Super User

Super User

Milli filmlərin tamaşaçı sayının artırılması Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) strateji məqsədlərindən biridir. Bunun üçün yeni və klassik Azərbaycan filmlərinin nümayişləri təşkil olunur. AKİ bölgə tamaşaçılarını yeni Azərbaycan filmləri ilə tanış etmək üçün silsilə tədbirlər keçirir.

 

Kinematoqrafçılar İttifaqından AzərTAC-a bildirilib ki, əvvəlki illərdə “Cənubda kino günləri” başlığı ilə Lənkəran, Biləsuvar, Lerik rayonlarında nümayişlər təşkil olunmuşdu. Cari ilin iyul ayında “Şirvan kino günləri” layihəsi baş tutdu. Ənənənin davamı olaraq, AKİ cari ilin oktyabrında Muğanda müasir filmlərimizin nümayişlərini həyata keçirir. Nümayişlərdə bir qayda olaraq, müstəqil kinematoqrafçıların ərsəyə gətirdiyi filmlərlə yanaşı, dövlət sifarişi ilə çəkilmiş filmlər də tamaşaçılara təqdim olunacaq.

 

Beyləqan, İmişli, Sabirabad və Saatlıda nümayiş olunacaq filmlərin adları, tarixi və vaxtı barədə yaxın günlərdə ətraflı məlumat veriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024)

Kamera və Orqan Musiqisi Zalında Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti tərəfindən Nyu-York şəhərində keçirilmiş IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin yekun konserti keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbirdə çıxış edən IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin münsiflər heyətinin üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov müsabiqə haqqında ətraflı məlumat verib.

 

O bildirib ki, bu il müsabiqədə dörd qitədən 22 ölkənin nümayəndəsi iştirak edib.

 

“Müsabiqə Azərbaycan xalq mahnılarına həsr olunub. Müsabiqədə ABŞ-dan olan bəstəkar Kian Ravai qalib olub. İkinci yeri Ceyhun Allahverdiyev (Azərbaycan), 3-cü yeri isə Xuanxo Villaroya Qrau (İspaniya) tutub. Bu gün onların ifalarını dinləyəcəyik”, - deyə o əlavə edib.

 

Daha sonra konsert proqramı musiqi nömrələri ilə davam edib.

 

Konsertdə “Sevgilimin bağçası”, “Sarı gəlin və çöl ağacı çiçəyi”, “Şuşanın dağları”, “Sarı gəlin”, “Basma-basma tağları”, “Girdim yarın bağçasına”, “Bağa girdim üzümə” xalq mahnıları səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024)

“Ədəbiyyat və incəsənət” portalının və Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin birgə layihəsi olan “75 yaşlı Sumqayıtın yazarları” layihəsindəyik. 

Müsahibimiz Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, tanınmış şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğludur.

Layihəni AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin təqdim edir. 

 

-Necəsiniz, Rafiq müəllim?

 

-Şükürlər olsun! Hər şey normaldı, işlər öz axarında gedir. Şeirlərimin birində belə bir misra var idi ki, bundan da gözəl ömür olurmu? Həyatımdan da, ailəmdən, övladlarımdan, nəvələrimdən də, yaradıcılıq uğurlarımdan da çox razıyam. Şükürlər olsun ki, doğulduğum Qubadlını Ali Baş Komandanımızla birlikdə ziyarət edə bildim, Şuşada Vaqif poeziya günlərində iştirak və çıxış elədim. Hər biri 512 səhifədən ibarət iyirmi cildlik “Seçilmiş əsərləri”nin  19 cildi nəşr edilən, adı ədəbiyyat tarixinə, Milli Ensiklopediyaya düşən, əsərləri dərsliklərə daxil edilən yaradıcı insan özünü necə hiss eləməlidi? Xoşbəxtəm ki, Şuşada 30 ildən sonra çalınan ilk zəng mərasimində birinci sinfə gedən bir uşaq mənim “Birinci zəng” şeirimi əzbər söylədi. Son bənd belə idi:

 

Vuruldu birinci zəng,

Ta bizim nə qəmimiz?

Biliklər ölkəsinə

Yola düşür gəmimiz...

 

-Qarşıdan şəhərimizin 75 illiyi gəlir. Keçmiş və bu günkü Sumqayıt, hansı sizə daha doğmadı?

 

-İkisi də doğmadı. Keçmişin adamlarını bu günkü Sumqayıta gətirə, bu günün Sumqayıtını keçmişə apara bilsək, onlar bir-birini tamamlayar, daha gözəl, daha möhtəşəm olardı. Sumqayıtın qurub - yaradılmasında böyük əməyi olan, dünyasını dəyişən ləyaqətli insanlar bu günün çiçəklənən, gündən-günə gözəlləşən, təmiz havalı Sumqayıtını görəndə çox sevinər, qürur duyardılar. Ancaq təbii ki, bu, mümkün olan iş deyil. Nə keçmişi bu günə gətirmək, nə bu günü keçmişə qaytarmaq olar... Sumqayıt az bir vaxtda tarixi inkişaf yolu keçərək ölkənin ən gözəl şəhərlərindən birinə çevrilib. Özü də bu şəhəri digərlərindən fərqləndirən ən əsas cəhət orada bütün regionlardan olan insanların yaşamasıdır.

 

Hər eldən, hər obadan

Gələnə dedin balam.

Taleyimin şəhəri,

Mənim alınmaz qalam!

 

Gözəlləşən Sumqayıt,

Bizə şərəfsən, şansan.

Sən adi bir şəhər yox,

Böyük Azərbaycansan!

 

Qəhrəmanlar yurdusan,

Zəfər sənə yaraşır.

Sən Xəzərə bəzəksən,

Xəzər sənə yaraşır!

 

Həmişə Bakımızla

Adın çəkilir qoşa.

Mənim doğma şəhərim –

Sumqayıtım, min yaşa!

 

Hər gün gözəlləşirsən

Sahilində Xəzərin.

Şəhərlər arasında

Yoxdu sənin bənzərin!

 

Tələsirəm qoynuna,

Hara olsa səfərim.

Mənim əziz şəhərim,

Mənim doğma şəhərim!

 

Doğrudan da, 75 yaşı tamam olan Sumqayıt bənzərsiz şəhərdi. Dünyanın harasına gedirəmsə gedim, mən öz şəhərimə, öz evimə tələsirəm. Çünki dünyanın heç bir şəhəri mənim üçün Sumqayıt qədər doğma deyil...

 

-Siz ömrünüzü ədəbiyyata, sözə həsr eləmisiniz. Ən əsası şeirin ibtidasını yazan və öyrədən inasansınz. Sizcə, söz orbitinə bu qədər yürüş niyə yarandı?

 

-Dedikləriniz o mənada doğrudur ki, mən bütün həyatımı ədəbiyyatın yaranmasına, tədqiqinə, təbliğinə, tədrisinə həsr eləmişəm. 2003-cü ildə tanınmış, istedadlı şair Qəşəm Nəcəfzadənin “Ədalət” qəzetində mənimlə bir müsahibəsi çap olunmuşdu. Onun çoxsaylı suallarından birinə belə cavab vermişdim ki, mənə elə gəlir ki, ədəbiyyat mənim Leylim, mən isə onun Məcnunuyam. O ki qaldı “sözün ibtidasını yazan və öyrədən” sözünə, bunu birmənalı qəbul edə bilmirəm. Sözün, şeirin ibtidai qaydalarını mən hələ ibtidai sinifdə oxuyanda bilirdim. Ona görə ki, mənim ana babam Nuşirəvan Kərimov mollanəsrəddinçi şair idi və “Molla Nəsrəddin” jurnalında onun “İstiot” təxəllüsü ilə şeirləri çap olunmuşdu. Şeirin ibtidai qaydalarını babam mənə hələ o vaxt öyrətmişdi. Sizin sualınız vaxtilə mənim tələbə yoldaşım olan görkəmli dilçi alim, əməkdar elm xadimi Nizami Xudyevin 2018-ci idə çap olunan “Ömürdən səhifələr” kitabının 78-ci səhifəsində yazılan bu sözləri saldı: “İndi respublikanın tanınmış şairlərindən, həm də ədəbiyyatşünaslarından biri olan, filologiya elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlu yaşca bizim hamımızdan kiçik idi, bizim kitablardan oxuyub öyrəndiklərimizi onun oxumadan, fitrətən bilməsi hamımızı heyrətləndirirdi.”

Təəssüf ki, indi yaradıcılıq təşkilatlarının üzvü, neçə-neçə qalın kitabların müəllifi olanların böyük əksəriyyətinin yazılarında sizin dediyiniz o ibtidai qaydalara belə riayət olunmur. Dil, ifadə qüsurları adamı lap əsəbiləşdirir. Ancaq məsələnin başqa bir tərəfi də var. Əslində qaydaları bilməklə də iş bitmir. Böyük ədəbi uğurlar qazanmaq üçün birinci növbədə istedad, sonra zəhmət, mütaliə və ədəbi mühit lazımdır.

 

-Sumqayıtda niyə bir nəfər də olsa Xalq şairi, Xalq yazıçısı yoxdu?

 

-Hər şeyin zamana ehtiyacı var. Arzu və ümid eləyirik ki, nə vaxtsa bu da olacaq. Ancaq əsas məsələ təkcə fəxri adda, mükafatda deyil. Əsas məsələ xalqın ürəyindən xəbər verən əsərlər yazmaqdadı...

 

-Axır zaman əlamətlərindən birində yazanların çoxalacağına işarət edir.  Nizami, Füzuli, Nəsimi planetinin sakini olmaq yazanlara bu qədərmi asan gəlir?

 

-Əslində bütün dövrlərdə belə olub. “Şeirdən ucalıq umma dünyada” deyən Nizami də, “Bir dövrdəyəm ki, nəzm olub xar” deyən Füzuli də, adi insanların başa düşmədiyi, dərisi dabanından soyulan Nəsimi də öz zəmanələrindən gileyli olublar həmişə...  “Məndən olsa şeir yazanlara ən ağır cəza verərdim” deyən böyük Mirzə Cəlili də həmin problem narahat edirdi. Yaradıcı insanların dəlilərlə ruh qohumluğu var bir az. Heç kəsə qadağa qoya bilməzsən ki, yazmasın. Hamı elə bilir ki, ondan yaxşı yazan yoxdu. Pis cəhət odur ki, bu cür cızmaqaralar yeni nəslin ədəbi zövqünü korlayır. Narahatçılığa isə o mənada əsas yoxdur ki, zaman hər şeyi yerbəyər eləyəcək onsuz da. 

Pandemiya dövründə yazılan “Gərək təmizləyək düşüncəmizi” adlı şeirimdə bu və ya buna bənzər digər problemlərlə bağlı düşüncələrimi əks etdirməyə çalışmışdım. Elə bilirəm ki, sualınızın cavabı həmin şeirdə bu və ya digər şəkildə öz əksini tapıb.

 

İnsan tək yaşamaq çıxıb yadından

Bu bəşər övladı lap ağ eləyir...

Biri yarasaya, biri siçana

Biri də ilana barmaq eləyir...

 

Hamı yadırğayıb əkib-biçməyi,

Hamı top düzəldir, bomba düzəldir...

Biri hara gəldi soxur burnunu,

Biri döş qabardır, omba düzəldir...

 

Deyirəm bəlkə də bu bir sınaqdı,

Bu virus məlhəmdi yaramız üçün?

Axı nə şeydi ki, iman dəyişmək,

Cinsini dəyişən yaramaz üçün?

 

Göydən daş yağmazmı dolu yerinə

Meydan oxuyanda bəndə göylərə?

Əgər belə getsə, robot gəlinlər

Ərə veriləcək robot bəylərə...

 

Calaq olunubdur yaxşı yamana,

Öküzü kəl edər gönü dəyişmək?!

Həsrətik meyvənin ləziz tamına,

İndi dəbə minib geni dəyişmək...

 

Qutab bişirən də kitab çıxardır,

Ucuz tamadalar məclisdə coşur.

Alim də, çoban da, qarpızsatan da

İndi şeir yazır, nəğmələr qoşur...

 

Hamı şan-şöhrətə salıbdır meyil,

Bu ana təbiət lap cana doyub...

Dünyanı bu günə viruslar deyil,

Dünyanı bu günə adamlar qoyub...

 

Qiyamət gözləyir bizi qabaqda,

Toya getməlidir bu virus hələ...

Allahın işinə qarışanları

Tanrı girinc edib bir virus ilə...

 

Gəl, koronavirus, dönüm gözünə,

Etdin lovğaların dilini gödək...

Bəlkə indi gələ ağlı başına,

Hərə öz işinin dalınca gedə...

 

Bizi bu günlərə salan nə olub? –

Edilən günahı düşünməliyik.

Evdə qalmaq ilə iş bitmir hələ,

Biz evdə sabahı düşünməliyik...

 

Qayıdıb bu yolu təzədən keçək?

Bizə dərs olmadı Nuhun gəmisi?

Təkcə bu çirklənmiş dünyamızı yox,

Gərək təmizləyək düşüncəmizi! –

Bəlkə xilas edə düşüncə bizi...

 

-Sumqayıt və siz?

 

-Mən Sumqayıta 1966-cı ildə gəlmişəm. Qohumlarım: əmim, bibim, bibim oğlanları bu şəhərdə yaşayıb işlədiklərinə görə tələbə olanda belə, 1966-cı ildən 1970-ci ilə qədər mən də Sumqayıtda yaşamışam, hər gün Bakıya dərsə gedib-gəlmişəm. Əsasən elektrik qatarı ilə. Şəhərə gəldiyim gündən Sumqayıt ədəbi mühitinin içində olmuşam. Ali məktəbi bitirən kimi əmək fəaliyyətinə Sumqayıtda başlamışam. Əvvəlcə 1 nömrəli tikinti trestinin 5 nömrəli yataqxanasında tərbiyəçi müəllim, sonra 10, 13, 23 nömrəli məktəbdə müəllim işləmişəm. Sumqayıtın filologiya üzrə ilk aspirantı, ilk filologiya elmləri namizədi, ilk filologiya elmləri doktoru, ilk professoru, ilk Əməkdar mədəniyyət işçisi olmuşam. Azərbaycan Yazıçılar Birliyi qəbul komissiyasının, AMEA-Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, eləcə də Folklor İnstitunda fəaliyyət göstərən Dissertasiya Şuralarının ilk sumqayıtlı üzvü kimi də Sumqayıtın qələm adımlarına, müdafiə eləyən alimlərə yardımçı olmağım danılmaz faktlar sırasındadır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə nəşr edilən “ADPU-nun 100 məşhur məzunu” kitabında  Sumqayıtı təmsil edən yeganə insan, yubiley medalına layiq görülən yeganə şəxs mənəm. Ümumtəhsil məktəblərinin birinci sinifləri üçün kurrikulum əsasında yazılan ilk “Ana dili”dərsliyinin də aparıcı müəllifiyəm. Yeri gəlmişkən, onu da xatırladım ki, ölkə mətbuatının ilk sumqayıtlı baş redaktoru kimi də adım tarixə düşüb. 1997-ci ildən “Göyərçin” jurnalının baş redaktoruyam. Bu ilklərin davamlı olacağına da ümidim var hələ...

Əslində elə mən də Sumqayıtla yaşıdam. Sumqayıtın 75 yaşının tamamından bir ay on bir gün sonra mənim də 75 yaşım tamam olacaq. Bu 75 illik ömrün nə az, nə azacıq, düz 58 ili Sumqayıtda keçib. 1985-ci ildən “Göyərçin” jurnalında əmək fəaliyyətimi davam etdirsəm də, orda şöbə müdiri, məsul katib, baş redaktor, Azərbaycan Dövlət Televiziyasında şöbə müdiri, Azərbaycan Dövlət Pedaqoji Universitetində professor işləyəndə belə pedaqoji fəaliyyətimi Sumqayıtda da davam etdirmişəm, Sumqayıt Dövlət Universitetinin formalaşmasında əlimdən gələni əsirgəməmişəm. İndi həmin universitetin filologiya fakültəsində çalışanların böyük əksəriyyətinin müəllimi, bir qisminin elmi rəhbəri, bir qisminin rəsmi opponenti olmuşam. Həmin universitetin tələbələri üçün yazdığım “Ədəbiyyatşünaslığın əsasları”, “Müasir ədəbi proses və ədəbi tənqid”, “Uşaq ədəbiyyatı” dərsliklərindən, eləcə də “Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri”, “Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” adlı dərs vəsaitlərindən xeyli vaxtdır ki, ölkənin bütün ali məktəblərində istifadə olunur. 

 

-Sizə elə gəlmir ki, dünyada çox şey əvvəlki mahiyyətini itirir? Allahın kölgəsi olmayan yerdə yaşamaq mümkündürmü?

 

-Xeyir, elə gəlmir. Mən xaraktercə nikbin adamam, gileylənməyi sevmirəm. Yaxşı bilirəm ki, hər dövrün öz qayğıları, öz problemləri, öz meyarları var. Hər şeyi əlahəzrət zaman diqtə edir, tənzimləyir. Əslində Allahın kölgəsi həmişə bizim üstümüzdədi... Bunu dərk eləyən də var, dərk eləməyən də. Allahın nəzarəti altında zaman bütün problemləri özü həll edir. Ancaq insanların da bu və ya digər şəkildə ona köməyi istisna deyil.

 

-Şəhər rəhbərliyinin ədəbiyyata diqqətindən razısınızmı?

 

-Bəli. Zakir müəllim bələdiyyə sədri olanda belə yaradıcı adamlar üçün əlindən gələn köməyi əsirgəmirdi. Sumqayıt yazıçılarının əsərlərindən ibarət bir  neçə almanaxın nəşrində onun maddi və mənəvi dəstəyini unutmaq olmaz. Məhz Zakir Fərəcovun qayğısı və diqqəti sayəsində şəhərimizin ən gözəl binalarından biri Poeziya evi kimi fəaliyyətə başladı. Burada o qədər sanballı tədbirlər keçirilib ki... 

 

-Sizə o illərə qayıtmaq imkanı verilsəydi, yenə də bu şəhəri seçərdinizmi?

 

-Əvvəla, o illərə qayıtmaq mümkün deyil. Digər tərəfdən, hər şey taleyin işidi... Bir şeirimdən belə bir misra yadıma düşdü: “Biz öz taleyimizin ağası deyilik ha!”

 

-AYB Sumqayıt bölməsinin işi Sizi qane edirmi? 

 

-Bəli, edir. Vaxtilə Sumqayıtda SSRİ Yazıçılar İttifaqının yeddi üzvü var idi: Kuzma Xromov, Vaqif İbrahim, Əşrəf Veysəlli, Zülfüqar Qodmanlı, Ağəddin Mansurzadə, Məmməd Namaz və mən – Rafiq Yusifoğlu. İndi maşallah, üzvlərin sayı səksəni keçib. AYB Sumqayıt bölməsinin yaranması isə birbaşa rəhmətlik Sabir Sarvanın adı ilə bağlıdır. İstər onun vaxtında, istərsə də ondan sonrakı dövrlərdə bölmə xeyli iş görüb, kitablar, almanaxlar nəşr edilib, ədəbi gecələr, müzakirələr, kitab təqdimatları keçirilib, yubileylər qeyd olunub. 

 

-Hər şeyə Qərb düşüncəsi ilə yanaşan bəzi gənclər klassik irsə və keçmişimizə qarşı niyə bu qədər qərəzli və qəzəblidirlər?

 

-Yadıma dissertasiya müdafiələrindən birində elmi şura üzvü  kimi çıxışımda dediyim bir sözü saldınız. Tədqiqat işində müasir poeziyamıza dünya nəzəri terminləri, ədəbi meyarları ilə dəyər vermək istəyi o qədər güclü idi ki, ona görə söylədim ki, niyə biz müasir ədəbi prosesimizdə “yağın yağ, ayranın ayran olmasını” yoxlamaq üçün milli yaradıcılıq nehrəmizə mütləq Avropa qaşığı uzatmalıyıq?

Əlbəttə, dünya gör-götür dünyasıdır. Dünya ədəbiyyatından da, klassik ədəbiyyatımızdan da öyrənmək ədəbi uğurların rəhninə çevrilə bilər. Hətta keçmişdən də ibrət dərsi götürməliyik. Həyatın da, ədəbiyyatın da tarixi təkcə uğurlardan ibarət deyil axı! Keçmişi dəyərləndirərkən həmin mühiti mütləq nəzərə almaq lazımdır. O yerdə ki, qərəz, qəzəb at oynadır, orda real, ədalətli fikir söyləmək sadəcə mümkünsüzdür.

 

-Ədəbiyyatımızda ümumi mənzərə?

 

-Əslində bütün dövrlərdə ədəbi mənzərəni yaradan ictimai həyatdı. O mənada ki, ədəbiyyat həyatın bədii əksidi. Ədəbi prosesin bir tərəfində ictimai mühit, digər tərəfində yaradıcı insan, o biri tərəfində isə oxucu dayanır. Böyük əsərlər, böyük ixtiralar insanların nəyəsə ehtiyacı olanda yaranır... Oxucu biganəliyi baxımından ümumi mənzərə məni qane etməsə belə, ədəbiyyatımızın bu günü ilə bağlı bədgüman da deyiləm...

 

-Güzgüdəki adama sözünüz?

 

-Güzgünün həm görünən, həm də görünməyən tərəfi var... Görünən tərəfdə zahiri görünüşümüz, portretimiz, görünməyən tərəfdə isə daxili dünyamız var. Bu daxili dünya həm üzün cizgiləri, mimika, təbəssüm, dodaqların səyriməsi, gözlərin yol çəkməsi, həm də düşüncələrimiz vasitəsilə təzhür edir. Mahiyyət və təzahürün qarşılıqlı dialektikası... Güzgünün bizi göstərən üzü o biri dünyanın qapısıdı elə bil. Güzgünün o biri üzündə isə axirət dünyamız var. Alllahdan başqa kimsənin görə bilmədiyi sirli, sehrli bir dünya...

 

Güzgüdən bir adam baxıb,

Elə bil bizi izləyir.

O güzgünün arxasında

Görən bizi nə gözləyir?

 

Güzgüdə gördüyüm adam,

Dikilib gözün gözümə.

Sənin üzünə baxanda

Yazığım gəlir özümə.

 

Dodağın niyə səyriyir?

Baxışların nə qəmlidi!

Niyə üzünə qəm çöküb,

Niyə gözlərin nəmlidi?!

 

Bu qədər yaxın olsaq da,

Duyuram ki, çox uzağıq.

Üz-üzə dayansaq belə,

Ikimiz də yalquzağıq…

 

Bəbəklərinə baxanda

Vəlvələ düşür canıma.

Mən güzgüyə necə girim? –

Sən ordan çıx, gəl yanıma!

 

Güzgüdə gördüyüm adam,

Bu dünyaya heyrətimsən!

Mənmi sənin surətinəm,

Sənmi mənim surətimsən?

 

Güzgüdə gördüyüm adam,

Biz tuta bilsək əl-ələ,

Yer qopar öz mehvərindən,

Dünyada qopar vəlvələ.

 

Dərk eləmirəm özümü,

Mən nə qədər əzab çəkim?!

Keçib güzgü arxasına

Səninlə haqq-hesab çəkim?!

 

Güzgüdə gördüyüm adam,

Bir gün cana doyacağam,

Güzgüyə baxmayıb, səni

Yana-yana qoyacağam…

 

Sinəmə ayna çıxanda

Biz kamala dolduq bəlkə?!

O güzgünün arxasında

Eyni adam olduq bəlkə?!

 

-75 yaşlı gənc şəhərə arzularınız?

 

-1978-ci ildə uşaqlar üçün yazılan “Sumqayıtın nağılı” adlı bir şeirim var. 1981-ci ildə “Gənclik” nəşriyyatının çap elədiyi “Ulduz” adlı almanax həmin şeirlə açılırdı:

 

Ata, mənə nağıl danış,

Kitabda olan olmasın.

Ata, mənə nağıl danış,

İçində yalan olmasın.

 

Belə dedi oğlum mənə,

Onun sözünü xoşladım.

Dirsəklənib pəncərəyə

Belə bir nağıl başladım:

 

Biri var idi,

Biri yox idi,

Bu gördüyün binaların,

Küçələrin biri yox idi…

 

Bu misralarla başlayan uzun şeirdə ata Sumqayıtın keçmişindən, onun necə şəhərə dönməsindən nağılvari bir dillə danışandan sonra üzünü oğluna tutub deyirdi:

 

Gözəlləşir şəhərimiz,

Ürəyimiz dönür dağa.

Bu nağılın ardını da

Böyüyüb siz yazarsınız

Əlinizlə bu torpağa…

 

“Kitabda olmayan”, zəhmətkeş insanların əlləri ilə yazılan nağıl isə bu gün də davam eləyir. Nəsillər bir-birini əvəz etdikcə bu nağıllar şəhəri də gündən-günə gözəlləşir… Arzum budur ki, 75 yaşı tamam olan Sumqayıt ağıllı, intellektual səviyyəli, mədəni, Azərbaycanımızı bütün dünyada tanıtmağa qadir ləyaqətli insanların dogma şəhərinə çevrilsin. Sumqayıtı və sumqayıtlıları şərəfli yubiley münasibətilə təbrik etməkdən məmnunluq duyuram…

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024)

“Ədəbiyyat və incəsənət” portalı Təranə Dəmirin yeni şeirlərini təqdim edir.

 

Sərçə dimdiyində  açılar  səhərim,

Şüşələr yuxulu-yuxulu dillənər.

İşığa açar gözünü

dünəndən qalan qayğılar,

Pəncərəmdə günəş tellənər.

Bir sərçə dimdiyində 

dağılar səhərin yuxusu...

Sonra evlər, maşınlar oyanar,

Yavaş-yavaş küçələrə düşər

 addım səsləri, siqar qoxusu.

 

***

 

Burdan Göy nə qədər gözəl görünür,

Ulduzu bəxtəvər, ayı bəxtəvər.

Şimşəyi sevincdən dəliyə dönür,

Harayı bəxtəvər, qıyı bəxtəvər.

 

Necə də azaddı göylər, İlahi,

Gecəsi azaddı, gündüzü azad.

Baharı, payızı, qışı azaddı,

Küləyi azaddı, bürküsü azad.

 

Tanrı sığal çəkib göyün üzünə,

Dumduru gözündən səadət baxır.

Qırmızı donunu geyib əyninə

Günəş səhər ilə görüşə çıxır.

 

Buludlar sözünü yağışla deyir,

Damlalar sevgiylə dilləşir, Allah.

Göylər xoşbəxtliyin dadın çıxarır,

Yersə öz canıyla əlləşir, Allah.

 

***

 

Ayrılıq zərrə-zərrə

Mənim içimdən qopur.

Mənim əzablarımdan,

Mənim gücümdən qopur.

 

Bütün rənglər həsrətdi,

Bütün dadlar ayrılıq.

Bütün sözlər, cümlələr,

Bütün adlar ayrılıq.

 

Bu şəhər, bu adamlar,

Bu küçə ayrılıqdı.

Bu dəniz, bu dalğalar,

Bu gecə ayrlıqdı.

 

Dadı, duzu yerində,

Odu, közü yerində,

Bircə ürəyim bilir

Bu necə ayrılıqdı.

 

Sarılmışam təkliyə,

Bir özüməm, bir hicran.

Ayrılıq adamıyam

Təpədən dırnağacan.

 

Bu günün öz həsrəti,

Sabahın  öz  dərdi  var.

Deyəsən bircə mənim

Ömrümdən gəlib keçir

Ən saxta məhəbbətlər,

Ən təmiz ayrılıqlar.

 

***

 

Payız saçlarını açıb darayıb,

Hər tərəf xəzəllə süstlənib yenə.

Bulud gözlərini torpağa dikib,

Günəş dağ dalında gizlənib yenə.

 

Xəzan rəngindədi çöllər, çəmənlər,

Dərələr payızdı, yallar payızdı.

Azalıb hər yandan ayaq səsləri,

Küçələr payızdı, yollar payızdı.

 

Sahillə dilləşmir dalğalar daha,

Daha pıçıltıyla danışmır dəniz.

Çırpır hikkəsini lal qayalara,

Deyəsən payızla barışmır dəniz.

 

...Təzə ayaq açır bu payız  hələ,

Hələ addım-addım yorulmağı var.

Hələ sevdalara qucaq açmağı,

Hələ ayrılığa vurulmağı var.

 

***

 

Kor adamlar ovuclarıyla gəzir dünyanı,

Ona görə də gözləri arxada qalmır.

Əlil arabasının kürəyindən qan damır,

 yollar üstündən  keçir.

Məzarlığa yolu düşənlər ləpirlərini 

şahid qoyub gedir 

sabah yolu azmasın deyə.

Min ildi zamandan çıxmağa  çalışır

"25-ci saat"-ın yolçuları,

Bəxtə, qismətə inananlar  

"Beşmərtəbəli evin altıncı mərtəbəsi"-ndən baxır sevgiyə.

Məhkumların azadlığı həbsxana hücrəsi boydadı,

"Azadlıq " küçəsindən başlayır bütün məhkumiyyətlər.

Uşaqlar oyuncaq maşınlarla aşırlar sərhəddi,

Atalar bu tayda ürəkləri tətikdə keşik çəkirlər.

Vətən kişilərin çiyinlərində bütövləşir,

Vətənsizlər qadın portmanatlarında "kişiləşir".

 

***

 

Yaxamı qələmin, sözün əlində,

Varağın əlində qoyma, sən Allah.

Çevir buludların başına məni,

Məni bu yağışa qıyma, sən Allah.

 

Dola küçələrin başına, gedim,

Dola gecələrin başına, gedim,

İmkan ver ömrümün qışına gedim,

Məni bu yoxuşa qıyma, sən Allah.

 

Qapılar açıqdı, dur işığa çıx,

Ümidə, arzuya, barışığa çıx,

Bir dəli, bir şıltaq inada acıq

Məni bu savaşa qıyma, sən Allah.

 

Yanma, ocağımın külündən qayıt,

Girmə, həsrətimin çölündən qayıt,

Danışma könlünün dilindən, qayıt,

Məni bu baxışa qıyma, sən Allah.

 

***

 

Səhər açıla,

Bir əli çiçəkli döyə qapımı,

Qapım sevinə.

Yuxum kirpiyimin ucundan

sürüşüb düşə aydınlığa,

Səhərin qulağına pıçıldayalar adımı,

Adım sevinə,

Ürəklənəm.

Unudam axşamkı yağışı, buludu,

küləyi unudam,

Baxışlarım qapıya qaça,

Ayaqlarım adıma,

Çiçəklənəm...

 

ÖZÜMƏ

 

Bu bàyram səninçün şeir yazmadım,

Utandım qələmdən, varaqdan nəsə,

Utandım Allahdan, günahdan nəsə.

Bu dəfə əliboş gəldim yanına,

Məni yazmadığım sözə bağışla,

Tanrıya bağışla, bizə bağışla.

Bu bayram səninçün çiçək almadım,

Bu bayram doyunca ağlatdım səni,

Bu bayram boyunca ağlatdım səni,

Ağla, gözlərinin yaşına dönüm,

"Bayramın mübarək" – deyə bilmədim,

Dayan,heç olmasa başına dönüm.

Mən səni köməksiz qoydum bu bayram,

Şeirsiz, çiçəksiz qoydum bu bayram,

Sənin həvəsinlə oynadım, qadın.

Bu gün daşa döndüm, dəmirə döndüm,

Sənə bircə çiçək qıymadım, qadın.

Aldada bilmədim  bu gün mən səni,

 Durub danışmağa sözüm olmadı.

Utandım qələmdən, varaqdan bu gün,

Lap elə Allahdan, günahdan bu gün,

Səni aldatmağa üzüm olmadı.

Bu bayram mən səni sözə tutmadım,

Bu bayram mən səni baxışa tutdum,

Küləyə, leysana, yağışa tutdum.

Elə için-için göynədin, qadın.

Bu bayram səninçün şeir yazmadım,

Bu bayram səninçün çiçək almadım,

Bu bayram öyrətdim sənə təkliyi,

Bu bayram qapını döymədim, qadın.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024)

 

 

 “Ədəbiyyat və incəsənət” portalı bu gün sizləri Müxəmməd Haqverdinin şeirləri ilə tanış edəcək.

 

 

 

Müxəmməd HAQVERDİ

 

 

ETÜD

 

Mayın ortasında,

Təəccüblü olsa da,

Qızmar istinin izi ilə

Soyudu hava.

Bir azdan külək əsdi,

əsdi, əsdi...

Qara-boz hava

Bir az da

Qaraldı.

Axşam yağış yağdı,

O da çox yox ha,

Bir az,

Dəqiqə olmaz.

Göydən ay gülümsədi

Yağışdan sonra

Sakitləşdi gecə...

Elə bil ağappaq sükut

Uddu gecəni.

 

 

***

 

Bulud kimi dolanda

Yaşamağa yerin ola.

Yağasan, yağasan...

Boşalanacan.

Sonra da uçmağa

Göylərin ola,

Uçasan, uçasan...

Quş olanacan.

Nəfəs dərməyə

Otağın ola,

Şeir yazmağa

Hücrən.

Çiçək açmağa

Budağın ola,

Xöşbəxt olmağa

Gecən.

 

 

YAŞANTI

 

Bir az saçımın

Ağlığına,

Bir az alnımın

Qırışlarının sıxlığında,

Atamın yoxluğunu da

Alışdım.

Hərdən

Məndən kiçiklər

Qoca deyəndə

Acığım qaynardı,

Yavaş- yavaş

Daha acığım soyuq,

Alışdım,

Dözə-dözə

Ümidimə dirsəklənə-dirsəklənə

Ömür yaşayıram

Üzü sabaha.

 

 

Sübh çağı

 

Gecənin ulduz naxışlı

Köynəyi,

Didilər, süzülər...

Anların axarında.

Çılpaqlaşan gecə,

Mürgülü səma

Sübhü eynək kimi

Gözünə taxar...

Bu gözəlliyə,

Bu ilahi ana

Mən baxaram,

Bir də göydən Allah baxar.

Qalmışam gözləyə-gözləyə –

Bəxtimin,

Həsrətimin

Səhəri açılsın deyə.

 

 

HƏQİQƏT VƏ YALAN

 

Həbsdən çıxan

İnsan kimi

Həqiqət sısqa,

Üzgün.

Yalan isə

Şişmiş

Qabaritini

İtirmiş birisi.

Tərəfdaşı çox,

Gileyi yox...

Təpkisi az...

Yaşayır kefli-kefli –

Həqiqətin təzyiqini,

Şəkərini

Artıra-artıra.

 

 

HƏR GÜN

 

Günümüzün

Neçə saatı

Saata baxmaqla

Keçir, görən?

Neçə saat sərf edirik

Darıxmağa,

Tələsməyə,

Dözməyə...

Dəqiqələri az qala

Gözümüzlə çəkirik

İrəli.

Tez “aparsın” deyə bizi...

Beləcə,

Hər gün saat-saat enirik axşama

Saat- saat qalxırıq

Ömrümüzü.

 

 

LİRİK ETÜD

 

Günəş günün sahilində

Qərib çağı,

Qürub çağı...

Üfüqə boylanan

Nəhəng

Al – qırmızı kürənin

Qırmızı təbəssüm

ələyən şüaları

közərdib əridəcək,

itəcək üfüq,

sozalacaq işıq...

Tünd  – qara səma

Sakit-sakit

Göyün nur çiçəklərini –

Ulduzları bitirəcək.

 

 

***

 

Səmada buludların

Naxışı

Təzələnir hər gün,

Bir- birinə bənzəmir

Göylərin təbii ekranı.

İnsana sevgidir

İlahinin rənglədiyi

Göylərin hər anı.

Tanrı düşündürür bizi,

Özünün 

Üfüqdən-üfüqə  uzanan,

Azman tablosuynan.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Əli Cavadpurun şeirlərini təqdim edir.

 

Əli Cavadpur

Təbriz

 

YAZIQ

 

Getmək istəmirsə ürəyin sənin

Zorla apardığın, ayaqlar yazıq!

Gedəndə ayağın yolları deyil -

Yazıq ürəyini ayaqlar, yazıq!

 

Başını basdıran çiçəyin, otun,

Payını günəşdən ayırmaq çətin.

Yuxusu dağlardan ağır millətin,

Yükünü daşıyan, oyaqlar yazıq.

 

Bu dünya qurutmaz alın tərini,

Dağıdar, uçurar hördüklərini,

Gündüz gözlərilə gördüklərini,

Gecə yuxusunda sayaqlar, yazıq!

 

İndi arabaya qoşulan atdan,

QırAtlıq umusu çıxıbdı yaddan!

İçini yandıran alovdan-oddan-

Necə qızarmasın, yanaqlar yazıq!

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024)

 

 

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Həmidağa Hüseynzadə 

Həmidağa Hüseynzadə 1990-cı il avqustun 13-də Bakı şəhərində anadan olub. 2008-2012- ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.

Ailəli idi. Bir qız övladı yadigar qaldı.

Həmidağa Hüseynzadə 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.

Azərbaycan Ordusunun kapitanı olan Həmidağa Hüseynzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Həmidağa Hüseynzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmidağa Hüseynzadə "Qarabağ" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmidağa Hüseynzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmidağa Hüseynzadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Məni qarşıla, qızım.

Şəhid olub gəlirəm.

Tabutum yol üstədir,

Lap az qalıb, gəlirəm.

 

Gəlirəm, gözüm nuru,

Qələbə, zəfər ilə.

De ki, atamdır gələn,

Anana xəbər elə.

 

Xəbər elə gəlirəm,

Bütün vətən boyunca.

Heyif ki, tabutumun,

Qolları yoxdur, qızım,

Yoxsa sənə son dəfə,

Sarılardım doyunca.

 

Doyunca saçlarını,

Əllərini öpərdim,

İki damla yaş kimi,

Yanağına bitərdim.

 

Yox, ağlama, ağlama.

Ölməmişəm mən, qızım.

Sevin zəfər gününə,

Alındı vətən, qızım.

 

Bir insan ömrü nədir?

Min illərin yanında.

Vətən mənim canımda,

Mən vətənin canında.

 

Bilirəm, yaşayacam,

Xatırla sən də məni.

Yəqin, heç kəs unutmaz,

Bütün vətəndə məni.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024)

 

Bazar ertəsi, 30 Sentyabr 2024 14:11

Şahbulaq qalası- Qarabağ xanlığının tarixi irsi

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi

 

 

Ölkəmizdəki mühüm tarixi abidələr barədə hər bir kəs, o cümlədən də gənc nəsil mütləq məlumatlı olmalıdır.

 

Şahbulaq qalası XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilmiş mühüm memarlıq abidəsidir. Ağdam şəhəri yaxınlığında yerləşən bu qala 1751-1752-ci illərdə tikilmişdir və Qarabağ xanlığının inzibati və hərbi mərkəzlərindən biri olmuşdur. Qalanın adı, onun yerləşdiyi ərazidəki gursulu bulaqdan – Şahbulağından götürülmüşdür. Bu qala Qarabağ xanlığının ərazisində inşa edilən ikinci mühüm müdafiə tikilisidir.

 

Şahbulaq qalası Pənahəli xanın göstərişi ilə inşa edilibdir və Bayat qalasından sonra xanlığın mərkəzi kimi fəaliyyət göstərmişdir. Memarlıq üslubu baxımından qala düzbucaqlı formadadır və onun divarları yarımsilindrik bürclərlə gücləndirilmişdir. Müdafiə funksiyasına uyğun olaraq tikilən qalanın divarları 7 metr, bürcləri isə 8,5 metr hündürlükdədir. Müdafiə məqsədi ilə divarlarda mazğal və diş sıraları əlavə edilmişdir ki, bu da müdafiə üçün səciyyəvi elementlərdən biridir.

 

Qalanın şərq tərəfində yerləşən əsas giriş qapısı ikimərtəbəli qüllə ilə qorunurdu. Üst qatında xan otağı yerləşirdi və bu otağa daş pilləkən vasitəsilə qəsr həyətindən çıxılırdı. Şahbulaq qalası yalnız müdafiə tikilisi deyil, həm də müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə edilmişdir. Lakin sonradan əsasən gözətçi məntəqəsi funksiyasını daşımışdır.

1990-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı Ağdamın işğalı ilə birlikdə Şahbulaq qalası da erməni qüvvələrinin nəzarətinə keçmişdir. İşğal dövründə qala böyük zərər görmüş və erməniləşdirilmə cəhdlərinə məruz qalmışdır. Son dövrlərdə isə qala bərpa edilərək kilsə kimi istifadə edilməyə başlamışdır ki, bu da Azərbaycanın tarixi irsinə qarşı törədilən vandallıq aktlarından biri kimi qəbul olunur.

 

2020-ci ildə baş tutan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ağdam da daxil olmaqla işğal altında olan torpaqlarını geri almışdır. Bununla birlikdə, Şahbulaq qalasının bərpası və qorunması məqsədilə müxtəlif işlərə başlanmışdır. Bu işlər çərçivəsində qalanın tarixi əhəmiyyəti bərpa olunmağa çalışılır və abidənin turizm potensialı dəyərləndirilir.

Şahbulaq qalası Azərbaycanın Qarabağ bölgəsinin ən mühüm tarixi və mədəni irslərindən biri hesab edilir. Qalanın turizm potensialı böyükdür və bu, onun həm yerli, həm də xarici turistlər üçün cəlbedici bir məkan olmasını təmin edir. Qalanın bərpası və qorunması istiqamətində aparılan işlər, onun turizm məkanına çevrilməsi baxımından mühüm addımların atılmasına səbəb olmuşdur. Qarabağ Regional Turizm İdarəsinin əməkdaşları qalanın turizm məhsulu kimi dəyərləndirilməsi üçün mütəmadi olaraq orada tədqiqatlar aparırlar.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Türkiyənin “Genç Yürekler” jurnalının təqdim etdiyi 51 türk müəllif inin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.

 

 

“Zorba, Kınalı Serçe ve Joker”

 

Alparslan Demirbilek

 

“Herkes kendi yolunu izler. İnsan bir ağaç gibidir. Neden kiraz vermiyor diye incir ağacını hiç azarladığın oldu mu?”

Kazancakis’ten alıntıladım, çok severim bu cümleyi ben. Alıntıyla yolcuğuma eşlik etmeye ne dersin? Belki ağacımız bir gün kiraz verir.

Aslında hepimizin bir manzarası var, bir derdi, bir sevdiği, bir sabrı, bir mucizesi; ama ne sahip olduklarımızı, ne de manzaramızı görebiliyoruz. Bir telaş, bir telaş... Kendi karanlığımıza gömüldüğümüz zaman ait olduklarımıza fırtına oluyor, gözümüze bir ışık geldi mi, fırtınadan kalanlarımıza sevgi baharları dağıtmaya çalışıyoruz. Gerçeklerden kaçmak da bir nevi çözümlerden kaçmak değil midir? Bir boşluk ve karanlık... Ne zaman kaybolduğumuz ve nerede olduğumuz bir kırılma anında yüzümüze tokat gibi inmez mi?

Ufacık şeylerden mutlu olanlardan ufacık şeyler esirgerken ufacık şeyleri hak etmeyen insanların önüne dünyayı serme çabası hayat. İşte burada incir ağacına yükleniyoruz kiraz vermediği için. Eğer incir ağacı kiraz verseydi, bu defa da niçin incir vermiyorsun diye azarlayacaktık. Ama öyle doyumsuzluklarımız var ki, incir ağacının bile kiraz vermesini sağladık. Bir ağaçtan çok meyve almayı başardık. İşte şimdi isteyen korksun. Kendisini iyileştirenler pek cesur ve güçlü olurlar.

Bir halk masalında göğsü kınalı serçe kuşu vardır, ufacık. Gök gürleyince yere yatar da, ayaklarını havaya kaldırırmış. “Neden böyle yapıyorsun?” diye sormuşlar. “Bu kadar mahlukat var yerde, olur da gök yıkılıverirse dayak olmak için ayaklarımı kaldırıyorum” demiş.

Dermiş demesine de, bir yandan da titrermiş gök gürlerken. “Korkumdan” dermiş, “kırk kantar yağım eriyor”. “Be!” demişler, “Senin kendin yoksun beş dirhem, nereden oluyor da kırk kantar yağın eriyor?” “Aaaa! Âlemin kendine göre dirhemi, kantarı var” demiş serçecik. “Siz ne anlarsınız kimin içinde ne var?” Çocukluğumda dinlemiştim bu masalı, işte kimi göğü tutar kimden habersiz, kimi de göğü başına yıkar herkesten haberli.

“Joker” kelimesinin birçok yerde farklı amaçlar için kullanıldığını duymuşsunuzdur. Bazıları jokeri bir insanı tanımlamak için kullanırlar. Joker insanlar, iki kişi arasında arabuluculuk yaparlar, ve ya şaklaban ya da şebek oğlanıdırlar. Joker kız hayatta karşımıza çıkan ve bize iyi geldiğini düşündüğümüz hatun kişidir ya da visa versa... İskambil kağıtlarındaki joker resimlerine dikkatle bakarsak kralın soytarısı olduğunu da görürüz. Ortamı güzelleştiren, sevinç ve neşeye boğan kişi anlamına da gelebiliyor. “Joker” filmini de izlemişsinizdir-acıya bağışıklığı olan bir kahraman... Hayatın iyi insanları nasıl birer psikopata çevirdiğini güzel-güzel anlatan kahraman. O filmde bütün saatler 11.11’dir mesela. Neden?

Joker küçük bir delidir, herkesten farklıdır o. Ne sinektir, ne karo, ne kupa, ne de maça... Sekiz ve ya dokuz, papaz ve ya bacak değildir. Her şeyin dışındadır, ötekilerle aynı yere ait değildir. Gerçi öbür kartlarla aynı pakette bulunur; ama orası onun kendi evi değildir aslında. Bu yüzden de çıkarılıp bir kenara konabilir, hiç arayanı-soranı olmadan. Her zaman ve her yerde deli şapkası ve şıngırdayan çıngıraklarıyla küçük bir deli çıkabilir ortaya ve gözlerimizin ta içine bakıp sorar: “Kimiz biz?”

“Neden incirlerim varken benden kiraz istiyorlar, canları ne çekerse o mu olmalıyım? Ya bir gün canları incir isterse?”

O ol! Neysen o...

“Zorba” Kazancakis'in mükemmel eseridir. İçinde çok lezzetli baharatlar barındıran çok güzel bir yemek düşünün. Her biri ağzınızda farklı bir tat bırakır. “Zorba” da sizde çok farklı duyguları aynı anda uyandırabilecek kadar başarılı bir eser. İçinde ne yok ki?! Aşk, dram, hüzün, sirtaki, özgürlük, farkındalık, ince espriler, tarih, insan doğasından kesitler...

Eğer bir roman karakteri olsaydım mutlaka Zorba olurdum. Bir masalın kahramanı olsaydım göğsü kınalı serçe... Ve bir film kahramanı olsaydım kesin Joker olurdum.

“Ben kötü biri değilim, sen iyi biri olmamı hak etmemişsindir.”

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024)

Bazar ertəsi, 30 Sentyabr 2024 09:29

Zəfər qoxan şeirlər Ankarada

Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”

 

 

 

Şuşa Konqres Mərkəzində təşkil olunan və Türkiyənin dövlət rəsmilərinin, Silahlı Qüvvələrin təmsilçilərinin, diplomatik korpus nümayəndələrinin, Türkiyədə təhsil alan azərbaycanlı hərbçilərin, şəhid ailələrinin, qazilərin və yerli ictimaiyyətin iştirak etdiyi tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsibir dəqiqəlik sükutla yad edilib.

 

Hər iki ölkənin dövlət himninin ardından şəhidlərimizin ruhuna dualar oxunub.

Azərbaycan torpaqlarının azadlığı uğrunda həlak olmuş Şəhidləri Anma günündə Avrasiya Yazarlar Birliyi və Azərbaycanın Türkiyədəki Səfirliyinin dəstəyi ilə işıq üzü görmüş “Zafer kokan şiirler” kitabının da təqdimatı keçirildi. Zafer kokan şiirler” kitabının təqdimatında Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfiri Rəşad Məmmədov və səfirliyin əməkdaşları,

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) sədri Aygün Attar, Səfirlik nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları,  Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi Emrah Yücensi, şəhid mayor Aqşin İbadovun qardaşı, polkovnik-leytenant Məmmədhüseyn İbadov iştirak edirdilər.

Kitabın təqdimatında Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov, kitabda şerləri yer alan II Qarabağ döyüşlərinin iştirakçıları Eyvaz Əyyub, Səbuhi Qurbanov da iştirak edirdilər.

 “Zafer Kokan şiirlər” kitabını çapa hazırlayan Aida Eyvazlı Göytürk qeyd edib ki, şəhid vətən qəhrəmanlarından qalan son yadigar olan şeirlər, vətən müharibəsi iştirakçılarının müharibə zamanı keçirdikləri hisslərin yer aldığı  kitabın ilk versiyası Azərbaycan Mədəniyyət Nazirliyinin  və “Söz” Ədəbi Birliyinin sədri Nigar Həsənzadənin dəstəyi ilə “İgidlərin” sözü layihəsində işıq üzü görüb. Türükiyədə Avrasiya Yazarlar Birliyinin sədri mərhum Yakub Öməroğlunun təklifi ilə kitab yenidən işlənərək, yeni əlavələrlə türkiyəli gənc tərcüməçi Atabəy Barış tərəfindən  türk dilinə uyğunlaşdırılıb. Yakub Öməroğlunun dünyadan köçməsinin 40-cı günündə həm də onun sevdiyi bir kitabın təqdimatının keçirilməsi də təsadüfi deyildi.

Şəhidlərimizdən qalan sözlər yadigardır. Mən inanıram ki, “Bengü” Yayımlar tərəfindən çap olunan “Zafer kokan şiirler” kitabı hər bir türkiyəli oxucu üçün maraqlı və məzmunlu olacaq. Bu şerlərdə qələbəyə inam, qardaş Türkiyə və Azərbaycan dövlətinin gücündən güc alan igidlərimizin Vətən, torpaq, zəfər duyğuları yer alıb.

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov şəhid olmuş Azərbaycan qəhrəmanlarının xatirəsinin yad edilməsində xidmətlərinə görə Aida Eyvazlı Göktürkə minnətdarlığını bildirib, qardaş Türkiyə ictimaiyyətinin Azərbaycan şəhidləri haqqında məlumatlandırılmasının vacibliyini vurğulayıb.

“İgidlər ölməz, Vətən bölünməz!”

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024)

 

43 -dən səhifə 1770

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.