“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Elmir Məmmədova həsr edilmiş şeirlə tanış olacaqsınız.
ELMİR ARZU OĞLU MƏMMƏDOV
(03.06.1999.-27.09.2020.)
Salyan rayonunun Xocalı kəndində doğulmuş, Salyan şəhər 1nömrəli orta məktəbin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
Şəhid olduğu yer: Daşkəsən rayonu
Dəfn yeri: Salyan rayonu, Xocalı kəndi
ELMİR ÜRƏKLƏRDƏDİR
Sizə, Elmir haqqında dinləyin, açım söhbət,
Ona da nəsib olub gənc yaşında şəhadət.
Elə igid idi o, elə qoçaq idi o ,
Qəlbi sevgiylə dolu, kindən uzaq idi o.
Salyanda doğulmuşdu, Kür çayı sahilində,
Bir şirinlik var idi, körpəlikdən dilində.
Orta məktəbi Elmir oxudu, vurdu başa,
Ali məktəbə girdi sevincdən döndü quşa.
Mühəndis-energetik olmaq üçün, durmadan
Çalışdı, “Əla”larla verdi neçə imtahan.
Nəhayət bəhrə verdi əziyyəti, zəhməti,
ADNSU-nun diplomu oldu onun qisməti.
Əsgərlik vaxtı çatdı, getdi hərbi xidmətə,
Kişilik məktəbində tab etdi şox zəhmətə.
Bilirdi vaxt gələcək hücuma keçəcəyik,
Xain soysuz yağını məhv edib biçəcəyik.
Bu yolda şəhid olmaq, qazi olmaq xoşbəxtlik,
Düşməndən şəhidlərin qanın almaq xoşbəxtlik.
Yetişdi o vaxt-vədə... Elmirgil qabaqdadır,
Əsgərlər şirə dönüb hamısı yaraqdadır.
Tapşırıq verilibdir, alınmalı Murovdağ,
Silahlar şaqqıldayır, səs gəlir, taraq-taraq.
Artilleriyaçıydı, döyüşürdü qorxmadan,
Elmirə güç-qüvvəti vermiş idi yaradan.
“Vətən sağ olsun”- deyib son anadək vuruşdu,
Uca, ali məqama şəhidliyə qovuşdu.
Heç zaman unudulmaz yaşayanlar qeyrətlə,
Elmir ürəklərdədir, xatırlanır hörmətlə.
“Ədəbiyyat və incəsənət”
(15.05.2024)