İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
El bilir ki sən mənimsən,
Yurdum, yuvam məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Azərbaycan – xalqına və əcnəbi vətəndaşlara sığınacaq olan, gözəlliyi, sərvətləri, strateji yerləşməsi ilə keçmiş dövrlərdən bu günə qədər yadellilərin hücumuna məruz qalan doğma vətənim.
Bu gözəllikləri qorumaq üçün öz canını heçə sayan, “yetər ki o azad olsun, üç rəngli, ay-ulduzlu bayrağımız göy üzündə dalğalansın” deyə canını fəda etmiş qəhrəmanların diyarı. Yurdumuzda vətənini canı-könüldən sevən igidlər doğulub – böyüyür və bu şərəfli yolda canlarını qurban edirlər. Onlar “vətənə sədaqət, düşmənə nifrət”, “mənim sədaqətim, mənim şərəfimdir”, “şərəf həyatdan ucadır”, "su kimi səssiz, kölgə kimi qara”, “asan gün dünən idi”, “daxili qoşunlarda xidmətinlə fəxr et” kimi müxtəlif şüarlar altında, müxtəlif ağır təlimlər çərçivəsində Vətəni qorumaq üçün yetişdirilirlər.
“Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. ARK - Maddə/9”
Ümumilli lider Heydər Əliyevin təbirincə desək: Biz elə nəsil yetişdirməliyik ki, təkcə bizim vaxtımızda yox, bizdən sonra da onlar Azərbaycanın xətalara düşməsinə imkan verməsinlər. Onlar düz yolla, doğru yolla, milli hissiyyatlar yolu ilə getməlidirlər.
İllərdir müəyyən zaman kəsiyində doğma torpağımıza basqınlar olmuş, bu hücumların qarşısı alınarkən neçə-neçə mülki vətəndaşlar və hərbi qulluqçularımız şəhadət şərbətin içmiş, şəhid olmuşlar. 20 Yanvar, Xocalı faciəsi, Aprel döyüşləri, təcavüzə qarşı 44 günlük Vətən müharibəsi, Gəncə terroru, antiterror əməliyyatları düşmənlərimizin bizə qarşı əsası olmayan qeyri-etik davranışlarının nəticəsi.
Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır.
Şəhidlərimiz ən ali qürur mənbəyimizdir - Müdafiə Nazirliyi.
Bu gün bizim əsir düşməsin deyə bomba ilə özünü partladan xüsusi təyinatlı gizir Əliyev Kərim kimi, erməni dilini təmiz bilən, onların içinə sızan, etibar əldə edən, ermənilər tərəfindən Niva markalı maşın hədiyyə edilən və həmin maşınla da içərisində nə qədər erməni komandirini əsir kimi vətənimizə gətirən xüsusi təyinatlı gizir Ələsgərov Zaur kimi, ömrünün 18 ilini Vətənə xidmət edən, Hadrutda əməliyyat zamanı erməni rabitə qovşağına qoşularaq güllə atmadan 1500-dək erməni əsgərini başqa istiqamətə yönləndirən, erməni dilində onların öz rabitəsi ilə düşmənin generallarına “geri qayıdın” əmri verən peşəkar kəşfiyyatçı və bu xidmətinə görə Hadrut fatehi adlandırılan, xüsusi təyinatlı qüvvələrin baş giziri İsmayılov Camal kimi, bir erməni generalını və polkovnikini əlləri ilə boğan 19 yaşlı Dövlətzadə Cəbrayıl kimi adlarını qızıl hərflərlə yeni tariximizə yazan neçə-neçə şəhidlərimiz və igidlərimiz vardır.
Bu gün onlardan biri – Camal İsmayılov barədə danışmaq istəyirəm.
Şəhidimiz Camal İsmayılovun şərəfli həyat və döyüş yolu
Rus, ingilis, erməni dilini sərbəst bilən şəhidimiz 1984-cü ilin iyulun 7-də Neftçalanın Həsənabad qəsəbəsində anadan olub. Ailəsi 1986-cı ildə Rusiyanın Krasnoyarsk vilayətinin İqarka şəhərinə köçüb. Orada rus dilində təhsil alıb. 1991-ci ildə yenidən Azərbaycana geri dönüblər və orta məktəbi Neftçalada bitirib. O, dağ xizəkçiliyi üzrə kitablar tərcümə edib dərslik hazırlayırdı. Dağ xizəkçiliyini, paraşütçülüyü peşəkar şəkildə öyrənmişdi.
2002-ci ildə Camal ordu sıralarına çağırılıb. Orada Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat və rabitəçi qrupuna seçilib. Türkiyədə 2014-cü ilin may-iyun ayları ərzində paraşütçülük kursunu bitirib. Daha sonra 2015-ci ildə “Turaz Şahini” təlimlərində iştirak edib. Həmin ilin 28 sentyabr-16 oktyabr tarixlərində Gürcüstanda keçirilən “Dağçılıq və xizək” təlimlərində iştirakına görə sertifikat alıb. 2019-cu ildə isə ABŞ, Pakistan, Gürcüstan, Azərbaycan və Türkiyənin iştirakı ilə keçirilən xüsusi 4-cü korpus təlimlərinə qatılıb, fərqlənmə sertifakatına sahib olub.
“Qüsursuz xidmətə görə”, Azərbaycan Respublikası Silahı Qüvvələrinin yubiley medalı, Rusiya Müdafiə Nazirliyinin iştirakçı medalı ilə, ümumilikdə isə 7 dəfə fəxri medalla təltif olunub. Baş gizir heç vaxt evdə işi, iştirak etdiyi əməliyyatlar haqqında danışmazdı. Həyat yoldaşı deyir ki, yalnız onun ölümündən sonra necə bir qəhrəmanın xanımı olduğunu bilib.
Şəhidimiz deyirdi - "Hərbçilər təqaüdə çıxmırlar, onların kağızları şəhidlikdir. Ya şəhid olandan, ya da adi qaydada öləndən sonra mənim haqqımda öyrənəcəksiniz."
Həyat yoldaşı Fatimə İsmayılovanın dediklərindən:
“Ailəsi olaraq bilirdik ki, kəşfiyatçıdır, başqa heç nə. Aprel döyüşlərində də iştirak etmişdi. Amma orada baş verənlərdən bir kəlmə də danışmadı. Sadəcə olaraq silahdaşlarını itirdiyinə görə çox pis olmuşdu. Ondan həmişə "müharibə olsun", "torpaqlarımızı alaq" sözünü eşidirdik.
Füzulinin, Cəbrayılın, Hadrutun, Ərgünəş yüksəkliyinin, Qubadlının və Laçına nəzarət edən yüksəkliyin azad olunmasında onun qəhrəmanlığı danılmazdır. Döyüş yoldaşları danışır ki, Hadrutda əməliyyat zamanı erməni rabitə qovşağına qoşularaq güllə atmadan 1500-dək erməni əsgərini başqa istiqamətə yönləndirib. Erməni dilində onların öz rabitəsi ilə düşmənin generallarına əmr verib ki, geri qayıdın. Bununla da onları aldada bilib və həmin mövqelərə bizim əsgərlər yerləşiblər. Daha sonra Hadruta su gətirməyə gediblər. Görüblər ki, digər dəstə mühasirəyə düşüb. Oradan 3 nəfərlə həmin dəstəni mühasirədən çıxarıblar və ermənilərin özlərini pusquya salıblar.
Füzulinin azadlığı uğrunda gedən döyüşlərin birində hərbçi yoldaşını xilas edərkən yaralanıb. Az bir vaxtda xəstəxanada müalicə aldıqdan sonra döyüşlərə yenidən qoşulub. Bizim bundan xəbərimzi olmayıb. O boyda əraziləri azad etmişdilər, telefonda bir kəlmə deməzdi, adi gün kimi normal, sadə danışırdı. Mən deyirdim, Camal, filan yeri azad etmişik, televizordan elan veriblər. Telefonda gülürdü, hiss edirdim ki, oradadırlar, ancaq mənə heç nə demirdi. Bir kəlmə bildirİRdi ki, həddindən artıq qəribə hisslərdir, bunu yaşamaq lazımdır. İnşallah yayda gəlib burada istirahət edərik. Pozitiv danışırdı, heç vaxt bizi müharibədədir deyə sıxmırdı.”
_
Baş gizirin sonuncu döyüşü Laçın dəhlizinə nəzarət edən yüksəkliyin azad edilməsi uğrunda olub
Şəhid xanımı: “17 nəfər olubar. Camal qrup rəhbəri imiş. Gedib həmin hərbi hissəni ələ keçiriblər. Ancaq qüvvələr qeyri-bərabər imiş. 500 nəfər erməni ilə 17 nəfər hərbçimiz 2-3 saat dayanmadan döyüşüb. Son güllələrinə qədər atıblar. Yoldaşım oktyabrın 19-dan 20-nə keçən gecə həmin ərazidə şəhid olub.
Həmişə fikirləşirdim ki, görəsən, şəhid olanda son anda nə düşünüb? Nəşini gətirəndə məndən soruşdular ki, Fatimə hansı qızınızın adıdır? Dedim, Fatimə mənəm. Bildirdilər ki, son nəfəsində mənim adımı çağırıb. Üstündəki “ratsiya” açıq imiş, döyüş yoldaşları onun bu çağırışını eşidiblər.
Təxminən 200 nəfərə yaxın ermənini bıçaqla, boğaraq məhv edibmiş. Hamısını da öldürə-öldürə deyirmiş ki, Xocalının qisasını alıram. Həmişə bildirirdi ki, bu, təkcə torpaq məsələsi deyil, həm də namus işidir. Xocalı soyqırımını qəbul edə bilmirdi. O, bizim namusumuzu, Azərbaycan xalqının üzərindən o ləkəni təmizləyib. Uşaqlar atalarının yoxluğunu dərk edirlər, çox darıxırlar. Deyirəm, atanız kəşfiyyatçı idi, bəlkə də o biri dünyanı kəşf etməyə gedib...”.
Vətən sevgisi imandandır
Arzusu torpaqlarımızı almaq və qismət olsa, şahadətə ucalmaq idi. 37 yaşında o arzusuna çatdı, həm torpaqlarımız azad oldu, həm də Şəhidlik zirvəsinə ucaldı. Camal İsmayılov peşəkar hərbiçi olmaqla yanaşı həm də dünyagörüşlü bir ata idi. Qızlarının gələcəkdə xaricdə təhsil almalarını planlayırdı. Onların dünyagörüşlərinin çox olmasını istəyirdi. Oğlu isə onun şəhadətindən 4 ay sonra fevral ayının 2-də dünyaya göz açmışdır. Özünün istəyi olub ki övladının adı Alp Arslan olsun. Böyüdükdə idmançı olmasını istəyirdi. Camal İsmayılov özü də idmançı olmaq istəyirmiş və boks üzrə yarışlarda iştirak edirmiş. Amma tale bunu ona qismət etmədi.
Allah rəhmət eləsin!
Mən Camalın həyatını oxuduqca həm kövrəlir, həm də fəxr hissi duyurdum. Fəxr edirəm ki, qəhrəman oğulları və qızları olan şanlı ölkənin mənsubuyam. Azərbaycan xalqı canını bu müqəddəs və şərəfli yolda fəda edən şəhid, qazi, veteran və hərbi qulluqçuları ilə fəxr edir, qürur duyur.
Arzumuz budur ki, daim ölkəmizdə igidlərimizə diqqət və qayğı göstərilsin və onlar daim diqqət mərkəzində olduqlarını bilsinlər. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazi və veteranlarımıza Şafi ismi ilə şəfa, hərbiçi və əsgərlərimizə can sağlığı nəsib etsin! Amin!
“Ədəbiyyat və incəsənət”
(26.03.2025)