Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
YÜK
Tammetrajlı bədii filmin ssenarisi
3
Hərbi hospital.
Səhər artıq açılıb.
Elşadın bacısı əsgər Rüstəmzadənin çarpayısının kənarındakı kətildə oturub. Tibbi monitorda əsgərin sağ olması və nəbzinin normal dinamika ilə vurması diqqəti çəkir.
Reanimasiya şöbəsinin həkimi ağır xəstələrin yatdığı palataya daxil olur.
Elşadın bacısı həkimi görüb ayağa qalxır.
Həkim sevinə-sevinə: – Sən mələksən, ya insan?
Elşadın bacısı: – Mən sadəcə tibb bacısıyam, İmran doktor. Ömrü verən də, alan da Allahdır.
Həkim üzünü əsgər Rüstəmzadəyə tutur: – Səni həyata qaytaran bu mələyin adı Ceyrandır. Bunu heç zaman unutma, əsgər!
Əsgər Rüstəmzadə yenicə açılmış iri mavi gözləri ilə Elşadın bacısına sevgi dolu baxışlarla baxır.
***
Elşad, nəhayət ki, Xındırıstan tərəfdən Ağdama gedən yolun üstündə qurulmuş hərbi posta yaxınlaşır.
Qaydalara görə iki silahlı Azərbaycan əsgəri onu postda saxlayıb maşından düşürür.
Əsgərlər əvvəlcə maşının yüklüyünü yoxlayırlar. Sonra onlardan biri maşının arxa qapısını açır. Elşadın döşəyin üstündə uzadılmış kəfənə bükülü “atasını” görən kimi geri qayıdıb bərkdən Elşada: “Əllərini yuxarı qaldır!” – qışqırır.
Elşad əllərini yuxarı qaldırır.
İkinci əsgər postdan bir qədər kənardakı təpədə yerləşən qərargahla ratsiya vasitəsilə əlaqəyə girir.
İkinci əsgər: – Cənab mayor, təcili bura gəlin!
Çox keçmir mayor rütbəli hündürboy bir hərbçi Elşadın maşınına yaxınlaşır.
Birinci əsgər maşının arxa qapısının ağzında dayanıb.
Birinci əsgər mayora Elşadın kəfənə bükülmüş atasının cəsədini göstərir!
Mayor cəsədə diqqətlə baxdıqdan sonra maşının qapısını bağlayır. Və sakit-sakit Elşada yaxınlaşıb onun əllərini əliylə aşağı salır.
Mayor: – Kimdir o?
Elşad: – Atamdı!
Mayorun üzündə qorxu ilə təəccübün qarışığından yaranan qəribə bir ifadə əmələ gəlir.
Mayor: – Hara aparırsan atanın sümüklərini?
Elşad: – Ağdamda basdırmağa!
Mayor: – Necə yəni?
Elşad: – Ağdamlıyıq da, cənab mayor! Olmaz atamı doğulduğu kəndində basdırım?
Mayor: – Olar! Amma qanun icazə verirsə, olar. Vermirsə, olmaz. Bərdədən gəlirsən, ya sərhəd kəndlərdən?
Elşad: – Daşkəsəndən gəlirəm! Ora düşmüşdük!
Mayor: – Daşkəsəndə qəbiristanlıq yox idi?
Elşad: – Vardı! Atam vəsiyyət eləmişdi. Tərsa qəbrə basdırmışdıq. Ölüm kağızı daxil ellik sənədləri də məndədir. Göstərim?
Mayor: – Səni şübhəli şəxs qismində saxlayıram. Lazımi yerə təhvil verəcəm. Sənədləri orda göstərərsən! Mənə göstərmə. Mən heç bir qərar vermirəm. Verilən qərarları icra edirəm!
Elşad: – Cənab mayor, indi bu nə deməkdir? Mən Ağdama qayıtmaq istəyirəm deyə şübhəli şəxs oldum?
Mayor: – O, hələ araşdırılacaq!
Mayor sözünü bitirib Elşadın maşınının sükanı arxasına oturur. İkinci əsgər Elşadı öz maşınının qabaq oturacağına əyləşdirir. Özü isə arxada cəsədin yanında oturur. Və əlindəki silahı Elşadın boynuna dayayır.
Mayor maşının mühərrikini işə salır.
Maşın geriyə, Bərdəyə tərəf yol alır.
***
Elşad hərbi müstəntiqin otağındadır.
Onunla üz-üzə oturub.
Müstəntiq təxminən Elşad yaşda, cavan oğlandır.
Müstəntiq: – Adınız?
Elşad: – Elşad!
Müstəntiq: – Soyadınız?
Elşad: – Səfərov.
Müstəntiq: – Atanızın adı?
Elşad: – Qafar!
Müstəntiq: – Hərbi rütbəniz?
Elşad: – Gizir!
Müstəntiq: – Sizə məxsus olan 1964-cü ildə istifadəyə verilmiş “QAZ 69” markalı maşının arxa oturacağında bir ədəd kişi meyiti aşkar olunmuşdur. Siz cəsədin kimliyini araşdıran müstəntiq qrupuna ilkin istintaq zamanı ifadə vermisiniz. Və demisiniz ki, maşında aşkar olunmuş kişi meyiti sizin atanıza məxsusdur. Onu özünüz öz iradənizlə qəbrindən çıxarmısınız. İndi bu ifadəni təsdiq edirsizmi?
Elşad: – Bəli, edirəm. Mən öz əlimlə atamın meyitini Daşkəsən qəbiristanlığındakı qəbrindən çıxarıb Ağdamda dəfn etmək üçün anamın iştirakı ilə maşınıma qoymuşam. Cəsəd erməni cəsədi deyil. Digər azərbaycanlıya da aidiyyəti yoxdur. Öz halal atamdır. Mən onun son arzusuna, vəsiyyətinə əməl edirəm. Bu isə mənim hüququmdur!
Müstəntiq: – Biz sivil dünyada yaşayırıq, Elşad! Dünyanın hüquq institutları, digər beynəlxalq təşkilatlar qarşısında müəyyən öhdəliklərimiz var. Müharibə zonasında qəbir yeri dəyişmək beynəlxalq hüquq normaları ilə tənzimlənir. Hər bir məcburi köçkünün, – istər ölü olsun, istər diri olsun, – fərqi yoxdur, öz vətəninə qayıtması və yerləşdirilməsi münaqişə tərəflərinin, sülhə cavabdeh olan sülhməramlı qüvvələrin və nəhayət, ATƏT nümayəndələrinin razılığı ilə həyata keçirilməlidir. Mən sizin ənənəyə söykənən milli hisslərinizi anlayıram. Atanızın vəsiyyətinə də hörmət edirəm. Sizin əməllərinizdə cinayət tərkibi də görmürəm. Bununla belə, yenə sizi Ağdama buraxa bilmərik! Həm də qarşı tərəf Ağdamı və onun ətraf kəndlərini minalayıb. Sizin təhlükəsizliyinizə də zəmanət verə bilmirik!
Elşad: – Sən hansı institutda oxumusan?
Müstəntiq: – Harvardda!
Elşad: – O dəqiqə bilinir ki, bizim reallıqdan uzaq adamsan. İndi mən qəbirdən öz əlimlə çıxartdığım atamı hara qoyum? Harda saxlayım? Soyuducuda? Bilirsən qəbirdən çıxarılmış adama Azərbaycanda nə deyirlər?
Müstəntiq: – Sizi deyə bilmərəm, amma atanız üçün bunun elə də bir böyük fərqi yoxdur! Bir də, bunu atanızı qəbirdən çıxartmamış düşünməliydiniz. İndi yox!
Elşad: – Olar mən gedim?
Müstəntiq: – Hələ ki olmaz! Siz şübhəli şəxs qismində saxlanmısınız! Bir kiçik detalı istintaq zərurəti kimi dəqiqləşdiririk. Atanızın sümüyündən götürülmüş fraqmentin cavabı gəlməyincə, sizinlə onun qohumluq əlaqələriniz təsdiqlənməyincə müvəqqəti təcridxanada saxlanmalı olacaqsınız! Sizinlə atanızın DNK-sını Tiflisə göndərmişik. Əgər o maşındakı cəsəd atanız çıxsa, heç. Çıxmasa, sizə qarşı cinayət işi açacağam! Digər detalları da araşdıracağam!
Elşad: – Rəhmətlik danışa da bilmir ki, kimliyini özü təsdiqləsin! Siz də toxtayın. Mən də!
Müstəntiq: – Sizi təbrik edirəm. Müasir elm ölüləri danışdırır. DNK-nın cavabı gələnə qədər kamerada gözləməli olacaqsınız.
Elşad: – Mən başqasının ölmüş atasını maşınımda daşıyan oğula oxşayıram?
Müstəntiq: – Açığını deyim, birinci dəfədir ki, maşınında beş-altı ilin meyitini gəzdirən adamla üzləşirəm. Ona görə də sizin haqqınızda hələ heç bir söz deyə bilmərəm! Müqayisəyə gəlmirsiz e...
Elşad: – Mən, sadəcə, atama söz vermişdim!
Müstəntiq: – Sözünüzü unudun getsin! “Söz vermək” hüquqi normativ deyil. Folklordur! Sizi kameraya qədər ötürəcəklər!
Müstəntiq masasının altındakı düyməciyi basır. Otağa iki əsgər daxil olur.
Onlar Elşadı araya alıb dəhlizə çıxarırlar.
Elşad iki əsgərin müşayiəti ilə dəhlizlə gedir...
***
Elşad müvəqqəti təcridxananın kiçik nəfəsliyindən görünən tozlu Ağdam yoluna baxa-baxa yanıqlı səslə “Qarabağ şikəstəsi”ni oxuyur. Onun yanıqlı səsi var:
Könlümün sevgili məhbubi mənim
Vətənimdir, vətənimdir, vətənim.
Vətənim verdi mənə nanu nəmək,
Vətəni bunca unutmaq nə demək?
Həbsxanada saxlanılan dustaqlar və keşikçilər onun ürəyəyatımlı səsinə vurğunluqla qulaq asırlar.
Elşad şikəstəni bitirir.
Elşadın kamerası...
Pəncərənin o tayından kiminsə səsi eşidilir.
Səs: – Ağdamlısan?
Elşad: – Hardan bildin?
Səs: – Nəfəsindən!
Elşad: – Ermənilər nəfəs qoydular bizdə?
Səs: – Nə qulluq edim sənə?
Elşad: – İmkanın varsa, bax gör atam maşında neynir? Üstü açılıbsa, sən Allah, ört!
Səs: – Bu dəqiqə baxaram! Arxayın ol!
Elşad: – Üstünü ört ha. Üşüyər!
Bir müddətdən sonra yenə həmin səs eşidilir: – Yun örtüyümü də örtdüm üstünə. Arxayın ol. Lap yaxşıdı. Özünə bax!
Elşad: – Allah səndən razı olsun, ay qardaş! Adın nədir?
Səs:– Adım Orxandı!
Elşad: – Sağ ol, ay Orxan!
Səs: – Nəfəsini qoru!
Elşad: – Sən də!
***
Daşkəsən. Qaçqın şəhərciyi. Seyidin evi.
Elşadın anası Seyidin arvadı ilə yerə döşənmiş xalça üzərində çiyin-çiyinə oturublar. Kürəkləri divara söykənib. Qarşılarına süfrə sərilib. Çay içirlər. Bir qıraqda taxta kötük üstə samovar burum-burum tüstüləyir. Seyid də evdədir. Qadınlarla üzbəüz qoyduğu hündür kətil üstündə oturub. Əlindəki telefonla Elşada zəng vurur. Telefonu açıq olsa da, o, cavab verilmir.
Elşadın anasının narahatlığı üzündən bilinir.
Seyid bir müddət telefonu qulağından çəkmir. Sonra Elşadın telefonu götürmədiyini yəqin edib əlini məyus-məyus aşağı salır.
Seyid: – Götürmür nəsə!
Elşadın anası: – Axırıncı dəfə dünən səhər-səhər danışdıq. Çox diqqətli uşaqdır. Ola bilməz ki, gün ərzində mənə zəng vurmasın. Başında nəsə bir iş var, ürəyimə damıb. Minaya-zada düşər e birdən. Dilim-ağzım qurusun. Evim yıxılar! Gecə növbəsində olanda mənimlə bəlkə beş dəfə danışır. Təzyiqimi soruşur. Nə yediyimə qədər öyrənər. O ola, gün ərzində mənim kefimi soruşmaya? Yox, Elşadın başında yüz faiz nəsə bir iş var!
Seyidin arvadı: – Bəlkə əsir düşüb?
Seyid hirslənib ayağa qalxır: – Tövbə, əstəğfürullah. Ya səbir. Bir az təmkinli olun da. Əvvəla, Elşad uşaq deyil. Ağdam da Daşkəsən bazarı deyil. On dəqiqəyə göyərti alıb qayıdasan geri. Ağdama gör nə qədər postdan keçib gedirsən! Görünür, elə yerdədir ki, telefonu tutmur da. Bəlkə elə ətrafında ermənilər var deyə telefonun səsini özü alıb. Bir dayanın da. Ancaq pis şey düşünürsüz! Bir dəfə də yaxşıya yozun da işi...
Seyidin arvadı: – Adam basdırmaq nə çətin işdir ki... Beli vurdun, yeri qazdın! Qulayladın ora, qayıtdın gəldin. Daha nə uzadırsan axı? Bəs anan yazıq deyil? Demirsən ürəyi partlayıb ölər? Anadır axı bu yazıq...
Seyid: – Tövbə, əstəğfürullah!” – deyib otaqdan çölə çıxır.
Elşadın anası yaylığının ucuyla gözünün yaşını silib armudu stəkandakı çayından bir qurtum da içir.
Seyidin arvadı: – Ürəyini üzmə. Elə bax bu gecə bir də görəcəksən ki, oğlun qayıdıb gəlib! Evə gedib görəcəksən ki, oturub... evdə... Nə bişirmisən?
Elşadın anası: – Ətsiz borş!
Seyidin arvadı: – Görəcəksən ki, oturub evdə ətsiz borşunu yeyir. Sən onun gəlməyini lap ürəkdən istə. Onda gələcək! Ürəkdən istənilən arzu gec-tez çin olur. Mən dəfələrlə sınamışam.
Elşadın anası: – Allah ağzından eşitsin, ay Rəhimə bacı!
Elşad bizə artıq tanış olan gənc müstəntiqin otağında ayaq üstə dayanıb. Yanında bir keşikçi də var.
Üzünü tük basıb. Hiss olunur ki, azı bir beş-altı gündür buradadır.
Müstəntiq də ayaq üstədir.
Əlindəki kağızdan Elşadın əmrini oxuyur.
Müstəntiq: – “Səfərov Elşad Qafar oğlu ilə Səfərov Qafar Abbas oğlu arasında qohumluq əlaqəsinin olub-olmaması zəminində aparılmış olan qan təhlili ilə bağlı ekspertizanın yekun qərarı. Şübhəli şəxs qismində saxlanılmış Elşad Qafar oğlu Səfərov ilə onun UAZ markalı maşınının arxa oturacağında aşkar edilmiş kişi cəsədinin sağlığında sahibi olan Səfərov Qafar Abbas oğlu arasında birinci dərəcəli qohumluq əlaqəsi aşkar edilmişdir. Faiz etibarı ilə yüz faiz. İmza: Professor Qiya Mepisaşvili. Tiflis şəhəri. İki min iyirmi birinci il”.
Elşad: – İndi bu nə deməkdir?
Müstəntiq: – İndi bu o deməkdir ki, maşında aşkar olunmuş cəsəd, həqiqətən də, sizin atanıza məxsus imiş. Və Azərbaycan hüquqi bu faktı tanıyır. Siz artıq cinayətkar deyilsiniz. Sadəcə, atasını vətəninə aparıb basdırmaq istəyən ifrat heysiyyətli vətəndaşsınız!
Elşad: – Bunu mən sizə özüm demişdim də. Gürcülərə bir də niyə zəhmət verirdiniz?
Müstəntiq kağızdan əmrin gerisini oxuyur: – Bax, bu hissə isə tam sizə aiddir. “Şübhəli şəxs qismində saxlanılan Elşad Qafar oğlu Səfərovun üzərindən ilkin istintaq zamanı irəli sürülmüş ittiham geri götürülsün. Atası ilə bağlı söylədiyi etiraflar gerçək fakt kimi qəbul edilsin”. – Müstəntiq əlindəki kağızı mizin üstünə atır: – Uzun sözün qısası. Azadsınız! Geriyə dönə bilərsiniz. Bir neçə aydan sonra atanızın cənazəsini hörmət-izzətlə gətirib Ağdam şəhərində sakitcə basdıra da bilərsiniz. Hələlik isə geri qayıdın. Daşkəsənə.
Elşad: – Necə yəni?
Müstəntiq yaxınlaşıb Elşadı qucaqlayır...
Müstəntiq: – Atanızı da götürün, Daşkəsənə qayıdın. Tələb budur. Əmr budur!
Elşad danışmaq üçün ağzını açıb nəsə demək istədiyi zaman müstəntiq əliylə onun ağzını tutur.
Müstəntiq: – Geriyə dön və qapıdan çölə çıx. Axtarsam, əməllərində cinayət tərkibi də taparam. Qayıt Daşkəsənə!
Elşad başını aşağı salıb dinməzcə keşikçinin müşayiəti ilə otaqdan çölə çıxır.
“Ədəbiyyat və incəsənət”
(15.05.2024)