Super User

Super User

Murad Vəlixanov,  “Ədəbiyyat və İncəsənət” 

 

Bu gün nə film, nə tarixi şəxsiyyət, nə də bir aktyor haqqında danışacağam. Bu gün 107 yaşlı qocalmaq bilməyən, nə qədər silkələnsə belə düşməyən çinar barədə- AZƏRBAYCANIMIZ barədə danışmaq istəyirəm. Auditoriya olaraq isə uşaqları seçmişəm. Öncə onları Səfəvilər dövlətinin yarandığı dönəmə aparacam.

 

1501-ci il dekabrın 22-də Şah İsmayıl Xətai 15 yaşında taxta çıxaraq Səfəvilərin əsasını qoydu və paytaxt şəhər Təbriz seçildi. Buna kimi bizim dövlətçilik ənənələrimiz var idi əlbəttə. Amma Səfəvilər əsl imperiya oldu, qüdrəti aləmə yayıldı. Ona görə də mən bu dövlətdən başladım söhbətimə.

Yaranışından süqut etdiyi günə qədər çox müharibələr, çox şahlar, sultanlar görən Səfəvilər dövlətində Şah İsmayıl Xətainin əmri ilə rəsmi dil olaraq Azərbaycan türkcəsi elan edildi. Osmanlı dövləti ilə aparılan müharibələr zamanı müəyyən ərazilərin itirlməsi nəticəsində  paytaxt Qəzvin şəhərinə köçürüldü. Şah I Abbas hakimiyyətə gələndən sonra paytaxt İsfahan şəhəri oldu. Bu dünyada neçə-neçə dövlətlər qurulmuş və süqut etmişdir. Eyni hal Səfəvilərdə də yaşandı və dövlət 1736-cı ildə süqut etdi. 

Türk çörəksiz susuz yaşayar, amma dövlətsiz yaşaya bilməz. Bu deyim 1918-ci ildə özünü doğrultdu və Şərqdə ilk Cümhuriyyət quruldu. Adı da Azərbaycan Xalq Cümhuriyyəti oldu. Qurucusu da unudulmaz insan, dahi şəxsiyyət, bu gün də hər birimizin qəlbində yaşayan Məmməd Əmin Rəsulzadə idi.

Cəmi 2 il ömrü olmasına rəğmən qəbul etdiyi qərarlar və nizam-intizamı ilə bütün dövlətlərə örnək oldu. Cümhuriyyətimizin ilk baş naziri olduğu kimi, ilk Müdafiə Naziri də oldu və bu şəxs Səməd Bəy Mehmandarov idi ki, bu şəxs günü bu gün də hamı tərəfindən xatırlanır və adı çəkiləndə ruhuna bir fatihə surəsini çox görmürük.  

“İki qoçun başı bir qazanda qaynamaz” deyib atalarımız. Özündən başqa dövlət, özündən başqa böyük sevməyən  Rusiya 1920-ci ildə 1-ci Qırmızı Ordunu Bakıya göndərdi və Azərbaycan Xalq Cümhuriyyəti rəsmi olaraq süqut etdi. O gündən etibarən Azərbaycan SSR adlı müstəqil olmayan bir respublikaya sığındıq. Şanlı üç rəngli bayrağımız dirəkdən endirildi və yerinə SSRİ bayrağı asıldı. Bu millət düz 71 il o bayrağı seyr etdi. SSRİ-nin gəlməsi bir bəla idi, qoyduğu qadağalar ikinci bir bəla oldu. Nə dadımız qaldı, nədə duzumuz. Novruz bayramı belə gizli-gizli qeyd edilirdi. Bir millətə 71 il cəhənnəm yaşadıldı. Bəlkə də haqq dünyasına köçənlər, sağ olanlar qədər yanmadı. Onlar ən azından güllə ilə, süngü ilə həlak oldular və şəhid adını qazandılar. Geridə qalanların payına isə göz yaşı qalmışdı. Əsarəti bitirməyin vaxtı çatmışdı. Bir şeylər edilməli və bu murdar düzəndən qurtulmaq lazım idi. 1990-cı ilin soyuq yanvar ayı azadlıq atəşi ilə isindi. Minlərlə Azərbaycan vətəndaşı küçələrə çıxaraq azad yaşamaq istədiklərini Sovet hakimiyyətinə hayqırdı. Əli silahsız insanlara əl qaldırmaq, atəş açmaq düşmənlərimizin çoxdankı adəti idi. Həmişə olduğu kimi onlar “duruşunu” pozmayaraq qadınlara, uşaqlara, qocalara atəş açdılar, tankları ilə insanların, maşınların üstündən keçdilər. Başqa dövlətin insanı olsaydı çoxdan qorxudan evinə girər, qapını bağlayardı. Ancaq mövzu damarında türk qanı axan, soyu Səfəvilərdən gələn bir milləti mərmi ilə, top atəşi ilə qorxutmaq mümkünsüz idi. O gecə azadlıq eşqimizi, hüriyyətimizi qanla yazmışdıq. Çox şəhid, çox itki vermişdik. Ancaq istədiyimizi də almışdıq. Elə o gecədən sonra SSRİ ayaqda qala bilmədi və bir daha qurulmamaq üzrə dağıldı. Müstəqilliyini yenicə əldə etmiş bir dövlətin başı hər zaman bəlalı olur. Bu bəla bizdən də yan keçmədi. 1988-ci ildən etibarən Ermənistan dövləti Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə başlamışdı, müstəqillik dönəmində biq rədər də azğınlaşdı.  Qərbi Azərbaycanda yaşayan sonuncu azərbaycanlı ailəsinində ata-baba yurdundan qovulması və ermənilərin Qərbi Azərbaycanı işğal etməsi gözlərini yenə də doyurmadı. Nəticədə 1992-ci ildə 1-ci Qarabağ Müharibəsi başladı. Rusların da yardımı və dəstəyi ilə ölkəmizə və millətimizə qarşı misli görülməmiş soyqırım həyata keçirildi.

Hər nə qədər ağır itkilər versə belə Azərbaycan düşmən qarşısında əyilib bükülmədi və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə birlikdə ordu quruculuğunda böyük islahatlar başladı. Bu islahatlar 1994-cü ildə bəhrəsini verdi və ilk hərbi qələbəmizi qazandıq. Füzuli rayonu Horadiz qəsəbəsi ilə birlikdə 12 kənd düşməndən tam təmizləndi. İrəliləmək və düşməni Qarabağdan birdəfəlik qovma şansımız olsa belə din qardaşlarının dara düşdüyünü görən Rusiya elə həmin il ABŞ və Fransanında vasitəçiliyi ilə  Minsk Qrupu yaratdı, atəşkəs imzalandı ki, sonralar bu atəşkəs dəfələrlə pozulacaq və həm hərbi, həm də dinc  Azərbaycan vətəndaşının həlak olması ilə nəticələnəcəkdi.

Ulu Öndər Heydər Əliyevin vəfatından sonra Prezident olan İlham Əliyevin başçılığı altında hər şey yenidən başladı. 2003-cü ildə Prezident İlham Əliyev önündəki vəzifənin nə qədər çətin və məsuliyyətli olduğunu bilirdi. Buna görə də səbrli və təmkinli olmaq lazım idi. Ancaq nə millətimizin, nə də ordumuzun səbri qalmamışdı. Xocalıda həlak olan minlərcə qadının, uşağın, yaşlının qanı yerdə qala bilməzdi. Səbr kasamızın ilk qırıntısının düşməsi 2016-cı ilin aprel ayına təsadüf elədi və ordumuz ermənilərin həmləsinin qarşısını alaraq sürətli əks-hücum əməliyyatı başlatdı və nəticədə  bir neçə kənd və Lələtəpə yüksəkliyi azad edildi. Bu, eyni zamanda 2010-cu ildə təkbaşına minalanmış sahəni keçərək ermənilərə və Ermənistana həyatları boyu unuda bilməyəcəkləri bir şillə çəkən Mübariz İbrahimovun həmləsinin davamı idi ki, bunun hələ ardı da olacaqdı. 

2016-cı ildə yedikləri şapalaqdan dərs çıxarmayan ermənilər müharibə cinayətlərinə davam edərək  3 yaşlı Zəhra Quliyevanın qanına girdilər. Təbii ki, bu barbarlığın da bir cavabı olmalı idi və oldu da. Kiçik Zəhranın tökülən qanına qarşılıq ermənilərin xeyli atəş nöqtələri dəqiq zərbə ilə məhv edildi. Yenə də Rusiya araya girərək iki ölkəni danışıqlar masasına dəvət etdi.  33 il gözümüzün içinə baxaraq bizə düşmən olan şimal “qonşularımız” bu dəfə Ermənistandan kukla əvəzi istifadə edərək bizim həm vaxtımızı alır, həm də quyumuzu qazırdılar.  Ancaq ALLAHIN DA bir hesabı var idi.  2020-ci ildə ermənilərin törətdiyi  növbəti müharibə cinayəti bizim səbrimizin, onların isə soylarının sonunu gətirdi. Sentyabr ayında  Cəbrayıldan başlanan zəfər yürüşümüz noyabr ayında Şuşada  bitdi və ermənilər, din qardaşları olan rusların köməyə gəlmədiyini görüb köklərinin tamamilə Qafqazdan silinməməsi üçün ağ bayraq qaldırdı. Bu “ağ bayrağın” nə məna daşıdığını millət olaraq çox təcrübə etmişdik. Gəncədə və Bərdədə etdiyimiz kimi. Noyabrın 10-da Rusiyanın təşəbbüsü ilə sülh sazişi üzərində işə başlandı və ermənilərə  Ağdam, Laçın və Kəlbəcəri ordumuza təhvil verməsi üçün 2 ay vaxt verildi. Bütün Qafqazlılar kimi biz də ermənilərin xislətinə bələd idik və Qarabağdan çıxarkən mərdimazarlıq edəcəklərini bilirdik.  Başqa cür ola da bilməzdi axı. Ermənilər Laçın və Kəlbəcərdə meşə yanğınları törətdi və bölgəni tərk edərkən kilsə və monastrda yerləşən dini və tarixi əşyaları oğurladılar. Hətta gedərkən erməni dilində  “geri gələcəyik” yazısını qoyub getdilər.  

“DƏMİR YUMRUĞ”un ağrısı keçmişdi. Deməli bunlara  “DƏMİR YUMRUĞUN” yerində olduğunu biriləri xatırlatmalı idi və bu, 2023-cü ilin sentyabr ayına təsadüf elədi. Ermənilərin törətdiyi mina terroru nəticəsində 5 polis əməkdaşımız şəhid oldu. Nəticədə ordumuz Konstitusiya quruluşumuzun və suverenliyimizin bərpası məqsədi ilə anti-terror əməliyyatlarının başlaması barədə qərar qəbul etdi.

“Geri gələcəyik” mesajını verən ermənilər 24 saat dolmadan yenidən ağ bayraq qaldıraraq Qarabağda olan tör-töküntülərini toplayıb  torpaqlarımızı tərk edəcəklərini bəyan etdilər.

Bəli, tarix boyu biz zülmə boyun əyməyən bir millət olmuşuq. Deyil 107, 207 ildə keçsə Türkün xasiyyəti dəyişməyəcəkdir. Molla Pənah Vaqifin Qacara dediyi kimi  “Əyilmədim Bəli! Əyilməz vicdanın böyük heykəli”.

Unutmayın, Qurd dərisini dəyişər, amma xasiyyətini dəyişməz! 

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

El bilir ki sən mənimsən,

Yurdum, yuvam məskənimsən,

Anam, doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

 

Azərbaycan – xalqına və əcnəbi vətəndaşlara sığınacaq olan, gözəlliyi, sərvətləri, strateji yerləşməsi ilə  keçmiş dövrlərdən bu günə qədər yadellilərin hücumuna məruz qalan doğma vətənim.

Bu gözəllikləri qorumaq üçün öz canını heçə sayan, “yetər ki o azad olsun, üç rəngli, ay-ulduzlu bayrağımız göy üzündə dalğalansın” deyə canını fəda etmiş qəhrəmanların diyarı. Yurdumuzda vətənini canı-könüldən sevən igidlər doğulub – böyüyür və bu şərəfli yolda canlarını qurban edirlər. Onlar “vətənə sədaqət, düşmənə nifrət”, “mənim sədaqətim, mənim şərəfimdir”, “şərəf həyatdan ucadır”, "su kimi səssiz, kölgə kimi qara”, “asan gün dünən idi”, “daxili qoşunlarda xidmətinlə fəxr et” kimi müxtəlif şüarlar altında, müxtəlif ağır təlimlər çərçivəsində Vətəni qorumaq üçün yetişdirilirlər.

 

Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. ARK - Maddə/9”

Ümumilli lider Heydər Əliyevin təbirincə desək: Biz elə nəsil yetişdirməliyik ki, təkcə bizim vaxtımızda yox, bizdən sonra da onlar Azərbaycanın xətalara düşməsinə imkan verməsinlər. Onlar düz yolla, doğru yolla, milli hissiyyatlar yolu ilə getməlidirlər.

İllərdir müəyyən zaman kəsiyində doğma torpağımıza basqınlar olmuş, bu hücumların qarşısı alınarkən neçə-neçə mülki vətəndaşlar və hərbi qulluqçularımız şəhadət şərbətin içmiş, şəhid olmuşlar. 20 Yanvar, Xocalı faciəsi, Aprel döyüşləri, təcavüzə qarşı 44 günlük Vətən müharibəsi, Gəncə terroru, antiterror əməliyyatları düşmənlərimizin bizə qarşı əsası olmayan qeyri-etik davranışlarının nəticəsi. 

 

Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır.

Şəhidlərimiz ən ali qürur mənbəyimizdir - Müdafiə Nazirliyi.

 

Bu gün bizim əsir düşməsin deyə bomba ilə özünü partladan xüsusi təyinatlı gizir Əliyev Kərim kimi, erməni dilini təmiz bilən, onların içinə sızan, etibar əldə edən, ermənilər tərəfindən Niva markalı maşın hədiyyə edilən və həmin maşınla da içərisində nə qədər erməni komandirini əsir kimi vətənimizə gətirən xüsusi təyinatlı gizir Ələsgərov Zaur kimi, ömrünün 18 ilini Vətənə xidmət edən, Hadrutda əməliyyat zamanı erməni rabitə qovşağına qoşularaq güllə atmadan 1500-dək erməni əsgərini başqa istiqamətə yönləndirən, erməni dilində onların öz rabitəsi ilə düşmənin generallarına “geri qayıdın” əmri verən peşəkar kəşfiyyatçı və bu xidmətinə görə Hadrut fatehi adlandırılan, xüsusi təyinatlı qüvvələrin baş giziri İsmayılov Camal kimi, bir erməni generalını və polkovnikini əlləri ilə boğan 19 yaşlı Dövlətzadə Cəbrayıl kimi adlarını qızıl hərflərlə yeni tariximizə yazan neçə-neçə şəhidlərimiz və igidlərimiz vardır.

Bu gün onlardan biri – Camal İsmayılov barədə danışmaq istəyirəm.

 

Şəhidimiz Camal İsmayılovun şərəfli həyat və döyüş yolu

 

Rus, ingilis, erməni dilini sərbəst bilən şəhidimiz 1984-cü ilin iyulun 7-də Neftçalanın Həsənabad qəsəbəsində anadan olub. Ailəsi 1986-cı ildə Rusiyanın Krasnoyarsk vilayətinin İqarka şəhərinə köçüb. Orada rus dilində təhsil alıb. 1991-ci ildə yenidən Azərbaycana geri dönüblər və orta məktəbi Neftçalada bitirib. O, dağ xizəkçiliyi üzrə kitablar tərcümə edib dərslik hazırlayırdı. Dağ xizəkçiliyini, paraşütçülüyü peşəkar şəkildə öyrənmişdi.

2002-ci ildə Camal ordu sıralarına çağırılıb. Orada Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat və rabitəçi qrupuna seçilib. Türkiyədə 2014-cü ilin may-iyun ayları ərzində paraşütçülük kursunu bitirib. Daha sonra 2015-ci ildə “Turaz Şahini” təlimlərində iştirak edib. Həmin ilin 28 sentyabr-16 oktyabr tarixlərində Gürcüstanda keçirilən “Dağçılıq və xizək” təlimlərində iştirakına görə sertifikat alıb. 2019-cu ildə isə ABŞ, Pakistan, Gürcüstan, Azərbaycan və Türkiyənin iştirakı ilə keçirilən xüsusi 4-cü korpus təlimlərinə qatılıb, fərqlənmə sertifakatına sahib olub.

“Qüsursuz xidmətə görə”, Azərbaycan Respublikası Silahı Qüvvələrinin yubiley medalı, Rusiya Müdafiə Nazirliyinin iştirakçı medalı ilə, ümumilikdə isə 7 dəfə fəxri medalla təltif olunub. Baş gizir heç vaxt evdə işi, iştirak etdiyi əməliyyatlar haqqında danışmazdı. Həyat yoldaşı deyir ki, yalnız onun ölümündən sonra necə bir qəhrəmanın xanımı olduğunu bilib.

Şəhidimiz deyirdi -  "Hərbçilər təqaüdə çıxmırlar, onların kağızları şəhidlikdir. Ya şəhid olandan, ya da adi qaydada öləndən sonra mənim haqqımda öyrənəcəksiniz."

 

Həyat yoldaşı Fatimə İsmayılovanın dediklərindən:

“Ailəsi olaraq bilirdik ki, kəşfiyatçıdır, başqa heç nə. Aprel döyüşlərində də iştirak etmişdi. Amma orada baş verənlərdən bir kəlmə də danışmadı. Sadəcə olaraq silahdaşlarını itirdiyinə görə çox pis olmuşdu. Ondan həmişə "müharibə olsun", "torpaqlarımızı alaq" sözünü eşidirdik.

Füzulinin, Cəbrayılın, Hadrutun, Ərgünəş yüksəkliyinin, Qubadlının və Laçına nəzarət edən yüksəkliyin azad olunmasında onun qəhrəmanlığı danılmazdır. Döyüş yoldaşları danışır ki, Hadrutda əməliyyat zamanı erməni rabitə qovşağına qoşularaq güllə atmadan 1500-dək erməni əsgərini başqa istiqamətə yönləndirib. Erməni dilində onların öz rabitəsi ilə düşmənin generallarına əmr verib ki, geri qayıdın. Bununla da onları aldada bilib və həmin mövqelərə bizim əsgərlər yerləşiblər. Daha sonra Hadruta su gətirməyə gediblər. Görüblər ki, digər dəstə mühasirəyə düşüb. Oradan 3 nəfərlə həmin dəstəni mühasirədən çıxarıblar və ermənilərin özlərini pusquya salıblar.

Füzulinin azadlığı uğrunda gedən döyüşlərin birində hərbçi yoldaşını xilas edərkən yaralanıb. Az bir vaxtda xəstəxanada müalicə aldıqdan sonra döyüşlərə yenidən qoşulub. Bizim bundan xəbərimzi olmayıb. O boyda əraziləri azad etmişdilər, telefonda bir kəlmə deməzdi, adi gün kimi normal, sadə danışırdı. Mən deyirdim, Camal, filan yeri azad etmişik, televizordan elan veriblər. Telefonda gülürdü, hiss edirdim ki, oradadırlar, ancaq mənə heç nə demirdi. Bir kəlmə bildirİRdi ki, həddindən artıq qəribə hisslərdir, bunu yaşamaq lazımdır. İnşallah yayda gəlib burada istirahət edərik. Pozitiv danışırdı, heç vaxt bizi müharibədədir deyə sıxmırdı.”

_

Baş gizirin sonuncu döyüşü Laçın dəhlizinə nəzarət edən yüksəkliyin azad edilməsi uğrunda olub

 

Şəhid xanımı: “17 nəfər olubar. Camal qrup rəhbəri imiş. Gedib həmin hərbi hissəni ələ keçiriblər. Ancaq qüvvələr qeyri-bərabər imiş. 500 nəfər erməni ilə 17 nəfər hərbçimiz 2-3 saat dayanmadan döyüşüb. Son güllələrinə qədər atıblar. Yoldaşım oktyabrın 19-dan 20-nə keçən gecə həmin ərazidə şəhid olub.

Həmişə fikirləşirdim ki, görəsən, şəhid olanda son anda nə düşünüb? Nəşini gətirəndə məndən soruşdular ki, Fatimə hansı qızınızın adıdır? Dedim, Fatimə mənəm. Bildirdilər ki, son nəfəsində mənim adımı çağırıb. Üstündəki “ratsiya” açıq imiş, döyüş yoldaşları onun bu çağırışını eşidiblər.

Təxminən 200 nəfərə yaxın ermənini bıçaqla, boğaraq məhv edibmiş. Hamısını da öldürə-öldürə deyirmiş ki, Xocalının qisasını alıram. Həmişə bildirirdi ki, bu, təkcə torpaq məsələsi deyil, həm də namus işidir. Xocalı soyqırımını qəbul edə bilmirdi. O, bizim namusumuzu, Azərbaycan xalqının üzərindən o ləkəni təmizləyib. Uşaqlar atalarının yoxluğunu dərk edirlər, çox darıxırlar. Deyirəm, atanız kəşfiyyatçı idi, bəlkə də o biri dünyanı kəşf etməyə gedib...”. 

 

Vətən sevgisi imandandır

 

Arzusu  torpaqlarımızı almaq və qismət olsa, şahadətə ucalmaq idi. 37 yaşında o arzusuna çatdı, həm torpaqlarımız azad oldu, həm də Şəhidlik zirvəsinə ucaldı. Camal İsmayılov peşəkar hərbiçi olmaqla yanaşı həm də dünyagörüşlü bir ata idi. Qızlarının gələcəkdə xaricdə təhsil almalarını planlayırdı. Onların dünyagörüşlərinin çox olmasını istəyirdi. Oğlu isə onun şəhadətindən 4 ay sonra fevral ayının 2-də dünyaya göz açmışdır. Özünün istəyi olub ki övladının adı Alp Arslan olsun. Böyüdükdə idmançı olmasını istəyirdi. Camal İsmayılov özü də idmançı olmaq istəyirmiş və boks üzrə yarışlarda iştirak edirmiş. Amma tale bunu ona qismət etmədi.

Allah rəhmət eləsin!

 

Mən Camalın həyatını oxuduqca həm kövrəlir, həm də fəxr hissi duyurdum. Fəxr edirəm ki, qəhrəman oğulları və qızları olan şanlı ölkənin mənsubuyam. Azərbaycan xalqı canını bu müqəddəs və şərəfli yolda fəda edən şəhid, qazi, veteran və hərbi qulluqçuları ilə fəxr edir, qürur duyur.

Arzumuz budur ki, daim ölkəmizdə igidlərimizə diqqət və qayğı göstərilsin və onlar daim diqqət mərkəzində olduqlarını bilsinlər. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazi və veteranlarımıza Şafi ismi ilə şəfa, hərbiçi və əsgərlərimizə can sağlığı nəsib etsin! Amin!

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2025)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Beş yaşınadək keçmiş “Sovetsk”idə - “Həmşəri palanı” küçəsindəki 7 kvadrat-metrlik bir evdə böyüyüb. Sonra yeni mənzilə köçüblər. Ailədə üç uşaq olublar. Daha sonra institutut, əsgərlik, bədii yaradıcılıq, televiziya və “Dalğa” verilişi. Onu Azərbaycana tanıdan da elə “Dalğa” oldu…

 

Deyir ki, “Səmimi bir etiraf edim: atamın mənim üçün kim olduğunu hələ tamamilə dəqiqləşdirə bilməmişəm. Hətta həyatımda oynadığı rolu da dəqiqləşdirə bilməmişəm. Bilirəm ki, məndə nə varsa, hamısı atamdandır. Amma nə vaxt verib, necə verib, hansı mexanizmlə verib, bilmirəm”... 

 

Nikbin, məğrur, dövrlə ayaqlaşan, ətrafında cəryan edən hadisələrə həssas, səbrsiz insandır. Gördüyü iş ürəyincə olmayanda, ideyaları tükənəndə, bəzən dünyadan bezir. Amma böyük işlər görmək həvəsi heç zaman onu tərk etmir...

Söhbət İlqar Əlfioğludan gedir. Atası Əlfi Qasımov əslən Ağdam rayonunun Poladlı kəndindən idi. Azərbaycan yazıçısı, jurnalist, publisist və tərcüməçi kimi yaddaşlarda yaşayır. 1985-ci ilin mart ayında ürək çatışmazlığından vəfat edib. Anası Rəhilə xanım isə müəllim işləyib...

Yüksək intuisiya, hissetmə qabiliyyətinə malikdir. Bəzən həmsöhbətini gipnoz etməyi bacarır. Qəribə xasiyyətləri çoxdur. Həzin musiqi səsindən, şam işığından, tənhalıqdan ilhamlana bilir...

 

“İllər həyatımızdan metro qatarı kimi keçir. Ətraf qaranlıqdır, bir şey görmürsən, ancaq gurultusu qalır beynində. Stansiyalarda işığa çıxırsan, amma hansı dayanacaqsa sonuncudu, artıq düşməlisən...

Hər iki başı zülmət olan bu yolu hamı keçir, içində işıq daşıya bilsə, xoş halına...”- söyləyir.

Mübariz, haqsızlığa qarşı amansızdır. Yanında kiminsə haqqı tapdalananda sərt reaksiya verir. Buna görə də bəziləri onu acıdil adam kimi tanıyırlar. Heç zaman ruh düşkünlüyünə mübtəla olmur. Əksinə çətinliklə üzləşəndə daha əzmkar, daha döyüşkən olur. Sadə geyinməyi xoşlayır. Onun üçün insanların libası yox, daxili keyfiyyətləri əsasdır…

 

Deyir ki:- “Ömrüm 20 yaşına qədər acı bağırsaq kimi uzanırdı. 20-70 arası isə heç bilmədim necə keçdi. İndi hər günümü dəyərləndirirəm - görəsi o qədər iş var ki. Sadəcə, planlar qurub Allahı özümə güldürmək istəmirəm - məsləhət Onunkudur.”

 

Gözlərində qəribə bir kədər var. Keçmişin acı xatirələri onu heç vaxt rahat buraxmır. Odur ki, güləndə sanki ürəkdən gülmür…

"Dünən sənin normal insan kimi saydığın adam bu gün imkanlı olub, varlanıb eşşəklikedirsə, deməli o, elə eşşək olub. Sadəcə eşşəkliyini göstərməyə imkanı olmayıb..."- söyləyir.

Bu gün –martın 26-sı İlqar Əlfioğlunun 70 yaşı tamam olur. Bu gün o, qocalığın cavanlığını arxada qoyub, qocalığın ahıllıq dövrünə qədəm basacaq. Amma qəti qorxusu yoxdur, hələ qarşıda onu qocalığın özü gözləyir. Qocalmaq isə hər adama nəsib olmur...

Yeri glmişkən, İlqar Əlfioğlu bəlkə də ölkədə yeganə jurnalist, tərcüməçi, yazıçı, televiziya aparıcısıdır ki, xidmətləri indiyədək "Dövlət baba" tərəfindən əsla mükafatlandırılmayıb. Necə deyərlər, elə bil çörəyinin duzu yoxdur. Nə bilim, bəlkə də yada salan olmayıb...

70 yaşın mübarək, İlqar Əlfioğlu! Sən ən azından, Əməkdar Jurnalist adını haqq eləmisən.

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2025)

 

Çərşənbə, 26 Mart 2025 10:16

Günün fotosu: Fransada yumurta savaşı

Günün fotosu: Fransada yumurta savaşı

 

 

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

BFM TV telekanalı ilə çıxış edən Fransanın bazarlar üzrə vitse prezidenti Mariya da Silva ölkədəki yumurta qıtlığının əsas səbəbinin müəsəlmanların Ramazan ayı ilə bağlı olmasını dilə gətirərək söylədi: 

“Ramazanda insanlar daha çox yumurta yeyirlər. Çox biçirir, desertlər hazırlayır, bol yumurta işlədirlər. Bu da qıtlıq yaradır.”

Bu antiislamçıları kəskin hücuma keçirdi, müsəlmanları isə müdafiəyə sürüklədi.!

 

Şəkildə: AP fotoqrafı bir müsəlman süfrəsini çəkib nümayiş etdirir.

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2025)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə  Quzu fisincanplovunun hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

DÜSTUR:

§ Quzu əti – 159 qr

§ Kərə yağı – 50 qr

§ Soğan – 50 qr

§ Düyü – 100 qr

§ Qoz ləpəsi – 32 qr

§ Nar şirəsi – 30 qr

§ Narşərab – 15 qr

§ Şəkər tozu – 10 qr

§ Zəfəran – 0,1 qr

§ Sarıkök – 0,2 qr

§ Darçın – 0,2 qr

§ Qazmaq – 30 qr

§ Duz – 6 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Quzu əti 30-35 qramlıq tikələrə doğranır. Enli, çox da dərin olmayan qazanda yağ qızdırılır. Doğranmış quzu əti yağda qızardılır. Üzərinə doğranmış soğan əlavə olunur, bir- likdə qızardılır. Qızarana yaxın xır- da doğranmış və ya üyüdülmüş qoz vurulur, tovlanır, sonra duz, istiot, darçın, sarıkök, nar şirəsi, narşərab, işgənə əlavə edilir, qarışdırılır. Ağzı bağlanır və bişirilir. Ət bişənə, suyu çəkilənə yaxın altının odu azaldılır, bir müddət bişirilir. Ayrıca qazmaqlı plov dəmlənir. Hazır olduqda zəfəran şirəsi əlavə edilmiş düyü boşqaba çəkilir, üzərinə ərinmiş yağ əlavə olunur. Yanına qazmaq qoyulur. Fisin- can ayrıca dərin boşqab və ya kasada süfrəyə verilir. Bişmə müddəti 2 saa- ta qədər davam edə bilər.

 

QEYD: Fisincanın rənginin qaralması üçün nar şirəsi əlavə olunan zaman qızdırılmış nal və ya dəmir parçası qazana atılır. Həmin dəqiqə fisincanın rəngi dəyişir. Bu xörək ev, çöl heyvanlarından, ev, çöl, quru və su quşlarından, balıqdan hazırlanır. Nar olmadıqda turş meyvə və giləmeyvələrdən (qurudulmuş və ya təzə halda) istifadə oluna bilər. Əsasən, zoğal, zirinc, albalı, gilas, turş qırmızı alça, xartut şirəsi, turş gavalı şirəsindən istifadə olunur.

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2025)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATI SEVDİRƏK layihəsində bu gün sizlərə Mirzə Alikin prozası təqdim edilir. 

 

 

Qayıdış

 

Aeroportun şüşəbənd salonunda ağır hava vardı. Küçədən boylanan boz Bakı səhəri, adamların yorğun baxışları, səslərin içində itən tək-tük sevinc nidaları...

O, ətrafına baxdı. Hər kəsin kimsəsi var idi.

Əllərində ad-soyad yazılmış kağızlar tutan sürücülər, gözləri ilə kimisə axtaran adamlar, bəlkə illər sonra ilk dəfə bir-birini görən qohumlar... Hamı kimin üçünsə gəlmişdi.

O isə tək idi.

Hindistanlı və ərəb turistləri hava limanında xüsusi qarşılayan sürücülər diqqətini çəkdi. Onları mehmanxanalara aparacaqlar, lüks maşınlar, beşulduzlu otellər... O isə 28 May metrosuna düşüb köhnə şəhərə gedəcək, qoca binaların divarlarına baxacaq, köhnə daş pilləkənlərdən qalxacaq.

Bakıya qayıtdığı üçün özünü qərib hiss edirdi. Əslində, harda özünü doğma hiss edə bilərdi ki?

Oturacaqlardan birinə çökdü. Nə vaxtsa burada bir işi olsa, fotoqraf olardı, deyə düşündü. İnsanların görüş anlarını çəkərdi.

Bir-birini illərdir görməyənlərin qucaqlaşmasını, gözlərindəki yaşı, gülüşü, həyəcanı... O şəkilləri qəzetlərə verməzdi. Onsuz da introvert idi. Kütlə üçün nəsə etməyi bacarmırdı.

Bəlkə də, sənət elə fərd üçün idi.

Görüşlər, ayrılıqlar, yenidən qovuşmalar... Onun həyatında isə nə real görüş, nə ayrılıq, nə də qovuşma var idi.

O, aeroportdan çıxanda Bakı üzərinə boz bir yorğan çəkmişdi. Yağış yağacaqdı.

Şəhərin mərkəzinə çatan kimi ilk addımlarını 28 May küçəsinə yönəltdi. Onun uşaqlığı, gəncliyi, sevgisi, ümidləri buradan başlamışdı. O illər küçələr daha geniş, insanlar daha mehriban görünürdü. 28 may onun üçün çox doğma idi, burada özünü azad, öz evində, ocağında hiss edirdi.

 

 

Bakı - 28 May küçəsində xatirələr

 

Bakı küləklidir. Amma ən çox da xatirələri ilə adamı üşüdür. 

28 May küçəsi ilə addımlayanda keçmişlə indi arasındakı incə sərhədi hiss edirsən. Bura həm tanışdır, həm də yad. Bir zamanlar bu küçələrdə gənclik gülüşləri səslənirdi. Tramvay relslərinin üstündə qaçışan uşaqlar, köhnə kinoteatrlara tələsən tələbələr, buzlu qış səhərlərində işə tələsən insanlar...

İndi isə binalar yüksəlib, həyatlar isə qısalıb. Şüşəli göydələnlər Bakı səmasını yarır, amma o şüşələrin arxasında neçə-neçə yadlaşmış insan var, insanlar istilikdən, doğmalıqdan, səmimilikdən çox aralı düşüb.

28 May metrosunun çıxışında dayandı. Burada hələ də köhnə çörək iyini hiss etmək olur, taksilərin səs-küyü qulaqları doldurur, adamların addımları bu daşların üstünə yazılmış minlərlə hekayəyə qarışır. Bəziləri burada ilk dəfə sevdiyini gözləyib. Bəziləri isə bir daha geri qayıtmamaq üçün gedib.

Şəhər dəyişib. İnsanlar da. Amma külək hələ də Bakı küləyidir. O, yada qulağına həzin şəkildə qayıdışın yox, xatirələrin şəhəri olduğunu pıçıldayır. 

28 May... Burada addımlamaq həm mövcud olmaq, həm də xatirəyə çevrilmək deməkdir.

 

*

Berlin - böyük bir zavod idi. O, illər boyu orada sərt qaydalara tabe olmuş, gündəlik iş həyatının içində ruhunu basdırmışdı. Səliqə, nizam, soyuqluq... O şəhərdə insanlar bir-birinə toxunmadan yaşayırdılar. Bəzən məhz qarışıqlıqdan, xaosdan qaçmaq naminə getdiyi Berlin onun üçün cəhənnəm kimi görsənirdi. O, orada hər gün robotlaşdığının, mənəvi dəyərlərə yadlaşdığının fərqində idi. Bakı isə bir zamanlar insan istiliyi ilə dolu idi.

Amma indi o küçələrdə soyuqluq hiss edirdi. İnsanlar baxışlarını qaçırır, sanki özləri də bu şəhərə yadlaşmışdılar. Oğrun-oğrun baxan adamlar, hündür hasarlarla əhatələnmiş bağlar, bir-birindən uzaqlaşmış qonşular...

Abşeron bağları da, ordakı ağaclar da, toplanlar da bir-birinə qarşı yadlaşmışdı.

 

 

Azadlıq prospektində köhnə xatirə

 

O, Azadlıq prospektindən keçəndə ayaq saxladı. Burada bir vaxtlar Xəlil Rza Ulutürk insanları başına yığıb şeir oxuyur, odlu-alovlu çıxışlar edirdi. Gənclik illərində o da bu cərgədə durmuş, şairin alovlu səsini dinləmişdi.

İndi o yerdə bir evsiz uzanmışdı. Titrəyən əllərində köhnə bir araq şüşəsi vardı. O, bu mənzərəyə dözə bilmədi. Bir zamanlar azadlıq uğrunda bağıran səslər, simalar indi susqun bir bomjun gözlərinə çəkilmişdi.

 

 

İtirilmiş xəyal

 

O, küçənin kənarında dayanıb Xəyaləyə baxırdı.

Xəyalə qabaqkı Xəyalə deyildi. Gözlərində həyat yox idi. Yorğun idi, amma təkcə fiziki yorğunluq deyildi bu. Sanki bütün ömrü onun çiyinlərinə yığılmış, ağır bir yük kimi üstündə oturmuşdu.

Əlləri çatlamış, dərisi kobudlaşmışdı. Sabun köpükləri ilə örtülmüş barmaqları, iri boşqablarda süzülən su damlaları... Hər şey o qədər adiləşmişdi ki, Xəyalə indi bu həyatı suyun dalğasız səthi kimi yaşayırdı - heç nə hiss etmədən.

O, yaxınlaşdı. Xəyalə başını qaldırıb ona baxdı.

- Sən qayıtdın? - Səsi tanış idi, amma içində heç nə yox idi.

- Bəli.

- Neçəyə qədər qalacaqsan?

Bu sualın arxasında heç bir maraq yox idi. Sadəcə, səslənmiş bir cümləydi, elə qabyuyan sular kimi axıb gedən bir cümlə.

O, Xəyalənin həyatından xəbərdar idi. Həyat yoldaşı narkoman olmuşdu. Əvvəl evdəki hər şeyi satmışdı, sonra küçələrə düşmüşdü, sonda da həbsə getmişdi - oğurluq üstündə. Xəyalə isə əvvəlcə yaşamaq üçün çalışmış, sonra sadəcə var olmaq üçün işləməyə başlamışdı.

- Necəsən?

Xəyalə bir anlıq dayandı. Sanki sualı başa düşmək üçün öz içində nəyisə axtardı. Sonra çiyinlərini çəkdi.

- Yaşayıram.

O, Xəyaləyə uzun-uzadı baxdı. Bir vaxtlar sevgi dolu baxışlarla ona baxan bu gözlər indi boş bir pəncərə kimiydi.

- Səni görmək istəmişdim.

Xəyalə başını aşağı saldı, bir boşqab götürdü, sabunlu suda batırdı. Sanki suya nəsə pıçıldadı. Sonra başını qaldırdı və bircə cümlə dedi:

- Gərək gəlməyəydin.

O, nə deyəcəyini bilmədi. Xəyalənin üzündəki ifadə ona çox tanış idi - bu, bir vaxtlar azadlıq istəyən, sevgi gözləyən, amma sonda həyatın divarlarına çırpılıb hissiz bir heykələ dönən insanların ifadəsi idi.

Bakıya qayıtmışdı, amma bütün yollar çoxdan bağlanmışdı.

 

 

Səs-sükut

 

Bakı gecənin sakitliyinə bürünmüşdü. Şəhərin küçələri boyu addımlayanda özünü daha da tənha hiss etdi.

Bütün xatirələr, arzular, ümidlər - hamısı geridə qalmışdı. Xəyalə - geridə qalmışdı. Gənclik illəri - geridə qalmışdı. Hər biri çoxdan tərk edilmiş, insan ayağı dəyməyən limanlar idi.

Birdən, bir məsciddən azan səsi yüksəldi.

O, ayaq saxladı. Azanın səsi gecəni doldurdu, qəlbinin dərinliyinə süzüldü.

Hara getsən də, dərdlərin bitmir.

Hara qaçsan da, xatirələr səni tapır.

Hara dönsən də, özündən qaça bilmirsən.

Berlində belə bir səs yox idi. Orada səslər zəifdir. İnsanlar yavaş danışır, küçələr sakit olur, kimsə yüksəkdən səslənmir. Orada hətta səsin sərhədləri var. Yüksək səslə danışsan, musiqiylə rəqs etsən, sənə cərimə yazıla bilər. Səslər bu cərimələr tərəfindən kəsilirdi...

Burada isə səslər azaddır. Elə bu azan kimi.

O, bir müddət azana qulaq asdı. Səs havadakı boşluğu doldurdu, içindəki boşluğu isə doldurmadı.

Bu şəhər, bu küçələr, bu xatirələr - hamısı buradaydı, amma o artıq burada deyildi.

Bəlkə də getmək çarə deyil.

Bəlkə də hər şeyi içində həll etmək lazımdır.

Bakıda azan səsi küləyin köməyi ilə daha da yüksəkdən gəlirdi. Berlində səslər cərimə yazan polislərin dəstəyi ilə kəsilirdi.

Amma onun içində sükut hakim idi, o azan səsi ilə yanaşı daxilində mövcud olan sonsuz, sərhədsiz pıçıltılara da qulaq asırdı. Bu səs isə onu gələcəyə baxmağa, rahat və azad olacağı yerdə olmağa səsləyirdi. Səs sükutdan çox önəmli imiş, şair bunu dərk edirdi, o səs isə burada, köhnə Sovetskidə, bir azanın səsində idi.

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2025)

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

“Folklor Akademi” dərgisinin 2025-ci ildə ilk nömrəsi dosent doktor Erhan Solmazın redaktorluğu ilə çap edilib. Türk dünyasının qədim, sevimli bayramı olan Novruz günlərində işıq üzü görən dərginin bu sayında müasir Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi  Eyvaz Zeynalovun "Bayram payı" adlı hekayəsi ilə bağlı araşdırma yazı da yer alıb. 

 

Təsadüfi deyil, belə ki, Novruz bayramı Azərbaycanda da həmişə xalqın yaddaşında çox əziz mərasimlərdən olub. Müəyyən dövrlərdə bu milli bayrama müxtəlif donlar geydirilməyə çalışsalar da Novruzu insanların qəlbindən silib atmaq mümkün olmayıb. 

İstedadlı yazıçımız Eyvaz Zeynalov da tarixi çox qədimlərə gedib çıxan Novruz bayramını “Bayram payı” adlı hekayəsində özünəməxsus bir dillə xalqımızın başına gətirilən Qarabağ müsibətləri və Xocalı faciəsinin fonunda oxucuya təsirli vasitələrlə çatdırıb. 

Qeyd edək ki, hekayə haqqında araşdırma yazının müəllifləri Pamukkale Universiteti Çağdaş Türk ləhcələri və ədəbiyyatı bölümünün müəllimi, Əəbiyyat dili uzmanı, Uşaq ədəbiyyatı araşdırmaçısı, doktor öyrəncisi Yaşar Sözen və dosent doktor Soner Sağlamdır.  

Araşdırma yazısında Eyvaz Zeynalovun Azərbaycan ədəbiyyatının tanınmış çağdaş simalarından biri olduğu qeyd edilir. Bildirilir ki, E.Zeynalov həm böyüklər, həm də uşaqlar üçün maraqlı və dəyərli əsərlərin müəllifidir. O, Azərbaycan uşaq ədəbiyyatında hekayə və nağıl janrında qələmə aldığı əsərləri ilə tanınır. Müəllif uşaqlar üçün xüsusi olaraq yazdığı hekayə və nağıllarda milli-mənəvi, dini, ictimai və ümumbəşəri dəyərləri uğurla işləyib balaca oxucuya çatdırır: “Bu kontekstdə Eyvaz Zeynalovun təmsil etdiyi uşaq ədəbiyyatı missiyası və funksiyası olan bir ədəbiyyatdır. Uşaq ədəbiyyatının missiya və funksiyasını açan əsas komponentlərdən biri də uşağa uyğunluq prinsipidir. Tədqiqatın mövzusu olan və müəllifin uşaqlar üçün yazdığı “Bayram payı” adlı hekayə mətni uşağa uyğunluq prinsipinin daxili struktur elementləri (mövzu, qəhrəmanlar, dil və rəvayət, mesaj) baxımından işlənmiş və araşdırılmışdır. 

Hekayənin mətni uşaq hekayəsi və nağıl təhlillərində də istifadə olunan mətn mərkəzli struktur metodu çərçivəsində tədqiq edilmişdir. Bu üsulla mətni təşkil edən daxili struktur elementlərin xüsusiyyətləri ətraflı şəkildə açılır. 

Tədqiqatın konseptual çərçivəsini daha yaxşı başa düşmək üçün “Bayram payı” adlı hekayənin mətni tədqiqatın sonunda həm orijinal, yəni Azərbaycan türkcəsində, həm də türk dilinə tərcümə edilmiş şəkildə verilmişdir. Təhlil nəticəsində məlum olmuşdur ki, hekayə mətni Azərbaycan uşaq ədəbiyyatının mühüm bədii və ədəbi əsərləri sırasındadır”.

Qeyd edək ki, bu ilin yanvar ayında Yaşar Sözenin müəllifi olduğu “Müstəqillik dövründə (1991-2025) Azərbaycan uşaq ədəbiyyatında hekayə” adlı tezisinin F.Köçərili adına Uşaq Kitabxanasında müzakirəsi də aparılmışdı. 

Doktor Yaşar Sözen təqdimat zamanı Azərbaycan uşaq ədəbiyyatını üç dönəmə - Maarifçilik, Sovet və Müstəqillik dönəmlərinə ayıraraq araşdırdığını bəyan etmişdi. Araşdırma zamanı 18 Azərbaycan uşaq yazarının 552 hekayəsinin xəritə-sxemi (təsviri) hazırlanıb, 10 yazarın isə hekayələri məzmununa görə təhlil edilib. Burada Eyvaz Zeynalovun hekayələrinin geniş tədqiqatı aparıldığı xüsusi vurğulanmışdı.

 

“Ədəbiyyat və incəsənət”

(25.03.2025)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

“O vaxt jurnalist işləyəndə anam həmişə deyirdi, qızım, gəl bu sahədən uzaqlaş. Belə ömür sürmək, səhərdən gecəyə qədər işləmək olmaz. Mən millət vəkili seçiləndən sonra da eyni temp davam etdi. Bir gün də anam dedi ki, mən elə bilirdim, səni jurnalistika belə edir, sən demə, günah jurnalistikada deyilmiş, özün beləsən, səhərdən gecəyə qədər işləmək sənin həyat tərzindir.

Əslində, mən həyatımı saatlara bölürəm. Qeyd dəftərçəmdə hər gecə sabah üçün görəcəyim işlərin 1-2 səhifəlik siyahısı olur. Kimə zəng etməliyəm, kiminsə problemi ilə bağlı hara müraciət etməliyəm, rayonda hansı məsələ var, işimdə hansı sənədlər getməlidir və s.. Vay o günə ki, insanın işi olmasın. Məncə, hər bir insan çalışmaq, özünü reallaşdırmaq üçün doğulub...”- söyləyirdi.

 

1975-ci ilin mart ayının 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində dünyaya gəlmişdi. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültələrini bitirmişdi. 1998-ci ildən “ANS” televiziya şirkətinin “Xəbərlər” xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, “Xəbərlər redaksiyası” baş redaktorunun müavini vəzifələrində çalışmışdı. Sonra Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olmuşdu. 2005-ci ildən 2023-cü ildə vəfat edənədək, III, IV, V və VI çağırış Milli Məclisə deputat seşilmişdi. Parlamentin Mədəniyyət komitəsinin sədri idi...

 

Deyirdi ki:- “Mən orta məktəbə çox tez getmişəm. Məktəbdə böyümüşəm desəm, daha yaxşı olardı. 3 yaşımdan məktəbdə olmuşam. 4 yaşımda 1-ci sinfə gedən qohumlarımızdan biriylə məktəbə gedirdik. Amma yaş həddinə görə 1-ci sinifdə oxumağa icazə vermirdilər. Amma 5 yaşım olanda buna icazə verdilər. 16 yaşımda ali məktəbə, Tibb Universitetinə daxil olmuşam.

Orta məktəbdə qiymətlərim yaxşı olub. Anam kimya müəllimi idi, mən də kimyanı çox yaxşı oxuyur, kimya olimpiadalarında iştirak edirdim. Anam həmişə yaxşı bir həkim olmağımı istəyirdi. Çünki bu, nənəmin də arzusu idi. Nənəm istəmişdi ki, anam həkim olsun, anam həkim olmamışdı, sonra ikisi də, mənim həkim olmağımı arzulayırdı. Ancaq mən uşaqlıqdan həmişə jurnalist olmaq istəyirdim. O zamanlar dəbdə idi, soruşanda qızlar Tibb Universitetinin, oğlanlar isə hüquq fakültəsinin adını çəkirdilər. Mən həmişə deyirdim ki, jurnalist olacam. Anam mənə hərdən deyirdi ki, həkim ola-ola yaza da bilərsən. Açığı, yuxarı sinifdə fikirləşirdim ki, bəlkə öz arzumun arxasınca gedim? Ancaq ona da mane olan bir amil oldu. Bunu heç vaxt danışmamışam, sizə deyirəm. Mənim atam çox möhkəm xəstələnmişdi. Bəzi həkimlərin fikrincə, guya xərçəng idi. Amma fərqli oldu və atam sağaldı. Həmin vaxt bir nəfər atama demişdi ki, qızını qoyma Tibb Universitetinə sənəd versin, çox çətin olacaq, daxil ola bilməyəcək. Doğrudan da, o vaxt Tibb Universitetinə öz biliyinlə birinci il daxil olmaq çox nadir hadisə idi. İnsanların yarıdan çoxu Tibb Universitetinə 3-cü, 4-cü, 5-ci ildən sonra daxil ola bilirdilər. Ədəbiyyat müəllimim də mənə deyirdi ki, sən mənim ən yaxşı tələbəmsən. O dəhşətə gəlirdi ki, mən ədəbiyyatı qoyub, necə Tibb Universitetinə gedə bilərəm. Tarix müəllimim də həmişə anama narazılığını bildirirdi ki, o tarixi yaxşı oxuyur, niyə zorla onun yolunu dəyişdirmək istəyirsən. Amma atama söz verəndən qərarım qəti idi, geri çəkilə bilməzdim...”

 

Bir yerdə dayanmağı xoşlamazdı. Necə deyərlər, civə kimi qaynayırdı. Mehriban, gülərüz, işgüzar xanım idi. İş fəaliyyətində qadın-kişi fərqini qəbul etmirdi. Onun nəzərində insanlar tənbəl və qoçaqlardan, məsuliyyətli və məsuliyyətsizlərdən ibarət olur...

 

“Karyera vəzifə demək deyil. Nədənsə bizdə karyera qurmaq deyəndə fikirləşirlər ki, o, ya deputat, ya da nazir olmalıdır. Xeyr. Karyera odur ki, hər bir insanın öz potensialını reallaşdıra bildiyi bir işi olsun. Yaxşı müəllimlik, həkimlik də karyeradır. Təbii ki, hamı ali təhsil ala bilməz. Amma hər bir insana məşğul olduğu bir peşə mütləq lazımdır. Hər bir insan özünü ayaq üstə saxlayacaq gücdə olmalıdır.”- söyləyirdi.

 

Elə bil tez öləcəyindən xəbərdar idi. Odur ki, heç bir işi təxirə salmadan çalışırdı. Sanki harayasa tələsirdi...

 

Deyirdi ki:- “Mənim fəlsəfəm budur ki, insan həyatı hər zaman bitə bilər. Mənim bir neçə sinif yoldaşım artıq həyatda yoxdur, Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsində şəhid olublar. Bəziləri də itkin düşüblər. Biz bir yerdə böyümüş və oxumuşduq. Amma onlar çox gənc yaşlarında həyatlarını itirdilər. Ona görə də düşüncəmdə yoxdur ki, uzun yaşayacam, arzular da belə olmalıdır. Mən hər gün səhər şükür edirəm ki, bu gün həyata gözümü açdım, günəşi, havanı gördüm. Hər gecə də yatanda şükür edirəm ki, bu günü də başa vurdum, çalışdım ki, yaxşılıq edim, insanlara yararlı olum. Pis əməllər etməyim, günaha batmayım. Bu isə mənim həyat fəlsəfəmdir. Hindlilərdə, eləcə də bəzi xalqlarda bir məşhur məsəl var. Deyirlər ki, insan dünyaya gələndə eşidən hər kəs sevinir, amma özü ağlayır. Həyatını elə yaşamalısan ki, sən həyatdan köçəndə hər kəs ağlasın, qəmlənsin. Sən isə üzündə təbəssüm, rahatlıqla həyatdan gedə biləsən...”

 

Bəli, o, ölümüylə milyonlarla adamı qəmləndirə, kədərləndirə bildi. Bu xəbəri eşidən hər kəsin dilindən- Allah rəhmət eləsin- kəlmələri qopdu. Dəfni isə son on ildə ən izdehamlı mərasimlərdən biri oldu…

 

“Ədəbiyyat və incəsənət”

(25.03.2025)

 

 

 

28 mart xüsusi xidmət orqanlarının  - Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarınının peşə bayramı günüdür. Bu münasibətlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov açıqlama verib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, polkovnik açıqlamasında qeyd edib ki, DTX-nın Vətən müharibəsi və post-müharibə dönəmindəki fəaliyyəti Azərbaycanın təhlükəsizliyi baxımından ikiqat əhəmiyyətə malik olub:

“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan Vətən  müharibəsində DTX həm ön, həm də arxa cəbhədə xüsusi aktivlik sərgiləməklə 8 Noyabr zəfərinin əldə edilməsinə böyük töhfə verib, erməni faşizminin təxribat cəhdlərinin qarşısını müvəffəqiyyətlə alıb. Təsadüfi deyil ki, xüsusi xidmət orqanlarımızın sayıqlığı nəticəsində müharibə dönəmində ölkə daxilində vətəndaşlarımızın təhlükəsizliyi təmin olunub, hər hansı terror aktının reallaşmasına imkan verilməyib.

DTX post-müharibə dönəmində də dövlətimizin təhlükəsizliyi istiqamətində aktiv fəaliyyətini uğurla davam etdirib. Xüsusilə də 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal anti-terror tədbirləri zamanı separatçıların son müqavimət nöqtələrinin susdurulmasında, doğma Qarabağımızın separatçılardan təmizlənməsində DTX yaxından iştirak edib, bu prosesə böyük töhfələr verib. Anti-terror tədbirləri və ondan sonrakı dönəmlərdə Qarabağda gizlənən separatçıların aşkar edilərək neytrallaşdırılması, onların Bakıya gətirilərk məhkəmə qarşısına çıxarılmasında xüsusi xidmət orqanlarımız böyük əmək və peşəkarlıq sərgiləyib.

DTX erməni separatçılarını zərərsizləşdirməklə Ermənistan və onun havadarlarına göstərdi ki, Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı cinayət törədən, təhlükəsizliyimizə və suverenliyimizə qəsd etmək istəyən heç kim cəzasız qalmayacaq və onlar gec-tez qanun qarşısında cavab verməli olacaq.

Mən 28 mart – peşə bayramı münasibətilə xüsusi xidmət orqanlarımızı  - DTX və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarını təbrik edir, onlara bu ağır və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram.

Əminəm ki, bugünə qədər olduğu kimi, bundan sonra da xüsusi xidmət orqanlarımız dövlətimizin təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək, Prezidentimizin və xalqımızın etimadını eyni qətiyyətlə doğruldacaq, xalqımızı, təhlükəsizliyimizi hədəf alan bütün bədxah qüvvələrə erməni separatçılarının aqibətini yaşadacaq”.

 

“Ədəbiyyat və incəsənət”

(25.03.2025)

 

 

 

CƏLİL XƏLİLOV: Xüsusi xidmət orqanlarımız Azərbaycana yönəlik təhdid və təhlükələr qarşısında etibarlı sipərdir

 

28 mart xüsusi xidmət orqanlarının  - Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarınının peşə bayramı günüdür. Bu münasibətlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov açıqlama verib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, polkovnik açıqlamasında qeyd edib ki, DTX-nın Vətən müharibəsi və post-müharibə dönəmindəki fəaliyyəti Azərbaycanın təhlükəsizliyi baxımından ikiqat əhəmiyyətə malik olub:

“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan Vətən  müharibəsində DTX həm ön, həm də arxa cəbhədə xüsusi aktivlik sərgiləməklə 8 Noyabr zəfərinin əldə edilməsinə böyük töhfə verib, erməni faşizminin təxribat cəhdlərinin qarşısını müvəffəqiyyətlə alıb. Təsadüfi deyil ki, xüsusi xidmət orqanlarımızın sayıqlığı nəticəsində müharibə dönəmində ölkə daxilində vətəndaşlarımızın təhlükəsizliyi təmin olunub, hər hansı terror aktının reallaşmasına imkan verilməyib.

DTX post-müharibə dönəmində də dövlətimizin təhlükəsizliyi istiqamətində aktiv fəaliyyətini uğurla davam etdirib. Xüsusilə də 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal anti-terror tədbirləri zamanı separatçıların son müqavimət nöqtələrinin susdurulmasında, doğma Qarabağımızın separatçılardan təmizlənməsində DTX yaxından iştirak edib, bu prosesə böyük töhfələr verib. Anti-terror tədbirləri və ondan sonrakı dönəmlərdə Qarabağda gizlənən separatçıların aşkar edilərək neytrallaşdırılması, onların Bakıya gətirilərk məhkəmə qarşısına çıxarılmasında xüsusi xidmət orqanlarımız böyük əmək və peşəkarlıq sərgiləyib.

DTX erməni separatçılarını zərərsizləşdirməklə Ermənistan və onun havadarlarına göstərdi ki, Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı cinayət törədən, təhlükəsizliyimizə və suverenliyimizə qəsd etmək istəyən heç kim cəzasız qalmayacaq və onlar gec-tez qanun qarşısında cavab verməli olacaq.

Mən 28 mart – peşə bayramı münasibətilə xüsusi xidmət orqanlarımızı  - DTX və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarını təbrik edir, onlara bu ağır və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram.

Əminəm ki, bugünə qədər olduğu kimi, bundan sonra da xüsusi xidmət orqanlarımız dövlətimizin təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək, Prezidentimizin və xalqımızın etimadını eyni qətiyyətlə doğruldacaq, xalqımızı, təhlükəsizliyimizi hədəf alan bütün bədxah qüvvələrə erməni separatçılarının aqibətini yaşadacaq”.

 

“Ədəbiyyat və incəsənət”

(25.03.2025)

 

 

 

 

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

Şəhərdə gəzib evə qayıdarkən qəflətən yolda avtomobil qəzası baş verdi. Hər iki avtomobil toqquşmadan zərər görmüşdü. Avtomobil sahibləri böyük təlaş içində idi, lakin kənardakılar hadisəyə müdaxilə etmir, əksinə, şou düzəldərək telefon kameraları ilə görüntü çəkməyə başlamışdılar.

 

Əvvəllər də bu tip hadisələrlə çox rastlaşmışdım. Sosial şəbəkələrdə dəfələrlə bu cür videolar yayımlanırdı. Ən çox təsirləndiyim isə hündürmərtəbəli binadan intihara cəhd edən bir xanımın görüntüləri idi. O, özünü binadan atmış, lakin yerə çırpıldıqdan sonra ölməmiş, ağır xəsarət alaraq qan içində çabalayırdı. Son nəfəsində, ağır vəziyyətdə ətrafdakı insanlardan kömək diləyirdi. Amma ona köməyə gələn yalnız telefon kameraları idi. Başqa bir qadın isə əlində telefon, yaranan vəziyyəti lentə almaqla məşğul idi. Görüntülər olduqca tükürpədici idi. Cəmiyyətimizdə bu tip hadisələrə çox yerdə rast gəlmək mümkündür.

Texnologiya həyatımıza daxil olandan bəri sanki fenomenlik xəstəliyinə düçar olmuşuq. Bu yaxınlarda tanınmış azərbaycanlı psixoloq Nizami Orucov "TEDx" səhnəsində "Stress altında qərar qəbul etmə" mövzusunda çıxışı zamanı kiçik bir eksperiment apararaq səhnədə özünü yerə atır və ətrafdakıların reaksiyalarını yoxlayır. Yalnız bir nəfər hadisəyə inanıb səhnəyə doğru qaçaraq kömək etməyə çalışır. Bu zaman psixoloq hadisəni açıqlayır. O qeyd edir ki, bu vəziyyət psixologiyada "tamaşaçı effekti" (Bystander effect) adlanır. Hamı baxır, amma heç kim müdaxilə etmir.

Ətrafımızda baş verən hadisələrə qarşı bəzən niyə passiv qalırıq? Çünki beynimiz bizə deyir ki, "başqası kömək edəcək". Nəticədə isə beynimiz arxayınlaşır və heç bir hərəkət etmir.

 

“Ədəbiyyat və incəsənət”

(25.03.2025)

 

45 -dən səhifə 2128

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.