Super User

Super User

Bazar ertəsi, 08 Sentyabr 2025 07:33

Venesiya festivalında Azərbaycan filminin təqdimatı

82-ci Venesiya Beynəlxalq Film Festivalının “Müsabiqədənkənar bədii filmlər” (Out of Competition Fiction) bölməsində tanınmış azərbaycanlı rejissor Hilal Baydarovun “Boşluğa xütbə” (Sermon to the Void) filminin təqdimatı olub. Mədəniyyət Nazirliyi və Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə sentyabrın 5-də nümayiş olunan ekran əsəri mütəxəssislər və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC Mədəniyyət Nazirliyinə istinadən məlumat yayıb. 

Məlumatda bildirilir ki, filmin nümayişindən sonra mətbuat konfransı keçirilib, Azərbaycan mədəniyyətindən və kino sənətindən söz açılıb. Hilal Baydarovun “Xütbə” trilogiyasının sonuncu filmi olan “Boşluğa xütbə”nin ideya-estetik məziyyətləri yüksək qiymətləndirilib.

Qeyd olunub ki, Azərbaycan ədəbiyyatının, təfəkkür tərzinin, folklorunun dünyada təqdimatı baxımından film böyük əhəmiyyət kəsb edir. Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin yaradıcılığı üzərində qurulan filmdə sevgililərin dirilik suyunu axtarması, əslində, insanın daxilindəki məni axtarması kimi mənalandırılır.

Filmin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcan, prodüseri Orxan Fikrətoğludur. Azərbaycan, Meksika və Türkiyə kinematoqrafçılarının ortaq işi olan filmdə əsas rolları Hüseyn Nəsirov, Məryəm Nağıyeva, Rəna Əsgərova, Elşən Abbasov, Orxan İsgəndərli oynayırlar.

Qeyd edək ki, 82-ci Venesiya Beynəlxalq Film Festivalı avqustun 27-də başlayıb və sentyabrın 6-sı başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2025)

 

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyini məlumat yayıb. 

Məlumatda bildirilir ki, namizədlər nəticələrlə exam.culture.az portalı vasitəsilə tanış ola bilərlər.

Nəticələr elan olunduğu tarixdən etibarən 5 (beş) gün ərzində namizədlər “MyCulture” şəxsi kabineti üzərindən tələb olunan sənədləri qəbulu təsdiqləmək məqsədilə sistemə yükləməlidirlər.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2025)

 

Parisdə Eyfel qülləsinin yaxınlığında Beynəlxalq Qastronomiya Günləri çərçivəsində Azərbaycan pavilyonu da fəaliyyət göstərəcək.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, pavilyonumuz ölkəmizin Fransadakı səfirliyi və “Azərbaycan Dostları” Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

Sentyabrın 11-dən 14-dək Azərbaycan pavilyonunda mətbəximizin inciləri - ənənəvi yeməklərlə, şərablarla yanaşı, milli musiqi və rəqs nümunələri də nümayiş etdiriləcək.

Paris Beynəlxalq Qastronomiya Günlərində ölkəmizin ən böyük turizm menecmenti şirkətlərindən olan “Gabala Hospitality Group” iştirak edərək, qonaqları Azərbaycanın qastronomik turizm istiqaməti olan füsunkar Qəbələ bölgəsinin mətbəx irsi ilə tanış edəcək. Qrupun aşpazları Elmar Əliyev və Rasim Nəcəfov ziyarətçilərə bölgənin dağ ətrini və zəngin dadlarını əks etdirən yeməkləri təqdim edəcəklər. Həmçinin yerli şərablar, müxtəlif milli məhsullar iştirakçılara təqdim olunacaq.

Ziyarətçilərə “Happy Day Cake” şirniyyat evinin hazırladığı paxlava və şəkərbura təqdim olunacaq. Bununla yanaşı, iştirakçılar Azərbaycan xalqının qədim şirniyyat mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, Paris Beynəlxalq Qastronomiya Günləri 2016-cı ildən etibarən keçirilir və bu il festival çərçivəsində 60-dan çox ölkəni təmsil edən pavilyonlar, habelə 120-ə yaxın ölkədən nümayəndələr bir araya gəlirlər. Tədbiri 40 mindən çox insan ziyarət edir.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2025)

Bazar ertəsi, 08 Sentyabr 2025 10:14

Bakı beynəlxalq rəqs festivalına ev sahibliyi edib

 

Bakıda Azərbaycan Rəqs Şurası (AzDC) və SRDS Beynəlxalq Rəqs Şirkətinin (Smooth & Rhythm Dance Style) təşkilatçılığı ilə WADF Bədii Bal Rəqsləri (Smooth) üzrə dünya çempionatı və bütün WADF üslubları üzrə dünya kubokları keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Xalq artisti Təranə Muradova AZƏRTAC-a verdiyi müsahibəsində Azərbaycanda ilk dəfə keçirilən rəqs uşaq festivalının əhəmiyyətindən danışıb. O bildirib ki, bu tədbir balalarımız üçün xüsusi dəyərə malikdir: “Festivalda 14 ölkədən nümayəndələr iştirak edir və hər biri öz ölkəsinin mədəniyyətini təqdim edir. Yaş aralığı 5-dən 16-ya qədər olan iştirakçılar özfəaliyyət dərnəklərinin üzvləridir. Mən inanıram ki, bu uşaqlar gələcəkdə ölkələrini beynəlxalq səviyyədə uğurla təmsil edəcəklər. Festivalın əsas məqsədi isə uşaqlar arasında dostluq və birliyin gücləndirilməsidir.”

Gələcək layihələr barədə də məlumat verən Təranə Muradova əlavə edib: “15 İyun - Uşaq Günü münasibətilə ölkəmizdə böyük bir festival təşkil olunacaq. Bu tədbirdə on minlərlə uşaq iştirak edəcək. Oktyabrın 31-də isə 25 ölkədən peşəkar sənətçilərin iştirakı ilə möhtəşəm bir tədbir keçiriləcək. Mən də həmin gecədə xalqımız üçün xüsusi bir sürpriz hazırlamışam”.

AzDC Katibliyinin rəhbəri Eldar Cəfərov isə bildirib ki, keçirilən müsabiqə çərçivəsində müxtəlif janrlarda rəqs növləri nümayiş olunur: “Bal və latın rəqsləri, teatr və artistik rəqsləri, xalq rəqsləri, “street dance”, “hip-hop” və digər janrlarda çıxışlar təqdim edilir. Bu, həm yaradıcılıq baxımından, həm də mədəni müxtəlifliyin təşviqi baxımından olduqca əhəmiyyətlidir”.

Eldar Cəfərov, eyni zamanda, beynəlxalq səviyyədə əldə olunan uğurlara da toxunub: “WADF kimi nüfuzlu beynəlxalq təşkilatın AzDC-ni tanıması bizim üçün tarixi əhəmiyyət daşıyır. Bu, Azərbaycanın dünya rəqs mədəniyyətinin əsas mərkəzlərindən biri kimi tanınması istiqamətində atılmış strateji addımdır”.

Turnirdə 14 ölkədən təmsil olunan rəqqaslar bədii rəqsin müxtəlif növlərini nümayiş etdiriblər. Tədbir boyu iştirakçılar öz ölkələrinin mədəniyyətini və rəqs ənənələrini təqdim edərək səhnədə rəngarəng və peşəkar çıxışlarla yadda qalıblar.

Festivalın sonunda iştirakçıların mükafatlandırma mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2025)

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Şəki Regional Turizm İdarəsinin dəstəyi, Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Mərkəzinin və mərkəzin tabeliyində fəaliyyət göstərən "Narınqala" şəhər Folklor evinin təşkilatçılığı ilə "Hər masa bir hekayə" adlı sərgi keçirilib.

 

Sərgidə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Şəki Regional Turizm İdarəsinin rəhbərliyi və əməkdaşları, MİHİ Şəki rayon Komitəsinin və M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin rəhbərliyi, "Narınqala" Folklor evinin kollektivi, mədəniyyət işçiləri, şəhər sakinləri və şəhərin qonaqları iştirak ediblər.

Sərginin əsas məqsədi yaradılan işləri nümayiş etdirməklə, iştirakçılar və ziyarətçilər arasında yaradıcılıq, fikir mübadiləsi və mədəni əlaqələri gücləndirməkdir.

Sərgi, eyni zamanda gənc istedadların tanıdılması, sənətə və mədəniyyətə marağın artırılması məqsədi daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2025)

 

                                                         

 

 

 

 

Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Zəfərin uşaqları ilə Oxu Marafonu” – Şimal bölgəsi məktəblilərinin mütaliə yarışı” layihəsinin sayca ikinci görüşü müəllimlərlə keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində baş tutan təlimdə ANAİB İdarə Heyətinin sədri Şəmil Sadiq, layihənin təlimçiləri “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy, “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, ekspertləri “Qədim Qala Nəşriyyatı”nın direktoru Şöhlət Səlimov, “Libra kitab” nəşriyyatının rəhbəri Veysəl Məmmədov, “Ağıllı bala”  nəşriyyatının rəhbəri Fatimə Alxaz, yazıçı Rövşən Abdullaoğlu, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini Pərvin Ağasıyev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Məmmədşah İsrafilov, eləcə də marafonda iştirak edən məktəblərin kitabxana müdirləri və müəllimləri iştirak edib. Layihənin təlimçiləri və ekspertləri seçilmiş məktəblərin müəllim və kitabxanaçılarına layihənin məqsəd və fəaliyyət planı barədə geniş məlumat verib. Onlar üçün məktəbdə kitab oxuma vərdişlərinin və bunun vasitəsilə vətənpərvərlik hisslərinin aşılanması, kitab müzakirələrinin düzgün təşkil olunması və oxuyub-anlama mövzusunda ümumilikdə 6 saatlıq təlim təşkil olunub.

Layihənin təlimçisi Rafiq İsmayılov – “Oxuyub-anlama zəka göstəricisi kimi" və digər təlimçi Səbuhi Şahmursoy – “Şagirdlərə intellektual mirasın ötürülməsi formaları” haqqında geniş məlumat veriblər. Layihənin ekspertləri Veysəl Məmmədov – “Məktəbdə kitab oxuma vərdişlərinin yaradılması”, Fatimə Alxaz – “Sinifdə kitab müzakirələrinin təşkili və təşviq vasitələri” və Şöhlət İxtiyaroğlu – “Vətən haradan başlayır” mövzusunda seminar veriblər.

Sonda verilən seminarların nəticəsi müəllimlərlə müzakirə edilib və layihəylə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, ANAİB-in təşkilatçılığı, Quba-Xaçmaz Regional Təhsil İdarəsi, QafqazTV, Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba Filialı, MUSİAD Azərbaycan və QİAB-ın tərəfdaşlığı, 525-ci qəzet və edebiyyat və incəsənət.az-ın isə informasiya dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, layihənin sonrakı mərhələsində marafona qoşulan 6 məktəbdən 300 şagirdlə görüşün keçirilməsi nəzərdə tutulub.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2025)

Şənbə, 06 Sentyabr 2025 16:02

Onu hər birimiz “Bulaq”dan tanımışıq

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişini otaylı butaylı Azərbaycanda çox sevirdilər. Orta və yaşlı nəsil yəqin ki bu proqramı sevə-sevə xatırlayır. Onun  aparıcılarından biri olan İlham Əsgərovun səsində bir xalqın həm sıdırım dağları, həm lilpar bulaqları, həm yaşıl çəmənləri, eləcə də döyüşdə hayqıran ərənləri, qopuz çalan ozanları – bir sözlə maddi və mənəvi varidatı əks tapırdı.

 

Azərbaycan Respublikasının xalq artisti İlham Əsgərov 16 iyul 1958-ci ildə anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirib. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor Əsgərov Akademik teatrın ən populyar tamaşalarında iştirak edib.

 

Azərbaycan Dövlət Televiziyasında

- Vilyam Şekspirin "İki veronalı" (Valentin)

- İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" (Valeh),

- Aslan Qəhrəmanovun "Səndən xəbərsiz" (Fərrux),

- Mar Bayciyevin "Ər və arvad" (Əziz),

- Bəxtiyar Vahabzadənin "Kimdir haqlı?" Fikrət,

- Mövlud Süleymanlının "Fatehlərin divanı" (Bilgə xaqan)

 

Filmoqrafiya

- Aşıq Məhəmməd Sadaxlı

- Bitməyən ömür

- Biz qayıdacağıq

- Biz qayıdacağıq

- Böyük ömrün anları

- Böyük ömrün davamı

- Cavad xan

- Cavid ömrü

- Doğma sahillər

- Dönüş

- Düma ömrünün qırx günü

- Ər və Arvad

- Fatehlərin divanı

- Fədakar

- Güllələnmiş heykəllər

- Günahsız Abdulla

- Həsrətli gözlərin rəsmi

- Xilaskar

 

İlham Əsgərov Azərbaycan Respublikasının Əməkdar Artisti, Xalq Artisti fəxri adlarına, 3 dəfə Prezident Mükafatına və Cəfər Cabbarlı mükafatına layiq görülüb. İlham Əsgərov Kərbala ziyarətində olub.

O, 6 sentyabr 2015-ci ildə Bakıda vəfat edib. Masallı rayonunun Xoşçobanlı kəndində dəfn edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2025)

Şənbə, 06 Sentyabr 2025 15:13

Tiflisdə “ÖLÜM YUXUSU”

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günlərdə yazıçı Vaqif Sultanlının “Ölüm yuxusu”  adlı kitabı Tiflisdə gürcü dilində nəşr olunmuşdur. “Universal” nəşriyyatında yayınlanan, müəllifin eyniadlı povestinin, müxtəlif illərdə qələmə aldığı hekayələrinin daxil edildiyi kitabı gürcü dilinə Gülnarə Səfərova tərcümə etmişdir. Kitabın redaktoru Cemal Şoniyadır. Bu, Vaqif Sultanlının  gürcü oxuculara təqdim olunan ilk kitabıdır.

 

Müəllifin bədii yaradıcılığında önəmli yer tutan, indiyədək dünyanın bir çox dillərinə çevrilərək yayınlanmış “Ölüm yuxusu” povestində təsvir obyekti kimi seçilən yol çəkilişi fonunda qədim kənd məzarlığının köçürülməsi hadisəsi cəmiyyət həyatında baş verən ciddi çaxnaşma, təlatüm, qarşıdurma kimi canlandırılır. Real və şərti-metaforik üslubun qovuşuğunda təsvir olunan hadisələrin xaos bağlamında təqdimi yaradılmış obrazların fərdi xarakter cizgilərini çözməyə, mənəvi dünyasının gizlinlərini aşkarlamağa imkan verir.

Vaqif Sultanlının “Ölüm yuxusu” kitabına daxil edilmiş “Kül qəfəs”, “Zolaqlı yuva”, “Tərs axın” və başqa hekayələri özünə­məxsus dili, üslubu, fərqli yazı tərzi ilə seçilməkdədir. Yazıçı qələmə aldığı hekayələrdə özü də fərqinə varmadan içərisində olduğu sosial mühitin əsirinə çevrilən insanların düşüncə, həyəcan, sarsıntılarını canlandırmağa çalışmışdır.

Bütövlükdə “Ölüm yuxusu” kitabına daxil edilən əsərləri birləşdirən, ortaqlaşdıran əsas cəhət onların sosial-psixoloji və mənəvi-əxlaqi ovqata söykənməsi, mövzu-məzmun, ideya-estetik baxımdan güncəllik daşıması, çağdaş cəmiyyətdə müşahidə olunan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə kimi ağrılı problemlərə sərt etiraz ruhu ilə seçilməsidir.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Stalin repressiyasının bir qurbanı da azərbaycanlı şair, ədəbiyyatşünas Salman Mümtaz olub. Bu gün onun güllələndiyi tarixdir.

 

Salman Mümtaz 20 may 1884-cü ildə Nuxanın (indiki Şəki şəhəri) Gəncəli məhəlləsində anadan olub. Uşaqlıq illərindən elmə böyük maraq göstərib; fars və ərəb dillərini mükəmməl bilib. O, Aşqabadda təhsil alıb, fars və ərəb dillərini də orada öyrənib. Burada Mirzə Əsədulla adlı müəllimdən fars və ərəbcə yanaşı urdu dilini də mənimsəyib. 1893-cü ildə 9 yaşlı Salmanın Aşqabadda Mirzə Ələkbər Sabir ilə görüşü olub. Bu görüşlə Mümtazda ədəbiyyata həvəs yaranıb.

 3 ay molla yanında dərs keçən Salman 22 yaşınadək gecə-gündüz öz üzərində ciddi çalışır, fars, ərəb, rus, urdu dillərinə yiyələnib, hafizəsi ilə Şərq ədəbiyyatının incilərini mənimsəyib. Salmanın qüvvətli zəkası olduğu üçün, o, bir çox şeirləri əzbərləyib. İslam xalqlarının dillərini bilməsi onda Şərq ədəbiyyatına qarşı maraq yaradıb.

Türk ədəbi tənqidçisi Yavuz Akpınarın sözlərinə görə 1908-1909-cu illərdə Tiflisdə "Molla Nəsrəddin jurnalı" çıxdıqdan sonra Salman Mümtaz da bu satirik jurnalın yazıçıları arasında yer alıb. Eyni zamanda klassik tərzdə şeirlər də yazıb. Aşqabadda dostları ilə birlikdə ədəbi məclis qurub. 1908-1909-cu illərdə Mümtaz sonradan başda "Molla Nəsrəddin jurnalı" olmaqla, həmçinin Azərbaycan mətbuatının digər orqanlarında dərc edilən satirik şeirləri və məqalələri ilə oxucuların diqqətini çəkib. Yavuz Akpınarın yazdığına görə, "Mümtaz əsərlərində oxucuya öz ölkəsinə və millətinə sevgisini bildirir, ictimai həyatdakı çatışmazlıqları nümayiş və ifşa edib".

1913-cü ildə Tiflisdə ilk kitabı "Seyid Əhməd Hatif İsfahaninin tərcibəndi və tərcümeyi-halı" əsərini Mirzə Cəlil Məmmədquluzadəin "Qeyrət" mətbəəsində nəşr etdirib. 3 ay Tiflisdə qalan Salman Əsgərzadə ədəbiyyat, tarix və incəsənəti dərindən bilən Abbas Səhhət ilə tanış olub, 2 il öncə dünyasını dəyişən Mirzə Ələkbər Sabirin "Hophopnamə" kitabını nəşr etdirməsində ona önəmli yardım göstərib. Tiflisdə Mirzə Cəlil ilə dostlaşan Mümtaz "Molla Nəsrəddin" jurnalını hərtərəfli maliyyələşdirib.

 

Salman Mümtaz 1918-ci ildə ailəsi ilə birlikdə Bakıya qayıdaraq "Azərbaycan" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. Artıq bu dövrdə o, Azərbaycan klassiklərinin yaradıcılığı ilə bağlı sənədlərlə maraqlanıb. Bu dövrdə Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranan müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti yaranıb.

Azərbaycanlı aktyor və rejissor Rza Təhmasib Təbriz mehmanxasında Hüseyn Cavidin ədəbi yığıncaqlarını xatırladaraq qeyd edib:

Salman Mümtaz fars və Azərbaycan dillərində əzbərdən və xoş bir ahənglə şeirlər oxuyardı. Onun çox yaxşı yaddaşı var idi.

1920-ci ildən 1925-ci ilə qədər Mümtaz, Azərbaycan ədəbiyyat və incəsənət nümayəndələrindən təxminən 200 ədəd kitab, məqalə və müxtəlif yazıçıların əlyazmalarını toplamağı bacarıb. "Kommunist" qəzetində "Unudulmuş yarpaqlar" başlığı altında Azərbaycan ədəbiyyatına dair məqalələr dərc edib.

1920-ci ildə Salman Mümtaz Azərbaycan ədəbiyyatın bərpası üzrə komissiyanın təşkilatçısı və sədri olub.  Həmçinin o, Azərbaycan ədəbiyyatının tarixinə dair 15, xalq ədəbiyyatına dair isə 2 əsərin, Məhəmməd Füzuli əsərlərinin üç cildinin, "250 şair" toplusunun, "Xətai" divanının, "Səid Əhməd Hatif", "Əli Bakuvi", "Şəki savları" və digər əsərlərin müəllifidir.

 

Kitabları

1. Əhməd Hatif İsfahaninin bioqrafiyası.

2. Ağa Məsih Şirvani.

3. Molla Pənah Vaqif

4. Nişat Şirvani

5. Məhəmmədhüseyn xan Müştaq

6. Qövsi

7. Nitqi Şirvani

8. Qasım bəy Zakir

9. Mirzə Şəfi Vazeh

10. Seyid İmadəddin Nəsim

 

Məqalələri

1. Mirzə Şəfi

2. Zövqi

3. Azərbaycan şairi: Naşa

4. Rudəki və Molla Pənah Vaqif

5. Sultanuş-Şüəra Həbibi

6. Nəsimi

7. Azəri Çələbi

8. Xalq şairi Qurbani  

 

1937-ci ilin mart ayında ən yüksək nöqtəsinə çatan Stalin repressiyası Salman Mümtazdan da yan keçməyib. Buna səbəb kimi Hüseyn Cavid, Seyid Hüseyn və Atababa Musaxanlı ilə yanaşı "Bakinski raboçi" qəzetində buraxdıqları "ideoloji səhvləri" göstərilib. Eyni ilin 10 iyun tarixində Salman Mümtaz Azərbaycan Yazıçılar Birliyindən azad edilib. 1937-ci il 10 – 12 iyun tarixlərinddə Salman Mümtaz "xalq düşməni" olaraq adlandırılıb. İyun ayının 19-da Salman Mümtazı burjua milliyətçisi və pantürkist mövqeli şəxs kimi tutduğu vəzifələrdən azad ediblər.

Salman Mümtaz 8 oktyabr 1937-ci il tarixində, axşam saat 11-də Bakıdakı evində – Buynakski küçəsi № 25 ünvanında (indiki – Şeyx Şamil küçəsi) siyasi dustaq kimi həbs olunub.  Bir həftə sonra Mümtaz Azərbaycan SSR Cinayət Məcəlləsinin 69, 70, 72, 73 maddələri ilə təqsirli bilinərək ittiham olunub. Salman Mümtaza Sinman, Qalstyan, Avanesyan və Borşşev tərəfindən üç aylıq dəhşətli işgəncələr verilib.

Bəzi mənbələrdə Salman Mümtazın xəstəliyə tutulduğunu və bu xəstəlik səbəbi ilə vəfat etdiyini qeyd ediblər. Lakin, bəzi müəlliflər isə Salman Mümtazın 21 dekabr 1941-ci il tarixində Sol-İletsk həbsxanasında vəfat etdiyini göstəriblər. Mümtazın ailə üzvlərinə təqdim edilən ölümü ilə əlaqədar arayışda Salman Əsgərovun Oryol şəhərində beyin qanaxması səbəbi ilə vəfat etdiyi göstərilib.

Salman Mümtazın ölümü isə bu cür olub. O, 24 fevral 1938-ci il tarixində Sol-İletsk həbsxanasına, daha sonra isə Oryol şəhərinə cəza çəkmək üçün göndərilib. O dövrdə repressiya qurbanı olan tanınmış elm xadimləri ilə birlikdə Mümtaz Oryol şəhərinə sürgün edilib.

1941-ci ilin iyun ayında Böyük Vətən Müharibəsi başlanıb. Daha sonra Lavrenti Beriya və İosif Stalinin ortaq razılığı əsasında şəhəri almanlar ələ keçirməzdən öncə, şəhərdəki bütün siyasi məhbusların güllənməsi qərara alınıb. Dustaqların hamısına özləri üçün məzarlar qazdırılıb və onlar güllələndikdən sonra bu məzarlarda dəfn ediliblər. Rusdilli mənbələrdə bu güllələnmə tarixi 6 sentyabr 1941-ci il kimi göstərilib.

Salman Mümtaza ancaq İosif Stalinin ölümündən və Nikita Xruşşovun hakimiyyətə gəlişindən sonra bəraət verilib. 16 noyabr 1956-cı il tarixində SSRİ Ali Məhkəməsi tərəfindən onun haqqında yazılan ittihamnamə ləğv edilib. SSRİ Ali Məhkəməsinin qərarına əsasən 17 noyabr 1956-cı il tarixində Salman Mümtaza bəraət verilib. Mümtazın ölüm xəbəri ilə bağlı məlumatı isə onun ailəsi 4 mart 1957-ci il tarixində alıb.

17 sentyabr 1996-cı il tarixindən etibarən Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi Salman Mümtazın adını daşıyır. Şəki şəhərində Salman Mümtazın adını daşıyan küçə var. Türkiyə Respublikası Milli Kitabxanasında Salman Mümtaza həsr olunan bir guşə var.

Bakı şəhərində, – Azərbaycan Yazıçılar Birliyinin binasının daxilindəki fasadında, repressiyyaya məruz qalan iyirmi yeddi Azərbaycan yazıçılarının xatirəsinə bu üzvlərin adlarının həkk olunduğu xatirə lövhəsi inşa edilib. Burada Salman Mümtazın da adı həkk olunub. Lövhə Azərbaycan Xalq Rəssamı, memar Elcan Şamilov tərəfindən işlənilib. Salman Mümtazın bir vaxtlar istifadə etdiyi qələm Azərbaycan Tarix Muzeyinə verilib və hal-hazırda orada sərgilənir. Şair Hüseyn Arif "Alim var" şeirinin bir bəndində Salman Mümtazdan bəhs edib:

 

Alim tanıyıram, Qoca Qafqazın

Çeşmətək durulub dibindən çıxır.

Alim var, sol əli Salman Mümtazın,

Sağ əli Hümmətin cibindən çıxır.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2025)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Elnaz İslamvəndin şeirlərini təqdim edir.

 

 

Elnaz İslamvənd

Təbriz

 

 

QIVRILAN YOL

 

Mən yoruldum, gözün aydın,

Bu sən, bu verdiyin ürək.

Artıq tanrının əlindən,

Heç iş belə gəlməyəcək.

 

Kim deyir ki, ömür boyu,

Yora bilməz yollar məni!

Fəsillər aldadır bizi,

Təqvimlər oynadır səni.

 

Birisi köçürtdü səni,

O fəsildən bu fəsilə.

Yuxu da görməzdim belə,

Ayağım səndən kəsilə.

 

Mən yoruldum, gözün aydın,

Dönürəm, bu imza, bu qol.

Sonunda zəhrini tökdü,

İlan kimi qıvrılan yol…

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.