Və bəzən də uşaq ikən başımıza sığal çəkərək, ruhumuza qan ağladarlar - ESSE Featured

Xədicə Əliyeva, "Ədəbiyyat və İncəsənət"

 

Həqiqət. 

Hər kəsin ən dərinə qədər hiss etdiyi, amma tam olaraq adını qoya bilmədiyi, ucsuz-bucaqsız həmin o yol, həqiqət axtarışı, əskikliyi. 

İnsanların hər biri qüsurlu halda var olur.

 

Fiziki və mənəvi

Hər ikisində də, tək məqsəd həqiqət axtarışı olur. Və bu sonradan olur. 

Necə ki, fiziki qüsurlu uşaq bilmir əskikdir. Yavaş-yavaş, zamanla böyüdükcə, görür. 

 

Anlama və qəbul etmə

İlk öncə bunu anlayır və qəbul edir. Ən şiddətli proses qəbul etmə prosesidir. Görəndə nə olduğunu bilmirsən, necə ki xəstənin xəstəliyini bilmədən son günündə müayinə olmağa gedərkən içində daşıdığı o ümid kimi. Sonra qəbul etmə prosesi olur, beyin ilk başlarda inkar edə bilir, amma zamanla qəbul edir. Sonrakı mərhələ isə, ən çox insanı məhvə aparan mərhələdir. 

"Görəsən, başqa cür olsaydı"

 

Fiziki

Bax, bu zaman başlayır daxildə savaş, zahirdə ağ bayraq sakitliyi. Bütün yaşam boyunca həmin fiziki qüsurlu olduğun yerin boşluğunu doldurmağa çalışırsan. Xəyal edirsən, istəyirsən. Dəyişdirmək üçün canın çıxır, səsin çıxmır. Əskik olduğun yeri doldurmağa çalışırsan.

 

Mənəviyyat

Necə ki, fiziki olaraq biz uşaq vaxtı ruhumuza açılan o yaraları görmürük, anlamırıq. Bilmirik və qəbul edirik. Böyüdükcə, bəzən hər şey yolunda getsə belə, biz yolda olmuruq. Çünki, bu biz deyilik. Bizim ruhumuz əskikdir, əskik. Bunu bəzən görüb, anlayır, bəzən isə ümumiyyətlə kor oluruq özümüzə. 

Fiziki qüsurlu insan yaşamına davam edir, hər nə qədər içində o əskik tərəfini doldurmağa çalışaraq var olma səyi göstərirsə, həmçinin mənəvi olaraq əskik olan insanlar da hər daim o əskik olduğu hissin axtarışında olur. 

 

Uşaq beyni-yetişkin beyni

Əslində, böyümənin yaşı, ağlın məhdudiyyəti yoxdur. Çünki insan hər yaşda biraz daha böyüyür, yaşadıqca biraz daha artır. 

Uşaq ikən heç birimiz əskik tərəflərimizi görmədən sadəcə böyüməyimizi gözləyərik. Böyüdükcə, kimisi fiziki, kimisi mənəvi qüsurlu tərəfini görər və o tərəfini doldurmağa çalışaraq yaşayar.

Və bəzən də uşaq ikən başımıza sığal çəkərək, ruhumuza qan ağladarlar. Biz isə bunu, çox sonradan görərik...

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.