Aktotı Raimkulova Türkmənistanda keçirilən “Uşaqlar üçün Beynəlxalq Fəaliyyətlərin İnkişafı Konfransı"nda çıxış edib Featured

 

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya Möhtac Uşaqlar üçün Yardım Xeyriyyə Fondunun təşkilatçılığı ilə 29 mart 2025-ci ildə Türkmənistanın Arkadağ şəhərində keçirilən “Sülh və Əminamanlıq İli: Uşaqlar üçün Beynəlxalq Fəaliyyətlərin İnkişafı Konfransın"da çıxış edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, Fondun prezidenti Aktotı Raimkulova konfrans iştirakçıkarını salamlayaraq, dünyada baş verən çətin və dəhşətli hadisələr fonunda xalqlarımızın gələcəyini təmsil edən uşaqlarla bağlı belə konfransların keçirilməsinin əhəmiyyətini vurğulayıb və tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Həmçinin, Aktotı Raimkulova gənc nəsilin daim diqqət mərkəzində saxlanıldığını və bu məsələnin rəhbərlik etdiyi Fondun fəaliyyətində prioritet yer tutduğunu vurğulayıb. O, gənclərin və uşaqların Türk dünyası uzun əsrlərə dayanan tarixi və zəngin mədəniyyəti haqqında maarifləndirilməsi, mədəni-sosial layihələrə cəlb edilməsi yolunda Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən atılan addımlar barədə iştirakçılara məlumat verib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti gənc nəslin sağlam mənəvi dəyərlərlə yetişməsində irsin rolunun əvəzsiz olduğunu bildirib.

“Bildiyimiz kimi, irs gənc nəslin şəxsiyyətini, mənsubiyyət hissini və cəmiyyətdəki rolunu formalaşdıran təməldir. Mədəniyyət, adət-ənənələr, dil və tarix sayəsində gənclər dünyanı öyrənir, öz köklərinə bağlanır və qarşılıqlı hörməti inkişaf etdirirlər. Buna görə də irsə hörmət və onun təhsil ilə gündəlik həyata inteqrasiyası olmadan gənc nəslin tərbiyəsi mümkün deyil”, – deyə o, çıxışında qeyd edib.

Konfransa Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya Möhtac  Uşaqlar üçün Yardım Xeyriyyə Fondunun tibbi fəaliyyət üzrə vitse-prezidenti Oğulcahan Atabayeva, Özbəkistan Respublikası Prezidentinin köməkçisi Səidə Mirziyoyeva, Qazaxıstan Respublikasının səhiyyə naziri Akmaral Alnazarova, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir, Türkmənistan Hökumətinin rəsmiləri, Türkmənistanda akkreditə olunmuş beynəlxalq təşkilatların diplomatik korpuslarının və nümayəndəliklərinin əməkdaşları, yerli ali təhsil müəssisələrinin müəllimləri və tələbələri, ictimai-sosial təşkilatların və qurumların nümayəndələri, həmçinin yerli və xarici media nümayəndələri qatılıblar.

 

“Ədəbiyyat və incəsənət”

(30.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.