Super User
POETİK QİRAƏTdə Musa Ələkbərlinin “Qoyma məni qocalmağa…” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə bir vaxtlar hədsiz sevilən, amma bu sevgiyə rəğmən hazırda kölgədə qalan şairimiz Musa Ələkbərlini görüşdürürəm.
Dünya sevgili dünyadı,
Qoyma məni qocalmağa,
- deyən şair həqiqətən də növbəti gözəl sevgi şeiri ərsəyə gətirib.
Xoş mütaliələr.
Ay tanrının söz sovqatı,
Göy uzaqdı, yer də qatı.
Kökdə saxla bu ovqatı,
Qoyma məni qocalmağa.
Kürsülərdə gur səsim ol,
Birincilik həvəsim ol.
Təngiyəndə nəfəsim ol,
Qoyma məni qocalmağa.
Üzüyümün qaşındasan,
Ürəyimin başındasan.
Sən gözəllik yaşındasan,
Qoyma məni qocalmağa.
Od sozalır ocağımda
Dərd boy verir qucağımda,
Çox kövrəyəm, bu çağımda
Qoyma məni qocalmağa.
Kamanında telə döndər,
Köksünə tax gülə döndər,
Ya da yandır külə döndər,
Qoyma məni qocalmağa.
Yoxuşlarda inadımsan,
Səmalarda qanadımsan,
Sevgi dolu həyatımsan,
Qoyma məni qocalmağa.
Ömür şirin bir röyadı,
Məhəbbətdi duzu-dadı.
Dünya sevgili dünyadı,
Qoyma məni qocalmağa,
Qoyma məni qocalmağa!!!
Ədəbiyyat və incəsənət”
(11.11.2024)
Gülüş klubunda Donald Trampın kitabı
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Bir Amerika lətifəsi ilə başlayaq.
Bir nəfər Vaşunqtondakı kitab mağazasına girib deyir:
-Sizdə Donald Trampın qeyri-leqal miqrantlar barədəki kitabı varmı?
Satıcı qadın qışqırır:
-Bu dəqiqə buradan rədd olun və bir də heç vaxt bura ayağınız dəyməsin!
Alıcı deyir:
-Bəli, bəli, məhz həmin sözlərlə başlayan kitab, yumşaq cilddə.
2.
Kərə yağının qiyməti az qalır gedib bitkoinin qiymətinə çatsın.
3.
DƏHŞƏT FİLMİ
Məmmədkərim gecələmək istədiyi ucqar dağ otelinin içərisindəki ölümcül sükutdan, içəridəki qaramatdan vahimələnib lakeydən ehtiyatla soruşur:
-İşlədiyiniz müddətdə burda qeyri-adi hadisə baş veribmi?
Lakey boynunun ardını qaşıyıb deyir:
-On iki il əvvəl bir hadisə olub. Bizdə gecələyən bir pasient səhərə salamat çıxıb və evinə gedib.
4.
Alimlər sübut ediblər ki, Damda yaşayan Karlson sadəcə banal virusdur. Çünki o, hər dəfə Balaca pəncərəni açan kimi peyda olur.
5.
COP BAYATILARI
Əzizizyəm, gəldin COP
Düşmənlər hey edir gop
Bizim gücə sən güc qat,
Qoy onlara deyək stop
Əziziyəm, COP mənim
Meşəm, çölüm, çəmənim
Novruz nəyimə lazım
Sən ol mənim səmənim
Əzizim COP gözəlsən
Sən şeirsən, qəzəlsən
Hamı səni çox sevir
Bizimçün çox özəlsən!
Əziziyəm COP olsun
Bakı qonaqla dolsun.
29 bizdə oldu,
30 da bizdə olsun!
Müəllif: Zülqərneyn Vəsfipur
“Ədəbiyyat və incəsənət”
(11.11.2024)
Səhər oyanıb gördüm ki... - HEKAYƏ
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
... hər iki qolum çarpayımın kənarlarına qandallanmışdır və ovuc içlərimdə nə vaxt yaxıldığını bilmədiyim, sapsarı xına ləkəsinin izləri var. Saatın fərqində belə deyiləm, hətta bu çarpayıda nə qədər müddət hərəkətsiz olduğumu da bilmirəm. Elə hiss edirəm ki, elə bil ana bətnindən yenicə dünyaya gəlmişəm.
Yaşadığım situasiyanı az-çox dəyərləndirərək bu vəziyyətimlə bağlı nəsə bir tərslik olduğunu sezirəm. Bir müddət ətrafımı müşahidə etdikdən sonra anlayıram ki, mənim uzanaraq bir cüt gözümü zillədiyim nöqtə əslində otağımın döşəməsidir. Yatağım isə tavan və döşəmə arasında olan həmin o boşluqda üzür. Arabir isə öz limanına sərt şəkildə yaxınlaşaraq qayaya çırpılan gəmi kimi otağın divarlarına çırpılaraq bir addım əvvəlki yolundan boyun qaçırır.
Həyatımda nə isə tərs gedir, ya da həyatımda heç nə düz getmir. Amma vücudum döşəməni özü üçün yeni bir tavan qəbul edəcək dərəcədə bu tərsliyə çoxdan öyrəşmişib.
Bir an özümü yeni tavanımda parlaq işıq lampalarımı axtararkən tapıram. Amma bu addımımın mənim üçün böyük bir axmaqlıq olduğunu anladığım andan etibarən döşəmənin lampasından yönələn parlaq şüalar ilə kifayətlənməli olduğumu anlayıram.
Saatın kəfkiri çəkic kimi qarşılaşdığı ilk divari döyür, saat daim 09.00 göstərir, təqvim isə ayın mövcud olmayan gününə sabitlənib. Sağ əlimin ovuc içi, alnımın tam mərkəzi , boğazımla qulağım arasında bir yer qaşınır, amma sol əlim sağ əlimə, sağ əlim isə üzümə doğru uzana bilmir.
Otağımdakı pəncərənin gəlinliyi qollarını açaraq üzərimə doğru şığıyır. Qapı isə öz qəzəbinin təsirindən qəlibini sındırmağa çalışaraq hiss etdirir ki, məni gəlinciyə qarşı qısqanır.
Gözüm daim yatağımın yanındakı kiçik masa üzərində olan iki şərab qədəhinə sataşır. Üzü aşağı doğru olan qədəhlərdən döşəməyə bir damla belə şərab damcılamır. Yalnız o qədəhlərin birinin şüşəsi şəraba nüfuz edəcək bir şəkildə çatlayıb. Sınan parça şərabın təsirindən bihuş olmuş kimi özünü suya doğru atır.
Sağ ovcumun içini barmaqlarımla bütün gücümü sərf edərək qaşımağa çalışırarkən hiss edirəm ki, biləyimin gücü tükənir. Dırnaqlarımla qan gölünə çevirdiyim ovuc içim indi də məni şiddətli yanğısı ilə göynədir. Elə bu dəmdə sınan şüşə parçası şərabın içinə düşərək onu lərzəyə gətirir. Sağ əlim gəlincikdən meh dilənərkən, bir damla şərab ovcuma nüfuz edir. Bu, eynilə bədbəxt bir əkinçinin öz məhsulu üçün yağmur duasının Allah tərəfindən qəbulu təsirini bağışlayır. İndi xına ləkələri üzərindən axan damlaların şərab, yoxsa qan olduğunu müəyyən etmək mümkün deyil.
Bu damlalar mənim evimin yeni tavanına tökülür. Yerini və mənzilini unudan hər şeyə rəğmən bu damlalar öz nüfuz etməli olduğu yeri unutmayıbmış.
Öz-özümə bir sualı verməyin tam zamanı yetişib: “Görəsən, hər şey indi olduğu kimi öz yolunu tapa bilərmi? ”
Sağ əlimin ovcuna kök salan xına izləri büsbütün qanla yuyulub. İnsan qırmızının əsalətində deyil, çirkabında boğulduğu zaman cismin gözəlliyinin ruhun doymasından hökmən asılı olduğunu anlayırmış.
Gəlincik süzülərək boynuma dolanır, arabir ətəyi ilə qan izlərini təmizləyərək geri çəkilir. Qapı isə uzaqdan onunla mübarizəsini davam etdirməkdədir. Ömrün bu tozlu yollarında olanı və bitəni sadəcə izləyərək kifayətlənmək yetərli deyil, bilirəm. Amma mən izləyirəm, həm də üzərində ləkələrimi daşıyan o gəlinciyi izləyirəm. İndi onun tükənməyə meyilli dalğaları həzin-həzin boynuma dolanır. Bu bir son deyil, sadəcə mükəmməl başlanğıcın yazılmamaısna işarədir.
İndi qapı bütün mübarizəsini dayandıraraq öz qəlibinə sığınır. İndi birotaqlı, yeni tavan və yeni döşəməyə malik evimin tək gözündən çirkli bir pərdə asılmaqdadır.
Təqvimdə bilinməz bir gün, saat 09.00. Səhər oyanıb gördüm ki, hər şey tərs gedir, mən də düzəltməyə çalışmadım.
“Ədəbiyyat və incəsənət”
(11.11.2024)
Azərbaycan kinosu dünən, bu gün, sabah - TƏHLİL
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Azərbaycan kinosu zamanın əks-sədası kimi hər bir dövrün çətinlikləri, sevincləri və kədərini özündə cəmləyən bir sənət növüdür.
Tarixin müxtəlif mərhələlərində çəkilən filmlər, yalnız əyləncə vasitəsi deyil, həm də cəmiyyətin psixologiyasını, ideallarını və sosial dinamikalarını izah edən bir gücə sahibdir. Bu, filmlərin yalnız vizual təsirini deyil, həm də onların düşüncə və hiss dünyamızla necə əlaqə qurduğunu göstərir.
Azərbaycan kinosu, sosial məsuliyyəti, xalqın dərdlərini, sevinclərini və ümidlərini özündə yaşadaraq bəşəriyyətin zəngin mənəvi xəzinəsinə qatılıb.
Azərbaycan Kinosunun İnkişafı və Sosial Refleksiyası
Azərbaycan kinosunun əsas inkişaf mərhələləri, xüsusilə Sovet dövründən sonra, dərin tarixi və sosial dəyişikliklərə əsaslanır. İlk dəfə 20-ci əsrin ortalarında çəkilən "Arşın Mal Alan" kimi filmlər, cəmiyyətin mədəniyyətini və gündəlik həyatını əks etdirərək, sosial təbəqələşməni, insan münasibətlərinin kompleksliyini və dövrün romantikləşdirilmiş idealını özündə birləşdirib. Film, bir tərəfdən klassik Azərbaycan musiqisinin bədii tərcüməsi, digər tərəfdən isə kiçik bir kəndin ictimai həyatına dair dərin bir analizdir. O dövrün özünəməxsus vəhdətini, inkişafa olan ehtiyacı, hətta özünə dönük ideallarını müəyyənləşdirir.
Sovet dönəmində Azərbaycan kinosu
Bu dönəm, xüsusən 60-70-ci illər həqiqətən milli kinomuzun çiçəklənməsi, intibahı dövrü olub. O dövrdə çəkilmiş bir çox film kinomuzun qızıl fondunu təşkil edir. (“Bəxtiyar”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ögey ana”, “Ulduz”, “Əhməd haradadır”, “Şərikli çörək”, “Bizim Cəbiş müəllim”, “Yeddi oğul istərəm”, “Tütək səsi”, “Onu bağışlamaq olarmı”, “Uzaq sahillərdə” kimi filmlər heç vaxt dəbdən düşmür, yenə də milyonlarla insanın bezmədən izlədiyi filmlərdir.
Bu sırada “Nəsimi” (1973) filmi də yer alır.
“Nəsimi" filmi, təkcə bir şairin həyatını deyil, həm də ideallar uğrunda mübarizənin əhəmiyyətini tərənnüm edir. Bu film, zəmanə vi cəmiyyətin müxtəlif təbəqələri və həyat tərzləri arasında bir bağ quraraq, insanın mənəvi dəyərlərinin universallığını göstərir. Film, şair Nəsiminin həyatından daha çox, insanın öz kimliyini tapmağının və azad düşüncə uğrunda mübarizənin obrazıdır.
Müstəqillik dönəmində Azərbaycan kinosu
Müstəqil Azərbaycan kinosu, özünü yalnız mədəni təmsilçiliyi ilə deyil, həm də sosial və tarixi məqamları ilə göstərir.
Ən yeni filmlərdən biri "Vətəndaş A" (2024) filmidir. Bu film gənclərin öz mövqeyini tapmaq, hüquqlarını qorumaq və mühafizəkar, mürtəce cəmiyyətə qarşı mübarizə aparmaq əzmini təmsil edir. Həyatın müxtəlif çətinlikləri ilə üzləşən bu gənclər mübarizənin ruhunu yaşadır və gəncliyin sosial təzyiqlərə qarşı baş qaldırmasında daha çox fərdiliklərini qorumağa çalışır. Cəmiyyətin zamanla təkrarlanan, monotonlaşdırılmış problemlərini əks etdirən bu film, xüsusilə sosial və mədəni dəyişikliklərə dair bir çağırışdır.
Tarixi mövzulara yönəlmiş nümunələr
Azərbaycan kinosunun başqa bir gücü, tarixə olan bağlılığıdır. 1990-cı illərdə müharibə və sosial gərginliklərlə dolu dövrün izlərini çəkən "Tütək Səsi" filmi Azərbaycanın ən ağrılı dövrlərindən birinin tarixi və şəxsi anlarını açır. Film, yalnız ölkənin müharibə illərindəki dövrünü əks etdirmir, həm də insanın müharibə qarşısındakı ruh halını və psixoloji vəziyyətini göstərir.
Bu nöqtədə, tarixə müraciət edən filmlər, Azərbaycanın keçmişinə olan bağlılığını və cəmiyyətin bu keçmişdən necə öyrəndiyini açır. Həm "Koroğlu", həm də "Bütün yollar kəndə aparır" kimi filmlər, müxtəlif dövrlərin sosial və mədəni aspektlərini təqdim edərək Azərbaycanın kino tarixində əvəzsiz yerlərini qoruyurlar.
Ümumi refleksiya
Azərbaycan kino sənayesi, çoxşaxəli mövzularda özünü göstərir. "Arşın mal alan", "Nəsimi" və "Vətəndaş A" kimi filmlər arasındakı keçidlər, kinosal sənətin yalnız əyləncə məqsədini güdmədiyini, eyni zamanda ictimai məsuliyyət daşıdığını ortaya qoyur. Azərbaycan kino sənayesinin irəliyə doğru atdığı addımlar, həm də cəmiyyətin özünü tanıması və müasir dövrün cəmiyyətinin qarşısında duran sosial və mənəvi məsələlərin dərin təhlilini verir. Hər bir film, öz dövrünün, cəmiyyətinin və insanın dünyaya olan münasibətinin özünü təzahür etdirən bir aynasıdır.
Şübhə yoxdur ki, ot öz kökü üstündə bitdiyindən, kinomuz da öz çoxillik zəngin ənənələrinə istinad edərək inkişaf edəcək, sabahın kinosu müvəffəqiyyətlə çəkiləcək.
“Ədəbiyyat və incəsənət”
(11.11.2024)
BİRİ İKİSİNDƏ – Gənc yazarlar üçün nəzəriyyə dərsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün tanınmış ədəbiyyatşünas Məti Osmanoğlunun gənc yazarlar üçün növbəti nəzəriyyə dərsi təqdim ediləcək. Bu dəfə Məti Osmanoğlunun obyekti Oldos Hakslidir.
OLDOS HAKSLİ VƏ İSTEDADIN ÖLÇÜ VAHİDİ
İngilis yazıçısı və filosofu Oldos Hakslinin (1894-1963) əsərləri ictimai proseslərə kəskin tənqidi münasibəti ilə seçilir. O, dünya ədəbiyyatında antiutopik fantastikanın nümunəsi hesab edilən “Cəsur yeni dünya” (1932) romanı ilə daha çox tanınıb.
İngiltərə tarixində adı hörmətlə anılan ziyalı ailənin övladı olan Oldos Haksli – gənc yaşlarından görmə qabiliyyətində ciddi çətinliklər yaransa da – 1916-cı ildə kollec təhsilini tamamlayıb və həmin il ilk kitabını nəşr etdirib.
İntellektual əsərlər kimi səciyyələndirilən “Sarı boya” (1921), “Təlxəklər dövrəsi” (1923) və “Kontrapunkt” (1928) romanları o zamanın ideoloji və mənəvi böhranından bəhs edir. Hakslinin bu romanlarında insanlığın fəlakəti olan Birinci Dünya müharibəsinin dərin yaraları göynəməkdədir. Bu əsərlərdə müharibənin insanların içində yaratdığı mənəvi böhranın, ruhi sarsıntıların əks-sədası duyulur.
Oldos Hasklinin nəsrində reallıq ən müxtəlif xarakterlərin ərintisi kimi, fərqli qütblərə aid dəyərlərin qarışığı kimi göstərilir. Roman qəhrəmanlarının düşüncəsində müharibənin ağrılı xatirələri, yeni həyatın sarsıntıları, qorxu dolu gözləntilər həyat eşqi ilə qarışdırılır. Yazıçının təsvir etdiyi dünyada kədər, ruh düşkünlüyü ilə laqeydlik, mənəvi yadlıq iç-içədir. Zahirən xaotik təsir bağışlayan təfərrüatların montaj poetikası ilə bir araya gətirildiyi bu əsərlədə satirik gülüş nifrətlə müşayiət olunur.
Oldos Hakslinin “Cəsur yeni dünya” (1932) və “Meymun və varlıq” (1948) antiutopik romanları totalitarizmə qarşı yazılıb. Bu satirik əsərlər “istehlak cəmiyyətinin” standartlaşdırılmış həyat tərzini əks etdirir. Yazıçının fəlsəfi və sosioloji görüşləri “Cəsur yeni dünya” (1932) antiutopik romanında daha bariz şəkildə təcəssüm olunub. Rus yazıçısı Zamyatinin “Biz” romanındakı ədəbi eksperimentin davamı olan bu əsər sonradan C. Oruellin yaradıclığına da təsir göstərəcəkdi. Bu mütəfəkkir yazıçılar insanlara iki təhlükə barədə xəbərdarlıq etmək məqsədi güdürdülər və roman janrını bu xəbərdarlıq üçün ən təsirli vasitə hesab edirdilər. Bir əsr bundan öncə onlar bəşəriyyətin iki böyük təhlükə qarşısında olduğundan narahat idilər: birincisi, sürətlə inkişaf etməkdə olan texnikanın həyata müdaxiləsi, ikincisi, dövlətin gücyetməz zorakılığı.
Hakslinin utopiyası, əslində, ironik utopiyadır, parodiyadır, başqa sözlə desək, antiutopiyadır. Bu antiutopiyanın əhatə dairəsinə düşən cəmiyyəti idarə edən dövlətin əsas hədəfi xoşbəxtliyin yeganə mənbəyi olan insan fərdiyyətini məhv etməkdir. Oldos Haksli bununla xoşbəxtlik və azadlığın bir-biri ilə uzlaşa bilməyəcəyini göstərmək istəyir, azadlığa, sənətə, sevgiyə, mənəvi dəyərlərə, insan münasibətlərinə önəm verdiyini vurğulayır. Yazıçının düşüncəsinə görə, azadlıq, sənət, sevgi, mənəvi dəyərlər olmayan yerdə yaşamağın da mənası qalmır.
Oldos Hakslinin 1955-ci ildə nəşr etdirdiyi “Dahi və ilahə” romanında da insanlığın gələcəyi sarıdan narahatlıq, sosial tərəqqiyə və fərdin mənəvi potensialına inamsızlıq daha qabarıq nəzərə çarpmaqdadır. Yazıçı yaradıcılığının son dövründə mistisizmə meyillənib. Qədim Hindistan filosoflarının görüşlərindən və buddizm fəlsəfəsindən aldığı qənaətlərin təsiri ilə 1962-ci ildə “Ada” romanını yazıb.
Yaradıcılığa şeirlə başlayan Oldos Haksli romanlarla yanaşı, fəlsəfi əsərlərin və ədəbi-nəzəri səciyyə daşıyan esselərin də müəllifidir. Təqdim etdiyimiz “Sənətdə səmimiyyət” essesinin Azərbaycan oxucuları üçün də maraqlı olacağını düşünürük.
Məti OSMANOĞLU
Oldos HAKSLİ
SƏNƏTDƏ SƏMİMİYYƏT
Ədəbiyyat agenti[1] Maykl Cozef ədəbiyyatın biznes tərəfi haqqında son kitabında bestsellerdən bəhs edir. Kitab necə olmalıdır ki, “Ford” maşını, sabun və ya yulaf əriştəsi kimi satılsın? Yəqin ki, hamımızı bu sualın cavabı maraqlandırır. Əgər pula dəyən bir sirrimiz olsaydı, dərhal dəftərxana dükanına gedib, altı quruşa bir bağlama kağız alıb, həmin sirri sehrli hərflərlə yazıb altı min funta satardıq. Kağızdan faydalı material yoxdur. Bir pud dəmiri saat mexanizminə çevirəndə qoy bir neçə yüz dəfə, lap minlərlə dəfə bahalaşsın; lakin populyar romana çevrilən bir pud kağızdan, həqiqətən də, milyonlarla gəlir götürülə bilər. Bircə kağızı populyar ədəbiyyata çevirməyin reseptini bilsən, yetər! Amma heyif ki, bu resept heç cənab Cozefə də bəlli deyil. Yoxsa cənab Cozef, əlbəttə ki, bestsellerlər yazacaqdı, çünki bu, onun hazırkı işindən, yəni kitab satmaqdan daha sərfəlidir. Bestseller səmimi olmalıdır – cənab Cozefin deyə biləcəyi söz budur. Bu tamamilə doğrudur, faydasının az olduğu dərəcədə qeyd-şərtsiz doğrudur. Hər cür ədəbiyyat, hər cür sənət, yaxşı, ya da pis satılmasından asılı olmayaraq, səmimi olmalıdır. İstər Çarlz Harvisi[2], istərsə də Şellini[3] təqlid et, qərəzli saxtakarlıq çoxlu sayda insanı çoxlu sayda illər uzunu aldada bilməz. Müəllif yalnız özü olmaqla uğur qazanır. Bu, aydındır. Yalnız “Azad olmuş Prometey”i yazan Şellinin ağlı kimi bir ağıl bestseller yazacaq. Saxta əsərlərin yaradıcısı öz müasirlərini aldada bilər, gələcək nəsilləri isə şübhəsiz ki, aldada bilməyəcək.
Düzdür, ədəbiyyat tarixində bilərəkdən edilmiş saxtakarlığa az rast gəlinir. Saxta əsərlərin yaradıcıları arasında Yelizavet dövründə yaşamış Qrin də var. O, Marlonun pyeslərini və Lilinin[4] romanlarını alqışlayan publikanın rəğbətini qazanmaq ümidi ilə “Evfues” əsərini və Marlonun poetik üslubunu mənimsəyib öz adına çıxdı. Öz üslubundan istifadə edərkən Qrinin öz üslubu valehedici və şirindir. Amma onun öz adına çıxdığı başqasının qələmi kimdəsə təəssürat yaradacaq qədər inandırıcı deyil.
Sonrakı dövrdə adı ədəbi saxtakarlıqda hallandırılan daha bir müəllif fransız Katyul Mendesdir[5]. Onun şablon əsasında tikilmiş, iyrənc qırışlı əsərlərini oxuyanda bu əsərlərin bu qədər insanı necə aldatdığına təəccüblənirsən – onun qızılının parıltısı belə ucuzdur, brilyantları isə teatr rekvizitlərinə oxşayır. Mendes kimilər insanları nə ilə maraqlandıra bilər? Onların yazdıqları sənət nöqteyi-nəzərindən heç nədir, ya da heç nə kimidir, bu üzündən o üzü görünən bu əsərlər psixoloqu maraqlı və incə araşdırmalara həvəsləndirməyə qadir deyil. Bu insanlar pul üçün rəsm əsərlərlərinin və ya qədim mizlərin saxta surətlərini çıxardanlara bənzəyirlər. Amma qeyri-səmimi sənət bilərəkdən deyil, təsadüfən qeyri-səmimidirsə, müəllifin səmimi olmaq istəyinə baxmayaraq, qeyri-səmimidirsə, psixoloqun diqqətinə layiqdir.
Gündəlik həyatda səmimiyyət insanın iradəsindən asılıdır. Səmimi olub-olmamağa biz qərar veririk. Onda müəllifin səmimi olmaq istəyinə baxmayaraq, sənət əsərinin qeyri-səmimi ola biləcəyi barədə mübahisə etmək paradoks deyilmi? Əgər müəllif səmimi olmaq istəyirsə, mənə deyəcəklər, buyurun, ona burada öz bəd niyyətindən başqa heç nə mane olmur. Amma bu belə deyil. Sənətdə səmimi olmaq üçün təkcə səmimi olmaq istəyi yetərli deyil.
Həyatda səmimiyyət nümunəsi olsalar da, əsərləri qeyri-səmimi olan bir sıra sənətkarların adını çəkmək çətin deyil. Məsələn, Kitsin[6] və Şellinin dostu, nəhəng və təmtəraqlı dini rəsmlərin yaradıcısı Bencamin Robert Haydon belədir. Naşirlərin axmaqlığı ucbatından yarım əsrdir nəşr olunmayan tərcümeyi-halı bu qəbildən olan ən yaxşı kitablardan biridir, Haydonun həyatdakı səmimiyyətindən, nəcib idealizmindən, ilhamının çalxantılarından və oxucu üçün əziz olan saysız-hesabsız uğursuzluqlarından xəbər verir. Bununla belə, onun həyatını və ehtirasını əks etdirən rəsmlərə nəzər salın. Əgər tapa bilsəniz, bu rəsmlərə baxın, onlar qalereyaların divarlarında olmadığı üçün muzey zirzəmilərində saxlanılır. Buradakı ehtişam saxtadır, ehtiras soyuq və şərtidir, hiss parodiyadan və ritorikadan ibarətdir. Haydonun rəsmləri “qeyri-səmimidir” – istər-istəməz ağıla gələn bu söz olur.
Belçika rəssamı Virts də insan ilə rəssam arasındakı heyrətamiz təzadı göstərir, şəhərdəki təsviri incəsənət qalereyası ilə müqayisədə Vertsin Brüsseldəki emalatxanasına onun rəsmlərinin estetik dəyərə malik olduğuna və ruhu həyəcana gətirdiyinə görə deyil, əndazəsiz ölçüsünə və dəhşətli dərəcədə sentimentallığına görə daha çox insan gəlir. Bu əsərlərin Mikelancelonun xəyallarının daşıyıcısı olan müəllifi rəssamlığın Barnumu[7] oldu, onun muzeyinə sanki dəhşətli görüntülər otağına gəlirmiş kimi gəlirlər.
Əsərləri qeyri-səmimi və köntöy olan Alfyeri[8] də səmimi və dərin insanlar kateqoriyasına aiddir. Onun tərcümeyi-halı ilə bu küt, təmtəraqlı, basmaqəlib faciələrin eyni adam tərəfindən yazıldığına inanmaq çətindir.
İş bundadır ki, sənətdə səmimiyyət insanın iradəsindən, düzlüklə vicdansızlıq arasında mənəvi seçimindən asılı deyil. Bu, əsasən, istedaddan asılıdır. İnsan bəzən səmimi, dərin kitab yazmağı bütün qəlbi ilə istəyir, amma buna istedadı əl vermir. Niyyətinin əksinə olaraq, kitab cansız, yalançı çıxır, şərtiliklər və teatrallıqla dolu olur; yazdığı faciə poza verməyə və faqqılığa, yazdığı dram isə şümal melodrama çevrilir. Bütün bunları oxuyan tənqidçi əsnəyir, üzünü turşudur. Kitab qeyri-səmimidir, qərarı tənqidçi verir. Əsəri ən xoş niyyətlə yazan müəllif tənqidçinin ilk baxışda onun ədəb-ərkanını, mənəvi ləyaqətini şübhə altına alan, əslində isə intellektual qabiliyyətlərini ləkələyən hökmündən hiddətlənir. Çünki sənət dilində “səmimi olmaq” “psixoloq olmaq, düşüncə və hissləri təcəssüm etdirmək vergisinə sahib olmaq” deməkdir.
Bütün insanlar, əsasən, eyni hissləri yaşayır, lakin çox az adam nə hiss etdiyini dəqiq bilir və ya başqalarının hisslərini təxmin edə bilir. Psixoloji müşahidə riyaziyyat və ya musiqi qabiliyyəti kimi xüsusi bir istedaddır. Buna sahib olan azsaylı insanların da cəmi iki və ya üç faizi müşahidələrini bədii formada ifadə edə bilmək qabiliyyəti ilə doğulur. Bunun aydın nümunəsi. Çoxları – bəlkə də, demək olar ki, hamı – həyatında nə vaxtsa ehtiraslı eşqə tutulur, lakin bir qayda olaraq, heç də hamı öz hisslərini başa düşə bilmir və bu hissləri ifadə etməyi bacaran tək-tük insanlar olur. Boşanma məhkəmələrində və ya romantik intiharların araşdırılması zamanı oxunan sevgi məktubları əksər kişilərin və qadınların bədii cəhətdən köməksiz olduqlarını sübut edir. Onlar həyəcan keçirir, əzab çəkir, səmimi hisslərlə nəfəs alırlar, amma bunu yaza bilmirlər. Adi bir sevənin təmtəraqlı, şablon sözlər, oxşar ifadələr və ölü ritorika ilə dolu bir məktubuna romanda rast gəlinsə, çox qeyri-səmimi görünər. İntihar edən insanların həqiqi intihar məktublarını oxumuşam, bu məktublara resenziya yazmalı olsaydım, onları tamamilə qeyri-səmimilikdə ittiham edərdim. Halbuki, hisslərin səmimiliyinə insanın o hisslər ucbatından özünü öldürməsindən inandırıcı dəlil varmı? İntihar edənlərin yalnız istedadlıları bədiilik baxımından “səmimi” məktub yazırlar. Digərləri isə yaşadıqlarını ifadə edə bilməyərək, istər-istəməz ikinci dərəcəli romanın bayağı “qeyri-səmimi” ritorikasına qapılırlar.
Sevgililərdən gələn məktublar da belədir. Kitsin məhəbbət məktubları bizi heyran edir, burada əzabını tam dərk edən bir qəlbin canlı, güclü bir dildə əzabı təsvir edilir. Məktubların “səmimiliyi” (müəllif dahiliyinin bəhrəsidir) onları maraqlı edir; bu, Kitsin məktublarını bədii cəhətdən onun poeziyası qədər, bəlkə də, daha çox əhəmiyyətli edir. İndi o dövrün başqa bir gəncinin, əczaçı köməkçisinin sevgi məktublarını təsəvvür edin. O öz sevgilisi Fanni Bronu Kits kimi ümidsizcəsinə sevə bilərdi, amma yazdığı məktublar boş, darıxdırıcı, ümidsiz, “qeyri-səmimi” olacaqdı. O dövrün səssiz-səmirsiz unudulmuş sentimental romanlarının qəhrəmanları ondan daha yaxşı yazardılar.
Elə buna görə də sənət əsərini “qeyri-səmimi” kimi təyin edərkən bilmək lazımdır ki, o əsər sözün hərfi, etik mənasında qeyri-səmimidir ki, Qrinin və ya Mendesin saxta əsərləri kimi şüurlu şəkildə təqlid və ya stilizasiyadır. Əksər hallarda isə “qeyri-səmimi” sənət yalnız müəllifin qabiliyyətsizliyindən, psixoloji istedadının olmadığından, düşüncə və hissləri ifadə etmək üçün sənətkara lazım olan verginin çatışmadığından xəbər verir.
“Ədəbiyyat və incəsənət”
(11.11.2024)
[1]Ədəbiyyat agenti – nəşriyyatla yazıçı arasında vasitəçi
[2]Çarlz Harvis (1833-1920) – dedektiv əsərlə yazan Amerika yazıçısı
[4] Con Lili (1554-1606) – İngiltərə yazıçısı, “Evfuos və ya hazırcavablığın anatomiyası”, “Evfuoa və onun İngiltərəsi” romanlarının müəllifi
[5] Katyul Mendes (1841-1909) – Fransa yazçısı
[6] Con Kits (1795-1821) – İngiltərə şairi, romantizmin nümayəndəsi, bir müddət əczaçı olub
[7]Финиас Тейлор Барнум (1810-1891) – Amerika şoumeni, sirk ustası
[8] Vittorio Alfyeri (1749-1803) – İtaliya şairi, faciə, komediya, sonet, satiralar, eləcə də “Astili Vittorio Alfyerinin özünün söylədiyi həyatı” kitabının müəllifi
Qürbətdə bir yazar öldü… - VARİS YAZIR
İstirahət günlərində aldığımız bir xəbər hamımızı sarsıtdı. Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu yaşadığı Londonda, müalicə aldığı xəstəxanada dünyasını dəyişdi. Bu xəbəri Zülfüqar Rüfətoğlunun Azərbaycan Dövlət Kukla Teatrının direktoru işləyən qardaşı Rəşad Əhmədzadədən aldıq.
Zülfüqar Rüfətoğlu uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirdi. Olsun ki, bu ad kimlərəsə tanış gəlmədi.
Əhmədzadə Zülfüqar Rüfət oğlu Azərbaycanın ən istedadlı qələm adamlarından idi.
O, 1958-ci ildə Bakıda, tanınmış yazar, satirik Rüfət Əhmədzadənin ailəsində anadan olmuşdu. Çox məşhur bir yazarlar ailəsiydi ailələri. Şair, publisist, tərcüməçi və ictimai-siyasi xadim, XX əsrin əvvəllərində böyük maarifçi Zülfüqar Əhmədzadə isə Zülfüqar Rüfətoğlunun babası idi.
Azərbaycan ədəbiyyatına, maarifçiliyinə, mədəniyyətinə xidmət edən böyük bir pleada!
Öncə “Kommunist”, sonra “Xalq qəzeti” və “Azərbaycan” qəzetlərində işləmişdi, “Səhər" qəzetinin təsisçilərindən biri olmuşdu. Bu o “Səhər” qəzetidir ki, 20 yanvar həqiqətlərindən yazmaq cəsarətinə ilk dəfə məhz o sahib olub.
Zülfüqar Rüfətoğlu həm də o dövrdə publisistika, jurnalistika sahəsində ilk qələm təcrübəsi sərgiləyən gənclərə - o cümlədən mənə ustad olmuşdu, bizi məmnuniyyətlə dərc edirdi.
Zülfüqar Rüfətoğlunun qələmi o qədər sehirkar idi, adamı dərhal məftun eləyirdi.
Heç unutmaram, bir dəfə Bakıda keçirilən it sərgisi haqqında reportaj yazmışdı, yazı o qədər canlı, həm də tərbiyəvi, didaktik idi ki, onu oxuyan hər kəs sərgi barədə müfəssəl məlumat almaqla yanaşı, bər-bəzək və qayğı içində xumarlanan tox itlərlə cır-cındır içində, əziyyətlərə qatlaşan ac insanları ürək ağrısı ilə müqayisə etməyə məhkum idi.
Həyatının növbəti dönəmində o, "BBC Azərbaycan" xidmətində fəaliyyət göstərmişdi.
Baş rolda mərhum Hacıbaba Bağırov çəkilmiş “Şirbalanın məhəbbəti" filminin ssenari müəllifi, “Mavigözlü ögey ana" kitabının müəllifiydi.
Sonra da qürbət həyatı başlamışdı. Dumanlı Albionda daim yağışlı, dumanlı-çiskinli havalarda Abşeron günəşinin həsrətini çəkirdi, yadların əhatəsində doğmaları üçün, ələlxüsus, anası üçün darıxırdı.
İki-üç il öncə onun bu şeirini oxuyanda az qalmışdım ki, hönkürüb ağlayım.
Çıxdım siqaret almağa,
Qərib London gecəsinə
Bu qaranlıq lap oxşadı,
Şərifzadə küçəsinə
Qərib London gecəsində
“Şərifzadə küçəsində”…
Qəfil anam düşdü yada,
Qəfildən də xatırladım
Daha yoxdu bu dünyada.
Daha vətən qürbətləşib,
Daha qürbət vətənləşib,
Hansısa şəhəri sevmək
İnnən belə çətinləşib…
Nə Liverpul, nə də Kentdə
Nə Yasamal, Çəmbərəkənddə,
Bu xaraba məmləkətdə,
Bu avara planetdə,
Daha anam yoxdu mənim…
Siqareti tüstülətdim,
Tanış qaranlıqda itdim…
Mən əminəm ki, onu vaxtsız öldürən xəstəlik olmadı, onu vaxtsız qürbətdə yaşamaq öldürdü.
Allah sənə rəhmət eləsin, unudulmaz insan!
“Ədəbiyyat və incəsənət”
(11.11.2024)
İstanbulda azərbaycanlı tələbələr arasında keçirilən futbol turniri başa çatıb
İstanbulda Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) dəstəyi ilə Yıldız Texnik Universiteti tərəfindən azərbaycanlı tələbələr arasında keçirilən futbol turniri başa çatıb.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, oktyabrın 30-dan start götürmüş turnirə qatılan komandalar işğaldan azad edilmiş ərazilərimizin şərəfinə “Xocavənd”, “Xocalı”, “Xankəndi”, “Zəngilan”, “Cəbrayıl”, “Ağdam, “Laçın”, “Şuşa”, “Füzuli” və “Zəngilan” adlandırılıb.
İlk görüş "Xankəndi" və "Füzuli" komandaları arasında baş tutub. Turnirin final oyunu isə 8 Noyabr – Zəfər Günündə baş tutub. Həlledici qarşılaşmada “Şuşa” və “Xocavənd” komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunda “Xocavənd” komandası qələbə qazanaraq, “Zəfər Kuboku”nun sahibi olub.
Turnirin bağlanış mərasimində Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib.
Sonra TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə çıxış edərək, qalib komandanın üzvlərini təbrik edib və “Xocavənd” komandasına “Zəfər Kuboku”nu təqdim edib. Turnirdə iştirak edən digər komandalara isə sertifikatlar təqdim olunub.
Turnirdə iştirak edən azərbaycanlı gənclər öz növbəsində bu gözəl təşəbbüsə görə təşkilatçılara minnətdarlıqlarını bildirərək, bu kimi idman tədbirlərinin mütəmadi keçirilməsini arzu ediblər.
“Ədəbiyyat və incəsənət”
(11.11.2024)
Dövlət Bayrağı Günü ilə bağlı düşüncələr
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
Bir milləti var edən iki amil vardır. Bir - millət, iki - bayraq. Bir milləti təmsil edən bir nəfər belə varsa o millətin, o soyun varlığı davam edəcəkdir. Bir millətin bayrağı varsa nə olursa olsun onu sancacaq bir zirvə əlbət tapacaqdır.
Bəli, 9 noyabrda növbəti dövlət bayrağı gününü qeyd etdik. AZƏRBAYCAN RESPUBLİKASININ üzərində minlərlə şəhidin, qazinin qanı olan bayrağımızın günüydü 9 noyabr.
Ta 1918-ci ildən MƏMMƏD ƏMİN RƏSULZADƏNİN zamanından var olan bu bayrağın başına nələr gəlmədi ki?! Hər müsibəti, hər işğalı, hər işgəncəni gördü. Lakin yenə də zirvələrdə dalğalanmağa davam elədi. Hətta bizim belə "QARABAĞI azad etmək mümkünsüzdür" kimi ümidsiz bir baxış açısına qapılanda belə o bayraq ümidini itirmədi. Sanki əsən sərt külək o bayrağın qoxusunu XANKƏNDİYƏ, ŞUŞAYA, XOCALIYA ötürürdü. Bir gün qovuşacağımıza işarə edirdi. O gün gəldi, 2020-ci ilin sentyabr ayında başlayan və 44 gün davam edib sonda bizim şanlı zəfərimizə şahidlik edən Vətən Müharibəsində hamıdan irəlidə gedənlərdən idi bu bayraq. Kiminin tabutuna sərilib şəhidini cənnətə yola saldı, kiminində evində qələbə müjdəçisi oldu.
Neçə-neçə xəyanətlər işgəncələr gördü bu bayraq. XOCALI faciəsinin canlı şahidi oldu. Erməni vandalizmi və vəhşiliyi ilə tanış oldu bu bayraq. 30 ilə yaxın həsrətini çəkdiyi XOCALISINA da qovuşdu və qovuşdurdu. O bayraq ki iki il öncə bizi XANKƏNDİYƏ, XOCALIYA çatdırdı.
Biz bu gün iki bayramı dalbadal qeyd ediriksə, bunu öncə bu yolda canını, qanını fəda edən ŞƏHİDLƏRİMİZƏ, sonrada bu tərif edilməsi mümkün olmayan anları bizə yaşadan bayrağımıza təşəkkür etməliyik. Bu gün artıq o bayraq başı aşağı deyil, daha məğrur, daha nazlı-nazlı dalğalanır. Ona baxıb bağrı çatlayan düşmənlərinə inad zirvələri fəth etməyə davam edir. Hər nə qədər bizdən sonrakı nəsil qulağı sırğalı "oğlanlar", dırnağı laklı "kişilər" olsa belə gəlin bu bayrağın qədrini bilək.
Necə ki yerə düşən çörəyi götürüb öpüb alnımıza qoyuruqsa, üzərində ŞƏHİD qanı olan bu bayrağı da başımızın üstündə daşıyaq.
"Ədəbiyyat və İncəsənət"
(11.11.2024)
Gəncə Dövlət Filarmoniyasında bəstəkar Hacı Xanməmmədovun xatirəsi yad ediləcək
22 noyabr tarixində, saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun mahnılarından ibarət konsert proqramı baş tutacaq.
“Ədəbiyyat və incəsənət” portaılna Gəncə Dövlət Filarmoniyasından verilən xəbərə görə, gecədə Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə filarmoniyanın solistlərinin ifasında bəstəkarın "Yaşa könül", "Arzuya bax, sevgilim", "Yadıma düşdü", "Gözünə qurban", "Ceyran", "Getmə, amandır", "Oxu, sevgilim" və başqa mahnıları səsləndiriləcək.
Biletləri filarmoniyanın kassasından və iticket.azsaytından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(11.11.2024)
Bu gündən etibarən İçərişəhərdə ziyarətçilərə uzadılmış iş saatlarında xidmət göstəriləcək
Noyabrın 11-dən 23-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İçərişəhərin muzeyləri və təqdim edilən turizm xidmətləri qonaqlar üçün uzadılmış iş rejiminə uyğun olaraq fəaliyyət göstərəcək.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AzərTAC-a bildirilib ki, Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Bəylər məscidi, Yeraltı hamam və Bakı Fotoqrafiya Evi göstərilən tarixlərdə saat 10:00-dan 22:00-dək turistlərin ziyarətinə açıq olacaq.
Bundan başqa, Turist Məlumat Mərkəzi həmin tarixlərdə saat 10:00-dan başlayaraq saat 22.00-dək ziyarətçilərə piyada və elektromobillə qrup və ya fərdi turlar təşkil edəcək, İçərişəhərin tarixi məkanlarını daha yaxından öyrənmək istəyən qonaqlar üçün müxtəlif dillərdə bələdçi xidməti göstərəcək.
Qədim sənətkarlıq növlərinin yaşadılıb-öyrədildiyi “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin emalatxanası hər gün 09:00-dan 18:00-dək, sərgi salonu isə 09.00-dan 22.00-a qədər açıq olacaq.
Azərbaycanın görkəmli rəssamı Tahir Salahovun ev-muzeyi COP29 günlərində saat 09.00-dan 18.00-dək fəaliyyət göstərəcək.
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə daxil olan Qala qəsri, Açıq səma altında muzey, “Tullantıdan sənətə” muzeyi COP29 günlərində saat 10.00-dan 18.00-dək fəaliyyət göstərəcək. Əlavə olaraq, beynəlxalq tədbirin qonaqları üçün xüsusi turlar təşkil ediləcək.
Ətraflı məlumatı Turist Məlumat Mərkəzindən əldə etmək olar - 012 505 94 15.
“Ədəbiyyat və incəsənət”
(11.11.2024)