Super User
MÜTALİƏ MƏDƏNİYYƏTİ – 20.Uşaq kitabxanalarına diqqət artır
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
20.
UŞAQ KİTABXANALARINA DİQQƏT ARTIR
Təbii ki, qarşıya qoyulan məqsədlərin reallaşması üçün uşaq kitabxanalarının üzərinə böyük məsuliyyət düşür.
Uşaq kitabxanalarının işinin avtomatlaşdırılması və kitabxana fondlarının tədricən müasir informasiya daşıyıcılarına köçürülməsi, elektron mübadilə sistemlərindən, internetdən istifadə oxucuların son informasiya ilə məlumatlandırılmasına xidmət edir. Azərbaycan Respublikasında müxtəlif tipli kitabxanaların daxil olduğu geniş kitabxana-informasiya şəbəkəsi mövcuddur. Bu şəbəkəyə kütləvi, elmi-texniki, uşaq, gənclər, tədris və musiqi məktəblərinin kitabxanaları, eləcə də müxtəlif dövlət qurumlarının tabeliyində olan kitabxanalar daxildir. Çünki kitabxana vətəndaşların informasiya tələbatını ödəmək üçün dünya biliklərinə açılan pəncərə, fasiləsiz təhsilin inkişafında imkanlı zəmin yaradan, mədəni dəyərlərin mühafizəsini təmin edən və nəsillərdən-nəsillərə çatdıran bir elm müəssisəsidir. Məhz kitabxanalar vasitəsilə cəmiyyətin intellektual potensialının formalaşması və inkişafı kimi funksiyalar yerinə yetirilir.
Ümumiyyətlə, kitabxana-informasiya şəbəkəsinin inkişafı əhalinin mədəni səviyyəsinin yüksəlməsinə, onların fasiləsiz təhsilə və informasiyaya olan tələbatının ödənilməsinə imkan yaradır. İnformasiyalaşdırılmış cəmiyyətin formalaşması və tərəqqisi mütaliə prosesinin nəticəsidir. Cəmiyyətin bütün inkişaf istiqamətlərini insan təfəkkürü formalaşdırmaqla yanaşı təkmilləşdirir. Mütaliə isə insan təfəkkürünü zənginləşdirir, düşünmə qabiliyyətini artırır. Yəni kompüter texnologiyalarının tətbiqi, ənənəvi informasiya mənbələrin elektron daşıyıcılara köçürülməsi, CD-ROM texnologiyaların tətbiqi, informasiyanın təqdim etmək imkanları və bir sıra başqa işlərin həyata keçirilməsi üçün səy göstərərək uğurlar əldə edilir.
Günümüzdə əgər 6-7 yaşlı bir uşaq Uşaq kitabxanasına gedib kitabxanaçıya hansısa bir mövzuda kitab sifariş verirsə, bu artıq özlüyündə nikbinliyə tam əsas verən bir haldır.
Növbəti: 21. Qabaqcıl təcrübə
“Ədəbiyyat və incəsənət”
(12.11.2024)
“Şəxsiyyətlər unudulmur” – BAKININ 14 İL BAŞ MEMARI OLMUŞ ŞƏXS
Şərəf Cəlilli, “Ədəbiyyat və incəsənət” üçün
Noyabrın 13-də 1974-1988-ci illərdə Bakının baş memarı kimi onun mənəvi mənzərəsini yaradanların, inkişafına töhfələr verənlərin sırasında yer almış akademik Rasim Əliyevin xatırlanan günüdür.
Ruhunu, düyğusunu daşa, yaddaşa, kətana köçürmək, əbədiyyət dastanını tişənin və qələmin müqəddəsliyi ilə yazmaq hər bir qüdrətli şəxsiyyətə, sənətkara nəsib olmur. Mütəfəkkir alim, dünyaşöhrətli memar, əvəzsiz sənət inciləri yaradan akademik Rasim Əliyev tercümeyi- halı ilə tarix yaradan, qiymətli əsərləri ilə tarixlə müasirlik arasında körpüyə çevrilən ustad sənətkarlardan idi.
Adı ilə bağlı memarlıq məktəbibinin qurucusu və yaradıcısı olan akademik Rasim Həsən oğlu Əliyev 1934-cü il iyul ayının 16-da Gəncə şəhərində anadan olmuşdu. O, 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunu memarlıq ixtisası üzrə bitirmişdi. Ali təhsilini başa vurduqdan sonra, 1958–1965-ci illərdə “Azərdövlətlayihə” İnstitutunda işləmişdi. O, 1965–1974-cü illərdə Bakı şəhərinin baş memarının birinci müavini və 1974–1988-ci illərdə baş memarı vəzifələrində çalışmış, eyni zamanda, 1980–1988-ci illərdə Azərbaycan Memarlar İttifaqının katibi olmuşdu.
Akademik Rasim Əliyev həyatını ölkənin quruculuq işlərinə sərf edərək şəhərsalma, tikinti və memarlıq sahəsinin inkişafına töhfələr vermişdi. O, Bakının, eləcə də respublikanın digər şəhərlərinin planlaşdırılması və tikintisinə dair çoxsaylı layihələrin müəllifi olmuşdu. Ölkə miqyasında bir sıra obyektlərin layihələndirilməsi işinə rəhbərlik edən akademik Rasim Əliyev yüksək peşəkarlığı, təşəbbüskarlığı və əməksevərliyi sayəsində həmin layihələrin uğurla həyata keçirilməsində mühüm nailiyyətlərə imza atmışdır. Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan hava limanlarının, Azərbaycanın Türkiyə Cümhuriyyətindəki səfirliyinin, Bakı Metropoliteninin bir neçə stansiyasının, Bakı şəhərinin simasını müəyyənləşdirən bir çox binaların, Bakının 8-ci, 9-cu mikrorayonlarının, Əhmədli qəsəbəsinin, Kiyev və Günəşli yaşayış massivlərinin və əsas parkların, xüsusən də şəhərə yaraşıq verən “Gənclər parkı”nın, Bakının və digər şəhərlərdəki mərkəzi meydanların və mədəniyyət saraylarının, həmçinin xatirə abidələrinin işlənib hazırlanmasında əvəzsiz xidmətlər göstərmişdir.
Milli-mənəvi dəyərlər tariximizdə mühüm yer tutan, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın iradəsi ilə dünyanın maddi-mədəni irsi siyahısına daxil edilən “İçərişəhərin Regenerasiya Planı” məhz onun rəhbərliyi, müəllifliyi ilə hazırlanmışdır. Naxçıvanda Hüseyn Cavidin məqbərə kompleksinin layihə rəhbəri, baş memarı və rəssamı kimi möhtəşəm bir abidəyə imza atan akademik Rasim Həsən oğlu Əliyevin, Şəhidlərin məqbərə kompleksinin ərsəyə gəlməsində də məxsusi yeri və rolu vardır. Dünyaşöhrətli sənətkarın layihələndirdiyi bütün bu memarlıq nümunələri özünün maraqlı həcm-məkan kompozisiyası və monumentallığı ilə səciyyələnir və diqqəti cəlb edir. Akademik Rasim Əliyev zəngin irsi ilə memarların gənc nəslinin bədii-estetik zövqünün formalaşmasında və peşəkarlığının təşəkkülündə mühüm rol oynamışdır. Onun şah əsəri isə Ulu öndər Heydər Əliyevin Şəhidlər Xiyabanındakı əzəmətli abidəsidir. Dünya memarlığının və heykəltəraşlıq sənəntinin əvəzsiz incilərindən olan bu abidə iki qüdrətli alimin: akademiklər Ömər Eldarovun və Rasim Əliyevin Ulu Öndərə sevgisinin, milli dövlətçilik tariximizə sonsuz məhəbbətinin nümunəsidir. Ölümü ilə ölümsüzlüyə qovuşan Ulu Öndəri hər gün ziyarətə gələn yüzlərlə insan, dövlət xadimləri memar Sinan, Əcəmi Naxçıvanlı, Kəmaləddin Behzad, Zivərbəy Əhmədbəyov, Bəhruz Kəngərli, Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Tokay Məmmədov, Tahir Salahov kimi dahilərin sırasında yer alan hər iki qüdrətli sənətkarın simasında tərcümeyi – halı ilə tarix yaradan qüdrətli fırça və tişə ustalarının əzəmətini etirafda bulunur.
Akademik Rasim Əliyevin ölkəmizdə memarlığın inkişafında xidmətləri və şəhərsalma sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1979-cu ildə Əməkdar memar fəxri adını almış, 1982-ci ildə Dövlət mükafatına layiq görülmüş, 2000-ci ildə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət”, 2009-cu ildə “Şərəf” və 2014-cü ildə “İstiqlal” ordenləri ilə təltif edilmişdir.
Akademik Rasim Əliyev adını Azərbaycanın elm tarixinə həkk etmiş, mütəfəkkir alim ucalığı ilə qiymətli əsərlər yaratmış, Azərbaycan Milli Elmlər Akademiyasının qurucularından biri, ölkəmizdə coğrafiya elminin inkişafına töhfələr vermiş böyük bir alimin, soyu, soykökü, şəcərə dəftəri ilə Ulu Öndər ucalığına, milli dövlətçilik tariximizə bağlı olan akademik Həsən Əliyevin ocağında dünyaya gəlmişdi. Genetik kodlarının diqtəsi, alim, müəllim, memar, şəxsiyyət ucalığı, ziyalı kübarlığı ilə mənsub olduğu nəslin qüdrətli nümayəndələrindən biri kimi, Azərbaycan kişisinə xas ömür sürmüşdü. Hər bir Azərbaycan insanı kimi düz 30 il Qərbi Azərbaycanın, Şərqi Zəngəzurun, Qarabağın, Şuşa qalasının nisgilini qəlbində daşımışdı. 2021- ci ilin payızında, noyabrın 13-də ömrünün 88-ci çağında dünyaya vida nəğməsi oxumuş, Fəxri Xiyabanda torpaq müqəddəsliyinə qovuşmuşdur. Ömrü boyu sadəliyin əzəmətini yaşayan, xeyirxahlığı, yaxşılığı həyatının mənasına çevirən, bu il 90 illiyi qeyd olunan akademik Rasim Əliyev dünyadan gözü, könlü tox, qəlbi hüzur içində getdi. Canından əziz bildiyi vətəni – Azərbaycanı Birliyin, Bütövlüyün rəmzi olan üç rəngli, hilallı, ulduzlu Bayrağı Şuşa qalasından asmışdı. İndi biz bir xalq, millət və dövlət olaraq üzü Qərbi Azərbaycana, İrəvan qalasının ətəyinə, Qərbi Zəngəzura, babalarının təməlini qoyduğu qədim yaşayış məskənlərimizdən biri Comərdli kəndinəyik! Bu intizar, umud dolu uğur yolunda akademik Rasim Həsən oğlu Əliyevin də ruhu bizə yar olsun!
“Ədəbiyyat və incəsənət”
(12.11.2023)
“Sən mənim könlümdə yanar bir odsan…” - MÜSAHİBƏ
Sumqayıt şəhərinin 75 illik yubileyi münasibətilə “Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi ilə birgə təqdim etdiyi “Sumqayıtın tanınmış qələm damları” layihəsində növbəti görüşümüzdür.
Layihəmizin bu dəfəki qonağı tanınan və sevilən şairə, Aşıq Pəri məclisinin üzvü Məryəm Aslanqızıdır.
Layihəni AYB Sumqayıt bölməsinin sədri Güınarə Cəmaləddin təqdim edir.
-Necəsiz, Məryəm xanım?
-Şükürlər olsun Allahın böyüklüyünə.
Nə deyim, deyim ki, her şey qaydasındadır. Yalan olar. Yaş öz sözünü deyir. Həm də ki, oğlumdan sonra özümə gələ bilmirəm. Var olun, soruşursunuz, maraqlanırsınız. Həmd olsun Allaha. Ağır günlərimdə mənə təsəlli olanlar sağ olsunlar.
-Siz uzun müddət Ə.Kərim adına Poeziya klubunda təşkilatçı kimi çalışmısınız və sizin işlədiyiniz zamanda orada çox yüksək səviyyəli tədbirlər təşkil olunurdu. Xatırlayırsınızmı o illəri?
-O illəri heç unutmağmı olar?! O illər mənim ən xöşbəxt və ən məhsuldar illərim idi.
İncəsənət Universitetini təzə bitirmişdim. Böyük həvəslə və məsuliyyətlə Poeziya klubunda işə başladım. Xırda tədbirləri sadalamayacağam, amma yaddaşıma həkk olan tədbirlərdən bəzilərini sadalayacağam. Bunlardan Xalq yazıçısı Əzizə Cəfərzadə ilə dənizkənarı parkda görüş, Aşıq Pəri məclisi üzvləri ilə Kimyaşılar Mədəniyyət sarayında keçirilən tədbir, bir də Sumqayıtda saz sənətinin gənc nəslə ötürülməsində, yəni oyrədilməsində böyük əməyi olan rəhmətlik Aşıq Sədi Abbasovun anım günü yaddaqalan tədbirlərdən idi. Hər üç tədbirdə oturmağa boş yer belə qalmamışdı. İndi belə tədbirlər az- az olur.
-O zaman "Dəniz" ədəbi birliyinə gələn gənc qələmlərə Məryəm xanımın kitabında güzəşt söhbəti yox idi. Bu, ədəbiyyata, sözə olan sevginizdən qaynaqlanırdı, yoxsa öz içinizə, ruhunuza və vicdanınıza xəyanət etməməkdən irəli gəlirdi?
-Bu sualınız mənim yaralı yerimdir. Mən heç vaxt əyriyə düz, düzə əyri deməmişəm. O da ola Söz. Söz mənim üçün ən müqəddəs varlıqdır. Bəli, varlıqdır. Söz insanın bütün üzvlərinin və duyğularının hakimidir. O sənin əlindən tutub göylərə də qaldıra bilər, başından basıb öldürə də bilər. Şeirdə söz yerinə düşməyəndə hansı şeiriyyətdən danışmaq olar? O vaxtlar məktəb var idi, gənc yazarların sıxıb suyunu çıxarırdılar. İndi kim nə istəyir yazır, adını da qoyur şeir. Bəla burasındadır ki, onlara bir kəlmə söz də demək olmur, adamı borclu çıxarırlar. Bilmirəm, bəlkə onların elə yetişməsində bizim də günahımız var. Kitab təqdimatlarını keçirib cəmiyyətə təqdim edirik, onlar da elə bilirlər "BÖYÜK"şairdilər. Və beləliklə də gələcəyimiz olan balalarımızın zövqünü korlayırıq. Nə heca bilirlər, nə vəzn, nə də qafiyə. Məktəblilər də o "şeir" ləri əzbərləyib tədbirlərdə söyləyirlər. Bu çox pis haldır.
-Siz sevgi şairisiniz. Sevgi sizi xöşbəxt eləyə bildimi? Eşq sizinçün hansı anlam daşıyır?
-Sevgi Allahın bəndəsinə əmanəti, ərmağanıdır. Sevgisiz insan yaşaya bilməz. Sadəcə zamanla yerini dəyişir.
Üşaqlıq sevgisi, gənclik sevgisi, cavanlıq sevgisi. Vətənə, torpağa sevgi, ataya- anaya sevgi, əks cinsə qarşı olan sevgi və sairə... Saymaqla qurtaran deyil. Baxır hansı vaxtda hansı zamanda sən bu sevgilərlə imtahana çəkilirsən. Elə həmin anlarda da sevginin ayrılmaz bir hissəsinə çevrilirsən...
Bir də var ilahi eşq. O da Allahla bəndə arasında olur. Allah eşqi yerə enmir, fəzada olur məncə. O ancaq son anda, son nəfəsdə sənin hüzuruna enir...
-Sumqayıt ədəbi mühiti keçmişdə və indi?
-Yuxarıda dediyim kimi, əvvəllər məsuliyyətlə yanaşılırdı hər şeyə və ciddi nəzarət vardı, senzura vardı. İndi hər şey dəyişib. Kimin pulu var çoxlu kitab buraxır və olur "şair". Kitabın çoxluğu yazanın yaxşı şair olmasına dəlalət eləmir.
-Şairlərlə dəlilərin ruhu eyni şeydən yoğrulub,- deyirlər. Belə desək, şairlər də yarımdəlilərdir?
-Şairlər nə dəlidirlər nə də yarımdəlidirlər...
Əslində elə ən ağıllı dəlilərdir Şairlər..
-Sumqayıtın 75 illiyi ərəfəsindəyik. Sumqayıt sizə nə verdi və siz Sumqayıta nə verdiniz?
-Sumqayıt mənə hər şey verdi. Sevdim Sumqayıtı, hara getdimsə darıxdım onuncün. Döğulduğum yer, doğma yurdum Cəbrayıl olsa da, Sumqayıt da mənim ücün doğmalaşdı. Özümu Xəzərsiz, Sumqayıtı özümsüz təsəvvür edə bilmədim. Və bacardığımı əsirgəmədim doğma şəhərim üçün...
-Sizin yaşadığınız dünya və indiki dünya. Çox fərq var arada?
-Həddindən artıq çox... Mənim yaşadığım dünyanın insanları cənnətlikdir..
Təvazökarlıqdan kənar olasa da bu belədir... Mənim yaşadığım dünyada vicdan vardı. Dost əlindən tutmaq vardı, imkansızın halına yanmaq vardı, haqqı- nahaqqa qurban verməmək vardı, haqqı tapdalamamaq vardı. Bu qədər yalan yoxdu, ayaq altı qazmaq yoxdu, közü öz önünə çəkmək yoxdu, bu qədər xainlik, xəbislik yoxdu..
Çox təəssüf ki, indiki dünya bunlardan ibarətdir.
-Şəhər rəhbərliyinin ədəbiyyata diqqətindən razısınızmı?
-Bəli, razıyam. Hər şey göz önündədir. Bu üzgörənlik deyil. İlk növbədə geniş abadlıq- quruculuq işləriylə yanaşı ilk fürsətdə vaxt tapıb qələm adamları ilə görüşməsi və o boyda binanın yazarların istifadəsinə verilməsi Zakir müəllimin poeziyaya, şeirə, ədəbiyyata olan sevgisinin sübutu idi. Bununla da o həm də onların yazıb - yaratmasına stimul verdi. Ümumiyyətlə, Zakir müəllimin gəlişi Sumqayıtımızı təpədən-dırnağa yaxşı mənada dəyişdi. Mən fürsətdən istifadə edib öz adımdan, sumqayıtlı yazarlar adından Zakir müəllimə təşəkkürümü bildirirəm. Cansağlığı, işlərində müvəffəqiyyətlər arzulayıram.
-İmzanız gözəl imzalar sırasında yer alsa da, indiyə qədər heç bir fəxri ad və mükafatınız yoxdur. Bu tale işidirmi sizcə?
-Əsas olan odur ki, məni yaxşı şairədir, gözəl şeirləri var,- deye təqdim edərkən, mən buna inanmışam. Bilmişəm ki, yalandan deyilmir bu söz mənim haqqımda.
İçimdə bir pillə böyümüşəm və bu məni qane edib. Oxucu sevgisini qazanmaq mənim əsil mükafatım olub.
Əgər bir ürəkdə yaşamıramsa,
Əgər sevgi yükü daşımıramsa,
Allah, o saçları oxşamıramsa?!
Nəyimə lazımdı mənim bu dünya.
Təzədən dünyaya gəlməyəcəmsə,
İstinə isinə bilməyəcəmsə,
Sevilə- sevilə olməyəcəmsə,
Nəyimə lazımdı mənim bu dünya.
Əlin əllərimdən nə tez üzüldü,
Bü yollar tərsinə niyə düzüldü.
Daha bir qucağım, bir də dizimdi,
Nəyime lazımdı mənim bu dünya.
Məryəməm, göynəyən sözlərim oldu,
Çırpılan, döyülən dizlərim oldu,
Məni gözdən salan gözlərim oldu,
Nəyimə lazımdı mənim bu dünya.
Bir türk şairəsini S.Vurğun adına kitabxanaya dəvət etmişdilər. Boyük bir tədbir idi. Mən bu şeiri orda oxuyarkən şairə xanım çox kövrəldi. Ha çalışdı ki, ağladığını gizlətsin, amma bacarmadı. O vaxtlar Sveta xanım idi oranın rəhbəri.
Ada, mükafata görə özlərini o qədər gülünc vəzəyyətə salanlar var ki...
Nə deyim, belə şeylər üçün ya gərək sırtıq olasan, ya da ki, o qədər cahil olasan ki...
Tədbirlərin birində Əşrəf Veysəlli kimi gözəl şair çıxış edərkən mənim iki bənd şerimi oxudu və tərif etdi.
Bundan qiymətli mükafatmı var?!
Sən mənim könlümdə yanar bir odsan,
Toxuna bilmirəm, dəyə bilmirəm.
Taleyim ömrümə bir don biçib ki ,
Soyuna bilmirəm, geyə bilmirəm.
Bu yerlər, bu göylər gözümdən düşüb,
Sənsiz illərimə duman, çən düşüb.
Bəxtimin uldüzu göylərdən düşüb,
Qaldırıb yerinə qoya bilmirəm..
-AYB Sumqayıt bölməsinin işi sizi qane edirmi?
-Maşallah olsun, tədbirlər bir-birinin ardınca, bir-birindən maraqlı layihələr.
Niyə də qane etməsin?
Bir də ki, Sumqayıt yazarlarının əksəriyyəti birillik Prezident təqaüdünə layiq görülüb. Bu işdə heç də AYB Sumqayıt bölməsinin zəhməti az olmayıb. Şəxsən mən deyə bilərəm ki, neçə illərdi AYB-nin üzvü olaraq bu təqaüdü almamışdım. Çünki heç cəhd də etməmişdim. Sağ olun ki, bu məsələdə mənə kömək etdiniz. Mən həmişə həya eləmişəm, mənimçün əsas məsələ şeirə, ədəbiyyata xidmət olubdu. Mən ədəbiyyata xidmət etməyi düşünmüşəm həmişə, ondan yararlanmağı deyil. Gərək bölmə rəhbəri görünmək istəməyəni göstərə bilsin, təqdim etməyi bacarsın. Bizim Xalq yazıçımız Anar müəllim çox ədalətli insandı. İstedadı olanlara həmişə yüksək qiymət verir.
Mən də öz növbəmdə AYB-nin Sumqayıt bölməsinə yeni-yeni lahiyələr axtarışında müvəffəqiyyətlər arzulayıram.
-Şairlər ruh adamlarıdlr. Yəni yerdə az olurlar. Siz necə?
-Mən Allahımın pənahındayam. Ona bu qədər inanmasaydım mənə çətin olardı yer üzündə yaşamaq. Hər şey onun ixtiýarındadır. Nə vaxt istəsə bizi yer üzündən siləcək. Onda göylərə çəkilən ruhumuz göylərdən yer üzünə tamaşa edəcək. O da ya qalacaq, ya da qalmayacaq. Allah cənnətin qapısını üzümüzə açıq etsin, inşallah!
-Sənət - həqiqətləri söyləyən əsil yalandır. Onda belə çıxır, sənətkarlar da ən böyük yalançılardır. Bu fikrə münasibətiniz?
-Əgər sənətkarlar həqiqətləri söyləyirlərsə niyə yalançıdırlar?!
Mən aşiqəm gecələr,
Gecə ağlar gecələr.
Mən soyuq yatağımda,
Yar könlümdə gecələr.
Kimisə deyə bilmərəm, amma mən yaşadığımı yazıram. Ümumiyyətlə, sənət əsərləri yaşanaraq yaranır. Yaşanmadan, yanmadan yaranan əsərlərin ömrü çox qısa olur.
-Qadın üçün ülvi, mübhəm hissləri şeirə çevirmək və onu cəmiyyətə təqdim etmək çətin deyil ki?
-Mən sözlə həmişə səmimi olmuşam.
Mənə elə gəlir ki, səmimiyyət cəmiyyətdə daha çox və rahat qəbul olunur.
-Sözlə yollaşırsız?
-Sözü mən çağırmıram. O özü öz ayağıyla gəlir və mən burdayam ,- deyir. Yəqin ki yollaşırıq.
-75 yaşlı gənc şəhərimizə arzunuz Şəhərimizin 75 illik yubileyi ərəfəsində istək və təklifləriniz?*
-Şəhərimiz günü -gündən gözəlləşir. Gözəlləşməyində davam etsin!
-Bəs peşəkar yazar kimi gənc ədiblərə nə tövsiyyə edərdiniz?
-Yazarlarımız, xüsusən də əllərinə təzə qələm alanlar sözə hörmətlə yanaşsınlar! Klassiklərimizi oxusunlar!
Ən azından şeirin texnikasını öyrənsinlər. İndi təzə- təzə nəsə yazmağa başlayanlar qoşma ilə gəraylını qarışdırır, heca hesabı düz gəlmir, vəzn nə deyən şeydi, anlamırlar.
İstər nəzm, istərsə də nəsr əsərĺərində çoxlu yanlışlara rast gəlirik.
-Ürəyinizdən keçən bir şeir?
-Bu sevgi beləcə yox ola bilməz,
Bu sevgi beləcə itəmməz, gülüm.
Bu eşqin yerində mən əkilmişəm,
Burda başqa Sevgi bitəmməz, gülüm.
Ömürdü, ölümdü, kölgədi, izdi,
Nəğmədi, nəşədi, kəlmədi, sözdü,
Məhəbbət atəşdi, məhəbbət közdü
Məhəbbət, mənfəət güdəmməz, gülüm.
Bu dünya sevgidən çox ola bilməz,
Bu dünya sevgisiz tox ola bilməz,
Bu sevgi beləcə yox ola bilməz,
Beləcə baş alıb gedəmməz, gülüm.
“Ədəbiyyat və incəsənət”
(12.11.2024)
BİRİ İKİSİNDƏ - Nemət Mətinin nəsri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Nemət Mətinin nəsr nümunələri təqdim ediləcək.
YÜK
İnsan ömrü boyu yük daşıyır. Kimi ailə yükünü, kimi vicdan yükünü, kimi də çiyinlərinə aldığı hansısa bir yükü... N də iri anbarlardan birində yükdaşıyan işləyirdi. Artıq bir il idi ki, bu ağır işi görürdü. Baxmayaraq ki, iki diplomu vardı, amma bir çox gənclər kimi universitet illərində avaraçılıqla başını qatmışdı. Gənclik şirin şeydir. Adamı nə günlərə salır. Çılğın gənclik havası adamı evdə oturmağa qoymur. N də belə gənclərdən idi. Gəncliyini yelə vermişdi. O, “dolu” yaşamağı sevirdi. Qrup yoldaşları dərs oxuyanda N qız sevirdi. Dəli-divanə olub çöllərə düşmüşdü...
Yük daşımağı sevmirdi N. Kim sevər axı? Amma ümidi vardı ki, nə vaxtsa vəzifəsi qaldırılar, ali təhsilli olmağına önəm verilər. Bu minvalla düz bir il işlədi. Danışığını, hərəkətini bilməyən adamların içində itib-batdığını görmürdü. Lakin içlərində dosent, hərbçi, usta, idmançı da vardı. Tale hamını ovcuna yığıb həmin anbara atmışdı...
Qocalı-cavanlı hər bir yükdaşıyanın üzündən zəhrimar yağırdı. Kir-pasın, çirkin içində cırıq-cırıq olmuş əlcəklərlə irili-xırdalı yükləri sağdan sola, soldan da sağa daşıyırdılar. Kimi deyinir, kimi söyür, kimi də qarğış edirdi...
Bir gün gecə növbəsində o qədər gərgin iş gedirdi ki, bir işçinin ürəyi getmişdi. Bədbəxt hadisə də az olmurdu. Elə yeni ildə də işə düşmüşdülər. Gecə saat on ikini gözləyirdilər. Hər kəs evdən gətirdiyi yeməkləri stola düzməyə tələsdiyi vaxtda yük maşınları anbarın ağzına düzüldü. Dilxor olan işçilər maşınlara doğru addımladılar. N də digərləri kimi yükləri daşıdıqca telefonla bayram təbriki yazırdı. Saat on iki tamam olanda alınlarından axan tər damcılarını silə-silə, gözləri işıldaya-işıldaya uzaqda görünən atəşfəşanlığa tamaşa elədilər. N-in dostu K-nın başı mesaj yazmağa bərk qarışmışdı. Üstünə gələn yük maşınını görmədi. Maşını görəndə artıq gec idi. O, yerə yıxıldı və sağ ayağı təkərin altında qaldı. Bağırtısı aləmi başına götürdü, N qaça-qaça onun yanına gəlsə də, artıq iş işdən keçmişdi...
N bir il işləyəndən sonra əsgərlik dövründə oxuduğu kitabları xatırladı. Görünür, necəsə monoton həyatını dəyişmək istəyirdi. Ona elə gəldi ki, təkcə kitab oxuyanda özünü xoşbəxt hiss edib. Yenidən kitab oxumaq istədi və o gündən telefonuna kitablar yükləməyə başladı. İşdə vaxt tapan kimi oxuyurdu. Şekspirin “Romeo və Culyetta”sını, Kamyunun “Yad”ını, Kafkanın “Çevrilmə”sini oxuduqca ürəyinə fərəh hissi doldu. Özünü azad, güclü hiss etdi. Kitabların mistikası onu ələ aldı. Zaman ötdükcə daha çətin əsərlərə baş vurdu. Don Kixotun macəralarına həm güldü, həm ağladı. Robinzonla adada “yaşadı”. İvan İliçlə “öldü”. Sergi ata ilə “oyandı”. Dorian Qreyin portretini “çəkdi”. Martin İdenlə səyahətə yollandı. Qulliverlə “balacalaşdı”, “böyüdü”.
Artıq işlədiyi yerdə anbardar vəzifəsinə yüksəlmişdi. Fiziki işinin azalacığını düşünsə də, elə olmadı. Əksinə, yükdaşıyanlara kömək etməli idi. Həmişə nəsə, kimsə çatmırdı. Adam, texnika, vaxt... Üstəlik bütün gördüyü işləri kompüterdəki proqramlara yazmalı və rəhbərliyə göndərməli idi. İşi başından aşırdı. Son zamanlar işdə oxumağa vaxt tapmasa da, evdə, yolda oxuyurdu. Oxumayanda həyat N-ə mənasız gəlirdi. Sanki oxuyanda fikirlər beynində daha tez formalaşırdı. O qədər oxudu ki, bir gün məqalə yazdı. Yazıçıların həyatından maraqlı hadisələrə istinad etdi. Beynindəki yükü vərəqlərə boşaltdıqca ürəyindəki yükdən də azad olduğunu hiss etdi. Tibet buddistləri haqqında məqalə yazdı, işə Milarepa ilə başladı. Bir çox balladaların, şeirlərin müəllifi aydınlanmaq barədə tez-tez düşünərdi. O qərara gəlmişdi ki, bu barədə tanımadığı insanlardan soruşsun. Çoxundan soruşmuş, hər kəs fərqli şeylər demişdi. Bir gün o, dağ cığırında ağır yük daşıyan qəribə rast gəlmiş, eyni sualı ona da vermişdi. Qərib isə kürəyindəki yükü yerə atmış, dərindən nəfəs almışdı. Milarepa qışqırmışdı:
– Anladım! Bəs, aydınlanmadan sonra nə baş verir?
Qərib gülümsəmiş və yükünü götürüb yoluna davam etmişdi.
N növbəti bir il ərzində xeyli məqalə yazdı. Kitab çap etdirmək istəyirdi. Dostu K bunu öyrənəndə sevindi. N daha da həvəsləndi. Kitab çap etdirmək üçün B nəşriyyatının baş redaktoruna müraciət etdi. Həyəcanlı idi. Amma onu narahat edən bir şey vardı. İşdən bezmişdi. Özünü aqressiv aparırdı. İş yoldaşları onu heç vaxt belə görməmişdilər. N-in uzun illər ərzində ürəyinə yığılan qəzəbi vukan kimi partlayırdı. Artıq qəti qərara gəlmişdi. O gün səhər “İşləmək istəmirəm!” – deyə çığırmışdı...
İşə çatan kimi bunu rəisə bildirdi. Göygöz, bəstəboy rəis belə məsuliyyətli işçini itirmək istəmirdi. Üstəlik N-dən incimişdi. Onu otağına təkrar çağırıb dedi:
– Elə bilirsən, bu anbarda Tolstoyu yalnız sən oxumusan? Tolstoyun səni xilas edəcəyini düşünürsən?
N sadəcə gülümsədi. Gözləri par-par parıldayırdı.
– Mən rus dilində Tolstoyun külliyyatını oxumuşam...
Rəisin uzun-uzadı pafoslu çıxışını N artıq dinləmirdi. Axırda rəis ona belə bir təklif etdi:
– Bu anbarın harasında hansı vəzifəni istəyirsənsə, götür.
N-in cavabı qısa, amma ağır oldu:
– Mən sizinlə işləmək istəmirəm!
N çiynindəki ağır yüklərdən birini yerə qoysa da, qarşıda onu xeyli ağır yüklər gözləyirdi...
QISA HƏYAT TARİXÇƏSİ
Saleh yeddi aylıq doğulmuşdu. Yaşayacağına dair ümid olmasa da, anası onu gözünün işığı kimi qoruyub cana gətirmişdi. Yenə də cılız idi. Yaşıdlarından azı iki dəfə balaca olsa da onlarla ayaqlaşmağa çalışırdı. Qaçırdı, yıxılırdı, ağaca dırmaşırdı...
Zaman keçdikcə Saleh də böyüyürdü, inkişaf edirdi. Boksa getdi, aldığı zərbədən burnu qırıldı. Güləşdə üç gün keçməmiş qulaqları əzildi. Karatedə sol ayağı zədələndi. Sonunda əsgərliyə apardılar. Komandirin sevimli əsgəri idi. Əmrə müntəzir, sadiq əsgər oldu. Hara buyurulurdusa, canla-başla yüyürdü. Tərxis olunanda ürəkdən sevinmişdi. Onsuz hər işə saf ürəklə yanaşırdı. Mülki həyata gec öyrəşdi. Bir qız gördü, bir könüldən min könülə o qıza vuruldu. Ürəyi quş olub uçdu. Onu görəndə otuz iki dişinin otuz ikisi birdən görünürdü. Belə sevirdi Saleh o qızı, lap ürəkdən. İşlə məşğul olmurdu, bir işin qulpundan yapışmırdı, heç düşünməyə də macalı olmurdu. Qızın qardaşları onu döyəndən sonra da ağıllanmadı. Ağzı açıq qızın kölgəsində süründü.
Özünü qıza göstərmək üçün maşın almalıydı. Heç bu fikir də öz ağlına gəlməmişdi. Məhəllədəki başından qız əskik olmayan oğlanın elədiklərini yamsılayacaqdı. Əmisinin köməyi ilə zavodda işə düzəldi. Fikri-zikri ancaq pul yığıb maşın almaq idi. İşdə tər-su dabanından axsa da, xəyallara dalırdı. Xalidə onun qara maşınına baxıb sevinəcəkdi. Uzun saçlarını naz ilə yelləyib Salehə göz süzəcəkdi...
Vaxt-vədə yetişdi. On üç min manat pul yığan kimi özünə maşın aldı. Min manata da sürücülük vəsiqəsini qırx günün içində düz-qoş elədi. Artıq onun da maşını vardı, lap elə istədiyi kimi. Düzdü, maşını ona alverçilər sırımışdı, dörd min də xərci vardı maşının. Amma Saleh bütün bunları görməzdən gələrək qızın qaldığı məhəlləyə doğru şütüdü. Qızı görcək əli ayağına dolandı, əyləci səhv saldı. Sükanı əlindən çıxan maşın qabaqdakı maşına necə çırpıldısa, ələ gəlmədi. Alnı partlamışdı, amma yenə də gülümsəyirdi. Dünya-aləm onun üçün təkcə o qızdan ibarət idi. Yuxuda belə adını sayıqlayırdı, Xalidə... Xalidə... Xalidə...
Hələ uşaqlıqdan bizim kimi deyildi Saleh. Onu siqaret dalınca kim göndərsəydi, etiraz etməzdi. Sevinə-sevinə qaçardı. Otuz yaşı var, nə olsun, yenə də elədir. Saf ürəyi tozlu ağlına hakimdir. Keçən həftə futbol oynamağa getmişdik. Salehin bizi görcək elə bil gözlərinə işıq gəldi.
– Hara gedirsiz?
– Futbola. Gəlirsən?
– Bəs nə.
– Ay səni, canavar. Gəl!
– Nə götürüm?
Bu sualı eşidən məhəllə ağsaqqalı dedi:
– Saleh, bint, yod və dərmanları apar. Birdən kimsə yıxılar. Kömək edərsən.
Saleh gözdən itdi. Onu gözləmədən futbola yollandıq. Saleh oyun başlanandan on dəqiqə sonra təngnəfəs stadiona çatdı. Əlində bir sellofan dərman, bint və yod vardı. Bunu görəndə qarnımızı tuta-tuta gülməkdən uğunduq, qıpqırmızı qızardıq.
Salehin on yaşı olanda faciə yaşamışdı. Bacısı qış günlərinin birində soba kənarında yatıb qalır. Hörüyü alışıb yanan qızı xilas etmək olmur. O gündən Salehin ürəyi yaradır. Qızlara qarşı həssasdır.
Yeniyetmə olanda yaşıdlarının biriylə sözü çəp gəlmişdi. Qarşısındakı oğlan ondan olduqca zəif idi. Söhbət davaya çevriləndə Saleh onu döymədi. Sadəcə yaxasından tutub dayandı. Oğlan nə qədər əl-qol atsa da, ona dəymədi. Əksinə, oğlanın köynəyi cırıq-cırıq oldu. Davadan sonra ondan soruşdum:
– Saleh, nə üçün onu vurmadın?
– Özümdən zəifləri vurmuram, – dedi və gözləri sulandı...
Saleh harada adam görürsə, yaxınlaşır. “Əmi, salam. Bibi, necəsiz? Dayı, verin mən aparım. Qonşu, nə var, nə yox?”
Hər səhər arabayla zibil atmağa gedir. Həmişə düşünürdüm ki, hər gün bir ailə bu qədər zibili necə yığır? Sən demə, Saleh özü arabayla gedirmiş. Qonum-qonşuda nə zibil vardısa, atmalıydı.
Hər söhbətə girişərək mənasız fikirlərini deməsəydi, ürəyi partlayardı. Onu acılayanlara belə gülümsəyirdi. Ürəyini istəsən, çıxarıb verərdi. Heç kimi incitməyən, heç kimin toyuğuna kış deməyən Salehi dünən bıçaqladılar. Narkoman qonşusu ondan borca pul istəyəndə sözləri çəp gəlmişdi. Narkomanın da gözlərinə qan gəldisə, damarı qaşındısa, nəyə desən, əl atar. Dünyanın ən saf adamını da bıçaqlayar.
Həmin gündən saflıq məhəlləmizdən birdəfəlik itdi. Hətta Salehin aşiq olduğu qız da daha ürəkdən gülümsəmir...
YALAN
İdris qocalıb əldən düşmüşdü. Həyat yoldaşı Nazilə dəli olandan sonra onun başına ütü vurmuş, dəfələrlə onu söymüşdü. Bir dəfə məhəllədə yalan danışan yeniyetməni, nadinc oğlanı acıladı. Oğlan əsəbindən İdrisin əsasına bir təpik vurdu. Müzavinətini itirən İdrisin başı beton bardura dəydi. Beləliklə, İdris, gözlərini nakam həyata birdəfəlik yumdu. İyirmi il öncəyə qayıdaraq İdrisin həyatına baş vuraq. Film lentini geriyə çevirməyin əsl vaxtıdır. İdris hər zaman yalan danışmağı sevərdi. Məhəllədə dama oynayanda da cığallıq edirdi. Uşaqlara, böyüklərə, dostlarına, tanışlarına, tanımadıqlarına yalan danışmaqdan həzz alardı. Ancaq bu yalanlar heç kimin xətrinə dəyməzdi. Çünki yalanın kökündə gülüş vardı. İnsanların kefini açmaq üçün İdris gecə-gündüz çalışardı. İş yerində Elnur adlı oğlana bir dəfə dedi:
– Eh, mən günlər görmüşəm. Günlərin bir günü prezident zavoda gəlmişdi. Məni görüb ayaq saxladı. İşlətdiyim dəzgaha baxıb gülümsədi. Keyfi kök idi. Mənə dedi ki, qardaş, yeməyə nə var? Beləcə söhbətimiz açıldı. Mənə bütün həyatını danışdı. Kotlet-çörək yeyə-yeyə danışıb-gülürdü. Arabir doğranmış göyərtidən də ağzına atırdı.
Elnur inanmışdı. Kimə danışırdısa, uğunub gülməkdən gedirdilər. Çünki hamı gopçu İdrisi tanıyırdı. Elnur üç nəfərə danışandan sonra nə baş verdiyini anladı. Üzü qıpqırmızı oldu. Hər dəfə onu görəndə gülümsəyirdi. Ürəyinə xoş ovqat yayılırdı. İdris hər gün işdən sonra məhəlləyə çıxıb dama, şahmat, nərd oynayanlarla günü başa vururdu. Səhərə kimi samovar çayı içib gülüşürdülər. Əsl məclis adamı idi. Bir az içəndən sonra yalanın dərəcəsi artırdı. Məclisdəkilər əylənirdilər. Sinəsində Stalinin və Leninin döymələri var idi. Əsgərlikdən yadigar qalmışdı.Yayda isti olduğu üçün köynəyinin yuxarı üç düyməsini açıq saxlayırdı. Yaş öz sözünü deyirdi. Artıq İdrisin dişləri tökülmüşdü. Yay günlərindən biri idi. Məhəllədə hər gün futbol oynayırdıq. Təngnəfəs topun arxasınca o yana-bu yana qaçırdım. İdrisə o vaxt baba deyirdik. Məni yanına çağırıb dedi:
– Nahid, sənə yaxşı təklifim var. Ala bu beş yüz manatı, get dükana. İki dənə marojna al gətir, yeyək. İstidir, nəfəsimiz kəsilir.
– Yaxşı, baba. Yerimdən götürüldüm. İki dəqiqədən sonra ikimiz də taxta oturacaqda oturub dondurma yeyirdik. Sərinlik bədənimizi soyudanda özümüzə gəldik. Həmişəki kimi kefimi açmaq istədi.
– Bilirsən, o vaxt, hardasa on il öncə qapımız döyüldü. Açanda kimi görsəm yaxşıdır? Suala cavab verməyə məfər verməyib, davam etdi:
– Polis əməkdaşı. Məndən xahiş etdi ki, onunla gəlim. Razılaşmaqdan başqa çıxış yolum yox idi. Maşında tər məni aparmışdı. Hara getdiyimizi bilmirdim. Böyük bir villanın qarşısında polis əməkdaşı maşını saxladı. Evə daxil olduq. Ev nə ev. Uzan, tamaşa elə! Başdan-başa çilçıraqlar, italyanski mebel və daha nələr, nələr. Sən demə, deputatın evi idi. Məni görmək istəyirdi.
İdris babanın sözlərinə inanmışdım. Evə gedəndə atama danışdım. Uğunub özündən getdi. Sonra heç kimə işi olmayan İdris haqqında xatirə danışdı:
– Bir dəfə İdris xəstələnmişdi. Yaxınlıqdakı xəstəxanada yatırdı. Xəstəxananın qoxusundan insan daha da xəstələnir. Dərmanların qoxusu, xəstələrin iniltilərinə qoşulub rəqs edir. İdris orada sağala bilməzdi. Bir az cavan olsaydı arağa istiot səpib, içərdi. İndi isə qocalıb. İynə-dərmanlarla, sistemlərlə yaşayır. Özü kimi yalançı dostları onu görməyə gəlmişdilər. Zöhrab və İlkin alma, armud alıb yanına keçmək üçün tibb bacısının cibinə bir şirvan basdılar. Dostları dərman iyi verən otağa daxil olanda İdrisin gözlərinə işıq gəldi. Üç saat dayanmadan danışıb-güldülər. Zöhrab və İlkin İdrisin uşaqlıq dostları idilər. Zöhrab həmişə kimisə tüfənglə vururdu, İlkin isə basdırırdı. Yalan dünyalarının kriteriyaları bundan ibarət idi. Birinci Zöhrab sözə başladı: – O gün lotka(qayıq) ilə quş ovlamağa getmişdim. Gördüm vurduğum quşlar suya düşüb dibə enirlər. Ağlıma bir ideya gəldi. Xalçanı suyun üzünə sərdim. Hər dəfə quş vuranda xalçanın üstünə düşürdü. İdris güldükcə bunlar danışırdılar. Sanki əzələlərinə güc gəlirdi. Ardınca İlkin başladı nə başladı:
– O gün Zöhrabla işdə söhbət edirdik. Kənar şəxslər zavoda daxil oldular. Zöhrabın beyni çöndü. Tüfəngi götürüb alnından nişan aldı. Bir atışa yad insan yerə uzandı. Rəis xəbər tutmasın deyə, onu aparıb zavodun arxasında basdırdım. Üç saat ərzində İdris o qədər güldü ki, çənəsi ağrayırdı. O, dostlarından geri qalmamaq üçün Hindistan səfirinin evində qonaq olmağından, onunla tut arağı içməyindən danışdı. Beləcə üç saatdan sonra üç dost xəstəxananı tərk etdilər. Həkimin son diaqnozu belə olmuşdu:
– Xəstə turp kimidir. Buraxın getsin. Amma yaman zarafatlar edirdi. Onsuz darıxacağıq. Siz hələ bir onun yalanına baxın. Mənə deyir ki, bağıma oğru girmişdi. Yerkökü oğurlayırdı. Arxadan ona yaxınlaşdım. Boynundan yapışdım. Ayağa qaldıranda üzü göründü. Səməd Vurğun imiş. Dedim ki, nə edirsən, şair? Dedi, – nə edək, aclıqdı. Tibb bacılarını gülmək tutdu. Ağzını tutub gülən kim, at kimi kişnəyən kim...
Ölüm ayağında bütün hadisələri xatırlayan İdris xoş hal ilə göz qapaqlarını əbədi yumdu. Onun haqqında müxtəlif rəvayətləri bu günə kimi atalar uşaqlarına danışırlar.
“Ədəbiyyat və incəsənət”
(12.11.2024)
“2016-cı il martın 15-də, deyim, niyə yağış yağdı?” – VARİSİN ESSESİ
“Ədəbiyyat və incəsənət” portalı yazıçı Varisin essesini təqdim edir.
Berjeron və Findayzen.
Çox qəribədir, hətta hər gün üz-üzə gəldiyim əksər qonşumun belə adını yadımda saxlaya bilmirəm, amma bu iki şəxsin soyadları nədənsə beynimin dərinliklərinə yazılıb.
Bu gün martın 15-dir. Yaz yağışı qəfildən başlayıb. Yağışın növləri çoxdur: narın yağış, leysan yağışı, qarlı yağış, kor yağış... İndi yağansa şıdırğı yağışdır.
Küçənin prospektlə kəsişən tinində görürəm onları. Oğlanla qızı. İnzibati binanın girişindəki çıxıntının altında sığınacaq tapıb üz-gözlərindən su süzülə-süzülə bir-birinə tamaşa edirlər. Oğlan necə də ovaxtkı mənə və qız necə də o vaxtkı ona bənzəyir. Ayaq saxlayıb matdım-matdım onlara tamaşa etməyə başlayıram. Xatirələr məni necə götürüb illər öncəyə aparırsa yağışın altında dayanıb islandığımın fərqinə varmıram.
Universitetdən çıxardıq, heç kəs sezməsin, söz-söhbət olmasın deyə bura kimi bir-birimizdən aralı gələr, bu tində əl-ələ tutub hey baxışar, söhbətləşərdik. Səsimiz necə titrəyərdi, ürəklərimiz necə döyünərdi...
O vaxt həmin o sevgi dolu anların necə dəyərli, insan həyatının bəlkə də ən qiymətli hissəsi olmasını duymurduq. Yalnız indi, keçən illərin yüklərini çiynimə yüklədikdən sonra anlayıram ki, düz deyirlər, insanın ən böyük xoşbəxtliyi gəncliyi, sevib sevildiyi anlarıdır. Deməzsənmiş, insan uzun müddət sevmək arzusuyla, qısa müddət sevərək və daha uzun müddət sevgi xatirələriylə yaşayırmış.
...Deyəsən islanmağa başlayıram...
Onlar necə də bəxtəvər-bəxtəvər baxışırlar. Oğlan çeçələ barmağıyla qızın yanağındakı yağış damcısını necə nəvazişlə silir. Qız necə incə gülümsəyir.
Təsadüfə bax. Bir qədər öncə Stiv Cobsun ölüm yatağında ikən yazdıqlarını oxuyub təsirlənmişdim. Anlamışdım ki, sevginin əsl həqiqətdə nə olduğuna ən gözəl tərifi məhz o kişi verib.
Bura bizim daimi görüş yerimiz idi. Burada qovuşub bir-birimizdən ayrı qaldığımız müddətin hesabatını verdikdən sonra prospektlə üzüaşağı düşərdik. O, yanımca elə yüngülcə addımlayardı, sanki ayaqlarını asfalta yox, pambığa basır. Haçan diqqət edirdimsə, görürdüm addımlarımızı eyni vaxtda, eyni ayaqla atırıq. Hətta arada bu eynilikdən bezib bir addım ləngiyib ayağımı dəyişirdim, ahəngi pozurdum. Amma sonra başım nəyəsə qarışırdı, yenidən ayaqlarımıza fikir verəndə görürdüm ki, yenə də addımlarımız eyniləşib...
Yol boyu başını əsla qaldırmazdı, sanki oğlanla yanaşı gəzdiyinin suçunu duyardı... Bizi kiminsə görməsindən elə ehtiyat edərdi ki...
Oğlan qıza nəsə pıçıldayır, o da gülümsəyir. Gözləri neçə parıldayır qızın. Yəqin sevgi etirafını eşidir. Qızlar sevgi etirafını eşidəndə çiçək kimi açır, ayrılığın gəlişindən xəbərdar olanda isə saralıb solurlar.
Əslində, 25 ildə sevgi prosesində ən əsas dəyişən şey bilirsiniz nədir? O vaxt oğlan 2 qəpiklik tapanda, rastına telefon avtomatı çıxanda, bu telefon avtomatında novbəylə qarşılaşmayanda, qızın evdə danışmaq imkanı olanda – yəni böyük çətinliklər bahasına, 3 – 4 gündən bir qızla danışmaq imkanı əldə edərdi. Amma indi mobil telefon bu 3 – 4 gün intervalını haradasa 3 – 4 dəqiqə edib, ünsiyyət xoşbəxtliyini urvatdan salıb.
Stiv Cobs nə yazmışdı?
...
Hə, yazmışdı ki, hazırda xəstəxana çarpayısında uzanaraq bütün həyatımı xatırlayıram. Başa düşürəm ki, həyatım boyu qürur duyduğum bütün tərif və zənginlik indi olduğum qaçılmaz ölüm ayağında çox cılız görünür. Ömrüm uzunu qazandığım sərvəti özüm ilə apara bilmirəm. Özümlə apara biləcəyim yeganə şey – sevgi dolu xatirələrimdir.
Düzü, çox kövrəlmişdim bunları oxuyanda. Hətta gözlərim yaşarmışdı da.
Bu nədir, lap islandım ki.
Yağışın altında key-key durmağım yoldan keçənləri təəccübləndirir. Ayaq saxlayıb, bəlkə də, ağlını itirmiş birisi hesab etdikləri mənə diqqət yetirməyi özlərinə borc bilirlər.
Hərəsi başına bir şey keçirib. Ancaq çətir tutanı yoxdur.
Hətta oğlanla qız da maraqla mənə baxmağa başlayırlar.
Oğlan dəri gödəkcə geyinib. Qız plaşdadır. Mən də 25 il əvvəl dəri gödəkcə geyinməyi xoşlayardım. O isə plaş da geyinərdi, sırıqlı gödəkcə də.
Yağış – bütün bədii ifadə vasitələrini bir qırağa qoysaq, əslində buluddan damcı şəklində tökülən mayedir. Yağış damcılarının diametri 0,5 kvadrat millimetrdən 7 kvadrat millimetrədək olur. Su damçılarının yuxarısı enli, aşağısı nazikdir. Ən böyük damcılar paraşüt formasına malikdir. Damcıların düşmə sürəti isə ölçülərindən asılıdır. Xırda damcılar 2 – 6 metr/saniyə, böyüklər isə 9 – 30 metr/saniyə sürətə malik olur.
Bizim bir görüşümüz də eynən belə bir yağışlı gündə olmuşdu... Prospektlə islana-islana düz avtovağzalacan getmişdik. Həmişə dilotu yeyibmiş kimi danışan mən hey susurdum. Bu halım onu öncə təəccübləndirmiş, sonra qorxutmuşdu. Etiraf edim ki, qorxusu özünü doğrultdu. Həmin görüş bizim son görüşümüz oldu. Ertəsi gün ona dama-dama dəftər vərəqinə yazdığım şeirimi göndərdim. Vəssalam. Dörd il uzanan sevgi yolumuz beləcə qırıldı.
Kim bilir, indi haradadır, həyatı necə keçir. Heç bilmirəm də ki, əlləri yenə buztək soyuqdurmu, güləndə yenə yanaqlarında çökəklər əmələ gəlirmi, utancaqlığından yenə dəqiqəbaşı qulaqlarının dibinəcən qızarırmı, saçının şampun ətri yenə valehedicidirmi.
Həmin o bizi ayıran gündən düz iki gün öncə prospektdəki iri baqqaliyyə mağazasının qarşısında (indi yerində yapon restoranıdır) bizi dama-dama paltarlı bir qaraçı yaxalamışdı, əlindəki Borya adlı tutuquşu ilə falımıza baxmağa cəhd eləmişdi. Mən əyləncə sevənəm, «baxsın» demişdim, amma qız qorxmuşdu, əlimdən çəkib «gedək» söyləmişdi. Tutuquşunun biclik yağan muncuq gözlərindən baxışımı qoparanda qızın xeyli aralandığını görüb qaraçıya üzrxahlıq edərək qızın ardınca götürülmüşdüm. Soruşmuşdum ki, niyə axı qoymadın gələcəyimizi bilək. Qəribə bir fikir bildirmişdi. Demişdi ki, fal – falçının əhval-ruhiyyəsindən asılı olaraq ağlına gələni söyləməsidir. Təəssüf ki, zaman aldanaraq bu söylənilənləri gec-tez reallaşdırır...
Buna deyərlər, təpədən dırnağa qədər islanmaq. Amma heç bir narahatlıq duymuram. Hətta əllərimi kənara açıb, başımı arxaya əyib lap uşaq kimi üzümü yağışın altına tuturam.
Yağış – 0 dərəcə C-dən aşağı temperaturda soyudulmuş damcılar və buz kristarlarından ibarət olan qarışıq buludlardan tökülür. Yağış buludlarının yaranması müxtəlif temperaturlu iki hava kütləsinin qarşılaşmasından, habelə rütubətli havanın yerin soyuq qatı ilə təması nəticəsində baş verir.
Stiv Cobsun bayaq oxuduqlarımın içində nöqtə-vergülünü, tiresini belə heç vaxt unutmayacağım bir cümləsi var, yazır: «Hər birinizin həyatında pərdələrin enəcəyi gün gələcək, yalnız həmin gün başa düşəcəksiniz ki, sizin tək xəzinəniz – sevginizdir».
Qoyun görüm, o uzaq illərdə yazdığım və dama-dama dəftər vərəqinə köçürüb ona yolladığım şeiri xatırlaya bilirəmmi...
...
Hə, xatırladım.
Bir gün yeri-göyü başına alan
selləmə bir yağışın
ucundan tutub
gəlsəm, gəlsəm,
sənə çata bilərəmmi?
Yağışa qarışaraq
yanağın boyunca axan
göz yaşlarını
tapıb silərəmmi?
Biz axı yağış dəlisiydik.
Yağış təki
küçələr boyu axardıq,
Sonra da üz-gözümüzdən su süzülə-süzülə
bəxtəvər-bəxtəvər
baxışardıq.
«...Baxışında soyuqluq...»
«Ürəyində yadlıq...»
«Dilində yalan...»
Nə bilim daha nə, daha nə,
yüz cürə uydurma,
yüz cürə əfsanə
...Təkcə sənə yox,
özüm özümə də yükəm.
Neynəyim, gülüm,
Başıma haranın daşını töküm?
Əzəli bizsiz yazılan,
sonu bizsiz pozulan
ömür deyilən yükü çəkə-çəkə
düşmüşük qarğışa.
Sən Allah, çətir tutma,
sən Tanrı,
çətir tutma yağışa...
Yox, bu yağış kəsənə oxşamır. Navalçalardan şırıltı ilə gələn su daş döşənmiş səkinin üzəri ilə yürüş edir. Kontur kağızları, siqaret kötükləri qayıqlara, gəmilərə çevrilib limanlarına doğru üzməkdədirlər.
Dabanlarımı yerə sıxıb pəncələrimi qaldırıram ki, ayaqqabımın içinə su dolmasın.
Nədirsə bu mart bizim Abşerona dalbadal yağışlar yağır. Gözlənilməzdir.
Ən çox yağışlar rütubətli küləklərlə yüksək dağ silsilələrinin qarşılaşdığı ərazilərdə olur. Dünyada yağışın ən çox yağdığı yer Hindistandadır – Benqal körfəzinin şimalı və Kxasi dağının cənub silsiləsi.
Mərkəzi Amerikanın bir hissəsi, Zond adaları, Amazonka düzənlikləri, Çin və Yaponiya da yağışın çox yağdığı yerlərdir. Ən az yağış yağan yerlər isə Saxara, Ərəbistan, İranın əksər hissəsi, bir də Aral – Xəzər çökəkliyidir.
Yüz faiz bu belədir. Biz – dünyanın ən az yağış yağan qurşağındayıq. Amma, sən gəl, indi bu yağışın yağmağına bax da.
Oğlan bir əlini cibinə qoyub, bir ayağını divara dirəyib. Ara-sıra dikəlir, sinəsini qabağa verir. O biri əlini də tez-tez telinə çəkir.
İnsan da insana bu cür oxşayarmı?
25 il əvvəli görürmüş kimi həsədlə, qibtəylə oğlanla qıza baxıram. Anlaşılmaz hisslər keçirirəm. Hərdən hansısa qüvvə məni onlara tərəf çəkir. Çəkir ki, adlarını öyrənim. Adlarını soruşanda və öz adlarımızı eşidəndə dəli olmarammı?
Elə bu vaxt gəlib beş addım aralıda bir qoca kişi dayanır. Təəccübümə səbəb olaraq mənə baxmağa başlayır, köks ötürür. Yağışdan islanmasın deyə ovcunda gizlətdiyi siqaretdən dərin qullab vurur.
Tanrım, bu qoca da eynən mənə bənzəyirmiş ki. 25 il sonramı görürmüş kimi qüssəylə, ümidsizliklə onun azacıq əyilmiş vücuduna tamaşa etməyə başlayıram.
Nəyə deyirsinizsə and içərəm, bu qoca düz 25 il əvvəl gəlib bax burada eynən mənim kimi dayanıb daha 25 il əvvəlki özünə və sevdiyi qıza bənzər cütlüyə – bizə tamaşa edib.
Hətta görüşlərimizi təsəvvürümdə canlandırmağa çalışıram ki, görüm ətrafdakı insanlardan diqqətimizi çəkən olmuşdumu...
Ay yağış, sən kəsəcəksən, ya yox?
Qabaqlar çətir gəzdirmək bir dəb idi. Göyün üstündə kiçicik bir qara bulud göründümü, kişilər qara, qadınlar alabəzək çətirlərini götürərdi. Günəş yandırıcı şüalarını səpələməyə başladımı, yenə hamı çətirə sarılardı. Amma indi az-az adamda çətir görərsən. Biri başına sellofan torba keçirir, biri portfelini tutur, biri qəzet bürüyür.
Onun çətirlərini heç unutmuram. Tanışlığımızın ilk iki ilində üstündə çəhrayı-mavi rəngli xırda gülləri olan ağ çətir götürərdi. Sonrakı il dayısı oğlu ona əskərlik çəkdiyi Polşadan tüng qırmızı rəngli, iri qızılı butaları olan əntiqə bir çətir gətirmişdi, onu götürürdü. Əvvəlki yerli istehsaldan olan çətiri yalnız yağışda götürdüyü halda bunu günəşdə də götürürdü. Bu çətir ayrı aləm idi, hamının diqqətini cəlb edirdi. Altına girəndə mən də qürurlanırdım.
Hansısa əli qırılmış metroda oğurladı o çətiri. Yazıq qız, növbəti il yenidən yerli çətir götürəsi oldu. Adicə saya qırmızı...
Bəlkə elə bu da tale işidir, bu səhər heç yağış yağacağı ehtimalı yox idi, amma mənim gözümə internetdə çətir barədə məlumat sataşmışdı: çətirlər sintetik, su keçirməyən neylon və poliamid materialdan düzəldilir, bu material metal məftillərdən ibarət karkasa bərkidilir. Eramızdan əvvəl XI əsrdə artıq çətirlərə rast gəlinirdi. Çətirin vətəni Çin və Misir hesab olunur. O vaxtlar çətir hakimiyyət simvolu sayılırdı, yalnız fironlar və imperatorlar, bir də onların ən yaxın ətrafı çətirdən istifadə etmək hüququna malik idi...
Oğlanla qız telefonlarının kamerasıyla yağışı çəkməyə başlayırlar. Oğlan çəkir, qıza göstərir. Qız çəkir, oğlana göstərir. Çox nikbindirlər, çox şəndirlər.
Yeri gəlmişkən, yağışın yağması yalnız atmosferdə müəyyən temperatur şəraitində mümkündür ki, bu şəraitə də yalnız Yer kürəsində rast gəlinir. Və bu şərait atmosferin aşağı qatlarında hava cisimlərini aqreqat halında qoruya bilən suyun hesabına mümkündür. Su yağışı yalnız bizim planetdə mövcuddur. Saturnda metan, Venerada isə sulfat turşusu yağışı yağır...
Oğlanla qız və qoca mənə, mən isə həm oğlanla qıza və həm də qocaya baxmaqdayıq.
Keçmiş, bu gün və gələcək. Bu gündən keçmişə, sonra gələcəyə... Bu gün sanki bir qatar platformasıdır. Oradan gah keçmişə, gah gələcəyə saysız-hesabsız qatarlar yollanır...
Qəfildən içimdə əminlik yaranır ki, düz 25 il bundan sonra eynən bu cür yağışda hansısa gənc oğlan və qız indi yağışdan daldalanan bu sevişən cütlüyün yerini tutacaq, indi mənə təəccüblə baxan bu sevən oğlan yaşlaşacaq, mənim bax bu indiki yerimdə dayanıb yağışdan islanaraq gənc oğlanla qızı süzəcək, mən də qocanın yerində qərarlaşıb qırışmış üz-gözümün suyunu silə-silə sevişən cütlüyə həsədlə baxan yaşlaşmış oğlana baxacaq, köks ötürəcəyəm...
Bəlkə də həmin gün yağış indinkindən daha güclü, yaxud daha zəif yağacaq. Və bəlkə də, həmin gün damcıların şırıltısına həzin bir səs də qoşularaq pıçıldayacaq:
Sən Allah, çətir tutma,
sən Tanrı,
çətir tutma yağışa...
Və az qala unudacaqdım.
Berjeron və Findayzen...
Yağış damcılarının tökülməsi yalnız bir halda – su damcıları buz kristalında donanda baş verir, bu proses olmasa yağış yağmaz. Su damcılarının buz kristalında donması prosesi də məhz Berjeron – Findayzen prosesi adlanır.
Yağış lap şiddətlənir. Məni gərək oğlanla qız da, qoca da bağışlasınlar, evə qaçmaq zorundayam.
Lənət şeytana, ayaqlarım nə yaman islanıb...
Paltarım ağırlaşıb, bədənimə elə kip yapışıb ki...
...
Görəsən, hər halda, o vaxt üzərində iri qızılı butaları olan tünd qırmızı rəngli çətiri kim oğurladı axı?
“Ədəbiyyat və incəsənət”
(12.11.2024)
OKEAN boyda insanlardan biri... - REKVİYEM
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bir neçə gündür ki, Sumqayıtdayam. Səhərlər dənizə gedir, axşamlar geri qayıdıram. Kompyuteri özümlə götürmədiyim üçün telefonda yazmaq səriştəsizliyinin ağrısını çəkirəm. Nə isə, bu gün sizə Zülfüqar Rüfətoğlundan söhbət açmaq istəyirəm.
Bu yerdə ABŞ-ın Kaliforniya ştatında Sakit okeanın sahilində dayanmağım, nəğmə oxuyan dalğaların qarşısında sükutum yadıma düşdü…
Bu adam sadəcə istedad deyil, Okeandır, Okean adamdır…
Əvvəlcə tərcümeyi-halına baş vuraq:
Zülfüqar Rüfətoğlu 1958-ci il iyunun 22-də Bakı şəhərində anadan olub. 1965-1975-ci illərdə 172 saylı orta məktəbdə təhsil alıb. 1975-ci ildə həmin məktəbi qızıl medalla bitirib. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil alıb, 1980-ci ildə buranı fərqlənmə diplomi ilə bitirib. Hərbi xidmətdən sonra 1985-ci ildə "Azərbaycan qadını" jurnalında jurnalistika fəaliyyətinə başlayıb. 1986-cı ildə "Sovet kəndi" qəzetində, 1987-ci ildən isə "Kommunist" qəzetində fəaliyyət göstərib. "Kommunist" qəzetinin əlavəsi olan və 1989-cu ildən çıxan "Səhər" qəzetinin yaradıcılarından biri olub. Müxtəlif illərdə "Xalq qəzeti" və "Azərbaycan" qəzetlərində çalışıb. 1990-cı ildə "Kommunist" qəzetinin ən gənc şöbə müdiri olub. 1990-cı ildə atası Rüfət Əhmədzadənin pyesi əsasında "Şirbalanın məhəbbəti” filminin ssenarisini yazıb. 1985-1994-cü illər arasında bir çox mahnı sözləri bəstələyib. Emin Sabitoğlu, Eldar Mansurov, Cavanşir Quliyev kimi bəstəkarlarla birgə çalışıb. 1991-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb. 1980-1994-cü illər ərzində isə "Elm və həyat" jurnalında dilçiliklə bağlı yazdığı məqalələr dərc olunub. 1993-cü ildə "Röyter" agentliyinin kurslarında dəvət olunub və burada təhsil alıb. 1994-cü ilin dekabr ayından isə BBC Azərbaycan xidmətində işləməyə başlayıb. 1996-cı ildə Qarabağ müharibəsi başlandığı tarixdən sonra Ermənistana, Şuşa və Xankəndinə səfər edən ilk azərbaycanlı jurnalistdir. Bu səfərindən sonra 10 hissədən ibarət "Atəşkəs kölgəsində" radiooçerklər silsiləsi yaranıb. 2000-2001-ci illər ərzində BBC Azərbaycan xidmətinin prodüseri kimi fəaliyyət göstərib. Daha sonra BBC Azərbaycanın əsas müxbirlərindən biri olub. Fəaliyyət göstərdiyi müddətdən burada "Çətin sual", "Sənin səsin" adlı həftəlik proqramları yaradıb. 2014-cü ildə ağır xəstələnərək komaya düşüb. Bundan sonra müstəqil jurnalist kimi fəaliyyət göstərir...
İlahi, tərcümeyi-halının şərhi nə uzun çəkdi? Hamısını çatdıra bildimmi?
Hə, harada qalmışdım, okeanda. Dalğaları ilə sal qayalara çırpılan okeanda. Balinaların, köpək balıqlarının məskənində. Yəni Zülfüqar Rüfətoğlunda…
Bəzən biz bir-birimizi sevməkdə aciz oluruq. Düşünürük ki, əbədi yaşayacağıq. Və bu etinasızlıq bizi məhv edir. Kimdir Zülfüqar Rüfətoğlu? Əlahəzrət İstedadın ən yüksək zirvəsinə dalğaları ilə yetişə bilən OKEAN boyda insanlardan biri. Budur yaradıcılıq və qeyri adilik...
Xəbər gəlib ki, haqqa qovuşub. Yeri cənnət olsun. Bu da onun bir şeiri:
Yenə Vaterloda veyillənirdim,
Hava da sərindi, yeri gəlmişkən,
Yıxılıb düşdüyüm gölməçə mənim,
Temzadan dərindi yeri gəlmişkən...
Özümü yetirdim qədim bir paba,
Tərslikdən yox idi bircə boş masa,
O anda nə qədər xoşbəxt olardım,
Bir alkaş getməkçün ayağa qalxsa...
Küncdəki masada oturan qadın,
Mənə çox baxırdı, yeri gəlmişkən,
Görüb üzümdəki çarəsizliyi
Yanına çağırdı yeri gəlmişkən...
Gözləri səmaydı, saçları günəş,
Səma da, günəş də mənə tanışdı,
Mən də bir girdirmə ingilis kimi,
Əvvəlcə havadan bir az danışdım.
Masanın altında zənbili vardı,
Söhbətçün bu idi gözümə dəyən,
Aşkarca, mənasız bir sual verdim:
“Milad bazarlığı etmisiz, deyən”...
Onun bu sualdan dodağı qaçdı,
Yerinə düşmüşdü, yeri gəlmişkən,
Mənə göstərməkçün çantanı açdı,
Bayram sovqatıydı, yeri gəmişkən...
Bir-bir sadaladı hədiyyələri,
Ərindən başlamış, qardaşınadək,
Mənisə bir alçaq paxıllıq tutdu,
Həmin siyahıda olaydım gərək.
Sonra da taksiyə ötürdüm onu,
“Biz onda ayrıldıq”, Bayron demişkən,
Maşın tərpənəndə çevrilib dedi:
“Adım Katerindir, yeri gəlmişkən”...
Bəxtimin rəngində olan o taksi,
Tərpəndi, dərhal da tindən buruldu,
Mənsə isti-isti hiss etməmişdim,
Mənfur Vaterloda necə vuruldum.
Gözlərim apaçıq qalmışdı mənim,
İynəsi vurulmuş bir dəli kimi,
Donmuşdum küçənin ortasında mən,
Müzəffər Nelsonun heykəli kimi..
Hava şaxtalaşdı, qar da oturdu,
Yeriyə bilmədim, yollar sürüşkən,
Məni bir ingilis killeri vurdu...
Adı Katerindi, yeri gəlmişkən...
“Ədəbiyyat və incəsənət”
(12.11.2024)
Şəhidlər barədə şeirlər – ÜLVİ RƏFİYEV
Coşqun Xəliloğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ədəbiyyat və incəsənət”
ÜLVİ RƏFAİL OĞLU RƏFİYEV
(16.08.1996.-25.10.2020.)
Ordubad şəhərində anadan olmuş, Bakı şəhərindəki 263 nömrəli orta məktəbin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
Şəhid olduğu yer: Füzuli rayonu
Dəfn yeri: Suraxanı rayonu, “Dədə Qorqud” qəbiristanlığı
ÜLVİ KİMİ
Şəhidlər bir-birinə necə də bənzəyirlər,
Hər şəhidin həyatı şərəfli, mənalıdır.
Onlar uca məqamı əbədi bəzəyirlər,
Şəhid Vətən vurğunu, yurd-oba sevdalıdır.
Doğuldu Ordubadda, Bakıda yaşa doldu,
Ziyalı ailənin sevimli balasıydı.
Məktəbə yollananda fərəhləndi, şad oldu,
Rəfiyevlər nəslinin xoş səsi-sədasıydı.
Arzuları tükənməz, xəyalı dəniz idi,
ADNSU-nun tələbəsi olanda çox sevindi.
Adı kimi özü də saf idi, təmiz idi,
Daha çox çalışmağın zamanı çatıb indi...
“Gənclik” ansamblına yazdıraraq adını,
Səylə, məhəbbət ilə, həvəslə çalışırdı.
Dərslərə, rəqslərə verib qəlbin odunu,
“Dayanmaq olmaz”, deyib, zamanla yarışırdı.
Nə qədər tədbirlərdə “Gəncliy”in gözü idi,
Dərslərini də Ülvi əlayla oxuyurdu.
Dostların sevimlisi, söhbəti, sözü idi,
Hər birinin elə bil ürəyini duyurdu.
Ülvi ali məktəbi başa vurdu uğurla,
Diplom aldı, amma o, danışmadı qürurla.
Dedi, torpaqlarımız işğaldan olsun azad,
Yalnız onda sevinib yaşayarıq xoşbəxt, şad.
Ürəyinə dammışdı, haqq gələcək yerinə,
Necə şərəfli işdir Vətənə, elə xidmət,
Xidmətin başa vurub qayıtdı evlərinə,
Orada qazanmışdı Ülvi ehtiram, hörmət.
Vətən çağıran zaman oğulları haraya,
Ülvi də döyüşdədir, Ülvi yenə öndədir.
İgidlər bircə anda gəldilər bir araya,
Qaçan yağılara bax, bax, onlar nə gündədir.
Kəndlər, şəhərlər bir-bir düşməndən azad olur,
Füzulinin uğrunda döyüş oldu çox ağır.
Torpaq sahibin görüb, köks ötürür, şad olur,
Bu adi döyüş deyil, göydən od-alov yağır.
Ülvi qanlı döyüşdə aldı qəlpə yarası,
Bir anda zülmət çökdü, hər tərəf duman oldu.
Həkimlər çalışdılar, mümkün deyil xilası.
Köçdü xalqın qəlbinə, ölməz qəhrəman oldu.
Nişanlı idi amma, geymədi toy libasın,
Bu tale yazısıdır, yazını pozmaq olmaz.
Arzusu görmək idi Qarabağın xilasın,
Ülvi kimi mərdləri heç vaxt unutmaq olmaz.
14.11.2023.
“Ədəbiyyat və incəsənət”
(12.11.2024)
Kəlağayı günündə bizi nə gözləyir?
Könül, “Ədəbiyyat və incəsənət”
Xəbər verilir ki, noyabrın 26-da, saat 15:00-da Mirvarid Dilbazi Poeziya Məclisi ''Azərbaycan Kəlağayısı Günü''nü Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, AMEA Folklor İnsitutunun dəstəyi ilə Qurban Abbasov adına Mədəniyyət Sarayında geniş konsert proqramı ilə qeyd edəcək. Konsert barədə bilgilər almaq üçün Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlıya müraciət etdik. O bizə aşağıdakı açıqlamanı verdi:
2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Beləliklə, 26 noyabr - Kəlağayı Günü kimi qeyd edilir. Bu əlamətdar tarixin bu il 10 illik yubileyidir.
Kəlağayı sənəti xalqımızın milli mənəvi dəyərlər sistemində və adət-ənənələrində ən mühüm mədəniyyət nümunələrindəndir. Kəlağayı təkcə baş geyimi deyil, həm də sevgi və gözəllik rəmzidir, naxış və ornamentləri xalq məişətinin bir çox xüsusiyyətlərini, milli mənəvi dünyamızla bağlı mərasim və hadisələri, xalq sənətinin müxtəlif sahələrini təcəssüm etdirir. Həmçinin müxtəlif naxışlarla zəngin olan kəlağayıların hər birinin adının və naxışlarının fəlsəfəsi, təyinatı, xalq məişətində özünəməxsus yeri var.
Olduqca zərif, göz oxşayan baş örtüyü- kəlağayılarda el sənətkarlarının qəlbinin hərarəti duyulur. Kəlağayı milli baş örtüyü növü kimi qadınlarımızın geyimini tamamlamışdır. Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilir. Milli geyimlərimizin bir hissəsi olan kəlağayı Azərbaycan qadınının dəyanət, sədaqət, ləyaqət simvoludur, kəlağayı milli dəyərlərimizin daşıyıcısıdır, kəlağayıda qədim və milli ornamentlərimiz öz əksini tapıb. Nənələrimiz illərlə kəlağayını öz sandıqlarında qoruyaraq nəsildən-nəslə ötürüblər. Dövr dəyişsə də, illər keçsə də, kəlağayıdan heç vaz keçməyiblər, bu baş örtüyünü toxuduqları xalçalar tək qoruyub saxlayıblar.
Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksək keyfiyyətli kəlağayılar hazırlanıb. Mənbələrin məlumatına görə, hələ orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə də ixrac olunurdu. Bu kəlağayıların ən gözəl nümunələri hələ XIX əsrin ortalarından başlayaraq, Paris, London, Sankt-Peterburq, Moskva, Tbilisi və digər şəhərlərdə keçirilən beynəlxalq sərgilərin yüksək mükafatlarına layiq görülüb.
Xalqımızın şifahi xalq ədəbiyyatı nümunələrində, dastan, qoşma, gəraylı və bayatılarımızda, xüsusilə də aşıq poeziyasında kəlağayı haqqında olduqca maraqlı, poetik fikirlər əksini tapmışdır. Elə bu səbəbdən də, Qurban Abbasov adına Mədəniyyət Sarayının səhnəsində geniş konsert proqramı ilə çıxış edəcək və konsertdə daha çox qədim baş örtüyümüz olan kəlağayıya həsr olunmuş bayatılar, şeirlər, mahnılar səsləndiriləcək, yaşı əsrlərə söykənən qədimi kəlağayılar və müasir kəlağayılar, kəlağayıya aid rəsmlər sərgilənəcək.
Kəlağayı bayramına hər kəs dəvətlidi.
Giriş sərbəstdir.
“Ədəbiyyat və incəsənət”
(12.11.2024)
Azərbaycan Şeffild Universitetində təmsil olunub
İngiltərənin Şeffild Universitetinin ənənəvi “Ümumdünya Həftəsi”ndə ölkəmiz də təmsil olunub. Ölkəmizi universitetdə təhsil alan azərbaycanlı tələbələrin təsis etdiyi “Şeffild Azərbaycan Tələbə Cəmiyyəti” təmsil edib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tələbələr Azərbaycan guşəsi vasitəsilə xarici tələbələrə ölkəmiz haqqında geniş məlumat verib, Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar tarixi günlərimizdən bəhs ediblər.
Onlarla xarici tələbə Azərbaycan guşəsinə və stendə yaxınlaşaraq maraqlarını ifadə edib, ölkəmizlə bağlı müfəssəl məlumat alıblar. Tədbir zamanı iştirakçılara sualların verilməsi də böyük maraqla qarşılanıb və onların ölkəmizlə bağlı daha dolğun informasiya əldə etmələrinə vəsilə olub.
“Ümumdünya Həftəsi”ndə Azərbaycanın təmsil olunması ölkəmizin tarix və mədəniyyətinin, müasir inkişafının, özünəməxsus dəyərlərinin beynəlxalq miqyasda tanıdılmasına töhfə vermək baxımından xüsusi əhəmiyyət daşıyıb.
Qeyd edək ki, İngiltərədə fəaliyyət göstərən “Şeffild Azərbaycan Tələbə Cəmiyyəti”ni Şeffild Universitetində təhsil alan azərbaycanlı tələbələr 2023-cü ildə təsis edib. Cəmiyyət yarandığı gündən Azərbaycanın tarix və mədəniyyətinin, milli irsimizin təbliği istiqamətində fəaliyyət göstərir. Cəmiyyət davamlı olaraq seminarlar, sərgilər, mədəniyyət gecələri və müxtəlif interaktiv tədbirlər təşkil edərək ölkəmizi layiqincə təmsil edir.
“Ədəbiyyat və incəsənət”
(12.11.2024)
Cənub həsrətli inqilab şairi
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Mən nə şah, mən nə sultan, nə yaraşıq, nə ziynət,
Nə əfsanə, nə mələk, nə saray, nə səltənət,
Nə qədim əsrləri yada salıb ağlayan,
Nə ömrünü qəzələ, mərsiyəyə bağlayan,
Nə dövrün hakiminə şeir yazıb pul alan,
Nə cəlladlar önündə həyat üçün alçalan,
Nə peymana, nə saqi, nə sərab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.
Mən əyilib hakimin əllərindən öpmədim,
Şeirimi çiçək kimi ayaqlara səpmədim.
Nə aciz bir bəndəyəm, nə satılmış bir qulam,
Nə saray məddahıyam dərgahlardan qovulam.
Mən ellərin oğluyam, ellər böyütmüş məni.
Şeirim eldən alıbdır bu ilhamı, qüvvəni.
Mən nə şam, nə pərvanə, nə rubab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.
Mənim könül dəftərim bənzəyir gülüstana,
Onda yer verilməmiş qarlı qışa, tufana,
Bir bahar ətri vardır hər şeirimdə, sözümdə,
Baharın həsrətilə yaşayıram özüm də.
Mən əl açıb göylərdən diləmədim azadlıq,
Mənim arxalandığım onlardan daha artıq.
Ölkələr həsrət çəkən afitab şairiyəm,
Azadlığın carçısı inqilab şairiyəm.
Ötən gün cənub həsrətli xalq şairi, özünün təbirincə desək, inqilab şairi Balaş Azəroğlunun doğum günü idi.
Balaş Allahbaxış oğlu Abizadə 1921-ci il noyabr ayının 11-də Bakı şəhərində anadan olmuşdur. İlk orta təhsilin də burada almışdır. Şairin "Dnepr" adlı ilk mətbu şeiri də 1937-ci ildə Bakıda çap olunmuşdur.
1937-ci ildə əslən cənublu olduğu üçün o da, ailəsi ilə birgə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə sürgün edilib. Burada fars ibtidai məktəbində təhsil alıb. i1941-ci ildə İranda Milli azadlıq hərəkatına qoşulub və onun ən fəal üzvlərindən biri olub. 1942-ci ildə İran Xalq Partiyasına daxil olaraq 1943-cü ildə Azərbaycan zidd faşist cəmiyyətinin Ərdəbil vilayəti şöbəsinə sədr seçilib. Və bu cəmiyyətin mətbu orqanı olan "Yumruq" qəzetinin redaktoru olur. Azərbaycan demokratik firqəsi Ərdəbil vilayət komitəsinin şöbə müdiri, "Cövdət" qəzetinin redaktoru, Şairlər məclisinin Ərdəbil şöbəsinin rəhbəri olmuşdur.
1946-cı ildə Təbrizdə Milli Hökumət qurulanda ona Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini vəzifəsi verilib, həmçinin o, İran Azərbaycanı Milli Məclisinin deputatı, Yazıçılar və şairlər cəmiyyətinin idarə heyətinin üzvü seçilib.
İlk şeir kitabları da 1943 -1945-ci illərdə Ərdəbildə, Təbrizdə çap olunur.
Lakin Milli Hökumət elə qundaqdaca boğulur və Balaş Azəroğlu da bir çox həmkarı kimi Bakıya gəlir, 1947-1952-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alır. Eyni zamanda Cənubi Azərbaycan yazıçılar cəmiyyətinin sədri vəzifəsində çalışır.
1948 - 1953-cü illərdə Azərbaycan qəzeti redaksiyasında ədəbi-bədii şöbənin müdiri, 1953 -1956-cı illərdə məsul redaktor, 1956-1958-ci illərdə ADF MK-da təbliğat şöbəsinin müdiri, 1958-1959-cu illərdə Azərbaycan Ali partiya məktəbində xüsusi fakultənin dekanı işləyir. 1959-1963-cü illərdə ADF MK-nın sədr müavini seçilir.
O, 1963-1982-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına ədəbiyyat İnstitutunun orta əsrlər ədəbiyyat şöbəsinin baş elmi işçisi işləmişdir. 1966-cı ildə filologiya elmləri namizədi elmi adını almış,
1981–1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışmışdır.
1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin Cənubi Azərbaycan ədəbiyyatı üzrə baş müşaviri təyin olunmuş, həmçinin Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.
O, İran Xalq partiyasının və ADF MK-nın üzvü, SSRİ-də yaşayan iranlı siyasi mühacirlər cəmiyyəti Azərbaycan şöbəsi rəyasət heyətinin üzvü olmuş, bununla yanaşı, Azərbaycan SSR Yazıçılar İttifaqının plenum üzvü və katibi seçilmişdir. Çoxcildlik "Azərbaycan ədəbiyyatı"nın müəlliflərindən biridir.
Ədəbi və ictimai fəaliyyətinə görə Balaş Azəroğlu “Şərəf nişanı”, “Xalqlar dostluğu” ordenləri ilə, “21 Azər”, “Firdovsi” və digər medallarla, iki dəfə
1960-1971- ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə, 17 mart 1997-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
1981-ci ildə Azərbaycanın “Xalq şairi” adına layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. Şair 2011-ci il aprel ayının 24-də Bakıda vəfat edib.
Şairin qırxdan çox kitabı çap olunub, əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.
"Sinəm Savalan dağıdır", "Mənim köksümdə ürək dayananda, ürək vurmayanda köksümün altında vətən döyunür" söyləyən Balaş Azəroğlunun yaradıcılığının əsas motivini vətən, parçalanmış Azərbaycan, intizar təşkil edirdi.
Müasirləri onu novator, poeziyası ilə insanları ayağa qaldıran, mübarizəyə və gələcəyə səsləyən şair adlandırırdılar.
Balaş Azəroğlu ömür yolunu özü kimi cənub həsrətiylə yaşayan, elə özü kimi inqilabçı şair olan Mədinə Gülgünlə birləşdirir. O sadəcə vətəninə deyil ömür gün yoldaşına qarşı da çox sadiq olur. Mədinə xanım dünyadan köçəndən sonra da evdə onun səliqə səhmanını qoruyub saxlayır. Yaşadığı bina qəzalı olduğu və bütün qonşuları köçüb getdiyi halda o buradan köçüb getmək istəmir.
Balaş Azəroğlu gəncliyində çox ağır bir xəstəlik keçirir, hətta həkimlər onun öləcəyini deyirlərmiş. Lakin, Mədinə xanım öz ömür gün yoldaşı üçün bir quş tək çırpınaraq ölkənin ən yüksək səviyyəli insanlarıyla əlaqə saxlayaraq lazım olan dərmanları tapır. Sonralar Balaş Azəroğlu həmişə Mədinə olmasaydı mən cavan yaşda dünyadan köçərdim söyləyir.
“Ədəbiyyat və incəsənət”
(12.11.2024)