“Ədəbiyyat və incəsənət” portalı şair Namiq Dəlidağlının şeirlərindən hər gün sizlərə üç yarpaq təqdim etdik. Bu gün sonuncu 3 yarpaqla tanış olacaqsınız.
AY EV YİYƏSİ
Qapını döyürəm, niyə açmırsan?
Gör gələn bir kimdi, ay ev yiyəsi.
Ürək eləmirsən yoxsa açmağa...
Nə adam döyənəm, nə də yeyəsi,
Dur gəl qapını aç, ay ev yiyəsi.
Kimim var, üz tutum qayıdım hara?!
Bəlkə də ölməyə gəlmişəm bura.
Bəlkə bir diləyə gəlmişəm bura,
Bəlkə bir sözüm var sənə deyəsi,
Dur gəl qapını aç, ay ev yiyəsi.
Məniydim sahibi o qızıl taxtın-
Tez düşdüm, qarğayım mən belə baxtı.
Kim döyər qapını bu gecə vaxtı?...
Mənəm belə dəli ürək yiyəsi,
Dur gəl qapını aç, ay ev yiyəsi.
Nəyim var ölçüdən, bölgüdən keçib,
Daha düşünməkdən, bəlkədən keçib.
Onsuz da mənimki sevgidən keçib,
Deyiləm heç kimə ta baş əyəsi,
Dur gəl qapını aç, ay ev yiyəsi.
İKİNCİ ETİRAF
Yenə doyunca vurdum
sənsizliyin sağlığına...
Nə yeyib, nə içdimsə və
nə düşündümsə
geridə izi qaldı:
yarımçıq pivə bakalı,
bir az
saçaqlı pendir,
"cipsi" ovuntuları,
xəyal qırıntıları,
bir də bir udum həsrət.
Sərxoşam indi,
yenə unutdum səni...
Ayılanda...
AYRILIQ HAVASI
Son duamı oxudum
ayrılıqlar üzünə,
ayrılıqlar qibləsinə dayanıb.
Bütün ayrılıqların
səmti birdi:
ahı ürəkdən qopur.
...Ayrılıqlar oxudum,
bu aylı gecənin
səssiz xatirəsinə...
Ayrılıq duaları dəli
sevdaların
ruhuna bağışlanır.
Bütün ayrılıqların
qibləsi eynidi:
ağrısı soldan başlanır.
“Ədəbiyyat və incəsənət”
(04.04.2025)