İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Filologiyamızın ən böyük alimlərindən biri olan Ağamusa Axundovun bu gün anım günüdür.
Təbii ki, onu şərəflə anır, ruhuna dualar oxuyuruq.
Ağamusa Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində anadan olub. Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun filologiya fakültəsində və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil alıb. Eyni zamanda ADU-nun aspirantı, müəllimi, baş müəllimi, dosenti, sonra universitetin ümumi dilçilik kafedrasının professoru, fılologiya fakültəsinin dekanı olub. Ümumi dilçilik kafedrasının müdiri vəzifəsində işləyib.
AMEA-nin Dilcilik institunun direkroru, AMEA-nın Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışıb.
Ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" jurnalında (1951, N 12) çap olunan "İkinci görüş" adlı ilk hekayəsi ilə başlayıb. Bundan sonra bədii yaradıcılıqla, xüsusən poeziyanın sənətkarlıq problemlərinin tədqiqi ilə ciddi məşğul olub.
Sovet Türkoloqları Komitəsinin, Almaniya Demokratik Respublikasında nəşr edilən "Fonetika, dilçilik: Kommunikativ tədqiqatlar" adlı beynəlxalq nəzəri jurnalın redaksiya heyətinin, Azərbaycan EA Terminologiya Komissiyası sədrinin müavini, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Toponimika Komissiyasının, AzərTAC-ın tərcümə şurasının, Azərbaycan və Ərəb ölkələri Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, Sovet-Amerika dostluq cəmiyyəti Bakı şöbəsinin sədri kimi geniş ictimai-elmi fəaliyyət göstərib.
Yaponiya Elmə Yardım Cəmiyyətinin dəvəti ilə bir ay Tokio Universitetində Azərbaycan dili dərsi deyib, Kobe Universitetində və Tokio Şərq Kitabxanasında "Azərbaycan dili inkişaf yollarında" mövzusunda 2 konfrans keçirib. Onun "Ümumi dilçilik", dilçiliyə dair şərikli yazdığı "Dilçiliyə giriş", "Azərbaycan dili" kitabları döna-dönə nəşr olunub. "Azərbaycan dilinin tarixi-etimoloji lüğəti" əsəri üzərində işləyib.
Azərbaycan Respublikası Dillərin işlənməsı və inkişaf qanunauyğunluqları əlaqələndirmə Şurasının sədri, ASE-nin Məsləhətçilər Şurasının, Gürcüstan EA-nın Dilçilik İnstitutunun və BDU-nun doktorluq dərəcəsi verən ixtisaslaşmış müdafiə şuralarının, XMA-nın Azərbaycan bölməsi komitəsinin, "Sovetskaya tyürkologiya", "Ulduz" və "Azərbaycan" jurnallarının redaksiya heyətlərinin üzvü olub. "Sovetskaya tyürkologiya" jurnalının baş redaktoru, Dil və Ədəbiyyat üzrə ekspert şurasının sədri işləyib.
Xalqlar dostluğu sahəsində mühüm xidmətlərinə görə ABŞ-nin "Frendşip fors" ("Dostluq qüvvələri") ictimai təşkilatının fəxri fərmanına layiq görülüb. ABŞ-nin Nyu-Orlean şəhərinin fəxri xarici vətəndaşı, Luiziana ştatının paytaxtı Baton Rujun şəhər şurasının fəxri üzvüdür. Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvüdür. "Şöhrət" ordeni ilə təltif edilib.
5 sentyabr 2015-ci ildə vəfat edib, Bakıda, II Fəxri Xiyabanda dəfn edilib.
Kitabları
1. Felin zamanları
2. Müasir Azərbaycan ədəbi dilinin fonetikası
3. Müasir Azərbaycan dilinin fonetikasından mühazirələr
4. Dil və üslub məsələləri
5. Azərbaycan dilinin fonemlər sistemi
6. Azərbaycan dilinin tarixi fonetikası
7. Ümumi dilçilik (dilçiliyin tarixi, nəzəriyyəsi və metodları)
8. Riyazi dilçilik
9. Şeir sənəti və dil
10. Azərbaycan dilinin fonetikası
Filmoqrafiya
- Mənim universitetim
- Dünya şöhrətli məzun
- Liderlik missiyası. 1-ci hissə
- Üç zirvənin fatehi
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(05.09.2025)