Super User
Aktotı Raimkulova Türk Dövlətləri Təşkilatının iclasında çıxış edib
6 noyabr 2024-cü il tarixində Bişkekdə Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov, Qazaxıstan Respublikasının Xarici İşlər naziri Murat Nurtleu, Türkiyə Respublikasının Xarici İşlər naziri Hakan Fidan, Özbəkistan Respublikasının Xarici İşlər naziri Bəxtiyar Səidov, Macarıstanın Xarici İşlər naziri Peter Siyarto, TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, həmçinin Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalı TurkicWorld-a istinadən xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında çıxış edib.
Aktotı Raimkulova çıxışında Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən, Türk dövlət Başçılarının, Xarici İşlər Nazirləri Şurasının Türk əməkdaşlıq təşkilatlarının qarşısına qoyulan və strateji sənədlərdə göstərilən vəzifələrin fəal şəkildə yerinə yetirilməsindən danışıb:
"Astana Sammiti Bəyannaməsinin direktivlərinə uyğun olaraq Bişkekdə Alıkul Osmonovun ev muzeyinin yenidən qurulması və bu mədəniyyət ocağının təhciz edilməsi işlərini uğurla başa çatdırdıq.
"Türk Dünyası – 2040" konsepsiyasını və "TURKTIME" təşəbbüsünü rəhbər tutaraq, hazırda türk dünyasının mədəni irsinin kataloqunu hazırlayırıq, eyni zamanda biz artıq Astanada beşinci Dünya Köçəri Oyunlarının keçirilməsini dəstəkləyərək qədim mədəniyyətimizin zənginliyinin nümayişinə töhfə vermişik.
TÜRKSOY və Türk Akademiyası kimi qardaş təşkilatlarla əməkdaşlıqda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanılması – UNESCO nöqteyi-nəzərindən” beynəlxalq konfransın keçirilməsini dəstəkləmişik. Hazırda Qurama və türk dastanları üçün çoxmillətli nominasiyaların tətbiqi üzrə üzv ölkələrlə əməkdaşlıq edirik.
Ədəbi-mədəni, o cümlədən tarixi irsimiz Fondun təsis etdiyi "Türk dünyasının görkəmli şəxsiyyətləri", "Türk ədəbiyyatının inciləri", "Türk ədəbiyyatının elmi inciləri" kitab seriyalarında doqquz kitabın uğurla nəşr olunması sayəsində daha da inkişaf etmişdir.
Yüksək keyfiyyətli elmi məzmunlu TurkDiscovery adlı Youtube Kanalı yaratdıq və rəqəmsal qarşılıqlı əlaqələri daha da genişləndiririk.
UNESCO 2024-2025-ci illəri Türk tarixinin əsas əsərlərindən biri olan Mahmud Kaşqarinin "Divani-Lüğat-ət-Türk" əsərinə həsr edib. Bu təşəbbüsə dəstək olaraq 2025-ci il ərzində Türk dünyası ölkələrində təqdim olunacaq beynəlxalq sərgilər təşkil edəcəyik. Həm də ilin sonuna qədər Parisdə UNESCO qərargahında bu mühüm işə həsr olunmuş elmi konfrans keçirməyi planlaşdırırıq".
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
Yunus Oğuz kitablarını hədiyyə etdi
Könül, “Ədəbiyyat və incəsənət”
Yazıçı-publisist Yunus Oğuz AzerGold şirkətinin təşəbbüsü ilə Daşkəsənin Quşçu kəndində açılan “Pulsuz oxu" kitab köşkünə öz tarixi romanlarını hədiyyə edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına yazıçı məlumat verib.
Qeyd edək ki, "AzerGold" QSC-nin təşəbbüsü və dəstəyi ilə Daşkəsən rayonunun ucqar Quşçu kəndinin mərkəzində kitab köşkü quraşdırılıb.
Cəmiyyətin hasilat fəaliyyəti apardığı bölgədə bu günə qədər icra etdiyi "Kitab sovqatı", "Uşaq kitab dostu" kimi bir sıra uğurlu maarifləndirici layihələrin davamı olan "Kitab köşkü" ətraf kənd sakinləri, xüsusilə uşaq və yeniyetmələr arasında mütaliə vərdişlərinin formalaşmasına, asudə vaxtın səmərəli təşkilinə və kitabın kütləvi şəkildə təbliğinə dəstək göstərilməsinə xidmət edir.
Günün 24 saatı ərzində kənd sakinlərinin sərbəst şəkildə kitabları əldə etməsinə imkan yaradan "açıq kitabxana" tipli kitab köşkündə dünya klassiklərinin əsərləri, müasir Azərbaycan və dünya ədəbiyyatı inciləri, həmçinin biznes və özünüinkişaf istiqamətləri üzrə nəfis tərtibdə dərc edilmiş ən yeni kitablar təqdim olunur. Oxucular seçdikləri kitabı mütaliə etdikdən sonra geri qaytarıb digər kitablardan bəhrələnəcək, bununla yanaşı, paylaşmaq istədikləri nəşri köşkə hədiyyə etməklə digər oxucuların da mütaliə etmələrinə imkan yaradacaqlar.
Köşk rübdə bir dəfə yeni nəşrlərlə yenilənəcək. Qeydiyyat əsasında ən çox kitab mütaliə etmiş oxuculara cəmiyyət tərəfindən həvəsləndirici hədiyyələr təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
AZƏRBAYCAN ƏSGƏRİ - Rəsmiyyə Sabir
Bəli, sabah Zəfər Günümüzdür. Bu barədə yüzlərlə şeir, hekayə yazılıb, film, rəsm əsəri çəkilib, musiqi bəslənib, tamaşa oynanıb.
“Ədəbiyyat və incəsənət” portalı sizə Zəfərimizlə bağlı bir şeir təqdim edir. Rəsmiyyə Sabirə aid bu şeir “Azərbaycan əagəri” adlanır.
Sən Vətən torpağında silinməyən bir izsən,
Bu günsən, gələcəksən, şanlı tariximizsən,
Sənin şücaətini necə vəsf eləyim mən,
Ey Odlar diyarının igid, qəhrəman əri,
Azərbaycan əsgəri!
Bu torpaq and yerimiz, sən qürur mənbəyisən,
Yolunu kəsə bilməz nə duman, nə də ki çən,
Vətənə sipər olan şəhidsən, qazisən sən,
Biz müqəddəs bilirik məzarın olan yeri,
Azərbaycan əsgəri!
Addımların titrədir dağı, dərəni, daşı,
Zəfərlə başa vurdun sən bu çətin savaşı, Hünərini unutmaz bu tarixin yaddaşı,
Cəngavər ruhlusan sən uzaq keçmişdən bəri,
Azərbaycan əsgəri!
Qutsal qanın qarışdı, torpağı Vətən etdin,
Şanlı zəfər yolunu rəşadətinlə getdin,
Qayaların buzunu nəfəsinlə əritdin,
Göytürk xaqanlarının xələfidir hər biri,
Azərbaycan əsgəri!
Şanlı qələbə çaldın, sənə zəfər yaraşır,
Şöhrətinin sədası indi sərhədlər aşır,
Sənə xalqın qəlbində məhəbbət aşıb daşır,
Qisasımızı alıb ovutdun dərdi-səri,
Azərbaycan əsgəri!
Əsla dayanma, igid, yürü ancaq irəli,
Döyüşlərdə hayqırtın dağı, daşları dəlir, Uzaqdan Bozqurdların ayaq səsləri gəlir...
Silinir yer üzünün bütün pisliyi, şəri,
Azərbaycan əsgəri!
Azərbaycan əsgəri!
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
“Zəfər Günü” münasibətilə tədbir keçirilmişdir
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Oğuz rayon Komitəsinin təşkilatçılığı ilə Oğuz rayon Təhsil sektoru ilə birgə Zəfər gününə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirə başlamamışdan əvvəl şəhidlərin məzarı ziyarət olunmuş, üzərinə gül-çiçək dəstələri qoyulmuşdur.
Tədbirdə şəhid ailələri, qazilər və müharibə iştirakçıları, Oğuz rayon İcra Hakimiyyətinin məsul işçisi Cavid Həmidov, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul işçisi Elxan Abdullayev, Oğuz rayon Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon Komitəsinin sədri Fərman İbrahimov, təhsil işçiləri, içtimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, şəhidlərin xatirəsi yad edilmişdir.
ATİAHİ Oğuz rayon Komitəsinin sədri Fərmanİbrahimov çıxış edərək Qarabağ müharibəsinin ağır sınaqları, ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar haqqında danışmışdır.
A.Əliyev adına Padar kənd tam orta məktəbinin direktor müavini Ş.Əliyev çıxışında Azərbaycanın oğullarının "Dəmir yumruq" kimi birləşərək öz torpaqlarını azad etməsi və onların qəhrəmanlarından söz açmışdır.
Daha sonra Oğuz şəhər E.Abdullayev adına 2 nömrəli internat tipli texniki təbiət təmaüllü liseyin direktoru Q.Süleymanova, Oğuz şəhər N.İbrahimli adına 3 nömrəli məktəb liseyin müəllimi A.Kərimli çıxış edərək Azərbaycan dövlətinin müstəqillik tarixindən, Azərbaycanın müxtəlif dövrlərdə xarici dövlətlərin işğalına məruz qalmasından, qalib bir dövlət və xalq kimi mövcud olmasından bəhs etmişlər.
Şəhid anası Gülər Cəfərova çıxış edərək belə bir tədbirin keçirilməsi üçün minnətdarlığını bildirmiş, şəhid anası kimi vətənə layiqli övlad yetişdirdiyi üçün fəxr etdiyini bildirmişdir.
YAP Oğuz rayon təşkilatının sədri S.Məhərrəmov və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul işçisi E.Abdullayev, Oğuz rayon Təsil Sektorunun müdiri S.Nəbiyev çıxış edərək 8 Noyabr “Zəfər Günü” münasibətilə hər bir kəsi təbrik etmiş, onlara öz səmimi arzularını söyləmişlər.
Tədbir bədii hissə ilə davam etdirilmiş, Vətənə və qəhrəmanlığa, şəhidlərimizə həsr olunmuş şeir və mahnılar ifa olunmuşdur.
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
“Bu, bizim həyatımızdır!” - AZƏRBAYCANDAN QAZAXISTANA
Yazar Aləm Kəngərli “Ədəbiyyat və incəsənət” portalına Qazaxısranda yaşayan soydaşımız Rəşid Həsənovun “Azərbaycandan Qazaxıstana” adlanan məqaləsini təqdim etmişdir. Onu oxucularımızın diqqətinə çatdırırıq.
Mən Qazaxıstanda doğulmuşam və orada yaşayıram. Uzaq və qorxulu 1938-ci ildə mənim əcdadlarımı Azərbaycandan sürgün ediblər. O müdhiş dövrdə qeyri-insanı Stalin rejimi insanları bütöv xalq olaraq repessiya edirdi. Bu cür hadisələr milyonlarla insanın şüurunda dərin iz buraxmışdır.
Azərbaycandan uzaq da yaşasaq, daim o torpaqlar bizi özünə cəlb etmişdir. Buna görə də mən bütün şüurlu həyatım boyu iki qardaş xalqın – Qazaxıstan və Azərbaycanın tarix və mədəniyyətini öyrənirəm. Çoxdandır ki, Qazaxıstan və Azərbaycan yazıçıları ilə tanış olmaq istəyirdim. Və tale məni belə insanlarla görüşdürdü. Bunlardan biri yazıçı publisist, Qazaxıstan Respublikasının ictimai xadimi Nəsihə Fumarqızıdır. Nəsihə xanımın yaradıcılığı zəngin və rangarəngdir. Onun fəaliyyətinin bir tərəfi də Qarabağ müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsinə istiqamətlənib. Nəsihə xanım məni öz tədbirlərinə dəvət edir və kitablarını mənə bağışlayıb.
Mən həmçinin Azərbaycan yazıçısı Aləm Kəngərli ilə də sıx əlaqələr qurmuşam. Aləm Kəngərli Azərbaycan Jurnalistlər İttifaqının və Yazıçılar Birliyinin üzvü , eləcə də “Məmməd Araz” mükafatı laureatıdır. Aləm Kəngərli öz yaradıcılığı ilə seçilən, yadda qalan yazıçılardandır. Onun şeirlərinin və hekayələrinin toplandığı bir neçə bədii kitabı mövcuddur. Azərbaycandan mənə göndərilən bu kitabları oxumaq ayrı bir zövqdür. Mən məmnunuyyətlə yazıçı Aləm bəyin yaradıcılığı ilə tanış olur və öz dostlarımı da onun gözəl əsərləri ilə tanış edirəm. Onun əsərləri olduqca həyati və duyğuludur. İstər doğma torpağımızın saf suları kimi təbii və rəvan olan şeirləri, istərsə də mövzusu bugünümüzün reallığından mayalanan bədii əsərləri insanın ruhunu oxşayır. Aləm Kəngərli mənə öz kitabları ilə yanaşı, Azərbaycan yazıçı və şairlərinin rus dilinə tərcümə olunmuş xeyli kitablarını da yollamış, Azərbaycan ədəbiyyatının Qazaxıstanda tanınmasına bu yolla da vəsilə olmuşdur. Bu ilin aprel ayında Özbəkistan, Türkiyə və Azərbaycan yazıçılarının iştirakı ilə Qazaxıstanda keçirilən möhtəşəm ədəbi tədbirdə çıxış edən Aləm bəy mənimlə də görüşməyə imkan tapmış, yenə əlidolu, kitab hədiyyələri ilə məni ziyarət etmişdir. Öz növbəmdə mən də xalqımın deportasiya tarixindən bəhs edən “İran Azərbaycanlılarının Qazaxıstana deportasiyası” kitabının müəllifiyəm. Mən də öz kitablarımı Qazaxıstan və Azərbaycandan olan yazıçı dostlarıma bağışlamışam. İnsanlar bizim xalqalarımızın nələrdən keçdiyini bilməlidirlər. Mən hesab edirəm ki, biz iki qardaş türk xalqının mədəniyyət və incəsənət xadimləri arasındakı əlaqələri mütəmadi olaraq dərinləşdirməliyik. Bu, bizim həyatımızdır! Bu, bizim vəzifəmizdir!
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
Sənə xidmətdən qürur duyuruq, Vətən!
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt Dövlət Rəsm Qalereyasının “Sənə xidmətdən qürur duyuruq, Vətən!” layihəsi çərçivəsində AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin dəstəyi ilə sözügedən qalereyada növbəti "Sizi xatırladır..." adlı sərgi-tədbir keçirilib.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə şəhid ailələrinin üzvləri, şair və yazıçılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Fərman Kazımov, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, Prezidentin fərdi təqaüdçüsü, şair Əşrəf Veysəlli, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Əli Kərim adına Poeziya evinin direktoru İbrahim İlyaslı, şair Süleyman Hüseynov və başqaları moderator Hafiz Ataxanlının təqdimatı ilə söz alıblar.
Çıxış edənlər şəhərimizdə şəhid ailələrinin və qazilərin daim diqqət mərkəzində saxlanıldığını, şəhidlərin xatirələrinin əbədiləşdirilməsinin, ailələrinin ziyarət edilməsinin dövlətimizin Vətən müharibəsinin iştirakçılarına göstərdiyi diqqətin, şəhidlərə ehtiramının bariz nümunəsi olduğunu vurğulayıblar.
Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbin şadirdlərindən ibarət xor qrupu vətənpərvərlik mövzusunda mahnı səsləndiriblər.
Eyni zamanda, AYB üzvü olan sumqayıtlı şair və yazıçılar şəhidlərin fotosu yerləşdirilən çərçivələrə həkk edilmiş adlı şeirləri səsləndiriblər. Hər bir şəhidin həyat yolu, arzu və istəyini özündə əks etdirən yığcam poetik nümunələr hər kəs tərəfindən minnətdarlıq hissi və alqışlarla qarşılanıbdır.
Sonda Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova layihənin mahiyyətini və əhəmiyyətini qeyd edərək sayca üçüncü olan sərgi-tədbirin ərsəyə gəlməsində dəstək göstərənlərə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, sərgi-tədbirdə bir neçə şəhidin xeyli şəxsi əşyası nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
“CIDIR DÜZÜ” - Eldar Əhədovun yol qeydləri
Rusiyada yaşayan həmyerlimiz, tanınmış yazıçı Eldar Əhədov Şuşa səfərinin təəssüratlarından bəhs edən “Cidir düzü” adlı yol qeydlərini “Ədəbiyyat və incəsənət” portalına ünvanlayıb. Onu sizlərə təqdim edirik.
Yazını dilimizə Əlviz Əliyev çevirib.
"Bura Cıdır düzüdür. Hər birimiz üçün əziz, doğma Cıdır düzü. Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. Biz Şuşaya qayıtmışıq, Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq..."
İlham Əliyev
Xankəndindən gedən yol sıx kolluqlarla örtülmüş qayaların arası ilə ilanvari, qıvrıla-qıvrila, dolanbac yolla bizim avtobusu daha yuxarılara, dağın başına qaldırırdı. Hər döngə bizi Şuşa ilə görüşmək məqamına daha da yaxınlaşdırırdı. Beləliklə, Xankəndi binalarının damları lap aşağıda qalmışdı. Bizim səyahət avtobuslarımız isə aramla, dayanmadan hərəkətdə idilər. Xaricdə yaşayan azərbaycanlı alimlərin Forumunun iştirakçılarından bəziləri səbrsizliklə, bəziləri nəzərəçarpan həyacanla, bəziləri isə maraqla avtobusun pəncərələrindən yolu müşahidə edirdilər. Bütün bunlara baxmayaraq, bizim çoxumuz üçün Şuşa qarşımıza qəflətən çıxdı. Avtobuslar həmin anda dayandılar və biz hamımız bizim üçün nahar hazırlanmış mehmanxananın yanında avtobuslardan çıxdıq. Burada bizi yalnız nahar deyil, həm Qarabağ universitetinin rektoru Şahin Bayramovla və onun rəhbərlik etdiyi ali məktəbin əməkdaşları ilə görüş gözləyirdi. Rektor bizə universitetin perspektivləri haqqında, qarabağlı gənclərin gələcəyə həvəslə can atmasından, ümidlərdən, layihələrdən əminliklə, gələcək uğurlara inamla danışdı.
Əminliklə demək olar ki, xaricdə yaşayan azərbaycanlı alimlərin dəstəyi Qarabağ universitetinin tələbələrinə bilik və bacarıqlarını artırmaqda öz töhfəsini verəcək. Buna heç kimin şübhəsi ola bilməz.
Biz rektora maraqlı sohbətə görə minnətdarlıq edib, nəhayət şəhərə tərəf üz tutduq. "Musiqiçilər və şairlər Tanrıya hamıdan yaxındırlar",- deyə dahi Sibir yazıçısı - cəbhədə olmuş Viktor Petroviç Astafyev tez-tez təkrarlayardı. Mən onunla uzun illər idi ki, tanış idim və çoxlu görüşlərimiz olmuşdu. O, yalnız "Çar-balıq" və "Vasyutkin gölü" əsərlərinin deyil, həm də müharibə dəhşətlərini özündə əks etdirən "Lənətlənmiş və öldürülmüşlər" romanının müəllifidir.
Budur, mən üç bərpa olunmuş nadir abidənin - insanlara həyatlarının son anlarına qədər bütün canlılara qarşı məhəbbət tərənnüm etmiş bəstəkar Üzeyir Hacıbəylinin, şairə Nətavanın və müğənni Bülbülün abidələrinin yanında durmuşam. Bu doğma torpaqda, doğma şəhərdə onlar doğulub, boya-başa çatmışlar. İndi bərpa olunmuş bu abidələr vəhşicəsinə güllələnmiş, bərbad hala salşnmış və metal qəbulu məntəqəsinə verilmişdi. Nədən belə oldu? Yalnız bir şeyi bilirəm - musiqiçilərə, şairlərə ucaldılmış abidələri dağıdanların özlərini insan adlandırmaq hüququ yoxdur...
Mən Nətavanın və Hacıbəylinin evlərinin dağıntılarını gördüm. O evlərə mərmi düşməmişdi. Onları oğrular dağıtmışdı. Mən onlara millət deyə bilmərəm. Şairlərin, musiqiçilərin abidələrini güllələyənlərin, qapı, pəncərə çərçivələrini, qab-qacağı, ayaqyolu çanaqlarını oğurlayanların milliyyəti olmur və ola da bilməz.
Mən bulaqda üzümü yuyub, Şuşanın qala qapısına tərəf yollandım. Mənim həmkarlarımın çoxu artıq oradan keçib, qədim qala divarlarının o biri tərəfində fərəhlə fotosessiya həyata keçirirdilər. Mən isə öz diabetdən əziyyət çəkən ayaqlarımla onlardan çox geridə qalmışdım. Digər tərəfdən, qapının önündə yerin səthi o qədər nahamar və daşlı-kəsəkli idi ki, mənim piyada hərəkətimin sürəti demək olar ki, sıfıra düşdü. Eyni vaxtda həm ayaqlarımı hərəkət etdirmək, həm də müvazinətimi nahamar daşlıq yerdə saxlamaq çox çətin idi. Gözlənilmədən kiminsə nəvazişli və inamlı əli məni dirsəyimdən tutub, dəstəkləməyə başladı. Mən bu gənc qadının kim və nəçi olduğunu bilmirdim, amma o məni gözlənilməz xatalardan, bəlkə də illərlə yüz minlərlə insanların tapdayıb, hamarladığı daşların üstünə yıxılmaqdan xilas etdi. Onun köməyi təmənnasız, mənə qarşı rəhmindən irəli gəlirdi. Biz onunla doğma Azərbaycan dilində danışırdıq. Mən Gülxanım (o özünü belə təqdim etdi) xanıma öz həyatımın, həm də Şuşaya gəlməyimin məcazi mənasını, bunun yalnız bir səyahət olmadığını açıqladım. 20-ci ilin noyabrında bizim ordu Şuşaya həmlə edəndə mən Sibirdə polisin caynağına keçmişdim. Mənim üstümdə şəklim, adım, familiyam, doğulduğum tarix olan təqaüd vəsiqəsi var idi, amma pasport üstümdə deyildi. Serjant məni tutub polis məntəqəsinə sürüklədi. Onun familiyasının Çonayan olduğunu mən sonralar polis protokolundan öyrəndim. Mənə üzun müddət ayaq üstə durmaq və ayaqqabıda qalmaq olmazdı. Buna baxmayaraq, Çonoyan və həmkarları guya mənim şəxsiyyətimi məlumat bazasında yoxlamaq bəhanəsi ilə bir neçə saat yoxlama apardılar. Onlar mənə özümü rus kimi qələmə verməyə işarə edirdilər. Yəni onda onlar məni azad etməyə söz verirdilər. Mən isə azərbaycanlı olduğumu inadkarlıqla təkrar edirdim... Başa düşürsünüz, mən nəyin naminə öz ata, anamdan imtina etməliyəm?! Mən türkəm və türk olaraq da qalacam. Hətta məni şikəst etsələr də...
Budur, mən bir il bundan əvvəl bizim Vətənimizin tarixi haqqında mənzum "Xarıbülbül" dastanını yazan şəxsəm, indi də həyatımda ilk dəfə Şuşadayam.
Şuşanın cənub hissəsində "Cıdır düzü" deyilən düzənlik var. Qarabağ xanlığı dövründə burda ildə iki dəfə yüzillərlə ənənəvi olaraq qarabağ cinsindən olan atların yarışı keçirilib. Burada həm də xalq bahar bayramı Novruzu və başqa bayramları qeyd edir. Burada həm də indiki atla polo oyununun əcdadı sayılan atla idman növü "Çövkən" keçirilirdi.
Geniş dağ yaylası on doqquzuncu və iyirminci əsrlərdə plenar əsərlər yaradan rəssamlar üçün öz əsərlərini emalatxanada deyil, açıq təbiətdə, təbii işıqlı havada yaratmaq üçün sevimli məkana çevrilmişdi. Cidır düzündən görünən dağ mənzərələri doğrudan da təkrarolunmazdır. Burada həm musiqi, həm də ədəbi-bədii festivallar, yarmarkalar, bayramlar keçirilirdi. Burada 1989-cu ildən 1991-ci ilə qədər, sonradan 2021-ci ildən Şuşa azad olduqdan sonra yenidən həyata keçirilməyə başlayan "Xarıbülbül" festivalı keçirilir.
Mən hörmətli Gülxanıma o məni qolumdan tutub avtobusa qədər müşayyət edən zaman indiyə kimi heç kimə açmadığım gizli və gülməli görünən arzum haqda danışdım. Bu arzu Cıdır düzü yaylasına qalxıb, orada otların üstündə ayaqyalın getmək idi. Bəlkə də bundan sonra ayaqlarım bir daha bu sonuncu dörd ildə ağrıdıqları kimi ağrımayacaqlar. Əlbəttə belə düşünmək sadəlövhlükdür, amma siz harda möcüzəyə inanmayan şair görmüsünüz? Gülxanım məni avtobusa qədər müşayiət edib, arzumun çin olmasını arzuladı. Tezliklə avtobus yola düşdü. Amma bununla mənim çətinliklərim bitmədi. Avtobus Cıdır düzünə çatmamış sürücü dedi ki, bizim nəqliyyat vasitəmiz üçün yol çox yoxuşdur və biz bundan sonra piyada getməli olacağıq. Gedim, ya getməyim? Əgər söhbət arzumun yerinə yetirilməsindən gedirsə, onda getməmək nə deməkdir?! Mən getdim. Yol mənim üçün o anda həqiqətən çox yoxuş idi. Mən yenə də hamıdan arxada ayaqlarımı sürüyürdüm. Hətta bir-iki addım qalxmaq üçün mən tez-tez dayanmalı, ensiz səkinin hündür olmayan divarlarına soykənməli olurdum. Mən artıq başqa səyahətçiləri izləmirdim və yalnız ayaqlarımın altına diqqətlə baxırdım. Tər gözlərimə tökülürdü, köksümdə hava çatışmırdı. Birdən mənə sonsuz görünən yoxuşun mənim hərəkət istiqamətimdən sol tərəfində kiçik bir düzənlik sahəyə rast gəldim. Mən bu nisbətən düzənlik sahəyə döndüm. Aralıda üzərinə "Vaqif" yazılmış memarlıq abidəsi ucalırdı. Mən anladım ki, bu şair Vaqifin yaxınlarda bərpa olunmuş məqbərəsinin xiyabanıdır. Molla Pənah Vaqif Qarabağ xanlığının birinci vəziri, 18-ci əsrdə Azərbaycanın tanınmış siyasi xadimi, ən əsası isə Azərbaycanın görkəmli, xalq tərəfindən sevilən şairlərindən biri idi. Xiyaban mənə nəfəsimi dərməyə imkan verdi. Amma, mən həmin yolu Cıdır düzü yaylasına qədər davam etməli idim, yoxsa mən yuxarı qalxana qədər digərləri avtobusların yanına dönərdilər. Bu fikir məni irəliləməyə sövq etdi və mən yenidən yuxarı qalxmağa başladım. Bu mənim üçün son illərdə keçdiyim ən ağır metrlər idi. Vaxt var idi mən asanlıqla qayalara dırmaşar, Tayqanın cəngəlliklərindən keçər, Tundranın bataqlıqlarından da asanlıqla keçərdim. Keçirdiyim insult və ürəyimə qoyulan üç şunt əfsuslar olsun ki, keçmiş ekspedisiya "igidliklərini" təkrarlamağa imkan vermirlər. Axır ki, mənim səylərim öz bəhrəsini verdi və səxavətini göstərdi. Mənim gözlərim önündə Cıdır düzü yaylası açılan kimi... mən qarşımda əvvəlki xilaskarım Gülxanımı gördüm. Biz buradan yenə də qol-qola getdik. Sən demə o buraya Land Rover-də gəzməyə gəlib. Sürücüsündən mənə yaylaya qalxmağa kömək etməsini xahiş etdi. Görünür, onlar mən tısbağa sürəti ilə hərəkət edincə, məndən əvvəl buraya çatmışdılar.
Biz otlaq sahəyə çıxdıq. Mən ayaqqabımı və corablarımı çıxarıb, ayaqyalın Cıdır düzü ilə getməyə başladım. Ayağımın birində üçüncü barmağı hələ 20-ci ildə amputasiya etmişdilər. Mən birinci dəfə idi ki, əvvəllər heç vaxt görmədiyim, amma azad olunması uğrunda hətta özümdən asılı olmadan belə az da olsa öz qanımı tökdüyüm torpağa qədəm qoyurdum.
Mən indi Cıdır düzü ilə gülümsəyərək gedirdim. Mən özümü xoşbəxt sanıram və heç nəyə təəssüflənmirəm. Mən o vaxtlar bütün dünyaya səs salan "Şuşa, sən azadsan!" sözlərini xatırlayıram. Bu sözlər hələ də mənim qəlbimdə səslənir.
Gülxanım məni tək buraxıb, mənim üçün gözoxşayan təbii gözəllikləri, Cıdır düzünə qalxan yoxuşları videoya çəkməyə başladı. Bəlkə də biz Gülxanımla bir də görüşməyəcəyik, amma mənim üçün bundan sonra Şuşa Gülxanımı xatırladacaq, Azərbaycan mənim üçün alim qardaşlarım Məsud əfəndini, Bəxtiyar bəyi, Emil müəllimi, Akif müəllimi və xalqımın başqa-başqa nümayəndələrini xatırladacaq.
Bu, mənim doğma, xeyirxah, qurucu, yaradıcı, sevməyi və bağışlamağı bacaran xalqımdır!..
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
Soydaşlarımızın rəqs qrupu Kanadada birincilik əldə edib
Kanadanın Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Azəri Kalqari ulduzları” (“Azeri Calgary Stars”) rəqs qrupu Kalqari şəhərində keçirilən “Avropa xalq rəqsləri” müsabiqəsinin qalibi olub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müsabiqədə Azərbaycanla yanaşı Bolqarıstan, Ruminiya, Yunanıstan, Polşa, Ukrayna, Xorvatiya və digər Avropa ölkələrinin nümayəndələri çıxış edib.
Soydaşlarımızın baletin sintezi ilə təqdim etdiyi milli rəqslərimiz münsiflər heyətinin, eləcə də auditoriyanın böyük marağına səbəb olub.
Müsabiqənin ikinci turunda qrup dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operasından musiqi ilə çıxış edib.
Azərbaycan rəqs qrupunun çıxışını münsiflər heyəti yüksək qiymətləndirib və “Azəri Kalqari ulduzları”nı 1-ci yerə layiq görüb.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlıq etdiyi və fəaliyyətini dəstəklədiyi Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyətinin nəzdindəki “Azəri Kalqari ulduzları” rəqs qrupunun uğur qazanmasında, rəqslərin qurulmasında və hazırlanmasında Azərbaycan Xoreoqrafiya Akademiyasının məzunu, "Türksoy Özəl Ödül" müsabiqəsinin laureatı Lalə Aslanurun da böyük əməyi var.
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
Polşada Zəfər gününə həsr olunan “40-cı Paralel-Varşava” adlı konsert keçirilib
Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Polşa Azərbaycanlıları Şurasının, Polşa Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə Varşava şəhərində azərbaycanlı repçi Orxan Zeynallının iştirakı ilə 8 Noyabr – Zəfər gününə həsr olunan “40-cı Paralel-Varşava” adlı konsert proqramı keçirilib.
Diasporla iş üzrə Dövlət Komitəsindən “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, repçi Orxan Zeynallının və vokalist Nərgiz Məcidlinin ifasında səsləndirilən “40-cı Paralel”, “Torpaqdan Ev” və digər rep, eləcə də musiqi nömrələri böyük maraqla qarşılanıb. Konsertə Avropanın müxtəlif şəhərlərindən 700 nəfərdən çox adam qatılıb.
Zəfər günü münasibətilə tamaşaçıları təbrik edən Orxan Zeynallı torpaqlarımızda bir daha müharibənin olmamasını arzulayıb. Konsertə dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə, təşkilatçılığa görə Polşa Azərbaycanlıları Koordinasiya Şurasına təşəkkür edib.
Konsertin növbəti günü Varşava Azərbaycan Evində Orxan Zeynallının pərəstişkarları ilə görüşü təşkil edilib. Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Mehriban Sultanova Varşava Azərbaycan Evində görüş iştirakçılarınısalamlayaraq, qarşıdan gələn 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü, 12 Noyabr – Konstitusiya Günü və 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə onları təbrik edib.
Çıxışlarda Komitənin dəstəyi ilə dünyanın bir çox ölkələrində 8 Noyabr – Zəfər günü münasibətilə tədbirlərin təşkilinin, bu bayramın xaricdə yaşayan soydaşlarımızla birgə qeyd olunmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Tarixi zəfəri xalqımıza yaşadan, müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan silahlı qüvvələrinəminnətdarlıq bildirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib, qazilərə və müharibə iştirakçılarına can sağlığı arzulanıb.
Görüş Orxan Zeynallının və soydaşlarımızın səmimi söhbəti ilə davam edib. Sonda xatirə şəkli çəkdirilib.
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)
“Vətən səsi”nin əməkdaşı Şanlı Zəfərimizlə bağlı bədii qiraət müsabiqəsində təltif edilib
Günel, “Ədəbiyyat və incəsənət” üçün
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 04, 05 noyabr 2024-cü il tarixlərində 44 günlük Vətən müharibəsində qələbəmizin 4-cü ildönümünə həsr olunmuş «ZƏFƏRİMİZ-ŞƏRƏFİMİZ» aslı bədii qiraət müsabiqəsi keçirilib.
Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində keçirilən müsabiqənin 1-ci günü Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Akademik Rus Dram Teatrı, Milli Gənc Tamaşaçılar Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Bakı Bələdiyyə Teatrı, Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Qazax Dövlət Dram Teatrı,
Qusar Dövlət Ləzgi Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bakı Dövlət Universitetini təmsil edən iştirakçılar çıxışlarını təqdim etdilər. Münsiflər heyətinin üzvləri – Əməkdar artist Azad Şükürov (sədr), Xalq artistləri Hacı İsmayılov və İlham Namiq Kamal, Əməkdar İncəsənət xadimi Hafiz Quliyev və mədəniyyətşünas Aidə Qafarova Şanlı Zəfər tariximizə həsr olunmuş nümunələri canlı şəkildə dinləyərək yekun qərar verdilər.
Münsiflər heyətinin qərarına görə “ZƏFƏRİMİZ-ŞƏRƏFİMİZ” adlı bədii qiraət müsabiqəsinin nəticələri aşağıdakı kimi müəyyən edildi:
Məhsəti Tahirzadə, Yaroslav Trifonov, Rəşad Səfərov, Günel Həmidova, Nəsimi Məmmədzadə, Banu Muharrem, Mirxədicə Mirzəyeva, Ramella Rzayeva, Məhəmməd Hacıyev, Elvin Nuri, Gülgəz Soltanova, Məlahət Vəliyeva, Elmir Hümbətov, Kənan Hüseynov uğurlu iştiraka görə;
Nəzrin Abdullayeva, Ruslan Pavlov, Dilarə Nəzərova, Zakir Fətəliyev, Şölə Alışova, Səbinə Məmmədzadə, Kamil Nazim (müstəqil iştirakçı), Şəhla Məmmədova, Aysu İsmayılova, Safura Heydərova (müstəqil iştirakçı), Hakim Cəfərli, Elməddin Zakirli, Saleh Cümşüdlü, Əliulla Vəliyev, Fatimə İsayeva müsabiqədə iştiraka görə diplomla təltif olundular.
Qeyd edək ki, müsabiqədə “Vətən səsi”nin əməkdaşı Mina Rəşid də müstəqil iştirakçı kimi “Zəfər günün mübarək” adlı müəllifi olduğu şeirlə qatılaraq uğurlu iştiraka görə diplom və pul mükaftı ilə təltif edilib.
Noyabrın 5-də müsabiqə iştirakçılarına diplomlar təqdim olundu.
İttifaqın Sədri Hacı İsmayılov iştirakçıları salamladıqdan sonra tədbir iştirakçıları şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Çıxış edənlər – Hacı İsmayılov, Azad Şükürov, İlham Namiq Kamal, Hafiz Quliyev 44 günlük Vətən müharibəsində Şanlı qələbəmizdən, keçirilən müsabiqənin əhəmiyyətindən danışdılar. Diplomların təqdimatından sonra iştirakçılarla xatirə şəkilləri çəkildi.
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)