Musiqi həm mələklərin səsi, həm də şeytanın pıçıltısıdır Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

İnsan ruhu sonsuz bir xaosdur. O, daim hərəkətdədir, sükutu belə içində gizlədilmiş çığırtılarla doludur. Ruh bəzən tənhalığın buz kimi sərinliyində, bəzən isə sevdanın od kimi yandırıcı istisində yanar. Lakin insan özü belə ruhunun dərinliklərinə enə bilmir. Orada gizlənən ağrını, arzunu, xatirələri və tənhalığı tam ifadə edə bilmir. O, sözlərdən istifadə edir, amma sözlər çox vaxt çılpaq və gücsüz qalır. Sözlər ruhun dərinliyini əks etdirməyə yetmir. Və burada musiqi səhnəyə çıxır. 

 

Musiqi insanın özünə söyləyə bilmədiyi həqiqətləri pıçıldayan bir güzgüdür. O, yalnız eşitdiyimiz səs deyil, həm də varlığın içində gizlənmiş görünməz bir nəfəsdir. Hər bir not, sanki ruhun qaranlıq künclərindən işığa çıxmağa can atan bir hissdir. Musiqi ağrıya, sevincə, ümidsizliyə, ümidə, ehtirasa və qorxuya dildə verilməyən bir ad qoyur. Çünki musiqi yalnız dinlənilmir. O, hiss edilir, yaşanır və ruhun dərinliklərinə işləyir.

İnsan ruhu analiz edilərkən xaotik, paradoksal və eyni zamanda dərin bir uçurum kimi təsvir edilir. Musiqi də eynən belədir.

O, həm məsumdur, həm də təhlükəli.

Həm mələklərin səsi, həm də şeytanın pıçıltısıdır.

Bir melodiya insanı rahatladıb ona yaşamaq üçün səbəb verə bilər, eyni zamanda başqa bir melodiya onun içindəki uçurumu daha da dərinləşdirə bilər.

Bütün mənəvi hislərin etdiyi kimi, musiqi də insanın varlıq boşluğunu doldurmağa çalışır. İnsan təkdir, atılmışdır, lakin musiqi bu tənhalığın içində bir sığınacaq yaradır. Bəzən bir tarın titrəyən simlərində, bəzən bir qəzəlin muğamla bütövləşən fəryadında, bəzən isə Ramşteynin sərt ritmlərində insan ruhu öz həqiqətini tapır. Çünki musiqi insanın mövcudluq qorxusunu təsdiqləyən ən dərin güzgüdür.

Biz bəzən musiqini yalnız bir əyləncə vasitəsi kimi görürük, lakin əslində o, insanın varlıq mübarizəsinin səsli formasıdır. Müharibə səhnələrində çalınan davul səsi kimi, sevgi anlarında pıçıltıya çevrilən skripka melodiyası kimi, inqilabların içində yüksələn marşlar kimi musiqi həmişə insanın daxili və xarici savaşlarını özündə daşıyır.

O, ruhun mübarizəsinin tərənnümüdür.

İnsan ruhunun ən dərin qatları, onun ifadəyə möhtac olan sirrləri var. Bəzən bu sirlər sözə çevrilir, bəzən isə musiqiyə. Lakin insanın varlığını, onun ruhunun əbədi iztirablarını, sevinc və kədərini ən dolğun ifadə edən iki sənət növü varsa, bu, muğam və qəzəldir. Onlar bir-birindən ayrılmazdır, biri digərini yaşadır, biri digərini dərk edir və tamamlayır.

Muğam  sadəcə musiqi deyil, kosmik bir səfərdir, məncə. O, nə ancaq bir xalqın, nə də müəyyən bir coğrafiyanın mirasıdır.

Muğam insanın kainat qarşısında baş əyməsi, varlığını dərk etməsi və Tanrı ilə dialoqa girməsidir.

Bu musiqinin hər notu, hər ahəngi, sanki bir insanın qəlbində sıxılıb qalmış sözlərin ahəngidir. Lakin muğamın bu səsini tamamlayan bir şey var. Qəzəl..

Qəzəl sözün musiqisi, muğam isə musiqinin sözüdür.

Əgər muğam insanın içinə yığılan duyğuların səsi və ritmidirsə, qəzəl o duyğuların şeirə çevrilmiş təzahürüdür. Onlar bir araya gələndə, insan yalnız bir musiqi və ya şeir eşitmir. O, öz ruhunun ifadəsini tapır.

Füzulinin qəzəllərində göz yaşı olub axan hicran, Vaqifin həyat eşqi, Seyid Əzim Şirvaninin suallarla dolu dünyası, Nəsiminin Tanrıya üsyan və təslimiyyət arasında qalan dərviş ruhu muğamın ahəngində yeni bir varlığa çevrilir. Sanki sözlər muğamın ritmində canlanır, hər bir misra musiqiyə çevrilərək ruhun dərinliyinə doğru axır.

Muğamın və qəzəlin birləşdiyi anlar – insanın öz ruhu ilə danışdığı anlardır. Muğam xanəndəsi, bir növ, qəzəlxan şairin ruhunu öz səsi ilə dirildir. Qəzəl şairinin içindən keçən iztirab, o şeiri yazarkən hiss etdiyi sevgi, kədər, tənhalıq, suallar muğamın titrək notlarında yeni bir ifadə qazanır. Sanki hər şey yenidən yaşanır.

Qəzəl sadəcə oxunmur, muğamla birlikdə səslənərək insan ruhunda doğulur.

Azərbaycan muğamının ən unudulmaz anlarından biri "Segah" muğamı ilə Füzuli qəzəllərinin vəhdətidir. Bu vəhdət elə bir musiqi və şeir harmoniyası yaradır ki, insan sanki öz içindəki susmuş, ifadəyə möhtac olan nəsnələrin canlandığını hiss edir. "Bayatı-Şiraz" və Nəsimi qəzəlləri, "Rast" və Seyid Əzim misraları, "Şur" və Vaqifin lirik dünyası  bunlar muğam və qəzəlin bir-birinə qarışdığı və insanın varlığını tam mənası ilə dərk etdiyi anlardır.

Bu sənət yalnız söz və musiqi deyil. O, canlı şəkildə insanın ruhundan süzülən bir axındır. Muğamı yaşadan, ona səs verənlər xanəndələrdir. Onlar təkcə musiqi ifaçıları deyil, həm də bu dərin fəlsəfi səfərin bələdçiləridir.

Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Yaqub Məmmədov, Alim Qasımov – onların hər biri muğama öz ruhunu qatıb, onu başqa bir səviyyəyə qaldırıb.

 

Seyid Şuşinski – muğamın ruhunu qoruyan, onun ənənələrini yaşadan xanəndə. Onun ifasında muğam sanki keçmişdən gələn bir səs kimi səslənirdi.

Bülbül – Avropa vokal texnikası ilə muğamı sintez edən sənətkar. Onun ifasında muğam yeni bir nəfəs aldı.

Xan Şuşinski – "Qarabağ şikəstəsi"nin əfsanəvi ifaçısı. Onun səsində Qarabağın dağları, çayları, dərdləri və arzuları vardı.

Yaqub Məmmədov – muğamın həzin, kədərli və lirik tərəfini ən gözəl şəkildə çatdıran sənətkarlardan biri.

Alim Qasımov – muğamı yeni bir səviyyəyə çıxaran, onun sərhədlərini genişləndirən sənətkar. Onun ifasında muğam təkcə musiqi deyil, varlıq fəlsəfəsi, ilahi bir pıçıltıdır.

 

Muğam sadəcə bir melodiyanın adıdırsa, onu əbədi edən bu səs sahibləridir. Onların səsi muğamı sadəcə keçmişdə qalmış bir irs kimi yox, daim yenilənən, yaşayan və nəfəs alan bir sənət kimi qoruyub saxlayır.

Muğam və qəzəl təkcə musiqi və poeziya deyil. Onlar insanın varlığının ifadəsidir. Hər misrada, hər notda insan öz ruhunun bir parçasını tapır.

Bu musiqi və şeir insanı dinləməyə, düşünməyə, hiss etməyə vadar edir. Bəlkə də, muğam və qəzəlin gücü bundadır – onlar insana yaşadığını xatırladır. Çünki onlar Tanrıya, dünyaya, həyata, aşiqə, könül dostuna, insana ünvanlanan suallardır.

Bu suallar cavabsız qalır. Çünki muğamın və qəzəlin mahiyyəti də budur, insanın ruhunun dərinliyini açmaq, lakin onu heç vaxt tam anlamasına imkan verməmək. Bu qeyri-müəyyənlik, bu ifadəyə möhtac olan, lakin tam ifadə oluna bilməyən duyğu muğamın əbədi sirridir.

Muğam və qəzəl biri musiqidə, biri sözdə yaşayan eyni hissdir. Onlar həm qüssədir, həm həsrət, həm ümid, həm də insanın öz ruhu ilə apardığı əbədi dialoq. Bu dialoq daim davam edəcək, çünki insanın iztirabı və eşqi heç vaxt bitmir. Muğam və qəzəl yaşadıqca, insanın ruhu da bu ilahi ahəngdə öz ifadəsini tapacaq.

Musiqi, insan ruhunun dilsiz danışığıdır. O, bəzən klassikanın incəliyində, bəzən repin sərt həqiqətində, bəzən isə metalın xaotik qışqırığında təzahür edir. Hər dövrün, hər toplumun özünü ifadə etdiyi bir səsi var. Bəzən bu səs muğamın dərindən gələn fəryadı olur, bəzən isə repin cəmiyyətə üsyanı.

Musiqi – dövrün ruhu və insanın varlıq fəlsəfəsidir.

 

Və bir də bir şəxs var ki, onun adını çəkməsəm mümkünsüz olar. Üzeyir Hacıbəyov.  O, Azərbaycan musiqisini dünyaya tanıdan, onu Şərq və Qərb arasında bir körpüyə çevirən dahi idi. Onun əsərləri xalqın ruhunu notlara çevirərək, musiqinin sərhədlərini aşdı. O, Qərb simfonizmini Şərq ahəngi ilə birləşdirərək, Azərbaycan klassik musiqisinin əsasını qoydu. “Koroğlu” operası epik qəhrəmanlıq ruhunu, “Arşın mal alan” isə xalqın həyat ritmini notlara çevirdi.

Onun ardınca gələn Qara Qarayev, Fikrət Əmirov, Niyazi və digərləri bu musiqi mirasını daha da dərinləşdirərək Azərbaycan klassik musiqisini beynəlxalq səviyyəyə yüksəltdilər. Onların simfonik əsərlərində xalq motivləri, muğam elementləri klassik formalarla sintez olunaraq özünəməxsus bir üslub yaratdı.

Klassik musiqi insanın ruhunu intizama çağırır. O, bir memarın daş üzərində işlədiyi kimi, səsləri dəqiq bir sistemlə qurur və insan ruhunu bu harmoniyaya uyğunlaşdırır.

Əgər muğam insanın özünü buraxıb axara qoşulmasıdırsa, klassik musiqi bu axarı nizama salan bir fəlsəfədir.

Əgər muğam ruhun fəryadı, klassik musiqi harmoniyanın təcəssümü idisə, rep  şəhərlərin səsi, cəmiyyətin ürək döyüntüsüdür. Rep öz köklərini küçələrin həqiqətlərindən alır. O, çətin həyatın, sosial ədalətsizliyin, insanın daxili çəkişmələrinin musiqiyə çevrilmiş formasıdır.

Azərbaycanda repin əsasını qoyanlardan biri Qaraqandır (Elxan Zeynallı). Onun sözlərində həyatın çılpaqlığı, çətinliklərin yaratdığı ağrı və gerçəkliklərə kəskin baxış var idi. O, repin texniki cəhətdən gücünü göstərməklə yanaşı, onun fəlsəfi tərəfini də inkişaf etdirdi.

Xpert (Şəhriyar Atababayev) isə Azərbaycan repinə fərqli bir dərinlik gətirdi. Onun sözlərində ədəbiyyat, fəlsəfə və cəmiyyətə qarşı tənqidi yanaşma var idi. “Şaman”, "Mən kiməm","Məşhərdən qətrə"  kimi əsərlərində o, insanın daxili dünyası ilə xarici reallıqlar arasındakı uçurumu göstərirdi. Xpert repin təkcə küçə səsi olmadığını, onun həm də bir düşüncə forması ola biləcəyini sübut etdi.

Rüzgar (Aydın Hüseynov) isə Azərbaycan repində emosional və introspektiv yanaşma gətirdi. Onun musiqisi sadəcə sosial problemləri deyil, insanın daxili duyğularını da araşdırdı. Buna "Tanrı", "Zindan", "Yaşıl" kimi treklərində şahid ola bilərik. O, repi daha poetik və bədii bir formaya salaraq, ona yeni bir dərinlik qatdı. 

Rep – ritm üzərində qurulmuş fəlsəfədir. O, cəmiyyətin reallıqlarını ritmlərlə danışan bir nəsr formasıdır. Bu musiqi janrı, xüsusilə də 90-cı illərdən etibarən bütün dünyada təkcə küçələrin səsi olmaqdan çıxdı və düşünən insanların üsyanına çevrildi.

Əgər muğam ruhun sonsuz azadlığı, klassik musiqi onun intizamı, rep isə sərt gerçəkliyi idisə, rok və metal insan ruhunun qiyamıdır. Bu musiqi janrları, insanın daxilindəki xaosun notlara çevrildiyi formadır.

Rok musiqisi 20-ci əsrin ən güclü üsyan səslərindən biri idi. “Beatles” harmoniyası ilə başladı, sonra Nirvana nihilizmi gətirdi, Metallika isə ağır və sərt ritmlərlə bu qiyamı zirvəyə qaldırdı. Rammstein isə bu musiqini industrial xaosun içində bir silaha çevirdi.

Metal və rok musiqisi insanın basdırılmış duyğularının ifadəsidir. Burada qəzəb, tənhalıq, üsyan və ekzistensial suallar var. Bu janrın ən güclü tərəfi odur ki, o, cəmiyyətin qəbul etdiyi musiqi normalarını darmadağın edir və dinləyicini sərhədsiz bir dünyaya aparır.

Caz və bluz musiqisi həm kədərin, həm də azadlığın musiqisidir. O, Afrikalı kölələrin içində yığılmış ağrıdan doğuldu və sonra azad ruhlu insanların düşüncə tərzinə çevrildi.

Bluz musiqisi  isə həyatın qaranlıq tərəflərinin, insan ruhunun kədərli notlarının səsidir. O, dərd danışan bir musiqi növüdür. Caz isə sərhədsiz bir sərbəstlikdir, o, musiqinin spontan doğuluşudur.

Mayls Devis, Con Koltran, Dyuk Ellinqton, Luiz Armstronq kimi sənətkarlar cazı bir fəlsəfəyə çevirdilər. Bu musiqi insan ruhunun heç bir çərçivəyə sığmayan hisslərinin ifadəsidir.

Musiqi sadəcə bir sənət deyil. O, bir varlıq formasıdır. Muğam ruhun fəryadı, klassik musiqi harmoniyanın simvolu, rep sərt həqiqətlərin danışığı, metal isə qiyamın səsidir.

 

Hər musiqi janrı insanın fərqli bir tərəfini danışır. Kimisi tarın simlərində öz kədərini tapır, kimisi rokun sərt akkordlarında qəzəbini, kimisi isə repin ritmlərində həyatın həqiqətini hiss edir. Amma hər şeyin sonunda musiqi bir həqiqəti göstərir – insanın ruhu danışır, sadəcə fərqli dillərdə.

Bəlkə də musiqi həqiqətən də ruhun yeganə dilidir. Sözlər yalan deyə bilər, gözlər aldatmağı bacarar, lakin bir melodiyanın içində yalan yoxdur. Bəlkə də ona görə insanlar darıxanda, depressiyaya düşəndə və ya ən xoşbəxt anlarında musiqiyə sığınırlar. Çünki o, insanın özünü tanımaq istədiyi, özünü ifadə etmək istədiyi və həqiqətlə üzləşmək istədiyi yeganə məqamdır.

Musiqi insanın sirridir.

Hər kəs öz ruhuna uyğun musiqini seçir. Kimisi nostalji melodiyaların içində keçmişinin qırıntılarını axtarır, kimisi ağır rokda içindəki xaosun əks-sədasını tapır, kimisi isə muğamda ruhunun qurtuluşunu görür. Çünki musiqi insana onun içində olanları göstərir. Bəzən onu qorxudur, bəzən isə onu sakitləşdirir. Amma heç vaxt onu tək buraxmır.

Musiqi, insan ruhunun ən dərindən eşidilən çağrısıdır.

Hər bir melodiyada həyatın çoxsaylı qatlarını, hər bir ritmdə isə varlığın mürəkkəbliyini duyuruq. Mənim sevdiyim hər bir musiqi növü, bir tərəfdən mövcudluğumuzu dərk etməyə kömək edir, digər tərəfdən də bu dünyada öz yerimizi tapmaq üçün bir vasitə olur. Klassik musiqi, muğam, rap, hətta Yuxu qrupunun ağır notları, bunlar mənim daxili dünyamın müxtəlif səsləridir. Hər birinin öz yeri var, hər birinin öz dilində mənim içimdəki kədəri, sevincimi, qorxumu və ümidimi ifadə etmək gücü vardır.

Muğamın dərinliklərində nəfəs alarkən insanın öz qəlbini hiss etməsi, qəzəlin qəmli və şeirli sözlərində ağır düşüncələrə qərq olub, varlığın təbii axışına qarşı mübarizə aparması və rapin kəsik, sürətli ritmində həyatın sərt reallıqları ilə üzləşməsi, bunlar hamısı bir bütövdür. Bütün bu musiqilər mənim daxili səyahətimin fərqli mərhələlərini əks etdirir. Birində mən hüzuru tapıram, digərində isə mübarizəni başa vururam. Musiqi mənim içindəki hər bir duyğunun, hər bir mənəvi sınağının və hər bir varlıq sualımın səsini eşitdirir.

 

Lakin həyat bir yoldur, və hər bir musiqi növü bu yolda bir işıq olur. Bəzi anlar, musiqinin təkcə kömək etmədiyi zamanlar olur, amma bəlkə də həyatın mənasızlığını özündə daşır. Bu musiqilər məni həmin anlarda daha çox ruhsuz və tənhaya çevirir, amma onların arasında da mən, insan, varlığımı tapıram. Musiqi bir zaman səyahətidir, bir çox zaman varlığın əbədiliyi, vaxtın keçiciliyi, və bizim ona qarşı olan mübarizəmiz barədə düşünməyə vadar edir.

Nəhayət, mənim bütün bu musiqiləri sevməyim, bəlkə də həyatın özü ilə əlaqədardır. Biz, hər bir insan kimi, müxtəlif səslərin və melodiyaların arasında, varlıqla olan əlaqəmizi axtarırıq. Bəzən bu səslər bizə sükunət, bəzən isə mübarizə gətirir. Həyatın özü bir musiqidir. Zamanın, düşüncələrin, sevincin, kədərin, uğurun və məğlubiyyətin bir harmoniya içində əks olunduğu bir əsərdir. Mənim sevdiyim musiqilər isə bu harmoniyanın fərqli tonlarını təmsil edir. Sonunda, biz nə qədər fərqli səslərdən bir araya gələrək özümüzü tapmağa çalışsaq da, onların hər biri bizə həyatın mənasını anlamağa kömək edir, çünki həyatın özü, fərqli notlarda səslənən bir musiqi kimi, heç vaxt yekunlaşmayan bir təkamül prosesidir.

 

Və sonda... musiqi susanda, ruh yenidən xaosa qayıdır.

Çünki insan musiqisiz natamamdır. O, yalnız səsin içində öz varlığını hiss edir. İnsan musiqini dinləmək üçün deyil, onun içində yaşamaq üçün yaranıb.

 

Şəkildə: Qustav Klimt, “Musiqi” rəsmi (1895).

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.