Super User
“X.L.Borxes: “Mən ədəbiyyata kitabdan gəlmişəm və bununla fəxr edirəm” – HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Eramızın əvvəllərində ilk xristianları təqib və məhv edən romalılar yatıb yuxularında belə görməzdilər ki, onların törəmələri bir müddət sonra xristianlıq uğrunda öldürəcək və öləcəklər.
2.
“ Sular səni aparırdı dərinə
Əlin nəyə çatırdısa əl atdın.
Bircə saman çöpü keçdi əlinə,
O da səni su üzünə çıxartdı.”
3.
Göydəkinə inam, əslində, dolayı bir məqsəd güdür – səni sənin özünə oxşayan yerdəkilərə inanmağa çağırır. Atanın oğula və oğulun ataya, qardaşın qardaşa və bacının bacıya, min illər boyu tanıdığın adama və küçədə ilk dəfə gördüyün kiməsə inam – bu deyilmi gözəllik?!
4.
Bizə bir dəfə bu dünyada yaşamaq imkanı verilib. Əminəm ki, o biri paralel dünyalarda yaşayanlar da belə düşünür.
5.
Qoqol yazırdı: Çox az quş tapılar ki, Dneprin ortasına qədər uça bilsin. Səməd Vurğun ona belə cavab verib: Göylərə baş vurur Göyəzən dağı.
6.
X.L.Borxes: “Mən ədəbiyyata kitabdan gəlmişəm və bununla fəxr edirəm.” Kitabdan gəlmək artıq hər şey deməkdir.
7.
Çox adam tanıyıram ki, həyatı boyu bir, ya iki kitab oxuyub. Heç bir universitet bitirməyib. Amma müdrikdir, uzaqgörəndir, səbirli və hər hansı hadisələr kələfinin içindən doğru-düzgün xətti seçə bilir. O sənə yüz universitet məzu nundan və yüzlərlə kitab oxuyandan daha xeyirli məsləhətlər verə bilər. Deməli, çoxlu kitab oxumaqla deyil. Həyat özü insanı daha doğru şəkildə formalaşdıra bilirmiş. Təki, sən onun təbii axarına düşə biləsən.
“Ədəbiyyat və incəsənət”
(05.11.2024)
Hayana qaçsaq da bu tale bizim - 3 YARPAQ ŞEİR
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Bu gün sizlərə daha bir imza təqdim etmək istəyirəm.
Rəcəbova Nargilə Yusif qızı (Nargilə Yusifqızı) 1967-ci ildə Ağdaş şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra tibb bacısı ixtisası üzrə təhsil alıb.
Kitablara olan sonsuz maraq və həvəsinə görə uzun müddət Ağdaş şəhər MKS-də (Mərkəzləşmiş kitabxana sistemi) baş kitabxanaçı vəzifəsində çalışıb.
Şeirləri bir çox jurnal və almanaxlarda, antalogiyalarda çap olunub.
Aşıq Pəri məclisinin, Mirvarid Dilbazi adına Kəlağayı Muzeyi qrupunun və bir sıra ədəbi-bədii qrupların üzvüdür.
Adam
Deyirlər sevimli bəndələrini,
Hərdənbir sınağa çəkər yaradan.
Allahın sevimli bəndəsiyəmmi,
Nə qədər sınağa çəkilər adam?!
Hayana qaçsaq da bu tale bizim,
Göz yaşı tökməkdən solub bənizim,
Nə qədər yazsam da bitməz, əzizim,
Dərdin pəncəsində tək gülər adam.
Nə deyim, belədir dünya əzəldən,
Yoxdu bir əyrisin tapan, düzəldən,
Sonda heç seçilməz quru xəzəldən,
Həyat ağacından tökülər adam.
Qaranlıq
Sevmirəm gecənin qaranlığını,
Qara buludlar da məni qorxudur.
Elə düşünürəm ölmüş kimiyəm,
Sanıram dünyanın dibi, sonudur.
Amma bir tək bundan əminəm ki, mən,
Qaranlıqdan doğar işıqlı səhər.
Günəşli səhərin xətrinə çox vaxt,
Qaranlığa dözmək olar birtəhər.
Bilirəm, qaranlıq işıq doğacaq,
Səbrlə gözlərəm gələn sabahı.
Mənim ümidlərim gecə doğulur,
Toxum qaranlıqda cücərir axı!
Şirin yalan yoxsa acı gerçək?
Yenə düyün düşüb xəyallarımla,
Gerçəklər içində azıb qalmışam.
Doğrusu hansıydı, yalanı hansı,
Mən xəyallarımı doğru sanmışam.
Azmışam yalançı xəyallarımın,
Göz yaşı axıdan tüstülərində.
Doğru üşüdəndə səhvən qızındım,
Yalanın yalançı istilərində.
Mən nədən bu yerə gəldim, ilahi,
Uymuşam şeytanın bal barmağına.
Heç dönüb baxmadım bircə dəfə də,
Doğruların acı bağırmağına.
Uyaraq şeytanın fitnə-felinə,
Hərdən harama da saldım meylimi.
Doğrular o anda kəsdi yolumu,
Sandığım doğru yol bu deyildimi?
Yalan və həqiqət, özün ayır, seç,
Doğru acısıyla fərqlidur ondan.
Əsla aldatmasın şirnisi səni,
Acı doğru xoşdur şirin yalandan
Halal yolu seçib doğru yaşa, sən
Halalı haramdan seçən göz, əldir.
Şirin yalanlarla yaşamaqdansa
Acı həqiqətli ölüm gözəldir!
“Ədəbiyyat və incəsənət”
(05.11.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Ramiz Rövşənin şeirləri
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
POEZİYA
RAMİZ RÖVŞƏN,
Xalq şairi
İLAN BALASI
Böyüyüb bu körpə ilan balası,
gah o başa, gah bu başa sürünür.
Sevinir udduğu havaya, suya,
Torpağa sevinir, daşa sevinir.
Bir sevgi həvəsi dolur canına,
Gecələr gözünün itir yuxusu.
Çiçəyin qoxusu, otun qoxusu,
Küləyin nəfəsi dolur canına.
… Özündən xəbərsiz, səssiz-səmirsiz
Zəhərə çevrilir canında hər şey…
Bu ilan balası bir vaxt canında
Gizlənən zəhərdən xəbər tutacaq.
Bəlkə qarğıyacaq baxtını onda,
Bəlkə boğazını qəhər tutacaq.
Ağlama, ağlama, ilan balası,
Baxtını qarğıma, ilan balası!
Bu da bir ömürdü, dözəsən gərək,
Beləymiş taleyin əmri, buyruğu;
Döşünün altında –sevən bir ürək,
Dişinin altında –zəhər tuluğu.
Görənlər çığırar: – İlan var, ilan!..
Qovduqca qovarlar səni dünyada.
Hər yandan kəsilər yolun-yolağın,
Tək bircə yol qalar sənə dünyada;
Başından quyruğunacan,
Zəhərli dişindən
Quyruğunacan
Tək bircə yol qalar, –
o yol özünsən,
Özün öz yolunsan, ilan balası.
Özün bu dünyada öz əzizinsən,
Özün öz balansan, ilan balası.
Hara qaçacaqsan göz qabağından,
Bu zalım dünyaya neyləyəcəksən?
Yüz yol çıxacaqsan öz qabığından,
Özündən ayrıla bilməyəcəksən.
Öyrən, yavaş-yavaş özünə öyrən,
Dünyanın hər cürə üzünə öyrən.
Barış canındakı zəhərli dərdlə,
iyrənmə özündən, ilan balası.
Bəlkə də, ən acı həqiqət elə
sənsən yer üzündə, ilan balası.
Sənsən haqqın yolu bu yer üzündə,
tanrı özü seçib bu yolu bəlkə.
Yüz cür sifətiylə, yüz cür üzüylə
Dünya səndən keçib durulur bəlkə
AYRILIQ
Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik,
xəbərimiz yox.
Aradan nə qədər il keçib görən, -
Tanıya bilmədim, məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
“Ölmədim” deyirəm, nə bilim axı, -
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə.
Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim, nə sən indiki, -
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin, bu ayın, bu günündəki,
Elə bu küçənin bu tinindəki
məni də, səni də öldürdük onda.
…Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz ömründə min yol
Özünü öldürən adamlar keçir.
Keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.
Hamı günahkardı dünyada, amma
Dünyada heç kəsin günahı yoxdu.
Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada on-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.
Halal yolumuzu dəyişib, nəsə
Çaşmışıq, bir özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə qurban getmişik.
Dəyişib yerini bəlkə qış-bahar,
Qarışıb dünyanın şəhəri, kəndi.
Bəlkə öz bətnində ögey analar
Ögey balaları gəzdirir indi.
Ömrüm başdan-başa yalandı bəlkə,
Taleyim başqaymış doğrudan elə.
O yoldan ötən qız anamdı bəlkə,
Bəlkə də, oğlumdu bu oğlan elə.
Bu yalan ömrümdə görən sən nəsən?
Bəlkə heç sevgilim deyilsən mənim.
Anamsan, bacımsan, nənəmsən, nəsən?!..
Bircə Allah bilir, nəyimsən mənim.
Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza nə yol, nə körpü.
Ölüsən, dirisən, hər nəsən, dayan!
Dayan, heç olmasa əlindən öpüm…
Deyirsən: “Ölüyəm, ölünü öpmə…”
Əlimin içində soyuyur əlin.
Deyirsən: “Sən Allah, əlimi öpmə,
əlimdən, deyəsən, qan iyi gəlir…”
QARA PALTARLI QADIN
Kişilər bir olmur, atam balası, -
qorxağı var, igidi var.
Amma hər kişinin öləndən sonra
qəbri üstə ağlayası
Bir qara paltarlı gözəl qadına
ümidi var.
Sən öləndə
kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dünyada
bəlkə sənə ən çox ağlayan
Ən çox ağlatdığın qadın olacaq.
Göz yaşları yuduqca baş daşını,
Qəbrində qurcalanıb deyəcəksən,
İlahi, illər boyu ağlatdığım bu qadın
görən necə saxlayıb
bu qədər göz yaşını?!
Bircə kərə
nə saçını oxşamışam,
nə gözünü silmişəm,
Gözlərimə batır indi
saçlarının hər dəni.
İllər boyu
bu qadına mən axı dərd vermişəm,
İndi görən niyə çəkir dərdimi?!
Bu qadın baş daşımı
öpüb sığallamaqdansa,
Yumruğuyla döysə, döysə yaxşıdı.
Qəbrimin üstündə ağlamaqdansa,
Məni söysə yaxşıdı.
Yeri, yeri, qara paltarlı qadın,
Kiri, kiri, qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridi,
baş daşımı bəsdi basdın bağrına.
Bütün mənə ağlayanlar kiridi,
sən də kiri, qəbrim damır, ağlama!..
DÜNYA QƏFİL İŞIQLANSA
Qəfil gün doğsa bir gecə,
Dünya düm ağ işıqlansa;
Şəhər-şəhər, küçə-küçə,
Otaq-otaq işıqlansa,
Görərik kimlərin əli
kimlərin cibindən çıxır.
Kimlər əyilə-əyilə
kimlərin evindən çıxır.
Qəfil gün doğsa bir gecə,
Min-min gizli günah görsək,
Üstünü örtə bilməsə,
Bu dünyanı çılpaq görsək,
Başımıza hava gələr,
ağlımız çaşar bəlkə də.
Hamı birdən baş götürüb
dünyadan qaçar bəlkə də.
Bu dünyada bəs kim qalar,
Kim böyüdər, uşaqları?!
...Nə yaxşı ki, bu dünyamız
Yavaş-yavaş işıqlanır...
BAŞI KƏSİK GÖZƏL KÖTÜK
Başı kəsik gözəl kötük,
bu dağı sənə kim çəkdi?
Baltanı sənə kim vurdu,
bıçağı sənə kim çəkdi?
İpək-ipək yarpaqların
Küləklərlə talandımı?
Bilək-bilək budaqların
ocaqlarda qalandımı?
Küsdünmü taleyin acılığından?
Zalımlar keçmədi qocalığından
Yıxılmış ucalığından,
başı kəsik gözəl kötük…
Gözəl kötük, sızıldama, göynəmə,
Nə baltalar, nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da, qəm yemə,
Sən yıxılan ucalıqlar qalacaq.
Dünyanın küləyi keçər,
Qarı yağışı keçər.
Qatar-qatar quşu keçər,
daş atarlar, daşı keçər
sən yıxılan ucalıqdan.
Ümidli gözlər dikilər,
Körpə ağaclar yekələr,
Yekələr, qalxar, dikələr
sən yıxalan ucalığa...
Məndən sənə salam olsun,
başı kəsik gözəl kötük!
Balam olsa, balan olsun,
başı kəsik gözəl kötük.
Əyilim, köksünə başımı qoyum,
Gecələr laylamı çalasan mənim.
Böyründə bir evin daşını qoyum,
evimin dirəyi olasan mənim.
Gözəl kötük,
yaraların köz bağlasın, sağalsın,
Bu dünyada nə baltalar,
Nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da,
Yenə canın sağ olsun,
Bu dünyada
Sən yıxılan ucalıqlar qalacaq...
“Ədəbiyyat və incəsənət”
(05.11.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – 18.Elektron, yoxsa ənənəvi kitablar?
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
18.
ELEKTRON, YOXSA ƏNƏNƏVİ KİTABLAR?
Təbii ki, bəşər durduqca ənənəvi kağız kitablar da yaşayacaq. Kağız kitabların haçansa gündəmdən çıxması mifdir. Kağız kitabı kağız qəzetlərin aqibəti əsla gözləmir, çünki qəzet bir gün ərzində çapa hazırlanır və növbəti gün dünənki məlumatlarla çıxıb da öz aktuallığını itirir. Bu səbəbdən xəbər saytları xəbərdaşıyıcıları kimi daha populyardırlar və get-gedə qəzetləri gündəmdən tam sıxışdırıb çıxarırlar. Kitablar isə tam başqa funksiyaya malikdirlər, onları hiss etmədən, qoxusunu duymadan, vərəqlərini çevirmədən, qaldığın yerə əlfəçin qoymadan, arada sinənin üstünə qoyub bəhs edənləri təsəvvürünə gətirmədən oxumaq qeyri-mümkündür, bu cəhətdən planşet, telefon və digər qadjetlər kağız kitabların yanında tam gücsüzdürlər.
Uşaq və yeniyetmələrin mütaliəsi, dünyagörüşünün formalaşması, qlobal informasiya mühiti ilə səmərəli təması proseslərinin uğurla nəticələnməsi Azərbaycan dövlətinin kitabxana-informasiya sahəsində gələcəyə yönəlmiş inkişaf konsepsiyasının tərkib hissələrindən biridir.
Uşaq və yeniyetmələrin informasiya texnologiyalarını mənimsəyən ən fəal qruplar olmasını qeyd etmək olar. Demək olar ki, artıq başqa həyat tərzi, dəyərləri, informasiya mühitində davranış modelləri olan yeni nəsil yetişmişdir. Bax bu aspektdən yanaşdıqda isə elektron kitabxanaların və elektron kitabların dəyəri gözə görünən olur.
Elektron kitabxanaların təşəkkülü və inkişafı həm elmi mühit, həm nəşriyyatlar, tibb və təhsil müəssisələri, eləcə də muzeylər və başqa fəaliyyət sahələri üçün də maraqlıdır. Həmin fəaliyyət sahələrinə uyğun yaradılmış elektron kitabxana tipləri mətn sənədləri ilə çevik əməliyyatlar həyata keçirən xüsusi cəhətlərinə görə fərqlənir. Elektron kitabxanalarla ənənəvi kitabxanaların həm fərqli, həm də oxşar cəhətləri var.
Fərqli cəhətlər:
-İnformasiya daşıyıcısına, tərkibinə;
-İnformasiya məhsulunun formalaşmasının texnoloji proseslərinə;
-Mühafizə və təqdimetmə üsullarına;
-İstifadəçilərə xidmət məqsədinin xarakteri və həlli yoluna;
-Hüquqi və struktur asılılığına;
-İnformasiya məhsuluna mülkiyyət, surətini çıxarma və yayma hüququna; İnformasiya resurslarından istifadə üsullarına görədir.
Oxşar cəhətlərə gəldikdə isə demək olar ki, onlar bir-birini tamamlayır. Elektron kitabxanalar professional kitabxana-informasiya mütəxəssisi təcrübəsindən, eyni zamanda kitabxana sahəsində mövcud beynəlxalq standartların tələblərindən istifadə etməyə bilməz. Bütün bunlara baxmayaraq hər iki - ənənəvi və elektron kitabxanaların hüquqi, təşkilati və texnoloji yaxınlıq xüsusiyyətlərinə baxmayaraq onlar cəmiyyətin müxtəlif informasiya strukturlarıdır və onların problemlərinə də differensial baxılmalıdır.
Növbəti: 19. Kitabxana işi haqqında qanun
“Ədəbiyyat və incəsənət”
(05.11.2024)
Yaşasaydı bu gün 76 yaşı tamam olacaqdı...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Baba Pünhan ruh adamı idi. On üç yaşından şeir yazmağa başlasa da, ölkədə elə də tanınmırdı. Onu geniş oxucu kütləsinə ilk dəfə “ANS” kanalının “Qulp” verilişi tanıtdı.
Hacı Mailin rəhbərlik etdiyi "Füzuli məclisi"nin üzvü idi. "Təzəpir" məscidində təşkil olunmuş yığıncaqda mükafatlar təltif olunarkən, “Füzuli məclisi”nin fəal iştirakçısı kimi "Paklıq" mükafatına layiq görülmüşdü...
1948-ci il noyabr ayının 5-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində dünyaya göz açmışdı. Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin 8-ci sinfini bitirib Bakı Rabitə Texnikumuna daxil olmuşdu. Oranı başa vurduqdan sonra Bakı Metropolitenində mexanik işləməyə başlamışdı və 25-il həmin yerdə işləmişdi...
Metroda işlədiyi ilk vaxtlarda "Metro" qəzetində kiçik həcmli şerləri və qəzəlləri çap olunub. Yaradıcılığa lirik qəzəllərlə başlasa da, nəzm formasında bir neçə poema, sərbəst şeir, məhəbbət ruhlu qəzəllər və bir neçə kitabı ondan yadigar qalıb...
Baba Punhan həm də imanlı adam idi, ibadətindən qalmazdı. 1997-ci ildə Məşhəd, 2000-ci ildə isə Həcc ziyarətlərində olmuşdu. 2004-cü il aprel ayının 17-də əlli altı yaşında ikən vəfat edib. Sonda, şairin ömrünün son illərində qələmə aldığı “Bakının dərdi var” şeirini təqdim edib ruhuna Allahdan rəhmət diləyirəm…
Yorğundur, yatmayır haçandan Bakı,
Doyub yad ellidən, qaçqından Bakı.
Üzülüb, öləcək acından Bakı,
Məğrur görünsə də o can üstədir,
Bakının dərdi var, Bakı xəstədir.
Yaltaqlar dəstəsi baş alıb gedir,
Qeyrət yavaş-yavaş boşalıb gedir,
Məktəbli qızlar da qaş alıb gedir,
Ərli də, ərsiz də bir həvəsdədir.
Bakının dərdi var, Bakı xəstədir.
Əsrlər itirdik illər içində,
Qanqallar bitirdik güllər içində,
Çaqqallar dolaşır ellər içində,
Aslanlar, pələnglər daş qəfəsdədir,
Bakının dərdi var, Bakı xəstədir.
O, Cıdır düzüyçün çadır ağlayır,
Çadır övladıyçün Cıdır ağlayır,
Namus itkin düşüb abır ağlayır,
Köməksiz qız-gəlin dəstə-dəstədir.
Bakının dərdi var, Bakı xəstədir.
Sən ey “Qız qalası” qalasan hələ?
Səni həmişə qız qalasan hələ.
Dərdini Pünhana qala sən hələ,
Ta ki, göz yollarda qulaq səsdədir,
Bakının dərdi var, Bakı xəstədir...
“Ədəbiyyat və incəsənət”
(05.11.2024)
“Üstünlük birincidədir” - B.QRASİANDAN 10 SEÇMƏ AFORİZM
İmran Verdiyev,Azərbaycan Respublikasının Əməkdar müəllimi.“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Sizə Baltasar Qrasianın bəzi aforizmlərini ilə təqdim etmək istəyirəm. Yəqin ki, onun haqqında eşitmiş olarsınız. Eşitməyənlər üçün qısa məlumat verim.
B.Qrasian məşhur ispan yazıçısı və filosofudur. O, 08 yanvar 1601-ci ildə Belmontda həkim ailəsində doğulmuşdur. Uşaqlığı yoxsulluq içində keçmişdir. Qohumlarının köməyilə yezuit kollecində oxumuş, fəlsəfə və qrammatikanı öyrənmiş, Saraqossa universitetində isə ilahiyyat elmləri ilə tanış olmuşdur.
1627-ci ildə Kallatude şəhər kollecinə qayıdıb orada qrammatika və ritorika üzrə müəllim işləyib. 1636-cı ildə Ueska şəhərinə dəyişilən Qrasian burada ədəbiyyat və incəsənət həvəskarları mühitinə düşür, yazıçı kimi formalaşır. Zadəgan don Vinsensio Xuan da Lastanossa ilə tanışlıq dünyəvi meyllərini gücləndirir.
İspaniyada barokkonun ən böyük nasirlərindən və nəzəriyyəçilərindən biri sayılır. (Barokko XVII –XVIII əsrlədə Avropa mədəniyyətində renessans və klassizm arasında mövcud olan bir cərəyan idi.)
Yezuit ordeninin rəhbərliyi onun dünyəvi meyllərini, ədəbi fəaliyyətini xoşlamır. Qrasian dəfələrlə etdiyi kimi yezuit ordeninin icazəsi olmadan əsərlərini (xüsusən "Tənqidçi" romanını) nəşr etdirdiyinə görə Salamankada təhqiredici istintaqa cəlb edilir, məhkəmənin qərarı ilə Qraus şəhərciyinə sürgün olunur. Burada ona yazmağa icazə vermir, pəhriz saxlamağa məcbur edib ac saxlayırlar. Salamanka məhkəməsindən bir il keçmiş o, Qrausda 06 dekabr 1658-ci ildə vəfat edir.
XIX əsr böyük alman şairi H.Heyne onu “əsrinin birinci adamı” adlandırmışdı. “Qrasian həyat müdrikliyinin, mənəvi biliklərin Aristoteli sayıla bilər”.(Ə.Nicat)
Qrasianın ədəbi irsi "Qəhrəman", "Siyasətçi", "Hazır-cavablıq sənəti", "Xoşrəftar", "Gündəlik kahin, yaxud ehtiyatlı olmaq sənəti" əsərləri və üçhissəli "Tənqidçi" romanından ibarətdir. Filosof yazıçının əsərlərində insan həyatının müxtəlif cəhətləri və problemləri əks etdirilir.
“Kamillik elmi” fəlsəfi traktatı isə onun ən gözəl və ən məşhur əsəridir. Yazıçı Ə.Nicat yazır ki, “Kamillik elmi” əsərinin daha vacib bir cəhəti onun insan mənəviyyatına, insan əxlaqına verdiyi qiymət və hər aforizmdə mənəvi gözəlliyin son nəticədə insana gətirdiyi qələbələrin labüdlüyünə olan inamdır”. “Kamillik elmi” fəlsəfi traktatı uzun əsrlər insanların masaüstü kitabı olmuşdur.
B.Qrasianın həmin əsərindən seçilmiş, insanları kamilliyə və saflığa səsləyən 10 aforizmi diqqətinizə çatdırırıq.
1. Xalqın məhəbbəti. Xalqın rəğbətini, xüsusən də məhəbbətini qazanmaq asan iş deyil. Bunun az bir qismi taleyin köməyi ilə, çoxu isə səy hesabına qazanılır. Tale adama yol acır, səy isə bu yolu davam etdirir.
2. Niyyətini bildirmədən hərəkət et. Gözlənilməzlik –müvəffəqiyyətin rəhnidir.Təmkinlilik kamilliyin məbədidir. Niyyəti açıqlamaq onu məhv etmək deməkdir, belə halda onun qüsurları qabaqcadan aşkar edilər, müvəffəqiyyətsizliyə uğramaq isə ikiqat fəlakət olar. Açıq oyunun nə xeyri, nə sevinci olar. Öz məqsədini bildirməsən, hamıda, xüsusilə də yüksək vəziyyətin ümumi intizar doğurduğu, niyyətlərin sirlərə büründüyü, bu müəmmalı anlağılmazlığın ehtiram təlqin etdiyi yerdə böyük maraq oyadarsan.
3. Özünü saxla. Hamının qabağında özünü göstərib, gücünü boş yerə sərf etmək lazım deyil. Ağlını və şücaətini də boş yerə sərf etmə. Mahir ovçu ov zamanı lazım olandan artıq çahin buraxmaz. Nəyin varsa, hamısını açıb göstərsən, sabah heç kimi heyrətləndirə bilməzsən.
4. Uğurli sonluq. Fələyin imarətinə sevinç darvazasından girən, kədər darvazasından çıxır və əksinə. Təntənəli giriş barəsində yox, işin sonu, uğurlu çıxış barəsində fikirləş. Vacib deyil ki, girişində səni kütlə alqışlasın, buna hər kəs nail ola bilər. Əsas odur ki,hamının sevimlisi olasan və gedişindən hamı heyfsilənsin.
5. Üstünlük birincidədir. Əgər birinci olan, həm də məşhurdursa, üstünlük ikiqatdır. Birinci gediş də böyük işdir, üstünlük səndə olur. Əgər başqaları qabaqlamasa, hər bir adam işində uğur qazanar. Birincilərə ad-san vərəsəlik kimi qismət olur. İkincilərə isə bu ad-sandan yalvarmaqla alınan qırıntılar qalır və nə qədər tər töksələr də, təqlidçilik damğasını öz üzərlərindən götürə bilmirlər.
6. Batan günəş olanadək gözləmə. İşlər səndən uzaqlaşmamış, onlardan uzaqlaşmaq –ağıllı adamların həyati qaydalarından biridir. Öz sonluğunu təntənəli etməyə çalış, hərdən Günəş də batmasını görməsinlər deyə hələ tam parlaq olanda, bulud arxasında gizlənir. Belə halda bizə onun batıb-batmadığını yalnız anlamaq qalır. Vaxtında qəm-qüssədən qaçmaq lazımdır ki, sonradan özünə olan hörmətsizlikdən ziyan çəkməyəsən.
7. Özünə dostlar tap. Dostluq –ikinci varlıqdır. Hər dost öz dostu üçün həm yaxşı, həm də ağıllıdır; dostlar arasında bütün işlər həll olunur. İnsanın qiymətini başqaları verir və onların dodaqları isə ürəklərində olanı deyir. Dost üçün ən yaxşı hədiyyə ona qarşı ürəyitəmiz olmaqdır. Dostluğu qazanmağın ən yaxşı üsulu özünün dost olduğunu göstərməkdir.
8. Söhbətdə ehtiyatlı ol: rəqiblərlə ehtiyatı əldən verməmək, digərləri ilə ədəb qaydalarına uyğun hərəkət etmək üçün. Sözü demək asandır, onun dalında durmaq çətin. Danışıqda da vəsiyyətnamədə olduğu kimi, nə qədər az söz desən, bir o qədər az mübahisə olar. Mənasız şeylərdən danışmaqla daha mühüm işlər üçün zəmin hazırla. Gizlilikdə ilahi qüvvədən nə isə var. Söhbətdə asanlıqla ürəyini açan adamı inandırmaq və ona qələbə çalmaq asan olur.
9. Özünü yarımac saxla. Qoy ağız həmişə nə isə istəsin. İstək dəyər ölçüsüdür. Yaxşı zövq nəinki cismani ehtirasın söndürülməsini tələb etmir, hətta onun alovlandırılmasını məsləhət görür. Az olsun, naz olsun –bu ikiqat yaxşıdır, çünki ikinci dəfə hər şey əvvəlki ləzzəti vermir. Həyi isə xoşagələn etmək istəyirsənsə, açlığın iştahını qızışdırdığı vaxt həmin şeyə yiyələn və doymamış ondan əl çək.
10. Boyun qaçırmağı bacar. Əgər boyun qaçırmaq bacarığı həyatın mühüm qaydalarından biridirsə, özü-özünə, bəzi işlərə, xüsusi adamlara “yox” deyə bilmək bacarığı daha vacibdir. Mənasız işlər adamın qiymətli vaxtını yeyən güvəyə bənzər. Boş-boş işlərlə məşğul olmaq heç nə etməməkdən qat-qat pisdir.
“Bir şeirin hekayəti”ndə Habil Yaşar və “Yuxuya bənzər şəhər”
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Şeir böyük zəkaların röyalarıdır." ( Lamartin)
Bu gün " Bir şeirin hekayəti" rubrikasının qonağı zəkası, düşüncələri, öz üslubu ilə fərqlənən, həm nəsri, həm də şeirləri ilə oxucularının ruhunu oxşayan yazar Habil Yaşardır.
-Xoş gördük, dəyərli Habil bəy.
Artıq xəbərdarıq ki, üzərində işlədiyiniz ikinci romanınız çox fərqlidir və indidən maraq doğurub, ümid edirəm tez bir zamanda işıq üzü görər.
Bu haqda da böyük məmnuniyyətlə danışmaq istərdik, amma rubrikamızın şərtlərinə görə oxucularınıza " Bir şeirin hekayəti"- ni söyləməlisiniz.
Buyurun, dəyərli Habil Yaşar, bizə gizli dünyanızdan bir az danışın.
-Xoş gördük, Ülviyyə xanım, öncə bu rubrikayla bağlı mənə müraciət etdiyiniz üçün sizə dərin təşəkkürümü bildirir, işlərinizdə daima uğurlar arzulayıram.
2015-ci il avqustun 10-u idi. Gecə saatlarında bəşəriyyətin, dünyanın gələcək taleyi ilə bağlı düşüncələrə dalmışdım. Anidən “Yuxuya bənzər şəhər” adlı bir misra ağlıma gəldi. Daha sonra şəhərin başına gələcək fəlakətləri təsvir etməyə başladım. Və beləliklə eyniadlı şeir yarandı. Aradan illər keçdi. Beş il sonra koronavirus epidemiyası pandemiyaya çevrilərək bütün dünyanı cənginə aldığı zaman şeirin hər misrası sanki bu günləri xatırlamaqdaydı. Bu səbəbdən şeirim oxucular tərəfindən böyük rəğbətlə qarşılanaraq paylaşıldı, səsləndirildi.. Həmçinin dəyərli gənc müğənnimiz, yeni ulduz müsabiqəsinin üçüncüsü olan Zəka Zeynalov mənə müraciət edərək razılıq aldıqdan sonra bu şeirə mahnı bəstələyərk ifa elədi. Mahnı şəbəkələrdə trendə çevrilməklə yanaşı, bir müddət İTV radiosunda yayınlandı. Sizlərə adından bəhs edilən şeiri və bir neçə linki də təqdim edirəm.
Yuxuya bənzər şəhər
Şəhər sükut içində,
Adamlar yoxa çıxmış.
Elə bil bu şəhərdə,
Heç adamlar yox imiş.
Ağlı-qaralı şəhər,
Yuxuya bənzər şəhər,
Həmişə gülər şəhər,
Elə bil ağlayırmış.
Bir nişan yox həyatdan,
Ölüm yağır uzaqdan,
Bu qədər qaranlıqdan,
Şəhər sıxılacaqmış.
Özündən getmiş şəhər,
Tükənib, bitmiş şəhər,
Varlığı itmiş şəhər,
Elə bil yaşamırmış.
10.08.2015
Kaş ki, bu günlər yaşanmayaydı...Amma, sadəcə kaş ki...
“Ədəbiyyat və incəsənət”
(05.11.2024)
BİRİ İKİSİNDƏ - Gülər Mübarizin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Gülər Mübarizin şeirləri təqdim edilir.
ŞEİR VAXTI
Gülər MÜBARİZ
DARIXMAĞIN TABLOSU
Elə darıxaram ki, həsrətin odu sönər, adım gəldiyi yerdə,
Baş götürüb gedər, geri qayıtmaz bir də.
Bütün darıxmaqların izinə kölgə salar,
Saçlarına dən düşər,
Sevdam örpəyin açıb ayaq altına atar,
Ağlın ilə hisslərin bir-birindən gen düşər
Yoxluğunun səfası hökm sürdüyü yerdə…
Hicranın qədəmini yolda vüsalın əzər,
Arzuları kəm gəzər.
Sənsizliyim utanar, gözünü məndən çəkər,
Kirpikləri nəm çəkər.
Yolunu ayrı salar, keçmişimə qarışar,
Taleyilə barışar.
İzi- tozu da qalmaz bir baxışın əsiri bapbalaca qəlbimdə,
Qapıların bağlayar üşüyəndə qəlbim də.
Baş-başayıq, bir mənəm, bir də ki darıxmağım,
Unudur yoxluğunu qəflətən karıxmağım.
Qorxma, gözümün nuru, bu darıxmaq dərd deyil,
Kədərə yoldaş deyil,
Gözlərində yaş deyil.
Sənin kimi gözəldir, əli məndən aralı,
Gözləri qaralı yar.
Mən elə darıxaram,
Elə darıxaram ki, qəmim gözəlliyiylə
Könüllərdə taxt qurar.
***
Deyəsən…
Deyəsən, gənc deyiləm,
Üzüaşağı gedir ömrümün il qatarı.
Yol çəkir həyatımdan üzü atama sarı…
Daha şıltaq deyiləm,
Nə də sonbeşik nazlı,
Segah üstə çalınır gəncliyin telli tarı.
Payız təslim alacaq mən doğulan baharı.
Düşüncələr qarışıq, dəyişibdir ruhum da,
Daha səs-küy sevmirəm indiki hüzurumda.
Tənhalığım qapadı köz olan yaraları,
İndi doğru sanıram, bir zaman qınadığım
Yaxına qoymadığım bütün o olmazları.
Daha uzaq deyiləm
Anamın danışdığı o “vaxt gələr” sözünə
Gedərək mən də daha bənzəyirəm özünə.
Bir zaman bəyənməyib dəyişdiyim dalğanı
İndi zövqlə dinləyib anlayıram hər anı,
"Rast", "Çahargah" muğamı, ya da telli sazdakı
O yanğılı havanı.
Daha ehtiyatlıyam, asta-asta baxıram
Əzrayılın gözünə;
Dəli-dolu deyiləm əvvəl olduğu kimi –
İllərlə barışmışam, yaş öz sözünü deyir.
Çayı dəmli sevirəm, anam içdiyi kimi,
Daha çətin gəlməyir
Qərarımı çevirəm onun seçdiyi kimi.
İndi görə bilirəm yaxşını, həm yamanı,
Düşmənə bənzətmirəm səhvimi üzə deyib
Mənə candan yananı.
Zamanın qüdrətiymiş, yaşayasan, görəsən.
Öyrənirəm get-gedə illər necə dəyişər
Daxilində qoruyub saxladığın insanı.
Bitir artıq nağılı, göydən üç alma düşür,
Beləcə sonlanıram.
Daha nələr yazırsan, qorxursanmı deyəsən?
Artıq cavan deyiləm, deyəsən, yaşlanıram.
***
“Rəssam, sevgilimin rəsmini gəl çək,
Sevgilim gözəldir, sən də gözəl çək”.
Deyirdi nakam şair…
Kəlmələri qor götürüb, köz yaradıb könüllərdə,
Elə rəssam tapın ki, şairimi vəsf eləsin,
Sızıldasın könül simi pərdə-pərdə.
Elə vəsf eləsin ki, anlasın cümlə-cahan
Gözündə yuva quran nə varsa, qüssəyə dair.
Elə vəsf eləsin, daş əriyib muma dönsün,
Okeanlar quma dönsün,
İzi qalsın vərəqlərdə.
Fikirlərdə tufan qopsun, kirpiklərdən leysan töksün,
Yarımçıq taleyinə qalanmış o ocaq sönsün.
Çəksin onun gözündəki baxışını, bacararsa,
İçindəki qəmiylə bir.
Çəksin gözünü sətir-sətir,
Ruhu o gözdəki mənanı sararsa…
Çəksin harayı, dilsiz olan naleyi-ərşi
Bu saatdan sonra bir rəsmə sığarsa..
Ya da bir qəlbə yararsa…
Elə çəksin ki, baxanlar oxusun,
Mən elə qəm görmədim, nur qoxusun.
Gözəldir qəm də, əgər gözlərinə yaraşarsa,
Mikayıl kimi yorğun, Müşfiq təki nakam gəncin
Deyilməyən kəlamını çəkdiyi rəsmə toxusun.
Kim əgər rəsmi sorarsa,
Desin ki, qəm çəkirəm vərəqlərə,
Dərd əkirəm könüllərə, itibdir fırçamın dincliyi…
BİR GÜN DESƏLƏR...
Bir gün gəlib desələr ki, o çox yaxşı insan idi,
İnanma!
Hər kəlməni ismim ilə bəzəsələr,
Sətirlərə gül-çiçəyi düzsələr də,
Bu nağıla çox güvənmə, eşit, amma inanma,
Deyiləni əsl qiymət, deyəni adam sanma.
Yaxın otur, gəl dərdləşək, həyat yaman qısadır,
Bu dünyadan küsənləri o dünyaya susadır.
İki yolun astanası uçurumdur, dayanma,
Sən də sonradan yanma…
Get söylə ki, bu dünyanı əldə çıraq,
Cümlə-cahan dolaşsalar,
sərhədləri də aşsalar,
tapmayacaqlar gedəni.
Görmüsənmi ərşə çıxıb sonradan yerə enəni?
İtiriblər daha məni...
Gedənlərə bəzək vurub ağlamağı bacarırıq,
Mənzil başına çatmamış, biz başqa bir yol alırıq.
Bu nə gərdiş, nə gedişat, nə hikmətsə,
Gedən birdən ən qiymətli kimsə olur,
Hər bir kəsdən yaxın olur.
İnsanları sonda sevib, qiymət vermək ədalətsə,
Yoxdur mənim doğru işim,
Yalan imiş hər vərdişim.
Bax beləcə…
Çox düşünmə, yazdıqlarım bir nağıltək unudular,
Sözün sehri gül ömrüdür, dildən çıxan kimi solur.
Soruşsalar məni səndən, denən, o qız xəyal idi,
İstəmədi yalanları, alışmadı saxtalığa,
Həsrətinə, hicranına yoldaş olan vüsal idi.
Baş əymədi ayrılığa…
Riyakara yovuşmadı, bu üzdən də dərd başından sovuşmadı.
Hər kəlməsi halal idi, qovuşmadı yaxşılığa.
Arzuları, istəkləri başlaya bilmədən bitdi,
Bir yuxutək bu dünyadan ötdü-getdi…
YORĞUN FOTOLAR
Sən sevdamın qatilisən, mən ki sənə yar demişəm,
Xəyalına hərsət ikən qəlbdə yerin var, demişəm.
Güvəndiyim o dağlara yağan gizli qar demişəm
...Gəl boynumu sar, demişəm.
Gecələr həmdəmim olub, gündüzlərim küskün düşüb,
Fotolarda qalan əksim yorğun düşüb, üzgün düşüb.
Arzularım bu dünyadan o dünyaya sürgün düşüb
...Bəxtimə naçar demişəm.
Şəhriyarın naləsinə qoşulmuşam sətir-sətir,
Nə uzatsam, əlim çatır, nə qışqırsam, ünüm yetir.
Son görüşə gələn zaman dincliyimi mənə gətir
... Ruhumu apar demişəm.
***
Ay şəhidim…
Gözlərinin alovunda sönmüşəm,
Yoxluğunda damla-damla, zərrə-zərrə yandıqca
Hər gün, hər an çökmüşəm.
Nisgilinə qurban olum, elə bilmə,
Hər qapını döyəni sən, hər yolumdan keçəni sən,
Gələni də, gedəni də sən sandıqca,
Elə bilmə, xəyalını əvəz edən, səni mənə unutduran birisi var,
Sanma ki, mən bircə an da xatirəni qəlb evimdən çıxarmışam, ya sökmüşəm.
Düşünmə ki, səndən sonra bu həyatın gerisi var.
Ya da sənsiz dinlədiyim kəlmələrin qulağımda bir həniri, bir səsi var.
Gedişinlə aparmısan yaşamağın dadını da.
Gözlərimdə əks olunan həyat filmin adını da.
İndi ancaq yalnızlığın “Sən” adında bir kəsi var,
Ovunmayır xatirənlə, pıçıldayır qulağıma:
“Xəbərin var, o gedəndən mən ölmüşəm?”
Günah yazır ayağıma –
“Ay insafsız, ondan sonra daha nəyin mənası var?”
Mən bu ömrü iki yerə “sənli, sənsiz”ə bölmüşəm.
Unutmuşam daxilimdəki insanı, məsum baxan qadını da,
Sənsiz neynim bu dünyanın qohumunu, yadını da?
Varlığına qovuşmağın çarəsi var?
Yuxuma gəl, dərdin alım, gəl görüşək, söhbətləşək,
Xəbər verim, sən gedəli qəlb evimdə nə talan var.
Xəbər verim, sən gedəli mən nələri unutmuşam, gör bir nələri silmişəm,
Bilsən nədən, ya nələrdən vaz keçmişəm?
Elə baxma,
Qurban olum gözlərində məskən salan
Mən sarıdan təlaşına, qüssə yağan
O qayğılı baxışına…
Nə qədər ki xatirən var, adın yaşar könüllərdə,
Mən də varam, vətən deyən, səni anan o dillərdə.
Nə söyləyək bu taleyin naxışına?
Cənnətməkan qoxulumsan, ay şəhidim,
Sən yarımçıq yuxulumsan.
Oxşamağa qıymadığım nakam qismətli oğlumsan.
QÜRBƏTİN DƏRDİ
Baş götürüb yollanıram göylərə, səndən uzaq yerlərə,
Sənsizliyi və səni bu diyarda tərk edim,
Özüm özümdən gedim…
Yer üzündən silinim.
Xəyalınla savaşıram, orda qal,
Mən adlı dərddən sağal.
Getdiyim yerə gəlmə, yollarını gendən sal.
Mən səndən gizlənirəm, bəs sən hara gəlirsən?
Özün mənə deyirdin, məndən betər dəlisən.
Gəlmə deyə yalvarıram sözlərə,
Sözlər də üsyan edir, dava açır gözlərə.
“Bu nə baxış?”
Rəhmin gəlsin ellərə.
Hər baxdıqca bağrım başın dəlirsən.
O baxışa məğlub olan biçarəyəm, bilirsən.
Nə sən Məcnun deyilsən, nə də ki mən Leyliyəm, düşməmişik çöllərə.
Dünyanın o başına gəlmişəm ki, unudum,
Yaddaşımı sökmüşəm, xatirəni də silim.
Ayrılığı tale yox, özün yazdın alnıma,
Yastığımdan qoxunu sulara etdim təslim.
Bəs niyə sızıldayır canımın sol tərəfi ?!
Qoxun gəlir burnuma…
Elə bil itirmişəm ən əzizi-xələf səni.
Küləyi gətirmişəm özüm ilə arxamca,
Sənə havadar gəlib, sanki bəllidir əslim.
Pıçıldayır astaca:
"Qəlb evində talan var,
Gözü yolda qalan var".
Deyəsən, səhv gəlmişəm, ya da dəli oluram,
Səndən neçə dənədir, ay zalımın balası, hər yerdə surətin var.
Mənlə bərabər gəlib sən adlı obam, elim,
Mən uzağa qaçdıqca sənə yaxın oluram.
Yüz illik dərdi-səri sığdırdığım qırx ilim
Sənsizliyə sığmır heç düşünüb mat qalıram.
Və... buludtək doluram.
DARIXMIŞAM
Gedişinə namə yazdım – mürəkkəbi göz yaşımla,
Gözlərimi kor etsə də, sətir-sətir oxumuşam.
Ay insafsız, inanmırsan,
Neyləyim ki, anlayasan,
Mən səninçün darıxmışam.
Uzaqlaşıb başqa səmtə gedərkən də
Ayrılığa aparan o nazlı yerişə baxmışam.
Yoxluğunu gözüm görüb, ürəyimdə saxlamışam.
Gizli-gizli ağlamışam.
Yollarını bağlamadım, getmə, dayan.
Demədim ki, gəl ol hayan.
Sənli olan hər nə varsa,
Gəl, nə qalıb, al o zaman.
Bu yüklərdən sıxılmışam.
Toplayacam, nəyin varsa,
Gəl, yığ apar, öldürəcək məndə qalsa.
Bir sirr açım… Doğru yoldan yıxılmışam.
Bilirsən də, mən yalanı bacarmadım heç bir zaman.
Bəhanədir xatirələr, bəhanədir əşyan-filan…
Gəl,yetər ki, səni görüm,
Gedərkən bir də üzülüm.
Nə deyirəm, heç bilmirəm, sənsiz yaman karıxmışam.
Barı qayıt qonaq kimi, mən razıyam.
Bu dönüşün olsa da ötəri, yalan,
Düşünmərəm bu sevdada yanılmışam.
Bir də qayıt, yalvarıram.
Gözlərinə bir də baxım, baxışına tamarzıyam.
Pıçıldayım qulağına: sənsiz yaman darıxmışam…
“Ədəbiyyat və incəsənət”
(05.11.2024)
Gəncə Dövlət Filarmoniyasında Füzulinin 530 illiyi qeyd edilib
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş "Füzuli musiqidə" adlı konsert proqramı baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, konsertdə Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artistlər Kəmalə Tağızadə, Tural Abdullayev, solist Vasif Bayramov “Könlümü dərdə salan”, “Qəlbi pərişan eləmə”, “Vəslin mənə”, “Dil giriftar olub”, “Əfsanəsi budur”, “Ey Dilruba”, “Ağlaram”, “Xəndandır bu” qəzəllərinə bəstələnmiş əsərləri ifa ediblər.
“Ədəbiyyat və incəsənət”
(05.11.2024)
Danimarkada yaşayan azərbaycanlılar icma ilə görüşü təqdir edirlər
Xəbər verdiyimiz kimi, dekabrın 3-də Kopenhagen şəhərində Danimarkada yaşayan azərbaycanlılarla Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun görüşü keçirilib. İcma üzvləri Danimarkada ilk dəfə geniş tərkibdə belə görüşün təşkilini, müxtəlif istiqamətlərdə fikir mübadiləsinin aparılmasını yüksək qiymətləndirib, bundan sonra da diaspor siyasətinə öz töhfələrini verəcəklərini dilə gətiriblər.
“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumatda icma üzvlərinin ürək sözləri yer alır:
Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin sədri Mehriban Əliyeva:
“Danimarkada 320 azərbaycanlı yaşayır, onların 150-si bu görüşdə iştirak edir. Bu bizim üçün qürurdur və birliyimizin, gücümüzün göstəricisidir”.
Danimarka Azərbaycan “Vətən” Cəmiyyətinin mərhum rəhbəri Səfər Sadiqinin həyat yoldaşı Tamella Mahmudova: “Danimarkada yaşayan soydaşlarımız yaxşı mövqelərdə çalışırlar. Burada azərbaycanlılara qarşı hörmət, diqqət var. Bir azərbaycanlı olaraq bununla fərəh hissi keçiririk”.
“Vətən” Cəmiyyətinin üzvü Nigar Səfər Sadiqi: “İcma görüşlərinin keçirilməsinin faydası çox böyükdür. Belə görüşlər bizim birliyimizə bir təkandır”.
Mühəndis Ziya Fərzəliyev: “Azərbaycanı dünyada tanıtdırmaq, birliyimizi nümayiş etdirmək üçün bundan yaxşı vasitə olmaz. Gələcəkdə də belə görüşlərin davam edəcəyinə ümid edirik”.
“Vətən” Cəmiyyətinin idarə heyətinin üzvü Fərqanə İsmayılova: “Danimarka-Azərbaycan “Vətən” Cəmiyyəti burada yaşayan azərbaycanlılarla tez-tez görüşlər keçirir. Diasporla İş üzrə Dövlət Komitəsi ilə ilk görüşümüzdür. Belə görüşlərin davamlı olacağına və Danimarkada Azərbaycan Evinin açılacağına inanırıq”.
Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin sədr müavini Amid Hüseynov: “Danimarkanın müxtəlif bölgələrindən azərbaycanlılar, ictimai fəallar bu görüşə xüsusi maraq göstəriblər. Azərbaycan dilinin öyrənilməsi, mədəniyyətinin qorunub saxlanmasın üçün Danimarkada Azərbaycan Evinin açılmasını istəyirik”.
Təqaüdçü Nəriman Həsənov: “Bugünkü görüş çoxdankı arzumuz idi. Belə görüşlərin tez-tez keçirilməsini arzulayırıq”.
Həkim Dilarə Məmmədova: “Ətrafında səni başa düşən eyni dildə danışan, eyni mədəniyyətə sahib insanların olması çox gözəldir. Bu baxımdan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi bizim üçün çox vacib, çox dəyərlidir. Danimarkada Azərbaycan diasporundan dəstək görmək çox qürurverici hissdir. Mən də Azərbaycan diasporunun aktiv iştirakçısıyam”.
“Ədəbiyyat və incəsənət”
(05.11.2024)