəcərin öz yeri, öz məqamı var. Sivilizasiyaların, dinlərin və mədəniyyətlərin dialoq məskəni olan Kəlbəcər sərt-sıldırım qayaların üstündə binə tutan, çay üstündə qala kimi tarixin yaddaşına yazılan diyarımız, yaddaş yerimizdir.

 

Qədim insan məskənlərindən, yaşayış yerlərindən sayılan Kəlbəcərdə 30 min ildən çox tarixi olan yaşayış məskənlərinin, 6 min il yaşı olan qayaüstü abidələrin, təsvirlərin, çöp şəkilli əski türk əlifbası nümunələrinin olması dediklərimizə əyani sübutdur. Qəbirüstü abidələri, sənduqələri, at və qoç heykəlləri, məbəd, məscid kimi Tanrı evlərini ziyarətdə bulunduqca tarixlər müasirlik arasında körpü olan bu diyarın müqəddəsliyini etirafda bulunursan.

Sərt, sıldırım qayalar üzərində, Tərtər çayın sahilində sıralanan mağaralar, kahalar, əski türklərdə “Kefliçər – Çay üstündə qala” kimi təqdim olunan Kəlbəcərin qədim yaşayış məskənləri, oronim, oykonim və toponimləri də, əski türk inanclarına, dünyagörüşünə bağlıdır. “Türk qəbiristanlığı” Heredoddan, Mixtar Qoşdan üzü bu yana dünya tarixçilərinin əsərlərinə daxil edilən Kəlbəcər abidələri heç bir yörədə analoqu olmayan Alıbəyli və Zar qəbiristanlıqları dediklərimizə əyani sübutdur. Burada mövcud olan daş kitabələr, əski mixi yazılarla zəngin olan sənduqələr, Tanrıçılığı, atəşpətəstliyi, xristianlığı və islam dəyərlərini özündə ehtiva edən abidələr, məbədlər, məscidlər onu yaradan, ona ruhundan qida verən insanların təkcə inancı deyil, qurub yaratmaq, inanıb etiqad etmək kimi müqəddəs hisslərinin, duyğularının, daşa, yaddaşa köçən dünyasının aynasıdır.

 

Dinlərin, mədəniyyətlərin, tolerantlığın ünvanı

 

Qobustanın qayaüstü abidələri, Gəlinqaya təsvirləri ilə yanaşı Kəlbəcərin “Sultan Heydər”, “Qurbanalı çay”, “Turşsu”, Ayçınqıllı”, “Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” qayaüstü abidələri, təsvirləri də qədim yaşayış məskənləri əski çağ mədəniyyəti ilə dünyaya meydan oxuyan Odlar Yurdu Azərbaycanın milli kimliyinə, etnodil proseslərinə şahidlik edən daş salnamələrdir. Bazalt daşlara, sərt, sıldırım qayalara həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan ibarət daş kitabələr bu torpağın əski çağ mədəniyyəti, dəyərləri ilə bağlı ən ciddi informasiyaların daşıyıcılarıdır. Kəlbəcər insanının, daha doğrusu bu qədim yaşayış məskəninin tarixi sakinlərinin yaşantısını, həyat tərzini, məişətini, kosmoqonik görüşlərini, dini inanclarını özündə ehtiva edən təsvirlər göylə yerin arasından ilahi eşqinin, Tanrı sevgisinin ünvanıdır. Bu təsvirlər ruhunu daşa, yaddaşa köçürən insanların, yoxdan var edənə ülvi duyğularının ifadəsi olmaqla yanaşı, Kəlbəcərin sərt, sıldırım qayalarını ilk tədris mərkəzlərinə, sənət, mədəniyyət, incəsənət ocaqlarına çevirən insanların analitik təfəkkürünün, intellektual potensialının aynasıdır.

Vəngli kəndində mövcud olan Kəlbəcər və Xoxanberd monastrının, Xaçın knyaz sarayının, Havartuğ monastrının, Bazarkənd kəndində mövcud olan Vaçar yaşayış yeri, Mamakan xatun kilsəsi, Müqəddəs Stepanos kilsəsi, Kolatan kəndində olan Böyük Aran və Kolatan monastrları, Dovşanlı kəndindəki Harva kilsəsi, Bağlıpəyə kəndindəki Xudavəng monastrı, Zar kəndindəki Müqəddər Tanrı anası monastrları Qozlu kəndindəki Qırmızı, Vaqaus və Xatirəvəng monastrları, Çapar kəndindəki Qırımızı daş, Çərəkdar kəndindəki Çərəkdar monastrları, Yayçı kəndindəki Xilaskar kilsəsi Qafqaz Albaniyasının abidələr panteonu olan Kəlbəcərin sivilizasiyaların, dinlərin, mədəniyyətlərin dialoq ünvanı olduğunu sübut etməklə yanaşı, Odlar Yurdu Azərbaycanın mənəvi əzəmətini, qüdrətini, zənginliyini dünyaya nümayiş etdirir.

 

Qala kimi qala, məbəd kimi məbəd

 

Min illər boyu qılıncla qələmin vəhdətində dövlətlər quran, vardığı məmləkətlərdə altundan saraylar yapan türklər Şaman duaları ilə Tanrıya əl açdılar. Əslində əllərini deyil, könüllərini, qəlblərini açdılar. Uca dağlar başında tonqal çatdılar. Davuldan qavala yol gəldilər, baş köşələrində şamanlara – qamlara yer verdilər. Müqəddəs ruhları çağırdılar, ilahilər bəstələdilər. Ruhun nəğməsinə dönən saz havaları, muğamlar yaratdılar. Ruhların nəğməsini yer üzündə çağıranlar yerdən göyə körpü saldılar. Sonra müqəddəs ruhun – Uca Yaradanın eşqinə tonqalı məbədə gətirdilər. Oda, atəşə aşiq oldular. Odlar Yurdu Azərbaycan atəşpərəstlərin diyarı kimi tanındı. Bozqurdun nuruna, oda, atəşə sitayiş edənlər, tək Tanrıya inandıqlarından idi ki, İsa Məsihi, İncili haqqa yol hesab etdilər. Xristianlığı həyat tərzinə çevirdilər. Məbədlər, monastrlar, kilsələr yapdılar. Sonra islama, mələklərin qanadında yer üzünə endirilən, Məhəmməd Peyğəmbər əleyhissəlamın ruhundan cücərən Qurani-Kərimə, Adəmdən – Xatəmə yol gələn 124 min peyğəmbərin sonuncusuna, “Beşikdən qəbir evinəcən oxuyun” kəlamı ilə düşüncənin düzənini dəyişən Peyğəmbərə tapındılar. Adına türbələr, məscidlər, yapdılar. Sütunu ilahi eşqdən, tavanı Tanrı sevgisindən qurulan məscidlərdə hüzur buldular. İrfan bulağından içdilər. “Ey Ulu Tanrı əgər mən sənə cənnət eşqindən xidmət edirəmsə məni ondan məhrum eylə, cəhənnəm qorxusundan xidmət edirəməs məni onun girdabına at, yox əgər mən sənə təkcə sənə görə xidmət edirəmsə onda mənim taleyim sənə necə sərf edir, o cür də həll et!” – dedilər. Taşı, tuncu yondular, sərt qayaları çapdılar, Alpan-işıq, işraq, nur məbədlərini qurdular. Çərkədar kəndinin Həsən Camal kilsəsi, Qanlı kəndin Lök qalası, Qalaboyunlu qalası, Comərd qalası, Keşikçi qalası, Kəlbəcər məscidi, Başlıbel məscidi, Otaqlı məscidi, Tərtərçayın zümrüd qaşı – Tağlıdaş körpüsü, bu torpaqların tarixi sakinləri və sahibləri, alpanların – albanların, Ağvan, Ağuan müqəddəsliyinə bağlı Ağdaban yaşayış məskəni və məbədi, Laçında, Lev, Uluxan, Qalaboyun, Comərd məbədləri Haqdan qopub haqqa varan yolda dili dualı, Tanrı sevdalı Kəlbəcərin, daha doğrusu sazlı-sözlü, “Şüara” və “Qələm” müjdəli Kəlbəcərin tək Tanrıya, ulu yaradana, Qurani-Kərimə bağlı müqəddəsliyinə işarədir.

Qafqaz Albaniyasının möhürbəndinə, imzasına dönən Alpan-Alban məbədləri Kəlbəcərlə yanaşı, əski türklərin məskən saldığı əksər yörələrimizdə də mövcuddur. Borçalıda, Şəkidə, Qəbələdə, Laçında, Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikasının ərazisində erməni katolikoslarının əl qoyub, kilsə kimi təqdim etdikləri) mövcud olan məbədlər Ərəb istilasından sonra erməni katolikoslarına, ərəb xəlifələri tərəfindən əta edilsə də, əski oğuz-türk tayfalarının oda, atəşə, tək Tanrıya inamının ifadəsinə dönən abidələr barədə Vatikanda, İngiltərə, Fransa, Almaniya, Rusiya kafedral kilsələrində, Osmanlı tarixini mühafizə edən Nur Osmaniyə, Şərqin dəyərlər xəzinəsi sayılan Misir kitabxanalarında qorunan sənədlər də dediklərimizi təsdiq edir.

 

Xudanın bulunduğu yer – Xudavəng

 

30 illik işğal, erməni təcavüzü nəticəsində Qarabağda, Şərqi Zəngəzurda daş-daş üstündə qalmadı. Bu torpaqların tarixi sakinlərinin yaddaşı, dini etiqadı, inancı ilə bağlı bütün abidələr yerlə-yeksan edildi. XVIII yüz ildən sonra Qafqaza, Qarabağa köçürülən gəlmələrin – ermənilərin şərəfinə çar cəlladlarının təməlini qoyduğu kilsələr, Ağoğlan qəsri və Xudavəng məbədi məhv edilmədi. Üzərindəki albanlara məxsus tamğalar, mixi yazılar, təsvirlər pozuldu. İrəvandan gələn katolikosların iradəsi ilə tarixi həqiqətin üzərinə kölgə salınmağa cəhd edilsə də, 44 günlük Vətən müharibəsindən, haqq davasından sonra Xudavəng monastrının və Ağoğlan qəsrinin məbədə, alpanların ziyarətgahına çevrilməsinə nail olundu. Kəlbəcərin şərqində, işğaldan azad olunan qədim yaşayış məskənlərimizin mərkəzinin 29 kilometrliyində, Murovdan və Qarabağ silsilələrinin qovuşduğu dağlıq vadidə, yüksək təpəlik, daha doğrusu sərt, sıldırım qayalar üzərində mövcud olan Xudavəng məbəd kompleksi Qarabağın mədəniyyət mərkəzlərindən biri kimi onun orta əsrlərdə mənəvi tərəqqisinə töhfələr vermişdir. Dini-mədəni mərkəz rolunu oynayan, adı tarixi mənbələrdə Dadivəng kimi də qeyd olunan  Xudavəng Məbəd Kompleksinin Dadi sözünün mahiyyəti – etimologiyası Qafqaz Albaniyasının tarixi ilə bilavasitə bağlıdır. “Dadi və ya Dada Həvvari Faddey tərəfindən “xristianlığın təbliğ edilməsi üçün şimal və şərq ölkələrinə göndərilmiş 70 həvaridən biri olmuşdur”.

“Xudavəng monastrına dini və dünyəvi xarakter daşıyan ondan çox müxtəlif ölçü və dizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifariş və himayəsi ilə inşa edilmişdir. Kompleksin təməli VI-VII əsrlərdə qoyulmuşdur. Həmin tikili müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş və yerli Abqar adlı hakim tərəfindən öldürülmüş Həvari Dadinin məzarı üzərində inşa edilmişdir. Kompleksə daxil olan kafedral statusu daşıyan Arzu xatun kilsəsi isə 1214-cü ildə Yuxarı Xaçın knyazı Vaxtanın həyat yoldaşı tərəfindən inşa olunmuşdur. VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilən XV əsrdən isə knyazlığın dini məbədinə çevrilən Xudavəng monastrı Alban hökmdarı Həsən Cəlal tərəfindən yenidən inşa edilmişdir. Hökmdarın xatunu Arzu xatunun bu qalada dəfn olunması ilə Həsən Cəlal ona diqqətini bir qədər də artırmışdır. Həsən Cəlalın anası Arzu xatunun və görkəmli tarixçi Muxtar qoşun da divarına daş qoyub hördüyü məbədin tikintisində şərq memarlığını da nəzərə alınması abidənin tarixi sahiblərinin ünvanını göstərən amillərdəndir. “Üstü gümbəz kimi tikilən bu kompleksin tikilməsindən ağac materiallarından da istifadə olunmaqla yanaşı, Tərtər çayının sahilində - bir dərədə yığılaraq süxurlanmış və kristallaşmış gildən əmələ gələn daşlardan istifadə olunmuşdur. Vəng kəndində yerləşən bu məbəd kompleksin divarlarında boya ilə çəkilmiş çoxsaylı şəkillər və mixi yazılar mövcuddur”.

30 illik işğal dövründə erməni katalikoslarının ibadətgah yerinə çevrilən Xudavəng Məbəd Kompleksi 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş, məbədin tarixi sahibləri, Qəbələdə yerləşən Alban-Udi Ocağının nümayəndələri onu ziyarətə getmiş, ayinlər gerçəkləşdirmişdilər. 2020-ci il dekabrın 5-də isə Alban-Udi kilsəsinin  rəhbəri Rafik Dadakari məbədə vaiz təyin olunması ilə Xudavəngdə yeni mərhələnin əsası qoyulmuşdur. 2020-ci il noyabrın 28-dən sonra hüzura qovuşan Kəlbəcər bu gün tikilir, qurulur, sərt, sıldırım qayaların qoynuna yeni nəfəs gəlir. Qafqaz Albaniyasının abidələr panteonun gözünün nuru Xudavəng tarixi sakinlərinin, sahiblərin duaları moizələri ilə nura qərq olur.

 

İsa Məsihin əmanətləri satışa çıxarıldı

 

2020-ci il dekabrın 16-da baş verən bir hadisə ilə Tanrı evinə belə əl uzadanların haqqdan, ədalətdən uzaq simasını dünyaya nümayiş etdirdi. Həmin gün tarixi Azərbaycan şəhərində - Ermənistanın paytaxtı İrəvan şəhərindəki Xalq Sənətləri Muzeyində “Dadivəngdən İrəvana” adlı satış-sərgi keçirildi. Sərgidə Xudavəng Monastr Kompleksindən gətirilən Bibliya, xaçlar, ikonalar, suvenirlər, həmçinin kitablar, fotoalbomlar nümayiş olundu”.

Tanrının bir adı Allah, bir adı da Xudadı. Xudavəng sözü Xuda ilə başlayır. 1992-ci ildə Kəlbəcər didərgin düşəndə kəlbəcərli qız gəlinlər erməni daşnaklarının əlinə keçib rəzil olmamaq üçün özlərini Murovun zirvəsindən dərəyə atdılar. Kəlbəcrin iki qüdrətli şairi Bəhmən Vətənoğlu və Sücaət onun iyini, ətrini tutiya bilib, ruhunda yaşatmaq üçün Murovun ətəyində binə qurdular, ondan qopub ayrılmadılar.

“Ağlaya-ağlaya köçən Kəlbəcər, bir gün gülə-gülə qayıdacaqdır”, deyən Sücaət də, Bəhmən də Kəlbəcərsiz köçdü dünyadan. Aşıq Şəmşirin Ağdabandakı yurdunu oda qalayan, 12 ailə üzvünü soyqırımı qurbanına çevirən, Xudavəngdən apardığı Tanrı, din, iman nümunələrini, İsa Məsihin əmanətlərini bazara çıxaran erməni daşnakları “Qars Bəyannaməsi”ndən “Şuşa Bəyannaməsi”nə, Beynəlxalq əməkdaşlıq naminə “Tramp marşrutu”na qol qoyan, Zəngəzur dəhlizinin qapısını Turanın, türk dünyasının, Böyük İpək Yolunun üzünə açan Liderin – Prezident cənab İlham Əliyevin simasında tarixə həm də, Qafqaz Albaniyası kimi qüdrətli bir dövlət bəxş edən millətin, məmləkətin, Odlar yurdu Azərbaycanın əzəməti ilə üz-üzə gəldi. Bu, Xudanın bulunduğu yerdə – Xudavəngdə özünə yuva qurmaq istəyənlərə 44 günlük Vətən Müharibəsindən sonra verilən ən böyük dərslərdən biri idi.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

 

\

UNESCO Günləri çərçivəsində İsveçrənin Zürix şəhərində “İnteqrasiya və İsveçrə” adlı layihə həyata keçirilib. Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirovun müəllifi və layihə rəhbəri olduğu layihə Zürixdəki gimnaziyaların birində 160 isveçrəli şagirdin iştirakı ilə baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirin əsas məqsədi Azərbaycan mədəniyyətini tanıtmaq, multikultural dəyərləri təbliğ etmək və gənclər arasında qarşılıqlı inteqrasiyanı təşviq etmək olub. Layihə çərçivəsində şagirdlər Azərbaycanın zəngin tarixi, mədəni irsi və milli dəyərləri ilə bağlı geniş məlumat əldə ediblər.

Tədbirin ən yadda qalan hissələrindən biri isə İsveçrənin Cenevrə şəhərində yaşayan həmyerlimiz, rəqs müəllimi Mariya Xan-Xoyskayanın rəhbərliyi ilə təqdim olunan Azərbaycan milli rəqsləri olub. Rəqslər böyük maraqla qarşılanıb və bir çox şagird qısa müddət ərzində milli rəqslərimizi öyrənərək səhnədə nümayiş etdirib.

Sonda iştirakçılar layihə ilə bağlı təəssüratlarını bölüşüb, Azərbaycan mədəniyyətinin rəngarəngliyindən və rəqslərin ruhlandırıcı təsirindən danışıblar.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bir vaxtlar Şəmi, Şöşü, Fəlakət, yaxud Hozu, Mozu yox idi komediya və yumor dünyasında, əvəzində Nəsibə Zeynalova, Lütvəli Abdullayev, Bəşir Səfəroğlu, Hacıbaba Bağırov, Səyavuş Aslan var idi. Bir vaxtlar olanlardan birinin – Siyavuş Aslanın – korifey sənətçimizin bu gün yubileyidir, anadan olmasının 90-cı ildönümüdür. Sağ olsaydı, demək ki, 90 yaşını qeyd edəcəkdi. Deyirlər, satirik, komedik aktyorlar daim gülüş içində olurlar deyə ömürləri də uzun olur. Amma Səyavuş Aslan çox kədərli bir ömür yaşayaraq bu dünyadan köçüb.

 

Azərbaycan realist aktyor məktəbinin nümayəndələrindən biri Səyavuş Aslan 1935-ci il sentyabr ayının 5-də Bakının (indi bu kənd Abşerona aiddir) Saray kəndində doğulub.

1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib və bir çox obrazların mahir ifaçısı olub.

 

Filmoqrafiya

1. 100

2. Sabiqlərin yeni sərgüzəştləri

3. Sevdagül və Şarlotta

4. Sehrli çıraq

5. Ulduz

6. Ünvansız eşq

7. Üzr istəyirəm

8. Yaşıl eynəkli adam

9. Yaşıl eynəkli adam-2

10. Yaxşı qurtardıq

11. Yay gününün xəzan yarpaqları

12. Yeganə çıxış yolu

13. Yol əhvalatı

14. Yuxu

15. Həmyerlilər

16. Bizim qəribə taleyimiz

17. Metranpaj

18. Dəvətnamə

19. Evlənmək istəyirəm

20. Bəyin oğurlanması

21. Belə lazımdır

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu

- "Şərəf" ordeni

- "Şöhrət" ordeni

 

Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.

 

2004-cü ildə Səyavuş Aslanın 70 illiyinə Əsgər Əsgərov tərəfindən 70-dən 1-ə… 1-dən 70-ə adlı qısametrajlı sənədli televiziya filmi həsr olunub.

Masazır kəndində Əliağa Vahidə abidə qoyulub. Bu əladır. Nə olardı, Saray kəndində də Səyavuş Aslanın doğulduğu evə barı bir xatirə lövhəsi və barelyefi vurulardı.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

İnsan ölmüş babası üçün darıxdığını başqalarının sağ babalarını görüb baba deməyə dili gəlməyəndə hiss edirmiş...

Keçən ildən bu ilə nə dəyişdiyini müşahidə edəndə gördüm ki, keçilər böyüyüb...

 

Yay tətili müddəti ənənəvi olaraq Novxanıdakı bağımıza köçürük. Lakin, artıq tətildə 3 ay dincələcək yaşı çoxdan ötdüyüm üçün məcbur oyanıb yarım stəkan çayımı içib özümü saat 07.34-də Novxanıdan keçən qatara çatdırırdım ki, işə gecikməyim.

 Novxanı mənim uşağlığımın ən gözəl çağlarının olduğu, yeniyetməliyimin keçdiyi, daim getməyə can atdığım doğma yurdumdur. Daş-kəsəkli küçələri, Rəsulzadə heykəli, heykəlin yanındakı uşaq baxçası, 1manat pul ilə hər şeyi ala bildiyimiz vaxtlardan qalma kənd marketi, səsi evimizə qədər gələn Azanın oxunduğu məscid minarələri, dağılmış köhnə hamam və sevdiyim insanı məndən alan qəbirstanlıq.

Özümü bildim biləli babagilə getməyə can atan, bütün gün babayla vaxt keçirməyə çalışan biri olaraq sözsüz ki, 75 yaşında belə olsa onun ölümü məni çox dərindən incitmişdi. Lakin, insan bəzən canının yandığını elə möhtəşəm gizlədər ki, heç kim bunun fərqinə varmazmış. Hərdən elə anda elə bir darıxarmış ki, o anda nəfəsinin kəsildiyini belə hiss edərmiş.

Və keçilər böyüdü, babam isə çoxdan ölmüşdü.

İndi başqalarının babaları keçiləri otlağa aparır.

Novxanıda qaldığım müddətdə hər gün evdən daha tez çıxıram ki, qatara gedib çata bilim. Və hər zaman 20 dəqiqəlik yolu 11 dəqiqəyə gedər, qatar gələnə qədər olan vaxtda da, keçilərini otlağa gətirən qoca baba ilə salamlaşaraq biraz söhbət edərdim.

-Necəsən nənə? (bu onun adət etdiyi xitab idi)

-Yaxşıyam, siz necəsiz?

- Sağol gözəl balam, bacın necədi?

- O da, yaxşıdır.

- Salam söyləyərsən.

- Təşəkkür edirəm.

- Allah işinizi avand eləsin, dualarımdasız.

- Allah sizə də ömür versin.

- Bax gör keçən yaydan bu yana nə dəyişib?

- Keçilər böyüyüb.

- Hə, sənin xoşuna gələni görəsən deyə nə satdım nə kəsdim. İstəyirsən şəkillərini çək.

- İcazəniz olarsa istəyirəm.

Şəkil çəkib, sağollaşaraq qatara doğru getdim.

Telefonumda çəkdiyim şəkil kənardan baxan bir cüt gözə boş, mənasız baxış kimi gəlsə belə o şəkildə danışan bir həsrət, 5 yaşlı nəvələr, böyüyən keçilər və qocalan babalar var.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

 

 

Cümə, 05 Sentyabr 2025 09:29

Skripkaçı və dirijor - ƏSL MAESTRO

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Yenə də gəlib ona çıxdıq ki, bu gün diringi musiqilərin meydan suladığı bir zamanda klassik, simfonik musiqi, balet kölgədə qalmaqda, bu sahələr üzrə mütəxəssis yetişdirilməsi isə axsamaqdadır. Hələ ki köhnə baqajdan istifadə edirik. Kim bilir, sabah necə olacaq.

 

Azərbaycan skripkaçısı və dirijoru Sərvər Qəniyevdən danışacağam. O, 1937-ci il avqustun 5-də Bakı şəhərində anadan olub. İlk musiqi təhsilini Azərbaycan Konservatoriyasının nəzdindəki musiqi məktəbində skripka aləti üzrə alıb. Hələ gənc ikən Sərvər Qəniyev Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri ilə birlikdə çıxış edərək, musiqi ictimaiyyətinin rəğbətini qazanıb. Azərbaycan Dövlət Konservatoriyasına daxil olan musiqiçi ikinci kursdan etibarən peşəkar musiqi təhsilini Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirib. 1960-cı ildə konservatoriyanı bitirdikdən sonra o, həmin ali təhsil ocağının aspiranturasında öz peşə kamilliyini artırıb.

1963-cü ildə Bakıya qayıdan musiqiçi Azərbaycan Dövlət Konservatoriyasında müəllim və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çalışmağa başlayıb. 1965-ci ildə Sərvər Qəniyevin təşəbbüsü ilə konservatoriyanın nəzdində simli kvartet yaradılıb və 1979-cu ildən bu kvartet filarmoniyanın nəzdində uğurla fəaliyyət göstərib.

1971-1979- cu illərdə Qahirə konservatoriyasında simli alətlər kafedrasının müdiri vəzifəsində işləyib və eyni zamanda Qahirə simfonik orkestri ilə müxtəlif Avropa ölkələrində qastrol səfərlərində olub. Onun Misirdə yetişdirdiyi tələbələr bu ölkənin müxtəlif musiqi kollektivlərində müvəffəqiyyətlə çalışıblar.

Azərbaycana qayıdandan sonra musiqiçi zəngin konsert proqramları ilə çıxış etməklə yanaşı, Dövlət Konservatoriyasının professoru və kafedra müdiri vəzifəsini tutub. 1991-ci ildən ömrünün sonunadək o, Türkiyənin Bilkənd Universitetinin skripka kafedrasının professoru, kamera və simfonik orkestrinin bədii rəhbəri və dirijoru olub.

Milli mədəniyyətimizi müxtəlif ölkələrdə mahir ustalıqla təmsil etməklə Sərvər Qəniyev Azərbaycan musiqisinin və ifaçılıq sənətinin təbliğində böyük xidmətlər göstərib. O, ifaçılıq sənətini pedaqoji fəaliyyətlə uğurla tamamlayan sənətkar kimi musiqiçi kadrların yetişdirilməsində də nailiyyətlər əldə edib.

Musiqi sənəti sahəsindəki xidmətlərinə görə Sərvər Qəniyev 1967-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 1982-ci ildə "Azərbaycan SSR xalq artisti" fəxri adlarına layiq görülüb. Sərvər Qəniyevin yaradıcılığı Azərbaycan dövləti tərəfindən daim yüksək qiymətləndirilib. O, 2007-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Prezident təqaüdçüsü Sərvər Qəniyev 2010-cu il sentyabr ayının 5-də ömrünün 74-cü ilində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir. 

-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf  etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. 

-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.

Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.

 

10.

MÜTALİƏ NÖVLƏRİ

 

Mütaliənin dörd əsas növü var.

-Axtarış

-Tanışlıq

-Öyrədici

-Nəzəryetirici

Bu növlərin hər biri barədə digər bölmələrdə sizlərə məlumat verəcəyik.

 

11.

MÜTALİƏ MƏDƏNİYYƏTİNƏ NƏ DAXİLDİR?

 

Təbii ki, qarşımızda dayanan ilk sual budur: Oxucunun mütaliə mədəniyyətinə nə daxildir? Ümumiləşdirilmiş bir cavab verməyə çalışsaq, onda cavabımız belə olacaq: Mütaliə mədəniyyəti anlayışı özlüyündə mütaliənin mövzu etibarı ilə hərtərəfl, geniş və məqsədəyönəldilmiş olmasını, kitaba həm ictimai-siyasi hadisələrlə, həm peşə seçmək, karyera qurmaq məsələləri ilə, həm də mənəvi təlabatı ödəmək məqsədiylə müraciət etməyi, əsərin ideya və məzmununu ayırd edə bilmək bacarığını, kitablardan səciyyəvi cəhətləri seçməyi, oxucunun mütaliədən aldığı biliyi sistemləşdirib təcrübi işdə tətbiq etməsini ehtiva edir.

Oxucuların mütaliə mədəniyyətinə yiyələnməsi üçün onlarla aparılan işin əsasını aşağıdakı məsələlər təşkil etməlidir:

1.Kitaba bir bilik mənbəyi kimi həmişə önəm vermək;

2.Mətbu əsərlə işləmək vərdişi, şüurlu və diqqətli mütaliə etmək hissi tərbiyə etmək;

3.Nitq mədəniyyətini tərbiyə etmək üçün bədii sözün həyat həqiqətlərini əks etdirən vasitə olduğunu dərk etmək.

Növbəti:12. Mütaliə mədəniyyətinin ünsürləri

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2025)

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyev Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardan olan Yusif Səmədoğlu məşhur “Qətl günü” romanı ilə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazanıb. O, rəhbəri olduğu mühüm ədəbi-bədii məcmuələrdən milli düşüncə və ideyanın daha geniş yayılması üçün tribuna kimi istifadə edib, ölkədə azadlıq hərəkatının və müstəqillik uğrunda mübarizənin ön sıralarında dayanıb, xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə vətəndaş-ziyalı mövqeyi ilə seçilib.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Filologiyamızın ən böyük alimlərindən biri olan Ağamusa Axundovun bu gün anım günüdür.

Təbii ki, onu şərəflə anır, ruhuna dualar oxuyuruq.

 

Ağamusa Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində anadan olub. Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun filologiya fakültəsində və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil alıb. Eyni zamanda ADU-nun aspirantı, müəllimi, baş müəllimi, dosenti, sonra universitetin ümumi dilçilik kafedrasının professoru, fılologiya fakültəsinin dekanı olub. Ümumi dilçilik kafedrasının müdiri vəzifəsində işləyib.

AMEA-nin Dilcilik institunun direkroru, AMEA-nın Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışıb.

Ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" jurnalında (1951, N 12) çap olunan "İkinci görüş" adlı ilk hekayəsi ilə başlayıb. Bundan sonra bədii yaradıcılıqla, xüsusən poeziyanın sənətkarlıq problemlərinin tədqiqi ilə ciddi məşğul olub.

Sovet Türkoloqları Komitəsinin, Almaniya Demokratik Respublikasında nəşr edilən "Fonetika, dilçilik: Kommunikativ tədqiqatlar" adlı beynəlxalq nəzəri jurnalın redaksiya heyətinin, Azərbaycan EA Terminologiya Komissiyası sədrinin müavini, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Toponimika Komissiyasının, AzərTAC-ın tərcümə şurasının, Azərbaycan və Ərəb ölkələri Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, Sovet-Amerika dostluq cəmiyyəti Bakı şöbəsinin sədri kimi geniş ictimai-elmi fəaliyyət göstərib.

Yaponiya Elmə Yardım Cəmiyyətinin dəvəti ilə bir ay Tokio Universitetində Azərbaycan dili dərsi deyib, Kobe Universitetində və Tokio Şərq Kitabxanasında "Azərbaycan dili inkişaf yollarında" mövzusunda 2 konfrans keçirib. Onun "Ümumi dilçilik", dilçiliyə dair şərikli yazdığı "Dilçiliyə giriş", "Azərbaycan dili"  kitabları döna-dönə nəşr olunub. "Azərbaycan dilinin tarixi-etimoloji lüğəti" əsəri üzərində işləyib.

Azərbaycan Respublikası Dillərin işlənməsı və inkişaf qanunauyğunluqları əlaqələndirmə Şurasının sədri, ASE-nin Məsləhətçilər Şurasının, Gürcüstan EA-nın Dilçilik İnstitutunun və BDU-nun doktorluq dərəcəsi verən ixtisaslaşmış müdafiə şuralarının, XMA-nın Azərbaycan bölməsi komitəsinin, "Sovetskaya tyürkologiya", "Ulduz" və "Azərbaycan" jurnallarının redaksiya heyətlərinin üzvü olub. "Sovetskaya tyürkologiya" jurnalının baş redaktoru, Dil və Ədəbiyyat üzrə ekspert şurasının sədri işləyib.

Xalqlar dostluğu sahəsində mühüm xidmətlərinə görə ABŞ-nin "Frendşip fors" ("Dostluq qüvvələri") ictimai təşkilatının fəxri fərmanına layiq görülüb. ABŞ-nin Nyu-Orlean şəhərinin fəxri xarici vətəndaşı, Luiziana ştatının paytaxtı Baton Rujun şəhər şurasının fəxri üzvüdür. Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvüdür. "Şöhrət" ordeni ilə təltif edilib.

5 sentyabr 2015-ci ildə vəfat edib, Bakıda, II Fəxri Xiyabanda dəfn edilib.

 

Kitabları

1. Felin zamanları

2. Müasir Azərbaycan ədəbi dilinin fonetikası

3. Müasir Azərbaycan dilinin fonetikasından mühazirələr

4. Dil və üslub məsələləri

5. Azərbaycan dilinin fonemlər sistemi

6. Azərbaycan dilinin tarixi fonetikası

7. Ümumi dilçilik (dilçiliyin tarixi, nəzəriyyəsi və metodları)

8. Riyazi dilçilik

9. Şeir sənəti və dil

10. Azərbaycan dilinin fonetikası

 

Filmoqrafiya

- Mənim universitetim

- Dünya şöhrətli məzun

- Liderlik missiyası. 1-ci hissə

- Üç zirvənin fatehi

 

Allah rəhmət eləsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Parsabadda yaşayan Tohid Namvərdir

 

 

Tohid Namvər

Parsabad

 

 

TANIYIRAM BU DƏRDİ

 

Demə hər şey dağılandı, itəndi,

Dərd var ötüşməyən, dərd var ötəndi,

Ömür sürüb öləcəyim vətəndi,

Torpağından tanıyıram bu dərdi.

 

"Sevincin azlığı bir növ əzabdı"

Bol sevinc axtardım, dərd məni tapdı,

Bu, içdiyim qırx beş illik şərabdı,

Bardağından tanıyıram bu dərdi.

 

O sürgündən, bu sürgünə dönmüşəm,

Hansı dindən, hansı dinə dönmüşəm!

Tüfəng olub hədəfinə dönmüşəm -

Qundağından tanıyıram bu dərdi.

 

Gündən-günə çiçəklənən, güllənən,

Hər puçuru budağımda minlənən,

Yeri tutan, göyü tutan, enlənən,

Yarpağından tanıyıram bu dərdi.

 

Sıxar məni otağımda dər-divar,

Dərdlərin də namərdi var, mərdi var,

Hər əzabın tətiyində rəddi var,

Barmağından tanıyıram bu dərdi.

 

Üst-başımı yalatmışam bu dərdə,

Öz əlimlə qol atmışam bu dərdə,

Ürəyimi yal atmışam bu dərdə,

İt çağından tanıyıram bu dərdi...

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2025)

 

 

                                                

“Ədəbiyyat və incəsənət” portalı NƏSR SAATI rubrikasında sizlərə AYB Lənkəran bölməsinə rəhbərlik edən Qafar Cəfərlinin “Gülgəzi” adlı hekayəsini təqdim edir.

 

 

Müğənninin səsi Məşəbilənin canına yağ kimi yayılırdı:

 

         Bağa girdim üzümə,

         tikan batdı dizimə.

         Əyildim çıxarmağa,

         yar sataşdı gözümə”.

 

         Musiqinin ahənginə uyğun olsa da, Məşəbilənin yaşına uyuşmayan əl-qol hərəkətləri, çiyin oynatması, arada ayaqlarını çarpazlayıb sürətli dönüşü həmişə olduğu kimi, yenə də məclis əhlinin gur alqışları ilə müşayiət olundu. Gülgəzin onun üzünə zillənib əynindəki uzunqol paltarın biləyinə kimi örtdüyü əllərini havada oynatması, gözlərini nazla süzüb, ilıq bir təbəssümlə gülməsi, arada başından açılıb boynuna tərəf sürüşən örpəyini ani bir hərəkətlə alnına kimi dartması və yenidən əda ilə rəqsinə davam etməsi də hamının ürəyinə yatırdı. Bu zaman alqışların Məşəbiləyə və ya Gülgəzə aid olmasını ayırd etmək çətin idi.

         Məşəbilənin centlmensayağı Gülgəzin əlindən tutub oturduğu stula kimi müşayiət etməsi də hər dəfə olduğu kimi, yenə məclisdəkilərin gülüşü və alqışına səbəb oldu.

         Gülgəz gözlərinin ədası ilə tərəfmüqabilinə minnətdarlıq edib yerində oturdu. Məşəbilə isə masa başına keçən kimi artıq stəkana süzülmüş növbəti yüz qram arağı başına çəkdi, özündən razı halda məclisdəkiləri seyr etməyə başladı...

         Məşəbilənin əsl adının Qüdrət olduğunu öz yaşıdlarından başqa kənddə çox az adam bilirdi. Hələ məktəb illərində dostlarının əzizləmə formasında “bilə” – deyə onu çağırmaları Qüdrətin də ürəyinə yatırdı. Toy mağarında böyük kişilərin olduğu həmin vaxtlarda Qüdrət kimi uşaqlar çadırın kənarında, qaranlıq bir yerdə sümüklərinə düşən havalara o ki var oynamağa adət etmişdilər. Çox sayda kənd uşaqları rəqs etməyi elə bu sayaq oynamaqla öyrənmişdilər. Onların arasında Qüdrət xüsusi olaraq seçilirdi. Qüdrəti başqalarından fərqləndirən bir qəribə cəhəti də elə uşaq yaşlarından “Gülgəzi” havasına daha şövqlə oynaması idi. Tay-tuşları bu rəqsin qocafəndi olduğunu ona dəfələrlə başa salmağa çalışmışdılar. Amma xeyri yox idi, Qüdrət deyilənləri qəbul etmir, üstəlik, bu havaya olan sevgidən hər dəfə öz rəqsinə yeni əlavələr edirdi.

         Qüdrət cavan yaşlarında, hətta qohumu Xədicə ilə evlənib ailə quranda da, tək övladı olan Sonanı gəlin köçürəndə də elə bu havaya oynamışdı. Qızının toyunda rəqs etməyinin digərlərindən fərqi həmin vaxtı qeyri-iradi kövrəlməsi, bir neçə damcı göz yaşının çənəsinə doğru üzüaşağı axması olmuşdu. Amma bunun sevinc göz yaşı olduğunu qızının qulağına pıçıldaması ilə həm özü, həm də qızı məmnun qalmışdı.

         Sövet hökumətinin dağılması hamı kimi Qüdrətin də həyatında izsiz keçmədi. Sovxoz torpaqları pay kimi kənd camaatına paylandıqdan sonra orta ixtisas təhsilli aqronom olan Qüdrət də işsiz qaldı. O vaxtlar yaşı qırx beşi haqlamışdı. Ən azından yaşamaq üçün Qüdrət bir yol axtarmağa məcbur idi. Çıxış yolunu bir neçə il əvvəl aldığı “07” markalı “Jiquli” avtomobili ilə adam daşımaqda ğördü. O zamanlar bu avtomobilə “Sovetin Mersedesi” deyilirdi. Qüdrətin gündəlik işi hər gün bir-iki reys edib kimlərisə kənddən şəhərə aparmaq oldu. Bu cür çətin həyata birtəhər öyrəşməyə çalışırdı. Və öyrəşdi də. Öyrəşdiyi həm də adı kimi çağrılan “Bilə”yə “Məşə” sözünün əlavə olması idi. Bu söz dostlarının təkidi ilə gəzməyə getdiyi İranın Məşhəd şəhərindən geri dönəndən sonra adının üstündə qaldı.

         Artıq toy məclislərində Məşəbilənin “Gülgəzi” havasına oynamasını bilməyən az musiqiçi tapılardı.

         Məşəbiləni kənddə hamı xoşrəftar, həm də tamahsız, gözü-könlü tox biri kimi tanıyırdı. Son günə kimi heç kimə zəhmət haqqı olaraq veriləcək pulun məbləğini dilinə gətirməmişdi. Kişilər qız-gəlini, arvad-uşağı ona etibar edirdilər. Hamı bilirdi ki, Məşəbilə maşını səliqə ilə sürüb adamı sağ-salamat mənzil başına çatdıracaq. Amma...

         Onun bir gün bu işdən birdəfəlik uzaqlaşması çox gözlənilməz oldu. Adamlar həm kədərləndilər, üzüldülər, həm də çox təəssüf etdilər. Kənd sakinləri onu və düşdüyü vəziyyəti uzun müddət kədərlə, yaxınları isə göz yaşı ilə xatırladılar. Həmin dəhşətli gündə Məşəbilə avtomobil qəzasına düşmüşdü. Qəzada öz Xədicəsi və qonşu arvad dünya ilə vidalaşdı. Faciə, dərd, kədər, itki, üstəlik də Məşəbilə buna görə  ömrünün beş ilini dörd divar arasında keçirməli oldu.

         Azadlığa qovuşanda Məşəbilənin yaşı keçmiş, təqaüdə bir neçə ili qalmışdı. Daha əvvəlki halı, əvvəlki şuxluğu yox idi. Amma oynamaq – rəqs etmək vərdişindən də əl çəkə bilmirdi. Heç getdiyi məclisdəkilər də onu rahat qoymurdular. Ondan xəbərsiz “Gülgəzi”ni çaldırır, durub gözləyirdilər. Məşəbilə qeyri-ixtiyarı yerindən dikəlirdi. Oynamağa başlayanda yüz, oturanda isə ikinci yüzü vurub rumkanı kənara itələyirdi. Və bunu da hər kəs yaxşı bilir, daha bir “yüz” vurmasını heç kəs təkid etmirdi.

         Türmə həyatından sonra Məşəbilənin əhvalından, əyin-başından, tör-töküntüsündən, səliqəsizliyindən, ən azı ütüsüz şalvar-köynəyindən, bulaşıq boyunluğundan onun çətinliklər içində yaşadığını görmək, bilmək, hiss etmək mümkün idi. Və artıq bunu kənddə onu tanıyan hər kəs bilir və danışırdı. Qızı və bir-iki yaxın dostu Məşəbilənin evlənməsinə təkid edib çətinliklə olsa da, onu razı sala bildilər. Amma eşidib sevinənlər “gəlin”in adını biləndən sonra bir o qədər təəccübləndilər. Məşəbilənin namizədi qonşu kənddə yaşayan Gülgəz adlı qarımış qız idi. Gülgəz onun sinif yoldaşı, həm də gənclik dostu Xəlilin bacısı idi. Xəlil Birinci Qarabağ müharibəsində şəhid olandan sonra Gülgəz uzun illər yorğan-döşəyə möhtac qalan anasının qulluğunu tutduğundan ərə getməmişdi. Yəqin ki, bu barədə heç düşünməyə vaxtı belə olmamışdı.

         Məşəbilə ildə bir neçə dəfə dostunun ailəsinə baş çəkər, hər gedişi və apardığı pay-puşla onları yad edərdi. Gülgəzin adını eşidənlər Məşəbilənin ömrü boyu bu adda rəqs havasına olan sonsuz sevgisinə başqa bir səbəb tapmağa belə cəhd etmədilər. Hamı Gülgəzin onun gənclik segisi olduğunu sübut etməyə çalışırdı. Məşəbilənin özü də arada bu deyilənlərə gülümsəyir, həqiqət kimi qəbul etmək istəyirdi. Amma Gülgəzə olan sevgisinin belə tez, özü də bu cür olacağına isə heç özü də inana bilmirdi. Sonralar aylar ötdü, il dolandı, Gülgəz ona nəinki yeni həyat yoldaşı, çox çətinliklə dünyaya gətirdiyi tək oğlunun da anası oldu. Üstəlik, o həm də “Gülgəzi” havasına da əsl sahib çıxdı. Məşəbilənin məclisdə qollarını açması ilə Gülgəzi öz qarşısında görməsi bir olardı və onların ətrafa sevgi saçan gözlərlə, bir-birinə məhrəm baxışlarla rəqs etmələri məclisin ən yaddaqalan və günlərlə bitib-tükənməyən sözü-söhbəti olardı.

         ...Hər şey hamı üçün gözlənilməz oldu.

         Məşəbilənin ilk həkim müayinəsinə getməsi, bir müddət xəstəxanada yatması, sonra öz xahişi ilə illərin xatirələrini özündə yaşadan doğma ocağına dönməsi və günlərin birində isə bir əli atasının adını yaşadan oğlu Məmmədin, o biri əli onu bütün varlığı ilə sevən, on dörd il onu öz “uşağı” kimi əzizləyən Gülgəzin əlində bu dünyaya əlvida deməsi heç bir ay çəkmədi.

         ...Bütün məclis həyəcan içində idi. Uşaqlı-böyüklü hər kəs yerindən dikəlib müsiqiçilərin oturduğu yuxarı başa boylanırdılar. “Gülgəzi” havası çalınırdı. Son il yarım ərzində kənd əhlinin eşitmədiyi bu hava hamını təsirləndirmişdi. Tədricən hamı ayağa qalxmağa başladı. Amma kimsə rəqs etməyə cürət etmirdi. Məşəbilənin yoxluğunu bilsələr də, sanki hər kəs möcüzə gözləyirdi.

         Gənc müğənninin səsi isə şadlıq sarayını başına götürmüşdü:

 

         “Bağa girdim üzümə,

         tikan batdı dizimə.

         Əyildim çıxarmağa,

         yar sataşdı gözümə”.

 

         Sonra baş verənləri məclis əhli heyrət içində izlədi.

         Əri Məşəbilənin ölümündən keçən il yarım ərzində ilk dəfə baldızı nəvəsinin toyuna gələn Gülgəz arvad birdən irəli çıxdı, qol götürüb rəqs etməyə başladı. Elə gözəl rəqs etdi ki, hamı biixtiyar əl çalmağa, onu alqışlamağa məcbur oldu. Bir azdan məclis büsbütün alqışlara qərq oldu. Gülgəz əvvəlkitək ədalı baxışlarla biləyinə kimi örtülü əllərini xüsusi bir zərifliklə çiyinləri bərabərində oynadır, gözlərini qırpmadan qarşısındakı məchul nöqtəyə baxır, sanki qarşısındakı “Məşəbiləni” süzür, arada isə boynuna düşən örpəyi cəld hərəkətlə alnına kimi dartıb nazlana-nazlana dövrə vururdu. Əvvəlki vaxtlarda heç olmayan isə örpəyin tam örtə bilmədiyi ağ saçları və yanaqlarında şırım açan göz yaşları idi.

         Məclis əhlinin yenidən və daha gur alqışları isə doqquz yaşlı Məmmədin eynən atası kimi oynamağına ünvanlanmışdı.

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2024)

 

                                                                                                

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.