Super User

Super User

Cahangir NOMOZOV, “Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi

 

Şair qəlbinin rəngarəng dünyası həmişə sonsuzluğa bir yol axtarır... Hər bir yaradıcı insanın daxili aləmi — hələ kəşf edilməmiş dənizdir; orada ilham bir neçə şəklə bürünüb, ruhu bəsləyən şəffaf su kimi axır. 

 

Onların həyatı quru düşüncələr və adi dünyayla məhdudlaşmaz — bu dünya hər an özünəməxsus və gizli mənalarla doludur. Belə qəlb sahiblərinin düşüncələri, heyrət və ilhamları onlara yaxın olan şəxsiyyətlər vasitəsilə başqa bir dünyadan daşır. "Qəlbi anlayan insan dünyanı da anlayar" deyildiyi kimi, yaradıcı qəlbi dünyanı daxildən daha dərindən qavramağa çalışır. 

Mənim üçün Mövlana Rumi və Qəzzali əsərləri bu sırada xüsusi yer tutur. 

Onların hər sözü ilahi nur kimi qəlbimə süzülür, içimdə sakitlik oyadıb, mənəvi güc bəxş edir. Şair qəlbim isə məni ruhlandıran, ilhamlandıran başqa bir yaradıcı — Xosiyyət Rüstəmovadır. Onun şeirlərini oxuduqca hər dəfə ruhumda yeni rənglər, təəccüblər açılır. Rumi’nin “Çaya heyran olma, orada sənin heyrətin var” deyimi mənə Xosiyyət Rüstəmovanın şeirlərində bir daha canlanır. 

Onun yaradıcılığı da bir dərin, sirli çay kimidir, burada sözlər adi vasitə deyil, qəlbi açan bir açardır.

Hər misrada sözün cazibəsi, şeiriyyətin zərifliyi, insan təfəkkürünün qüdrəti ilə üz-üzə gəlirəm. Əsrarəngiz sətirlər duyğularımın gərgin tellərinə toxunub, təkrarsız ahənglər yaradır. Həyatın qayğıları və məişət təlaşları içində qalıb, şeiriyyətin ilham və heyrət mənbəyindən uzaqlaşdığımı hiss edirəm. Daim oxuyub, məqalələr yazsam da, qəlbimin dərinliyində bir təklik var... Şeir əskikliyi...

Yazı masasına oturub, nəsə qələmə almağa çalışıram, ancaq içim dolub-daşsa da sətirlərə tökülə bilmirəm... Bu hiss yalnız yaradıcı insanlara məlumdur... Ruhum xəzanlanır, yaradıcılıq əhvalım itir, bu zaman sevimli şairəm Xosiyyət Rüstəmovanın sətirləri qəlbimdə bərq vurur. O itmiş ilhamlarımı, "şair ruhum"u tapıram. Hər oxuduğum şeir qəlbimdəki şeiriyyətə olan ehtiyacımı azaldır, yaradıcılığa olan sevgimi yenidən alovlandırır. "Ruhu ruhuna yaxın olan ilhamlanar" deyimi fikirlərimin aydın sübutudur.

Yaradıcılıq üçün ilham — ruhun yaşamağıdır, şeirlər isə onların səsidir. Ruhuna yaxın yaradıcı tapmış insan, öz daxili səsini anlamağa başlayır və ona can atır. Belə yaradıcılarla hər görüş, hər poetik söhbət şairi şeiriyyətlə birləşdirir. Xosiyyət Rüstəmovanın yaradıcılığına nəzər salanda, o yalnız böyük istedada yox, həm də yüksək qəlbə sahib olduğunu dərk edirəm. Öz sənətinə səma nəfəsi verən, sözlər vasitəsilə insanın dərinliklərinə enən bənzərsiz bir şairdir. Xosiyyət Rüstəmovanın hər sözü, hər misrası sevgi və məhəbbətlə doludur. Adətən, böyük şairlərin qəlbi dəniz kimi geniş, okean kimi dərin olur. Xosiyyət Rüstəmova da geniş qəlbi və böyük istedadıyla fərqlənir — insanlara sevgi, yaxınlarına və oxucularına səmimi hörmətlə doludur.

Rüstəmovanın yaradıcılığının gücü həm mənanın dərinliyində, həm də ruhunun zərifliyindədir. Şairənin hər misrasında gizlənən dərin fəlsəfi baxış var — sözlərlə insanı təəccübləndirib dünyanı yeni gözlərlə göstərməyi bacarır. Xosiyyət Rüstəmova sadəcə bir yaradıcı deyil, mənim ruhumu işıqlandıran şairəmdir. Onun hər şeirində ruhum ilahi ilhamla dolur, həyata və yaradıcılığa olan həvəsim artır. Belə genişqəlbli, mehriban insanların mövcudluğu dünyamı daha da işıqladır.

Bu dünyada şeiriyyətin ucalıq səmasına yüksəlmək qismət olmuş şairəm, hər zaman ruhunuz ucalsın! Samavi sözlərinizlə qəlblərdə "Nicat" günəşi kimi parlayın.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

Çərşənbə, 06 Noyabr 2024 11:04

Şuşanın yeni növrağı

Sevda İmran, Oğuz şəhəri, “Ədəbiyyat və incəsənət” üçün

 

Şuşa işğal olunanda mən heç dünyaya gəlməmişdim. Lakin kitablardan, verilişlərdən  öyrəndiklərimdən və gördüklərimdən, şahidlərin, o cümlədən dəfələrlə orada olmuş atamın söylədiklərindən sonra Şuşa mənim üçün möcüzələr şəhərinə çevrildi.

 

Nədənsə “Şuşa” deyəndə ilk xəyalıma gələn şəffaf və bərq vuran şüşə olur. Düşünürəm ki, Şuşa qızıl üzüyün brilyant qaşıdır. Şairin dili ilə üzümü Şuşaya tutub demək istəyirəm:

 

Sən dağların başında mirvarisən, incisən,
Şəhərlər sırasında dünyada birincisən!
Gözəlliyin Tanrının qüdrətindən yaranmış,
Tanrı verən payından bütün cahan barınmış… 

(K.Kərimli)

 

Niyə “gözəlliyi Tanrının qüdrətindən yaranmış” Şuşa bizim üçün bu qədər onəmlidir? Bu suala Ümummilli liderimiz H.Əliyevin sözləri ilə cavab vermək istərdim. O deyirdi: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”. 

 

Şuşanın ab-havası, iqlimi tamam bambaşqadır. Şuşa dağlarının məğrurluğu, gül-çiçəyinin ətri, quşlarının nəğməsi, bulaqlarının zümzüməsi, şəlalələrinin şırıtlısı o qədər qeyri-adidir ki, onu olduğu kimi təsvir etmək mənim üçün çox çətindir. Loğman şəhəri idi Şuşa. Dərmansız, iynəsiz insanları müalicə edirdi, həyata qaytarırdı. Eşitdiyimə görə, keçmişdə dava-dərman təsir etməyən xəstələrə deyərmişlər ki: "Get, bir neçə gün Şuşada qal. Qoy Qarabağın havası səni sağaltsın.”

Dünyada uca dağlar da çoxdur, dilbər guşələr də, gözəl şəhərlər də. Amma bizim üçün Şuşanın əvəzi yoxdur, yeganədir, təkdir, taleyimizə, bəxtimizə yazılan cah-cəlaldır.

XVIII əsrin birinci yarısında Pənahəli xan Cavanşir tərəfindən üç tərəfi sıldırım qayalarla, dərin uçurumlarla, dərələrlə əhatə olunan hündür, əlçatmaz bir yerdə  əsası qoyulan Şuşa qalası  Qarabağ xanlığının inzibati paytaxtına, siyasi mərkəzə çevrilmişdi. Şuşada idarəetmə və dövlətçilik ənənələri mövcud idi.

“Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət, sənətkarlıq və ticarət mərkəzi kimi tanınan Şuşa nəinki Qafqazda, Yaxın Şərq ölkələrində də məşhur idi. Getdikcə daha da gözəlləşən bu şəhər Qafqazın dəbdəbəli şəhərlərindən sayılır və Qafqazın incisi hesab olunurdu. Zənginliyinə və ticarət əlaqəsinə görə Şuşa İrəvan, Tiflis, Gəncə, Bakı, Şamaxı, Naxçıvan kimi inkişaf etmiş şəhərlərlə bir sırada dayanırdı.

Şuşa təkcə özünün coğrafi gözəlliyi və siyasi mərkəz olması ilə deyil, tarixi və mənəvi irsimizin nümunələrini özündə əks etdirməsi ilə də tarixi və mədəni əhəmiyyətə malikdir. Şuşa mədəniyyət paytaxtı – mədəniyyət beşiyidir. Burada Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələri yaşayıb, yaratmışlar.

Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq uslubu və şərqlilərə məxsus şəhərsalma ənənələri ilə seçilən,   mədəniyyətimizə, ədəbiyyatımıza, incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə şərəflənən, muğamımızın beşiyi sayılan, Azərbaycan tarixinə Q. Zakir, X. Natəvan, M.Nəvvab, N. Vəzirov, Ə.Haqverdiyev, Y. V. Çəmənzəminli, F. Köçərli, Ə. Ağaoğlu kimi şəxsiyyətlər bəxş edən Qarabağın dilbər guşəsi olan Şuşa, həqiqətən, özü boyda tarixi abidədir.

Azərbaycan musiqisinin banisi hesab olunan Üzeyir Hacıbəyov da uşaqlıq illərində bu şəhərdə yaşamışdır.  Üzeyir bəylə yanaşı, C.Qaryağdıoğlu, Bülbül, X.Şuşinski, Niyazi, R. Behbudov, F.Əmirov və S.Ələsgərov kimi korifeylər də Şuşada yaşayıb yaratmışlar. Bu şəxslərə və Azərbaycan mədəniyyətindəki yerinə görə məhz Şuşa “Qafqazın Konservatoriyası” adlanırdı. 

Bu dilbər diyardan pərvazlanan şəxsiyyətlər o qədər çoxdur ki, hamısını xatırlaya bilmirəm.

Şuşanın gözəlliyi, füsunkarlığı, təbiəti və siyasi mərkəz rolunda olması bir çox fatehlərin diqqətini özünə cəlb etmişdir. “Şuşanı idarə edən Qarabağı idarə edər” fikiri də məhz buradan meydana gəlmişdir.

Tarixin müxtəlif dönəmlərində düşmənə təslim olmayan Şuşa qalası aylarla mühasirədə saxlanılsa da, bu cənnətməkan diyarı fəth etmək heç kimə nəsib olmamışdır. Lakin 1992-ci ildə  bu qədim şəhər səhlənkarlığın qurbanı oldu. Beləcə əsrlərdən bəri alınmaz qala kimi düşmən hücumlarına mətanətlə sinə gərən Şuşa həmişə təbiətinə, gur sulu bulaqlarına həsəd aparan ermənilərə əsir oldu. 28 il məhbusluq həyatı yaşadı Şuşa. Onunla bərabər, Azərbaycan xalqı da ağrı-acılar və həsrət içində qıvrıldı.

Şuşa düz 28 il talandı, vuran qoyuldu. Düz 28 il dağlarının başı qara buludlu, meşələri dumanlı olan Şuşada qürbətdə qalan, səsi kəsilən sarı bülbül kimi sirdaşı xarı bülbülün də böynu bükük qaldı. Susa şuşalılarsız qaldı. Cıdır düzü namərdlərin tapdağı altına düşdü. Düşmən gülləsindən “yaralanan”  Bülbülün, Üzeyirin, Natəvanın heykəlləri doğma xalqına qayıdacağı günü gözlədilər.

Şuşa düşmən əsarətində də qəddini əymədi. Gözəl Şuşa özünün yeni növrağının başlayacağına inandı, səbir və həsrətlə onu xilas etməyə gələcək igid övladlarının yolunu gözlədi.

Azərbaycan xalqının da ümidi heç bir zaman itmədi, məhz bu səbəbdən 28 illik əsarətə dözdü, tab gətirdi. Şuşa inanırdı ki, doğmalarının nəfəsinə həsrət qalan xarı bülbül yenə öz gözəlliyi ilə onları valeh edəcək. Hər kəs bilir və başa düşürdü ki, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”. (H.Əliyev)

Nəhayət, belə bir gün gəldi. 44 günlük Vətən müharibəsində rəşadətli ordumuz Şuşaya qələbə bayrağını cancdı.

Şuşanın işğalçılardan azad edilməsi dünya hərb tarixində unikal əməliyyatlar siyahısına düşdü. Azərbaycan əsgəri dağlar, dərələr, meşələr keçərək onlarla          kilometr yolu piyada qət edib, müqəddəs şəhərini dişinə qədər silahlanmış düşmən-dən texnikasız, yüngül silahlarla, süngü-bıçaqla geri aldı. 

Həmin gün – noyabrın 8-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İ. Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” ifadələri Azərbaycan xalqının bütün acılarını unutdurdu. Şuşa öz igid övladarının qəhrəmanlığı, canı və qanı bahasına azad oldu. 

Bu xoş xəbər Azərbaycanı ayaq üstə qaldırdı. İnsanlar küçələrə, meydanlara axışaraq qürur və böyük sevinc hisslərini paylaşır, bir-birinə gözaydınlığı verirdilər. Bu qələbə milli tariximizin, qürürümuzun, mənliyimizin, mədəniyyət və incəsənətimizin, Qarabağın baş tacının xilas edilməsi demək idi. Bu, ordumuzun gücünün, xalqımızın birliyinin təzahürü idi. Şuşanın və digər işğal olunmuş ərazilərimizin azad olunması üçün həyatını qurban vermiş şəhidlərimizi, qazilərimizi və igid döyüşçülərimizi daim yad etmək və xatırlamaq hər birimizin borcudur. Bu borc isə heç nə ilə ödənilməz. 

Ölkə Prezidentinin sərəncamı ilə Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. 

Şuşanın xalqımız üçün tarixi əhəmiyyəti, yüksək mədəni-mənəvi dəyəri nəzərə alınaraq 2022-ci il “Şuşa ili” elan olundu. 2023-cü ildə türk dünyasının, 2024-cü ildə isə şəhərlərimizin gözəli “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi. 

Hazırda Şuşanın əvvəlki görkəminin özünə qaytarması, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi üçün sürətli bərpa və quruculuq işləri aparılır. Artıq Şuşa qüdrətli və qalib Azərbaycanın ictimai-siyasi, mədəniyyət və incəsənət mərkəzidir.

Bu gün Şuşa  özünün yeni növrağını yaşayır, sevilir və gözəlləşir. Bura gələn yerli və xarici turistlərin ardı-arası kəsilmir. Şuşada mötəbər beynəlxalq tədbirlər keçirilir. 

Artıq qədim  mədəniyyət beşiyi olan Şuşamız yenə də regionun və dünyanın ən gözəl məkanlarından birinə çevrilməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

Gülnarə Cəmaləddin, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt Şöbəsinin sədri, “Ədəbiyyat və incəsənət” üçün

 

Sumqayıt şəhərinin 75 illiyi münasibətilə şəhərin tanınmış mədəniyyət adamları ilə görüşlərimiz davam edir. 

Azərbaycan Respublikasının  Əməkdar incəsənət xadimi, yazıçı-rejissor, jurnalist, publisist, Prezident  mükafatçısı, “SSRİ dramaturqları” laureatı, “Qızıl Dərviş”, Osman Mirzəyev adına mükafatların, Mədəniyyət Nazirliyinin bir neçə pul mükafatlarının laureatı  Ağalar İdrisoğlu. Bu ad və soyad həm tamaşaçılara və həm də oxuculara çox yaxşı tanışdır.  Belə ki, o, həm ədəbiyyat, həm jurnalistika və həm də teatr sahəsində çox böyük işlərə imza atıb. Yazıçı kimi 6 roman, 12 povest, 150-dən çox hekayə, panflet, pritça, esse, 15 pyes,  teatrlaşdırılmış tamaşalar üçün 20 ssenari yazıb. Jurnalist kimi 1500-dən çox oçerki, publisist yazıları, məqalələri, tarixi araşdırmaları, müsahibələri çap olunub. Onlardan beş yüzü elə Sumqayıt və sumqayıtlılar haqqındadır. 

Rejissor kimi 140-dan çox tamaşaya quruluş verib, aktyor kimi 40-dan çox rollar oynayıb.  Ağalar İdrisoğlu Sumqayıtın ilk peşəkar dramaturqu, Moskvada təhsil alan ilk peşəkar teatr rejissoru və ilk və yeganə Əməkdar incəsənət xadimidir.  O, həm də yeganə azərbaycanlıdır ki, “SSRİ dramaturqları” laureatıdır. Onun “İnan mənə” pyesi “Məhəbbət və başqaları” adlı  SSRİ dramaturqları antalogiyasında çap olunub. Ömrünün əlli yeddi ilini  jurnalistikaya, ədəbiyyata və əlli ilini peşəkar teatr sənətinə həsr edən Ağalar İdrisoğlunun gələn ilin mart ayının 16-da 75 yaşı tamam olacaq. O, elə bir növ Sumqayıtla  həmyaşıddır. 

Bu  il noyabr  ayının 22-də  sevimli Sumqayıtımızın 75 yaşını qeyd edəcəyik. Elə bu münasibətlə onunla həmsöhbət oldum. Onun haqqında bir vaxtlar yazdığım bir yazıma belə ad vermişdim. “Onu həyacansız dinləmək olmur”. Ağalar müəllim həqiqətən də hər bir çıxışında elə ehtirasla, böyük şövqlə, inamla  danışır ki,  onu dinləmək çox maraqlı olur. Bu da yəqin ondan irəli gəlir ki, ömrünün  əlli ilini aktyor sənətilə paralel,  rejissor sənətinə sərf eləyib. Aktyorları quruluş verdiyi tamaşalarda  öz ideyasına, ali məqsədinə inandırmaq üçün belə böyük şövqlə, inamla danışmalı olub ki, onlar ona inansınlar. Və hazırladığı tamaşada böyük həvəslə məşq etsinlər. Axı rejissor da bir növ genaraldır. Səhnənin generalı. Çünki tamaşa hazırladığı vaxt teatrın direktoru başqa olmaqla hamı- aktyorlar, aktrisalar, texniki, quruluş, bədii heyyət və sairə bütün komponentlər məhz onun əmrilə hərəkət edir. Onun dediklərinin, fikirləşdiklərinin  reallaşmasına çalışırlar ki, tamaşa yaxşı alınsın. 

Beləliklə, ona ilk sualım belə oldu.

 

- Necəsiz,  Ağalar müəllim? 

 

- (Gülümsünür)  Mənə hər dəfə belə sual veriləndə deyirəm: “İki dəfə infarkt keçirən, ürəyinin dörd damarı 2022-ci ilin dekabr ayının 22-də dəyişdirilən Ağalar İdrisoğlunun  sağlamlıq durumunun pis olması mümkün deyil. Çünki onun hələ qarşıda görəcəyi çoxlu yarımçıq işlər var. O, həmin işləri də Allahın köməkliyilə hökmən reallaşdırmalıdır”.  

Axı mən, həyatda iki adamı yaşadıram. 1944-cü ildə dörd yaşında anamın qucağında fevral ayında aclıqdan haqq dünyasına qovuşan Ağa adlı qardaşımın və özümün. Mənə də valideynlərim Ağalar adını ona görə qoyublar  ki, mən iki adamı yaşadım. Belə ki, həm onun əvəzinə və həm də öz əvəzimə işləyirəm. Bütün bədii əsərlərim və jurnalistlik fəaliyyətim onun adınadır. Teatr yaradıclığım isə öz adımadır. Çox maraqlıdır ki, Ağa adlı qardaşım 1940-cı ilin mart ayının 15-də dünyaya gəlib. Mən isə 1950-ci ilin mart ayının 16-da dünyaya gəlmişəm. Mənim ailəmizlə bağlı üç hekayəm və bir povestim var. Bu haqda həmin bədii əsərlərimdə geniş yazmışam. Hekayələrim qəzetlərdə, saytlarda çap olunub və minlərlə insanlar oxuyub. Azərbaycanın Cənub bölgəsində ən çox əziyyət çəkənlərdən biri də bizim nəsil olub. Babam  Mehdi kişi Cənub bölgəsinin tanınmış ruhanilərindən  və rozaxanlarından biri  olub. Onun çox gözəl, məlahətli səsi olduğuna görə hamı istəyirmiş ki, yas mərasimlərində o iştirak eləsin. Roza oxusun, mərsiyyə desin. Hətta Digahın məscidinin minarəsində o, azan verəndə, onun səsi Digahdan üç kilometr aralıda olan Şərəfədə, Ağakişibəylidə, Masallıda, Seybətində, Dadvada da eşidilirmiş. Həmin yerlərə də onu yasa dəvət edirlərmiş. Məhz buna görə də ona yaxşı pul verirmişlər. Həmin pula da o, çoxlu mar-qara alıb. Qoyun sürüsü olub. Onun çox məlahətli səsi olduğuna və Quranı yaxşı bildiyinə görə, ruhanilər arasında  düşmənləri də çox olub. Babam bir dəfə yasdan qayıdanda onu yolda möhkəm döyüblər, yasdan ona verilən pulları da əlindən alıblar. Həmin vaxtı bir neçə xəsarət alıb. Ona görə də dünyasını tez dəyişib. Dörd oğlu və bir  qızı qalıb.

Masallıda kolxoz quruluşu qurulanda 1932-33-cü illərdə rayon rəhbərlərinin əmrilə onların  mal-qarasını, qoyun sürüsünü zorla  əllərindən alıb, kolxoza veriblər. Bunun əlehinə gedən böyük əmim Museyibi və atamı həbs eləyiblər. Sonra onlara zorla kağız yazdırıblar ki, öz  xoşları ilə mal-qaranı və qoyun sürüsünü kolxoza veriblər. Onları zorla  kolxozda işlətmək istəsələr də onlar razılaşmayıblar. 1936-37-ci ildə böyük əmim Museyibi guya  qolçomaqlara kömək etdiyinə və koxloz quruluşunu dağıtmaq istədiyinə görə şərləyib, həbs eləyiblər. Onunla birlikdə bir neçə qohumlarımızı da həbs eləyiblər. Əmim və həmin qohumlarımız həbsxalanarda dünyalarını dəyişiblər. Yəqin ki, güllələniblər... Çünki meyidlərini bizimkilərə verməyiblər. Mən, Dövlət Təhlükəsizlik Komitəsinin arxivində onların güllələnməsilə bağlı əmri oxumuşam. Ona görə də dədəm İdris həmişə sovetlər quruluşuna nifrət eləyirdi. Böyük qardaşım Balaməmməd və mən vəzifədə işləsək də o, bizim kommunist partiyasının üzvü olmağımıza icazə verməyib. Çünki onun sözü bizim üçün qanun idi. Çox sərt və tərs kişi idi. Heç kimdən qorxmurdu və hər kəsin səhvini üzünə deyirdi. Hətta rəhbər vəzifədə işləyənlərə də. O, həmin bölgədə söz sahibi idi. Hətta bizim bölgədən olan Mozu adlı qaçaq, quldur olub. O, Böyük Vətən Müharibəsi dövründə həmin bölgənin adamlarına çox böyük ziyan vurub.  Mal-qaralarını, qızıl-gümüşlərini zorla əllərindən alırmış. Bizim Digah kəndinə də bu məqsədlə gəlib. Amma ona deyiblər ki, “İdris bu kəndəndir və özü də müharibəbədir”. O, bu sözləri eşidəndən sonra adamlarına deyib ki, “geri qayıdırıq. Mənim İdrisə böyük hörmətim var. Ona görə də bu kənddə heç kimə ziyan  vurmayacağıq”. Tanımmış yazıçı Nurəddin Muğanlı  “Mozu” adlı romanında bu epizodu daha geniş və maraqlı formada yazıb... 

Atam  77 il yaşayıb və ömrünün sonuna kimi belində xəncər gəzdirib. Rayonun milis işçiləri də onun sərt və tərs olduğunu bildiklərinə görə,  ona xəncər gəzdirməyini irad tutmayıb, heç vaxt heç nə deməyiblər. O, həmişə də haqqı müdafiə eləyib. Gücsüzün yanında olub. Bu, onun övladları olan bizlərə də keçib və həmişə haqqın, ədalətin yanında olmuşuq. Hətta bundan həmişə ziyan görsək də, işdən çıxarlsaq  belə geri çəkilməmişik...

 

-Sumqayıtın 75 illiyi ərəfəsindəyik.  Həmyaşıdınız olan Sumqayıtımızın sizin taleyinizdə rolu ?

 

-Mən 1976-cı ilin fevral ayından taleyimi Sumqayıt şəhəri ilə bağlamışam. Yəni həmin vaxtdan bu şəhərə daimi qeydiyyata düşmüşəm və Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışam. 1977-ci ildə isə bu şəhərdə Respublikada ilk dəfə olaraq “Ümid” adlı  müstəqil Teatr-Studiya yaratmışam. Burada üç yüzdən artıq teatr, incəsənətin başqa sahələrinə həvəsi olanları, jurnalistləri, ədəbiyyat həvəskarını mənimlə bir yerdə  çalışan mütəxəssislərlə birlikdə  yetişdirmişik. Bu gün onların çoxu Sumqayıt və respublika  üçün  böyük işlər görürlər.

 

- Hansı arzularla üz tutdunuz bu şəhərə və sizi bu şəhərə nə bağladı?

 

-Bu şəhərə ilk gəlişim 1976-cı ilin fevral ayının 4-də olub. Fevral ayın 6-dan isə teatrda aktyor kimi çalışmağa başlamışam. Bu şəhərə gəldiyim ilk gündən buradakı insanların böyük əməksevər, həyatsevər və özlərinə çox inamlı olduğunu gördüm. Həmin vaxtı Sumqayıt, həqiqi  mənada qaynayırdı. Hər sahədə böyük coşqu vardı. Bu haqda “Əfsanələrdən yaranan şəhər” adlı kitabımda ətraflı yazmışam. Həmin vaxtı bu şəhər özünün intibah dövrünü yaşayırdı. Bu kitabımda Sumqayıtın necə salınması, ilk tikinti sahələri, ilk sənaye quruculuğu, metallurgiya və kimya sənəyesinin bu şəhərdə necə reallaşması, təhsil, səhiyyə quruculuğu, mədəniyyət və idman obyektlərinin necə tikilməsi, dənizklənarı parkın  salınması və bu şəhərdə  çalışan insanların həyatı çox geniş şəkildə əhatə olunub. Bu kitabda mindən çox insanın adı çəkilib və çoxu haqqında da orada geniş  yazılar vermişəm. Bu kitab bir növ Sumqayıtın salnaməsidir. Kitab üzərində son tamamlama işlərimi görürəm... Amma Sumqayıt təhsili ilə bağlı “Müəllim - qaranlığı yaran işıq deməkdir” kitabım artıq  mətbəədə çap olunur. Bu kitabım ömrünün 57 ilini təhsilə həsr edən, uzun illər Sumqayıt Kimya-Texnalogiya Texnikumunda ingilis dilindən dərsi demiş, Şərqiyyə xanım Məhərrəmovaya, Sumqayıt təhsilinə ömürlərini vermiş çoxlu məktəb direktorlarına, qabaqcıl müəllimlərə və Təhsil Şöbəsinə uğurla rəhbərlik etmiş insanlara həsr olunub. Bu kitabda həm də Azərbaycan təhsilinin problemləri, müəllim-valideyn münasibətləri, onların uşaqların tərbiyəsindəki əsas rolu öz əksini tapıb.  Eləcə də Azərbaycan təhsilini dirçəltmək üçün çoxlu təkliflər vermişəm. Mənə elə gəlir ki, bu kitabım, Sumqayıtın 75 illik yubileyinə təhsillə bağlı maraqlı bir töhfə olacaq. Çünki burada ömrünü təhsilə həsr edən beş yüzdən çox insan haqqında yazılıb.

 

-Siz uzun zaman Sumqayıt Dövlət  Musisiqli-Dram Teatrının bədii rəhbəri və  direktoru vəzifələrində işləmisiniz. Sənət adamları ilə işləmək sizə çətin olmayıb  ki?

 

-Yuxarıda dediyim kimi mən 1976-cı ildə bu teatrda aktyor kimi əmək fəaliyyətinə başlamışdım. Paralel  olaraq,  Azərbaycan və rus dillərində  “Ümid” adlı  yeni  Teatr-Studiya  yaratmışdım. Eləcə də həmin vaxtlar bu şəhərdə keçirilən demək olar ki, bütün dövlət tədbirlərinin, kütləvi tamaşaların da ssenari müəllifi və quruluşçu rejissoru mən olurdum. Həmin vaxtı Moskvada  A. V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstiitutunun (indiki Beynəlxalq  Dövlət Teatr Sənəti Akademiyası)  rejissorluq fakültəsində də təhsil alırdım. Bu ali məktəb həmin vaxtlar dünyada məşhur idi. Burada bizimlə birlikdə çoxlu xarici ölkələrdən də tələbələr təhsil alırdılar. Mən çox sevinirəm ki, belə məşhur  ali məktəbdə təhsil almışam. Özü də Sovetlərin vaxtında burada cəmi on nəfər azərbaycanlı  rejissorluq təhsili alıb. Onların da çoxu Azərbaycan teatrının korifeyi olublar. Rza Təhmasib, Mehdi Məmmədov, Məhərrəm Həşimov, Tofiq Kazımov, Vaqif Abbasov, Arif Ağayev, Baba Rzayev və başqaları. Sonuncu azərbaycanlı da mən olmuşam.  Mən oranı  1986-cı ildə  bitirmişəm. Amma çox əfsus ki, məndən sonra daha heç bir azərbaycanlı  ora qəbul ola bilməyib. Buna çox heyifislənirəm. Ona görə də bu gün rejissor sənətimizdə çox böyük boşluq və problemlər var. Bilirsiniz ki, belə mötəbər təhsil ocaqlarını bitirən ali təhsilli rejissor da teatr və kino sənətinin siması deməkdir. 1986-cı ldən sonra orada təhsil alacaq mütəxəssislərimizin olmaması Azərbaycan teatrlarına və kinosuna  çox pis təsir edir...

1985-ci ildən Azərbaycan Mədəniyyət Nazirliyinin təyinatı ilə Ağdam Dövlət Dram Teatrına quruluşçu rejissor kimi göndərildim. Bir il yarımdan sonra bu teatrın bədii rəhbəri  və direktoru təyin olundum. Məşhur rejissorumuz Adil İngəndərovdan sonra  Azərbyacan teatr tarixində  ilk dəfə olaraq məhz mən teatrın həm bədii rəhbəri və həm direktoru vəzifələrində işlədim. 1989-cu ildən də Mədəniyyət Nazirliyinin təyinatı ilə Sumqayıt Dövlət Dram Teatrına bədii rəhbər və direktor vəziflərinə göndərildim. Yəni özümün doğma teatrıma qayıtdım... Bu teatrın tarixində də ilk dəfə olaraq məhz mən, bədii rəhbər və direktor işlədim. Deyirlər və yazırlar ki, yaxşı rəhbər olmuşam. Mənim vaxtımda Sumqayıt teatrı respublikanın ən aparıcı teatrlarından biri sayılırdı... Hətta Bakıda üzdə olan çoxlu ziyalılar Sumqayıta gəlib, bizim tamaşalara baxırdılar. Bu teatr mənim vaxtımda Sumqayıt ziyalılarının da doğma evi idi. Sumqayıtda üzdə olan on beşdən çox ziyalı teatrın bədii şurasının üzvü idi.

 

-Elə buna görə sizə bu sualı da vermək istəyirəm. Həmin vaxtı  Sumqayıt teatrına hansı yeniliklər gətirə  bildiniz?

 

-Ümumiyyətlə, mən yeniliyi sevən insanam. Həmişə çalışmışam ki, həm ədəbiyyat, həm jurnalistika və həm də teatr sahəsində  öz yolum və öz izim olsun. Yuxarıda dediyim kimi  bu, həm jurnalistikada, həm ədəbiyyatda,həm də teatr sahəsində belə olub və  bu gün də belə davam eləyir. Sumqayıt teatrına rəhbərlik eləməyə başlayanda belə qərara gəldim ki, bu teatrı Musiqili-Dram Teatrı edim. Etdim də. Həmin vaxtı bu teatra əlavə 80 ştat aldım. Artıq kollektiv 180 nəfərlik bir kollektiv oldu. Teatrda orkestr, balet truppası yaratdım. İstedadlı müğənniləri, vokolistləri, müsiqiçiləri işə götürdüm. Balet truppasına çox bacarıqlı baletmeystr Telman Cəlilov rəhbərlik etməyə başladı. Orkestrə isə Darvin Quliyev və Fuad Əzimli rəhbərlik etdilər.  Bu teatrda ilk musiqili tamaşa olan Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərinə  də məhz mən, çox orijinal formada quruluş verdim. Və sonra  bir neçə musiqili tamaşalar da hazırladıq. Həmin vaxtlardan teatrımıza böyük tamaşaçı axını başladı. Çoxlu istedadlı gənclər yetişdirdik. Mən 1997-ci ildə Mədəniyyət Nazirliyilə olan böyük çəkişmələrimizdən, problemlərimizdən sonra ərizə verib bu teatrdan işdən çıxdım. Dağıstana gedib, Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr Truppasını yaratdım. Üç il Azərbaycan-Dağıstan mədəniyyətinin inkişafı üçün çox işlər gördüm. Hətta bir vaxtlar bağlanan Dağıstan Azərbaycan Dövlət Dram Teatrının da bərpa olunması üçün dağıstanlı ziyalılar- Seyid Camal oğlu Qurbanov, Məhəmməd Qurbanov və Hüseynbala Hüseynovla birlikdə  çox işlər gördük və buna nail olduq.. 

Əfsus ki, Sumqayıt teatrına məndən sonra təyin olunan direktor və baş rejissor teatr  Musiqili-Dram Teatrı kimi işlədə bilmədilər. Teatrın orkestrı, balet truppası dağıldı. Bir neçə ildən sonra isə Maliyyə Nazirliyi müəyyən səbəblərə görə həmin ştatları geri aldı. O vaxtı bu, mənə çox pis təsir elədi. Axı mən, həmin ştatları çox böyük çətinliklə, zülmlə, əziyyətlə almışdım… Bu  işdə Mədəniyyət Nazirliyinin mənə heç bir köməkliyi dəyməmişdi. Əslində onlar heç cürə istəmirdilər ki, mən bu teatrı Musiqili-Dram Teatrı  edim. Özüm həmin vaxtı  Azərbaycan Respublikasının Baş naziri  cənab Həsən Həsənovun yanına gedib, bu məsələni onunla birlikdə həll eləmişdim. Çox sağ olsun ki, bu işdə mənə böyük yardımçı olmuşdu.  

Elə bu məqamda yadıma  böyük şairimiz Məhəmmədhüseyn Şəhriyarın bu sözləri düşdü: “Bizdən qabaqdadır avropalılar, İşi iş bilənə tapşırır onlar”. Əfsus ki, məndən sonra Sumqayıt teatrına qeyri-peşəkarlar rəhbərlik etdiyinə görə bu teatrı lazım olan kimi yaşada bilmədilər… Peşəkar teatrı özfəaliyyətə çevirdilər… Bax, buna da çox heyifislənirəm… 

Onu da vurğulayım ki, mən bu teatra gələndə iyirmi yaşım vardı. Həmin müddətdə də on beş rejissor və on direktor işdən çıxarılmışdı. Mən on il həmin teatra tək rəhbərlik etdim və teatrın tarixində ilk dəfə olaraq bədii rəhbər və direktor oldum.  Baxmayaraq həmin vaxtlar məmləkətimizdə böyük xaos və anarxiya hökm sürürdü, amma işçilərə iki qat əməkhaqqı verirdim. Mənə  qədər teatrda  iyirmi ildə cəmi altımış tamaşa hazırlanmışdı. On ilə biz də altımız tamaşa hazırladıq. Sumqayıtla bağlı çoxlu şəhər tədbirləri keçirtdik. Teatrı Qazaxıstana, Gürcüstana, Dağıstana, Şimali Osetiyaya qastrol səfərlərinə apardım. Orada dövlət  səviyyəsində böyük alqışlarla qarşılanırdıq. Bizə çoxlu Fəxri Fərmanlar verdilər. Bizi televizorlara çəkdilər... Haqqımızda çoxlu yazılar yazdılar... Həmin yazılarda da yazırdılar ki, “Sumqayıt teatrı özünün intibah dövrünü yaşayır”.

Məndən sonra yenə də vəzifələr iki yerə  bölündü. Teatrda əvvəlki kimi baş rejissor və direktor ştatları oldu. Amma çox əfsus ki, rəhbərlikdə səriştəsiz adamlar olduğuna görə mənim qurub-yaratdıqlarımı qoruyub saxlaya  bilmədilər...

 

-Bu teatrda dünya dramaturqlarının əsərlərinə  daha çox üstünlük verirdiniz, yoxsa yerli yazarların əsərlərinə?

 

-Həm dünya dramaturqlarının və həm də məmləkətimizin dramaturqlarının əsərlərini  tamaşaya hazırlayırdıq. Çünki repertuar teatrın güzgüsü deməkdir. Hətta biz,  sumqayıtlı dramaturqlar- mənim,  Akif Həsənoğlunun, Əvəz Mahmud Lələdağın və Şahmar Qəriblinin pyeslərinə də bu teatrda quruluşlar vermişik. Hamısı da maraqla qarşılanıb. Həmin illərdə dünya dramaturgiyasının ən yaxşı pyeslərindən altısını da mən özüm Azərbaycan dilinə tərcümə etmişəm. Onların bir neçəsinə Sumqayıt teatrında və bir neçəsinə respublikanın başqa teatrrlarında quruluşlar verilib. Hamısı da maraqla qarşılanıb. Umumiyyətlə, teatr millətin güzgüsü ola bilməsə, bu, çox pisdir. Teatr, müasir tamaşaçılardan on addım qabaqda olmalı və tamaşaçıları öz ardınca aparmağı bacarmalıdır. Bax, onda teatr məktəb və məbəd olur.

 

-Dünyanın havası necədi?

 

-Dünya artıq əlli ildən çoxdur ki, möhkəm çalxalanır və qaynayır. Bütün eybəcərliklər üzə çıxır. Bu da Yer kürəsində yaşayan yaxşı, təmiz insanları məhv eləyir. Aclıq, səfalət, qaçqınlıq, köçkünlük Yer kürəsini başına götürüb... Bu elə bir növ üçüncü dünya müharibəsi deməkdir. Allah bizi daha pisindən saxlasın. Çünki özünüz görürsünüz ki, dünyada hansı ağlasığmaz dəhşətlər baş verir... Hər gün minlərlə günahsız insanlar öldürülür. Hər gün beş milyard dollarlıq silah atılır və dinc insanları qətlə yetirir. Dünya statistikasında çalışan insanlar sübut eləyiblər ki, həmin beş milyard dollar Yer kürəsində olan ac-yalavac insanları bir  həftəlik doyurmağa bəs eləyər. Amma həmin faşist xislətli adamlar istəyirlər ki, Yer kürəsində olan yeddi milyarddan çox insanların yarıdan çoxunu bu silahlar və qorxunc xəstəliklərlə məhv eləsinlər...

 

- Yaradıcılıq sizinçün nədir?

 

-Təvazökarlıqdan uzaq olsa da deyim ki, yaradıcılıq mənim üçün  hava, su və qida deməkdir. Əgər mən bir gün nəsə yazmasam həmin günümü çox ağrılı qarşılayıram. Sabahı günü  daha çox  işləyib, dünənki günün əvəzini çıxıram. Mən bədii əsərlərimi, məqalələrimi yazanda və tamaşalar hazırlayanda inanın ki, dincəlirəm. Çünki beynimdə görəcəyim işlər həddindən artıq çoxdur. Sizə bir həqiqəti deyim ki, 1989-cu ildən Sumqayıt teatrına rəhbərlik etdiyim vaxtı bədii yaradıcılıqla məşğul olmağa vaxtım qalmırdı. Çünki həmin vaxtı anarxiya və xaos dövrü idi. Mən də teatrı yaşatmaq və dağılmağa qoymamaqçün bütün gücümü, bacarığımı, təşkilatçılığımı teatrın inkişafına sərf eləyirdim.  İmkan düşdükcə tamaşalar hazırlayır, müsahibələr verir, televizorda çıxışlar edir və dünya dramaturqlarının maraqlı pyeslərini həyat yoldaşım Elmira xanım Mazanqızı ilə birlikdə dilimizə tərcümə eləyirdik. Həmin vaxtı da beynimdə olan pyeslərin, povestlərin, hekayələrin qısa məzmununu gündəliklərimə yazırdım. 1999-cu ildən başladım onları yazmağa. Həmin gündəliklərdə hələ təxminən yazılası iki yüz hekayə, on pyes, beş povest, iki roman və çoxlu publisist yazılar var. Ömür vəfa eləsə,  onları yaza bilsəm, özümü xoşbəxt insan hesab edərəm. Baxmayaraq ki, bu vaxta qədər mən çox yazmışam, amma hələ yazılası çox yazılar da var və onlar mənimlə “dava” eləyirlər ki, bizi də yaz və tamamla...

 

-Şəhər rəhbərliyinin mədəniyyətə  diqqətindən razısınızmı?

 

-Mən Sumqayıta gələndə bu şəhərin birinci katibi Kamran Bağırov idi. Az bir vaxtda o, Bakıya yüksək vəzifəyə getdi. Həmin vaxtı Şənlik Əliyev Sumqayıtın birinci katibi oldu. O vaxtlar da Sumqayıtın bütün dövlət tədbirlərini və incəsənət, əmək bayramlarını mən hazırlayırdım. Şənlik müəllim Moslkavada  Bauman adına Ali Məktəbdə təhsil almışdı. Yüksək savadlı insan və böyük ziyalı idi. Mən ondan çox şeylər öyrənmişəm. Onun da mənə inamı və münasibəti böyük idi. Mən ikinci dəfə Sumqayıt teatrına rəhbər vəzifəyə qayıdanda Zülfü Hacıyevlə işləmişəm. O da yüksək təfəkkürlü və çox böyük səbrə malik rəhbər idi. Onun da mənə inamı böyük idi və mənim dediyim bütün yenilikləri də qəbul edirdi. Məhz onun sayəsində mən teatrı Musiqili-Dram Teatrı eləyə bildim. Ondan sonra Eldar  İsmayılov və Şakir Abuşovla birlikdə işlədik. Yəni onların vaxtında teatra rəhbərlik etdim.  Onlar da yaxşı rəhbər və böyük ziyalı idilər. Teatra da münasibətləri yaxşı idi. Şakir Abuşovun vaxtında İcra hakimiyyətinə mədəni-kütləvi tədbirlər üçün ayrılan pulları Şakir müəllimin göstərişilə teatrın hesabına köçürürdülər. Biz də bunun müqabilində şəhərin bütün mədəni, kütləvi və dövlət səviyyəli tədbirlərini hazırlayırdıq. Bilirsiniz ki, teatr işçilərinin əməkhaqqı həmişə az olub. İndi də belədir... Həmin vaxtı mən də teatrın rəhbəri kimi o pulları ikinci əməkhaqqı kimi teatrın işçilərinə verirdim. Bu da həmin çətin dövrdə onlara ailələrini dolandırmaqda köməklik edirdi. Ona görə də hamı böyük həvəslə işləyirdi. Hər il biz ən azından  6-8 tamaşa hazırlayırdıq.

 

-Bu şəhər sizə nə verdi və nəyi əlinizdən aldı?

 

-O vaxtkı bəzi səriştəsiz rəhbərlər ucbatından mən özümün üç otaqlı evimi satıb, iki otaqlı mənzil aldım və qalan pula teatrın tamaşalarına quruluş verdim. Hətta teatrın borclarını ödəmək üçün bağımı da satdım. İndi də qızımın evində yaşayıram.  Özümün evim, bağım yoxdur.  Amma bu qədər gördüyüm işlərə görə hansısa xarici ölkədə yaşasaydım, indi hər bir şəraitim olardı. Belə götürəndə bu şəhər əslində mənim sağlamlığımı əlimdən alıb, alacağımsa çox az olub. Mən məcburən üç il Dağıstanda işləyəsi olmuşam. 2001-ci ildən isə Bakıda, əvvəlcə Dövlət Gənclər Teatrında və 2009-cu ildən Milli Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor  işləyirəm. Elə həmin vaxtdan da “Azad Azərbaycan” qəzetində əvvəlcə şöbə müdüri və sonra qəzetin redakroru kimi çoxlu uğurlara imza atmışam. 1999-2000-ci illərdə bədii yaradıcılıqla, jurnalistika ilə  daha ciddi məşğul olmuşam. Çoxlu tamaşalara quruluş vermişəm. Pyeslər tərcümə eləmişəm. Hətta dəfələrlə Bakıya köçüb getmək imkanım olsa da Sumqayıtdan köçüb getməmişəm. Çünki bu şəhəri və bu şəhərin insanlarını çox sevirəm. Bu şəhərdə təkcə özüm üçün yox, başqaları üçün də müraciət etdiyim bütün məsələlər qısa vatda həll olunub və həll olunur.

 

-Yer ruhunuzu sıxmır ki? Hərdən haralarasa getmək istəmirsiz ki?

 

-Əslində bütün yaradıcı insanlar Yerdə yox, göydə yaşayırlar. Çünki onlar əgər Yerdə yaşasalar və bütün  eybəcərlikləri, haqsızlıqları görsələr, ürəkləri partlayar. Hansılar ki, “Yerə” enirlər, ürək xəstəliyindən, şəkərdən, depressiyalardan dünyalarını tez  dəyişirlər. Mən yadplanetlilərlə bağlı bir povest üzərində işləyirəm və tes-tez həmin planetə gedib-gəlirəm...  Ora gedəndə özümü çox yaxşı hiss eləyirəm. (Gülümsünür.)  Həmin əsərimi tezliklə tamamlamaq  istəyirəm. İnanıram ki, sensassiyalı bir əsər olacaq...

 

-Azərbaycan Yazıçılar Bilriyinin  Sumqayıt bölməsinin işi sizi qane edirmi?

 

- Bu təşkilat çox istadadlı şair, gözəl insan, özü də bir vaxtlar aktyor olmuş, Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakultəsini bitirmiş, rəhmətlik Sabir Sarvan tərəfindən yaradılanda, mən də ona çox köməklik etmişəm. Hətta bir vaxtlar bir qrup qəlbiqara, özündən müştəbeh adamlar  bu təşkilatı  dağıtmağa və Sabir Sarvanın bu vəzifədən çıxmasına çalışsalar da, mən və bir qrup yaradıcı insan buna imkan vermədik. Düz də elədik. Hətta buna görə  Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar müəllimin də yanına getdim... 

Rəhmətlik Sabir Sarvandan sonra  da siz bu işə böyük uğurla rəhbərlik edirsiniz. Heç kimin arasında ayrı-seçkilik qoymursuz. Rəhbər üçün bu əsas şərtdir ki, heç kimin arasında ayrı-seçkilik qoymasın… Rəhbərin necə olması ilə bağlı mən “Torpağa bağlı insan” adlı  kitabımda ömrünün altımış ilini aparıcı rəhbər vəzifədə işləyən, rəhmətlik  Sadıq Murtuzayevlə birlikdə 149 təkliflər vermişik. Eləcə də “İnsanın özünü dərk etməsi böyük elmdir” adlı  30 səhifəlik yazımı, “Özünü dəyiş” adlı 8 səhifəlik fəlsəfi yazımı qəzetlərdə və saytlarda çap etdirmişəm. Yüz minlərlə insanlar oxuyub və yüksək rəy yazıblar.

 

-Sizə elə gəlmir ki, dünya özü də tamaşalar oynanılan səhnədir və hərə öz rolunu oynayıb gedir?

 

-Bax, bunu rejissorlar daha yaxşı görür və  bu, bizə daha çox təsir edir. Çünki bu adamların çoxu həmin oyunu primitiv, özfəaliyyət səviyyədə və həyasızcasına oynayırlar… Biz rejissorlara həvəskar nömrəsi gəlirlər… Bu da bizə pis təsir edir… 

 

-Bəzi məqamlarda  aktyorluq karınıza gəlirmi?  Oynaya bilirsizmi?

 

-Mən heç vaxt həyatda aktyorluq etməmişəm. Bu mənim xarakterimə yaddır. Əgər həyatda  “aktyorluq” etsəydim, indi  dörd-beş evim, iki-üç bağım, bir neçə ticarət obyektim, “qızıldan” divarlarım olardı. Bəlkə də bu, mənim faciəmdir ki, heç vaxt məddah, yaltaq, tamahkar  olmamışam. Yalandan heç kimi tərifləməmişəm. Buna görə də bu gün evim yoxdur. Açığı demək olar ki, mənim bütün pyeslərim,  hekayələrim, povestlərim və romanlarım çox kəskindir və  bunlar cəmiyyətimizdə, ətrafımızda baş verən  baş verən mənfi  hadisələri özündə açıq- aşkar əks etdirir. Əlbəttə, bu, çoxlarının xoşuna gəlmir…  

Mənim də belə bir deyimim var: “Hörmətli adamları yaxşı tanıyın. Amma böyük adamların arxasında gizlənməyin. Çünki o böyük adamlar gedəndə, arxasız qalarsız”. Mən 75 illik həyatımda arxasız qalıb və rəzil günə düşən həmin yaramaz adamları çox görmüşəm… Elələri də olub ki, utandıqlarından insanlarla görüşə, böyük məclislərə gəlməyiblər.  Hətta elələri olub ki, özlərinə qəsd də eləyiblər…

 

-Səmimi oynamaq asandı, yoxsa səmimiyyəti?

 

-İnsan nə qədər səmimi olsa, bu  onun  həm özünə, həm də ətrafında olanlara xoş olar. Bununla bağlı mənim bir neçə kəlamım və aforizmlərim var.  Onlardan biri belədir: “Özünüzü elə aparın ki, sizə və ağlınıza təmasda olduğunuz insanlar həmişə ehtiyac duysunlar”.

 

- Vaxtı geri qaytarmaq mümkün olsaydı yenə bu peşəni seçərdinizmi?

 

-Səmimi deyim ki, elə jurnalist, yazıçı, aktyor və rejissor olardım. Düzdür, bu qədər sahə bir adam üçün həddindən artıq çoxdur. Sənin bütün ömrünü, vaxtını, həyatını alır. Bir dəqiqə boş vaxtın olmur. Amma bir uğurlu iş görəndə, oxucular, tamaşaçılar da bunu bəyənəndə  adam çox sevinir. Elə bilir ki, bütün dünyanı ona veriblər… Bu bir növ dəlilikdir. Elə deyilmi?

 

- Səhnədəki aktyorlarla oynamaq asandı, yoxsa səhnədənkənar “aktyorlar"la?

 

-Səhnədənkənar aktyorlarla oynamaq, əsl ziyalı və vicdanlı adam üçün cəhənnəm əzabıdır. Ən dəhşətlisi də onda olur ki, bütün bunları görürsən və  bu əbləhlərə qalib gələ bilmirsən. Mənim “Əbləhlərin son oyunu” adlı bir povestim var. Bu əsərimi yazanda böyük əsəb gərginliyi keçirmişəm. İndi oxuyanda da yenə həmin sənhələri gözlərim qarşısında canlandıranda, bu  əzabları yenidən yaşayıram… Elə mən bütün bunları görüb və belə əbləhlərə qalib gələ bilmədiyimə görə iki dəfə infarkt keçirmişəm və ürəyimin dörd damarı dəyişib. Amma bir şeyə sevinirəm ki, mübarizəm, inadkaram və özümə inamım çox olduğundan, bütün bunları yaza bilmişəm… Mənim belə bir aforizmim var: “Mən düşmənlərimə çox borcluyam. Çünki onlar məni belə mübariz ediblər ki, bu qədər uğurlara imza ata bilmişəm”. 

 

-Sizi aldada bilərlərmi? Yəni “yaradıcı adamlar tez aldanır”,- deyirlər.

 

- Bəli. Yaradıcı insanlar tez  aldanır. Çünki onlar həyatda yalan danışmağı sevmirlər. Ümumiyyətlə, yalan danışmayan insanları aldadtmaq çox asan olur. Yalanla bağlı məşhur yazıçı, filosof  Frensis Bekonun belə aforizmləri var: “Yalançı-Allaha  qarşı üsyan edən, lakin insanlardan qorxan bir axmaqdır”. “Dünyada insanı ən çox utandıran şey yalanının üzə çıxmasıdır”. “Yalan zəiflərin daldalanacaq yeri və sığınacağıdır”.

 

- Quruluş verdiyiniz ən çox sevdiyiniz tamaşa, ən çox sevdiyiniz, oynadığınız  obraz və bədii əsəriniz?

 

-Mənim quruluş verdiyim tamaşalar, oynadığım rollar və yazdığım əsərlərimin hamısı  övladlarımdır.  Axı valideyn övladlar arasında ayrı-seçkilik qoya bilməz… Ona görə də onların hamısı mənim üçün əzizdir, doğmadır.

 

- Həyat bizimlə hansı tamaşanı oynayır?

 

-Bugünkü həyat bizimlə çox faciəvi bir tamaşa oynayır. Əgər belə getsə Yer planeti dağıla  bilər… Bununla bağlı mənim “Anamın nağılı” hekayəm var. Yadplanetlilərlə bağlı povestim də buna həsr olunub. Yer kürəsinin bütün sülhsevər insanları birləşib, bunun qarşısını almasalar, dünyamızda çox böyük faciələr olacaq...

 

- Gələcək planlarınız nədir?  Planlı iş görürsünüzmü?

 

-Yaradıcı adam üçün planlı iş görmək çox çətindir. Bir əsər üzərində işləyəndə, bir də görürsən ki, başqa  bir əsərin mövzusu beyninə gəlir və sənə əzab verir. Səni çox rahatsız edir. Gecələr də yatmağa qoymur. Məcbur olursan ki, işlədiyin əsəri yarımçıq qoyub, onu yazıya köçürəsən. Ya da bir pyesi hazırlamaq istəyirsən və  o da səni məcbur eləyir ki, bütün işləri kənara qoyub, həmin tamaşanı reallaşdırasan. Görürsünüzmü, yaradıcı insanın işləri necə məşəqqətlidir?  (Gülümsünür.) 

Gələn il mart ayının 16-da Böyük Tanrı imkan versə 75 yaşım tamam  olacaq. Bax, bununla bağlı planlı işləyirəm. Həmin vaxta kimi dörd kitabımı çap etdirmək istəyirəm. Biri artıq çap olunur və üçü də çapa hazırlanır. Bunlardan əlavə rejissor kimi  iki tamaşaya da quruluş verməyi planlaşdırıram. Tərcümə etdiyim Geor Xuqayevin “Varlı ev” tamaşası artıq Sumqayıt Dövlət Dram Teatrında tamaşaya hazırlanıb, Firudin Məhərrəmov tərəfindən. Xoşuma gəlib. Həyat yoldaşım Elmira xanım  Mazanqızı ilə birlikdə tərcümə etdiyimiz  Geor Xuqayevin  “Qocaların məhəbbəti” faciəvi komediyası  isə Azərbaycan Teatr Xadimləri İttifaqında tamaşaya qoyulacaq. Dörd pyesimin  isə Azərbaycanın bir neçə teatrında və Dağıstandakı Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulması planlaşdırılır. Görürsünüzmü, nə qədər işlərim var… Təki sağlıq olsun.

 

- Sumqayıtın 75 illiyi  ərəfəsində arzu və təklifləriniz.

 

-Bu şəhərin əvvəlki  vaxtlarında  olan  yubileylərində  haqsızlıqlar olub. Layiq olan adanmların çoxu  kölgədə qalıb, amma layiq olmayanlara fəxri adlar, medallar, ordenlər, Prezidentin Fərdi Təqaüdləri verilib.  

Amma Zakir Fərəcov bu şəhərin 70 illik yubileyini keçirəndə çoxlu sumqayıtlıya layiq olduğu qiyməti  verdi. Mən buna çox sevindim. Çünki Zakir müəllim Sumqayıtı və sumqayıtlıları çox gözəl tanıyır. Və bir həqiqəti deyim ki, Zakir Fərəcovun vaxtında - indi bu şəhər özünün ikinci intibahını yaşayır. Bununla bağlı mənim otuzdan çox yazılarım var… Orada hər şeyi lazım olan kimi geniş yazmışam. Ümumiyyətlə, hər şey haqq-ədalətlə olanda daha yaxşı olur. Bununla bağlı məşhur filosof Lin Yutaqın belə bir kəlamı var: “Harda çox sayda polis varsa, orada azadlıq, Harda çoxlu əsgər varsa, orada sülh, Harda çoxlu hüquqşünas varsa, orada Ədalət yoxdur.”

Dördüncü Xəlifə -  598-661-ci illərdə yaşamış  Həzrəti Əli İbn Abutalib isə ondan bir qədər də uzağa gedərək belə deyib:                “Ədalət qədər dövləti möhkəmləndirən başqa amil yoxdur. Dövlətin dini ədalətdir. Ədaləti olmayan dövlət dinsizdir.”

Bax, mən məmləkətimizdə  bütün sahələrdə  bu ədaləti görmək istəyirəm. Çox istəyirəm ki, məmləkətimizdə milli birlik olsun. Və bu arzu ilə yaşayıram. Axı biz birləşməyi bacaran xalqıq. Bunu tarix də sübut edib. Bu milli birliyi də ilk öncə yüksək rütbəli məmurlar yaratmalıdır. Onların səhvini deyəndə bundan əndişələnməməlidirlər. Onlar öz səhvlərini düzətməlidirlər. Bu haqda mənim belə bir kəlamlarım var: “Hər kəslə özünə layiq rəftar etməyi bacarmaq böyüklük, ürəyigenişlik əlamətidir”. “İnsanların qəlbini ələ almağı bacarmaq, böyük istedaddır. Əfsus ki, bu, hər adamda yoxdur”. 

Şəhərimizə, onun sakinlərinə əmin- amanlıq, bol ruzi- bərəkət arzulayıram. Qoy hər kəs xöşbəxt və bəxtiyar olsun! Çünki bir millət kimi və böyük sərvəti olan dövlət kimi biz buna layiqik.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

Çərşənbə axşamı, 05 Noyabr 2024 20:13

Gəncə Filarmoniyasında Bülbül ab-havası

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Gəncə musiqisevərləri bir-birindən gözəl layihələrlə sevindirməkdədir. 

Filarmoniyanın təqdim etdiyi növbəti layihə - bu dəfə "Xalqın mədəni sərvəti" layihəsi Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor, ictimai xadim Bülbülə həsr olunub. 

“Ədəbiyyat və incəsənət” portalının Filarmoniyadan aldığı məlumata görə, layihənin ilk günü Gəncə Dövlət Filarmoniyasında Bülbülün əziz xatirəsinə həsr olunmuş konsert proqramı baş tutub.

Konsertdə Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artistlər Kəmalə Tağızadə, Tural Abdullayev, solist Vasif Bayramov Üzeyir Hacıbəylinin “Sevgili canan”, “Sənsiz”, Asəf Zeynallının “Ölkəm”, Fikrət Əmirovun “Ulduz”, “Gülüm” romanslarını, Müslüm Maqomayevin “Şah İsmayıl" operasından Aslan şahın ariyasını, Səid Rüstəmovun "İntizar", Vasif Adıgözəlovun "Qərənfil" əsərlərini ifa ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(05.11.2024)

 

Noyabrın 11-dən 23-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İçərişəhərin muzeyləri və təqdim edilən turizm xidmətləri qonaqlar üçün uzadılmış iş rejiminə uyğun olaraq fəaliyyət göstərəcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AzərTAC-a bildirilib ki, Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Bəylər məscidi, Yeraltı hamam və Bakı Fotoqrafiya Evi göstərilən tarixlərdə saat 10:00-dan 22:00-dək turistlərin ziyarətinə açıq olacaq.

Bundan başqa, Turist Məlumat Mərkəzi həmin tarixlərdə saat 10:00-dan başlayaraq saat 22.00-dək ziyarətçilərə piyada və elektromobillə qrup və ya fərdi turlar təşkil edəcək, İçərişəhərin tarixi məkanlarını daha yaxından öyrənmək istəyən qonaqlar üçün müxtəlif dillərdə bələdçi xidməti göstərəcək.

Qədim sənətkarlıq növlərinin yaşadılıb-öyrədildiyi “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin emalatxanası hər gün 09:00-dan 18:00-dək, sərgi salonu isə 09.00-dan 22.00-a qədər açıq olacaq.

Azərbaycanın görkəmli rəssamı Tahir Salahovun ev-muzeyi COP29 günlərində saat 09.00-dan 18.00-dək fəaliyyət göstərəcək.

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə daxil olan Qala qəsri, Açıq səma altında muzey, “Tullantıdan sənətə” muzeyi COP29 günlərində saat 10.00-dan 18.00-dək fəaliyyət göstərəcək. Əlavə olaraq, beynəlxalq tədbirin qonaqları üçün xüsusi turlar təşkil ediləcək.

Ətraflı məlumatı Turist Məlumat Mərkəzindən əldə etmək olar - 012 505 94 15.

 

“Ədəbiyyat və incəsənət”

(05.11.2024)

 

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Nəsildən-nəslə teatr” layihəsi uğurla davam edir.

Mərkəzdən AzərTAC-a bildirilib ki, layihə çərçivəsində keçirilmiş tematik seminarın “Dramaturgiya: əvvəldə söz var idi” adlı paneli Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəstəyi ilə sənət ocağının kiçik səhnəsində baş tutub.

Panelin qonağı yazıçı-dramaturq İlqar Fəhmi gənclərlə dramaturgiya sənətinin sirləri, nəzəri-praktiki əsasları, yeni yaradıcı tendensiyalar, postmodernizm-postdramatizm fəlsəfəsi müstəvisində teatr və mətn kimi mövzularda fikir mübadiləsi aparıb.

Dramaturq, həmçinin mədəni, tarixi məqamlara da toxunaraq sözün gücünün onun düzgün çatdırılmasında olduğuna diqqət çəkib.

Seminarın keçirilməsində məqsəd nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək, teatra müasir beynəlxalq tendensiyaların tətbiqi, bu sahəyə marağın artırılması, gənclərin cəlb edilməsi və aktiv yaradıcı mühitin formalaşdırılmasıdır.

“Nəsildən-nəslə teatr” seminarları çərçivəsində teatr sənətçiləri ilə interaktiv görüşlərin davamlı təşkili nəzərdə tutulub.

 

“Ədəbiyyat və incəsənət”

(05.11.2024)

 

Test mərhələsi 4 noyabr 2024-cü il tarixində Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilib. Bu baradə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. 

İştirakçılar ümumi dünya görüşü, qanunvericilik və məntiqi təfəkkür üzrə hazırlanan test blokları əsasında sualları cavablandırıblar.

Qeyd edək ki, proqramda iştirak üçün elektron ərizə qəbuluna 500-ə yaxın müraciət daxil olub. Ərizələrin ilkin qiymətləndirilməsindən sonra, onların arasından 168 iştirakçı test mərhələsinə vəsiqə qazanıb. Test mərhələsini uğurla tamamlayan gənclər növbəti mərhələdə idarəetmə potensialının qiymətləndirilməsi mərhələsinə qatılacaq və daha sonra müsahibə mərhələsinə dəvət olunacaqlar.

 

“Ədəbiyyat və incəsənət”

(05.11.2024)

 

Mədəniyyət Nazirliyi tərəfindən musiqi və incəsənət məktəblərində tədris olunan fortepiano, tar və violin ixtisaslarının tədris proqramı yenilənib. 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu yenilənmə müasir təhsil standartlarına uyğunlaşdırılaraq, şagirdlərin tədbiqi və nəzəri biliklərinin daha səmərəli şəkildə artırılmasını təmin etməyi hədəfləyir. Bu proqramlarda əsas yeniliklərdən biri Azərbaycan bəstəkarlarının əsərlərinə xüsusi yer ayrılaraq, onların əsərlərinin öyrənilməsinə üstünlük verilməsidir. 
Yeni proqram çərçivəsində musiqi ifaçılığı, texnika və yaradıcılıq bacarıqları daha geniş və əhatəli şəkildə tədris ediləcək. Fortepiano, tar və violin siniflərində tətbiq olunacaq bu metodika, gənc istedadların potensialını daha da inkişaf etdirməyə, onları peşəkar musiqi təhsili ilə təmin etməyə istiqamətlənmişdir. 
Yaxın gələcəkdə digər ixtisas siniflərinin də tədris proqramlarının yenilənməsi nəzərdə tutulur.
Linkə (Tar, violin, fortepiano ) daxil olaraq, yenilənmiş tədris proqramlarını yükləyib ətraflı tanış ola bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(05.11.2024)

Çərşənbə axşamı, 05 Noyabr 2024 12:47

ZƏFƏR GÜNÜ - Oğuzda tədbir keçirilib

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayon Tarix-diyarşünaslıq muzeyində 4 noyabr 2024-cü il tarixdə “Qəhrəman oğullarımızın şücaəti dastanlara sığmayan salnamədir ” adlı Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə YAP Oğuz rayon təşkilatının sədr müavini,Şəki-Zaqatala Gənclər və İdman İdarəsinin Oğuz rayon sektorunun əməkdaşları, şəhid ailələri, qazilər, döyüşçülər,məktəblilər iştirak edib.Tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb.Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keşmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən Müharibəsində ordumuzun göstərdiyi şücaətdən,Xalq-ordu birliyindən danışıblar.Məktəblilərin ifasında Zəfərə,Vətənə həsr olunmuş şeirlər söylənilib,mahnılar ifa olunub.

 

“Ədəbiyyat və incəsənət”

(05.11.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə ilk dəfə gənc şairimiz Cavud Qasımovu görüşdürürəm. 

Keçib Tanrı ilə barışmağımdan,

Gətirə bilməzsən bir yola məni.

Namaz üstündəymiş müqəddəs Məryəm,

Tətiyi sıxmağa gücüm qalsa da 

Təxirə saldılar güllələnməni, - deyən şair həqiqətən də mükəmməl ifadə edib fikrini. Şeirdə bir az mistika, bir az sirr-sehr var. 

Xoş mütaliələr.

 

Təxirə saldılar güllələnməni…

 

Bəxtim gətirmədi, Müqəddəs ata,

Təxirə saldılar güllələnməni .

And olsun ağlayan kilsə şamına,

Bir təmiz adam da olmadı assın 

İsanın boş qalan yerindən məni...

 

Daha diksinmirəm ağacdan düşən

Yarpağın səsinə uşaqlar kimi.

Yerin kölgəsinə and olsun, bir-bir

Şəhər heykəlləri qulaqlarıma

Gecə pıçıldayır tənhalıq himnin.

 

Çoxdandır yaxamdan üzüb əllərin

İtirmək qorxusu, ölüm qorxusu.

Mənə nə edəcək, Müqəddəs ata,

Uçulmuş evimə hücum çəkəndə 

Dimdiyi çöp boyda sərçə ordusu?

 

Keçib Tanrı ilə barışmağımdan,

Gətirə bilməzsən bir yola məni.

Namaz üstündəymiş müqəddəs Məryəm,

Tətiyi sıxmağa gücüm qalsa da 

Təxirə saldılar güllələnməni.

 

Ədəbiyyat və incəsənət”

(05.11.2024)

38 -dən səhifə 1841

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.