Super User

Super User

Çərşənbə, 02 Aprel 2025 10:44

Uca məqama çatdı – ŞƏHİD ŞEİRLƏRİ

Coşqun Xəliloğlu,  Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ədəbiyyat və incəsənət” üçün


                                                    

Kürdəmir rayonunun Sovla kəndində anadan olmuş, 19 sentyabr  2023-cü ildə lokal  antiterror tədbirləri zamanı qəhrəmanlıqla şəhid olmuş Eltun Cavanşir oğlu  Yusifovun  əziz xatirəsinə ithaf edirəm. (05.01.2004.-19.09.2023.)

 

Çöhrəsindən yağırdı nur,

Qorxmaz, cəsarətli, məğrur,

Əsgər oldu, igid, cəsur,

Düşmənlərə qan ağlatdı,

Ən uca məqama çatdı.

 

Adı Eltun, el balası,

Dürüst, şiridil balası,

Gəldi hər vaxt xoş sədası,

Sovlanın adın ucaltdı,

Ən uca məqama çatdı.

 

Hünəri dastana bənzər,

Şöhrəti elləri gəzər,

Adı tariximi bəzər,

Vətənə layiq övladdı,

Ən uca məqama çatdı.

 

19 il ömür sürdü,

Yüz ilin işini gördü,

Dünya müəmmadı, sirdi,

Düşmənin günün qaraltdı,

Ən uca məqama çatdı.

 

Qarakənddə şəhid oldu,

Unudulmaz bir ad oldu,

Xalqın ürəyinə doldu,

Şan-şərəfli bir yol tutdu,

Ən uca məqama çatdı.

 

Dərd yoxdu, çarə tapılmaz,

Qış qurtarıb gəlibdir, yaz,

Zaman heç zaman yanılmaz,

Həyatı örnək həyatdı,

Ən uca məqama çatdı.

                    (24.03.2025)

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2025)

 

 

 

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün


Adam onunla danışanda elə bil başqa nurlu bir aləmə düşür.
Bizi onunla şeirlər doğmalaşdırıb. Ta uşaqlıq illərindən sevdiyimiz və bənzəmək istədiyimiz film qəhrəmanlarına həyat verən Xalq Artisti Xalida Quliyeva. Onu ta uşaqlıqdan izlədiyim “
Milli”( poçtalyon qız ) obrazı ilə tanıyırdım. İri mənalı gözlərində o qədər doğmalıq var idi ki, sözlə ifadəsi yoxdur.


Kiçik bir sirrimi də etiraf edib deyim ki, o, poçtalyon obrazını özüm üçün canlandırırdım. Onun oynadığı obrazlar o dövrün əsil Azərbaycan xanımını əks etdirir. O sevgi, o utancaqlıq, o ağrı, o qorxu, o əzab. Unudulmaz duyğularla Azərbaycan tamaşaçısının ürəyinə yol tapıb.
Xalq Artisti Xalida Quliyeva şeirlərimi bəyənib, ilk kitab təqdimatıma gəlmişdi. Onun gəlişi məni elə sevindirmişdi ki, ilk olaraq onun mənim kitab günümə gəlməsi
, haqqımda dediyi xoş sözlər...

O gündən Əzizim ola bildi. Atam Fikrət Sadığın anım günündə etdiyi çıxışı isə unuda bilmirəm. Göz yaşları ilə atama "Günəş şair" demişdi. Bu onu bildirir ki, Xalida xanım kiçikdən böyüyə hər kəsi sevən bir sənətçidir. Büsbütün Azərbaycandır.
Onun düşüncəsi təkcə yeni yazmağa başlayan şairə və uzun ömür yaşamış ustada deyil, bütün Azərbaycan insanına olan sevgisidir. Və bu sevgi qarşılıqlıdır. Xalq da, tamaşaçılar da, sənətkarlar da, doğmalar da onu çox sevir. Bu sevgi onun daima gülən və narahat gözlərindən süzülür.

 Xalq artisti Xalida Quliyeva bir insan kimi də örnək olacaq həyat yaşayıb. Azərbaycan xanımlarına, gənc aktrisalara örnək olacaq bir ömür. O ömür boyu Azərbaycan adət-ənənələrinə sadiq olub. Heç bir zaman ruhunu oxşamayan və millətinə, xalqına uyğun olmayan bayağı rollar ifa etməyib. Onun hər obrazı doğma və bizimkidir. Hər jesti ədəb, əxlaq göstəricisidir. Bu bacarıq və xislət onu Azərbaycanın mədəniyyət və incəsənət dünyasında dəyərli və önəmli simalardan biri edib. Müsabiqələrinin birində onun bu həyat üçün qarşısına qoyduğu öhdəlikləri olduğunu deyir. Deyir: “Bilirdim ki, oxumaq lazımdır, oxuyurdum. Evdə atama, qardaş bacılarıma baxmaq vacibdir, lazımdır, baxırdım. Ali təhsil də, ailə həyatı da gərəklidir deyə edirdim”.
Fədakar Xalida xanım eyni zamanda yalnız səhnədə azad və xoşbəxt olduğunu vurğulayır. Bəli, onun bu cür fədakar düşüncəsi heç cavabsız qalmır. Sevilən həyat yoldaşı, gözəl ana, gözəl nənə, dost, aktrisa olmağını ona bəxş olunub.
Onun aurası və düşüncəsi düşdüyü ortamı gözəlləşdirir, işıqlı edir.
Onun oynadığı obrazın tam mənada qavranması, o obraza təbii öz ruhunda həyat verməyi gözəlliyin özüdür. Onun oynadığı gənc xanım obrazları əsl Azərbaycanlı qadınının abır-ismətini, sadəliyini önə çıxarır.
Bəli, Xalida Quliyeva xalqını, vətənini çox sevən bir sənətkardır. O, milli kinomuzun mənafeyini, gələcəyini düşünən, mədəniyyət və incəsənət aləmində baş verən bütün yeniliklərə münasibət bildirən, gəncləri izləyən, onların rifahını düşünən. İncəsənətimizə, mədəniyyətimizə laqeyd olmayan, gündəmi yenilikləri izləyən bir sənətçidir.
Bu yaxınlarda onun çəkildiyi son filmə baxanda düşündüm ki, illərdir bəlkə də biz bu təbii gözəllikdən kənar düşmüşük. Sənətkarların qədrini bilməliyik, onlar çox azdır. Xalida Quliyevanın Azərbaycan kinosunda yaratdığı  "Xoşbəxtlik qayğıları" filmində Xalida obrazı mənim gənclik illərimin idealı idi. İnana bilməzdim ki, bu cür əlçatmaz baxdığım aktrisa bu qədər yaxınımda olacaq.
Bəlkə də heç kimin münasibət bildirmədiyi bir məqamda, aktrisa Xalida Quliyevanın aktyorluq məharətinin böyüklüyünü vurğulamaq, dilə gətirmək istəyirəm.
Sevimli operator və rejissorum Rasim Ocaqovun çəkdiyo Rüstəm İbrahimbəyovun ssenarisini yazdığı  "Bağlı qapı arxasında" filmində oynadığı zülmə düçar olan qadın obrazı. Bu, bir çox qadınların həyatından keçən qəddarlıq və acizliyin, nadanlıq və düşüncənin simvolu kimi oynanılan bir rol idi.
Mən o filmə baxanda uşaq idim. Bir kəlmə söz demədən bu qədər zülmü və bu zülmdən azad olmağı gözləri ilə, ürkək baxışları ilə tamaşaçıya necə çatdırmağın böyüklüyünü hiss etmişdim.
Bu rol bəlkə də neçə çarəsiz qadına ümid verib,neçə öz qadınına zülm edən nadanı qəflətdən oyadlb.Mənim ürəyimdə Xalida Quliyevanın oynadığı bir-birindən maraqlı obrazları içində bu obrazın öz yolu, öz yeri var.
Baxış və bədən dili ilə çəkilmiş əzabı bu cür bildirmək hər aktrisaya xas olan cəhət deyil.

Sənətkarların qədrini bilməliyik, onlar çox azdır. Çox təəssüf ki, qəddar bir zamana gəlib çıxmışıq. Bu məni bir yazıçı kimi qorxudur. Belə gedərsə, dünya üzündə mərhəmətin, saflığın kökü kəsiləcək. Nə qədər gec deyil, bu gərəkli hisslərimizi qoruyaq. Bir-birinə xoş söz deməyi, sevməyi unutmayaq.

Xalıda Quliyeva sizi çox sevirəm !!!!. 

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2025)

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

“Sözün bitdiyi an...”

 Bəli, verilişin adı elə belədir. Yaxın günlərdə Kanal S televiziyasının aparıcısı, məşhur Harrvard Universiteti də daxil olmaqla altı universitetdən diplomu olduğunu iddia edən, daha sonra "Quzumm, hamısı Instagram hesabımda var" deyə açıqlama verən tele-aparıcı və jurnalist Nigar Fərhad veriliş vaxtı elə bir ifadə səsləndirib ki, söz oradaca bitib:

"Mənim oğlum olsaydı, ona atasız qız almazdım."

 

36 yaşlı, ailə qurmamış bu xanımın söylədiyi bu fikir, verilişinin tam yekunu olur. Yəni, söz elə oradaca bitir. Min illər boyu bizim dərin kino və jurnalistika industriyamızın həqiqi ziyalıları cəhalətlə savaşaraq, millətin kor gözünü açmaq, mental sədləri sınıb keçmək, qadınları, o cümlədən atasız böyüyən qızları maarifləndirmək üçün çalışıb. Amma indi, üfürülmüş şara bənzəyən, sadəcə dodaqdan ibarət olan bəzi telefiqurların söz söyləməsini gördükcə, milyon kərə məyus olur, hətta mübaliğə edərsəm, rəhmətlik ziyalılar məzarlarında tərs dönürlər.

İstəsəm, ürək dolusu cümlələr yaza bilərəm. Amma Harrvard "məzunu" bu xanıma izah etmək çətindir ki, qadın qadına qurd yox, yurd olmalıdır.

Bu cəmiyyətdə atasız böyüyən qızlar var ki, ataları şəhid olub.

Bu cəmiyyətdə atasız böyüyən qızlar var ki, ataları bilmədiyimiz min bir xəstəlikdən vəfat edib.

Bu cəmiyyətdə atasız böyüyən qızlar var ki, ataları onları uşaq yaşda tərk edib, analarına zülm edib, min bir vəhşət yaşadıb.

Hər insanın bir yarası, bir yarım qalmış hekayəsi, bir qırıq qəlbi var. İnsan qəlbinə dəymək bu qədərmi asandır? Bunu müsəlmana yaraşdırmaq olarmı?

Heç kim başqasının hekayəsini yaşamadan, bu qədər kinli danışmamalıdır. İnsanlara qarşı qəliblər qoymazdan öncə, iki deyil, iyirmi dəfə düşünmək lazımdır.

 

Sonda sözüm o məşhur altı diplomlu xanımadır:

Qınama, qınadığın yerdən sınanarsan...

Və son olaraq, ay bacı, 36 yaşına qədər ərsiz qalmağının günahkarı atasız qızlar deyil. Sadəcə, Allah bilir ki, dəvəyə niyə qanad vermir.

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2025)

 

Çərşənbə, 02 Aprel 2025 10:29

Bir dəfə öldüyüm yerlər

Zahir Teymurov , “Ədəbiyyat və incəsənət” üçün

 

Ölümdən düşünən savaş insanı bilir ki, bu dünyada artıq nə vaxtsa, haradasa bir, ya bir neçə dəfə ölüb.

Hərbi də, ölüm saçan qarşıdurma da, ölüm reallığı qaçılmazlığı ilə döyüşçünü özü ilə razılaşdırır. Peşəkar hərbçi hesablamalara söykənən instinkt və intuisiyası ilə ölümü real qəbul edir. Məsələn, savaş simalı dostum Azay Kərimovdan soruşsan ki, neçə dəfə ölmüsən, təəcüblənməz. Başlayar barmaqlarını qatlamağa. 

Həyat insanın təbii mövcudluğudursa, ölüm onun ekstremal şəraitdən qaynaqlanan sonudur. Azay Kərimovun dediklərindən:

Mən müharibədə 2 dəfə tam sayıqlıqla sağ qalmaq etimalımı atmışam kənara.

1. 1993-ün martında Kasapetdə mövqedə olarkən, arxamdan və cinahlardan MN-nin hissələri və dəstək verəcək artilleriya mənə məlumat vermədən Aterkə çəkilmişdir. Erməni-rus qoşunları ilə üz-üzə qalmışdı yarımcan DQ briqadası. Məndən mənasız göstəriş gözləyən bölük komandirindən soruşdum: 

- Natiq, bir cücə supu ilə aran nətərdi? Mən bir yekə qab basıb yeyərdim indi. Bu cəhənnəm əbədi deyil. Zampotıla demişəm, döyüşdən sonra bütün briqadaya çolpa supu. Yaxanı bağla, komandir.

2. Düşmənin çiynində Horadizə çatanda erməni-rus bütün vasitələrindən od yağdırırdı qoşunların üzərinə. Dayanıb müdafiə olunmaq, hücumu qatlamaq olardı. 30 kilometrə yaxın irəliləyən əsgər taqətdən düşmüşdü. Son ağıllı, qarşısıalınmaz dəlilik lazım idi. Bir neçə zabitlə əsgərin gözü qarşısında UAZla güllə-mərmi yağışını yararaq girdik Horadizə. Arxaya baxanda, ardımızca sıçrayan qoşun gördük. Döyüş səngidikdə UAZda olanlardan soruşdum: kim ölüb? Cavab versin.

Yaxınlaşan alayın gərərgah rəisi məruzə üçün yüyürdü yanıma. 

- Bilirəm, - əlimi qoydum çiyninə, - Dünən Arazdan balıq tutmusan. Qızartdır, gəşəngcə yeyək. 

O məni başa düşdü: sağ qalmışıq. Ətraf düşmən cəsədindən təpəciklər. Biz isə sağ.

Yemək instinki yalnız canlılarda olur. Biz isə sağ olmağımıza, sağ qalmağımıza əmin olmalıydıq...

 

Bu əhvalatların Ağdərə meşələrində yüzlərlə, Höradiz savaşında minlərlə döyüşçü şahidi var.

Səhra komandirlərinə ,,Səni güllələyərəm! Həbs edərəm!" bağıran ,,tolkaç" polkovnik, generallar bu savaşın qanlı anatomiyasından bixəbərdirlər...

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2025)

 

Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"

 

 

 

9 il öncə bu gün bu tarixdə bir çox şeyin, xüsusilə də Qarabağa doğru böyük qayıdışın təməl daşı olan Aprel döyüşləri başlandı. Ermənilər qərbin və Rusiyanın dəstəyi ilə Azərbaycanı 1990-cı ildə azadlığını yenicə qazanmış gənc, səriştəsiz və ən əsası – arxasız dövlət kimi gördü. Ancaq atacaqları addımla öz sonlarını gətirdiklərindən xəbərsiz idilər.  

 

 

 

Aprelin 1-dən 2-nə keçən gecə bütün cəbhəboyu ərazilərdə atəşkəs rejimi kobud şəkildə pozuldu. Mülki şəxslər sarıdan həlak olanlar oldu. Bu həmlə ermənilərə İkinci Qarabağ müharibəsində dəyəcək sərt şillənin ayaq səsləri oldu. Əvvəlcə ordumuz düşmənin diversiya həmləsinin qarşısını aldı və daha sonra komandanlıqdan gələn əmrə əsasən əks-hücum əməliyyatının başlanması barədə qərar qəbul olundu. 20 ilə yaxın bir müddət ərzində qurulan və ermənilərin "keçilməz" dediyi Ohanyan xətti cəbhənin bir neçə istiqamətində yarıldı.

 

Ermənilər nə olduğunu anlamadan artıq xeyli itkilər vermişdi. Ordumuz Tərtər rayonunun Talış kəndi ətrafındakı hakim yüksəklikləri və eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini və Lələtəpə yüksəkliyini, Goranboy rayonunun Gülüstan kəndini işğaldan azad etdi.

 

Döyüş əməliyyatlarının dörd gün çəkməsinə baxmayaraq ordumuz ermənilərə əslində kim olduqlarına dair qısa bir xatırlatma təqdim etdi. Bu əməliyyatın keçirilməsindəki başlıca məqsəd bütün dünyaya "istəsək Qarabağı hərbi yolla azad edə bilərik. Ancaq bizim məqsədimiz bu işin  sülh yolu ilə həll edilməsidir" fikrini çatdırmaq idi. İdi dedim, çünkü nə ermənilər, nə də dünya ölkələri  bizim insaniyyətliliyimizi, uzatdığımız sülh əlini düzgün qiymətləndirməyərək Türkün qəzəbinə tuş gəldilər.

 

Nəticədə 2016-cı ilin aprel ayında yarım qalan hesabımızı 2020-ci ilin sentyabr ayında kəsdik və bizi içdən-içə çürüdən erməni adlanan gəmiricinin boynunu öz qılıncımızla vurduq.

 

İndi isə hər şey bizim istədiyimiz kimi gedir. QARABAĞA böyük qayıdış davam edir, işğal zamanı dağıdılan evlərimiz, məscidlərimiz, tarixi abidələrimiz yenilənir. Qısacası, QARABAĞIMIZ ilk günkü görkəminə geri dönür və dönəcəkdir də. Ermənistana və orda yaşayan revanşistlərə verilən mesaj açıqdır. Hər hansı bir işğalçılıq əməllərini yenidən baş qaldırmağa can atsalar, Bakıdakı hərbi qənimətlər parkına da, torpağın altında cəhənnəm alovundan çürüyən leşlərinə də və Bakı həbsxanasında çürüyən dırnaqarası "qəhrəmanlarına" da yaxşıca nəzər salsınlar. Bir də gördünüz ki, "DƏMİR YUMRUQ" abidəsi İrəvanda ucaldılıb. Kim bilir...

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(02.04.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Mətbəxin əsas hissələrindən biri də çoxçeşidli içkilərdir.

Əlbəttə ki, söhbət həm spirtsiz, həm də spirtli içkilərdən gedir.

 

Tut, zoğal və başqa bitkilərdən araq çəkilir və bu araqdan daha çox müalicə məqsədilə istifadə edilir. Distillə yolu ilə tərkibində alkoqol olmayan bitki "araqları" da hazırlanır (nanə, yarpız, qızılgül, gülab və s.). Müxtəlif tamlı və rəngli şərbətlər meyvə şirəsi, bal, şəkər, dəmləmələr və s. hazırlanır. Bayram süfrəsini bəzəyən içkilərdən biri də ovşaladır. Xüsusi qayda ilə hazırlanan səhləb, əzgil suyu, qəndab və digər içkilər həm də bir sıra xəstəliklərin müalicəsində işlədilir.

 

Azərbaycan süfrəsini çaysız təsəvvür etmək qeyri-mümkündür. Çaya nisbətən qəhvə az içilir. Dəmləmələr müxtəlif otlardan, ağac və meyvələrin qabığından və ya tumundan hazırlanır, əsasən, pəhriz və müalicə mətbəxində istifadə edilir. Azərbaycanın mədən (mineral) suları ("İstisu", "Sirab", "Badamlı", "Turşsu" və s.) süfrəyə həm sərinləşdirici içki, həm də pəhriz və müalicəvi su kimi verilir. Müxtəlif meyvə şirələrindən, qatılaşdırılmış şirələrdən (bəkməz) hazırlanan içkilər də işlədilir. Sərinləşdirici, susuzluğu yatıran və yağlı yeməklərlə verilən iskəncəbidən, eləcə də xoşab və palüdədən daha çox istifadə edilir.

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

 

Xalq şairi Nəbi Xəzrinin haqqında bəhs etdiyi Etibar Etibarlı kimdir? Dərhal ondan başlayaq ki, bu gün onun dünyaya gəldiyi gündür. Sağ olsaydı, 74 yaşını qeyd edərdi.

 

Etibar Etibarlı 2 aprel 1951-ci ildə Şamaxı rayonunun Kürdəmic kəndində (indiki Əhmədli) anadan olmuşdur. 1968-ci ildə S. M. Qənizadə adına Şamaxı şəhər 1 saylı orta məktəbi bitirmişdir. Bir müddət "Yeni Şirvan" rayon qəzetində işləmiş , sonra isə AzTV-nin "Gənclik" redaksiyasının "Yekun" jurnalında ştatdankənar kiçik redaktor kimi fəaliyyət göstərmişdir.

Uşaq yaşlarından şeirə həvəs göstərmişdir. 1974-cü ildə M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Slavyan Universiteti) bitirib, rayonda müəllim işləmişdir.

İlk şeirləri hələ məktəbliykən "Göyərçin" jurnalında və rayon qəzetində dərc olunmuşdur. "Ulduz" jurnalının 1969-cu il 10-cu nömrəsində şair Nəbi Xəzri onun haqqında "Uğurlu yol" məqaləsi yazmış, onu ümidverən bir gənc şair kimi ədəbi aləmə təqdim etmiş:

"Qoy, Etibar Etibarlı şeirə və sənətə ikiqat etibarlı olsun!"

 

Etibarlının isə həmin nömrədə iki səhifə həcmində şeirləri çap olunmuşdur.

O, 1975-ci ildə "Molodyoj Azerbaydjana" qəzetinin Şamaxı və Ağsu rayonları üzrə ştatdankənar müxbiri olmuşdur. Sonrakı uzun illər ərzində isə jurnalist kimi rəsmi mətbuat orqanlarında, "Xalq qəzeti", "Mülkiyyət", "Respublika" kimi rəsmi qəzetlərdə, həmçinin AzərTAc-da (Dövlət İnormasiya Agentliyində) işləmişdir. Bu illər ərzində o, müxtəlif mövzularda müxtəlif səpgili yüzlərlə məqalə, oçerk və felyeton yazmış və yazıçı-publisist kimi də tanınmışdır.

Yüzlərlə şeirin, bir çox poemaların, M. Müşfiq haqqında "Gözdən yaş çıxarmı ürək yanmasa?" pyesinin, həmçinin şeir kitablarının müəllifidir. O, həm də epik-lirik poemalar müəllifi kimi tanınır, "Nisgil", "Taleyimdən keçənlər (irihəcmli), "Bir gecənin poeması", "Ağdama gedən yol","Dan üzü ağaranda" (Çanqqala döyüşünün 100 illiyinə həsr olunmuş), "Dünya dağılacaq" (Dialoq-poema) və s. kimi poemaları oxuculara bəllidir. 

O, Rəsul Rza adına ədəbi mükafatın laureatıdır.

Şair 7 may 2019-cu ildə Bakıda vəfat etmişdir.

Allah rəhmət etsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı şair Namiq Dəlidağlının şeirlərindən hər gün sizlərə üç yarpaq təqdim edəcək.

 

 

HARDASAN
 
İndi görən hardasan,
a yolları “bağlanmış”.
Sənsiz ötdü bu payız,
sənsiz keçməsin bu qış.
 
İndi görən hardasan,
əynində hansı donun?!
Dönmək düşmür yadına?!
burda can verir canım.
 
...Bu dərd elə dil açıb,
hicran çətin susacaq.
Xəyalım qapı-qapı,
hənirtini pusacaq.
 
İndi görən hardasan?!
de yerini, gəlmirəm.
Sənə məktub yazmışam,
ünvanını bilmirəm.
 
İndi görən hardasan,
a yolları “bağlanmış”.
Sənsiz ötdü bu payız,
sənsiz keçməsin bu qış.
 

 
SONUNCU MƏKTUB
 
Mən səni sevə bilmədim,
Sən məndən üz döndər, gülüm.
O saralmış məktubları,
Yığ özümə göndər, gülüm.
 
Bu sevgidən yarımadıq,
Yarı doğma, yarı yadıq.
Ürəyimdə yaraya bax,
O üzümə çöndər, gülüm.
 
Özgələşdi bir ad məndən,
Ta uzaq gəz, a yad, məndən,
Qoyma qala bu od məndə,
Gedirsənsə söndür, gülüm.

 

                                                        
MƏNƏ İNANMA
 
Heç nəyə inanma,
mənim etiraflarım
bilə-bilə törədilən 
günahdan sonra
Allaha edilən dua kimidi.
 
...Heç nəyə inanma, 
bu gecə yuxun gəlməsə,
əllərini aç göyə, 
dayan üzü qibləyə, 
mənim günahlarım 
boyda bir ah çək,
dünya dağılsın.
 

“Ədəbiyyat və incəsənət”

(02.04.2025)

 

         

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

QEYD ETDİK Kİ, 2 APREL - BEYNƏLXALQ UŞAQ KİTABI GÜNÜDÜR.

Uşaq ədəbiyyatı gününün məhz bu 2 aprel tarixinə təsadüf etməsinin maraqlı bir tarixçəsi var. Məşhur nağılçı Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. Beynəlxalq Uşaq Kitabı Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən isə Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. 

Məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etməkdir. 

 

Mütaliə, onun insan həyatındakı əhəmiyyəti və rolu haqqında çox deyilmiş, çox yazılmışdır. Hətta mütaliənin xeyirlərini sadalamaqla yeni bir kitab da ərsəyə gətirmək olar. Amma biz məlum olanları təkrar edib Sizləri yormaq istəmırik. Bu yazıda ancaq uşaqların mütaliəsinin təşkili və ona rəhbərlik barədə söhbət açacağıq. Yazı böyüklər üçün nəzərdə tutulub, amma uşaqlara aiddir. Niyə? 

Çünki uşaqlar bizim gələcəyimizdir, gələcəyimizin qurucularıdırlar. Mütaliə onların həyatında böyük rol oynayır, yaşlı adamın həyatında oynadığından daha böyük rol oynayır. Ona görə də uşaqlarda mütaliə vərdişlərinin erkən yaşlardan aşılanması olduqca vacibdir. Sokrat deyərdi ki, mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar. Uşaqlarımızın xoşbəxt olmaları və xoşbəxt bir cəmiyyətdə yaşamaları hamımızın arzusu deyilmi!? 

Digər tərəfdən mütəxəssislər hesab edirlər ki, məlumat-axtarış və idraki fəaliyyət növü kimi mütaliə uşaqların dərs həyatındakı müvəffəqiyyəti gücləndirən ən başlıca amillərdən biridir.

Dünyanın ən nüfuzlu universitetlərində aparılmış tədqiqatlar sübut etmişdir ki, mütaliə uşaqların idrak qabiliyyətlərini məşq etdirməyə imkan verən müxtəlif mexanizmləri hərəkətə gətirir, uzun və xoşbəxt yaşamalarına, diqqətlərinin formalaşmasına, nitq və düşünmə qabiliyyətlərinin inkişafına güclü təsir göstərir, gələcəkdə dünyaya və ictimai sosial hadisələrə baxışlarını formalaşdırır, doğru qərarlar verib, seçimlər etmələrinə kömək edir. Mütaliə etmək həm də onların fiziki, ruhi sağlamlığı üçün olduqca faydalıdır. Mütaliə beynin fəaliyyətini artırır. Bu zaman uşaqlar yalnız informasiya qəbul etmir, həmin informasiyanı emal edir, düşünür, təhlil edir, nəticə cixarır. Amerika alimləri 7 yaşdan 14 yaşa kimi 55 uşaq üzərində apardıqları tədqiqat nəticəsində müəyyən etmişlər ki, fəal mütaliə edən uşaqlar daha inkişaf etmiş hüceyrə tellərinə (neyron) və bundan irəli gələn nəticələrə malikdirlər.Həmçinin müəyyən olunub ki, hekayə oxuyanuşaqlar daha iti zehinli olur, başqalarını daha çevik anlayırlar.

Ona görə uşaqların mütaliəsinin təşkili və ona rəhbərlik etmək və ya düzgün istiqamət vermək ciddi məsələdir. Bəs bu işlərə nə vaxtdan başlanmalıdır?Bu barədə müxtəlif və maraqlı fikirlər vardır. Əksəriyyət belə hesab edir ki, uşağın mütaliəsinintəşkili və ona rəhbərlik ananın hamiləlik dövründənbaşlanmalıdır. Hətta dində də Allah uşağa ana bətnində iki ay yarımında ruh verir. Tibbi olaraq artıquşağın üç ayında əsas struktur orqanları tam yaranır. Alimlər müəyyənləşdiriblər ki, uşaq ana bətnindəykən 4-6 aylığından ətraf aləmdəki səslərieşitməyə başlayır. Yaxşı olar ki, ana hamilə ikənuşağına kitablar oxumağa başlasın, həm də səsliolaraq, asta səslə. Uşaq bunu anlamaya bilər, amma ananın oxuduqları uşağın şüuraltına öz təsirinigöstərir. 

Bu proses uşaq anadan olandan sonra da davam etdirilməlidir. Bu zaman valideynlər bir aktyor kimi obrazların dili ilə danışsalar, daha yaxşıdır. Məsələn, kitab heyvanlardan bəhs edirsə, onlar çalışmalıdırlarki, kitabı həmin heyvanların səsini təqlid edərəkoxusunlar. Bu həm onların özü, həm də “dinləyən” (yəni körpə) üçün maraqlı olur. Yenə də uşaqanlamaya bilər, amma şüuraltına təsir öz yerindədir.

Bəs uşaq kitabla neçə yaşından ilkin, birbaşatəmasda olmalıdır? Bunu müəyyən etmək üçün valideynlərdən, xüsusən anadan ciddi həssaslıq vəmüşahidə qabiliyyəti tələb olunur. Unutmayaq ki,kitab da əşyadır. Amma təbii yox, insan əli iləmüəyyən ehtiyacları ödəmək üçün hazırlanmış əşyalardan (qazan, qaşıq, daraq, papaq və s. kimi) biridir. Uşaqların kitablarla bilavasitə “görüşü” onların əşyaların təyinatını (məsələn, darağı ağzına aparmayıb saçına çəkəndə, papağı ayağına yox, başına geyəndə və s.) dərk etdiyi, danışmağa, dinləyib anlamağa hazırlaşdığı vaxtdan təşkilolunmalıdır. 

Unutmayaq ki, uşaqlar kitabları sevməyi oxumağı öyrənməzdən çox-çox əvvəl öyrənirlər. Körpə yaşlarından kitablarla vaxt keçirmək onlara böyüdükcə kitablardan daha çox həzz almağa köməkedir. Təsadüfi deyil ki, yaponlar körpəlikdən uşaqların yanına kitab qoyurlar ki, körpə kitab qoxusuna aludə olsun. Yəni onlarda bu vərdiş uşaqlıqdan aşılanır.

İlkin olaraq onlara bol şəkilli kitabların təqdim olunması məsləhətdir. İmkan olarsa, səsli kitabların dinlədilməsi də maraqlı olur. Bu yaşlarda uşaqlara kiçik nağıl kitablarının oxunmasının isə xüsusi önəmi var. Eynişteynin belə bir fikri var ki: "Əgər uşaqlarınızın ağıllı olmasını istəyirsinizsə, onlara nağıl oxuyun. Yox, əgər uşaqlarınızın daha ağıllı olmağını istəyirsinizsə, onlara daha çox nağıl oxuyun". Uşaq nağılı dinlədikcə səhnələr beynində canlanır, beyin daim işləyir Çünki nağıl dinləyən, sonrakı yaşlarda özü nağıl oxuyan uşaqların televiziya izləyərək, telefonla oynayaraq böyüyən uşaqlarla müqayisədə xəyal dünyası daha geniş olur.  

Çalışmaq lazımdır ki, uşaqlar körpəlikdən hiss etsinlər ki, kitab sosial bir alətdir. Mütaliə isə bekarçılıq deyil, vacib, lazımlı və ciddi işlərdən biridir. Kitab oxumaq boş zaman işi deyil, bir həyat şəklidir, mədəniyyətdir. O, həvəs yox, vərdiş olmalıdır. Bu işdə şəxsi nümunə xüsusi önəm kəsb edir. Əgər məktəbəqədər yaşlılar həmişə valideynlərinin əlində telefon yox, kitab görərlərsə, valideynlər onlara müntəzəm olaraq növbə ilə kitab oxuyarlarsa, bu, uşaqları gələcəkdə kitab oxumağa daha çox həvəsləndirəcək.

Uşaqlar 3-4 yaşına çatanda  çalışın evdə kiçik dəolsa, kitabxana yaradın, onların gözü qarşısında həmin kitabları vaxtaşırı mütaliə edin. Uşaqlarda həmin kitablara qayıkeş münasibət tərbiyə etməklə, onlara toxunmasına, götürüb vərəqləmələrinə, şəkillərinə baxmağa mane olmayın. Həmçinin onların bağçadakı və ya qonşuluqdakı dostları ilə şəkilli kitabları mübadilə etmələrinə, baxdıqları şəklli kitablar, dinlədikləri nağıllar barədə “müzakirələrinə” etiraz etməyin, əksinə buna özünüz şərait yaradın. Vaxtaşırı uşaqları kitabxanalara və ya kitab mağazalarına, kitab oxuma aksiyalarına və fleş-moblara aparın, “Ailəliklə kitabxanaya” layihələrində birlikdə iştirak edin. onlara özlərinin seçib, xoşladıqları kitabları alın və kitabxananıza əlavə edin. Unutmayın ki, bütün bunlar uşaqlarda mütaliəyə çox böyük həvəs yaradan amillərdəndir. Türk yazıcısı Y.B.Bakilerin dediyi kimi “Kitabsız və kitabxanasız bir evin mağara qaranlığından heç bir fərqi yoxdur”.   

Məktəb dövrü başlayandan sonra uşaqların mütaliəsinin təşklində və ona rəhbərlikdə valideynlərlə yanaşı, müəllimlər (xüsusən sinif və dil-ədəbiyyat müəllimləri), məktəb kitabxanaçısı və psixoloqu da rol almağa başlayırlar. Uşaqların mütaliəsinin təşkili özündə çoxaspektli, mürəkkəb və kompleks problemləri ehtiva edir. Ona görə də vahidlik prinsipinə əməl olunmalı, bu işlər kordinasiyalı şəkildə həyata keçirilməlidir.

Məktəblərdə kitabların, mütaliənin insan həyatındakı önəmi müntəzəm şəkildə geniş izah edilməli və təbliğat-təşviqat işləri aparılmalıdır. Mütaliə mədəniyyətinin formalaşdırılması üçün ardıcıl iş görülməlidir. Uşaqların mütaliəsinin təşkili və ona rəhbərlik işləri müəllim, psixoloq, valideyn və kitabxanaçıların (şəhər və kənd kitabxanaları da daxil) əlbir və birgə fəaliyyətləri ilə həyata keçirilməlidir. Pərakəndə işin səmərəsi də az olur.

Uşaqların mütaliəsinə rəhbərlik edərkən aşağıdakı məsələlərə xüsusi diqqət yetirilməlidir:

1. Uşaqlara kitab seçimində köməklik etmək

2. Seçilmiş kitabların oxunması üçün onlarda həvəs yaratmaq

3. Səmərəli mütaliə üçün uşaqlara məsləhət və istiqamət vermək

Bu gün uşaqların necə oxumasından daha çox, nə oxumaları ilə maraqlanmaq lazımdır. Sadəcə  kitab  oxumaqla  iş  bitmir. Əsas məsələ yaxşı  kitabları  oxumaqdır. Söhbət  yalnız əsl ədəbiyyatdan (kitablardan) gedir, “ye, dua et, yat” kimi  kitablardan yox. Məşhur rus yazıçısı İ.Turgenev deyirdi ki, kitabı diqqətlə seçin, əlinizə nə gəldi oxumayın. C.Fenton isə söyləyirdi ki, dəyərli kitablar oxuyun ki, dəyər qazanıb başqalarının işinə yarıyasınız. 

Unutmaq lazım deyildir ki, uşaqlar üçün yaxşı bir kitab  onların maraq və  ruhsal ehtiyaclarını qarşılayan,  həm savadlandıran,  həm  də  tərbiyə  edən, lakin hər  şeydən  əvvəl  zövqlə  oxuduqları  bir  kitabdır. Belə  bir kitab  isə  seçilib  tapılmalıdır! Bu baxımdan uşaqların düzgün kitab seçmək bacarıqlarının  formalaşdırılması  çox  önəmlidir. 

 

Düzgün  seçilməyən  hər  hansı  ayaqqabı   insanın   ayaqlarını  incidib  şikəst  etdiyi  kimi,  düzgün  seçilməyən  kitab  da uşaqların insani duyğu və  dəyərlərinin  formalaşmasını   mənən  şikəst edir. Uşaqları  kitab  tərcihində yalnız  buraxmaq  məsləhət deyil. Çünki onların yönləndirməyə,   məsləhət  və  tövsiyəyə çox  ciddi  ehtiyacları vardır. Düzdür, evdə, məktəbdə  (sinifdə),  kitabxanada  və  kitab mağazalarında  kitab seçərkən bunu biruzə vermirlər. Amma çox vaxt özləri də nə istədiklərini, nə oxuyacaqlarını bilmirlər. Araşdırmalarımız və müşahidələrimiz göstərir ki, uşaqlar kitab seçərkən biruzə verməsələr də valideyn, müəllim və kitabxanaçıların tövsiyə və məsləhətlərinə ciddi  ehtiyac duyur, bunu gözləyirlər. 

Seçilən  kitablar mütləq ağıl  və  məntiqin süzgəcindən keçirilməlidir. Uşaqlara özlərinin yaş və biliklərinə, psixologiyalarına, sosial  inkişafına  və  maraqlarına  uyğun,  əxlaqi,  milli -mənəvi  və  bəşəri  dəyərlər   aşılayan,  zehnini, xəyal  gücünü   və  yaradıcılığını,  sorunlardan  xilas olma  bacarığını  inkişaf  etdirən kitabları  tövsiyə  etmək  lazımdır. Unutmayaq  ki,  səhv   seçilmiş  kitablar  uşaqlarımızı  başqa  kitablardan  da soyuda  bilər. Kitab  seçimində mütləq   təcrübəsi olanların,  pedaqoq,  psixoloq,  filoloq  və   kitabxanaçıların  məsləhətinə   baş   vurulmalıdır.

Təcrübə  göstərir ki, uşaqların  mütaliəsi,  əsasən,  iki  istiqamətdə reallaşır: pedaqoq, psixoloq, filoloq, kitabxanaçı, təcrübəli oxucu və ya valideynlər tərəfindən hazırlanmış tövsiyə siyahısı üzrə mütaliə  və müstəqil (sərbəst) mütaliə. 

Tövsiyə siyahılarını “oxu  bələdçisi” də adlandırmaq olar. Bu siyahılar  uşaqların  “Hansı kitabları oxuyum?” sualına  ən  yaxşı  cavabdır.   

Şagirdlərin müstəqil oxusu isə “mütaliədə demokrtiyanı təmin edir”,  onların  mütaliə  ehtiyaclarının  daha  dolğun  ödənilməsinə   kömək  göstərir.

Hər  iki  istiqamətdə  düzgün  kitab  seçimi  vacib amildir. Ümumiyyətlə, mütaliədə düzgün kitab seçimi əsas sərtdir. Bəs düzgün kitab seçimini zəruri edən səbəblər hansılardır? Tədqiqatlar göstərir ki, həmin səbəblər əsasən aşağıda göstərilənlərdir:

1.İndi sıradan xarakterlərə sahib, basmaqəlib hadisələri təsvir edən, "hansı

mənsəbə qulluq etdiyi" hətta müəllifləri tərəfindən belə bilinməyən, "söz yığınından ibarət olan“, kriminal  və pornoqrafik səciyyəli  kitabların və ziyanlı saytların sayı xeyli artmışdır. Ona görə  də  təsadüfi (səhv)  kitab  seçimi  uşaqlara  xeyirdən  çox  ziyan  gətirə, bir  sıra  fəsadlar  yarada bilər, onlarda fikir  qarışıqlığına  səbəb  olar,  ümidsizliyə  sövq  edər  və  hər  şeyə  şübhəylə  yanaşan birinə  çevirər. Heç bir tərbiyəvi əhəmiyyəti  və  elmi  əsası  olmayan,  şübhələrlə,  yalan  və   böhtanlarla  dolu  əsərlər öz  oxucularında  mənfi   nəticələrə  yol  açar. 

2.Müxtəlif  səbəblərdən  bəzən  uşaqlar   bilik  və  yaşlarına  uyğun olmayan  kitabları oxumağa girişirlər. Aydın  məsələdir ki,  8 – 10 yaşında olan bir uşağın  gənclik  romanını və yetişkinlər üçün nəzərdə  tutulan kitabları  oxuyub anlaması  mümkün  deyil.  Çünki  bu zaman  kitab  və  uşaq  “eyni  dildə”  danışa bilmirlər.  Aydın məsələdir ki, uşaqlar belə kitablardan zövq ala  bilməyəcək və mütaliədən soyuyacaq. Bir  maraqsız  kitab  isə  uşağı  ömürlük  kitablardan  uzaq  sala  bilər.

3.Təsadüfi  seçilən  bəzi əsərlər uşaqların psixologiyasına mənfi təsir edir. Məsələn, şiddət və qorxu  məzmunlu  kitabları  oxuyan  uşaqlar, digər yaşıdlarına görə çox dalaşqan, üsyankar  və aqressiv olurlar .

4.Bəzən  uşaqlar heç kəslə məsləhətləşmədən elə kitabları mütaliə edirlər ki, həmin kitablarda dilimizin nitq normaları və üslubi xüsusiyyətləri gözlənilmir, yersiz  arxaizm, dialekt, termin, vulqar, alınma və arqo sözlərə (xüsusən  tərcümələrdə) yer verilir. Əsərin anlaşılması çətin olur. Halbuki kitab dilimizin zənginliyini  və  gözəlliyini  nümayiş  etdirməli, anlaşıqlı  və  axıcı bir dildə olmalı  və  uşaqların  lüğət  ehtiyatını  artırmalı,  onların  nitq  mədəniyyətini 

 formalaşdırmalıdır.  

5.Məsləhətsiz seçilmiş bəzi əsərlərdə ana mövzu  qeyri-müəyyən  olur,  hadisələr  ləng  şəkildə  cərəyan  edir,  çoxlu  sayda  obrazlar  olur,  onların  bəziləri  həddindən  artıq  idellaşdırılır (təbiilikdən çıxarılır),  zaman xronologiyası  tez-tez  pozulur (keçmişə və  gələcəyə  gəliş-gedişlər  çox  olur).  Uzun təhkiyələrə yol  verilir. Bunlar  isə  ikili  və   yalnış  anlamalara  səbəb  olur,  uşaqları  çaşdırır,  onların  canlarını  sıxır. Nəticədə  uşaqlar  usanır və bezirlər. Onlara  elə  gəlir  ki,  kitabların  hamısı  belədir.

 6.İndi kitab bazarında  tərtibatı  və dizaynı  müasir  tələblərə  cavab  verməyən  kitablarla da  tez- tez  rastlaşırıq. Bu kitabların  düzgün  seçilməyən  rəngi, kağız  və  şrift  formatı,  məzmunla  uyuşmayan  üz qabığı  və illüstrasiyaları  onu  oxumaq  üçün  alan uşaqların estetik zövqünü  korlayır.  Keyfiyyətsiz çap olunan kitablar təkcə oxumaq həvəsini öldürmür, səhv şrift  və düz  olmayan  sətirlərarası  interval  uşaqların gözlərinin nurunu  da korlayır. Oftolmoloqların fikrincə, tərtibatı bərbad kitablar böyüklərdən çox uşaqların gözlərinə zərər verir. 

Zənn edirik ki, kitab seçiminin zəruriliyini əsaslandırmaq üçün yuxarıda  göstərilənlər  yetərli sayıla bilər.  

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2025)

 

 

 

 

 

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

Aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günüdür. Uşaq kitabı... Hə, Hans Xristian Andersenin doğum günüdür 2 aprel... Amma çox az adam bilir ki, Beynəlxalq Uşaq Kitabı Gününün məhz Andersenin ad günündə qeyd olunması təklifini də bir yazıçı etmişdi - yəhudi əsilli Almaniya  yazıçısı Yella Lepman ( Jella Lepman).

 

O Yella ki, avtobiqorafik kitabı belə adlanırdı: “Uşaq kitabları körpüsü”.  O Yella ki, “Uşaqlar dünyamızı necə görürlər?” adlı kitabında 35 ölkədən material toplamışdı...  O Yella ki, 1936-cı ildə faşist Almaniyasından İngiltərəyə köçmüşdü, müharibədən sonra - 1946-cı ildə yenidən vətəninə dönmüşdü. Münhendə 20 ölkədən olan yazıçıların kitablarından ibarət sərgi təşkil etmiş və demişdi: “Kitablar uşaqlar üçün qanaddır!”  O Yella ki,  1949-cu ildə Münhendə Blutenburq malikanəsində Beynəlxalq Gənclik Kitabxanasının  (İnternationale Jugendbibliothek-İJB) əsasını qoymuşdu.  Və bu kitabxana hazırda dünyanın ən zəngin uşaq ədəbiyyatı kolleksiyasına malikdir...

Andersenin ad günündə qeyd edilən Beynəlxalq Uşaq Kitabı Günü mənimçün həm də “Yella günü”dür! Məhz buna görə,  bir qadın müəlliflə danışmalıydım - son illərdə Azərbaycan uşaq ədəbiyyatına öz əsərləriylə zənginlik qatan Xanım Anela ilə!

 

***

-Uşaq ədəbiyyatı... Bu məfhumu necə müzakirə etmək olar? Və ya  hansı əsərlər bu kateqoriyaya girir?

 

-Uşaq ədəbiyyatı haqqında danışmaq mənim üçün böyük zövqdür, çünki uşaqlara olan sevgim tamam başqadır. Bu mövzuda saatlarla danışa bilərəm! Amma uzun mətnlərin çox oxunmadığını bildiyim üçün qısa və yığcam olmağa çalışacam.

Uşaq ədəbiyyatı- xüsusi olaraq 15-16 yaşa qədər olan uşaqlar üçün nəzərdə tutulmuş ədəbiyyatdır və bədii obrazların dili vasitəsilə uşaqların tərbiyə və təhsil məsələlərini həll edir. Uşaq ədəbiyyatı janrı XVIII əsrdə Avropada orta təbəqənin artması və Con Lokkun fəlsəfəsinin populyarlaşması ilə formalaşmağa başlamışdır. 1744-cü ildə Con Nyuberi uşaqlar üçün ilk əyləncəli kitab olan “Balaca, gözəl cib kitabçası”nı nəşr etdirmişdir. Bu kitab qafiyələr, şəkillər, oyunlar və parlaq üz qabığı ilə nəzərə çarpırdı.

Uşaq ədəbiyyatını həm növlərə (epos, lirika, dram), həm də janrlara görə təsnif etmək mümkündür. Lakin adi janrların -roman, povest, hekayə, poema və s. – uşaq ədəbiyyatına daxil olduqda transformasiyaya uğradığını nəzərə almaq lazımdır. Məsələn, nağılın janr sisteminə təsiri nəticəsində müxtəlif janr modifikasiyaları meydana çıxır – povest-nağıl, novella-nağıl, poema-nağıl və s.

Uşaq auditoriyası üçün əsərlər: Proza (epos), poeziya (lirika), drama, bədii ədəbiyyat; Folklor janrları - xalq nağılları, laylalar, bayatılar, deyimlər, fantastik uydurmalar, uşaq xalq mahnıları; Müəllif nağılları, poetik miniatürlər, hekayələr, povestlər; Elmi-kütləvi janrlar (ensiklopediyalar); Dünya xalqlarının ədəbiyyat nümunələri.

 

-Uşaqlara dünyanı tanıtmaqda, onları həyata hazırlamaqda ədəbiyyatın rolu nə qədərdir? Və yaxud, ədəbiyyatsız böyümək olmazmı?

 

-Uşaq ədəbiyyatının məqsədi kiçik oxucuları zəngin söz ehtiyatı, cümlə quruluşları və dil modelləri ilə tanış etməkdir. Uşaqlara ucadan oxumaq onların dinləmə və danışıq bacarıqlarını inkişaf etdirməyə kömək edir, söz ehtiyatını genişləndirir və dili daha yaxşı qavramasına şərait yaradır.

Uşaqda kitaba və oxumağa sevgi aşılamaq erkən yaşlardan başlamalıdır. Beləliklə, o, dinləməyi, dünyanı dərk etməyi, fantaziya qurmağı və diqqətini cəmləməyi öyrənəcək. Bundan əlavə, kitab danışıq qabiliyyətinin inkişafı üçün əsas vasitələrdən biridir. Çünki bütün məlumatlar uşağın yaddaşında qalır və zamanla tam formalaşmış sözlərə və cümlələrə çevrilir.

Əsəbiyyatsız uşaqları böyütmək olarmı? Olar... Böyüyürlər... Görürük... Amma necə böyüyürlər? Oxumayan uşaqlar savadlılıq və düşünmə bacarıqları ilə bağlı problemlərlə qarşılaşırlar. Erkən yaşda, xüsusilə 8 yaşına qədər kitablarla tanış olmaq çox vacibdir. Ancaq oxuma vərdişi ömür boyu davam etməlidir. Oxumanın faydaları təkcə uşaqlıq dövrü ilə məhdudlaşmır. Əgər uşaqlar kitab oxumurlarsa, bu onların zehni və sosial inkişafına mənfi təsir edə bilər. Oxumaq dili öyrənmək, söz ehtiyatını artırmaq və anlama bacarıqlarını inkişaf etdirmək üçün əsasdır. Az oxuyan uşaqlar adətən zəif savadlılığa malik olur, söz ehtiyatları məhdudlaşır və böyüdükcə ünsiyyət qurmaqda çətinlik çəkirlər.

Oxumamağın nəticələri: Təhsil problemləri – Oxuma vərdişi olmayan uşaqlar məktəbdə çətinlik çəkirlər, çünki bir çox fənləri başa düşmək üçün yaxşı oxu bacarıqları tələb olunur. Zehni inkişafın zəifləməsi – Oxumaq tənqidi düşüncə və anlama bacarıqlarını inkişaf etdirir. Oxumayan uşaqlarda bu bacarıqlar geriləyə bilər. Empatiyanın azalması – Kitablar uşaqlara dünyanı fərqli baxış bucaqlarından görməyi öyrədir. Oxumayan uşaqlar başqalarının hisslərini başa düşməkdə çətinlik çəkə bilərlər.

Ən vacib yaş dövrünə gəldikdə isə, oxumaq xüsusilə erkən yaşlarda, doğulandan 8 yaşına qədər çox önəmlidir, çünki bu dövrdə əsas savad bacarıqları formalaşır. Ancaq bu, 8 yaşdan sonra oxumağın önəmsiz olduğu demək deyil. Yeniyetmə və yetkinlik yaşlarında da oxumaq şəxsi və akademik yüksəliş üçün vacibdir. Məncə oxuma vərdişinin inkişafı insanın bütün həyatı boyu davam etməlidir.

 

-Obrazların təsviri... Uşaq ədəbiyyatında bu təsvirlər üçün konkret tələblər varmı?

 

-Obrazların təsviri çox önəmlidir, çünki bu obrazlar uşaqların dünyagörüşünün formalaşmasına, onların mənəvi və emosional inkişafına təsir edir. Konkret tələblər varmı? Olmalıdır! Məsələn, deyək ki, müsbət və mənfi obraz. Onların arasında aydın fərq qoyulmalıdır. Müsbət obrazlar adətən dürüst, mehriban, cəsarətli və ağıllı olur. Onlar uşaqlara nümunə göstərir, yaxşılıq etməyə, düzgün qərarlar verməyə təşviq edir. Mənfi obrazlar isə ədalətsiz və ya qəddar ola bilər, lakin onların mövcudluğu uşaqlara pis əməllərin nəticələrini göstərmək və yaxşı ilə pis arasındakı fərqi anlamağa kömək edir.

Obrazları təsvir edərkən müəllif nəzərə almalıdır ki, uşaq obrazları maraqlı və yaddaqalan olmalıdır. Onların qeyri-adi adları, fərqli xüsusiyyətləri və özünəməxsus davranışları olarsa, uşaqlar onları daha asan qəbul edər və sevər. Məsələn, danışan heyvanlar, sehrli varlıqlar və ya canlı oyuncaqlar kimi personajlar uşaqların marağına səbəb olur və onların təsəvvür gücünü inkişaf etdirir.

Deyərdim ki, obrazların düzgün seçilməsi və işlənməsi uşaqların mənəvi inkişafına və dünyanı daha yaxşı dərk etməsinə töhfə verir.

 

-Nağıl yazmaq asandır?

 

-Mənim üçün bəli. İstənilən mövzuda və istənilən qədər nağıl yaza bilərəm. Bununla bağlı dost-tanışlarla çox danışıram.

Uşaqlıqda tək oynamağı və gəzməyi daha çox sevirdim. Atamın anası, Mələk nənəm (talış nənəm), dindar qadın idi. O, hətta bəzi varlıqların mövcudluğu barədə danışardı. Bizə deyirdi ki, əncir ağacının altına getməyin, qorxarsınız. Amma evdə heç kim olmayanda məhz o ağacın altına gedir, yerdə və budaqlarda qəribə varlıqlar axtarırdım. Orada başqa bir aləmin olduğunu düşünür, həmin varlıqları görmək və onlarla dostlaşmaq istəyirdim.

Xəyal dünyam çox geniş idi. Xəyallarımı yazmağa başladım və nağılçı oldum...

 

-Uşaqlar üçün yazdığınız əsərlərdən danışaq...

 

-İlk nağıllarımı övladlarım üçün yazmışdım. Rusiyadan qayıtdıqdan sonra bir müddət rayonda yaşadıq. Orada uşaq kitabı tapmaq və almaq çətin olduğu üçün özüm yazmağa başladım. İlk nağıllarım “Pıçıltı” və “Acı bibər” idi. Sonralar nağıllarımın sayı artdı və indi onların hamısı ilk nağıl kitabım olan “Pıçıltı”da yer alır.

Yeri gəlmişkən, “Pıçıltı” nağılımı o qədər çox sevirəm ki, oradakı qəhrəmanlar – Aydın və Ulduzu hal-hazırda rus dilində yazdığım “Больше жизни” adlı romanıma gətirmişəm. “Pıçıltı” nağıl kitabında ümumilikdə 10 nağıl yer alır: “Acı bibər”, “Leşyeyən və göyərçin”, “Qızıl alma ağacı”, “Xeyirxah şahzadə Şəfəq”, “Diş pərisi Mömü”, “Barmaq qurdu Zizi”, “Məstan”, “Musiqili şəhər” və “Nəhəng adam”.

Sonra “Şirin və Düşüncənin Yeni il macəraları” adlı nağıl kitabım çap olundu. Bu kitabda Şirin və Düşüncə Şaxta Babanın köməkçilərinə çevrilir və balaca Elifin Yeni il üçün hansı arzusu olduğunu öyrənməyə çalışırlar.

Daha sonra rus dilində yazdığım “Фа Фа и Гранатовое Королевство” və “Фа и Фа в поисках Деда Мороза” nağılları çap olundu. Bu nağılların qəhrəmanları Fərəh və Fəxridir. Onlar valideynlərindən icazəsiz anasının gizlətdiyi narı götürüb dolabın içində gizlənərək yeməyə çalışanda Nar Krallığına düşürlər və geri qayıtmaq üçün müxtəlif sınaqlardan keçməli olurlar. İkinci hissədə isə Şaxta Babanın varlığını sübut etmək üçün onun axtarışına çıxırlar.

Bəzi nağıllarım – “Yeni il kirpisi”, “Fidan və balaca sincab”, “Tülkü də bayram istəyir” – “Sehirli qış axşamı” adlı Yeni ilə aid nağıllar toplusunda yer alır.

Son çap olunan nağıl kitabım isə “Cırtdan geri qayıdır və ya Cırtdan və dostlarının Novruz macəraları” adlanır. Bu nağılda Cırtdan və dostları sehrli nağıl dünyasında uzun illər firavan yaşasalar da, zaman keçdikcə nağılların unudulduğunu və qəhrəmanların bir-bir yox olduğunu görürlər. Cırtdan anlayır ki, bir çarə tapmasa, özü də itib gedəcək. O, sehrin gücü ilə real dünyaya keçməyə qərar verir və insanlara nağılları yenidən tanıtmağa, onları unudulmaqdan xilas etməyə çalışır.

Hazırda yazılmış, lakin hələ çap olunmamış bir neçə nağılım da var.

 

-Uşaq kitablarının satışı ilə bağlı vəziyyət necədir?

 

-Ötən illərə baxanda indi daha yaxşıdır, amma yenə də başqa ölkələlə müqayisədə çox zəifdir.

 

-Məni obraz olaraq götürsəniz, uşaqlara necə təqdim edərsiniz?

 

-“Şəfaçı Şəfa”... ilk ağlıma gələn bu oldu. “Şəfaçı Şəfa” -sehrli bitkilərin sirrini bilən və insanlara şəfa verən balaca, xırda-mırda bir qadının hekayəsidir. O, meşələrdə, dağlarda və çay kənarlarında bitkilər toplayaraq onlardan möcüzəvi dərmanlar hazırlayır. Hər yeni kəşfini “Şəfaçı kitabı”na şeir şəklində yazır ki, bilikləri gələcək nəsillərə qalsın. Lakin bir gün insanlar çox qəribə bir xəstəliyə yoluxurlar. Şəfa bütün bacarığını və sehrini işə salaraq bu sirli xəstəliyin müalicəsini tapmağa çalışır. Belə...

 

  ***

  İndi oturub  “Şəfaçı Şəfa” adlı nağılı gözləyəcəyəm, ta gələn ilin 2 aprelinədək... Anamın dilində öz gəncliyindən bir misra qalıb: “Gözləyən olanda gəlmək asandır...”  Bir də onu gözləyəcəyəm ki, Azərbaycanda  müasir yazıçıların kitabları kitabxana fondlarına daxil ediləcək, “sağlığımızda yaxşı deyiləcək yaxşı yazdıqlarımıza...”

Bir gün də, Münhendə bir uşaq oturub Xanım Anelanın nağıllarını oxuyacaq... Dünyanın harasındasa hansısa Azərbaycan yazıçısının adı Hans ilə, Yella ilə yanaşı çəkiləcək...  

“Arzuya bax, sevgili ədəbiyyat, bəhs etdiyin mətləblərdən incəmi? Söylə, ürəyincəmi?”

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2025)

 

 

 

 

 

 

36 -dən səhifə 2128

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.