Super User

Super User

Bazar ertəsi, 11 Noyabr 2024 13:03

Qürbətdə bir yazar öldü… - VARİS YAZIR

İstirahət günlərində aldığımız bir xəbər hamımızı sarsıtdı. Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu yaşadığı Londonda, müalicə aldığı xəstəxanada dünyasını dəyişdi. Bu xəbəri Zülfüqar Rüfətoğlunun Azərbaycan Dövlət Kukla Teatrının direktoru işləyən qardaşı Rəşad Əhmədzadədən aldıq.

 

Zülfüqar Rüfətoğlu uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirdi. Olsun ki, bu ad kimlərəsə tanış gəlmədi. 

Əhmədzadə Zülfüqar Rüfət oğlu Azərbaycanın ən istedadlı qələm adamlarından idi.

O, 1958-ci ildə Bakıda, tanınmış yazar, satirik Rüfət Əhmədzadənin ailəsində anadan olmuşdu. Çox məşhur bir yazarlar ailəsiydi ailələri. Şair, publisist, tərcüməçi və ictimai-siyasi xadim, XX əsrin əvvəllərində böyük maarifçi Zülfüqar Əhmədzadə isə Zülfüqar Rüfətoğlunun babası idi. 

Azərbaycan ədəbiyyatına, maarifçiliyinə, mədəniyyətinə xidmət edən böyük bir pleada! 

Öncə “Kommunist”, sonra “Xalq qəzeti” və “Azərbaycan” qəzetlərində işləmişdi, “Səhər" qəzetinin təsisçilərindən biri olmuşdu. Bu o “Səhər” qəzetidir ki, 20 yanvar həqiqətlərindən yazmaq cəsarətinə ilk dəfə məhz o sahib olub. 

Zülfüqar Rüfətoğlu həm də o dövrdə publisistika, jurnalistika sahəsində ilk qələm təcrübəsi sərgiləyən gənclərə - o cümlədən mənə ustad olmuşdu, bizi məmnuniyyətlə dərc edirdi. 

Zülfüqar Rüfətoğlunun qələmi o qədər sehirkar idi, adamı dərhal məftun eləyirdi. 

Heç unutmaram, bir dəfə Bakıda keçirilən it sərgisi haqqında reportaj yazmışdı, yazı o qədər canlı, həm də tərbiyəvi, didaktik idi ki, onu oxuyan hər kəs sərgi barədə müfəssəl məlumat almaqla yanaşı, bər-bəzək və qayğı içində xumarlanan tox itlərlə cır-cındır içində, əziyyətlərə qatlaşan ac insanları ürək ağrısı ilə müqayisə etməyə məhkum idi.  

Həyatının növbəti dönəmində o, "BBC Azərbaycan" xidmətində fəaliyyət göstərmişdi.

Baş rolda mərhum Hacıbaba Bağırov çəkilmiş “Şirbalanın məhəbbəti" filminin ssenari müəllifi, “Mavigözlü ögey ana" kitabının müəllifiydi. 

Sonra da qürbət həyatı başlamışdı. Dumanlı Albionda daim yağışlı, dumanlı-çiskinli havalarda Abşeron günəşinin həsrətini çəkirdi, yadların əhatəsində doğmaları üçün, ələlxüsus, anası üçün darıxırdı. 

İki-üç il öncə onun bu şeirini oxuyanda az qalmışdım ki, hönkürüb ağlayım.


Çıxdım siqaret almağa,

Qərib London gecəsinə

Bu qaranlıq lap oxşadı,

Şərifzadə küçəsinə

 

Qərib London gecəsində

“Şərifzadə küçəsində”…

Qəfil anam düşdü yada,

Qəfildən də xatırladım

Daha yoxdu bu dünyada.

 

Daha vətən qürbətləşib,

Daha qürbət vətənləşib,

Hansısa şəhəri sevmək

İnnən belə çətinləşib…

 

Nə Liverpul, nə də Kentdə

Nə Yasamal, Çəmbərəkənddə,

Bu xaraba məmləkətdə,

Bu avara planetdə,

Daha anam yoxdu mənim…

 

Siqareti tüstülətdim,

Tanış qaranlıqda itdim…

 

Mən əminəm ki, onu vaxtsız öldürən xəstəlik olmadı, onu vaxtsız qürbətdə yaşamaq öldürdü. 

Allah sənə rəhmət eləsin, unudulmaz insan! 

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

İstanbulda Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) dəstəyi ilə Yıldız Texnik Universiteti tərəfindən azərbaycanlı tələbələr arasında keçirilən futbol turniri başa çatıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, oktyabrın 30-dan start götürmüş turnirə qatılan komandalar işğaldan azad edilmiş ərazilərimizin şərəfinə “Xocavənd”, “Xocalı”, “Xankəndi”, “Zəngilan”, “Cəbrayıl”, “Ağdam, “Laçın”, “Şuşa”, “Füzuli” və “Zəngilan” adlandırılıb.

İlk görüş "Xankəndi" və "Füzuli" komandaları arasında baş tutub. Turnirin final oyunu isə 8 Noyabr – Zəfər Günündə baş tutub. Həlledici qarşılaşmada “Şuşa” və “Xocavənd” komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunda “Xocavənd” komandası qələbə qazanaraq, “Zəfər Kuboku”nun sahibi olub.

Turnirin bağlanış mərasimində Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib.

Sonra TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə çıxış edərək, qalib komandanın üzvlərini təbrik edib və “Xocavənd” komandasına “Zəfər Kuboku”nu təqdim edib. Turnirdə iştirak edən digər komandalara isə sertifikatlar təqdim olunub.

Turnirdə iştirak edən azərbaycanlı gənclər öz növbəsində bu gözəl təşəbbüsə görə təşkilatçılara minnətdarlıqlarını bildirərək, bu kimi idman tədbirlərinin mütəmadi keçirilməsini arzu ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

Bir milləti var edən iki amil vardır. Bir - millət, iki - bayraq. Bir milləti təmsil edən bir nəfər belə varsa o millətin, o soyun varlığı davam edəcəkdir. Bir millətin bayrağı varsa nə olursa olsun onu sancacaq bir zirvə əlbət tapacaqdır. 

 

Bəli, 9 noyabrda növbəti dövlət bayrağı gününü qeyd etdik. AZƏRBAYCAN RESPUBLİKASININ üzərində minlərlə şəhidin, qazinin qanı olan bayrağımızın günüydü 9 noyabr.

Ta 1918-ci ildən MƏMMƏD ƏMİN RƏSULZADƏNİN zamanından var olan bu bayrağın başına nələr gəlmədi ki?! Hər müsibəti, hər işğalı, hər işgəncəni gördü. Lakin yenə də zirvələrdə dalğalanmağa davam elədi. Hətta bizim belə "QARABAĞI azad etmək mümkünsüzdür" kimi ümidsiz bir baxış açısına qapılanda belə o bayraq ümidini itirmədi. Sanki əsən sərt külək o bayrağın qoxusunu XANKƏNDİYƏ, ŞUŞAYA, XOCALIYA ötürürdü. Bir gün qovuşacağımıza işarə edirdi. O gün gəldi, 2020-ci ilin sentyabr ayında başlayan və 44 gün davam edib sonda bizim şanlı zəfərimizə şahidlik edən Vətən Müharibəsində hamıdan irəlidə gedənlərdən idi bu bayraq. Kiminin tabutuna sərilib şəhidini cənnətə yola saldı, kiminində evində qələbə müjdəçisi oldu. 

Neçə-neçə xəyanətlər işgəncələr gördü bu bayraq. XOCALI faciəsinin canlı şahidi oldu. Erməni vandalizmi və vəhşiliyi ilə tanış oldu bu bayraq. 30 ilə yaxın həsrətini çəkdiyi XOCALISINA da qovuşdu və qovuşdurdu. O bayraq ki iki il öncə bizi XANKƏNDİYƏ, XOCALIYA çatdırdı. 

Biz bu gün iki bayramı dalbadal qeyd ediriksə, bunu öncə bu yolda canını, qanını fəda edən ŞƏHİDLƏRİMİZƏ, sonrada bu tərif edilməsi mümkün olmayan anları bizə yaşadan bayrağımıza təşəkkür etməliyik. Bu gün artıq o bayraq başı aşağı deyil, daha məğrur, daha nazlı-nazlı dalğalanır. Ona baxıb bağrı çatlayan düşmənlərinə inad zirvələri fəth etməyə davam edir. Hər nə qədər bizdən sonrakı nəsil qulağı sırğalı "oğlanlar", dırnağı laklı "kişilər" olsa belə gəlin bu bayrağın qədrini bilək.

Necə ki yerə düşən çörəyi götürüb öpüb alnımıza qoyuruqsa, üzərində ŞƏHİD qanı olan bu bayrağı da başımızın üstündə daşıyaq.

 

"Ədəbiyyat və İncəsənət" 

 (11.11.2024)

22 noyabr tarixində, saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun mahnılarından ibarət konsert proqramı baş tutacaq.  

 

“Ədəbiyyat və incəsənət” portaılna Gəncə Dövlət Filarmoniyasından verilən xəbərə görə, gecədə Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə filarmoniyanın solistlərinin ifasında bəstəkarın "Yaşa könül", "Arzuya bax, sevgilim", "Yadıma düşdü", "Gözünə qurban", "Ceyran", "Getmə, amandır", "Oxu, sevgilim" və başqa mahnıları səsləndiriləcək.

Biletləri filarmoniyanın kassasından və iticket.azsaytından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

Noyabrın 11-dən 23-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İçərişəhərin muzeyləri və təqdim edilən turizm xidmətləri qonaqlar üçün uzadılmış iş rejiminə uyğun olaraq fəaliyyət göstərəcək.

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AzərTAC-a bildirilib ki, Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Bəylər məscidi, Yeraltı hamam və Bakı Fotoqrafiya Evi göstərilən tarixlərdə saat 10:00-dan 22:00-dək turistlərin ziyarətinə açıq olacaq.

 

Bundan başqa, Turist Məlumat Mərkəzi həmin tarixlərdə saat 10:00-dan başlayaraq saat 22.00-dək ziyarətçilərə piyada və elektromobillə qrup və ya fərdi turlar təşkil edəcək, İçərişəhərin tarixi məkanlarını daha yaxından öyrənmək istəyən qonaqlar üçün müxtəlif dillərdə bələdçi xidməti göstərəcək.

 

Qədim sənətkarlıq növlərinin yaşadılıb-öyrədildiyi “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin emalatxanası hər gün 09:00-dan 18:00-dək, sərgi salonu isə 09.00-dan 22.00-a qədər açıq olacaq.

 

Azərbaycanın görkəmli rəssamı Tahir Salahovun ev-muzeyi COP29 günlərində saat 09.00-dan 18.00-dək fəaliyyət göstərəcək.

 

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə daxil olan Qala qəsri, Açıq səma altında muzey, “Tullantıdan sənətə” muzeyi COP29 günlərində saat 10.00-dan 18.00-dək fəaliyyət göstərəcək. Əlavə olaraq, beynəlxalq tədbirin qonaqları üçün xüsusi turlar təşkil ediləcək.

 

Ətraflı məlumatı Turist Məlumat Mərkəzindən əldə etmək olar - 012 505 94 15.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan bölməsi

 

Biri varmış, biri yoxmuş, insanların Cənnət adlandırdığı torpaqlarda Xarıbülbül adlı bir gül yaşayırmış. Onun Qarabağ adında dillərə dastan bir oğlu və on bir qardaşı var imiş. Qarabağa analıq edən bu gül övladı və qardaşları ilə ömrünün ən şən, ən firavan günlərini yaşayırmış. 

 

Günləri ovçuluqda keçən bu igidlər həyatda namərdlik nədir bilməz, at belində, əldə qılınc yağı düşmənə qan uddurarmış. Gücünü Xarıbülbüldən alan igidlər onun ölməzliyini hiss edərək günü-gündən daha da yenilməz olurlar. İgidlərin ruhları saf, qəlbi təmiz olduğundan daim çirkinliklərlə qarşılaşırlar.

Günlərin birində yağı düşmən onların bu xoş günlərinə dözə bilməyib içindəki fitnəni daha da alovlandırır. Düşmən yaxşı bilirdi ki, Xarıbülbül ölərsə, igidlərinin qolundakı güc tükənəcək. Onu öldürməyin yollarını axtaran düşmən uzaq ölkələrdə yaşayan ögey atasının yanına yollanır. Xarıbülbülü öldürmək üçün ögey ata bir silah hazırlayır. Ucunda yanar qurğuşunlar daşıyan bu silah aləmə qorxunc səs salır və dəydiyi hər şeyi məhv edirmiş. Düşmən ögey atadan bu silahı alaraq sevincək yola düzəlir. Xarıbülbülü güdən düşmən onu su içərkən yaxalayır və ləçəklərinə atəş açır. Güllə səsinə Xarıbülbül çırpınaraq torpağa düşür və vurulduğu yerdə yuxuya gedir. Öz əzizinin öldüyünü görən igidlər də qollarındakı gücü itirərək ard-arda torpağa yıxılırlar. Elə həmin gün başlayır düşmənin toy-bayramı. Lakin Xarıbülbülün silah səsinə öldüyünü bilən düşmən unudur ki, o, torpaqda qaldıqca daha da güclənir, daha da məğrurlaşır. 
Beləcə, illər ötüb keçdi. Düşmənin öldü deyə düşündüyü Xarıbülbülün yaraları sağalmış, artıq torpaqdan baş qaldırmaq zamanı gəlmişdi. Bunu görən oğlu Qarabağ və 11 qardaşı sanki doqquz canlı olmuş, oyandığı torpaqlarda nərə salaraq düşməni iliyinə qədər qorxutmağa başlamışdı. Düşmən də bu illər ərzində boş durmamış, ən yüksək təpələri özünə sipər etmiş, onlara sığınmış və ögey atadan aldığı silaha arxalanıb kefdən qalmamışdı. 
Və o gün yetişmiş, hesablaşma anı çatmışdı... Sabah onlar arasında döyüş baş tutacaq və bu torpağın əsl qəhrəmanları bəlli olacaqdı. Cıdır düzündə baş tutacaq döyüşdə düşmən öz namərd silahına, Xarıbülbülün igidləri isə babalarından əmanət qalan torpağın onlara verdiyi mərd gücə arxalanaraq meydana atılmışdı.
Döyüş başlayırdı. Düşmən silahının namərd səs-küyü bütün dünyanı bürüyür, qorxu və vahiməyə salır. İgidlər isə öz qoluna arxalanaraq əliyalın hücuma keçirlər. Qarşısına çıxan hər düşməni qartal kimi caynağına alıb Cıdır düzündən uçuruma tullayan igidlər tulladıqca içlərindəki  yaraların ah-vay edən səsini sağaldırlar. Amansız mübarizədə düşməni göz açmağa qoymayan igidlər öz torpaqlarından düşməni ömürlük, iti qovan kimi qovurlar. 

 

Bununla da şən günlər başladı. 

Bürüdü aləmi Xarıbülbülün təravətli ətri. Ətri yayıldıqca ömrü uzandı. Ömrü uzandıqca əbədiləşdi, bu torpağa kök saldı, qırılmayan, incidilə bilməyən bir gül, bir bülbül oldu. Uzaq diyardan gələnlər gördü, görənlər bihuş oldu. 
Bu gün artıq dillərdə əfsanə olan həmin Qarabağ və on bir qardaş Xarıbülbülün torpağa kök salmış gövdəsində, unudulmayan ətrində, gözəlləşən ləçəyində yaşayır. Ora artıq bizim qürur mənbəyimiz, inanc yerimiz, isti beşiyimizdir...

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

Xəbər verdiyimiz kimi, Mərkəzi Asiya ölkələri ilə türkdilli dövlətlər arasında teatr sənəti sahəsində əməkdaşlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində Çimkənddə IX Beynəlxalq Teatr Festivalı keçirilir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festival J.Şanin adına Çimkənd Şəhər Akademik Qazax Dram Teatrının 95 illik yubileyinə həsr olunub.

Festivalda Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Tatarıstan və Qazaxıstan teatrlarının ən yaxşı tamaşaları təqdim edilir. 

Proqrama aparıcı teatrşünasların iştirakı ilə tamaşaların müzakirəsi üçün dəyirmi masalar, eləcə də dəvət olunmuş əcnəbi müəllimlər tərəfindən aparılacaq rejissorlar, aktyorlar və teatr menecerləri üçün ustad dərsləri daxildir.

Tədbir bu gün - noyabrın 11-də başa çatacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Sizə kino barədə danışırıq. Son illər ölkədə kino sənayesinin dirçəldilməsi hiss edilir, kinomuzun itmiş şöhrəti bərpa edilir. Təbii ki, Mədəniyyət Nazirliyi kinonun inkişafını prioritet hesab edir.

 

Trenddə olan kinonun tarixi barədə oxucularımız nələri bilirlər, nələri bilmirlər? 

Dünya kino industriyası milyonlarla insanın diqqətini çəkən və qlobal mədəniyyətin formalaşmasında böyük rol oynayan nəhəng bir sektordur. Onun inkişafı texnologiyanın irəliləməsi, yaradıcılıq gücü və müxtəlif mədəni təsirlərin bir araya gəlməsi nəticəsində mümkün olub. Kino yalnız bir əyləncə vasitəsi deyil, həm də cəmiyyətin sosial problemlərini, mədəniyyətlərarası dialoqları və insan təcrübəsini ifadə edən güclü bir vasitədir.

 

Bu gün  dünya kino mərkəzləri barədə  danışacağıq.

Kino sənayesi müxtəlif ölkələrdə müxtəlif mədəni təsirlərə və texnoloji inkişaflara əsaslanaraq unikal forma almışdır. Müxtəlif regionlar öz üslubları və kino ənənələri ilə tanınır.

 

1.Hollywood (Amerika Birləşmiş Ştatları):

•Xüsusiyyətləri: 

Yüksək büdcəli, texnoloji baxımdan inkişaf etmiş filmlər. Hollywood döyüş filmləri, superqəhrəman filmləri və romantik komediyalar ilə məşhurdur.

•Təsiri: 

Hollywood filmləri qlobal bazarı əhatə edir və dünya mədəniyyətinə güclü təsir göstərir. Ənənəvi olaraq, Oscar Mükafatları kinonun ən prestijli mükafatı hesab olunur.

•Tanınmış Adlar: 

Steven Spielberg, Martin Scorsese, Quentin Tarantino kimi rejissorlar və Leonardo DiCaprio, Meryl Streep kimi aktyorlar.

 

2.Bollywood (Hindistan):

•Xüsusiyyətləri: 

Bollywood Hindistanın Mumbai şəhərində yerləşən kino sənayesidir və musiqili filmləri ilə məşhurdur. Filmlərdə rəngarəng rəqslər, musiqilər və dramatik sevgi hekayələri əsas yer tutur.

•Təsiri: 

Bollywood filmləri yalnız Hindistanda deyil, bütün dünyada, xüsusən də Asiya və Yaxın Şərq ölkələrində böyük auditoriyaya malikdir. Filmlər Hindistanın mədəni müxtəlifliyini və musiqi zənginliyini əks etdirir.

•Tanınmış Adlar: 

Shah Rukh Khan, Amitabh Bachchan, Aamir Khan və rejissorlar Satyajit Ray, Rajkumar Hirani.

 

        3.Avropa Kinosu:

•Xüsusiyyətləri: 

Avropa kinosu çox vaxt eksperimental və bədii filmlər ilə tanınır. Bu filmlər daha çox dərin fəlsəfi və sosial mövzuları araşdırır. Fransa, İtaliya, Almaniya və İspaniya kinosu bu sahədə fərqlənir.

•Təsiri: 

Avropa filmləri Kann Film Festivalı, Venesiya kinofestivalı və Berlinale kimi prestijli festivallarda təqdir olunur. Avropa rejissorları dünya kinosuna bədii və intellektual dərinlik gətirmişlər.

•Tanınmış Adlar: 

Jean-Luc Godard (Fransa), Federico Fellini (İtaliya), Pedro Almodóvar (İspaniya), Ingmar Bergman (İsveç).

 

        4.Asiya Kinosu:

•Xüsusiyyətləri: 

Asiya kinosu müxtəlif janrları və mədəni təsirləri əhatə edir. Yaponiya, Çin, Cənubi Koreya və Tayland filmləri unikal hekayələri və vizual üslubları ilə fərqlənir. Yaponiya animasiya sənayesi (anime) ilə dünyada məşhurdur.

•Təsiri: 

Cənubi Koreya filmləri və dramaları son illərdə qlobal fenomenə çevrilib. “Parasite” filmi 2020-ci ildə Oscar mükafatını qazanaraq bu uğuru təsdiqlədi.

•Tanınmış Adlar: 

Akira Kurosawa (Yaponiya), Bong Joon-ho (Cənubi Koreya), Zhang Yimou (Çin).

 

        Ayrıca Yaxın Şərqin kinematoqrafiyasını qeyd etməyə dəyər. Buraya Türkiyə və İran kinosu aiddir ki, hər iki ölkənin kinosu son illər müdhiş uğurlar qazanmaqdadır. Türkiyənin Nuri Bilgə Ceylan, İranın Pənahi və Cəfəri kimi dünyaşöhrətli rejissorlarının adlarını qeyd edə bilərik.  

 

Növbəti yazıda sizlərə Kinonun texnoloji inkişaf mərhələləri barədə danışacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

Şəhla Qasımova, Özbəkistan, “Ədəbiyyat və incəsənət” üçün

 

Mən Azərbaycanı sevirəm... Onun dilini, musiqisini, ədəbiyyatını sevirəm... Səxavətli, əliaçıq, təmiz ürəkli dostlarlarımın yaşadığı bu gözəl ölkə üçün həmişə darıxıram... 

 

Burada mənim üçün doğma olan bir çox yaradıcı adam var, onlar mənim dostlarımdır. Bunlardan biri istedadlı jurnalist, yaradıcı şəxsiyyət, ruhun incə bilicisi, şair Faiq Balabəylidir. İndi onunla nə vaxt tanış olduğumuzu, ünsiyyət qurmağa başladığımızı xatırlaya bilmirəm. Bəlkə də 2013 və ya 2014-cü il idi... Yadıma düşmür... Ancaq mənə elə gəlir ki, onu bütün ömrüm boyu tanıyıram. Sadəcə onu xatırlayıram ki, ilk olaraq Facebook-da tanış olub ünsiyyətə başladıq. Onunla ünsiyyət qurmaq asan və xoş oldu. O, İlk söhbətdə bir jurnalist kimi internet qəzetdə dərc etmək üçün bir neçə suala cavab verməyimi təklif etdi. Mən Azərbaycan şair və yazıçılarının əsərlərini tərcümə etdiyimdən və bu tərcümələr Özbəkistanın qəzet və jurnallarında dərc olunduğundan, həmən razılaşdım. Təbii ki, müsahibə sualları ədəbiyyatla bağlı idi. Söhbət çox səmimi alındı. Onunla dostluğumuz belə başladı... 

 

Faiq həmişə mənə bacı deyir, mən də ona qardaş deyirəm. Bəzən uca və təntənəli səslə deyir, əziz bacım, sən mənim başımın tacı! Bu mənim üçün çox xoşdur. Bir dəfə mənə mesaj yazdı, “bibisi” deyə müraciət etdi: Əgər sən mənim bacımsansa, demək övladlarım üçün də bibi olacaqsan. Bəs mən sənin övladların üçün kim olacağam? 

Ona yazdım ki, sən onlar üçün dayısan. İndi biz bir-birimizə elə belə də müraciət edirik, o bibisi, mən isə dayısı, deyirəm. Həm də bu yazışmada düşündüm ki, Faiq bu yolla Azərbaycan dilini nə qədər yaxşı bildiyimi və müəyyən qohumların adını necə başa düşdüyümü yoxladı. Dedi, afərin! Hiss etdim ki, o, ürəkdən sevindi. Qeyd etdiyim ki, elə o vaxtdan bəri ona "dayısı" deyirəm, Faiq isə mənə "bibisi" deyə  müraciət edir. Hətta telefonuma da onun adını "Faiq Dayısı" deyə yazmışam.

Ailəsini tanıyıram. Çox qayğıkeş, təvazökar, nəzakətli insanlardı... Evində də qonaq olmuşam. Həmin gün onun evində bir gülməli epizod yaddaşımda həkk olundu. Onun həyat yoldaşı, gözəl, qonaqpərvər və bacarıqlı ev sahibəsi Kəmalə xanım Azərbaycan yeməklərindən plov, dolma, dovğa hazırlamışdı. Gülərüzlü bu gözəl xanım bizi mehribanlıqla qarşıladı. Faiq bəyin oğlu Turalla, gəlini ilə tanış etdi (qızı Aytəkin evdə deyildi, universitetdə dərsdə idi), sonra qonaqları masaya dəvət elədi, boşqablara yemək qoymağa başladı. Stəkanlarda dovga gətirdilər. Boşqabımın içinə plov qoydu. Plov özbək plovundan fərqli idi, qeyri-adi dadı da çox xoş idi. Bu yeməyi çox bəyəndim. Plovu yedim, təriflədim və ev sahiblərinə təşəkkür etdim. Sonra dolmanı boşqabıma qoydu. Dolma çox dadlı idi, amma artıq çətinliklə, zorla yeyirdim. Çünki hər dəfə mənim qonaqpərvər qardaşım boşqabıma çoxlu yemək qoyurdi. Ancaq istəmədim ki, boşqabda yemək qalsin, çünki düşündüm ki, sona qədər yeməsəm, hörmətsizlik olar, utandım. Faiq boşqabımın boş olduğunu görüb yenə eyni miqdarda dolmanı boşqabıma qoydu. Donub qaldım, daha heç nə yeyə bilmirdim axı. Ona dedim, qardaş, mən daha yeyə bilmərəm. Onun üzünü görsəydiniz... Mənə çox ciddi baxdı və dedi:  

- Qız! Ye daaa!!!

Deyəsən, qardaşım boşqabımda yemək qalmadığına görə bacısı çox ac olduğunu düşünüb... 

Hələ də təbəssümlə xatırlayıram...

Mən dəfələrlə Bakıda olmuşam. Faiq hər dəfə mənimlə görüşməyə, heç olmasa bir neçə dəqiqə danışmağa tələsir. Həmişə hədiyyələrlə gəlir. Mən də ona milli bir şey gətirməyə çalışıram.

Təəssüf ki, insanın həyatı yalnız sevincli hadisələrdən, xoşbəxt günlərdən ibarət olmur. Faiqin həyatı da istisna deyil. O, həyatında çox çətinliklər yaşadı. Ancaq düşünürəm ki, bunların arasında ən ciddisi ürək əməliyyatıdır. Biz onun üçün çox narahat idik. Dua edirdik. Bacardığımız qədər onu dəstəkləyirdik. O günlərdə onun bir neçə şeirini rus dilinə tərcümə etdim. Allaha şükür, əməliyyat uğurlu oldu. İndi gözəl nəvələrin,- Dənizin, Aylinin, Fatehin, adaşı Faiqin sevimli babasıdır, yorğunluğu bilmir, yazır, yaradır. 

Dənizin iki yaşı tamam olanda onun adına bir şeir kitabı dərc etdirdi. Kitaba Faiqin baba olmaq sevincinə qatılan qələm dostlarının balaca Dənizə həsr etdiyi şerlər daxil idi və mənim də o kitabda şeirim var.

Onunla həmişə əlaqə saxlayırıq. Bir-birimizə tərcümə işlərində kömək edirik, bayram günlərində telefonla təbrik eləyirik.

Mənə elə gəlir ki, Faiq heç də uzaqda yaşamır, haradasa yaxınlıqdadır. Həm də mənə elə gəlir ki, o mənim sinif yoldaşım və ya institut yoldaşımdır. Niyə, deyirsiz? Çünki insan yalnız yaşıdları arasında özünü gənc, şən, qayğısız hiss edir. Elə mən də onunla danışanda özümü belə hiss edirəm. Onun şad səsi məni hər zaman ruhlandırır.

Bu il onun 60 yaşı tamam oldu! İnana bilmirəm! O, mənim üçün həmişə gəncdir. Çünki o, həmişə pozitivdir, böyük optimistdir, xoştəbiət, xeyirxah, səmimi insandır. Hələ də 60 yaşında olduğuna inanmıram, amma yubileyini sağlamlıqla qarşıladığına çox şadam. 

Sənə can sağlığı arzulayıram, əziz qardaşım. Özün dediyin kimi, çox yaşa, xoş yaşa! Ömrün boyu sənə uğurlar, gözəl ailənin sevgisi və dəstəyi həmrah olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Balakən rayon Uşaq Musiqi məktəbinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Balakən rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Ü.Hacıbəyli adına Musiqi Akademiyasının dəstəyi ilə tanınmış tar ustası, sənətkar Aydın Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş,  90 illik yubileyi münasibəti ilə   "Tarixdən bu gününmüzə süzülən tar sənəti" adlı elmi-praktiki konfrans keçirilib. 

 

Konfransda Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev,  Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Nargilə Qafarova və regional idarənin əməkdaşları, BMA-nın elm və innovasiyalar üzrə prorektoru-əməkdar incəsənət xadimi-professor Gülnaz Abdullazadə, əməkdar incəsənət xadimi Nuridə İsmayılzadə, BMA-nın şöbə müdiri Həqiqət Yusifova, bir qrup tanınmış alimlər, habelə ifaçılar: xalq artisti-professor Ramiz Quliyev, əməkdar incəsənət xadimi-sənətşünaslıq üzrə fəlsəfə doktoru-professor Arif Əsədullayev, xalq artisti Zümrüd Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru-dosent Rauf Bəhmənli, BMA-nın elmi işçisi Zeynal İsayev, doktorant Nigar Bayramova, BMA labarotoriyasının alət ustası Musa Yaqubov və birsıra mədəniyyət işçiləri iştirak ediblər.

 

Tədbir çərçivəsində qonaqlar Balakən rayonunda yaşamış, yaratmış Aydın Tağıyevin həyat və fəaliyyətindən, onun tar ifaçılığına verdiyi töhfələrdən bəhs ediblər. 

Çıxışlar bitdikdən sonra konfrans rəngarəng  musiqi nümunələri ilə davam edib. Belə ki, xalq artistləri Ramiz Quliyev, Zümrüd Məmmədova, eyni zamanda Musa Yaqubov, Firuddin İbrahimovun ifasında milli musiqi nümunələri ifa edilib.

Tədbirin sonunda Balakən rayon Uşaq Musiqi məktəbinin direktoru Arifə Tağıyeva Şəki-Zaqatala RMİ-nin rəhbərliyi tərəfindən səmərəli fəaliyyəinə görə  "Fəxri Fərmanla" təltif edilib. 

Sonda xatirə şəkli çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

30 -dən səhifə 1841

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.