Heydər Əliyev: “Öz rolumu mən özüm yaxşı oynayıram” Featured

“Ədəbiyyat və incəsənət” portalı Ümummilli lider Heydər Əliyev barədə yazılardan ən maraqlı məqamları seçərək sizlərə təqdim edir.

 

 

“...Tufanların tüğyan elədiyi müasir dünyaya Heydər Əliyev kimi dövlət xadimləri həmişəkindən daha çox gərəkdir. Tanrı belə şəxsiyyəti təkcə öz xalqına deyil, həm də başqa xalqlara son dərəcə mürəkkəb bir tarixi məqamda göndərir. O, ciddi böhranları dəf edib hamısına mətanətlə sinə gərmiş, onu mənən və cismən məhv etmək üçün göstərilən bütün cəhdlərə baxmayaraq, daha yüksəklərə qalxmışdır” (Fransanın “Kuryer İnternasional” jurnalı, 2003-cü il, may).

 

***

 

“...1992-ci ildə ABŞ-da “Azərbaycan türkləri” adlı zəngin qaynaqlara əsaslanan fundamental monoqrafiya çap etdirmiş tarixçi-alim Odri Aldstadt kitabının “Azərbaycanda Heydər Əliyev erası” adlı fəslində Azərbaycan KP MK-nın ozamankı birinci katibinin təşəbbüsü ilə Cavidin cənazəsinin uzaq Sibirdən Azərbaycana gətirilməsini ölkədəki müstəqillik arzularının və milli-azadlıq hərəkatının başlanğıcı kimi səciyyələndirir” (V. Quliyev. Heydər Əliyev və klassik ədəbi irsimiz // Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, 1998, s.98).

 

***

 

“Bir dəfə görkəmli aktyorumuz Nodar Şaşıqoğlu (1927-2013) Heydər Əliyevə yarızarafat-yarıciddi demişdi ki, məndən muğayat olun, yəqin, gec-tez sizin rolunuzu da oynayacağam. Heydər Əliyev də gülərək elə eyni tərzdə dərhal cavab vermişdi ki, öz rolumu mən özüm oynayıram, bu rolun da öhdəsindən mənim kimi gələn olmaz”.

 

***

 

“Heydər Əliyevin istənilən ədəbi abidə və istənilən qüdrətli ədəbi simaya verdiyi qiymətin, ifadə etdiyi qənaətin təkrarsızlığı, peşəkar ədəbiyyatşünas sözündən daha sərrast olması onun miqyaslı düşüncəsi ilə bağlıdır. Geniş bilik və dərin təfəkkür sahibi Heydər Əliyev hər ədəbi şəxsiyyət və ədəbi incini yalnız bir fərd olaraq görmür, bütöv Azərbaycan tarixinin işıqlı zərrəsi olaraq çox ucalardan seyr etməyi bacarırdı” (R. Hüseynov).

 

***

 

“Qurultayda Heydər Əliyevin çıxış etdiyi iclası mən aparırdım və belə bir replika atdım: – Heydər müəllim, bir dəfə “Ən böyük dissident elə mən özüm olmuşam” dediniz. “Tamamilə doğrudur” – dedi Heydər Əliyev və: – “Düzdür, mən şeir yazmıram, roman və ya hekayələr yazmıram. Ancaq 1969-cu ildən 1987-ci ilə qədər Kommunist Partiyasında ən böyük dissident mən idim” (Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” kitabından).

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.