Super User

Super User

Cümə axşamı, 07 Noyabr 2024 10:43

“Bizi birləşdirən su” adlı fotosərgi açılıb

Noyabrın 6-da Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi Avropa İttifaqına üzv dövlətlərin səfirlikləri ilə birgə beşinci “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində “Bizi birləşdirən su” fotosərgisi təşkil edib.

 

AzərTAC xəbər verir ki, sərginin mövzusu Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransı üçün irəli sürülən təşəbbüslərdən birinə aiddir.

 

Avstriya, Belçika, Xorvatiya, Çexiya, Fransa, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya və İsveç səfirlikləri təbiət gözəlliyi olan çay və şəlalələrin füsunkar şəkillərini, eləcə də Avropa şəhərlərini gözəlləşdirən heyrətamiz fəvvarələrin fotolarını təqdim ediblər.

 

Sərginin açılışında çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko "Bizi birləşdirən su” adlı fotosərginin incəsənət və ekologiyanı birləşdirən unikal sərgi olduğunu deyib: "Biz Aİ-yə üzv dövlətlərdən alınan valehedici su fotoları vasitəsilə su ehtiyatlarının həyatın hərəkətverici qüvvəsi kimi əhəmiyyətli rol oynadığını göstərmək istəyirik. Su insanlar və təbiət üçün, həmçinin iqlimi tənzimləmək baxımından vacib resursdur. Bu, iqtisadiyyat, kənd təsərrüfatı və enerji hasilatı baxımından da çox vacibdir. Bu cür sərginin təşkil edilməsi ilə Bakıda COP29 ərəfəsində suyun oynadığı rol və onun qorunmasına olan ehtiyac bir daha vurğulanır”.

 

“Bizi birləşdirən su” fotosərgisi noyabrın 7-dən 10-dək Nizami küçəsi, 154B (Landmark Biznes Mərkəzinin yaxınlığında) ünvanında yerləşən “Fabrica” Qalereyasında ictimaiyyət üçün açıq olacaq. Sərgiyə giriş pulsuzdur.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

Mədəniyyət naziri Adil Kərimlinin teatr-konsert müəssisələri və müvafiq təhsil ocaqlarının kollektivləri ilə görüşləri davam edir. Görüşlərdə müəssisələrin fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunur. Nazirin növbəti görüşü isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında olub.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı Musiqili Teatrın zəngin keçmişə, özünəməxsus sənət ənənələrinə malik olduğunu deyən A.Kərimli ölkəmizdə teatr sahəsinə göstərilən dövlət dəstəyindən danışıb. Bildirib ki, Prezident İlham Əliyev mədəniyyət sahəsinin də inkişafını daim diqqətdə saxlayır. Son illərdə teatrların maddi-texniki təchizatının yaxşılaşdırılması, paytaxtda, həmçinin bölgələrdə yeni teatr binalarının tikilməsi və əsaslı təmir-bərpası istiqamətində böyük işlər görülüb və bu sahədə fəaliyyət davam etdirilir.

 

Qeyd olunub ki, zaman-zaman Musiqili Teatrda korifey sənətkarlar çalışıb, Azərbaycan və dünya dramaturgiyasının diqqətəlayiq nümunələri tamaşaya qoyulub. Kollektiv tamaşaçıların estetik zövqünü oxşayan maraqlı səhnə əsərlərini nümayiş etdirir. Musiqili Teatr da nazirliyin dəstəyi ilə həm ölkədaxili, həm də xarici qastrol səfərlərində iştirak edir.

 

Teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev kollektivlə görüşə görə nazirə minnətdarlığını bildirib, teatrın uğurları ilə yanaşı, bəzi diqqət çəkilməli olan məsələlərdən danışıb.

 

Teatrın əməkdaşları – Xalq artistləri İlham Namiq Kamal, Afaq Bəşirqızı, Fatma Mahmudova, Əməkdar artistlər Əzizağa Əzizov, Ələkbər Əliyev, Əkbər Əlizadə, Nadir Xasiyev, Əməkdar incəsənət xadimi dirijor Fəxrəddin Atayev, aktyorlar Gülcahan Salamova, Eleonora Mustafayeva, Gültac Əlili, xor artistləri Aydan Əliyeva, Günel Qafarova, teatrın quruluşçu rəssamı Əməkdar artist Nabat Səmədova, teatrın baş rəssamı Vüsal Rəhim və başqaları çıxış edərək təklif və müraciətlərini dilə gətiriblər.

 

Adil Kərimli deyib ki, Mədəniyyət Nazirliyi tərəfindən teatr sahəsində də islahatların aparılması prioritet istiqamətlərdən biridir.

 

Sonda kollektivin bir sıra üzvlərinin sualları cavablandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

Noyabrın 6-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı-publisist Günel Anarqızının “Sərhədsiz səma” adlı yeni kitabının təqdimatı olub.

 

“Ədəbiyyt və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Zəfər Günü və Dövlət Bayrağı Günü ərəfəsində işıq üzü görən və tariximizin bu şanlı günlərinə həsr olunan kitabın təqdimat mərasimində tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

 

Kitabın “Ön söz”ünün müəllifi, Azərbaycan Yazıçılar Birliyinin katibi yazıçı-dramaturq İlqar Fəhmi Günel Anarqızının yaradıcılığından və yeni nəşrin məziyyətlərindən danışıb. Bildirib ki, onun sırf epistolyar janrda yazılmış məktub-esselərinin hərəsində bir kitablıq hiss və duyğular sığışıb. Amma onun digər kitabları da nədənsə gizli məqamları, sirli mətləbləri üzə çıxaran səmimi məktublar təəssüratı yaradır. Günelin həm məktubları, həm də kitabları birbaşa yaddaş faktoru ilə əlaqəlidir. Bu məktublar zahirən nə qədər bədbin və ümidsiz görünsə də, hər birində gizli bir ümid, sinmaz bir inam var.

 

AYB-nin katibi vurğulayıb ki, Günel Anarqızı sanki qısa duyğusal epistolyar mətnlər vasitəsilə Qarabağ hadisələrinin həm dünənini, həm bu gününü, həm də sabahını əhatə etməyə çalışır: “Əslində, Günelin məktublarındakı bu ikili duyğu bütün xalqımızın daxilindəki əhvali-ruhiyyəni əks elətdirir. Otuzillik bədbinlik, ümidsizlik, hətta yorğunluq və nəhayət böyük Zəfərin təntənəsi. O, əsərlərində öz təxəyyülü ilə sanki zamandan yuxarıda dayanır və bu təxəyyül bir müddət sonra reallığa çevrilir. Bunu mistika kimi də qəbul etmək olar, intuisiya kimi də...”.

 

“Daha bir maraqlı məqam da Azərbaycanda ilk dəfə məhz bu kitabın interaktiv formada təqdim olunmasıdır. Hər əsərin sonundakı QR kod vasitəsilə internetə daxil olan oxucular həm dinləyiciyə, həm də tamaşaçıya çevriləcək, əsərləri audiovizual formatlarda dinləyib izləyə biləcəklər”, - deyə İlqar Fəhmi diqqətə çatdırıb.

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu Günel Anarqızını istedadlı bir qələm adamı kimi xarakterizə edərək onun əsərlərinin bizi daim qələbəyə səslədiyini söyləyib. Bildirib ki, istedadlı yazıçının əvvəlki əsərləri kimi, bu əsəri də oxucular tərəfindən maraqla qarşılanacaq.

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Günel Anarqızı ədəbiyyatımızda öz dəst-xətti olan qələm sahiblərindəndir: “Onun ictimai fəaliyyəti, təşkilatçılıq bacarığı və yazıçılıq istedadı vəhdət təşkil edir. O, yaşadıqlarını, duyğularını, hisslərini sözlə ifadə etməklə yanaşı, həm də onu çox böyük ustalıqla oxucuya çatdırmağı bacarır. Bunu nəsrlə ifadə etməyin özü də onun böyük bacarığından xəbər verir. O, əsərlərini fərqli janrlarda qələmə alıb. Onun məktub janrına müraciət etməsi heç də təsadüfi deyil. Məktub, əslində, insanın hiss və duyğularını, fikir və düşüncələrini ifadə etmək üçün bir fürsətdir. Bu fürsətdən məharətlə yararlanan Günel xanım sanki onu bir nəfərə deyil, bütövlükdə çoxluğa, bütün oxuculara ünvanlamağı bacarır”.

 

Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Xalq yazıçısı Elmira Axundova, tarixçi-alim Həsən Həsənov, Xalq artistləri Fəxrəddin Manafov, Mehriban Zəki, Əməkdar artist Nərgiz Cəlilova, Xalq yazıçıları Çingiz Abdullayev, Anar, ədəbi tənqidçi Əsəd Cahangir, AYB-nin katibləri şair-tərcüməçi Səlim Babullaoğlu və yazıçı Elçin Hüseynbəyli çıxış edərək Günel Anarqızının yaradıcılığı və onun yeni kitabı ilə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, müasir Azərbaycan nasiri və publisisti Günel Anarqızı 10-dan çox kitabın müəllifidir. Əsərləri bir neçə xarici dilə tərcümə olunub və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb. Onun “Qarabağ hekayələri” adlı beynəlxalq layihəsi bir çox xarici ölkədə geniş oxucu kütləsinə təqdim edilib. “Sərhədsiz səma” kitabında Günel Anarqızının vətənpərvərlik ruhunda yazılmış və əvvəllər nəşr olunmamış yeni əsərləri yer alıb. Əsərlərdən biri, 44 günlük Vətən müharibəsindən xeyli əvvəl, Qələbədən tam 111 gün öncə yazılmış "Sərhədsiz səma" radiopyesi iki döyüşçünün dialoqu üzərində qurulub və Qarabağın azad olunmasının müjdəçisinə çevrilib.

 

Kitabda, həmçinin "Şuşam", "Ataya məktub", "Bayrağa ithaf", "Şəhərim", "Sonsuzluq" kimi hekayələr, Xalq yazıçısı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanının davamı olan "Altıncı" povesti və digər əsərlər də yer alıb.

 

Tədbirdə “16 səbəb”, “Bayrağa ithaf” və "Şəhərim" adlı videoçarxlar nümayiş olunub.

Sonda bütün iştirakçılara təşəkkürünü bildirən müəllif bundan sonra da Azərbaycan ədəbiyyatının inkişafı naminə yazıb-yaradacağını söyləyib.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Füzuli: “Yəni ki, vücud dami-qəmdir, azadələrin yeri ədəmdir.”

Azadə olmaq - insanlığın və insanın ən böyük arzusu...

2.

Şairin mühitlə mübarizəsi onun özünün özü ilə mübarizəsindən başlayır. O özünə suallar verir: Günah işləmişəmmi?! Mənə ən böyük pislik edən adamı bağışlaya bilərəmmi?! İntiqam hissi ilə yaşamaq olarmı?! Budur, əsl suallar. Yoxsa, “çevir tatı, vur tatı” – mən səni sevdim, sən məni sevmədin və əksinə.

3.

İnsanın bilərəkdən, yaxud bilməyərəkdən can atdığı bir əsas hədəf var: daxilən azad olmaq! Azadəlik!..

4.

Mənim “Laokoon, Laokoon” romanım kahin Laokoona inanan Troya haqqındadır. Yəni, fantom haqqındadır.

5.

Sokratın ölümqabağı dostlarından son xahişi: “Mənim Asklepiyə bir xoruz borcum var. O borcu qaytarın.”

İndiyə qədər mübahisə edirlər ki, Asklepi Sokratın qonşusu olub, yoxsa Asklepi sağlamlıq allahıdır və Sokrat ona bir xoruz qurban gətirməli olduğu halda bunu etməyib.

6.

Y.Lotman: “Yüz faiz anlaşılan mətn yüz faiz əhəmiyyətsiz mətndir.”

Yəni, mətn mənə yüz faiz tanışdırsa, o mənim nəyimə gərəkdir kimi nihilist yanaşma.

7.

Heç kimdən və heç nədən qorxmayan adamlar təhlükəli adamlardır.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

 

 

 

 

Cümə axşamı, 07 Noyabr 2024 14:04

BİR MƏKTUB-BİR ŞEİR – Nail Zeyniyevdən

“Ədəbiyyat və incəsənət” portalının poçtunda ilk dərcimizdən sonra çoxsaylı pərəstişkar əldə etmiş Nail Zeyniyevin növbəti şeiri var. “Xəzər çağırır məni” adlanan şeiri təqdim edirik. Biz çox bəyəndik, siizn də bəyənəcəyinizə inanırıq.

Mənə tikan vermisiz,

Son dəfə məzarıma gül-çiçək bağışlayın.

Yenə çıxıb gedirəm,

bu dəfə qayıtmasam, 

siz Allah, bağışlayın.

Sadəcə, gözəldir!

 

 

Xəzər çağırır məni...

Bu səsləniş naləmin cavabıdır, elə bil,

Səndən elə gedərəm,

Məndən sonra ürəyin

kimi istəsəsevə bil.

 

Burda kimlər boğulub? 

Burda kimlər özünü atıb sənin qoynuna?

Yanına gələnlərin ana məhəbbətitək

Sarılırsan boynuna?!

 

Şikayət eyləmirəm, nə həddimə

tanrının verdiyi zibil günə.

Yaşamışam ömrümü arsız adamlar kimi 

mən, hər gün gülə-gülə.

Mən dəliyəm, özümdən

soyumuşam nə vaxtdı,

Onsuz da hamı burda bir ötəri qonaqdı.

 

Bir az sevinc istədim, çarəsiz uşaq kimi,

Divarım uçuq-sökük, dağılmış otaq kimi.

 

Xəzər çağırır məni...

Dünyada cəhənnəmi yaşamışam, yanmışam.

Bilmirəm, gəlib çatar 

sənə uzaq diyardan

Bir məktub yollamışam.

 

Mənə tikan vermisiz,

Son dəfə məzarıma gül-çiçək bağışlayın.

Yenə çıxıb gedirəm,

bu dəfə qayıtmasam, 

siz Allah, bağışlayın.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Tədqiqatçılar qeyd edirlər ki, 1956-cı ildə Bakının kinoteatrlarına tamaşaçı əlindən ayaq basmaq olmurdu. Uzun növbələrə yaxın düşmək mümkün deyildi. Çünki kinoteatrlarda Azərbaycan kino tarixində ilk rəngli bədii film olan  "O olmasın, bu olsun” filmi nümayiş etdirilirdi. Müxtəlif mənbələrdən istifadə etməklə həmin film barədə yığcam məlumatları diqqətinizə təqdim edirik.

 

Dahi Üzeyir Hacıbəylinin eyniadlı operettasını Sabit Rəhmanın ssenarisi əsasında ekranlaşdırılan filmin quruluşçu rejissoru “Korğolu”, “Yenilməz batalyon”,"Dəli Kür”, “Var olun, qızlar”, "Qayınana” və s. kimi bənzərsiz ekran əsərləri yaratmış Hüseyn Seyidzadə idi. Quruluşçu operatoru Əlisəttar Atakişiyev, quruluşçu rəssamı Cəbrayıl Əzimov, Nadir Zeynalov, musiqi redaktoru və dirijoru Fikrət Əmirov idi.

 

Həmin film H.Seyidzadə yaradıcılığının şah əsərlərindəndir. Film onun bir rejissor kimi bitib-tükənməyən istedadını ortaya qoymuşdur. Zatən, bu vaxtadək Hüseyn Seyidzadə Azərbaycan milli kino sənətinin görkəmli nümayəndələrindən biri kimi yüksək peşəkarlığı, işinə böyük məhəbbəti, son dərəcə təvazökar ziyalı nümunəsi ilə seçilən sənət adamlarından idi. Təsadüfi deyildir ki, Z.Fərəcova “Azərbaycan” qəzetində çap olunmuş “Azərbaycanın ilk rəngli bədii filmi - “O olmasın, bu olsun” adlı yazısında qeyd edir ki, “O vaxtlar Azərbaycana qastrol səfərinə gəlmiş hind kinematoqrafçıları bir neçə Azərbaycan filminə baxdıqdan sonra daha çox Hüseyn Seyidzadənin filmlərinə üstünlük veriblər. Hind kinosunun yaradıcısı Rac Kapur onu Hindistana dəvət edib: "Gedək Hindistana, orada film çəkərsən, səni milyonçu edərəm”- deyib”. 

"O olmasın, bu olsun” filmi Azərbaycan kinosunda bir inqilab idi. Azərbaycanda elə bir kino əsəri yoxdur ki, "O olmasın, bu olsun" qədər məşhur aktyor ansamblı toplaya bilsin. Bu, Azərbaycan aktyorlarının "kinoqalereyası" idi. Məşhur və tanınmış aktyorlar - Əliağa Ağayev (Məşədi İbad), Arif Mirzəquluyev (Sərvər), Tamara Gözəlova (Gülnaz), Ağasadıq Gəraybəyli (Rüstəm bəy), Barat Şəkinskaya (Sənəm), İsmayıl Osmanlı (Rza bəy), İsmayıl Əfəndiyev (Həsənqulu bəy), Mustafa Mərdanov (Həsən bəy), Möhsün Sənani (Qoçu Əsgər), Lütfəli Abdullayev (Balaoğlan), Əhməd Əhmədov-Rumlu (Hambal), Adil İsgəndərov (Qoçu), Rza Əfqanlı (Cəlil Məmmədquluzadə), Sadıq Saleh Bağırov (Mirzə Ələkbər Sabir), Həsənağa Salayev (Əzim Əzimzadə), Münəvvər Kələntərli (Yengə), Lütfi Məmmədbəyov (Sərvərin dostu), Müxlis Cənizadə (Sərvərin dostu) və başqaları ekran əsərində bir-birindən maraqlı rollar ifa ediblər. Filmdə Məşədi İbadın mahnılarını Mirzə Babayev, Gülnazın mahnılarını isə Firəngiz Əhmədova ifa ediblər.

Filmdə xanəndə Xan Şuşinski qonaqlıq səhnəsində "Kürd-Şahnaz” muğamını ifa edib. Başqa bir səhnədə isə xanəndə Tükəzban İsmayılova "Segah” muğamı üstündə oxuyub. Rəqqasə Əminə Dilbazi, tarzən Bəhram Mansurov, kamança ifaçısı Tələt Bakıxanov da filmdə iştirak ediblər.

Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin - Sərvər (Arif Mirzəquliyev) və Gülnazın (Tamara Gözəlova) böyük və ülvi məhəbbətindən, sevginin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin (Ağasadıq Gəraybəyli) bir çox dost-tanışı: tacirlər, alverçilər, qoçular, başqa mürtəce obrazlar da öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur.

Film ekranlara çıxarılanda ona qarşı müəyyən tənqidi münasibətlər (hətta respublika mətbuatında "Müvəffəqiyyətsiz film” başlıqlı resenziya da çap olunmuşdu) olsa da, bazarda qoçuların davası, Baloğlanın pilləkəndə yıxılması, Rüstəm bəyin evindəki qalmaqal və hamam səhnələri tənqid olunsa da, bunlar filmin müvəffəqiyyətinə kölgə sala bilmədi. Filmin quruluşçu rejissoru H.Seyidzadə bu iradlara tutarlı cavab vermişdi. Məsələn, o, Baloğlanın pilləkəndə yıxılması epizodu haqqında deyirdi: “Pilləkənin sınması, qoçunun yıxılması feodalizmin məhvi deməkdir. Məşədi İbadın simasında isə kapitalizmin dirçəldiyini göstərməliyik. Rüstəm bəy olsa da, o artıq müflisləşib, “quru bəy”dir. Onun cibi boş, sözünün kəsəri yox. Kapitalist, yəni Məşədi İbad kapital sahibidir. O bundan istifadə edir, pul gücünə Rüstəm bəyin – feodalın cavan qızını özünə arvad etmək istəyir. Bax ona görə də Lütfəli, pilləkənlə evə qalxanda elə yıxılmalıdır ki, kənardan baxanda feodalizmin dayaqlarının uçulması hiss olunsun…” 

Bizim şəxsi fikrimizcə də, filmdə artıq, məna kəsb etməyən heç bir epizod yoxdur. “O olmasın, bu olsun” kinomuzun şedevridir.

Bədnam ermənilərin də musiqisinə tamah saldıqları və oğurlamağa dəfələrlə cəhd etdikləri bu film çox sevildi və öz rejissoruna böyük şöhrət gətirdi. 

Təxminən ekrana çıxdığı iki-üç il ərzində artıq dünyanın 40-dan çox ölkəsində göstərilərək Azərbaycan kinosunun şöhrətini dünyaya yaydı. İran, İraq, Yaponiya, Avstriya, ABŞ, İsveçrə, Macarıstan və digər ölkələrin tamaşaçıları filmə böyük maraqla baxdılar. 

Filmin uğurları sonrakı illərdə də davam etdi. Elə bu son illərə toxunaq. 2016-cı ildə Meksikanın Mexiko şəhərində Azərbaycan kinosu günləri çərçivəsində nümayiş olunan ekran əsəri maraqla qarşılanıb.

Deməli, 68 il əvvəl çəkilmiş "O olmasın, bu olsun" bu gün də dünyanı dolaşmaqdadır. Hələ uzun illər də dolaşacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

“Cücələrim”lə böyüməyən uşaqlardan qorxuram. Nağılbilməz nənələrdən qaçıram. Zəzzəquma (zəncirotu) üfürməyən uşaqların xəyal dünyası yoxdur, məncə. Əlindən düşən almanı köynəyinə silib yenidən dişinə çəkməyən uşaqlar tez xəstələnirmiş... 

Həftələrlə qapıdan eşiyə buraxılmayan, hər cibinə qırağına rəngli saplarla  işlənmiş güllər olan dəsmal qoyularaq məktəbə göndərilən uşaqdım.  Sinifdə hamıdan çox mən xəstələnirdim... Karlsonu Keçəl qədər sevirdim, Cırtdanın xəlbirlə su daşımağa göndərdiyi Divə yazığım gəlirdi. Bembinin anası öləndə qardaşımla birgə kreslonun arxasına gizlənib ağlamışdıq içimizi çəkə-çəkə... Ağlayıb qurtarandan sonra demişdim: “Canavar yazıq da acıydı axı...” 

İndi uşaqlara canavarın sadəcə, parçalamağı bacardığını öyrədirlər... İndi uşaqlar elə bilir ki, nənələr ancaq bayramdan-bayrama qonaq gələ bilər, onda da bəzənmiş-düzənmiş halda süfrədə oturar, yeyib-içib gedər...  İndi uşaqlar “Cücələrim” mahnısını eşitsələr belə, nə bir cücə səsi tanıyırlar, nə də cücələrə hansı dəni səpəcəklərini bilirlər. Halbuki, “Cücələrim” vaxtında fəxrimiz idi, dünyanı gəzirdi... 

Təəssüfüm boyumdan böyük. “Uşaqlığımın itirilmiş etüdləri”ni yazmağa belə başlamışam-təəssüfümdən utanaraq. Hələ yazıram... Və gün gəlir, bir təsəlli tapırsan haradasa. Sarılırsan o təsəllinin saçaqlarına, noyabr günəşinə gülümsəyirsən.  Bu gün o təsəllimi anladacağam sizə. “Kədər paylaşılanda azalır, sevinc paylaşılanda çoxalır” deyirlər ha, təsəllini paylaşmaq lazım ən çox. Hamımızın bir təsəlliyə, bir Polyannaya, bir də Qarsiyaya məktub aparacaq birinə ehtiyacımız var bu zəmanədə çünki... 

Təsəllim gəncəli rəssam Cavanşir Məmmədovun yaratdığı bir portretdir; Qəmbər Hüseynlinin portreti. Əvvəlcə, Cavanşir bəyi tanıtmaq istəyirəm sizə. Məmmədov Cavanşir Məcid oğlu 1948-ci ildə Gəncə şəhərində anadan olub. Orta məktəb dövrü, əsgərlik illəri, sonra isə Tiflis Dövlət Rəssamlıq Akademiyasında keçən zaman kəsiyi indi onun üçün xatirə yaylığının küləyə könül verməsinə dönüb.  O yaylığın dörd küncündən biri həmişə yaddaş qapısının cəftəsinə ilişikdir. Zəngin tarixə malik  Tiflis Dövlət Rəssamlıq Akademiyasında keçən illərin rəssamın həyatına da, ruhuna da təsiri böyük olub. Burada o,  təkcə rəssam və dizaynerlərlə deyil, incəsənətin fədakar tədqiqatçıları ilə də əhatə olunmuşdu... Sənətə fəda olmaq əzmini, bir az da, bu mühit çoxaltmışdı Cavanşir bəydə.

Akademiyanı bitirdikdən sonra Gəncə Pedaqojı Texnikumunda Təsviri İncəsənət müəllimi vəzifəsində çalışıb Cavanşir bəy. Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssamdır. Bir neçə şəhər və Respublika əhəmiyyətli layihələrin müəllifidir.  Qəmbər Hüseynlinin  portretini yaratmağı bir gəncəli kimi, özünün könül borcu sayan Cavanşir bəy deyir ki, məqsədi bəstəkarın Azərbaycan mədəniyyətinə, musiqisinə verdiyi töhfələri fırçasıyla anlatmaqdır. 

“Bir insanın portretini çəkməkçün onun  həyat yoluna bələd olmalısan, yaradıcılığının dərinliyinə baş vurmalısan...  Bir sözlə, əvvəl onun şəxsiyyətini tanımalısan, istedadının sərhədlərinə baş çəkməlisən ki, sonra onu təqdim edə biləsən...”-deyir Cavanşir bəy.  Qəmbər Hüseynlinin insanlara nikbinlik və sevgi aşılayan musiqisindən “danışmaq”çün canlı və işıqlı rənglər seçilməliydi, əlbət.  Rəssam rəng dənizinin qəvvasıdırsa, portret belə möhtəşəm olmalıydı! 

Portretdə Gəncənin Azərbaycan, ümumən, Şərq incəsənətinə bəxş etdiyi ululuq, keçmişdən gələcəyə uzanan  incə yolçuluq da  əks olunub. Realizm üslubunda olan əsər yağlı boya ilə kətan üzərində çəkilib.  Hələ heç yerdə sərgilənməyən portreti görənlər  “Cücələrim”i elə oradaca - o rəsmə baxa-baxa ürəklərinin dərinliyindən duyduqlarını deyirlər. Cavanşir bəy düşünür ki, portretin nümayiş olunması Gəncə rəssamlığına, Gəncə musiqisinə yeni bir baxış bucağı formalaşdıracaq. 

“Nədən ilhamlandınız?” sualını verməyə  ehtiyac  olmadı portreti gördükdən sonra.  Cavanşir bəy də dünya uşaqları ilə eyni sehrə düşmüşdü - “Cücələrim”in çöhrəsinə bəxş etdiyi təbəssüm illərdir eynidir!  

Portretin Qəmbər Hüseynlinin evində yerləşdirilməsi rəssamın arzusudur. Bu arzusuna çatmasını mən də diləyirəm. Hər dəfə Gəncəyə yolum düşəndə bəstəkarın keçmiş “Cırtdan parkı”ndakı məzarına baş çəkirəm. İndi də məzarın yaxınlığında kiçik uşaq oyun parkı var. “Cücələrim”i dinləməyən uşaqlardır orada oynayanların çoxu... Qorxuram... Sonra da məzara baxıram: “Yenə, ən azından, bəstəkarın əbədi yuxusuna uşaq səsləri girir...” -deyib ovuduram özümü.  

Və təsəvvür edirəm: “O parka uşaq gətirən   valideynlər balalarının əllərindən tutub məzara yaxınlaşırlar. “Cücələrim”i zümzümə edirlər... Sonra deyirlər: “Bax, burada “Cücələrim”i yazan Qəmbər baba uyuyur...” Uşaqlar birağızdan “Cücələrim” oxuyurlar...” 

...Hə, gücüm elə təsəvvür etməyə çatır. Təsvir edənlərə minnətdarlıqla...

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Məhləmizə tez-tez gələrdi. Hamı onu yazıçı Varisin dostu kimi tanıyırdı. Gah birlikdə qəzet çıxarırdılar, gah televiziyada veriliş aparırdılar. İstedadlı gənc idi. "Kreativ" sözü təzə dəbə düşüb, əsl kreativliyi ilk dəfə onlarda görmüşəm...

 

Haqqında söhbət açdığım Faiq Hüsiyev 7 noyabr 1970-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 30 saylı orta məktəbi bitirib. 1988–1990-cı illərdə hərbi xidmətdə olub. 1991–1997-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb...

 

Sakit, mehriban adamdır. Bizim məhlə uşaqlarına qaynayıb qarışmağı bacarırdı. O vaxtlar məhləyə "çujoy" adamların gəlişi elə də yaxşı qəbul olunmurdu. Hər adam ürək edib məhləmizə gələ bilməzdi. Məhlə uşaqlarından, rəhmətlik Məhəmməd məhləmizə meyxana da qoşmuşdu:

 

"Keçməmisən bu 8-in tinindən,

Yeməmisən şillə və təpiyindən.

Sumqayıtda adı çıxıb 8-in,

Adı və fəryadı çıxıb 8-in..."

 

Faiq 1992-1993-cü illərdə öncə “168 saat”, sonra “7 gün” qəzetlərində müxbir işləyib, stajlı oxucular onun köşə yazılarını yaxşı xatırlayırlar. 1993–1995-ci illərdə Varislə birgə Azərbaycan Dövlət Televiziyasında “Gecə kanalı” proqramını hazırlayıblar, proqram ölkə teleməkanında həqiiqətən də nömrə bir olub, “Dan ulduzu” ali jurnalistika mükafatına layiq görülüb. 

1996-cı ildə Azərbaycan Dövlət Televiziyasının "Yurd" mübadilə proqramları Baş redaksiyasına redaktor vəzifəsinə təyin olunub. Müxtəlif ölkələrdəki uğurlu yurddaşlarımız barədə verilişlər ərsəyə gətirib. 

1997–1998-ci illərdə Televiziyanın "Ədəbiyyat və publisistika" redaksiyasında redaktor vəzifəsində, 1998–2005-ci illərdə "Beynəlxalq proqramlar" redaksiyasında böyük redaktor vəzifəsində çalışıb...

Və…

Kariyera pillələri ilə irəliləməsi, təşkilatçılıq qabiliyyəti, istedadının uğurları onu tezliklə ölkədə tanıtdırdı...

2006-cı ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Müəllif proqramları" departamentinin rəisi vəzifəsini tutdu. 2007–2009-cu illərdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "TV. İnformasiya proqramları" studiyasının direktoru oldu. 2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı ilə təltif edildi. Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini vəzifəsinə təyin edildi…

2015–2021-ci illər ərzində Televiziya və Radio Akademiyasının Rektoru oldu. Hal hazırda Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Analitik qrupunun rəhbəridir...

Hazırda televiziya sahəsindəki bilik və bacarığını müstəqil TV1 televiziyasını qurmaqla gənclərə ötürür, eləcə də bu konsepsiya ilə çoxminli tamaşaçı ordusuna maraqlı proqramlar çatdırır. 

Bütün bunlardan əlavə Faiq müəllim filologiya üzrə fəlsəfə doktorudur. 300-ə yaxın televiziya verilişinin, 10-a yaxın sənədli filmin müəllifidir...

Bəli, noyabrın 7-si 54 yaşını qeyd edəcək Faiq Hüsiyev belə bir ömür sürüb. Onu ad günü münasibəti ilə təbrik edirik. 

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Əziz Şuşa, sən azadsan. Qartal kimi zirvələrdən baxırsan. Çiynində tarixin daş ağırlığı. Qəlbində isə azadlıq atəşin var.

 

Bu dağlar sənin şahidindir. Yurdumun vüqarı, qəlbimin sevinci. Kədərdən doğulan nəğmələrimizdə. Azadlıq səninlə birlikdədir.

 

Şuşa, sən qayıtmısan. Xarı bülbülün açdığı yerdə. Qələbənin, dirçəlişin səsi ilə. Sonsuzluğa uzanan bu torpaqda.

 

8 Noyabr 2020-ci il... Bu tarix qəlbimdə adi bir iz qoymadı, orada tam bərqərar oldu. Otuz il idi ki, bu yurdun dağları, qayaları, yolları bizdən ayrı düşmüşdü. Bu ayrılıq təkcə coğrafi deyildi; sanki əlimizdən bir sevgi, bir mədəniyyət alınmışdı. Bir yarımçıq qalmış xatirə idi Şuşa. O xatirənin boşluğunda çox illər boyu bizi yandıran məyusluq, qəzəb, həsrət vardı. Amma bu həsrətin sonu 2020-ci ilin payızında gəldi.

 

O gün gəldi ki, Şuşanın dağları bir daha bizim ayaq səsimizi eşitdi. Azərbaycanın qəhrəman əsgərləri bu torpağa addım atdı, hər daşın, hər qayasının haqqını qanlarıyla, canlarıyla geri aldı. Onlar üçün bəlkə də Şuşaya çatmaq yalnız bir hərbi qələbə deyildi; bu, bir şərəf, bir qürur məsələsi idi. Çünki Şuşa Azərbaycanın ruhudur, qəlbinin ta dərinindəki zərif bir simvoludur.

 

Şuşanın azad olunması təkcə bir qələbə deyil, həm də bütün xalqımız üçün bir dirçəliş oldu. İllərlə "Qarabağ bizimdir" dedik, həsrətlə o torpaqlara baxdıq, qayıtmaq arzusuyla yaşadıq. 2020-ci il həmin arzuların reallaşdığı an oldu. Əsgərlərimiz gecəni-gündüzə qatıb, dağları, dərələri aşıb, dumanların arasından, çətin yollarla Şuşaya qalxdılar. Bu yol təkcə coğrafi bir yol deyildi, həm də xalqın keçdiyi mənəvi yol idi.

 

Şuşanın azad olunmasıyla birlikdə tariximizin ən parlaq səhifəsi yazıldı. İndi o zirvələrdə bayrağımız dalğalanır, torpaq yenidən bizim nəfəsimizlə dolur. Xarı bülbül çiçək açır və o da sanki bizim qələbəmizə şahidlik edir. Hər il 8 Noyabrda bu qüruru bir daha yaşamaq üçün bu günü qeyd edəcəyik. Bu gün Azərbaycanın hər yerində qələbənin səsi, azadlıq nəğməsi kimi yayıldı.

 

Bu zəfər, Vətən uğrunda canını fəda edən bütün qəhrəmanlarımıza bir ehtiramdır. Şuşanın azad olunması ilə həm də şəhidlərimizin arzusu yerinə yetdi. Onların ürəyi bu torpaqlarda döyünməyə davam edəcək. Bu zəfər, tarixin bizə verdiyi bir hədiyyədir, gələcək nəsillərə əmanətdir. Bizim borcumuz o tarixi yaşatmaq, bu torpağın hər daşında, hər qarışında o qəhrəmanlıqları xatırlamaqdır.

 

8 Noyabr zəfəri - mənim üçün, bizim üçün təkcə bir tarix deyil, bu, ruhumuzun yenidən dirçəlməsi, həsrətimizin sona çatmasıdır. 2020-ci ildə o günkü göz yaşlarım sevincdən idi. Azərbaycan xalqının gücü, birliyi, sevgisi bu zəfəri gətirdi. Biz həmişə bu qələbəni qəlbimizdə daşıyacağıq, Şuşa daim bizim olacaq, Qarabağ bizimlə yaşlanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. 

 

Hazırda təqdimatda Bakı şəhəri 53 nömrəli tam orta məktəbdir.

 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

DİREKTOR:

Tünzalə Zeynalova 1991-ci ilin sentyabr ayından Bakı şəhəri Nəsimi rayonu 14 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb. 1995-ci ildən həmin məktəbdə ibtidai siniflər üzrə direktor müavini, 1998-ci ildən təşkilatçı, 2003-cü ildən 2015-ci ilə qədər isə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Bir neçə beynəlxalq təlimlərin iştirakçısı olub. 2003-cü ildə "Təhsildə keyfiyyət ili" çərçivəsində keçirilən "Pedaqoji mühazirələr"in respublika mərhələsində I yerə layiq görülüb. 2015-ci ildə YUNİSEF və Xəzər Universitetinin birgə təşkil etdiyi "Potensial məktəb direktorları" təlim kursunu uğurla bitirərək Bakı şəhəri 283 nömrəli tam orta məktəbə direktor təyin olunub. 2018-2019 ,2019-2020 və 2022/2023 cü tədris ilidə təhsil müəssəsinin idarə olunmasında yüksək fəaliyyətinə və idarəçilik səriştəsinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Fəxri fərmanla təltif edilİib. Təhsil nazirinin 04 oktyabr 2019 cu il tarixli, K-1516 nömrəli əmri ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb. ATİAHİ-nin 100 illik yubileyi münasibətilə 01 mart 2021 ci il tarixli, 28 nömrəli qərarı ilə Həmkarlar ittifaqındakı fəaliyyətinə görə "Yubiley döş nişanı" ilə təltif edilib. 2022 və 2023-cü illərdə rayonun ictimai həyatında fəal iştirak etdiyinə, təhsilin inkişafında göstərdiyi yüksək nəticələrə görə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2022 və 2023 cü ildə Fəxri Fərmanla təltif edilib. 2022-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin ümumtəhsil kateqoriyası üzrə "Təhsilin inkişafında incəsənətin rolunun artırılması" mövzusunda, 2023-cü ildə VII qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə "Qrafik dünya, Təhsildə dizayn bacarıqlarının artırılması" mövzusunda qalib olub. 2000 - ci ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. 2017-2021 ci illərdə YAP Binəqədi rayon Təşkilatının sədr müavini vəzifəsində çalışıb. 2020-ci ilin 15 iyul tarixindən hal hazıra kimi Bakı şəhəri 53 N li tam orta məktəbin direktorudur.

 

ŞAGİRD:

Mən, Qönçə Qismətli Vüqar qızı Yasamal rayonu 53 nömrəli tam orta məktəbdə 10-cu sinifdə oxuyuram. 2023-cü ildə Bakı şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi “Düşünən Şagird” müsabiqəsində ikinci yerə layiq görülmüşəm. 2024-cü ildə Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən Bakı Elm Olimpiadasının final mərhələsində 3-cü yerə layiq görülmüşəm.

Boş zamanlarımda rəsm çəkməyi, mütaliə etməyi və hekayə yazmağı sevirəm.

 

HEKAYƏ

Bir an, yoxsa bir ömür

 

- İşıqlar! 

- 3, 2, 1... Motor!

- Cənab Yoko Caya, Uşaq Yardım Fonduna göstərdiyiniz yardım üçün sizə minnətdarıq. Eyni zamanda bu sizin birinci yardım aksiyanız deyil. İnsanlara kömək əli uzatmağınızın səbəbi nədir? 

- Uşaqlığım məhdudiyyət içərisində keçib və ehtiyacın nə olduğunu təəssüflər olsun ki, çox yaxşı bilirəm. Atam kənd məktəbində müəllim işləyirdi. Aldığı məvacib çox az idi və qazandığının böyük bir hissəsini şagirdləri üçün xərcləyərdi. Buna görə də ailəmiz çətinliklə dolanırdı. Mən də məktəbə gedirdim, oxumağa həvəsli idim. Yeni-yeni kitablar almağı arzulayırdım. Bu səbəbdən dostumla dərs oxumaq bəhanəsi ilə evdən çıxıb kəndimizin yaxınlığındakı mədəndə bir müddət muzdlu işçi kimi işləməyə başladım. Orada işlədiyim vaxtlar mənim yaddaşımda dərin və ağır izlər buraxıb. Mədən vulkanın ətəyində yerləşirdi. İşçilər soyuyub daşlaşmış maqmatik süxurları yarır, arabalara yığır və aparıb təhvil verirdilər. Tərkibində kükürd olan bu süxurlar muzdlu işçilərin ailələrinin yeganə qazanc yeri idi. Vulkandan çıxan zəhərli qazlar onların ağciyərlərini tədricən sıradan çıxardığı üçün əksəriyyətinin yaşı 50-ni keçmirdi. Belə çətin şəraitdə işləyən insanların zəhərli qazlardan qorunmaq üçün əleyhiqaz belə almağa imkanları yox idi. O zaman özümə söz verdim ki, gələcəkdə bu tərz həyat yaşayan insanlara kömək edəcəm. 

- Bəs cənab Yoko, bilmək istərdik ki, sizin uğurunuzun sirri nədir? 

Yoko Caya bir müddət düşündükdən sonra dedi:

- Mənim uğurumun sirri? Qəribə səslənsə də, qardır.

Zalda təəccüb nidaları eşidilidi: 

- Necə yəni qar? Yəni siz düşünürsüz ki, uğurunuzun sirri qardır? Göydən yağan qar?!

- Bəli, bu sizin üçün gözlənilməz cavab kimi səslənə bilər. Qara fərqli prizmadan baxmaq mənim dünyamı büsbütün dəyişdi. Ümumiyyətlə, hamı fikirləşir ki, hər bir uğurun, nailiyyətin sirrini böyük şeylərdə axtarmaq lazımdır və ya böyük işlər edə bilmək üçün digərlərinə əl açmalıyıq. Kiçik detal və hadisələrin insanın həyatını tamamilə dəyişə biləcəyini unutmamalıyıq. 

Zaldan təəccüb nidaları kəsilmirdi. Tamaşaçıların sual dolu baxışları Yokonun xəyalında kiçik qar dənələrinə çevrildi. İndi o nə insanları görür, nə də onları eşidirdi. Xəyalı onu qarla ilk dəfə tanış olduğu günə apardı. 

Ətrafdakı qar sükutunu ayağının altından çıxan xartıltı səsləri pozurdu. Hava soyuq idi, lakin bu səssiz dünyada təkbaşına olmaq hissi insana sözlə izah oluna bilməyəcək bir həyəcan verirdi. Qarın üstündəki hər bir addım sanki zamanın bir anını dondurur, bütün dünyanı unudaraq yalnız bu anı yaşamağa dəvət edirdi. Bu qeyri-adi bir sakitlik idi. Xəyalların və düşüncələrin qanad açıb uça biləcəyi və heç vaxt itməyəcəyi bir məkan...

Üfüqdən azca boy verən günəşin hərarəti onu isitməsə də, indiyə qədər qanayan yaraları artıq onu ağrıtmırdı. Günəşin şüaları bərq vururdu və qarın üstündə yaranan rəngarəng parıltılar sayrışıraq sanki gözlərinin önündə rəqs edirdi. O, icazə verdi ki, bu mənzərə onu daha məsum və ümidlərin solmadığı bir yerə aparsın. Bu sükutda düşüncələrin dərin dalğaları ilə üzərək iki fərqli dünyanın müqayisəsinə daldı. 

Bir tərəfdə Avropa, digərində vətəni olan və ona həyatının yolunu bəxş edən İndoneziya. Bir tərəfdə iqtisadi inkişaf, yüksək təhsil, maddi rifah, uzun ömür... Digərində iqtisadi çətinliklər, məhdudiyyətlər, qısa sürən ömür və həmişə onun əl-qolunu bağlayacaq zəncirlər...

Qət elədi ki, Avropa universitetindən qazandığı təqaüdü, iş imkanlarını öz ölkəsinin inkişafına, gələcəyinə sərf edəcək. Atası kimi əliaçıq olacaq, lakin onun xeyriyyəçiliyinin miqyası daha geniş olacaq. Bunun üçün yaxşı təhsil alaraq təcrübə qazanmalı və uğurlu iş adamı olmalıdır.

Jurnalistin sonuncu sualı onu xəyallarından ayırdı.

- Cənab Yoko, gənclərimizə tövsiyyəniz nədir?

- Davamlı öyrənməyi vərdişə çevirin! Davamlılıq və əzmkarlıq uğurun açarıdır. Kiçikdən başlayın, böyüməyə doğru gedin. Risk etməkdən qorxmayın. Məsuliyyətli və dürüst olun. Komandanızı düzgün seçin. Sosial məsuliyyəti unutmayın!

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

34 -dən səhifə 1841

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.