Skripkaçı və dirijor - ƏSL MAESTRO Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Yenə də gəlib ona çıxdıq ki, bu gün diringi musiqilərin meydan suladığı bir zamanda klassik, simfonik musiqi, balet kölgədə qalmaqda, bu sahələr üzrə mütəxəssis yetişdirilməsi isə axsamaqdadır. Hələ ki köhnə baqajdan istifadə edirik. Kim bilir, sabah necə olacaq.

 

Azərbaycan skripkaçısı və dirijoru Sərvər Qəniyevdən danışacağam. O, 1937-ci il avqustun 5-də Bakı şəhərində anadan olub. İlk musiqi təhsilini Azərbaycan Konservatoriyasının nəzdindəki musiqi məktəbində skripka aləti üzrə alıb. Hələ gənc ikən Sərvər Qəniyev Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri ilə birlikdə çıxış edərək, musiqi ictimaiyyətinin rəğbətini qazanıb. Azərbaycan Dövlət Konservatoriyasına daxil olan musiqiçi ikinci kursdan etibarən peşəkar musiqi təhsilini Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirib. 1960-cı ildə konservatoriyanı bitirdikdən sonra o, həmin ali təhsil ocağının aspiranturasında öz peşə kamilliyini artırıb.

1963-cü ildə Bakıya qayıdan musiqiçi Azərbaycan Dövlət Konservatoriyasında müəllim və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çalışmağa başlayıb. 1965-ci ildə Sərvər Qəniyevin təşəbbüsü ilə konservatoriyanın nəzdində simli kvartet yaradılıb və 1979-cu ildən bu kvartet filarmoniyanın nəzdində uğurla fəaliyyət göstərib.

1971-1979- cu illərdə Qahirə konservatoriyasında simli alətlər kafedrasının müdiri vəzifəsində işləyib və eyni zamanda Qahirə simfonik orkestri ilə müxtəlif Avropa ölkələrində qastrol səfərlərində olub. Onun Misirdə yetişdirdiyi tələbələr bu ölkənin müxtəlif musiqi kollektivlərində müvəffəqiyyətlə çalışıblar.

Azərbaycana qayıdandan sonra musiqiçi zəngin konsert proqramları ilə çıxış etməklə yanaşı, Dövlət Konservatoriyasının professoru və kafedra müdiri vəzifəsini tutub. 1991-ci ildən ömrünün sonunadək o, Türkiyənin Bilkənd Universitetinin skripka kafedrasının professoru, kamera və simfonik orkestrinin bədii rəhbəri və dirijoru olub.

Milli mədəniyyətimizi müxtəlif ölkələrdə mahir ustalıqla təmsil etməklə Sərvər Qəniyev Azərbaycan musiqisinin və ifaçılıq sənətinin təbliğində böyük xidmətlər göstərib. O, ifaçılıq sənətini pedaqoji fəaliyyətlə uğurla tamamlayan sənətkar kimi musiqiçi kadrların yetişdirilməsində də nailiyyətlər əldə edib.

Musiqi sənəti sahəsindəki xidmətlərinə görə Sərvər Qəniyev 1967-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 1982-ci ildə "Azərbaycan SSR xalq artisti" fəxri adlarına layiq görülüb. Sərvər Qəniyevin yaradıcılığı Azərbaycan dövləti tərəfindən daim yüksək qiymətləndirilib. O, 2007-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Prezident təqaüdçüsü Sərvər Qəniyev 2010-cu il sentyabr ayının 5-də ömrünün 74-cü ilində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.