Çox maraqlı bir kitab işıq üzü görüb. Qasım Əhmədlinin “Qaçaq Məmmədalı - Poylu kəndinin tarixindən qeydlər” kitabı.
Redaktoru fililogiya üzrə fəlsəfə doktoru, dosent Salatın Əhmədova olan bu kitab Qazax mahalının Poylu kəndi ilə bağlı tarixin müxtəlif dövrlərinə aid hekayətlərdən bəhs edir.
“Ədəbiyyat və incəsənət” portalı sizə kitabla tanışlıq üçün Salatın Əhmədovanın Ön sözünü təqdim edir.
Bu yaxınlarda mənə bir əlyazma göndərdilər. Baxdım, adı ahənrüba kimi məni özünə çəkdi, özümlə əlyazma arasında bir doğmalıq, bir istilik hiss etdim. Poylu kəndim haqqında qeydlər olan bu əlyazmanı əvvəlcə vərəqlədim, sonra oxumağa başladım. Əvvəlcə elə bildim yazı kiçik qeydlər, oçerklərdən ibarətdir. Ancaq qeydləri oxuduqca, necə deyərlər əsərin içərisinə girdim, nəfəs çəkmədən oxumağa başladım. Nostalji hisslər məni bürüdü. Qəlbimdə nifrət hissi ilə bərabər bir kövrəklik yarandı. Həmkəndlilərimin göyüm-göyüm göynədim halına, vəziyyətinə. Qeydlər vardı ki, onu təkrar qayıdıb bir də oxuyurdum. Bir vaxtlar oxuduqlarımla, eşitdiklərimə tutuşdurur, müqayisə aparırdım. İstəmirdim ki, xətalı bir cümlə, əsassız bir fikir bu kitabda getsin, kitaba xələl gəlsin. Orada yazılanların çoxusunu mən də eşitmişdim. Müəyyən qədər yaşım olduğundan kitabda adı çəkilən adamları mən də görmüşdüm, mən də tanıyırdım. Hadisələri uzun ömür sürmüş anam Güləbətin xanımın dilindən dəfələrlə eşitmişəm. O dövrün çətinliklərindən, kolxoz quruculuğundan, repressiyalarından, qaçaqlardan, qaçaq Qurbandan, qaçaq Məmmədalıdan danışırdı. Şurəvilərin yerlərdəki əlaltılarının, firqəçilərin sadə kənd camaatına, varlılara etdikləri zülmlərindən danışanda sanki, nəfəsindən od çıxırdı. Əhvalatları can yanğısı ilə nağıl edirdi.
Əlyazmanın müəllifi Qasım Əhmədli də o dövrə aid olan sənədləri arayıb-araşdırıb, illərlə bu kitabın üzərində işləyib. Yazı tək Poylu kəndinin tarixini deyil, o zamankı bütün Azərbaycan kəndlərinin tarixini əks etdirir. Yazıda Qasım müəllim qaçaq Məmmədalıya, onun qaçaqçılıq fəaliyyətinə geniş yer verib. Varlı kəndlilərdən olan Hacıkərim kişini şura hökuməti “kulak” damğası vuraraq onu gedər- gəlməzə yollayıb. Onu burdamı güllələdilər, yoxsa Sibirin soyuq yerlərinəmi sürgün etdilər, bilinmədi. Bütün varlıların varı əlindən alınmış, özləri isə ya kənd camaatının gözü qarşısında güllələnmiş, ya da sürgünə göndərilmişdir. Heç bir günahı olmayan “qolçomaqların” varisləri öz intiqamını almaqdan ötrü evindən-eşiyindən olaraq dağlara sığınıb qaçaqçılıq etməyə məcbur olur. Bu qaçaqlardan biri də qaçaq Məmmədalıdır. Müəllif onu çox böyük məhəbbətlə qələmə alaraq onun məşəqqətli həyatını oxuculara çatdırıb.
Yazıda kolxoz quruluşunun təsviri ilə yanaşı kəndin yaranma tarixi, inkişafı, ziyalıları, alimləri, ərləri- ərənləri, igidləri, I, II Qarabağ döyüşündə iştirak edənlər, şəhidlər, qazilər, xeyirxahların tikdirdiyi arx üstündəki körpülər, vaxtı ilə M.V.Vidadinin oxuduğu məktəb, xəstəxana və s. haqqında geniş məlumat verilir. Müəllif faktları daha dəqiq göstərmək üçün Tiflisə -arxiv idarəsinə getmiş, bəzi sənədlərin şəklini çəkərək kitaba salmışdır.
Kitabda müəllif çox gözəl bir faktı oxucuları ilə bölüşür. Güclü vətənpərvər şəxsiyyət olan Molla Nəsib həmkəndliləri Xəkioğlu İsrəfil, Qara Süleyman, Çolaqların Afkərimi və Koxalı “Cızdaq” Hacı ilə birlikdə, 1918-ci ildə Nuru paşanın “Müsəlman” ordusuna qoşulmuşlar. Onlar erməni daşnak qoşunları və ingilis müstəmlə-kəçilərinə qarşı fədakarlıqla vuruşmuşlar. Qeyd edək ki, bu döyüşlərin birində Molla Nəsib ayağından yaralanmışdır.
Kitabın müəllifi Qasım Əhmədli ilə eyni məktəbdə oxumuşam. Onun dərsə davamiyyəti, dərslərdə fəal və müntəzəm çalışması, məsuliyyəti indi də yadımdadır. Müəllimlər onun haqqında həmişə yüksək fikirdə olublar. O həm də çox işgüzar, istədiyinə nail olan biri olmuşdur. Vətənə sevgi, torpağa sevgi Qasım müəllimi Poylu haqqında qeydləri yazmağa bir vicdan borcu kimi vadar etmişdir. Kitabda Poylu kəndinin yaranma tarixindən, kolvoz quruculuğundan, qaçaqlardan xroni-ki qaydada bəhs edilsə də orada geniş bir romanın süjet xəttini görməmək olmur.
Ümidvaram ki, gələcəkdə Qasım müəllimin bu qeydlər kitabı sanballı bir nəsr əsərinin yaranmasına səbəb olacaq. Uzun illər Poylu kənd orta məktəbinin direktoru işləmiş Qasım müəllim bu kitabın üzərində uzun müddət çalışmış, ürəyinin sevgisini, təpərini vermiş, çox yerləri gəzib lazım olan qeydləri, sənədləri əldə etmiş, ondan istifadə edərək Poylu haqqında məlumatları oxucularına çatdırmışdır. Bu işdə ona yaxından dəstək olmuş kəndimizin ziyalısı İsmixan Yusubova dərin minnətdarlığımızı bildiririk.
Hörmətli oxucular! Bu kitabı oxumağı sizə tövsiyyə edirəm. Ümidvaram ki, tariximiz haqqında müəyyən faktlar, qiymətli məlumatlar əldə edə biləcəksiniz.
“Ədəbiyyat və incəsənət”
(16.02.2024)