Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Şəhərdə gəzib evə qayıdarkən qəflətən yolda avtomobil qəzası baş verdi. Hər iki avtomobil toqquşmadan zərər görmüşdü. Avtomobil sahibləri böyük təlaş içində idi, lakin kənardakılar hadisəyə müdaxilə etmir, əksinə, şou düzəldərək telefon kameraları ilə görüntü çəkməyə başlamışdılar.
Əvvəllər də bu tip hadisələrlə çox rastlaşmışdım. Sosial şəbəkələrdə dəfələrlə bu cür videolar yayımlanırdı. Ən çox təsirləndiyim isə hündürmərtəbəli binadan intihara cəhd edən bir xanımın görüntüləri idi. O, özünü binadan atmış, lakin yerə çırpıldıqdan sonra ölməmiş, ağır xəsarət alaraq qan içində çabalayırdı. Son nəfəsində, ağır vəziyyətdə ətrafdakı insanlardan kömək diləyirdi. Amma ona köməyə gələn yalnız telefon kameraları idi. Başqa bir qadın isə əlində telefon, yaranan vəziyyəti lentə almaqla məşğul idi. Görüntülər olduqca tükürpədici idi. Cəmiyyətimizdə bu tip hadisələrə çox yerdə rast gəlmək mümkündür.
Texnologiya həyatımıza daxil olandan bəri sanki fenomenlik xəstəliyinə düçar olmuşuq. Bu yaxınlarda tanınmış azərbaycanlı psixoloq Nizami Orucov "TEDx" səhnəsində "Stress altında qərar qəbul etmə" mövzusunda çıxışı zamanı kiçik bir eksperiment apararaq səhnədə özünü yerə atır və ətrafdakıların reaksiyalarını yoxlayır. Yalnız bir nəfər hadisəyə inanıb səhnəyə doğru qaçaraq kömək etməyə çalışır. Bu zaman psixoloq hadisəni açıqlayır. O qeyd edir ki, bu vəziyyət psixologiyada "tamaşaçı effekti" (Bystander effect) adlanır. Hamı baxır, amma heç kim müdaxilə etmir.
Ətrafımızda baş verən hadisələrə qarşı bəzən niyə passiv qalırıq? Çünki beynimiz bizə deyir ki, "başqası kömək edəcək". Nəticədə isə beynimiz arxayınlaşır və heç bir hərəkət etmir.
“Ədəbiyyat və incəsənət”
(25.03.2025)